Шүбһә доғуран суаллар



Yüklə 1,27 Mb.
səhifə5/6
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#42570
1   2   3   4   5   6
Sual 81: İslam dini hökumətə qarşı çıxmağa icazə vermirsə, nə üçün imam Hüseyn (ə) mövcud rejimə qarşı qiyam qaldırdı?

Cavab: Heç şübhəsiz ki, İmamın qiyamı mövcud hakimiyyətə qarşı idi. Bəzi məzhəblərdə belə bir qiyama qeyd-şərtsiz icazə verilmirsə də, şiəlikdə belə deyil.

Bu məsələnin siyasi fəlsəfəsi vardır. Əvvəlcə bilməliyik ki, insan nə üçün dövlətə itaət etməlidir. Şiəliyə görə hökumət qanuni və ya qeyri-qanuni ola bilər. Həzrət Mehdinin (ə) qeybəti dövründə yalnız ədalətli fəqihin hökuməti qanuni sayılır. Adi halda qeyri-qanuni hökumətlə həmkarlığı haram sayan fəqihlər ölkəyə düşmən hücum etdiyi vaxt bu hücumun qarşısını almaq üçün uyğun həmkarlığa icazə verirlər. Məsələn, Həzrət Əli (ə) İslam dininin hifzi üçün xəlifələrə beyət etdi.

Amma imam Hüseyn (ə) dövrü həzrət Əlinin (ə) dövründən fərqlənirdi. Əgər İmam Yezidlə beyət edərdisə, onun cəmiyyətdə günahkarlığa rəvac verməsi ilə razılaşmış olardı. Demək, qarşısına dini məhv etmək vəzifəsini qoymuş hakimiyyətlə həmkarlıq caiz deyil, əksinə, ona qarşı mərhələli şəkildə mübarizə aparılmalıdır.
Sual 82: Nə üçün həzrət Müslim imkanı olduğu halda ibn Ziyadı öldürmədi?

Cavab: Qurani-kərim və Əhli-beyt buyuruqlarında düşmənə zülm və hiylə yolu ilə qalib gəlmək pislənilir. Həzrət Əlinin (ə) hakimiyyəti dövründəki müharibələrdən birində İslam düşmənləri meşədə gizləndilər. Bir şəxs Həzrətə (ə) meşəni yandırmağı təklif etdi. İmam buyurdu: “Zülmlə qələbə qazanmaq olmaz.”

Həzrət Müslim də Əhli-beyt məktəbinin yetirməsi idi. Xəstə Hanini yoluxmağa gələn ibn Ziyadın qətlə yetirilməsi Müslimə təklif olunanda ev sahibi Hani bu təklifə etiraz etdi. Müslim ibn Ziyadı öldürməməsini belə əsaslandırır: “Mən onu iki şeyə görə öldürmədim: evinə qan tökülməsini istəməyən Haninin etirazı və həzrət Peyğəmbərin (s) bir buyuruğuna görə. Həzrət buyurmuşdur: “Qəfil hücum əqidəsinə yol bağlıdır...”151


Sual 83: İslam terrora icazə verirmi?

Cavab: İslamda insanın həyatı o qədər yüksək qiymətləndirilir ki, günahsız bir insanı öldürmək hamını öldürməyə, bir insana həyat vermək bütün xalqa həyat verməyə bərabər tutulur.152

Cəmiyyətin asayişini pozan qatı cinayətkarlar istisna olmaqla, kimsənin həyatını əlindən almaq yolverilməzdir. İnsanın həyatına son qoymaq yalnız Allahın səlahiyyəti daxilindədir.

Qərbdə terrora belə tərif verilir: Terror bir fərdin və ya qrupun öz siyasi məqsədinə çatması üçün digər fərdə və ya qrupa qarşı amansız və vəhşi metodlardan istifadə etməsidir. “Təəssüf ki, müasir dünyamızda terrorizm məfhumu bütöv xalqlara qarşı terror aləti kimi istifadə edilir. Məsələn, İsrail tərəfindən torpaqları işğal olunmuş fələstinlilər bu işğalla barışmadıqları üçün terrorist adlandırılırlar. Şübhə yoxdur ki, on ilə yaxın bir dövrdə beynəlxalq təşkilatlarınsülh danışıqlarındanbir nəticə görməyən Azərbaycan xalqı da öz torpaqlarını hərb yolu ilə azad etmək istəsə, həmin ittihamlara düçar olacaq.

İslam ədəbiyyatında “terror” mənasını “fətək” sözü ifadə edir. İslam fiqhinə görə:

1. İstənilən firqədən, məzhəbdən olan günahsız insanı istənilən bir yerdə öldürmək haramdır. İslam dini 2002-ci il 11 sentyabr tarixində NYU-Yorkda və Vaşinqtonda günahsız insanların ölümü ilə nəticələnmiş terror hadisəsini pisləyir. İstər Fələstində, istər İraqda, istərsə də Vaşinqton və NYU-Yorkda günahsız insanların qırğını İslam prinsiplərinə ziddir.

2. Cinayətkar yalnız agah və adil əmr sahiblərinin hökmü ilə qətlə yetirilə bilər.


Sual 84: İmam Hüseyn (ə) əzadarlığının hikməti nədir?

Cavab: Bu məclislər kamil insan tərbiyəsində, ictimai quruculuqda, şiə mədəniyyətinin təbliğində mühüm rol oynayır. Aşura bəyanatlarını, söhbətlərini və şüarlarını nəzərdən keçirməklə əzadarlıq mərasimlərinin əhəmiyyətini anlamaq olar. Kərbəla ibadət, fədakarlıq, şücaət, təvəkkül, səbr, əmr be məruf və nəhy əz münkər məktəbidir. Xalqlar öz dinlərinin, namuslarının, torpaqlarının müdafiəsi yolunda candan keçməyi bu məktəbdə öyrənirlər.

İmam Hüseyn (ə) əzadarlığının ümumiləşdirilmiş şəkildə üç faydası vardır:

1. Dövrün zalımlarına etiraz və dünya məzlumlarının himayəsi;

2. Ədalət hissinin oyanışı və zalımlardan intiqam almaq arzusunun güclənməsi;

3. Haqqa çatmaqda və onun müdafiəsində şiələrin ictimai birliyinin təlimi.
Sual 85: Əhli-beytə əzadarlıq keçirilməsi barədə rəvayət vardırmı?

Cavab: Bu mövzuda rəvayət çoxdur. Misal olaraq, bir neçə rəvayət göstərə bilərik:

1. İmam Sadiq (ə) buyurmuşdur: “Allah bizim şiələrimizə rəhmət etsin. And olsun Allaha, onlar mömindirlər. And olsun Allaha, onlar öz sonsuz kədərləri ilə bizim müsibətlərimizə həmdərddirlər.”153

2. İmam Riza (ə) buyurmuşdur: “Bizim müsibətlərimizi xatırlayıb, çəkdiyimiz əzablar üçün ağlayan kəs qiyamət günü bizimlə olacaq, bizim dərəcəmizə çatacaqdır. Bizim müsibətlərimizi bəyan edib ağlayan və başqalarını ağladan kəs gözlər ağlayacağı qiyamət günü ağlamaz. Hər kəs bizim işimizin ayağa qaldırıldığı bir məclisdə əyləşsə, qəlblərin öləcəyi gün qəlbi ölməz.”154

3. İmam Sadiq (ə) Füzeylə buyurdu: “Əzadarlıq məclisi qurub, Əhli-beytdən və onun başına gələnlərdən danışırsınızmı?” Füzeyl bildirdi ki, belə məclislər qurulur. İmam buyurdu: “Bizim işimizi dirildin. Bizim işimizi dirildənlər Allahın mərhəmətinə qovuşar...”155


Sual 86: İmam Hüseyndən (ə) sonrakı imamlar (ə) ona əza saxlayıblarmı?

Cavab: İmam Sadiq (ə) buyurur: “Aşura hadisəsindən sonra İbn Ziyadın ölümünədək Bəni-haşim xanımlarından heç biri sürmə çəkmədi, xına yaxmadı, evlərindən xörək bişdiyini bildirən ocaq tüstüsü qalxmadı. Qanlı Aşura faciəsindən sonra gözlərimiz daim yaşlı oldu.”156

İmam Səccad (ə) Kərbəla hadisəsi ilə əlaqədar bütün ömrünü göz yaşları içində keçirdi. Ona su təklif olunanda ağlayaraq buyururdu: “Peyğəmbər oğlu susuz öldürüldüyü halda mən necə su içim?!”157

İmam Baqir (ə) Aşura günləri imam Hüseyn (ə) üçün əzadarlıq məclisi qurardı. Bu məclislərdən birində şair Kumeytin oxuduğu şerdən təsirlənən imam Baqir (ə) buyurur: “Var-dövlətim olsaydı, bu şerinə mükafat verərdim. Amma sənin mükafatın həzrət Peyğəmbərin (s) Həssan ibn Sabit haqqındakı duasıdır. Həzrət ona buyurmuşdu: “Biz Əhli-beyti daim müdafiə etdiyin üçün səni Ruhul-Qüdüs təsdiq edəcək.”158

İmam Kazim (ə) buyurmuşdu: “Elə ki, məhərrəm başladı, atam gülməzdi. Üzü kədərli olardı, məhərrəmin onunadək yanaqlarından yaş süzülərdi. Həmin gün atamın müsibəti son həddə çatar, fasiləsiz ağlayıb buyurardı: “Bu gün babam Hüseynin (ə) şəhadət günüdür.159

İmam Riza (ə) buyurmuşdur: “Elə ki, məhərrəm ayı çatdı, atamı gülən görən olmazdı. Bu vəziyyət Aşura gününədək davam edərdi. Həmin gün atam son həddə kədərlənib ağlayar və deyərdi:

“Belə bir gündə Hüseyni (ə) qətlə yetirdilər. Ona Allahın salamı olsun.”160

Kərbəla müsibəti ilə əlaqədar imam Riza (ə) buyurmuşdur: “İmam Hüseynin (ə) müsibət günü gözlərimizdən fasiləsiz yaş axar, göz qapaqlarımız yara olardı.”161

Rəvayətlərə görə, əsrin imamı (ə) babasının şəhadətinə görə ağlayır.162


Sual 87: Zəncir və sinə vurmağın dini əsası varmı?

Cavab: Zəncir vurma İrana Hindistan və Pakistandan gəlmiş ənənədir. Bəziləri bu işdə ifrata varıb, bədənlərini yaraladıqlarından bir qrup alim uyğun adəti haram buyurmuşlar. Amma bədənə ciddi zərər toxunmazsa, zəncir vurmağın eybi yoxdur.

Sinə vurmaq isə ərəblər arasında yaranmış adətdir. Sonradan növhələr sinə vurmaqla müşayiət olunmağa başlamışdır. Sinə vurmaq səfəvilər dövründən kütləviləşmişdir.

“Təziyə” Aşura hadisəsinin nümayiş etdirilməsidir. Əzadarlığın bu forması bir çox şiə ölkələrində mövcuddur. Aşura faciəsinin səhnələşdirilməsi bəzən əzadarlığın mahiyyətini arxa plana keçirir.
Sual 88: Əzadarlıq dövründə qara geyinməyin fəlsəfəsi nədir?

Cavab: Əvvəla, qara geyimdə məxfilik əlaməti var. Digər bir tərəfdən, tarix boyu hakimiyyətdə olan insanlar şəxsiyyətinin ciddi qəbul olunması üçün qara geyimdən istifadə etmişlər.

Dünyanın əksər xalqları isə qara rəngi matəm və qəm-qüssə əlaməti kimi qəbul etmişlər. Qara rəngin əsil fəlsəfəsi isə onun işığa, nura zidd olmasıdır. Qara rəngli libas geyinən əzadar əzası keçirilən şəxsi itirməklə dünya işığından məhrum olduğunu bildirmək istəyir. İslam Peyğəmbərinin vəfatının səkkizinci günü qızı həzrət Zəhra (ə) fəryad qopararaq deyir” “Ey ata! Sənin gedişinlə dünya öz işığını bizdən aldı...”163


Sual 89: İmam Hüseyn (ə) kimi məğrur bir şəxsiyyətin məclislərdə məzlum kimi təqdim olunması nə dərəcədə doğrudur?

Cavab: İzzət Qurani-kərimdə ən bəyənilmiş sifətlərdən biri kimi bəyan olunur.164 Quran işığında hərəkət edən imam Hüseyn (ə) və onun səhabələri düşmən qarşısında həmişə məğrur dayanmış, zilləti qəbul etməmişlər. Bəzi məclislərdə imam Hüseynin (ə) məzlum göstərilməsi təəssüf doğurur. Bir çox məddahlar nə yolla olur-olsun xalqı ağlatmağa çalışır, hətta bu yolda imamın izzətini qurban verirlər. Əslində bu iş İslam dininə, Əhli-beyt dəyərlərinə ziddir. Bəni-üməyyənin Əhli-beytə qarşı zülmləri kimsədə şübhə doğurmur. Amma izzətli insanlar heç bir zülmün qarşısında öz vüqarını itirib, mənən sınmırlar.
Sual 90: Aşura hadisəsinin əziz tutulması üçün bu mövzuda söhbətlərlə kifayətlənib, sinə və zəncir vurulmasını aradan götürmək olmazmı?

Cavab: İmam Hüseyn (ə) şəxsiyyətinin cəmiyyətə tanıtdırılması üçün konfranslar, elmi çıxışlar, tədqiqatlar və məqalələr çox faydalıdır. Amma öz rəftarımıza nəzər salsaq mühüm rola malik iki qrup amillə rastlaşarıq. Birinci qrup amillər insanın hər hansı bir həqiqəti dərk etməsini təmin edir. Lakin hər hansı bir həqiqəti elmi şəkildə bilmək insanın həmin həqiqətə münasibətini müəyyənləşdirmir.

Şəhid Mütəhhəri buyurur: “Amil insanın daxilində olmalıdır ki, onu hərəkətə gətirsin. İnsanda hər bir işə daxili meyl olmalıdır ki, həmin iş yerinə yetirilsin. Elmi tanışlıq insanın hərəkətə gəlməsi üçün kafi deyil. Yalnız psixoloji amil insanı işə sövq edə bilir.”

Bəli, insan çox şey bilir, amma bildiklərinə əməl etmir. Düşmənin mənfurluğunu hamı bilir. Amma yalnız düşmənin vəhşiliklərini gözü ilə görənlər ona nifrət edir. İnsan sevdiyi adamı xatirələr vasitəsi ilə yad edərək şövqə gəlir.

İmam Hüseyn (ə) haqqında söhbətlər həqiqət və ədalət haqqında təsəvvür yarada bilər. Amma meydana girib bu dəyərləri müdafiə etmək üçün həyəcanlanmış hisslərə ehtiyac var. Universitet səviyyəsində Kərbəla faciəsindən xəbərdar olan bir gənc məmləkətinə təcavüzü sakit qarşılasa, təəccüblənməyin. Çünki, o, bu həqiqətləri daxilən yaşamamışdır. Amma imam Hüseyn (ə) əzadarlıq məktəbindən keçmiş gənc həqiqət və ədalət uğrunda qanlı savaşa atılmaqdan çəkinmir.


Sual 91: Nə üçün əzadarlığa aşuradan bir neçə gün əvvəl başlanılır?

Cavab: İmam Hüseynə (ə) əzadarlıq keçirilməsi müqəddəs şəriətin tapşırılmış göstərişlərindəndir.Amma bu əzadarlığın forması xalqın istəyindən asılıdır. Bəzi yerlərdə Aşura gününədək, bəzi yerlərdə imamın üçünədək, bəzi yerlərdə isə imamın yeddisinədək əzadarlıq keçirilir. İstənilən formada əzadarlıq keçirmək xalqın ənənələrindən asılıdır və bu müxtəlifliyin heç bir eybi yoxdur. Əsas məsələ Aşura hadisəsinin mahiyyətinin açıqlanması və xalqın həqiqətsevərlik və ədalətsevərlik hisslərinin oyadılmasıdır.
Sual 92: İmam Hüseynə (ə) əza saxlamağın hədsiz savaba malik olması barədə rəvayət varmı?

Cavab: Şəhidlər ağası həzrət Hüseyn (ə) üçün əza saxlamaq Allaha yaxınlaşmaq üçün ən təsirli vasitələrdəndir. Mötəbər mənbələrdə bu mövzuda kifayət qədər hədis vardır. Amma bu məsələyə münasibətdə bəzi nöqtələrə nəzər salmalıyıq:

1. Bu mövzuda olan rəvayətlər səhih və qeyri-səhih olmaqla iki hissəyə bölünür.

2. Bəzi rəvayətlərdə müəyyən əməllərin xüsusi təsirə malik olduğu bildirilir. Amma həmin əməl zikr olunan təsir üçün tam səbəb sayılmamalıdır. Tam səbəb bütün maneləri aradan qaldıran səbəblər məcmusudur. Mane olmadıqda bir əməl də təsir edə bilər. Amma maneələr əməlin təsir etməsi üçün ortaya şərtlər qoyur. Məsələn, deyilir ki, ağacın alışma səbəbi oddur. Amma od ağacı yandırmaya da bilər. Məsələn, alışma üçün oksigen lazımdır. Bir şəxs yaş ağacı tonqala atıb, onun alışmadığını görürsə, təəccüblənməməlidir. Ağacın alışmasına mane olan səbəblər araşdırılmalıdır. Şübhəsiz ki, alovun ağaca təsirinə mane olan səbəblər vardır. Düzgün istiqamətdə aparılan araşdırmalar göstərir ki, ağacın tərkibindəki rütubət alova müqavimət göstərir. Əgər bu maneə aradan qaldırılarsa ağac dərhal alışar. Demək, ağacın alışması üçün alovu tam səbəb bilmək olmaz.

Ortaya suallar çıxır: dəqiq şərtlər nədir; hər səbəbin təsir payı nə qədərdir; bir səbəb həlledici rol oynaya bilərmi; təsir mexanizmi necədir? Amma insan düşüncəsi müstəqil şəkildə bütün suallara cavab tapmaq gücündə deyil. Peyğəmbərlərin ən böyük xidmətlərindən biri insan düşüncəsinin fövqündəki məsələləri işıqlandırmaqdır.

İmam Hüseynə (ə) əza saxlamağın savaba malik olmasında təəccüblü heç nə yoxdur. Nəql edəcəyimiz rəvayət uyğun məsələyə aydınlıq gətirir:

Əllamə Bəhrul-ülum Samirraya gedərkən yol boyu imam Hüseynə (ə) ağlamağın savabı barədə düşünür. Yolda onunla rastlaşan ərəb onu fikirli görüb, nə barədə düşündüyünü soruşur. Bəhrul-ülum bildirir ki, imam Hüseyn (ə) üçün axıdılan bir damla göz yaşının günahları yuması barədə fikirləşirəm. Ərəb deyir: “Təəccüb etmə. Sənə bir misal çəkim. Bir gün sultan ovda azıb yoldaşlarından ayrı düşür. Meşədə bir komaya rast gəlir. Burada yaşayan qoca qarı və onun oğlu südü ilə dolandıqları keçini qonaq üçün kəsirlər. Sultan saraya qayıtdıqdan sonra onların yaxşılığına necə cavab vermək barədə düşünür. Nəhayət başa düşür ki, olanını ona vermiş insanların mükafatı yalnız sultanın bütün olanlarıdır!

İmam Hüseyn (ə) Allah yolunda hər şeyindən keçib, Allah Hüseynə (ə) ağlayana misilsiz savablar verirsə, təəccüb etməməliyik.”
Sual 93: Mərhəmətə ehtiyaclı dünyamızda Hüseyn düşmənlərinə lənət oxumaq qəddarlıq deyilmi?

Cavab: Adəm övladı həm müsbət, həm də mənfi hisslərə malik bir varlıqdır. Heç bir insan sevincsiz və ya qəmsiz yaşaya bilməz, gülmək və ağlamaq insanın fitri meyllərindəndir. Ən əsası isə bu varlıq yerində ağlamalı və yerində gülməlidir.

İnsan kamil varlıqla üzləşdikdə qəlbində ona qarşı məhəbbət yaranır. Bu məhəbbət tərif, təşəkkür, dua kimi vasitələrlə izhar olunur. Amma könlünü oxşamayan varlıqla qarşılaşan insanın qəlbində nifrət hissi baş qaldırır. Bu nifrət etiraz, lənət, qarğışla müşayiət olunur.

Allah övliyalarını sevən insan, təbii ki, Allah düşmənlərinə nifrət edir. Allah düşmənlərinə nifrət etməyən kəs tədricən onlarla dostlaşır, onların sözlərini qəbul edir, nə vaxtsa özü də Allahın düşməninə çevrilir. Əgər insan, orqanizminə daxil olmuş mikroba qarşı çıxmasa, bu mikrob tədricən bütün bədəni çulğayır.

Yalnız Allah dostları ilə dostluq kifayət deyil. Allah düşmənləri ilə düşmənlik etməyən insan Allahla dostluqdan məhrum olur.

İnsan məntiqi olaraq sevgisini salam, nifrətini lənətlə bildirir. İmam Hüseynin (ə) düşmənlərinə lənət oxumadan İmama salam göndərmək faydasızdır. Yəni dostun düşməni ilə dostluq ən azı riyakarlıqdır.
Sual 94: Şiəlik əqidəsinə görə göz yaşına bu qədər əhəmiyyət verilməsinin əsası nədir?

Cavab: İnsan varlıq aləmində baş verən bir çox hadisələrin mahiyyətindən xəbərsizdir. Çoxları, ümumiyyətlə, hadisələrin dərinliyinə varmır, zahirdə gördükləri ilə kifayətlənirlər.

Göz yaşı da belə sirli həqiqətlərdəndir. Kimi göz yaşını daxili hisslərin təzahürü kimi etiraz, kimi də bədbinlik kimi qiymətləndirir. Müasir dünyanı şadlıq dünyası kimi qəbul edib, göz yaşlarının əbəs olduğunu iddia edənlər də var. Amma şiələr göz yaşına daha ciddi yanaşır və onun əsil mahiyyətini açıqlayırlar.

Əsaslı beş növ ağlayış qeyd etmək olar:

− qorxu və həyəcandan ağlayış;

− mərhəmət qazanmaq üçün ağlayış;

− qəm-qüssədən ağlayış;

− şadlıqdan ağlayış;

− təqva, ruhani kamillikdən ağlayış.

Sonuncu bənddə qeyd olunan göz yaşları ilahi insanlara aiddir. Bu göz yaşlarının səbəbi daxili yanğı, pəhrizkarlıq, peşmançılıq, tövbə, Allah eşqidir. İnsanı kamillik zirvəsinə qaldıran, onu Allaha yaxınlaşdıran da məhz bu göz yaşlarıdır. Təqva ağlayışının bir sıra amilləri vardır:

1. Günahdan peşmanlıq

İlahi insanlar batdıqları günaha görə peşman olur, göz yaşları axıdırlar. Həzrət Əli (ə) buyurur: “Allaha itaətə üz tutub, günahları üçün ağlayan kəsin xoş halına” (“Nəhcül-bəlağə”, x. 176)

2. Allah doğru hərəkətdə büdrəmə qorxusu

Allah aşiqləri daim özlərini təhlükədə hiss edir, öz gələcəkləri üçün narahat olurlar. Doğrudan da, iman yolunda şeytanın qurduğu sədlərdən keçmək olduqca çətindir. Bu çətinliklər barədə düşünən aşiq göz yaşları axıdır.

3. Şövq və sevgi

Həqiqi Allah aşiqləri hicran qəmindən pərişan olur, məşuqla görüş həsrəti ilə hönkür-hönkür ağlayırlar.

4. İlahi əzəmət qarşısında qorxu

Bu qorxu insanın düşüncəsindən doğur. İlahi əzəməti dərk edən möminlər bu əzəmət qarşısında tir-tir əsir, göz yaşları axıdırlar. İmam Sadiq (ə) buyurur: “Allahın haram buyurduqlarına qapanan, gecələr ibadət üçün oyaq qalan və gecə yarı Allah qorxusundan ağlayan gözlərdən başqa bütün gözlər qiyamət günü ağlar qalacaq.165

5. Həqiqi dost itkisi

Allah aşiqlərinə məhəbbət Allaha məhəbbətdir. Belə insanları müvəqqəti də olsa itirmək mömin üçün ağrılıdır. Məsum imamların bir-birləri üçün, həzrət Peyğəmbərin (s) Həmzə üçün ağlaması Allah sevgisi ilə bilavasitə bağlıdır.

6. Arzu olunan fəzilətlərdən uzaqlıq

Bəzən ilahi insanlar arzuladıqları ilahi sifətlərə çata bilmədikləri üçün ağlayırlar.

Bir çox mötəbər mənbələrdə, eləcə də Qurani kərimdə ilahi eşqlə bağlı göz yaşları təqdir olunur. “İsra” surəsində oxuyuruq: “Onlar səcdəyə qapanaraq ağlayırlar.”166

İmam Sadiq (ə) buyurur: “Bəndənin Allaha ən yaxın halı səcdəyə qapanaraq ağladığı haldır.
Sual 95: Əzadarlıq, müsibət zikri zamanı necə olur ki, insan qəmlənir, göz yaşları axıdır?

Cavab: Bəli, belə bir hal hər əzadar üçün müyəssər deyil. Həqiqi sevgi, həqiqi hicran, həqiqi qüssənin əsasları var.

Əvvəla, qəmli hadisələr, müsibətlər yada salınan vaxt kədərlənmək insan üçün qiymətli halətdir.167

İkincisi, ağlamaq insanın mərifəti ilə bağlı təzahürdür. Buna görə də, məsumlara verilən işkəncələri xatırlayarkən qəmlənib ağlamayan insanlar Əhli-beyt ilə daha yaxından tanış olmalıdırlar. Bu ilahi insanlarla daha yaxından tanış olmaq üçün onların həyatını mütaliə etməli, onların buyuruqları barədə düşünməli, ən əsası, bu şəxsləri nümunə kimi tanıtdıran Allahı tanımalıyıq.

Kənar mövzularda çox danışmaq, çox günaha yol vermək, uzun-uzadı arzular, dünya malına sevgi, zalım və dəyərsiz insanlarla yoldaşlıq, çox gülmək, ibadətdən uzaqlıq insanın qəlbini daşlaşdırır, onun diqqətini ilahi həqiqətlərdən yayındırır.168

Bəli, insanı insan edən duyumlu, mərhəmətli, diri qəlbdir. Qəlbi yumşaltmaq, diriltmək üçün zikr olunmuş bəzi tədbirləri sadalayaq: ölüm haqqında düşünmək, moizə və nəsihət dinləmək, ilahi ayələr və qiyamət haqqında fikirləşmək, fəzilət sahibləri ilə ünsiyyət, yoxsulları doyurmaq, yetimlərə mərhəmət, Allahın zikri, Əhli-beytlə yaxınlıq, Quran qiraəti, çoxlu tövbə.
Sual 96: Şiəlik yalnız əzadarlıqdanmı ibarətdir?

Cavab: Şiələrin Qədir-xum, Fitr, Qurban, Məbəs və 14 məsumun doğum günü kimi əzəmətli bayramları var. Şiəliyin qəm-qüssə məzhəbi kimi tanınması bu məzhəbin yox, bəzi ifratçı şiələrin nöqsanıdır. İslamda Əhli-beytə əzadarlıq tövsiyə olunduğu qədər bayram və şadlıqlar da tövsiyə olunmuşdur. Həzrət Peyğəmbər (s) buyurur: “Mömini sevindirən məni sevindirmişdir, məni sevindirən isə Allahı sevindirmişdir.”169

Tarixi baxımdan, şiəlikdə əzadarlıqların çoxluğu Əhli-beytə edilən zülmlərlə bağlıdır. Tarixdə bu zülmün misli yoxdur. Tarix Kərbəla hadisəsi qədər ağır faciəyə heç vaxt şahid olmamışdır. Zalım hakimlər, qansız təcavüzkarlar tərəfindən qırğın edilmiş xalqlar faciənin, qəm-qüssənin nə olduğunu yaxşı anlayır və hüzn günlərini xüsusi qeyd edirlər.


Sual 97: İslam dinində şadlığa münasibət necədir?

Cavab: Ayə və rəvayətlərə əsasən insan səadəti üçün faydalı olan şadlıq zəruridir. İslam orta həddi gözləyən dindir. Bu baxımdan ifrat və təfrit şadlıq da məqbul sayılmır.

İslamda insan təbiətinə münasib olmayan heç bir ayin yoxdur. Bütün ilahi göstərişlər insanın fitri ehtiyaclarına uyğun şəkildə tənzimlənmişdir. Şadlıq insanın mühüm fitri ehtiyaclarındandır. Varlıq aləmindəki gözəlliklər, təravətli bahar, lətafətli sübh, ürək oxşayan şəlalələr, ailə və övlad məhəbbəti insanın qəlbini sevinclə doldurur.

Həqiqi şadlığın bəzi amillərini sadalayaq: iman, taledən razılıq, günahdan pəhriz, çətinliklərlə mübarizə, xoş qoxu, idman, həyat həvəsi, fiziki iş, əyləncə, Quran qiraəti, Allahın zikri, sədəqə və s. Qurani kərimdə behişt nemətlərinin sadalanması, İslamın şadlığa müsbət münasibətinin təsdiqidir. Məsumlardan (ə) nəql olunmuş rəvayətlərdə bu münasibət bir daha öz əksini tapır. İslam Peyğəmbəri (s) buyurur: “Mömin şux və fərəhlidir.”170 Həzrət Əli (ə) buyurur: “Şadlıq anları qənimətdir.”171 İmam Sadiq (ə) buyurur: “Zarafat təbi olmayan mömin yoxdur.”172

Amma hər şeyin həddi olduğu kimi, şadlığın da həddi var. Şadlıq insanın imanına, tövhid ruhuna, ilahi düşüncəsinə zidd olmamalıdır. İfrat şadlıq nəinki bəyənilmir, hətta məzəmmət olunur. Həzrət Əli (ə) şadlığın əsas səbəblərindən olan zarafat haqqında buyurur: “Çox zarafat edən şəxs vüqarını və ağırlığını itirir.”173 İmam Sadiq (ə) buyurur: “Çox zarafat etmək insanı abırdan salır.174

Şadlıq, gülüş, təbəssüm səmimi olmalı, eləcə də, başqalarının şəxsiyyətini alçaltmamalıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Allah cənazəyə, ölümə gülən kəsi qiyamət günü hamının gözü qabağında alçaldar.”

Bir çox müsəlman alimləri həqiqi şadlığın insanın daxili aləminə aid olduğunu bildirirlər. Onların nəzərincə dünyəvi şadlıq dünya kimi müvəqqətidir və onun ardınca qəm-qüssə gəlir. Əksinə, həqiqi mənəvi şadlığa çatmaq üçün qəmdən keçmək lazım gəlir.



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə