Sima İsmayilova biblioqrafiyaşünaslıq kafedrasının baş müəllimi



Yüklə 402,17 Kb.
Pdf görüntüsü
tarix17.11.2018
ölçüsü402,17 Kb.
#80070


Sima İSMAYILOVA 

Biblioqrafiyaşünaslıq kafedrasının baş müəllimi 

 

MÜSTƏQİLLİK İLLƏRİNDƏ  FOLKLORŞÜNASLIQ 



BİBLİOQRAFİK  MƏNBƏLƏRDƏ 

 

Xalqın yaratdığı şifahi   yaradıcılıq  nümunələri   geniş   və  çoxcəhətlidir.   Bu 



bədii  yaradıcılıqda   xalq  həyatının,   mənəviyyatının   müxtəlif  cəhətləri   bədii 

şəkildə   əks  olunmuşdur.   Ağızda  yaranan,   kollektivin  köməyi  ilə   cilalanan 

variantlarda   yayılan   nəğmə,  nağıl,  dastanlarımızla  yanaşı,   bədii  təfəkkürün 

erkən mərhələləri   ilə bağlı   törəyən   inanc,   fal,   alqış, öyüd,   təsəlli, məsəl və 

b.  nümunələr   də  çox   əski   çağlardan   mövcud  olmuşdur.   Bədii  təfəkkürün 

bütün  bu hikmət dünyası-ağız  ədəbiyyatı,  xalq yaradıcılığı  və yaxud  folklor 

adlandırılmışdır. 

Yazıya  qədərki   bu  ədəbiyyatın    yaranmasından,    onun    növ,  janr    və forma 

xüsusiyyətlərindən,  nəzəri   qayda   və  qanunlarından   bəhs  edən  elm   sahəsinə 

folklorşünaslıq  deyilir. 

Folklorşünaslıq  nisbətən  cavan  elm  sahəsidir.  Onun    meydana  gəlməsi 

XIX  əsrin  ortalarına təsadüf  edir.  Hər bir xalq milli  folklorunu  araşdırmaqla 

özlərinə   məxsus milli   mədəniyyət   tarixini,   soy kökünü, yaranmasını,   başqa 

xalqların  mədəniyyəti  içərisində   özünəməxsusluğunu  müəyyənləşdirməyi 

qarşıya  məqsəd qoymuşdur. 

Ayrı-ayrı   tədqiqatlarda   XIX  əsrdə  yarandığı  göstərilən Azərbaycan 

folklorşünaslıq  məktəbi   əslində   XX  əsrin   əvvəllərində   formalaşmışdır.   XX 

əsrə  qədərki  mərhələ  isə  milli   folklorşünaslığın   toplanma   və  nəşrinin 

başlanğıc 

mərhələsi   olmuşdur.   Xalqımızın   uzun   əsrlər 

boyu    yaratdığı, 

yaddaşlarda  yaşayıb   zaman-zaman   müxtəlif   variantlara   saldığı,  yaşadıqca 

cilalanıb  gözəlləşən  və yüksək mənəvi- əxlaqi  dəyərlərə  malik zəngin  şifahi 

sərvəti  vardır.  Bu  sərvət   qədim  dövrlərdən   yaranmağa   başlamış,   müxtəlif 

ictimai  formasiyalara  yoldaş  olmuş,  ayrı-ayrı  dünyagörüş   və  təriqətlərlə 

təmasda olub bu günümüzə  gəlib çatmışdır. 

1991-ci  ildə 

Azərbaycan  müstəqillik 

əldə 

etdikdən  sonra, 



ədəbiyyatşünaslığın   digər   sahələri   kimi   Azərbaycan   folklorşünaslıq   elmi 

yenidən  tədqiq  olunmağa  başlandı. 

Müstəqilliyin   daimi   və əbədi  olduğunu   elan   edən   Azərbaycan  xalqı   bu 

yolla  əzəmətli  addımlarla  addımladığı  kimi,  öz  milli  mədəniyyətini, 

ədəbiyyat   və   incəsənətini   özünün   erkən   milli   mənəvi   dəyərlərini   daha 

ardıcıl   olaraq   dünya   elmi,   ictimai   fikrinə   təqdim  edir.  XX  əsrin   sonunda 

belə böyük   tədbirlərdən  biri  məhz «Kitabi-Dədə Qorqud»la  bağlı oldu. 

 

 



 

132 



1997-ci ilin   aprelin  20-də   «Kitabi-Dədə  Qorqud»un   1300  illik  yubileyinin 

keçirilməsi 

barədə 

sərəncam  imzalandı. 



Bu  sərəncam  «Kitabi-Dədə 

Qorqud»un   və  eləcə  də   milli   şifahi   sərvətimizin   öyrənilməsi   sahəsində 

mühüm  tarixi   sənəd  oldu.  «Kitabi-Dədə  Qorqud»un  dünya miqyasında 

tanınmasında   2000-ci  il  aprelin   1-də   keçirilən   yubileyin   türk  xalqlarının 

böyük   ənənəvi   bayramına  çevrilməsində   eposla   bağlı  YUNESKO  xətti  ilə 

tədbirlərin  həyata  keçirilməsində  bu sərəncamın  böyük  rolu oldu. 

Yubiley ərəfəsində   «Kitabi-Dədə Qorqud»la bağlı  onlarla   dəyərli   əsərlər 

nəşr 


edildi.   Tanınmış 

Qorqudşünaslardan 

Şamil  Cəmşidovun,    Flora 

Əlimirzəyevanın,  Nizami  Cəfərovun,  Kamal  Abdullanın,  Oruc  Əliyevin, 

Bəhlul   Abdullanın, Xalid   Əlimirzəyevin monoqrafiyaları  işıq   üzü  gördü. 

«Kitabi-Dədə  Qorqud»un   Universitetdə   tədqiqi»  adlı   biblioqrafik   göstərici 

tərtib olunmuşdur   ( Tərtib  edənlər: Ş.Tahirqızı, S.Sadıqova). 

XX  əsrin  sonu  folklorşünaslığın  yeni  mərhələyə  yüksəlişi  folklor 

tədqiqatçılarının  daha  aktual   problemlərin  ön plana  çəkilməsi, yeni  folklor 

mərkəzlərinin,  elmi-tədqiqat  laboratoriyalarının  yaranması,  milli   kökə 

güclü   qayıdışla   bağlı  olmuşdur.   1989-cu   ildə  BDU-da   Folklor   kafedrası 

yaradıldı.   Folklorşünaslığın   inkişafında,  gənc   kadrların   yetişməsində,  yeni- 

yeni  toplama  və tədqiqat  işlərinin  aparılmasında  Folklor  kafedrası  mühüm 

rol oynayır. 

Azərbaycan  Dövlət Pedaqoji  Universitetində açılması,  ədəbiyyatşünas alim, 

AMEA-nın 

müxbir   üzvü   Y.Qarayevin    təşəbbüsü   ilə 

Nizami 


adına 

Ədəbiyyat  İnstitutu  nəzdində  Folklor  mərkəzinin  fəaliyyətə  başlaması 

respublikada  folklor  və folklorşünaslıq  məsələlərinin öyrənilməsinə   diqqətin 

artırılmasına  səbəb   oldu.  AMEA-nın   Nizami   adına  Ədəbiyyat   İnstitutunda 

«Şifahi  xalq ədəbiyyatına  dair  tədqiqlər», BDU-nun Folklor kafedrasında çap 

olunan 


«Folklorşünaslıq 

məsələləri»  məcmuələri 

folklor 

  irsinin 

öyrənilməsinə  mühüm kömək  oldu.  Folklor işinə  kömək  göstərən  radioda 

«Bulaq»  verilişlərinin  genişlənməsi,  burada  xüsusi 

şöbənin  açılması, 

respublika   televiziyasında    «Xalq    yaradıcılığı»   baş  redaksiyasının   (1999) 

yaradılması  bu sahədə  mühüm  hadisələr  idi. 

Müasir   Azərbaycan   filoloji   fikrinin   tanınmış 

nümayəndələrindən    olan 

Nizami  Xudiyevin  milli  folklorumuzun  toplanma və təbliğinə,  qızıl fondlara 

salınıb   gələcək  nəsillər  üçün   qorunub   saxlanılmasında   çox  böyük   xidməti 

oldu.  O,  Azərbaycan  şifahi  dili,  onun  müxtəlif  dövrlərdəki  inkişaf 

xüsusiyyətləri,  mif,   nağıl,  epos   düşüncəsi,  onların   qarşılıqlı   əlaqəsi,   türkün 

tarixi  taleyi, bu gün   yaşadığı  ərazidə    məskunlaşma məsələləri kimi  mühüm 

problemləri  son illərdə  araşdırmalara  cəlb etmişdir. 

Azərbaycan folklorşünaslarının  yeni nəslinə   mənsub olan  Ramazan Qafarlı 

son  illərdə   elmi-  pedaqoji   fəaliyyətini  nəzəri  və   təcrübi   aspektdə   davam 

etdirir.  O, ən az   işlənmiş  sahə  olan uşaq  folkloru,  mifologiya, nağıl, əfsanə, 

 

 

133 




lətifə,  atalar  sözü,  xalq  dramı,  mərasim  və  müsiqi  folkloru   üzərində 

tədqiqat 

aparır.   R.Qafarlı   «Mif   və   nağıl»   monoqrafiyasını 

xalq    şairi 

B.Vahabzadə  «Kökümüzə  gedən  yolu  tikanlardan   təmizləyən»   tədqiqat   işi 

adlandırmışdır. 

Son illərdə   milli   özünəqayıdışla 

bağlı   folklorun   öyrənilməsinə   diqqət 

artmışdır. 

Aşıq   poeziyasının,   xüsusən   Mola  Cümə   irsinin 

toplanmasına     böyük 

əmək  sərf  edən,  şifahi  yaradıcılığın  ən   aktual    məsələlərini    nəzəri 

tədqiqatlara   cəlb  edən   peşəkar   folklor   nəzəriyyəçisi   Paşa   Əfəndiyevdir. 

Onun  «Azərbaycan   folklorşünaslığı   tarixi»  əsəri   mühüm  tədqiqat   əsəridir. 

«S.Vurğun  və  xalq  ədəbiyyatı»,  «C.Cabbarlı    və  xalq  ədəbiyyatı»,  «Koroğlu 

dastanının 

ilk   qaynaqları»   barədəki 

dəyərli 


mülahizələr   məhz 

ona 


məxsusdur.   Bundan  başqa  professor  Paşa  Əfəndiyevin  «Xalqın   söz 

xəzinəsi»,  «Azərbaycan   şifahi   xalq   ədəbiyyatı»  və   həmin   dərsliyin   yeni 

nəşri 1992-ci ildə  çapdan  çıxmışdır. 

Folklorşünaslıq   sahəsində   dərin  elmi  məntiqə,   geniş   dünyagörüşə   malik, 

publisistika   sahəsində   bir  sıra   dəyərli   əsərlərin 

müəllifi   professor   Azad 

Nəbiyevin   xidmətləri   böyükdür.  «Azərbaycan   xalq  ədəbiyyatı»  (2002)  əsəri 

onun   uzun   tədqiqat   fəaliyyətinin  davamıdır.  A.Nəbiyevin  müxtəlif   illərdə 

çap   etdirdiyi   «Novruz   bayramı»,  «İlaxır   çərşənbələr»,  «İlin   əziz günləri», 

«Qatır  Məmməd»,  «Azərbaycan   uşaq   folkloru»  (2000)  və  b.  kitabları   nəşr 

olunmuşdur. 

Azad Nəbiyevin  «Turan» nəşrlər  evində  2002-ci ildə  678 səhifədən   ibarət 

çap  olunmuş «Azərbaycan xalq ədəbiyyatı: Ali məktəblər üçün  dərslik: 

hissə»  kitabı   xüsusi   əhəmiyyət   kəsb  edir.  Müstəqillik  illərində  Azərbaycan 



folklorşünaslığı   daha da   inkişaf edir və bu   sahədə   nəşr  olunmuş    əsərlərin 

sayı   durmadan   artır.  Şifahi   xalq  ədəbiyyatı    nümunələri    dövri    mətbuat 

səhifələrində  də dərc  olunur. Təqdirəlayiq  haldır ki,  çağdaş Azərbaycan  ağız 

ədəbiyyatı   sistem   şəklində   toplanıb,   tədqiq və çap   edilməkdədir. Bir  sözlə 

Azərbaycan   folklor   xəzinəsi  günü-gündən   zənginləşməkdədir.  Bu  xəzinəyə 

müraciət  edənlər və ondan    istifadə edənlərin, bəhrələnənlərin  sayı durmadan 

artır.  Odur  ki,  mütəxəssislərin,  alimlərin,  aspirantların   və  digər   informasiya 

istifadəçilərinin   folklor   və folklorşünaslıq ədəbiyyatından  səmərəli  istifadə 

etmələri  üçün   biblioqrafik  informasiya  mənbələrinin  rolu  böyükdür. 

Bir  sıra  universal  xarakterli 

göstəricilərdə  folklor  və  folklorşünaslıq 

ədəbiyyatı  qismən  əks olunmuşdur. Məsələn,  1780-1920-ci illəri  əhatə  edən 

«Azərbaycan kitabı»nın  birinci cildində  toplanan 1329 adda  mənbədən  92-si 

folklor  ədəbiyyatıdır  (3).  1920-1940-cı  illərdə  çap  olunan  və  humanitar 

mənbələri   əks etdirən  «Azərbaycan   kitabı»nın   2-ci cildinin   I   kitabında   da 

65 adda folklor   və folklorşünaslıq ədəbiyyatı   haqqında   məlumat  verilmişdir 

(4).  Bundan  başqa  folklor  və  folklorşünaslıq  ədəbiyyatı  «Azərbaycan 

 

 



134 


jurnalının  biblioqrafiyası»  (1920-1972)  biblioqrafik  vəsaitində   «Azərbaycan 

ədəbiyyatı»  bölməsində   «Folklor,   şifahi  xalq  ədəbiyyatı   nümunələri»  yarım 

bölməsində  8   mənbə,   «Aşıq   şeirləri»   yarım  bölməsində 

isə   85   mənbə 

haqqında  biblioqrafik  informasiya  verilir (2). 

Azərbaycanda  folklorşünaslığın   inkişafı, problemlərin   öyrənilməsi   və  həlli 

kitabsız   və  kitabxanasız  mümkün deyildir.  Biblioqrafiyanın 

  vasitəçilik 

funksiyasını  yerinə  yetirməyə  kömək  edən   ən  mühüm   vasitə   biblioqrafik 

informasiyadır.  Yalnız   biblioqrafik   informasiya   sənəd  kütləsini  hərtərəfli 

araşdırır, onların  daha   mühüm  nümunələrindən   istifadə  olunmasına   kömək 

edir.  Bu  işdə   informasiya  orqanları  kimi   kitabxanaların 

 rolu  əvəz 

edilməzdir.  Professor  A.Xələfov    yazır  ki,  «Müasir    cəmiyyətdə    hər    cür 

informasiyanı  cəmiyyət  üzvləri  arasında  yaymağa  qarşısına  məqsəd  qoyan, 

informasiya   resurslarını   toplayıb   saxlayan,  onu   əsrdən-əsrə,  nəsildən-nəslə 

ötürən  informasiya  daşıyıcısı    kimi    fəaliyyət  göstərən  informasiya 

mütəxəssislərinin  ən mühüm  vəzifəsi  kitabxana  sistemləridir» (7). 

Müasir  informasiyalaşmış  cəmiyyətdə,  Azərbaycan  Respublikasının  tam 

müstəqillik  əldə  etdiyi  bir  şəraitdə  kitabxanaların   informasiya  vermək 

funksiyası   daha  böyük   əhəmiyyət  kəsb  edir  və  bu  «Kitabxana  işi  haqqında» 

Azərbaycan  Respublikasının  Qanununda  da  öz  real   ifadəsini  tapmışdır: 

«Kitabxana-elm,  informasiya,  mədəniyyət,  təhsil  və   tərbiyə   müəssisəsi  kimi 

çap  əsərlərini  və  digər  informasiya  daşıyıcılarını  toplayıb  mühafizə  edən, 

onların   sistemli  ictimai  istifadəsini  təşkil   edən,   cəmiyyətin  intellektual   və 

mənəvi  potensialının  inkişafına  xidmət  göstərən  sosial  institutdur» (1). 

Zəngin  Azərbaycan   folklorşünaslığı   məzmunlu   ilkin  mənbələr   haqqında 

biblioqrafik 

informasiya 

olmadan,   həmin   mənbələrdən 

informasiya 

istifadəçilərinin  səmərəli  istifadə  etmələri  mümkün  deyil. 

Folklorşünaslıq  üzrə  biblioqrafik  informasiyanın  formalaşdırılması  və 

ehtiyacı  olanlara   çatdırılması  vasitələri  onun təsbit  olunduğu  mənbələrdir. 

Biblioqrafik   mənbələr   müxtəlif   əlamətlərə  görə   təsnifləşdirilir-  funksiya 

istiqamətinə   və   xronoloji 

əlamətə,   oxucu 

və   məqsəd 

istiqamətinə, 

biblioqrafiyalaşdırma  obyektinin  məzmununa görə. 

Məlumdur  ki,    folklorşünaslığa    dair 

materiallar 

ümumi  xarakterli 

retrospektiv  və  cari  xarakterli 

mənbələrdə  öz  əksini 

tapmışdır.  Çox 

təəssüf ki, müstəqillik illərində  folklorşünaslığa   dair  çox saylı  sənəd  kütləsi 

mövcud  olsa da  biblioqrafik  informasiya  mənbələri   olduqca  azdır. 

Respublikamızda  milli  çap  əsərlərinin    qeydə  alınmasında  və  onların 

haqqında   dolğun,   dəqiq 

 və   operativ 

cari    biblioqrafik  

informasiya 

verilməsində, 

milli     cari   biblioqrafiyanın  

 təşkilində 

və    inkişafında 

Azərbaycan  Dövlət    Kitab  Palatası  ümumi  

biblioqrafiyanın  

mərkəzi 


olmuşdur. 

 

 



 

135 



1980-cı  illərin 

 sonlarından  Kitab 

Palatasının 

fəaliyyəti  xeyli 

məhdudlaşdığından  və  1999-cu  ildə  Milli  Məclis  tərəfindən  qəbul  edilən 

«Kitabxana  işi  haqqında»  Azərbaycan  Respublikasının  Qanunu   ilə   ölkə 

ərazisində   dərc   olunan  çap məhsullarının   dövlət  uçotunu   aparmaq   və 

arxiv   fondunu   yaratmaq   Milli  Kitabxanaya   həvalə   olunduğundan 

bu  iş 

dayandırılmışdır. 



2004-cü ildə   M.F.Axundov   adına  Dövlət  Kitabxanasına  «Milli  Kitabxana» 

statusu   verildikdən  sonra   milli   biblioqrafiya 

vəsaitlərinin 

nəşri      bərpa 

olundu və  1990-cu ilə  aid  ilk  buraxılış  2005-ci  ildə  işıq  üzü gördü. 

«Birillik  Azərbaycan   Kitabiyyatı»nın   2003-cü   ilə   aid   buraxılışı   2007-ci 

ildə çap  edilmişdir. Biblioqrafik vəsaitdə  materiallar elm sahələri  üzrə  dövlət 

biblioqrafiyası   orqanlarında   tətbiq   edilən   dövlət  təsnifat   sistemi   əsasında 

təsnifləşdirilmişdir. 

Bölmələr daxilində  əvvəlcə  Azərbaycan  dilində  olan, sonra isə rus  dilində 

olan  materiallar   qruplaşdırılmışdır.  Hər  bir   bölmə  və  yarım  bölmə   daxilində 

əlifba  prinsipi  gözlənilmişdir. 

Folklor və  folklorşünaslığa  dair  materiallar  vəsaitin  «Ədəbiyyatşünaslıq»  və 

«Azərbaycan ədəbiyyatı»  bölməsində verilmişdir. 

Paşayev Q. Kərkük  folklorunun   janrları.- B.: Elm, 2003.-  315 s. 

və   ya   «Azərbaycan   ədəbiyyatı»   bölməsində: 

Azərbaycan 

folkloru 

antologiyası:  Ağbaba  folkloru/  AMEA,  Dədə  Qorqud    ad.  Folklor   elmi- 

mədəni  mərkəzi.-  B.:  Səda,  2003.-  VII  kitab.-  476  s.  Biblioqrafik  vəsaitin 

sonunda  tələbatçıların  ondan  istifadəsini  asanlaşdırmaq  məqsədilə   köməkçi 

aparat-  həm  Azərbaycan  və  həm  də  rus  dillərində 

müəlliflərin   əlifba 

göstəricisi  və  vəsaitdə   sərlövhə  üzrə  təsvir olunmuş  əsərlərin  sərlövhəsinin 

əlifba  göstəricisi  verilmişdir (6). 

Müstəqillik  illərində  nəşr  edilmiş 

biblioqrafik 

mənbələr  içərisində 

M.F.Axundov   adına   Milli  Kitabxana   tərəfindən   2006-cı  ildən   çap   edilən 

«Yeni kitablar» (11) adlı  annotasiyalı  biblioqrafik  göstəricidir.    Biblioqrafik 

informasiya   vəsaitini   hazırlamaqda  məqsəd  tələbatçıları    Milli  Kitabxanaya 

daxil olan  yeni ədəbiyyatla  tanış etməkdir. 

Annotasiyalı   biblioqrafik  göstəricidə  2006-cı  ildə  Milli  kitabxanaya   daxil 

olmuş  1042  adda  ədəbiyyatın  37-si  folklor    və  folklorşünaslığa  aiddir. 

Göstəricidə  əks  olunan  bölmələr  daxilində  əvvəlcə  Azərbaycan  dilində, 

sonra rus  və xarici  dillərdə  materiallar  əlifba  sırası ilə  düzülmüşdür. 

Biblioqrafik   göstəricidə 

Azərbaycan   folklorşünaslığına 

həsr   edilmiş 

nümunələrə  nəzər  yetirək: 

Azərbaycan dastanları: 5 cilddə / tərt. ed. Ə.Axundov, M.H.Təhmasib; Red. 

H.Araslı; AMEA Folklor İnstitutu.- B.: Çıraq, 2005.- 424 s. 

Azərbaycan  şifahi  xalq ədəbiyyatının  ən maraqlı  və rəngarəng  mövzularla 

zəngin   janrlarından   olan   dastanlarda   elin həyat və mübarizəsi, xalqın duyğu 

 

 

136 




və düşüncələri, istək və arzuları əlvan   çalarlarıyla  öz  tərənnümünü tapmışdır. 

və  ya:  Azərbaycan  folkloru  antologiyası:  İrəvan    çuxuru  folkloru/  Topl.  tərt. 

ed.,  ön  sözün,  qeyd  və   izahların   müəl.  H.İsmayılov,  Ə.Ələkbərli;  Red. 

İ.Abbaslı; Rəy. T.Bünyadov, Q.Namazov; AMEA Folklor İnstitutu.- B.: Səda, 

2004.- 471  s. 

Biblioqrafik vəsaitdən  istifadəni   asanlaşdırmaq  məqsədilə   Azərbaycan,  rus, 

türk  və  xarici  dillərdə  müəlliflərin 

və  sərlövhələrin  əlifba    göstəricisi 

verilmişdir. 

Müasir  mərhələdə  biblioqrafiya  sosial-iqtisadi  inkişafın  ən  mühüm 

cəhətlərini   əks etdirir və   bununla   da elmin, mədəniyyətin və istehsalın bütün 

sahələrinin  biblioqrafik   informasiya  ilə  təminatına  şərait  yaradır. 

Azərbaycan  Milli  EA  Mərkəzi  Elmi  Kitabxanasının  çap  etdirdiyi  cari 

biblioqrafik   vəsaitləri   fonda   daxil  olan   yeni  ədəbiyyat  haqqında   məlumat 

vermək  məqsədi   güdür.  Ölkə kitablarını   əks etdirən   biblioqrafik   siyahılarda 

məzmuna görə   bölgü   prinsipi   əsas götürülür.   Bu da tələbatçıya   imkan verir 

ki,  istifadə  etdiyi   bu  vəsaitdə   maraqlandığı   sahə  üzrə   ədəbiyyat  haqqında 

tezliklə  informasiya  ala bilsin. 

Filologiya   elmləri   başlığı  altında   ədəbiyyatşünaslığın   digər  sahələri   kimi 

folklor  və folklorşünaslığa  aid olan  materiallar  müəlliflərin  əlifba   sırası  ilə 

qruplaşdırılmışdır.   Cari  biblioqrafik   informasiya  vermək   funksiyasını  yerinə 

yetirən  bu  vəsaitdə  folklorşünaslığın  müxtəlif  məsələlərinə  həsr    edilmiş 

materiallar əhatə  edilmişdir. Məsələn: 

Aşıq  Ələsgər:  Şerilər,  dastan-rəvayətlər,  xatirələr/  tərt.  ed.:  İ.Ələsgər.-  Bakı: 

Çinar-Çap.  2003.-  496  s.  və  ya:  Azərbaycan  folkloru   antologiyası.  VI  kitab: 

Şəki  folkloru.  II  cild/   Nizami   adına  Ədəbiyyat  İnstitutu:  Red.:  Y.Qarayev.- 

Bakı: Səda,  2002.- 491 s. 

Biblioqrafik vəsaitdə   folklorşünaslığa   dair   materiallar   içərisində   «Kitabi- 

Dədə Qorqud»la bağlı  ədəbiyyat  üstünlük təşkil  edir: 

Bəhlul Abdulla «Kitabi-Dədə Qorqud»un poetikası.- Bakı: Elm, 1999.- 228 s. 

Ümumilikdə   bu   bölmə 

daxilində 

biblioqrafik   təsviri   verilmiş   252 

ədəbiyyatdan  folklorşünaslıq məsələlərinə  həsr edilən 16 ədəbiyyatın  təsviri 

verilmişdir (9). 

Biblioqrafik  informasiya    bülletenində    materiallar    kitabxana-biblioqrafiya 

təsnifatı    əsasında    elmlər  və    daxili  əlifba  üzrə,  Şərq  dillərində    isə  ölkələr 

üzrə qruplaşdırılmışdır. 

Cari   xarakterli 

biblioqrafik 

informasiya 

mənbələri 

kimi,    ümumi 

yekunlaşdırıcı   retrospektiv 

biblioqrafik    informasiya  mənbələri  silsiləsində 

Azərbaycan dövrü   mətbuatına   dair   biblioqrafik   göstəricilər   də mühüm   yer 

tutur. 

Retrospektiv  elmi-köməkçi   xarakterli  vəsaitlərdən   də  dövri  və  ardı  davam 



edən nəşrlərin tərkib və məzmununu açan  biblioqrafik göstəricilərdir. 

 

 



137 


Müstəqillik illərində  tərtib edilən  ən zəngin   vəsaitlərdən biri «Azərbaycan- 

80» adlı   biblioqrafik   göstəricidir. 80 illik bir dövrü əhatə edən   (1923-2003) 

bu  biblioqrafik   vəsait  «Azərbaycan»  jurnalının  80  illik  yubileyi   ilə  əlaqədar 

olaraq 


tərtib   olunub,   2004-cü   ildə   «Çinar-çap»   nəşriyyatında 

çap 


olunmuşdur (5). 

«Azərbaycan-80»  adlı   biblioqrafik   göstərici   çox   zəngin   bir  dövrü   əhatə 

etməklə  ayrı-ayrı  məqalələrin  məzmununu  müxtəlif    istiqamətlərdən  açır, 

məqalələrin  analitik  təsvirini  verməklə  biblioqrafik  axtarışı  asanlaşdırır. 

Universal   məzmuna   malik  bu  biblioqrafik   göstəricinin   18  bölməsindən  5 

bölməsi  Azərbaycan  ədəbiyyatı,  folklorşünaslıq  və  ədəbi-tənqidi  materiallara 

həsr edilmişdir. 

Biblioqrafik göstəricinin: 

II Azərbaycan ədəbiyyatı haqqında bölməsinin- 

1.  Folklorşünaslıq   yarımbölməsində-əvvəlcə  ümumi   xarakterli   materiallar, 

daha  sonra əlifba  qaydası   ilə   ayrı-ayrı  müəlliflər  və  onların  əsərləri    daxili 

xronologiya  ilə qruplaşdırılmışdır. Məsələn: 

Folklor:  problemlər.  Mülahizələr.  (Müzakirədə  iştirak  etdi:  Vaqif  Vəliyev, 

Azad Nəbiyev, Arif Məmmədov) // 1990.- № 9.- s. 182-189. 

və ya Ölməz abidə (Kitabi-Dədə Qorqud-1300) // 1999.- s. 3-4. 

Biblioqrafik  vəsaitdə  ümumi  xarakterli 

materiallardan 

sonra,    görkəmli 

folklorşünasların,  ayrı-ayrı   müəlliflərin   folklora,   şifahi   xalq  ədəbiyyatına, 

aşıq  ədəbiyyatına  və  aşıq   yaradıcılığına   dair  materiallar  müəlliflərin   əlifba 

qaydası  ilə daxildə isə məqalələrin  xronologiyası  üzrə  sistemləşdirilmişdir. 

Materialları  əhatə   etməsinə  görə  universal   xarakterli  olan   bu  biblioqrafik 

göstərici  bütün tədqiqatçılar  üçün,  xüsusilə ədəbiyyatşünaslıq materialları  ilə 

maraqlanan  tələbatçılar  üçün qiymətli  bir mənbədir. 

Müstəqillik  illərində  nəşr  edilən  və   folklorşünaslığa  dair,   xüsusilə  folklor 

ədəbiyyat  içərisində  öz  zənginliyi  ilə  fərqlənən,  mənəvi  sərvətimiz  olan 

«Kitabi-Dədə  Qorqud»a  həsr  edilən  biblioqrafik 

göstəricidir.    Göstərici 

MEA-nın Əlyazmalar İnstitutu tərəfindən   2000-ci ildə   tarix   elmləri namizədi 

Aydın Xəlilovun tərtibi  ilə işıq  üzü  görmüşdür (7). 

Azərbaycan  xalqının  zəngin  tarix  və  mədəniyyət  xəzinəsi  olan  «Kitabi- 

Dədə  Qorqud»un   mətninin   nəşrləri  və  onun   haqqında   mövcud  materiallar 

tam  şəkildə  təsvir  edilərək  biblioqrafiyaya  daxil  edilmişdir.  Biblioqrafik 

göstəriciyə   daxil edilmiş   mənbələr   dil əlamətinə   görə bölmələrə ayrılmışdır. 

Hər  bölmə  daxilində 

 «Kitabi-Dədə   Qorqud»un   nəşrləri»   ,   «Kitabi-Dədə 

Qorqud haqqında ədəbiyyat» və   «Kitabi-Dədə Qorqud bədii ədəbiyyatda» adlı 

yarımbölmələr 

əhatə  edilmişdir.  Hər  yarımbölmə  daxilində  materiallar 

müəlliflərin  əlifbası ilə  qruplaşdırılmışdır. 

«Kitabi-Dədə Qorqud» dastanının   1300 illik yubileyi   ilə əlaqədar   olan   bu 

biblioqrafik 

göstəricidə 

çox  zəngin 

materialların  əks  olunmasına 

 

 



138 


baxmayaraq  hər  bir    mənbənin    sıralanmaması  və  köməkçi    aparatla    təchiz 

edilməməsi   təəssüf   hissi  doğurur.   Buna  baxmayaraq   Azərbaycan,  türk  və 

türk  xalqlarının  dillərində,  rus  dilində,  digər  xarici  ölkə   dillərində   olan 

materialları  əhatə  etdiyinə   görə   bu  qiymətli   informasiya   mənbəyi   dəyərli 

bir vəsait kimi  folklorşünaslığın  informasiya  təminatında  mühüm  əhəmiyyət 

kəsb edir. 

Müstəqillik 

dövründə   

Azərbaycan  ədəbiyyatının 

görkəmli 

nümayəndələrinə,  elm  xadimlərinə,  şair  və   yazıçılarına   həsr   edilən   şəxsi 

biblioqrafik   informasiya 

mənbələrində 

 folklorşünaslıq   məsələlərinə   dair 

materiallar   işıqlandırılmışdır.  Bu  qəbildən  olan   vəsaitlər   içərisində   2004-cü 

ildə   Şəhla  Tahirqızı  tərəfindən   tərtib   edilmiş  «Nizami  Cəfərov»  biblioqrafik 

məlumat   kitabı    diqqəti   cəlb   edir   (10).   Biblioqrafik   məlumat   kitabında 

Əməkdar   elm  xadimi,  professor  Nizami  Cəfərovun   Ədəbiyyatşünaslığın   və 

dilçiliyin  məsələləri  ilə   əlaqədar   477  adda   mənbənin   biblioqrafik  təsviri 

verilmişdir. 

Bu mənbələr içərisində  folklor və folklorşünaslıq  məsələlərinə  həsr edilmiş 

kitabları, məqalələri,  məruzələri öz əksini  tapmışdır. Məsələn: 

Eposdan kitaba (monoqrafiya)  Ön   söz:  Azad  Nəbiyev.-  B.:  Maarif, 1999.- 

220  s.  Kitabın  içindəkilər:  Giriş;  I  fəsil:  Qədim  türk  eposundan  qədim    türk 

yazılı abidələrinə; II fəsil: «Dədə Qorqud» eposundan «Kitabi-Dədə Qorqud»a; 

III fəsil: «Koroğlu»dan  xalq kitabına; Nəticə. 

və  yaxud:  «Kitabi-Dədə  Qoruqud»da  islama  keçidin  poetikası.  B.:  Elm, 

1999.-   544 s. 

Azərbaycan  ədəbiyyatşünaslığının  mühüm 

bir  istiqamətini    təşkil  edən 

folklor  və  folklorşünaslığın  biblioqrafik   informasiya  mənbələri  müstəqil 

tədqiqat   obyekti 

olmadığından  folklor    ədəbiyyatını  özündə   əks  etdirən 

sahəvi 


biblioqrafik  vəsaitin   olmaması  təəssüf  doğurur.  Ümid  edirik  ki, 

Azərbaycan   ədəbiyyatı   tarixini,   şifahi     xalq   ədəbiyyatını,  ümumilikdə 

folklorşünaslıq  məsələlərini  işıqlandıran  biblioqrafik   informasiya   mənbələri 

yaradılacaqdır. 

 

 

 



ƏDƏBİYYAT 

 

1.   «Kitabxana   işi   haqqında»   Azərbaycan   Respublikasının 



Qanunu// 

Kitabxanaşünaslıq  və  Biblioqrafiya:  elmi-nəzəri  və  təcrübi   jurnal.-  1999.-  № 

1.- s. 3-16. 

2.  «Azərbaycan»  jurnalının   biblioqrafik  göstəricisi.  (1920-1972)/  Tərt.  ed.: 

R.Tağıyev. B.: Elm, 1973.- 600 s. 

3.  Azərbaycan  kitabı:  3  cilddə.  I  c.  (1780-1920)/  tərt.  ed.:  Ə.Əliyev.  B., 

1963.- 219 s. 

 

 



139 


4.  Azərbaycan  kitabı  (Biblioqrafiya)/  3  cilddə,  c.2,  kit.  1..  1920-1940  Bakı.: 

Yazıçı, 1982.- 744 s. 

5. «Azərbaycan-80»: Biblioqrafik göstərici/ Tərt. ed.: Ə.Əfəndiyev; elmi red.: 

B.Nəbiyev.- B.: Çinar-çap, 2004.- 544 s. 

6.  Birillik 

Azərbaycan   Kitabiyyatı.   2003-cü   il:/   Tərt.   ed.:   L.Talıbova, 

N.Rzaquliyeva, baş red.: K.Tahirov. B., 2007.- 323 s. 

7.  Xələfov  A.A.  İnformasiyalaşdırılmış  cəmiyyətin 

xüsusiyyətləri  və 

problemləri// Respublika.- 2002.- 17 aprel. 

8.  «Kitabi-Dədə  Qorqud»un  biblioqrafiyası./  tərt.  ed.:  A.C.Xəlilov.-  Bakı.: 

Örnək, 2000.- 258 s. 

9.  Mərkəzi  Elmi  Kitabxanaya 

daxil  olan  yeni  ədəbiyyat./  2003.  III-IV 

buraxılış. Bakı., 2004.- 132 s. 

10. Nizami Cəfərov/ tərt. ed.: Ş.Tahirqızı. B.: BUN, 2004.- 125 s. 

11.   Yeni 

kitablar:   Annotasiyalı   göstərici/   M.F.Axundov   adına   Milli 

Kitabxana. B., 2007.- 308 s. 

 

С.П.ИСМАЙЛОВА 



ТЕМАТИКА  ФОЛЬКЛОРНО-БИБЛИОГРАФИЧЕСКОГО 

ЖАНРА  В ГОДЫ  НЕЗАВИСИМОСТИ 

РЕЗЮМЕ 

В статье   дано   широкое   понятие   об   усном   народном   творчестве, 

образцах фольклорного   жанра, изданы   библиографические   материалы, 

отражающие  фольклорную  литературу. 

 

SİMA İSMAİLOVA 



FOLK-LORE STUDIES  IN THE  BIBLIOGRAPHIC 

SOURCES  IN  INDEPENDENT YEARS 

SUMMARY 

In  this  article  were  given  comprehensive  information  about  folk-lore 

created  by people,  examples  of folk-lore,  bibliographic  sources  show  folk- 

lore  literature  have  been  analysed. 

 

 



 

 

 



140 


 

Yüklə 402,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə