Согласно историческим описаниям, когда-то в Авлабаре – центре старого Тифлиса, откуда, начинается его история, стояла албанская церковь посвящённая и монастырь Ходжаванк


Şəkil 80. Üçbaşlı ilanla savaşan qəhrəman (Gəmiqaya, e.ə. IV-III minilliklər)



Yüklə 318,44 Kb.
səhifə2/4
tarix25.06.2018
ölçüsü318,44 Kb.
#51025
1   2   3   4

Şəkil 80. Üçbaşlı ilanla savaşan qəhrəman (Gəmiqaya, e.ə. IV-III minilliklər)
Maraqlıdır ki, çoxbaşlı ilan təsvirinə Gəmiqayada da rast gəlirik (Bax: Şəkil 80) ki, bu da sözügedən motivin Azərbaycanda ən azı son Eneolit-erkən Tunc dövründən, yəni Kür-Araz mədəniyyəti dövründən məlum olduğuna dəlalət edir.

Bir çox xalçalarımızda diqqəti cəlb edən və latın əlifbasındakı “S” hərfini xatır­la­dan elementi mütəxəssislər əjdaha motivi ilə bağlayırlar. Məsələn, folklorşünas alim Məhəmməd Hatə­mi Tantəkin və sənət­şü­nas alim Kübra Əliye­vanın yazdıq­la­rı­na görə, bu element əjdahanı təmsil etməkdə­dir (Tuncay B., 2015a, s. 87). Həmin elementə «Damğalı» tipli xalçalarda, eləcə də Qarabağ xalçaları qrupuna daxil olan «Vərni» çeşidində tez-tez rast gəlinir (Bax: Şəkil 82). Sözügedən ideoqrafik məzmunlu naxışın ən diqqətçəkiçi incəliklərindən biri onlarda adətən qoşa buynuzu xatırladan çıxıntıların olmasıdır. Bu da mütəxəssislərə əjdaha naxışının və ümumilikdə əjdaha obrazının prototipi rolunda «qulaqlı» (və ya «buynuzlu») ilanların (Bax: Şəkil 83a) çıxış etdiyini düşünməyə əsas verir (Hüseynova M., 2015, s. 202, ill. 66).



Şəkil 81. Qurd başlı əjdaha motivi (Təbriz xalçası, XIII-XIV əsrlər)

Şəkil 82. Vərni. Qarabağ qrupu. Azərbaycan, XIX əsr (M. Hüseynova)

Şəkil 83a. Əjdaha naxışı və onun prototipi – buynuzlu ilan (M. Hüseynova)





Şəkil 83b. Xalçalarda və skif incəsənətində iki və ya dörd əjdaha formalı çərxi-fələk (svastika) işarəsi


Şəkil 83c. Əfşar xalçasında (Azərbaycan, XIX əsr) «S» formalı əjdaha motivi və onun Çin dekorativ sənətindəki oxşarı

Şəkil 83d. Skif incəsənətində əjdaha motivi (Sibir, e.ə. VI-V əsrlər)

B. Ögəlin yazdığına görə, «qulaqlı» ilanları da «əjdaha» anlayışının içinə qatmaq lazımdır. Çünki ilan hər bir qövmün düşüncəsində özünə yer etmişdir. Ancaq bunların içində «ilanın qulaqlısı» yoxdur. Eynən «qartalın qulaqlısı» kimi. Anadoluda isə bu düşüncənin varlığı heç bir şübhə oyatmır. Bunu Səlcuqlular dövrü sənət əsərlərində görə bilirik (Ögel B., 1995, s. 566).

Alim qeyd edir ki, Altay və Şimal türklərinin özünəməxsus əjdahaları olmuşdur və arxeoloji abidələrdən də göründüyü kimi onlar «qulaqlı ilan» kimi təsəvvür edilmişdir (Ögel B., 1995, s. 568).

Türk incəsənətində barsbaşlı, qurdbaşlı və s. əjdaha növlərinə də rast gəlinir (Bax: Şəkil 81). XIX Əsrdə Azərbaycanda toxunmuş əfşarlara aid bir xalçada isə «S» fiomalı əjdaha naxışı ilə üzləşirik (Bax: Şəkil 83c). Buradakı əjdaha Çin dekorativ sənətində tez-tez rast gəldiyimiz əjdaha təsvirlərini xatırladır. Skif incəsənətində rast gəlinən əjdahalar isə daha çox qıvrılmış vəziyyətdə təsvir edilir (Bax: Şəkil 83d) və onların tarixi əjdaha motivinin Çində peyda olmasından daha qədimdir ki (Минаева В., 2017), bu da sözügedən motivin Türk sənətkarlığına, o cümlədən xalçalarımıza guya Çindən keçdiyi barədəki iddiaların səhv olduğunu, prosesin əksinə baş verdiyini söyləməyə tam əsas verir.

Elmi ədəbiyyatda «çərxi-fələk» və ya «svastika» adı ilə tanınan naxış-damğanın da əjdaha motivi ilə bağlı olduğu barədə fikirlər var. Bu halda söhbətin iki (Tantəkin H., 2004, s. 127) və ya dörd əjdahadan, daha doğrusu əjdaha bürcünün göydəki dörd müxtəlif vəziyyətindən getdiyi (Yengi Ögə, 2013b) ifadə edilir. Belə hesab edilir ki, «çərxi-fələk» (onu «az» və «öz» damğası adlandıranlar da var) göydəki əjdaha (lu, nək) bürcünün daim sabit qalan Dəmir Kazıq (qütb ulduzu) ətrafında müxtəlif astronomik dövrlərdəki dörd müxtəlif vəziyyətinin əksi ilə ortaya çıxmış və bununla da sözügedən damğada kainatın əjdaha və ya əjdahalar tərəfindən öz oxu (qütb ulduzu) ətrafında döndərildiyi barədə əski mifoloji təsəvvürlər kodlaşdırılmışdır (Yengi Ögə, 2013b).

Svastikanın ayrı-ayrı təsvir və dekorativ kompozisiyalarda ülkər ulduzunun və ya günəşin simvolu kimi işləndiyi də müşahidə edilməkdədir. Bununla belə, onun daşıdığı ilkin semantikanın məhz Dəmir Kazıq (qütb ulduzu) ətrafında dönən və öz əzəməti ilə bütün kainatı, bürcləri və ulduzları dönməyə məcbur edən əjdaha, daha doğrusu əjdaha bürcü ilə bağlı olduğu fikri bizə daha inadırıcı görünür. Bu fikri inandırıcı edən bəzi dekorativ tətbiqi sənət nümunələrində, eləcə də xalçalarımızda svastikanın uclarının məhz əjdaha başı formasında təsvir edilmiş olmasıdır (Bax: Şəkil 83b).

M. Seyidov haqlı olaraq bildirir ki, ilanın - əjdahanın sonradan xalq tərəfindən istər öz bədii yaradıcılığında, istərsə də mənşəyi ilə bağlı əsatiri təbiətli əfsanələrdə nifrətlə yad edilməsi bir çox tarixi hadisələrlə bağlıdır. «İlana - əjdahaya etiqad edən qəbilə birləşmələri ilə başqa onqona tapınan başqa qəbilə birləşmələri ilə istər könüllü, istərsə də zor gücünə qaynayıb-qarışarkən, güclü yad qəbilənin onqonu üstün gəlmiş, beləliklə də, ilana - əjdahaya pis münasibət yaranmışdır» (Seyidov M., 1983, s. 18).

«Məlikməmmədin nağılı»nın şumer və Azərbaycan variantlarının müqyisəsi zamanla quş onqonunun ilan (əjdaha) onqonu üzərində qələbə çaldığını və onu əvəz etdiyini, insanların himayəçisinə çevrildiyini göstərməkdədir. Nağılın Azərbaycan versiyasında bu rolu qəhrəmanın himayəçisi kimi çıxış edən zümrüd quşu, şumer variantında isə qartal oynayır. Bunun ən azı e.ə. IV-III minilliklərdə, yəni Kür-Araz mədəniyyəti dövründə baş verdiyini söyləmək mümkündür. Bununla belə, ilan-əjdaha hələ uzun müddət başqa türk soy və boylarının onqonu olaraq qalmışdır. Bu baxımda skiflərin törəyiş əfsanəsini misal çəkə bilərik. Burada saöhbət skiflərin ulu əcdadı Targitay-Heraklın yarı qız, yarı ilan məxluqla (Bax: Şəkil 84) izdivacından və bu izdivacdan skif xalqının törəməsindən gedir. Herodotun qələmə aldığı həmin əfsanənin məzmunu belədir:




Şəkil 84. Yarı qadın, yarı ilan məxluq (Skif incəsənəti nümunəsi)
«Skiflər özləri və şimal qonşuları haqqında belə danışırlar. Pontda yaşayan ellinlər isə başqa cür bilgi verirlər. Onların dediyinə görə, Herakl Herionun öküzlərini (indi skiflərin tutduqları), keçmişdə isə məskunlaşmamış olan bu ölkəyə qovub gətirmişdi. Herion isə Pontdan uzaqlarda, Herakl Sütunlarının arxasındakı Okeanın Qadir adasında yaşayırmış (ellinlər bu adanı Erifiya adlandırırlar). Ellinlər Okeanın gündoğandan başlayıb bütün yer ətrafında axdığını söyləyir, amma bunu sübut edə bilmirlər. Herakl bax buradan indi İskit Eli adlanan ölkəyə gəlib çıxır. Orada yağmurlu və soyuq havaya düşür. Donuz dərisinə bürünüb yuxuya gedir və bu vaxt onun (otlamaq üçün açıb buraxdığı) qoşqu atları qəribə bir şəkildə yoxa çıxır.

Herakl oyanıb atları axtararaq bütün ölkəni dolaşır, axırda Hileya adlanan bir yerə gəlib çatır. O, burada yarı qız, yarı ilan şəklində təbiətin ecazkar peyvəndi olan bir varlığa rast gəlir. Onun bədəninin sağrıdan yuxarısı qadın, aşağısı ilanmış. Bunu görən Herakl onun haradasa azmış atlar görüb-görmədiyini heyrətlə soruşur. Qadın atların onda olduğunu deyir, amma onunla aşiqanə əlaqəyə girməyincə atları verməyəcəyini bildirir. Onda Herakl belə bir mükafat üçün bu qadınla əlaqəyə girir. Qadın Heraklı öz yanında daha çox saxlamaq üçün atları ona qaytarmağı ləngidir, o isə sevinclə buradan çıxıb gedərdi. Axırda qadın atları qaytarıb, ona belə sözlərlə üz tutur: "Mənim yanıma gəlib çıxmış bu atları səndən ötəri saxlamışdım; indi sən onları qaytarmaq haqqını vermisən. Axı, sənin məndə üç oğlun var. De görüm, böyüyəndə onlarla nə eləyim? Onları burada, (təkcə mənimki olan bu ölkədə) saxlayım, yoxsa sənin yanına göndərim?" Qadın ondan belə soruşur. Herakl da ona belə cavab verir: "Oğullarımın yetkinləşdiyini görəndə belə eləsən daha yaxşı olar: gör, onların hansı mənim bu yayımı sənə göstərdiyim kimi, bax belə çəkərsə, bu kəmərimi qurşana bilərsə, onu yaşamaq üçün burada saxla. Mənim şərtimi yerinə yetirə bilməyənləri isə qürbətə göndər. Sən belə eləsən, özün də razı qalarsan, mənim də istəyimi yerinə yetirərsən".

Herakl bu sözləri deyib yaylarından birini çəkir (o vaxta qədər Herakl iki yay daşıyırdı). Sonra o, kəməri necə qurşamağı göstərir, yayı, kəməri qadına verib gedir (kəmərin ilgəkinin ucundan qızıl cam asılmışdı). Uşaqlar böyüyəndə ana onlara ad qoyur. Birini Ağafirs, o birini Helon, kiçiyini də Skif adlandırır. Sonra da Heraklın məsləhətini anıb onun dediyi kimi eləyir. Ana iki oğlunu-Ağafirsi və Helonu şərti yerinə yetirə bilmədiyi üçün ölkədən qovur. Kiçik oğlu İskit isə şərti yerinə yetirə bilir və yurdda qalır. Bütün skif hökmdarları Heraklın oğlu olan bu Skifdən törəmişlər. Həmin qızıl cama hörmətlə skiflər indi də kəmərlərindən cam asırlar (ana bunu yalnız Skifinin xoşbəxtliyi üçün etmişdi)» (Herodot, IV, 8-11).

Türk əfsanələrində ilan-insan və ya ilan-əjdaha çevrilmələrinə, yəni qılıq dəyişdirmə motivlərinə də tez-tez rast gəlinməkdədir. Əfsanələrdən birində deyilir ki, bir əjdahqa insan donuna girmiş bir ilanı təqib edir. İgid əjdahanı öldürərək ilanı xilas edir. İlan da bunun əvəzində igidə «ermek daş» adlandırılan sehirli bir daş hədiyyə edir (Ögel B., 1995, s. 568).

Fikrimizcə, Gəmiqaya təsvirlərinin birində məhz bu əfsanənin izlərinə rast gəlirik. Həmin təsvirdə bir gəncin əlindəki çomaqla üçbaşlı ilana (əjdahaya) hücuma keçdiyini görürürük. Əjdahadan bir qədər aralı isə daha bir ilan təsviri diqqət çəkir (Bax: Şəkil 80).

Başqa bir əfsanədə isə bir gəncin meşənin yandığını görməsindən və orada od içində qalan bir ilanı xilas etməsindən bəhs edilir. İlan qıza çevrilərək gəncin onu almasını söyləyir. Lakin gənc onu almağa razı olmur, «Mən səninlə evlənə bilmərəm» - deyir.

Əfsanələrin birində isə bir qız atasının onu varlı edəcəyini bildirərək bir oğlanı evinə dəvət edir. Oğlan qızgilə gəlib onun ata-anasının ağ və qara ilan olduğunu görür. Qızın valideyinlri oğlana qızları ilə evlənəcəyi təqdirdə ona at başı qədər qızıl verəcəklərini bildirirlər.

Buna bənzər daha bir əfsanə də var. Buradakı gənc ağ və qara ilanın savaşdıqlarını görür. Qara ilanı öldürür. Ağ ilan qıza çevrilib oğlana evlilik təklif edir. Oğlansa at başı qədər qızıl qarşılığında onunla sadəcə bir həftə evli olmağa razı olur.

Bənzər motivlərin izlərinə sufi ədəbiyyatında da rast gəlinməkdədir. Məsələn, Hacı Bektaş ilə bağlı rəvayətlərin birində onun qapını bağlayıb əjdah donu geyərək yatdığından söhbət açılır (Ögel B., 1995, s. 568-569).

Yuxu yozumlarında da ilanla bağlı motivlərə rat gəlinir. Belə ki, yuxuda ilan adamın yolunu kəsirsə, bu, pisə yozulur. Adamın yuxuda öz evinin dörd bucağında dörd ilan görməsi onun dörd tərəfdən düşmənlə əhatə olunduğundan xəbər verir. Bir mollanın ayağı suda ikən ayağını ilanın sancması onun özündən vəzifəcə kiçik mollalar tərəfindən öldürüləcəyi kimi yozulur.

Qədim uyğur mətinlərində «köksünü üstü bir tümən (on min) ilanla dolu» məsələnə rast gəlinməsi də xüsusi maraq doğurur. Eyni mətnlərdə bir tapmaca da qeydə alınmışdır: «Bozkırda bir kısrak ipi, urğanı. Yılan» (Ögel B., 1995, s. 569).

Əjdahanın aşağı dünya sakinlərindən biri kimi gözdən keçirildiyi mifoloji süjetlərə də rast gəlinməkdədir. Məsələn, aşağı dünyanın şər ruhlarını da eynən yuxarı dünyanın ruhları kimi antropomorfik təsəvvür edən saxa-yakutlar bu ruhları yeddi qəbiləyə bölür, başçılarını isə Arsan Duolay adlandırırlar (Слепцов, 1886, с. 120). Həmin dünyanın sakinləri içərisində Luo xaan (Əjdaha xan) adı maraq doğurur. Belə ki, əski türk dilində “lu”, “luo” əjdaha deməkdir. Əjdaha isə digər türk xalqlarının mifik təsəvvürlərinə görə göy sakinidir. Saxa-yakutların Luo xaanı isə aşağı dünyanı təmsil edir. O, eynən Buor Manqalay kimi Arsan Duolayın oğullarından biridir və yeddi qəbilədən birinə başçılıq edir (Слепцов, 1886, с. 121).

Türk mifologiyasında onqon-quş motivi ən geniş yayılmış motivlərdəndir. Məsələn, əldə olan çoxsaylı mənbələr toğanın (qartalın) bəzi türk soy və boyları tərəfindən onqon-əcdad kimi qəbul ediidiyini söyləməyə əsas verir. Saxa-yakutlar öz əcdadlarının kiçik bütləri içərisinə Sour adlı qarğanın bütünü də əlavə edirmişlər (Ögel, 1995, s. 147). Bu quş Altay əsatirində Tanrı Ülgenin düzəltdiyi insan bədənləri üçün böyük Tanrı Kudayın yanından ruh gətirən bir quşdur (Анохин, 1924, с. 18).

Deyilənlərə şeytanın düzəltdiyi qadın və kişinin quşa çevrilmələrini də əlavə etmək lazımdır:



Tanrı hirslə qadının düz üzünə tüpürdü.

Qadın quş olub uçdu, Kordoy quşudur adı,

Bataqlıq qorxudur, hər it ona uladı.

Kişi də bir quş oldu, ona deyirlər Yalban,

Ayaqları çox uzun, surəti də çox yaman.

Çox qəribə quşdur bu, nədənsə yox əlləri,

Gəzib tapır, – harda var, –  atılmş çəkmələri.

Ən böyük əylncəsi topuğunu gəmirmək,

Evlərdəki nəcislər ona ən gözəl yemək.
S. Neklyudov bu cür çevrilmələri ruhun müxtəlif canlı və cansız varlıqlarda təzahür etməsi ilə əlaqələndirir (Неклюдов, 1979).

Bənzər halla Azərbaycan-türk əfsanə və nağıllarında da tez-tez rastlaşmaq mümkündür. Bu baxımdan aşağıdakı mif deyilənlərə ən gözəl misaldır:



İki oğlan cüt sürürmüş, biri İsa adında, biri də Musa adında. Bunlar yorulub bir az yatırlar ki, dinclərini alsınlar. Öküzlər açılıb qaçırlar. İsa ilə Musa oyanıb görür ki, öküzlər yoxdu. Nə qədər axtarırlar­sa, tapa bilmirlər. Ağaları da çox əzazil adam olur. Bu uşaqlar qorxularından evə qayıda bilmirlər. Allaha yalvarırlar ki, bizi quşa döndər. Allah bunları quşa döndərir. Bunlar başlayırlar öküzləri axtarmağa. Həmişə də bir-birindən soruşurlar ki, tapdın? (Azərbaycan mifoloji mətnləri, 1988, s. 70).

Türk-şaman mifoloji sisteminin ən arxaix alt qatlarından birini təşkil edən onqonçuluğun izlərinə Azərbaycan folklorunda da geniş rast gəlinmkdədir. Bu baxımdan “Keçəlçələr” nağılındakı sərçə, “Məlik Məmməd və Məlik Əhməd”, “Moltanı padşahı” və “Daş üzük” nağıllarındakı göyərçin (Azərbaycan nağılları, ll c., 1961, s. 234;  lV c., 1963, s. 93; ll c., 1961, s. 66-68), birbirinin fərqli variantları olan “Hazarandastan bülbül” və “Altun bülbül” nağıllarındakı bülbül (Azərbaycan nağılları, l c., 1961, səh. 116; Türk masalları, l kitap, 1971, səh. 167), Əhmədnən Sənəm” nağılındakı qaraquş (Azərbaycan nağılları, V c., 1964, s. 113-114) və s. onqon quş surtlərini misal çəkmək olar.

Bu mövzu Məhəmməd Hatəmi Tantəkin tərəfindən hərtərəfli araşdırılmışdır. Onun yazdığına görə, sehrli nağıllarda sadəcə “quş” adı ilə dinləyicilrə təqdim edilən sətirlər də az deyil. Onlar ölünü dirildir, ətləriylə insanlara qeyri-adilik gətirir, qiymətli yumurtalar ilə kasıbları varlandırırlar (Tantəkin, 2004, s. 9).

Nağıllarımızda gerçəkdən də sadəcə “quş” adı ilə çıxış edən onqon surətlərə rast gəlinir və onlar gerçəkdən insanların himayəçilri kimi çıxış edirlər. Özü də bu hal təkcə Azərbaycan nağıllarnda deyil, Türkiyədən toplanmış nağıllarda da geniş yayılmışdr (Azərbaycan nağılları, ll c., 1961, s. 2, 165; lll c., 1962, s. 97, 253, 256-257; Türk masalları, l kitap, 1971, s. 269; ll kitap, 1971, s. 196; Türk folkloru araştırmaları, 1973, s. 3268-3269).

Azərbaycan türklərinə aid aşağıdakı mif də böyük maraq doğurur:

Bir gün insan oğlu fikirləşir ki, hər şeyin padşahı, böyügü var. Quşların da gərək padşahı olsun. Bütün quşdarı yığıb deyir ki, hansınız lap yuxarı qalxsanız onu padşah qoyacıyam. Quşdar razı olur. Uçullar, ancax qartal hamısınnan hündürə uçur. Bu dəmdə insan oğlu görür ki, qartalın tükləri arasınnan cırt-cırt quşu çıxdı, lap yuxarı uşdu. Bını quşdar da gördü, pərt oldular ki, bınnan bizə padşah çıxmaz.

İnsan oğlu cırt-cırt quşuna deyir ki, sən lap yuxarı uşdun, ancax kələyinən. Ona görə gərək sənə bir iş də tapşıram. Onu da eləsən, səni padşah qoyacıyam. Get mənə elə bir çöp gətir ki, nə əyri olsun, nə də düz.

Deyillər ki, cırt-cırt quşu o vaxtdan həmişə kolluqda gəzir, həmin çöpü axtarır, ancax tapammır. Qartal isə quşların padşahı olur (Azərbaycan mifoloji mətnləri, 1988, s. 67).

Türk, o cümlədən Azərbaycan folklorunda geniş yayılmış quşlardan biri də Humaydır. Bu quşdan söz açan B. Ögəl bildirir ki, «bu quşun adı əfsanəvi hüma // humay quşunun adından gəlir. Bununla bərabər, bu ad indi mövcud olan quşlara da verilmişdir. Məsələn, huma və ya hüma Krımda ən yaxşı cins qartallardan birinə verilən addır. Bu quşun adı qırğız ləhcəsində kumay olmuşdur. Qırğızlar vulturide növünün ən böyük cinsinə kumay deyirlər. Bu, ağbaba cinsindən olan, qar quşu da deyilən böyük bir qartaldır» (Ögel, 1989, s. 365).

Eyni mövzuya Bəhlul Abdulla da müraciət etmiş və “Kitabi-Dədə Qorqud”dakı quş obrazlarından söz açmışdır (Abdulla, 1999).

Mövzumuz baxımından aşağıdakı Altay əsatirində söylənilənlər də böyük maraq kəsb edir:


Çox böyük bir xan vardı çoxox əski çağlarda,

Yaşardı, hökmdardı Altaydakı dağlarda.

Bu xanın çox gözəl biricik qzı vardı,

Onu görən hər igid tutuşaraq yanardı.

Xanın yurdundan bir gənc bir gün xana vararaq,

Qızı mənə ver” deyə ağlamış yalvararaq.

Xan razı olmuş, fəqət oğlana bir şərt qoymuş,

Gəl ki xanın bu şərti çox-çox çətin, çox zormuş.

Xan oğlana demiş ki:

Bilirsənmi, Daruqa müqəddəs bir qartaldır,

Bədəni çox böyükdür, tükləri sanki budaqdır.

Gedib bu qartalı tap, tükündən gətir mənə,

O zaman düşünmədən qızı verərərn sənə”.

Gənc almış yarağını, dağlara çıxmış ova,

Axtarmağa başlamış belə böyük yuva.

Sora-sora gedərkən görmüş yolda bir ərmiş,

Dərdini ona açmış, o da bir öyüd vermiş.

Ağ saqqallı ixtiyar demiş bu yoldan sapma,

Bu işi mən bilirəm, kim nə desə, sən yapma.

Bu yolla gedən oğlan ağ bir dağa yan almış,

Ətrafında dolaşmış, ətəyinə yanaşmış.

Nədənsə yerlə göylər birdən-birə ağlamış.

Ağca buludlarsa yer üzünə yaxınlaşmış.

Oğlan yenə durmamış,  keçmiş dağ aşaraq,

Dörd tərəfə böylanmış özü möhkəm çaşaraq,

Görmüş dağ-daş, hər tərəf süd rəngində, bəmbəyaz.

Bu rəng göyləri tutmuş, göy də olmuş apayaz.

Oğlan “Bu nə ?” deyincə, haradansa bir səs gəlmiş,

Göylərin arxasında süd dənizi var” demiş.

Oğlan şərqə boylanmış, buludun arxasından,

Gözünə kölgə dəymiş köpüklər arasından.

Düşünmüş uzun-uzun “Bu qara şey nə?” - deyə,

- “Süd dənizi içində bu gölgəlik var niyə?”

Çox düşünmüş, bu işə bir məna verəmməmiş,

Göydən bir səs ona səslənib, belə demiş:

Qarşıdakı qaraltı çox böyük bir ağacdır,

İnsana həyat verir, göylərə isə tacdır.

Onun yanındakı da qapqara bir ormandır,

İçindəki qımıldayan Daruqa xandır.

Müqəddəs süd dənizi dağın başındadır,

Cənnətin bağçaları dənizin bağrındadır (Ögəl, 2006, s. 125-126).
D. K. Zeleninin yazdığna görə, onqona soyun, boyun, ailə və fərdin hamisi, qoruyucusu, qoruyucu ruhu, yardımçısı kimi baxılmışdır (Зеленин, 1936, c. 29).

Azərbaycan folklorunda yayğın olan quş motivlərindən biri də dövlət, şahlıq quşu Humayla bağlıdır. Onqon kimi tanınan Humay quşunu “Hüma quşu” da adlandırırlar. H. Tantəkin yazır ki, «Şahlıq quşu surəti xalqın demok­ratik seçki iradəsinin ifadəsi kimi nağıllara daxil olmuşdur. Kimin başına qonarsa, xalq o adamı hakimiyyətə gətirib özünə padşah edir. O, sinfi mənsu­biyyətindən, cinsindən asılı olmayaraq hər kəsin başına qona bilir» (Tantəkin, 2004, s. 59). M.Təhmasibin yazdığına görə, «bu quşun kölgəsi bəxtiyarlıq və səadət rəmzidir. Onun kölgəsi kimin başı üzərinə düşərsə, o, dünyada mütləq ən bəxtiyar adam olur. Bunun nəticəsi olaraq bu quşun ikinci xüsusiyyəti meydana gəlmişdir. O, kimin başına qonarsa, həmən adam padşah, yəni dövlət, hökumət başçısı olur» (Təhmasib, 2005, s. 15).

Uzun müddət macar ittifaqına başçılıq etmiş kuman türklərinin xanlarının onqonunun qu quşu olduğu barədə də kifayət qədər məlumat vardır. Əldə olan əfsanə və rəvayətlərdən belə aydın olur ki, macarların Arpad sülaləsindən daha öncə hakimiyyətdə olmuş luman mənşəli ilk hökmdar ailəsinin adı Lebedias idi. Bu sözü macarca «lib», yə'ni «qu quşu», «qaz» və ya «ördək», eyni zamanda rusca «lebed», yə'ni «qu quşu» sözləri ilə izah edirlər. Bu izahatdan da cəsarət alaraq macarların ilk xanlarının "qu quşu boyu"ndan olduğunu söyləyirlər (Röhaym, 1954, s. 4).

Konkret olaraq qartala gəlincə, B. Ögəlin də qeyd etdiyi kimi, bu quşdan törəmə ərsatirlərinin başında, şübhəsiz ki, məşhur Şato hökmdarı Li-Ko-yunqun doğuşu haqqındakı əfsanə gəlir. « Şatolar hər iki Göytürk dövləti zamanında Orta Asiyada Bargöl böləsində yaşayırdılar və dövlətin içində mühüm rol oynayırdılar. Çın mənbələrinin də aydın şəkildə göstərdikləri kimi, onlar Göytürklərin bir hissəsi idilər. VIII əsrin ortalanndan sonra Çinin qərbindəki Qansuya və oradan da Çinin şimalındakı Yin-Şan dağlarına köç etmişdilər. Yin-Şan dağlan Sarı çayın dirsəyinin şimalındakı dağlardır. Bu dağlar tarix boyu Orta Asiya ilə Çin arasmda qapı vəzifəsini yerinə yetirmişdir. Bütün Orta Asiya dövlətləri əvvəlcə bu yaylaları ələ keçirir və oradan Çinə yürüşlər edirdilər. Beləliklə, Qobi səhrasının cənubundakı Yin-Şan dağlan onlara səhranı keçəndən sonra dincəlmə imkanı verir və həm də Çinə keçmək üçün bir sıçrayış taxtası vəzifəsini görürdü. Çin də bu təhlükəni gördüyü üçün buraya döyüşkən qövmlər yerləşdirərək, şimaldan gələn təhlükəni önləmək istəmişdir. Şatoların bu dağlara yerləşdinlməsinin başlıca səbəbi budur. Lakin bu dağlara yerləşdirilən türk qövmləri də rahat durmamış və vaxtaşırı Çinin başına bəlalar açmışlar.

X əsrdən sonra Çinin tarixində "Beş sülalə" dövrü başlayır. Bu dövr hələ yaxşı öyrənihnəmişdir. Lakin Çin tarixinin mühüm hissələrindən biridir. Bu beş sülalədən üçünü şatolar qurmuş və idarə etmişlər. İki sülaiəni isə bu qartal yuvasında həyat tapan Li-Ko-unq qurmuşdur… Fövqəladə gözəl atıcı olan Li-Ko-unq bir ağacın altında istirahət edəndə də ağacın yarpaqlarını oxla bir-bir vurub salmağa çətinlik çəkməzdi. Bu xaqanın qartal yuvasında doğulması ilə əlaqədar əfsanə haqqında təəssüf ki, bundan artıq məlumat yoxdur. Yalnızca Çin mənbələrinin kənar bir bucağında "Li-Ko-unqun qartal yuvasında doğulmuş olduğu söylənir" şəklində kiçicik bir qeyd vardır».

B. Ögəl bildirir ki, Xll-Xlll əsrlərdən etibarən Şatolar «ongut» və ya «ağ tatar» adı ilə yenidon ortaya çıxırlar. Bunların rəislərindən Ala Quş Təginin Çingiz xan dövlətinin qurulmasında böyük xidmətləri olmuşdur. Ala Quş Təginin oğulları Ay Buka kimi tərtəmiz, təhrifsiz türk adları daşıyırdılar (Ögəl B., 2006, s. 581-583).

Bənzər əfsanə bu gün macarların subetnik tərkib hissəsi kimi çıxış edən, mənşəcə türk olan və özünü türk hesab edən, Herodotun e.ə. V əsrdə haqlarında «skolot» və ya «Qara dəniz skifləri» kimi söz açdığı sekellərdə də qeydə alınməşdər. Söhbət tarixə sekellərin və ümumilikdə macarların ilk hökmdarı kimi düşən və macar qövmünün və birliyinin meydana gətirilməsində birinci dərəcədə rolu olan Arpad xan və atası Almosla bağlı əfsanədən gedir. Onlarla bağlı əfsanədə deyilir ki, Macar xanı Almosun atası Ügək müqəddəs kitabların yazdığı əfsanəvi hökmdar Məcucun (Maqoqun) nəslindən idi. Bu xan skiflər ölkəsinə uzun müddət xaqanlıq etmiş və soylu-köklü hökmdarlar içərisində ad-san qazanmışdı. Dentumoer adlı bir yerdə yaşayırdı. Eynedbuelianusların rəisi olan bir qəbilə başçısının qızı ilə evlənmişdi. Bu qızın adı da Emesu idi. Ügək xanın bu qızdan Almos adlı bir oğlu ohnuşdur. Bu uşağa Almos adının verilməsinin səbəbi də müqəddəs və fövqəlbəşər bir doğumla dünyaya gəlmiş olması idi. Almosun anası hələ uşağına hamilə qalmadan yuxusunda bir doğan (şahin) görmüşdü. Bu quş qadının ətrafında uçaraq dolaşmış, sonra isə bətninə girmişdir. Bir müddət sonra qadın hamilə olduğunu başa düşmüşdür. Ayı və günü tamam olduqdan sonra uşağını doğmuşdur. Lakin uşaq doğulanda fövqəladə hadisələr baş vermişdir. Qadının qarnından sellər boşalaraq coşğun şəlaiələr kimi axmağa başlamışdır. Bunu eşidənlər böyük və müzəffər bir hökındarın doğulduğunu müjdələmişlər. Gerçəkdən də, uşaq böyüyəndə, hamının ümid etdiyi kimi xaqan olmuşdur.

Sekellərdən toplanmış bu əfsanənin ən qədim variantına Herodotda rast gəlirik. Əfsanənin bilavasitə sekellərdən toplanmış variantını Herodot variantından fərqləndirən əsas cəhət birincidə xristianlıqdan gələn bəzi alıntıların olmasıdır.

Bənzər əfsanə qırğız türklərində də vardır və həmin əfsanəni sekel əfsanəsinin bir variantı saymaq da olar. Əfsanədə deyildiyinə görə, «bir qırğız qəbiləsinin bir əcdadı, onun da üç arvadı var imiş. Bu üç qadından ən kiçiyi gecə yatarkən bir yuxu görmüşdür. Çadıra bir ov doğanı (şahini) gəlmiş və qadının yatağının ətrafmda uçaraq dolaşmışdır. Sonra da necə olmuşsa, qadın uşağa qalmışdır. Bu qırğız qəbiləsini idarə edən rəislərin hamısı bu kiçik qadının soyundan törəmişlər» (Зеленин ДК., 1936, s. 162).

Yakut türklərindən toplanmış bir mifoloji süjet də çox maraqlıdır. Bu süjeti maraqlı edən onun əsasında duran əski inancla və təbii ki, onqon quş surətidir.

Yakut türklərinin inamlarına görə, «şamanlar yer üzünə bir qartal tərəflndən gətirilirdilər. Onlara görə, şaman olacaq bir uşağın ruhu uşaq hələ doğulmamış bir qartal tərəfindən yeyilirdi. Bu ruhu yeyən qartal bundan sonra günəşli bir bölgəyə köçürdü. Ortası böyük bir çayırlıqla örtülü olan bu bölgədə günəşin işıqları solmaz və həm işə parıl-parıl parlarmış. İnəklərin ilk dəfə südə gəldiyi yer də həmən bu meydan imiş. Çayırın lap ortasında isə qırmızı bir şam ilə, gürgən və ya bir qayın ağacı vardı. Qartal elə bu ağacın üstünə qonur, buradakı yuvasında yumurtlayandan sonra gedirdi. Yumurta bir vaxt ağacın üstündə qaldıqdan sonra yarılır və içindən bir uşaq çıxırdı. Ağacın altmda da bir beşik vardı. Uşaq yumurtadan çıxan kimi, dərhal beşiyin içinə düşür və orada böyüməyə başlayırmış. Yakutların inamına görə, xeyirxah şamanlar qırmızı şam üzərindəki yumurtadan, bədxah şamanlar isə gürgən ağacı üzərindəki yumurtadan çıxırmış. Yumurtadan çıxan bu şamanlar, təbii olaraq həyatları boyu qartal anaları tərəflndən qorunurmuşlar. Bu qartal onların hər işinə böyük kömək göstərirmiş».


Yüklə 318,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə