Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə2/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   2   3   4   5   6   7   8   9   ...   93

tökülmüş qıvırcıq saçlarını geri eləyib, onu ehtiyatla öpdü. Yusif ağanın bir həftə 
qabaq sazda, “Ruhani” çalıb Səmədi oynada-oynada dediyi sözlər yadına düşdü: 
- Ana, ay ana, buna bax, gör, necə cəld oynayır. Görərsən, bu qarabaladan 
bir oğul olacaq ki!.. 
Sudan qayıdan nənə çiyni səhəngli sevinclə durub toz-torpaq içində əl-qol 
atan nəvəsinə fəxrlə tamaşa edirdi. Qarı birdən səhəngi yerə qoyub, özünü uşağın 
üstünə saldı: 
- Bəsdi, qadan ürəyimə, bəsdi, əldən düşdün. Qalanını da toyunda oynarsan. 
Səməd dartınıb nənəsinin əlindən çıxdı. Ara verməyən saz havasında 
yenidən oynamağa başladı. Bu dəfə qarı canıyananlıqla: 
- Ay Yusif ağa, sən allah, yığışdır bu sazını, bəsdi balamı yorub əldən saldın. 
- Yenə Yusif ağa nazikbaldır oğlunu nə tərifləyir? 
Yusif ağa başını qaldırıb səs gələn səmtə baxdı. Əmisi oğlu Mədəd bəy 
çəpərin yanında dayanıb gülümsünürdü. Ata çalğısına ara verib, dərindən köks 
ötürdü: 
- Mədəd bəy, - dedi, - allah sənə ömür versin, görərsən bundan, bu 
qarabaladan bir oğul olsun ki, gəl görəsən. El-oba onun başına and içəcək. Sonra 
kədərlə, - eh dünya, görək axırı nə olacaq, allah kərimdi. 
Mədəd bəy uzun, şeşə bığını aramla sığallayıb: 
- Olsun, olsun, a Yusif ağa, istəməyənin gözü tökülsün. Deyirlər Napaleon 
da uşaqlıqda sənin oğlun kimi belə cılız olub. 
- O Napaleonu nə görmüşəm, nə də tanıyıram. Amma mənim oğlum bir oğul 
olacaq ki.... - Yusif ağa baş barmağını dik tutub: - bax, belə, - deyə fəxrlə əmisi 
oğlunun üzünə baxdı. . 
O axşam Aşa qarının sevincinin hədd-hüdudu yox idi. Bircə Mədəd bəyin 
uşağa “nazikbaldır” deməsi yadına düşəndə əsəbiləşirdi. Yusif ağanın əmisi oğlu 
olmasaydı cavabını özü qaytarardı. Nə olsun ki, Qazaxda pristav işləyir. Hamının 
uşağı onlarınkı kimi yağ-bal içində böyüməz ki... İbrahim də yetimin biri idi. İndi 
gör necə yaxşı səsi-sədası gəlir. Gedib Tiflisdə oxudu, komandir oldu. Camaat 
başına and içir. Yusif ağa düz deyir ki, oğul bundan olacaq. Bu üç kəlmədən Aşa 
qarı xüsusi ləzzət alırdı. Özünə təsəlli verirdi. Bu üç kəlmə ilə kürəkəni Yusif ağa 
ona sanki dünyanı bağışlamışdı. 
Yastığa dirsəklənib uşağa baxa-baxa bunları fikirləşən Aşa qarı dərindən 
köks ötürüb arxası üstə uzandı. Əllərini-başının altında çarpazlayıb nəzərlərini 
uzaqlara dikdi. O günün hələ çox uzaqda olduğunu fikirləşəndə bikeflədi. Gözləri 
qıyılmış nənəni xəyal xeyli uzaqlara apardı. 
...Alisgəndər təpəsinin yanından əli balaca çamadanlı, rus geyimli, ortaboylu 
bir oğlan gəlir. Tez-tez yoldan kənara çıxır, əyilib üstü şehli çiçəklərdən dəstə 
bağlayır. Narlı qajında əvəlik yığan Aşa qarı əlini gözünün üstünə qoyub, oğlanın 
hərəkətlərini izləyir. Ürəyinin döyüntüsünü saxlaya bilməyən qarı, əvəliyi 
önlüyünə atıb yaxınlıqdakı qılıca tərəf qaçır. Oğlan paltosu qolunda cığıra düşür. 
Düz onların Sədəfli məhəlləsinə doğru gedir. Aşa qarı dözə bilməyib: 
- Səməd, ay Səməd, - deyə, həyatında ilk dəfə uca səslə adam çağırır. 
Rus geyimli oğlan geriyə dönür. Diqqətlə təpəyə baxıb: 


- Nənə, ay nənə, - deyib, şehli çəmənliyi yara-yara Aşa qarıya doğru qaçır. 
Nənənin şirin, əlçatmaz xəyalı balaca Səmədi oxumaqdan qaytarırdı. Bu 
mışıl-mışıl yatan körpə “böyük adam” olub gəlirdi. Bu, həyatda oğul görməyən, 
cəmi iki qız anası Aşa qarının arzusu, diləyi idi. Əri şair Gühənsal qəfil öləndə 
Aşanın hələ iyirmi yeddi yaşı tamam olmamışdı. İkinci uşaqları da qız olanda 
Aşanın qaşqabağı açılmırdı. Şən, gülərüzlü Gühənsal özünəməxsus, şairanəliklə: 
- Fikir eləmə, mənim mələyim, - dedi, - tanrı sənə elə bir oğul verəcək ki, 
elin gözü onda olacaq. Bu yoxsul obasına şan-şöhrət gətirəcək. 
Qarı dərindən nəfəs alıb öz-özünə: 
- Ah, gözəgörünməz tanrı, mən Səmədimin o gününü görəcəyəmmi? Bəlkə 
babasının arzuladığı elə bu tifildi, allah bizə verib, - deyə, fikirləşən qarı yenidən 
nəvəsinin bir-birinə qarışmış, tozlu saçlarından ehmallıca öpdü. 
- Bu nəydi gecə vaxtı. Dağı arana, aranı da dağa daşıyıram. Əldən düşmüş 
qarı yorğun gözlərini yumdu. Yadına düşdü ki, ürəyi yanır. Durub rəfdəki 
qəlyanını doldurdu. Ehtiyatla qapını açdı. Çöldə odun yarılan kötüyün üstündə 
oturub, demisini boşaltdı. Əri Gühənsalın vaxtsız, ölümündən sonra Aşa qarı 
qəlyan çəkirdi. O taydan, - Saloğlu döngəsindən düşən gur işıq Kürün sinəsini 
yalayıb, taraq-turuqla irəliləyirdi. O, Qarayazı meşəsini, biçənəkləri bir anlıq 
işıqlandırıb yox olurdu. Aşa qarı biçənəkliyi görəndə diksindi... 
O günü biçənəkdə Sarı Dərviş baba qəfil qabağıma çıxanda niyə məndən 
soruşdu ki, bu uşaq nə vaxt anadan olub. Mən: - Novruz bayramı axşamında, - 
deyəndə əyilib Səmədin üz-gözünə diqqətlə bir müddət baxdı. Sonra qayıdıb mənə 
nə desə yaxşıdı: 
- Aşa bacı, bu uşağın başı üstündə xoşbəxtlik ulduzu yanır. - Əlilə uşağın 
çənəsini yuxarı qaldırıb, sonra fikirli-fikirli başını sığalladı. - Bundan muğayat 
olun, Aşa bacı, heç vaxt hirslənəndə başına vurmayın, mən bu uşaqda nəsə ayrı bir 
görkəm duyuram. Baxışlarına fikir ver, alıcı tərlana bənzəri var... 
   Dərviş bunu deyib “yahu, yahu” eləyə-eləyə gözdən itdi. Əl-qol ata-ata 
gedən dərviş yerdə, göydə kimisə lənətləyirdi.  
Nənə ilk payızın soyuğundanmı, yoxsa dərviş əhvalatındanmı qorxub 
yerində büzüşdü. Ürəyində, fikrində nəvəsinin “böyük adam” olmaq fikriylə durub 
içəri keçdi.  Yerinə uzanan kimi Tiflisdən qayıtmayan kürəkəni barədə düşündü. 
Sabah bir həftə olacaq ki, Yusif ağa şəhərə getmişdi. Amma heç bir səs-soraq yox 
idi. Qarının nəzərləri yarıqaranlıq damın güncündə ilişib qaldı. Narahatçılıq, intizar 
onun yuxusunu ərşə çəkmişdi. Xəyalında Tiflisdən Salahlıya uzanan dərəli-təpəli 
yolda bir atlı Yəhya bəy Dilqəmdən yanıqlı oxuya-oxuya yol gəlirdi.  
 
Seyri-gülüstanda, Kür-kənarında, 
Aman bir növrəstəm qalıb, ağlaram. 
Ayrılıq cövrünün, dost fərağınım. 
Sevdası başıma dolub, ağlaram. 
 
Laçın qanadlıdan, tərlan tavardan, 
O Hüsni-Yusifdən, Mehri-ruxsardan. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə