Шүбһә доғуран суаллар



Yüklə 1,27 Mb.
səhifə4/6
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#42570
1   2   3   4   5   6
Sual 70: Yezid Kərbəla faciəsinə görə tövbə etdimi?

Cavab: Tarix boyu əksər tarixçilər, mühəddislər və digər din alimləri Yezidi cinayətkar, Aşura hadisəsinin müqəssiri kimi tanısalar da, Qəzali kimi bəzi alimlər Yezidin tövbə etməsinin mümkünlüyünü nəzərə alaraq, ona lənət oxunmasını düzgün hesab etmirlər.

İslam aləmində böyük şəxsiyyət olmasına baxmayaraq, Qəzalinin uyğun fikri məqbul sayılmır. Onun nəzərinə qarşı tanınmış alimlər etiraz etmiş, hətta ayrıca kitab da yazılmışdır. Bununla belə, Lamens Yəhudi kimiləri İslam ensiklopediyasındakı məqalələrdə eyni sözləri təkrarlayırlar. Son vaxtlar bəzi dini mərasimlərdə də uyğun məsələ ilə bağlı şübhəli fikirlər söylənilir.

Yezidin tövbə etməsi haqqında ehtimallar doğuran məlumatlara nəzər salaq:

1. İbn Qətibə “əl-imamət vəl-siyasət” kitabında yazır” “Hadisələr baş verdikdən sonra Yezid elə ağlayırdı ki, sanki ruhu bədənindən çıxacaqdı.”128

2. Kəsili başlar və əsirlər saraya gətirildikdən sonra Yezid çox həyəcanlandı və bu cinayətdə İbn Ziyadı təqsirləndirərək dedi: “Allah Mərcanənin oğluna (Übeydullah ibn Ziyad) lənət etsin, məni müsəlmanlar arasında mənfur etdi və qəlblərində mənə qarşı kin yaratdı.”129

Digər bir mənbədə Yezid imam Hüseynin (ə) müxalifətçiliyinə qarşı həlim adam kimi tanıtdırılır. Guya, Yezid imamın qətlini istəməmiş, bu cinayət İbn Ziyad tərəfindən törədilmişdir.130

3. Yezid Kərbəla karvanını Mədinəyə yola salarkən imam Səccada (ə) müraciətlə deyir: “Allah Mərcanənin oğluna lənət etsin! And olsun Allaha, əgər Hüseynlə üz-üzə olsaydım, onun bütün istəklərini yerinə yetirərək, övladlarımın həyatı bahasına da olsa, ölümü ona yaxın buraxmazdım!”131

Doğrudanmı, Yezid imamın qətli haqqında fərman verməmişdir? Doğrudanmı, O, ibn Ziyadı lənətləmişdir? Doğrudanmı, Yezid öz işindən peşiman olmuşdur?

Yezid Mədinə hakimi Vəlid ibn Ütbəyə ilk məktubunda yazır: “Məktubum çatan kimi Hüseyn və İbn Zübeyri çağır və onlardan mənim üçün beyət al. Əgər qəbul etməsələr hər ikisinin boynunu vur və başlarını mənə göndər!”132

Digər mənbələrdə oxuyuruq: “İmam Hüseyn (ə) Məkkədə olarkən Yezid onu qətlə yetirmək üçün həccə gizli şəkildə adamlar göndərdi.”133

Hətta Yezidin oğlu Müaviyə Dəməşq came məscidinin minbərindən danışarkən atasını imamın qətlində ittiham etmişdir.134

“Təzkirətül-xass” kitabında bildirilir ki, Yezid imamın (ə) şəhadət xəbərini eşitdikdə xoşhal oldu. O, İbn Ziyada qiymətli hədiyyələr göndərdi.135

Sonrakı tarixi hadisələr bir daha sübut edir ki, Yezid nəinki İbn Ziyadı kənarlaşdırmamış, hətta İbn Zübeyrin qaldırdığı qiyamı yatırmaq üçün də onu göndərmişdir. Əgər Yezid, İbn Ziyada qarşı qəzəblənmişsə, bu zahiri bir manevr və həzrət Zeynəbin (ə), eləcə də, imam Səccadın (ə) çıxışlarına hədəf olmamaq üçündür.

Kəsilmiş başlar və əsirlər Dəməşqə gitiriləndə Yezid şadlıq məclisi qurmuş, hətta əlindəki ağacla imamın dişlərini döyəcləmişdir.136 Yezid yalnız xalqın mənfi münasibətindən yaxa qurtarmaq üçün zahirən təəssüflənə bilərdi.

Əgər Yezid tövbə etmişdisə, sonrakı həyatında bu tövbənin təsirləri görünməli idi. Hansı ki, aşuradan sonra iki il hakimiyyətdə qalan Yezid daha iki cinayət törətdi:

1. Mədinə əhlinin qırğını;

2. Məkkəyə qoşun yeritməklə Kəbə evinə hörmətsizlik.

Beləcə, tarixi həqiqətlər Yezidin tövbə etmədiyini sübuta yetirir.


Sual 71: Mən əmr be məruf (yaxşılığın əmri) və nəhy əz münkər (pisliyin qadağası) üçün qiyam etdim” deməkdə imamın (ə) məqsədi nə idi?

Cavab: İmam Hüseynin (ə) bu sözləri əmr be məruf və nəhy əz münkərin əhəmiyyətini bildirir.

Əmr be məruf və nəhy əz münkər bütün ibrahimi dinlərdə peyğəmbərlərin, imamların və möminlərin əsas vəzifəsi kimi tanıtdırılır. Bu sırf şəri vəzifə deyil. Bu vəzifə peyğəmbərlərin göndərilməsinin əsas səbəbidir. Çünki maddi aləm yaxşılıqların və pisliklərin, haqqın və batilin, zülmət və nurun, fəzilət və rəzilliyin mübarizə meydanıdır. İlahi dinlər yaxşılıq və pisliyi tanıtdırır, yaxşılığı əmr edir və pisliyə qadağa qoyur.

İslam Peyğəmbəri (s) bu barədə buyurur: “Əmr be məruf və nəhy əz münkər edən şəxs yer üzündə Allahın, ilahi kitabın və Allahın rəsulunun canişinidir.”137 Həzrət Əli (ə) buyurur: “Əmr be məruf və nəhy əz münkər” şəriətin sütunudur.”138

Quranı-kərim möminlərdə yaxşılığın əmri və pisiyin qadağası xüsusiyyətini namaz və zəkat kimi xüsusiyyətlərdən qabaq xatırladır.139

İmam Baqir (ə) bir hədisdə buyurur: “Əmr be məruf və nəhy əz münkər peyğəmbərlərin yolu, salehlərin məramıdır. Digər vacib işlər bu vacib əmrin sayəsində gerçəkləşir. Yolların asayişi, qazancların halallığı, düşmənlərin insafa vadar edilməsi, bir sözlə bütün işlər onun sayəsində mümkün olur”.140

Demək, yaxşılığın əmri və pisliyin qadağası yalnız imam Hüseynin yox, bütün peyğəmbərlərin, imamların, möminlərin vəzifəsidir. Amma imam Hüseynin (ə) vaxtında yaxşılıqla pislik elə qatma-qarışıq düşmüşdü ki, dinin varlığı üçün təhlükə yaranmışdı. İmam Hüseyn (ə) İslamın yalnız əmr be məruf və nəhy əz münkər sayəsində dirçələcəyinə əmin idi. Ona görə də öz qiyamının məqsədi kimi əmr be məruf və nəhy əz münkəri göstərirdi.141


Sual 72: Ölüm qorxusu olan yerdə “əmr be məruf və nəhy əz münkər” vacibdirmi?

Cavab: Biz dini hökmlərin şərtlərini məsum imamlardan (ə) öyrənməliyik. Hər bir əməlin şəri cəhətdən vacibliyinin dəlili həmin əməlin imamlar tərəfindən yerinə yetirilməsidir.

Əmr be məruf və nəhy əz münkərin faydası onun ehtimal olunan zərəri ilə tutuşdurulmalıdır. Əgər onun faydası daha mühüm olarsa, zərərinə dözmək lazımdır.

Adi əmr be mərufla dinin təhlükədən qorunması kimi ictimai əmr be məruf arasında fərq var. Yezid hökuməti dövründə İslam ümmətinin kafir olması təhlükəsi vardı. İmam Hüseyn (ə) dini gözləyən təhlükəni gördüyündən, Mərvan ona Yezidə beyət etməyi təklif edəndə buyurdu: “…İslamla vidalaşmaq lazım gəlir. Çünki ümmət Yezid kimisinin çobanlığına mübtəla olmuşdur.” Bəli, harada Yezid varsa, İslam yox idi. Harada İslam var idisə, orada Yezid yox idi.

Belə bir vaxtda imam Hüseyn (ə) İslamın səngərini boş qoya bilməzdi. Çünki o İslamın yaşamasını özünün və ailəsinin həyatından üstün tuturdu. İmam (ə) bu yolda özünü və əzizlərini qurban verdi, bacıları və qızları əsir alındı.

Bəli, imamın (ə) qiyamı əsil əmr be məruf və nəhy əz münkər, zülmlə mübarizə idi. Tarix belə bir mübarizəyə şahid olmamışdı. Öz ailəsi ilə zalım qoşunun əhatəsində qalmış imam Hüseyn (ə) vəzifəsinə əməl etməklə yanaşı öz izzətini də qorudu. Aşura günü həzrət elə bir şücaət göstərdi ki, şəhidlər arasında birinci pilləyə qalxdı.

Burada şəhid Mütəhhərinin bir bəyanına nəzər salmaq yerinə düşərdi:”Əmr be məruf və nəhy əz münkərin vacibliyini nə qədər ki zərər yoxdur, hamı qəbul edir. Elə ki, qarşıya zərər çıxdı deyirlər ki, bu işin vacibliyi bura qədər idi. Yəni nə qədər ki, abır, can, hətta mal üçün qorxu yox idi, bu iş vacib idi. Bu adamlar uyğun vəzifənin dəyərini aşağı endirmişlər. Bəziləri isə bu vəzifəni daha dəyərli hesab edir və bildirirlər ki, zərər qorxusu sadə və kiçik məsələlərdə şərtdir. Əgər Quran üçün təhlükə yaransa, ədalət və islami birlik təhlükəyə düşsə, əmr be məruf və nəhy əz münkər etmirəm” demək olmaz. “Bir söz desəm canım və abrım təhlükəyə düşər, cəmiyyət bəyənməz” kimi sözlər məqbul deyil.”

Bəli, böyük əhəmiyyətli məsələlərdə əmr be məruf üçün sərhəd yoxdur. Böyük təhlükələr gözlənilsə belə, bəzən bu vəzifə vacib olur. Buna görə də imam Hüseynin (ə) bu vəzifənin məqamını ucaltdığını düşünürük. Həzrət (ə) yalnız canını və malını yox, əzizlərinin də həyatını qurban verdi, hətta ailəsinin əsirliyi ilə razılaşdı.

İmamın (ə) bu işindən sonra zərrəcə şübhə qalmır ki, mühüm məsələlərdə heç bir təhlükə əmr be mərufun qarşısını ala bilməz.


Sual 73: Hər hansı dini vəzifənin vacib olması üçün qüvvə şərt deyilmi?

Cavab: Şəhid Mütəhhəri bu barədə buyurur: “Əmr be məruf üçün digər bir şərt qüvvədir. Yəni gücsüz şəxs əmr be məruf etməməlidir. Başqa sözlə, qüvvəni hədərə vermək olmaz. Bəziləri yanılaraq deyir: “Qüvvəm olmadığı üçün filan işi görə bilmirəm. İslamda da deyilir ki, gücün çatmayan işi görmə. Demək, bu iş mənə vacib deyil!”

Belə bir münasibətə cavab olaraq deməliyik ki, xeyr, İslam başqa söz deyir: “Get, güc qazan.” Yəni nə qədər ki gücsüzsən, bir işə əl vurma. Amma nəticə əldə etmək üçün qüvvə əldə etməlisən.”

Bu vəzifəyə görə güc qazanmaq o qədər mühümdür ki, bəzən haram iş vacib olur. Məsələn, zalım hökumətdə vəzifə sahibi olmaq haram olduğu halda, əmr be məruf üçün güc qazanmaq məqsədi ilə belə bir vəzifəni qəbul etmək olar. İmamların (ə) göstərişi ilə bəzi şəxslərin belə vəzifələri qəbul etməsi barədə tarixi faktlar var.

Bu vəzifə o qədər dəyərlidir ki, İslamın həyatı ondan asılı bildirilir. Belə mühüm bir vəzifəni yalnız təsadüfən qüvvə əldə etdikdə yerinə yetirmək rəvadırmı?!142


Sual 74: Əmr be məruf təsirsiz olacaqsa, artıq əziyyətə nə ehtiyac var?

Cavab: Qeyd etdik ki, imamların sözü və rəftarı şəri hökm üçün dəlildir. Əmr be mərufun təsir ehtimalı iki növdür: Birbaşa təsir ehtimalı və gələcəkdə təsir ehtimalı. Bu iki ehtimaldan hər hansı biri əmr be mərufu vacib edir.

Belə bir ehtimal ola bilər ki, pozucu bir müəssisənin xalq arasında ifşa edilməsi bir müddət sonra öz təsirini göstərə bilər. Müəssisənin öz işini dayandırmamasına baxmayaraq, onun təsirinin zəifləyəcəyi ehtimal olunarsa əmr be məruf vacibdir.

Müasir dünyamızda əsarət buxovundan çıxa bilməmiş millətlər düşmənə qarşı mənfi ictimai fikir yaratmaq üçün çalışırlar. Bu yolda qanı axıdılanlar öz işlərinin nə vaxtsa səmərə verəcəyinə ümid edirlər.

İlahi insanlar da qətlə yetiriləcəklərini bilsələr də, İslamın, tövhidin və ümmətin nicatı üçün cihad edir, xalqın oyanışı üçün səy göstərirlər.

İmam Hüseyn (ə) əmin idi ki, onun qiyamı İslamı hifz edəcək, müsəlman xalqları qəflət yuxusundan oyadacaq. İmam bilirdi ki, hiyləgər əməvilər onu qətlə yetirməklə öz iç üzlərini açacaqlar. Kərbəla faciəsi İslam dünyası üçün təkan oldu. Bu faciədən xəbər tutan bütün xalqlar din düşmənlərinə qarşı mübarizəyə qalxdılar.

Tarix sübut etdi ki, Kərbəla faciəsi bəşəriyyətin yaddaşında silinməz iz qoyub. Burada şəhid Mütəhhərinin bəzi sözlərini xatırlamaq yerinə düşər:” “Əmr be mərufun digər bir şərti təsir ehtimalıdır. Yəni bu vəzifə namaz kimi mütləq əmr deyil. Bizə deyirlərsə ki, namaz qılmalısınız, bu namazın təsirləri barədə soruşmağa dəyməz. Amma əmr be məruf və nəhy əz münkər tədbirlə yerinə yetirilməlidir. Bu işdə nəticə əsasdır. Necə ki, işin qazancı ona qoyulan xərcdən çox olmalıdır.

Şiəlikdə "təqiyyə" adlanan inanc da var. Təqiyyə əmr be mərufun taktikasıdır. Yəni müdafiə silahından istifadə, zərbə vurub, əks-zərbədən qaçmaq.”

Təsir ehtimalı bu deyil ki, ehtimal olmadığı üçün evdə oturasan. Bu ehtimal işdə yoxlanılmalı, araşdırılmalıdır. Araşdırma aparmayanın ehtimalı əsassızdır.


İkinci hissə
Sual 75: Nə üçün imam Hüseyn (ə) Yezidlə beyətdən qəti imtina edirdi? Məgər hansısa şərtlər irəli sürmək olmazdımı?

Cavab: Əvvəla, hər bir tarixi qərar həssas bir dönəmdə bir sıra səbəblərdən ortaya çıxır və hər iki tərəf bu fürsəti əvvəlcədən gözləyir. Peyğəmbər (s) sünnəsindən kənarlaşma və imamların ədaləti aşuradan sonra çox-çox əvvəlki gerçəklik idi. Salman, Əbuzər, Əmmar kimi pak səhabələr fürsət düşən kimi xalqı oyatmağa çalışardılar. Amma elə tarixi məqam çatır ki, hər iki tərəf son söz demək qərarına gəlirlər. Müaviyənin ölümündən sonra artıq belə bir məqam yaranmışdı. İş o yerə çatmışdı ki, Yezid Allahdan vəhy nazil olmadığını, imam Hüseyn (ə) isə Yezid kimilərinin hakimiyyətdən kənarlaşdırılması zərurətini elan edirdi. Yezid imam Hüseyndən (ə) beyət tələb edir, imam Hüseyn (ə) isə “mənim kimisi onun kimisinə beyət etməz” deyirdi.

Beyətdən imtina edən imam Hüseynin (ə) dəlilləri kimsədə şübhə doğurmurdu. Hətta Yezidin əmisi oğlu Vəlid İmamın məntiqi qarşısında susurdu.

Beyət nədir? Beyət Allahın dinini rəhbər tutan xəlifəyə tabeçiliyin izharıdır. Quran “özünüzdən olan əmr sahiblərinə itaət edin” buyurur. Allahın qanunlarını hər addımda pozan Yezidə beyətin mümkünsüzlüyünü hamı bilirdi. Amma həqiqəti aşkar şəkildə imam Hüseyn (ə) izhar edə bildi. Bütün müsəlmanlar zilləti qəbul edib Yezidə beyət etsəydilər də, imam Hüseyn (ə) kimi kəramət və fəzilət sahibi zillət buxovunu taxa bilməzdi.

İmam Hüseyn (ə) sözsüz ki, başqalarından fərqlənirdi. O, Peyğəmbər Əhli-beyti, mələklərin müsahibi, mərhəmət kölgəsi idi. İmam (ə) bir dəfə Fərəzdəqə buyurur: “Bu camaat Allaha itaətdən çıxıb, şeytana üz tutub. Onlar aşkar günah edir, hədləri pozurlar. Şərab içir, fəqir və kimsəsizlərin malını mənimsəyirlər. Din, izzət, şəriətə yardım, Allah kəlməsinin elanından ötrü cihad üçün ən layiqli fərd mənəm.”143

Yezid kimi rəzil bir varlıq Peyğəmbər (s) taxtında oturub, müsəlmanlara rəhbərlik etmək istədiyi vaxt İmamın qiyamdan başqa vəzifəsi yoxdur. Çünki onun beyət etməsi xalqın nəzərində haqsız bir hakimi haqlı edir. Bu məntiq İmamın Aşura günündəki çıxışında da təsdiqlənir: “And olsun Allaha! Nə qədər ki, üzüm qanıma boyanmış şəkildə Allahla görüşməmişəm, xalqın istəklərinə müvafiq cavab verməmiş oluram.”144

Sünni alimi Seyyid Qütb deyir: “Əməvilərin hökuməti islami xilafət yox, vəhy ilə uyuşmayan, cahiliyyət düşüncəsindən doğmuş istibdad rejimi idi. Bu hökumətin hansı əsaslarla möhkəmləndiyini bilmək üçün Yezidin beyət səhnəsinə baxmaq kifayətdir. Müaviyə Yezidə beyət almaq üçün xalq arasında bəzi qrupları dəvət edərək, onların münasibətini soruşur. Yezid ibn Müqəffə adlı bir şəxs ayağa qalxıb Yezidə işarə ilə deyir: “Müaviyə öləndə əmirəlmöminin budur. Kim bunu qəbul etməsə...” − sonra qılıncını göstərdi.

İmam Hüseyn (ə) öz qiyamı ilə Yezid hökumətinə İslamın münasibətini bildirdi. Əgər İmam beyət etsəydi, xalqda İslam hökuməti haqqında yanlış təsəvvür yaranardı.
Sual 76: Nə üçün imam Hüseyn (ə) Yezidin hakimiyyətini İslamın fatihəsi (sonu) kimi tanıtdırdı?

Cavab: İmam Hüseyn (ə) irtica təhlükəsi barədə xəbər verirdi. Həmin vaxt müsəlmanlar üçün ən böyük təhlükə şirk, bütpərəstlik və cahiliyyətə qayıdış idi. Bəni-üməyyə irticası İslam ayinlərini, dini şüarları təhqir edirdi.

İslam dünyası, xüsusi ilə böyük dini şəxsiyyətlərin yaşadığı Məkkə, Mədinə, Kufə, Bəsrə kimi şəhərlər səsini udmuş, ölüm sükutuna qərq olmuşdular. İbn Ziyad, Müğeyrə kimi zalım hakimlər günahsız insanları qətlə yetirir, müsəlmanların əqidəsini təhqir edirdilər. Əməvilər İslam mənəviyyatını, dindar təbəqələri əzir, xalqın ehtiramını qazanmış din alimlərini sıxıntıda saxlayırdılar.

Mənbələrdə oxuyuruq: “İslam mütəfəkkirlərinə məlumdur ki, Bəni-üməyyə fəsad mənbəyi olmuş, təbiətən bütün mərasimləri və boyaları ilə cahiliyyət əsrini diriltmişlər.”145 Başqa bir mənbədə bildirilir: “Hüseyn (ə) ona görə həmin qövmə üz tutdu ki, şəriətin məhv olduğunu görürdü. O, şəriətin dayaqlarını möhkəmləndirmək üçün çalışırdı.”146

Əgər Yezid Bəni-üməyyənin xain planlarının icrasına başlasaydı, atası Müaviyənin istədiyi kimi, azan, tövhid və risalətə şəhadət tərk olunar, İslamdan quru ad qalardı. Əgər Yezid xilafəti cəmiyyətdə ciddi müqavimətlərlə qarşılaşmasaydı, Peyğəmbərin (s) həqiqi canişini kimi qəbul olunar, İslam məmləkəti günah, qumar, şərab, ğina, rəqs mərkəzinə çevrilərdi. Çünki bütün cəmiyyətlərdə insanlar öz başçılarını nümunə götürür, onlar kimi yaşamağa çalışırlar.

Bəli, İslamın hifzi, Bəni-üməyyə başçılarının hiyləgər simasının açılması üçün qiyam baş verməli idi. Bundan əlavə, xalqın dini hissləri oyandırılmalı, insanlar əməviləri din düşməni kimi tanımalı idilər. Demək, imam Hüseynin (ə) qiyamının məqsədi Bəni-üməyyə maskasını yırtmaq və xalqın dini hisslərini oyatmaq olmuşdur.

Düşmənin amansızlığı imamın (ə) cihadının qarşısını ala bilmədi. Çünki bu mücahid, Allah əmri ilə ayağa qalxdığından zahiri məğlubiyyətdən çəkinmirdi. Zahiri məğlubiyyət də, qələbə də imam üçün şərafət idi.147

İmam Hüseyn (ə) Allah yolunda, həqiqət naminə şəhid oldu. Onu qətlə yetirənlər Allahın, mələklərin və xalqın lənətini qazandılar. Zahirən məğlub olmuş imam Allah yanında ən ali dərəcəyə çatdı.
Sual 77: “Höccətin tamamlanması” (“itmamü höccət) nə deməkdir?

Cavab: Höccətin tamamlanması dedikdə hər hansı bir həqiqətin yetərli şəkildə sübuta yetirilməsi, bəhanəyə yer qoyulmaması nəzərdə tutulur. Aşura qiyamında imam Hüseyn (ə) xalqı oyatmaq üçün müxtəlif təbliğat üsullarından istifadə edirdi. Bu təbliğat üsulları həm qiyama əbədilik verib, onu yanlış düşüncələrdən qoruyur, həm də mücahid müsəlmanları ruhlandırıb, Kufə qoşununu tərəddüdə salırdı. Höccətin tamamlanması imamın təbliğat üsullarından biri idi. İmam bu üsul vasitəsi ilə ağı ağ, qaranı qara yerində oturdur, bütün bəhanələrin qarşısını alırdı.

Bu üsulu imam Hüseyn (ə) Əhli-beyt məktəbindən öyrənmişdi. O, görürdü ki, İslamın təbliğində elm və məntiqin yerini kobudluq və zor tutur. Ona görə də imam (ə) öz məntiqi dəlilləri ilə həqiqi İslamın ayinlərini xalqa çatdırırdı.

İmam Hüseyn (ə) Kərbəladakı müraciətlərindən birində buyurur: “Məgər mən sizin Peyğəmbərinizin (s) qızının, əmisi oğlu və birinci müsəlman Əlinin oğlu deyiləmmi?! Məgər Həmzə və Cəfər Təyyar mənim əmilərim deyilmi?! Eşitməmisinizmi Peyğəmbər (s) qardaşımla mənim haqqımda belə buyurub: “Bu iki nəfər behişt cavanlarının ağasıdırlar.”?! Əgər məni yalançı sayırsınızsa, Cabir ibn Əbdullah Ənsari, Əbu Səid Xidri, Səhl ibn Səd Saidi, Zeyd ibn Ərqəm, Ənəs ibn Malikdən soruşun! Mən sizlərdən kimi öldürmüşəm ki, qanını almağa gəlmisiniz?! Kimin malına zərər vurmuşam ki, əvəzini istəyirsiniz?! Kimi yaralamışam ki, qisas tələb edirsiniz?! “Müraciət edilənlər susdular. İmam (ə) əvvəlcə onu qiyama dəvət edib, sonra düşmənə qoşulanlara üz tutdu: “...Siz yazmamışdınız ki, meyvələr yetişib, bağlar səfalanıb, tələs hazır qoşuna tərəf? Yox, and olsun Allaha, heç vaxt alçaq adamlara beyət əlini uzadıb, qullar kimi qaçmaram.”148

İmam öz məntiqli cümlələri ilə həqiqətləri işıqlandırır, bütün bəhanələri kəsir və beləcə, höccəti tamamlayırdı.


Sual 78: İmam Hüseyn (ə) şəhid olacağını bilirdimi?

Cavab: Şiə mənbələrindəki rəvayətlərə görə İmam (ə) qeybi biliklərdən xəbərdar idi. Qurani-kərimdə bildirilir ki, Allah Peyğəmbərdən (s) başqa heç kəsə öz qeybini əyan etməz.149 Demək, Allahın izni ilə məsum imamlar həzrət Peyğəmbərdən (s) həmin bilikləri əxz edə bilərlər. Əllamə Təbatəbai bu barədə yazır: “İmam Hüseyn (ə) imamiyyə şiələrinin əqidəsinə görə Peyğəmbərin (s) üçüncü canişini və küllən vilayət sahibidir. İmamın elmi nəqli və əqli dəlillərə əsasən iki qisimdir:

1. İmam (ə) bütün şəraitlərdə Allahın izni ilə varlıq aləminin hissi və fövqəlhissi həqiqətlərindən agahdır. Səmada olanlar, keçmişin və gələcəyin hadisələri ona məlumdur.

2. Adi elmlər. Peyğəmbər (s) və imam da bu sahədə başqaları kimi daha layiq bildiklərinə ixtiyari olaraq əməl edirlər.”

Mötəbər rəvayətlərdə bildirilir ki, həzrət Peyğəmbər (s) və imam Əli (ə) imam Hüseynin (ə) şəhadətini əvvəlcədən xəbər vermişlər. İmama yaxın adamlar Peyğəmbərin (s) buyuruğundan xəbərdar olduqlarından və Bəni-üməyyənin İslam dünyasına zülmlərini gördüklərindən məyus idilər. Kufə əhlinin həzrət Əli və imam Hüseynə qarşı xəyanətkar mövqeyi bir daha sübut edirdi ki, İmam ölümə doğru gedir.

Dəfələrlə öz ölümü haqqında danışan imam Hüseyn (ə) bir dəfə də olsun Yezid hökumətinin süquta uğrayacağını bildirmirdi. İmam (ə) xalqı Yezidə itaətsizliyə çağırır, eyni zamanda, şəhadətə yetiriləcəyini bildirirdi. İmam (ə) onu bu səfərdən saxlamaq istəyənlərə buyururdu: “Mən yuxuda Allahın Rəsulunu gördüm və elə bir işə məmur oldum ki, o işi görməyim daha yaxşıdır. İmam Səccad (ə) nəql edir ki, hansı mənzilə çatırdıqsa, atam Yəhya ibn Zəkəriyyanın şəhadətindən danışırdı.

Bütün bunlardan aydın olur ki, İmam (ə) hərbi qələbəyə çatmayacağını və şəhadətə yetiriləcəyini qabaqcadan bilirdi. O, öz şəhadəti ilə Bəni-üməyyə xanədanının əsil simasını açdı və düşüncələrdə əbədi inqilab toxumu səpdi.


Sual 79: Ağıl və şəriət qəbul edirmi ki, insan bilərəkdən özünü və ailəsini təhlükəyə atsın?

Cavab: Özünü təhlükəyə atmaq şəraitdən asılı olaraq bəzən haram, bəzən isə vacibdir. Əgər İslam dininin varlığı təhlükədədirsə və insan öz canından keçməklə bu işin qarşısını ala bilərsə, meydana atılmaq vacibdir. Kimə icazə verilir ki, canını qurtarmaq üçün İslamın məhvinə “hə” desin. Məmləkəti düşməndən qorumaq üçün ordunun bir hissəsi şəhid olmalıdırsa, can barədə düşünmək olmaz.

Bəli, İslamda canı təhlükədən qorumaq barədə göstəriş var. Amma bəzən bir insanın ölümü bir xalqa həyat verir. Demək, can o vaxt qorunmalıdır ki, həyat ölümdən faydalı olsun.

“Öz əlinizlə özünüzü təhlükəyə atmayın” buyurulan ayədə, çox güman ki, nahaq ölümdən və xəsarətdən danışılır.150 Sözsüz ki, vətəni düşməndən qoruyan mücahidlə cansız, kövrək budağa dırmanıb meyvə dərmək istəyən adamı eyni tutmaq olmaz. Birincinin ölümü şərəf, ikincinin ölümü isə əbəsdir.

İmam hamıdan elmli və məsum olduğu üçün səhvə yol verə bilməzdi. Digər bir tərəfdən, imamı şəhadətə yetirmək qərarında olan Bəni-üməyyə var idi. İmam Hüseynin (ə) qarşısında dinini və imanını qorumaq üçün şəhadətdən başqa yol qalmamışdı.


Sual 80: İmam Hüseyn (ə) şəhadətə yetəcəyini bildiyi halda, nə üçün ailəsini özü ilə apardı?

Cavab: İmam Hüseyn (ə) qiyamı iki məsələni işıqlandırırdı: şəhadət və həqiqətin bəyanı. Bu qiyamda qadınların vəzifəsi həqiqəti işıqlandırmaq idi. İmam Hüseyn (ə) həzrət Peyğəmbəri (s) yuxuda gördükdən sonra ona aydın oldu ki, ailəsinin əsarəti Allahın istəyidir.

Heç bir mütəxəssis qadınların tarixdəki rolunu inkar etmir. Ən azı tarixi yaradan kişiləri dünyaya qadın gətirir. Ümumiyyətlə qadının tarixdəki rolunu nəzərə alsaq, onları üç qismə ayıra bilərik:

1. Dəyərli əşya mislində olub, tarixdə rol oynamayan qadınlar. Belə qadınlar kişilərə yalnız qiymətli əşya kimi təsir edə bilmiş, heç bir ictimai rola malik olmamışlar.

2. Cəmiyyətə çıxıb, dəyərini itirən qadınlar. Bəzi cəmiyyətlərdə qadın istədiyi yerə gedə bilirsə də, öz insani şəxsiyyətini, qadın müqəddəsliyini yollarda itirir. Qadının təbiəti onun kişi üçün dəyərli olmasını tələb edir. Kişilərin nəzərində möhtərəm sayılmayan qadının psixoloji durumu gərgin olur.

3. Qadın şəxsiyyətini qoruyaraq ictimai həyatda rol oynayan qadın. İslam nəzərincə, qadın həm ictimai, həm də fərdi baxımdan dəyərli olmalıdır. Allah-taala Adəmlə yanaşı Həvvanın, İbrahimlə yanaşı Saranın, İsa ilə yanaşı Məryəmin şəxsiyyətini dəyərləndirir. Həzrət Fatimə (s) “kövsər” adlandırılır.

İslam tarixində həzrət Fatimə (s) (Zəhra) ən nümunəvi qadındır. Yalnız ev işlərini xoşlayan Fatimə (s) məsciddə elə bir xütbə söyləyir ki, mahir natiqlər heyran qalır. Amma o, öz ehtiramını qorumaq üçün pərdə arxasından danışır!

Bu baxımdan Kərbəla hadisəsi yalnız kişilərin yox, eləcə də qadınların rol oynadığı tarixi gerçəklikdir. Aşura günü günortadan sonra həzrət Zeynəb (ə) mübarizə sükanını öz əlinə alır. Artıq işin davamı onun öhdəsindədir. Həzrət Zeynəb (ə) İmamın cənazəsi üstə düşmənləri də ağladan ilk əzadarlıq məclisini qurur. O, imam Səccada, karvandakı qadınlara və uşaqlara himayədarlıq edir. Kufə darvazası qarşısında Əlinin şücaətindən, Fatimənin həyasından danışıb, Kufə camaatını ittiham edən Zeynəbdir. Budur İslamın istədiyi qadın obrazı − ictimai şəxsiyyəti inkişaf etmiş, həyalı bir qadın!

İmam Hüseynin (ə) ailəsini özü ilə aparmasının bir neçə faydası oldu:

− aydın oldu ki, İslam dinində ictimai vəzifə təkcə kişilərə aid deyil. Əsir düşmüş ailə Kərbəla qiyamını davam etdirdi, qiyamın mahiyyətini tarixə öz əli ilə qeyd etdi.

− Kərbəla hadisəsinədək İslam haqqında yanlış təsəvvürdə olan Dəməşq əhli əsirlərin təbliğatı sayəsində həqiqi İslamı və bu İslamın düşməni olan Bəni-üməyyəni tanıdı.

− İmamın ailəsinin Kərbəlada iştirakı sayəsində qeyri-insani Yezid rejiminin iç üzü açıldı. İmam Səccad (ə) bu zalımlara üz tutaraq deyir: “Tutaq ki, öldürmək istəyirsiniz, bəs nə üçün bu sayaq? Nə üçün quş kimi bədənləri tikə-tikə edirsiniz? Nə üçün suyun qabağını kəsirsiniz? Nə üçün öldürdüyünüzü dəfn etmirsiniz? Nə üçün xeymələrə hücum edirsiniz? Nə üçün İmamın körpəsini öldürürsünüz?

Bəli, İmamın ailəsinin çıxışları Kərbəladan sonrakı mərhələnin əsasını təşkil edirdi.



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə