Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə9/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   ...   5   6   7   8   9   10   11   12   ...   93

 
Ata ocağına gəlmişəm, şair. Gözümü yaşıl donlu təpələri döşündən, şiş 
qayalı dağların zirvəsindən, sünbüllü qızıl zəmilərdən çəkə bilmirəm. Büsatlı bir 
dünyadır sənin ata ocağı ana torpağın. Dünyagörmüş ağsaqqallar sənin 
gəncliyindən, torpaqda min naz-nemət yetirən əliqabarlı tarla qəhrəmanları 
qayğıkeşliyindən, könül rübabından söhbət açdı. 
Neçə ağbirçək ana gözləri səni axtardı, sual dolu baxışlarını üzümə zilləyib 
soruşdular: 
 - Bu dərya kamallını allah niyə bizə çox gördü, ay oğul - deyib kövrəldilər. 
Bulaq başında, göy biçənəkdə, vüqarlı dağlarda sənin adınla bağlı neçə-neçə 
əfsanə eşitdik, şair. Bir dastansan, aşıq danışmaqla qurtarmaz; sözlərin bir 
şərbətdir, içdikcə ürəklər şəfa tapar; bir ulduzsan, Vətən səmasına həmişə nur 
saçırsan. 
Bilirsənmi, vaxtilə sənin tərənnüm elədiyin daşsalahlılar indi nələr eləyiblər? 
Sənin istəyin kimi dörd yanı bağlı-bağatlı, qapısı günəşə açılan, yaraşıqlı, işıqlı 
evlər tikiblər güzgü kimi parıldayan yollar salıblar. Vətənin xoş güzəranına tərif 
deyən aşıqlar yetişdiriblər. Bu kəndin hər fəsli bolluqdur; ürəklər sağlam, alınlar 
açıq, başlar vüqarlıdır. 
Hər il sənin ad günündə sənə oxşar qarabuğdayı bir uşaq səhnəyə çıxıb bu 
misralarını əzbər deyir: 
 
Mən istərəm gündən-günə taleyiniz ağ olsun, 
Hər kefiniz, hər nəşəniz, damağınız çağ olsun. 
Mən yazanı öz əliylə yaradanlar sağ olsun,  
Baxıb-baxıb dastan qoşum bu gülzarı görəndə. 
 
Avey dağının sinəsinə sığınmış Daş Salahlı kəndinə şairin dəfələrlə yolu  
düşüb. Məşhur Damcılı bulağının xoş zümzüməsini dinləyib, laləli, nərgizli 
çöllərini gəzib. 
Daş Salahlı kəndinin sakini Əbdüləzim Həsənov iyirmi il həmin kənddə 
kolxoz sədri vəzifəsində işləyib. O, görkəmli el şairi Mirzə Səmədin oğludur. Onun 
şerləri Qazax, Tovuz, Şamxor,Gəncə, Borçalı mahallarında yenə də dillər 
əzbəridir. 
Qazax qəzasının ilk inqilabçılarından olan Mirzə Səməd iyirminci ildən 
Lenin partiyasının üzvü olub. Onun otuzuncu illərdə ictimai-siyasi şerlər müəllifi 
kimi tanınan İsmayıl Katiblə (Zeynalovla), məşhur aşıq Hüseyn Bozalqanlı ilə, 
aşıq Avakla deyişmələri var. 
Mirzə Səməd xalq şairimiz Səməd Vurğunla yaxın dost olub. Səməd Vurğun 
ona zarafatla  “mənim dağ qardaşım” deyərmiş. Daş Salahlıdan olan Mədəd 
Əmrahovun dediyinə görə, böyük şairlə Mirzə Səmədin deyişməsi olub. Çox 
təəssüf ki, o deyişməni əldə edə bilmədik. 
Əbdüləzim əmi ilə evində görüşdük, Səməd Vurğun bu evin dəfələrlə əziz 
qonağı olub, Şair dostu Mirzə Səmədlə şerləşiblər. 


- Rəhmətlik Səməd Vurğun bizdə olanda evimiz toy-bayrama dönərdi. 
Atama deyərdi ki, o ilk nakam eşqinə, Sarıtelə yazdığın gözəlləmələrdən de gəlsin. 
Sən qoşmanı məndən yağlı deyirsən,  
- Həmişə gələndə atamı götürüb Damcılı bulağının üstünə gedərdi. Gəlsəniz, 
elə indi sizinlə də oraya gedək. Mən Səmədlə son görüşümdən sonra orada 
olmamışam. 
Biz kəndarası yolla Damcılı bulağına tərəf getdik. Yolboyu Əbdüləzim əmi 
mənə Səməd Vurğunla görüşlərindən söhbət açdı. Kəndin mərkəzindəki 
mədəniyyət evini görəndə: 
- Yadımdadır, - dedi, - 1954-cü ilin fevralında Azərbaycan SSR-in iyirminci 
partiya qurultayının iştirakçısı idim. Fasilədə Səmədlə görüşdük. O, məni kəndin 
təsərrüfatı haqqında sorğu-suala tutdu. Sonra dedi: 
- A Gödək, (boyum balaca olduğuna görə Səməd məni zarafatla həmişə belə 
çağırardı) materialdan kömək mənim boynuma, sən kənddə mədəniyyət evinin 
tikintisinə başla - Səməd doğrudan da tikinti materialı ilə bizə kömək elədi. Bax, o 
gördüyünüz altı yüz yerlik mədəniyyət evini tikib istifadəyə verdik. 
Şair Daş Salahlı kəndini, onun zəhmət adamlarını alovlu bir məhəbbətlə 
sevib, onların əməyini şerlə tərənnüm edib. Böyük Vətən müharibəsinin ağır 
günlərində tank dəstəsinə iki min manat pul bağışlayan “qələm qaşlı, xumar gözlü 
bir dilbərə” - Qızxanıma və onun əri Aslana şair “Qızxanımın hünəri” adlı gözəl 
bir şer yazmışdır. 
Qızxanımdan söz düşəndə Əbdüləzim əmi dedi: 
- Qızxanımın pul vermək səhnəsi indi də gözümün qabağındadır. O vaxt 
təkcə Qızxanım yox, kəndimizdə hamı bir nəfər kimi müdafiə fonduna köməyini 
əsirgəmirdi. Lakin Qızxanımın kənd qızlarına məxsus utancaqlığı, həyalı geyimi,   
vüqarlı: “Mən də olanımı hökumətimiz, vətənimiz üçün  əsirgəmirəm” - deməyi 
şairin çox xoşuna gəldi. 
- A Gödək, bu kimdir, adı nədir, - deyə şair məndən soruşdu. Biləndə ki, özü 
qabaqcıl pambıqçıdır, əri də cəbhədə vuruşur, bu, şairi çox maraqlandırdı. Çağırıb  
onunla söhbət elədi. Elə orada da şer yazmağa söz verdi. 
Sonralar Səmədin yolu bizim kəndə düşəndə hər dəfə onun evinə gedər
dolanacağı ilə maraqlanardı. Qızxanımı tarlada iş üstündə görəndə sevinər, fəxrlə 
deyərdi: 
- Mən xoşbəxtəm ki, qəhrəmanımı həmişə iş başında, hünər meydanında 
görürəm. 
Əbdüləzim əmi ilə kənddən çıxıb üzüyuxarı Avey dağına tərəf gedəndə, o, 
yolun yarısında dayandı. Əlini irəli uzadıb dağın sol yamacını göstərdi. 
- O yeri görürsünüzmü, - dedi, - 1953-cü ilə kimi bizim kənd orada 
yerləşirdi. 1942-çi ilin dekabrında Səməd yenə bizim kəndə gəlmişdi. Qocalarla 
görüşüb aşağı arx qırağına köçmə haqqında məsləhətləşdi. 
- Orada, aşağıda, - dedi, - siz daha xoş güzəran keçirərsiniz, bura dəmyədir
heç nə bitmir, tarlalardan da uzaqdır, camaat işə gedib-gələndə əziyyət çəkir. Sizin 
gələcək xoş güzəranınızı mən indidən görürəm. Bir neçə gündən sonra “Daş 
Salahlı yoldaşlara” şeri çap olunub, dillər əzbəri oldu. 


Kəndi biz ancaq müharibədən sonra aşağıya köçürə bildik. Həmişə 
görüşəndə deyərdi: 
- A Gödək, çalışın camaat yaxşı dolansın, yaxşı evlər tikin, qoy bu evlərdə 
hər cür avadanlıq olsun. Axı, hökumətimiz xalq hökumətidir. 
Günəş günorta yerinə qalxmışdı. Biz Aveyin kiçik bir  yoxuşunu qalxıb 
məşhur Damcılı bulağına çatdıq. Bura geniş, yamyaşıl, gül-çiçəkli bir dərədir. 
Yamaclarında qoyun süruləri və mal-qara bəslənir. Xəfif bir yel əsdi. Döşləri xalı 
kimi bəzəmiş gül-çiçəyin saf havasından ləzzətlə udduq. Yuxarıda qorxunç 
sıldırımlı Avey dağı baş-başa verib, göylərə yüksələn bu qayadan damcı-damcı 
şəffaf su axır. 
- Son dəfə Səmədlə burda görüşdük, - deyə, kövrək səslə Əbdüləzim əmi 
sözünə davam edir. - O, Azərbaycan Dövlət Dram Teatrının aktyor heyətilə  
gəlmişdi. Onda “Vaqif”, ilk dəfə Qazaxda səhnəyə qoyuldu. Bax, bu şəkillər də o 
günün yadigarıdır. - Cibindən bu bulağın başında çəkilmiş iki şəkil çıxarıb mənə 
göstərdi - Yadımdadır, həmin günü Səməd mənə dedi: -  A Gödək, bu bulağın 
yaranma tarixini bilirsənmi? 
Mən: 
- Yox, - dedim, -  heç maraqlanmamışam. 
O ərklə məni danladı: 
- Ayə, - dedi, - birdən uzaqlardan qonaq-zad gələr, soruşar, bilməzsən, köz 
kimi qızarma, deyim eşit və yadında saxla. 
Səməd qartal baxışlarını bulağa zilləyib sonra yavaş-yavaş dağın zirvəsinə 
doğru qaldırdı. Aramla, həm də kədərlə: 
- Bizdən çox-çox qabaqlar, - dedi, - hələ bu daşsalahlılar daş silah 
gəzdirəndə, bir oğlan bir qıza aşiq olur. Oğlan kasıb olduğundan varlı ata-ana 
qızını ona verməyə razı olmur. Yoxsul oğlan dəli-divanə olub özünü bu qayadan 
atıb ölür. Qız hər gün gəlib bu qayanın başında göz yaşı tökür. Lakin heç kəsə ərə 
getmir. Məhəbbət oduna yana-yana o da dünyadan köcür. Onların nakam 
məhəbbətinə o vaxtdan bu qaya, bu dağ ağlayır. - Səmədin danışdığı əhvalat 
hamını əfsunlamışdı. Bir müddət heç kəs dinmədi. O əlini çiynimə qoyub: 
- A Gödək, sən şair balasısan, gərək əsrlərin, zamanın ürəyindən qopub 
gələn bu faciəni yaxşı yadında saxlayasan, - dedi. - Hər nəsil, hər xalq, hər oğul 
gərək belə əfsanələri müqəddəsləşdirib zaman-zaman yaşatsın. 
Biz geri qayıdırdıq, əsrləri yola salmış Avey dağı da, Damcılı bulağı da, 
yaşıl məxmərli geniş dərə də arxada qalırdı. Əbdüləzim əmi dodaqaltı zümzümə 
edə-edə kədərli səslə Vurğunun  “Dağlar”ını oxuyurdu. 
 
Qayaları baş-başadır, 
Güneyləri tamaşadır. 
Gödək ömrü çox yaşadır,  
Canım dağlar, gözüm dağlar! 
1975 
 
 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə