SiyasəTDİ, SİyasəT



Yüklə 49,5 Kb.
tarix19.10.2018
ölçüsü49,5 Kb.
#74707

BU NƏ QANLI FƏLAKƏTDİ?

poema

Amerikada terror nəticəsində

11 sentyabr 2001-ci ildə ölənlərin,

Türkiyədə və Azərbaycanda terror

qurbanlarının ruhuna!

***


Amerika, macəralar məmləkəti.

Duydunmu heç baş verəcək fəlakəti?

Bircə anda yerlə-yeksan göydələnlər...

Fəryad etdi qatlar altda o ölənlər!...

Qanlı terror boğur bütün yer üzünü,

Öz-özünə yağı bəşər aç gözünü.

Sənin, mənim torpağımda qanlar axır,

Bu qəlbikor hökmdarlar hara baxır?!...

***

Qaranlıq göylərin üzündən qaçmış,



Səhər gözlərini təzəcə açmış,

Nyu-York şəhəri hələ yuxulu,

Titrək dodaqları bir şeh qoxulu.

Sonrakı dəhşətdən xəbərsiz şəhər,

Bilməyir nədir qəm, nədir heç qəhər.

O ensiz ticarət mərkəzi uca,

Bənzəyir yer üstə bəzəkli taca.

Yüz on mərtəbəli göydələnlər şah,

Göydən əl eyləyir yerə hər sabah.

Bu gün də axışır işçilər ora,

Ölüm də izləyir qarabaqara...

Birdən bir gurultu səsi ucaldı,

Hamı çaşbaş oldu, hamı mat qaldı.

İçi sərnişinlə dolu təyyarə,

Bilmədi nə Allah, nə də səyyarə,

Çırpdı göydələnin birinə özün,

Oldu para-para məhv etdi izin.

İkinci təyyarə şığıdı bu an,

Digər göydələnə çırpıldı yaman,

Şəhəri töz, duman fəryad bürüdü!...

Bütün Amerkanı ölüm sürüdü!...

O gün can götürüb min-min qaçanlar,

O gün dəhşətliydi necə də anlar.

Əkiz göydələnlər titrədi əsdi,

Ölüm qapısının üstünü kəsdi...

Yerlə-yeksan oldu binalar uçdu!

***

Hansı hökmdarın boynunda suçdu,



Bu tökülən qanlar, uçulan damlar?!

Terrorda günahsız ölən adamlar?

Şəhəri toz-duman sardı bircə an,

Ölən bədənlərdə həyat gəzdi can...

Qulaqlar tutuldu haray-həşirdən,

Yox oldu bir anda ekizlər birdən.

Qopdu qatlar altda inilti, fəryad,

Tanrı dad eylədi, dodaqlar imdad!

Həm xilas edilən, həm də edənlər,

Haraya, həşirə aha gedənlər,

Etdilər canların əbədi fəda,

Kim yetə bildi ki, aha, imdada?

O gün Nyu-Yorkda iki göydələn,

Zirvəsi göylərin bağrını dələn,

Sanki olmamışdı heç bu şəhərdə!

Batdı bircə anda ahda, qəhərdə.

Dünyanın bağrını partlatdı bu dərd,

Bəşərmi, cahanmı, İlahi, namərd?!

Qaldı uçuqların altda insanlar...

Ahla bədənləri tərk etdi canlar!...

Böyuk Amerkanı titrətdi bu yas,

Hökmdar söylədi qisasa qisas!

Xalqı qarşısında and içən şahı,

Niyə düşündürmür xalqın sabahı?!

Siz qisas aldıqca qisaslar artır,

Hər sinə içində küdürət yatır!...

***

Ey qanlı terrora rəvac verənlər,



Qansızlar başına ey tac verənlər,

Etdiz millətləri əllərdə oyun,

Tökülən qanlardan, barı, bir doyun!

Hansı şah bəslədi o terrorçunu?!

Dində aramayın hiylə suçunu.

Gedir siyasətə qurban, millətlər,

Artır Yer üzündə hər gün zillətlər.

Niyə bu qatilə görə bir xalqın,

Əzirsiz ayaqlar altında haqqın?!

Niyə əfqan xalqı qırılmalıdı,

Bağrına ölüm, qan sarılmalıdı?!

Kim o terrorçunu bəslədi bir vaxt,

Kim onu var ilə eylədi xoşbaxt?!

Rus imperiyası-Sovet bir zaman,

Qonuma-qonşuya vermədi aman.

Qan çanağı etdi Əfqanıstanı,

Məzara döndərdi o gülüstanı!

Deyirlər özgəyə qurulan tələ,

Yapışar bir zaman o quran ələ.

O qədər qan tökdü axırda özü,

Qanların içində kor oldu gözü!...

Qanlarla keçirtdi bir vaxt həyatı,

Yoruldu yollarda o könül atı.

Əbədi itirdi tacı-taxtını.

Sonra da ağladı qara baxtını!...

***


Üsəmə Bin Laden-kimdi bu adam?

O qandan, qırğından alır böylə kam?!

Kim ona vermişdi bu var-dövləti?

Hardandır bu qədər onun sərvəti?

Bir vaxtlar Amerka hey rusa qarşı,

Atırdı uzaqdan-uzağa daşı.

Sonra da Üsəmə əlinə keçdi,

Terrordan əyninə gizli don biçdi,

Şabaştək başına tökdü dolları,

Öyrədildi ona qırğın yolları...

Amerka hiyləylə Soveti yıxdı,

Dünyada ağalıq taxtına çıxdı.

Sonra da Bin Laden ağ oldu şaha,

Atdı ağasının özünü aha.

Böyük Amerkanı döndərdi qana,

Baxıb qəh-qəh çəkdi o bu divana.

Ağanın üzünə ağ olan nökər,

Etdiyi cəzanın altını çəkər...

Ağa öz nökərin axtarır bu gün,

Qana döndərməkçin o qansız köksün.

Amerka dünyanı hey yamanlayır,

Bütün dövlətləri elə danlayır.

Başına pul qoyub o Bin Ladenin,

Söyür dönə-dönə uzunun, enin.

İslamın boynuna yıxılır günah,

Hər gün yamanlanır müsəlman, Allah.

Yoxdu Siyasətin dini, imanı,

Hiylədi, fitnədi, şərdi, zamanı.

Odur qan gətirən məmləkətlərə,

Salan bu dünyanı fəlakətlərə.

***

Pe-Ka-Ka yaratdı Rusiya bir vaxt,



Guya ki, kürdləri etməkçin xoşbaxt.

Türkiyəyə qarşı ruslar Aponun,

Əyninə biçdilər o terror donun.

Onu pul-parayla təmin etdilər,

Hər cür təminatla əmin etdilər.

Sağına, soluna keçdilər elə,

Cibinə pul axdı belədən-belə.

Apo diz çökməyən çox kürd qardaşın,

Evinin içində vururdu başın.

O kürd kəndlərini xaraba qoydu,

Nə bircə kənd-kəsək, nə oba qoydu.

Axdı Türkiyədə qan su yerinə,

Ağalar getmədi onda dərinə?!

Tutdular Aponu türklər bir zaman,

O saat dünyada qopdu ah, aman,-

Türkiyə Aponu öldürmək olmaz,

Cahanı özünə güldürmək olmaz.

Orta əsrlərmi sən qan tökürsən?!

Bəs niyə de haqqı dara çəkirsən?!

Terrorçu demədi heç kəs Apoya,

Çünki türk xalqını salmışdı vaya.

Türk də müsəlmandı, kürd də müsəlman,

Qoy boğsun onları bu tökülən qan!...

***


Bəşəri bölüblər iki hissəyə,

Bir qisim xalq bənzər qızıl kisəyə.

Bir qisim xalq isə qəpik-quruşdu,

Evində savaşdı, qandı, vuruşdu...!

Heç millət kimi də sayılmır onlar,

Axır yurdlarında elə hey qanlar...

***

Bir zaman xitabət kürsüsündən ah!



Jirinovski qatil işlətdi günah,

“Yer kürəsində türk qalmasa əgər,

Bəşərin köksünə nə zərbə dəyər?”

Alimmi, cahilmi bilməm bu adam?

Haqqam deyə-deyə, haqq edir edam!...

O vaxt hamı susdu onun üzünə,

Etiraz etmədi qanlı sözünə.

Türkün dünyasına ünvanlamışdı,

Çünki türk xalqını yamanlamışdı.

Xitabət önündə Makaşov elə,

Jit dedi yəhudi xalqına belə.

Millət vəkilləri haray saldılar,

Tənqid elədilər, zəfər çaldılar.

qədər olmasa türkün birliyi,

Artacaq gün-gündən çox səbirliyi.

Qalacaq yağılar əldə dirliyi...

***

Bu gün Azərbaycan terrora qurban,



Ağalar sus deyir, olmaz qana qan!

Asala işğalçı terror yuvası,

Erməni cəlladın dildə duası.

Elə hey ağlayır bütün dünyada,

Varlı ağaları çağırır dada.

Deyir: “Bu dünyada bir xalqıq yazıq,

Cahan nə boydadı biz isə azıq.

Sizlərə xaçpərəst qardaşıq axı,

Din birsə, deməli sirdaşıq axı!

Azərbaycanlı kim - müsəlman bir xalq?

Yalnız bızə tərəf olmalıdı haqq.”

Daşnak qan utdurdu yurda, gülzara,

Millət şəhidlərin əkdi məzara.

Hələ qardaşımız İranın özü,

Görmək istəmədi qanları gözü.

Erməni cəllada qolların açdı,

Dükanın, bazarın, yolların açdı.

Unutdu islamı o, dinimizi,

Satdı erməniyə bəs niyə bizi?!...

Çünki istiqlalı istəmir o da,

Siyasət dinləri hey atır oda...!

***


Düz on iki ildi susubdu dünya,

Haqqı boğazından asıbdı dünya.

Bu başıbəlalı Azərbaycanın,

Terrorla aldılar neçə il canın!

Metroda, maşında, qatarda terror,

Qoydu vertalyotu hey darda terror.

Böyük təyyarədə, gəmidə terror,

Evdə, bağ-bağçada, zəmidə terror.

Asala Sadvala öyrətdi terror...

Bütün yer üzünü göynətdi terror!

Dili açılmadı o vaxt şahların,

Üstünü örtdülər bu günahların!

Qarabağ terrorun əlində əsir,

Bizim dilimizi ağalar kəsir.

Deyir: “Dözməlisiz bu zülmlərə,

Vətən bölünsə də çox dilimlərə!

Daşnak erməniylə dil tapın, barı,

Siz dözümlü xalqsız gözləyin arı.

Unudun şəhidi, itgini, qanı,

Vətən nə, qoruyun bir quru canı?!”

***

Amerka dünyaya hay salıb bu gün,



Deyir:” Dağılmalı, Üsəmə, köksün!”

Bütün dövlətləri dada səsləyir,

Ürəkdə fil boyda bir kin bəsləyir.

Çox heyif, adamlar qırılıb orda!...

İşğalda inləyir Vətənim burda...

Sən mənim dərdimə soyuqqanlısan,

Öz fəlakətinə ayıqqanlısan.

Mənim yaralarım bitişmib hələ,

Sən də dağ çəkirsən belədən-belə.

Edirsən erməni tərəfə meyil,

Deyirsən daşnaka terrorçu deyil.

O gün Amerkada ölənlərə mən,

Rəhmət diləyirəm lap cani-dildən.

Ruhları şad olsun Tanrı yanında,

Qanunu haqq desin bu dövranın da.

Qoy bütün cahanda terrora ölüm!

Bitsin bu həqarət, bitsin bu zülm.

Minillik dinimə xor baxılmasın,

İslamın üstünə şər yaxılmasın.

Axmasın boş yerə qanlar dünyada,

Ey, bəşər, qanlardan bizə nə fayda?!

Allah özü yetsin naləyə, haya,

Vaya salanları yetirsin vaya!

Budur İlahidən təkcə diləyim,

Bu eşqlə sinəmdə vurur ürəyim!...

29.10.2001/ Neft Daşları



Şirin xanım Kərimbəyli Şadiman
Yüklə 49,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə