Söhrab sipehri



Yüklə 159,67 Kb.
tarix24.12.2017
ölçüsü159,67 Kb.

Azərbaycan Respublikası

Mədəniyyət və Turizm Nazirliyi
« 525 КИТАБ » серийасы

Мишел Уелбек


Саь галма



Есселяр, шеирляр

Bakı – Mütərcim – 2010



Azərbaycan Respublikası

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə
«525-ъи гязет»ин «525 Китаб» серийасы

«Дцнйа ядябиййаты» дярэисинин техники иштиракы иля


Tərcümə edənlər: Səlim Babullaoğlu,

Adil Mirseyid,

Pərviz Yusif

Серийанын рящбяри: Ряшад Мяъид,

«525-ъи гязет»ин баш редактору,

Азярбайъан Йазычылар Бирлийинин катиби

Серийанын тяртибчиси

вя редактору: Сялим Бабуллаоьлу

«Дцнйа ядябиййаты» дярэисинин

баш редактору

Няшрин редактору: Ялиш Мирзаллы
Дизайнер: Мятанят Гараханлы

Вяфа Ящмядова

Мишел Уелбек. Саь галма. Есселяр, шеирляр

/ «525 Kитаб» серийасы. – Бакы: Мцтяръим, 2010. – 44 с.

© “525-ci qəzet”, 2010

Mişel Uelbek 1958-ci ilin fevralında anadan olub. 1976-cı ildə Parisə köçür, Milli Aqronomçuluq İnstitutu­na daxil olur və tezliklə orada “Karamazov” adlı ədəbi jur­nal nəşrə başlayır. İlk şeirləri də həmin jurnalda nəşr olunur. Eyni zamanda Lümyer adına Milli Kinema­to­q­rafiya İnstitutunda təhsil alır. 1991-1992-ci illərdə onun iki şeir toplusu və Lavkraft haqqında essesi nəşr olu­­nur. Kitablar ədəbi tənqid tərəfindən heç bir reak­siya gör­­mür. Müəllifin “Mübarizə sahəsinin geniş­lən­­məsi” adlı ilk romanı 1994-cü ildə nəşr olunur və son­radan iki dəfə ekranlaşdırılır. “Elementar hissəcik­lər” romanı 1998-ci ildə Fransanı məşhur “Flammarion” nəş­riyyatın­da çap olu­nur və roman ətrafında böyük qal­maqal yara­nır. Ro­man nüfuzlu “Prix Novembre” ədə­biyyat müka­fa­tı­na la­yiq görülür. Uelbekin “Lansorete”, “Plat­forma”, “Ada­nın imkanları” romanları da qalma­qal­sız ötüşmür. So­nuncu romanı “İnteraliye” ədəbi mü­ka­fatını alır və müəl­li­finə, hələ nəşrindən əvvəl Avro­pa­nın ən iri həcmli qo­norarını qazandırır. Uelbek müasir Avropanın ən maraqlı esse ustalarından da hesab olunur.
Absurd kreativ faktor kimi

“Poetik dilin quruluşu” aldığımız universitet bilikləri çər­­­çivəsində ciddilik meyarına cavab verir; mənim qeydimi tən­qid kimi qəbul eləməyin. “Poetik dilin quruluşu” və “Uca nitq” kitablarının müəllifi, poeziya nəzəriyyəçisi Jan Koen bu qənaətə gəlir ki, hər hansı məlumatın çatdırılmasında isti­fa­­də olunan sadə, prozaik dillə müqayisədə, poeziya dilində ki­­fa­yət qədər fərqli və geniş kənaraçıxmalar mövcuddu. Və poe­ziya bunu özünə nöqsan bilmir. Bu dil daim yersiz epi­tet­­lər­dən istifadə eləyir (Mallarmedə “Bəyaz toran” yaxud ya­xud Rembodakı “Qara ətirlər” və s.). Gerçək məntiqin nə­za­­rətinə tab gətirmir. (Verlendən belə bir misal – “Onu iki, bə­yaz əli­nizlə didib parcalamayın”, burda prozaik ağıl məm­nun – mə­m­­nun qəhqəhə çəkir: nədi, onun üçüncü əli də var?) Poezi­ya dili özündə məntiqi ardıcıllığın olmamasından çə­­­kin­­­­mir (“Ruf xəyala dalmışdı; Vooz yuxu görürdü; otun rən­­­­­gi qaraydı” - bu sətirlər Hüqodandı; Koen onların haq­qın­­­da ara­­­la­rında heç bir məntiqi əlaqə olmayan iki konsta­ta­si­ya de­­yə yazır). O, prozada təkrarçılıq hesab olunan və cid­di qay­­da kimi gözlənilən sözçülükdən zövq alır. Tam yol­ve­ril­­məz hala Federiko Qarsia Lorkanın “İqnasio Sançes Mexiası ağ­la­yarkən” poemasında rast gəlirik, birinci əlli sətirdə “gü­nor­­ta saat beşdə” kəlməsi otuz dəfə təkrarlanır. Öz tezisini təs­­­diq­­­ləmək üçün müəllif, bir sıra poetik və prozaik mətnlərdən müqayisəli statistik təhlil ortaya qoyur. (Həm də nə­zərə almaq lazımdı ki, (və bu əsas göstəricidi) Jan Koenin ədəbi etalonu 19-cu əsrin böyük alimləri olan Pas­terin, Klod Bernarın və Marselen Bertolonun mətnlərinə söy­kə­nir.) Elə həmin metod müəllifə imkan verir ki, roman­tiklərdə normadan kənara çıxmaların klassiklərə nisbətən da­ha çox olduğunu, simvolistlərdə isə buna hər addımbaşı rast gəlindiyini təyin eləsin.. Biz özümüz də təxminən belə dü­şü­nürük, amma hər halda bu məsələnin elmi cəhətdən əsas­­lan­dırılaraq dəqiqliklkə ortaya qoyulması və bir məlu­mat kimi bilmək xoşdu. “Poetik dilin quruluşu” kitabını oxu­­yandan sonra biz bir məsələdə əmin oluruq ki, müəllif poezi­yadakı bəzi tipik kənaraçıxmaları həqiqətən üzə çı­xarda bilib. Bəs bu sapıntılar nə üçün baş verir ? Onların məqsədi nədi?

Həftələrlə açıq dənizdə olan Xristofor Kolumba gəmi heyətinin azuqəsinin yarıdan keçdiyini xəbər verəndə heç yerdə qurunun əlamətləri görünmürdü. Kolumb qərara gəlir ki, qərbə üzməkdə davam eləsin, hərçənd sonra geri qayıt­maq fiziki cəhətdən mümkünsüz olacaqdı. Məhz bu məqam­da macəraçılıq qəhrəmanlığa çevrilir. Jan Koen öz kartlarını hələ ön sözdə açır – onun poeziyanın mahiyyətini dərk elə­mə­yə çalışan baxışları bütün mövcud nəzəriyyə­lərdən fərq­lənir. O, deyir ki, poeziya heç də nəsrə azca musiqilik qat­maq­la (18-ci əsrdə inadla düşünürdülər ki, poetik əsər hök­mən şeir olmalıdı), yaxud açıq fikrə gizlin mənaların əla­və olunmasıyla (marksist interpretasiyası, freydist inter­pre­tasiyası və s.) yaranmır. Ümumiyyətlə, poeziya – proza­dan üstün deyil; poeziya – prozadan aşağı da deyil, o tamam bambaşqadı. “Poetik dilin quruluşu” konstatasiya ilə bitir: poeziya məişət dilinin qarşısında geri çəkilir və get-gedə geri çəkilməkdə davam eləyir. Bu zaman sanki öz-özünə bir nəzəriyyə yaranır: poeziyanın məqsədi maksimal dərəcə­də kənara çıxmalara, yoldan sapmalara, bütün mövcud kom­mu­nikasiya kodlarının gərəksizliyinə müvəffəq olmaqdı. Lakin Jan Koen bu nəzəriyyəni də qəbul eləmir. O, iddia elə­yir ki, hər bir dil özündə intersubyektivlik funksiyası da­şı­yır və bu ba­xımdan poeziya dili istisna deyil; öz dəsti – xət­ti ilə olsa da, hər halda poeziya dünyadan bəhs eləyir – o dün­yadan ki, adam­lar onu bu cür qavrayır. Bax, bu mə­qam­da təd­qi­qat­çılar tələyə düşə bilər, çünki, əgər nor­malardan kənara çıxmalar poeziyanın əsas məqsədi de­yilsə, əgər poe­zi­ya do­ğurdanda dilçilik sahəsində olan axtarışlardan və söz oyu­nun­dan başqa bir nəsnə deyilsə, əgər poeziya doğurdan da öz qarşısına gerçəkliyi başqa dillə ifadə eləmək məqsədi qo­yur­­sa, onda biz bir-birinə dəxli olmayan iki müxtəlif dünya­ya­baxışının şahidi oluruq.

Markiza görüşlərə saat altıya on yeddi dəqiqə iş­ləmiş çıxır; o, bunu yeddiyə iyirmi səkkiz dəqiqə qalmış da elə­yə bilərdi; bu xanım markiza yox, hersoginya da ola bi­lər­­di, və o da görüşə sutkanın həmin vaxtı çıxa bilərdi. Su­yun mo­le­ku­lu iki hidrogen və bir oksigen atomundan ibarət­di. 1995-ci ildə maliyyə transaksiyalarının həcmi kifayət qə­dər artıb. Yerin cazibəsindən çıxmaq üçün uçuş zamanı ra­ke­t çəkisinə düz proporsional dartı qüvvəsini artırmalıdı. Nəs­rin dili mahiyyətcə dəlillər və faktlardan ibarət hansısa müx­təlif müşahidələr sisteminə gətirib çıxarır. Hadisələr əslin­də azaddırlar, olduqca dəqiq təsvir olunublar olaraq meydana gəlir, ancaq orda baş ve­rənlər neytral zaman və neytral mə­kan­da kəsişir. Hər han­sı qiymətləndirmə güdən, yaxud emo­sional aspekt bizim dünyanı görümümüzdə istisna olu­nub. Və bu De­mok­ritin fikrini ideal təcəssüm eləyir: “Şirin və acı, isti və so­yuq, rənglərin müxtəlifliyi – bunlar ha­mısı bi­zim müla­hi­zə­lərimizdən başqa bir şey deyil; atom­lar və boş­luq – yalnız bunlar əsl həqiqətdi”. Şübhəsiz ki, bu ifadə ka­mil­lik baxımından gö­zəl səslənir, ancaq məh­dud­du və bil­mər­­rə məşhur “Gecə­ya­rı­sı məktub”u xatır­ladır, indiki dö­nəm aramızda geniş ya­yı­lan bu əsərin təsirini artıq qırx ildi ona görə hiss eləyirik ki, Demokritin fəlsəfəsinə çox uyğun gə­­lir, “Gecəyarısı mək­­tub”u bəzən hətta elmin fəlsəfi ma­hiy­­­yəti ilə qarışdı­rır­lar, baxmayaraq ki, elm onunla – yüz­il­liklər boyu mövcud ol­sa da belə, – dini düşüncəyə qarşı bir­­gə mübarizə aparmaq üçün müvəqqəti razılaşma bağlayıb.

“Alçaq, səni əzən səma bir qapaq kimi üzərində da­ya­nan zaman...” Bodlerin bütün sətirləri kimi dəhşətli ağır olan bu sətirlər, heç də informasiya ötürülməsi üçün nəzərdə tu­tul­­­ma­yıb. Yalnız səma yox, həm də bütün dünya, həm da­nı­şan kəs, həm onun qəlbi, həm də qulaq asan adam qüssə­dən sı­xılır və tutulur. Poeziya doğulur, poetik coşğu düşüncələrə do­lur.

Jan Koenə görə, poeziyanın məqsədi sonradan bütün hal­larda danılması mümkün olmayan dərin məntiqsiz dil ya­rat­­maqdı. Məlumatlandırıcı dildə mövcud olan nəsə mövcud ol­­maya da bilər, yaxud başqa cür, başqa yerdə və yaxud baş­qa zamanda başqa cürə mövcud ola bilər. Poetik kənara çıx­malar, sap­ma­lar isə əksinə, “sonsuzluq effekti” yarat­mağa meyllidi, bu o deməkdi ki, poeziyanın özünü təsdiq elə­mə məkanı, heç bir etiraz yeri qoymadan bütün dünyanı əha­tə eləyir. Bu ya­naş­ma poeziyanı, bəşərin əzəli və pri­mitiv xü­su­siyyəti olan ah-nalə və ümidsizlik fəryadına ya­xın­laşdırır. Müqayisə, bəl­kə də çox uzaqdan götürülür, ol­sun, çünki həm söz, həm də qışqırıq təbiətcə eyni mahiyyətə ma­likdi. Poeziyada söz­lər daha aydın səslənməyə başlayır, san­ki bu söz­lərin qədim ha­ray yaddaşı oyanır və bu səslən­mə­lərin avazı heç də hə­mişə musiqili olmur. Reallığın bu söz­lərin vasitəsilə ifadəsi öz ibtidai pafosuyla yenidən vahi­mə­li, sar­sıdıcı və cazibəli olur. Lacivərd səma – bu, şüb­hə­siz bö­yük təəssüratdı və bizə görə dəqiq informa­siya­dı. An­caq hava qaralmağa başlayan­da ətrafımızdakı çiçəklər və əş­ya­lar solğun görünür, cizgilər itir və bozdan qaraya yavaş-ya­vaş əri­yir, adama elə gəlir ki, bü­tün dünyada təkdi. Bu onun Yer­dəki həyatının ilk gü­nün­dən indiyə kimi belədi, bu hət­ta onun insan olduğu vaxt­dan da qat-qat əvvəl idi, bu qə­dim­dən də qədim idi, dil hələ çox-çox sonralar yaranacaqdı. Bax, poeziya insana bu cür fövqəladə duyğuları qaytarmağa çalışır. Əlbəttə, bu halda poezi­ya­ya “ifadəçi” dil lazımdı, an­caq dil onun üçün vasitə­di. Jan Koen öz nəzəriyyəsini qısaca belə ifadə edir: “Poezi­ya – məna və ifadələrin nəğməsidi.”

Başa düşmək çətin deyil ki, müəllif, yuxarıdakı fikirdən çı­­xış eləyərək daha bir nəticəyə gəlir: dünyanı dərk eləmə­yin bəzi məqamları elə özü – özlüyündə poeziyadı. Dünya­da­­­kı hər mənada olan sərhədləri aradan götürməiə bacaran və onu bircinsli bölünməz tama çevirə bilən düşüncə və əməl­­­lər poeziya gücünə malikdi (məsələn, duman kimi, to­ran kimi). Bəzən hansısa predemetlər, özlüyündə poetik ca­zibəsi olmasa da belə şeiriyyət doğura bilər, bunlar sadəcə öz iş­tirakıyla məkan və zamanın sərhədlərini unutdurmağa məc­­bur eləyir, xüsusi psixoloji ovqat təlqin eləyir (və etiraf elə­­yək ki, okean, üfüqdəki gəmilər, xarabalıqlar haqda fərdi tə­­xəy­­yülə əsaslanan saysız-hesabsız müəllifli diskurslar ki­fa­­yət qədər təsirli və tərifə layiqdi). Poeziya – təkcə başqa cür dil deyil, həm də başqa cür baxışdı, xarici aləmi və bu aləm­­dəki hər bir şeyi başqa gözlə görmək bacarığıdı (ilana ox­şa­yan avtostradalar, çiçəyə oxşayan dayanacaqlar). Jan Koe­nin kitabı bu mərhələdə linqvistik çərçivədən çıxır və birba­şa fəlsəfi açılımlara üz tutur.

Hər türlü qavrama prinsipi iki hədd – obyekt və subyekt, həm­­çinin obyekt və xarici aləm arasında olanlara əsaslanır. Və hər cür fəlsəfənin mahiyyəti bu iki həddi hansı dəqiqliklə xa­rak­terizə eləyə bilməsi ilə təyin olunur – prinsip belədi, ona görə də bütün mövcud fəlsəfə məktəblərini inamla iki ye­­rə ayırmaq olar. Poeziya, Jan Koenin təbirincə desək, həd­ləri tamamən silməyə can atır: obyekt, subyekt, xarici aləm bir­ləşib vahid nəsnə olur, uca lirik bütövlük təşkil elə­yir. An­caq Demokritin fəlsəfəsi isə əksinə, hər iki həddə mak­si­mal aydınlıq gətirir (avqust günortası ağ daşları yan­dıran göz­qamaşdırıcı günəş şüası kimi: “atomlar və boş­luqdan savayı heç nə yoxdu”).

Bütün bu mülahizələr elə təəssürat yaradır ki, artıq işə ət­raf­lı baxılıb verdikt qəbul olunub və poeziya, məntiqi dü­şün­cədən əvvəlki, daha çox ibtidai və uşaq təfəkkürnü an­dı­ran ən qədimdən qalma sevimli və cazibəli nəsnə kimi ta­nı­nır. Ancaq bir problem var: Demokritin fəlsəfəsi müəyyən vaxtdan sonra əsassız sayılmağa başladı. Dəqiq desək, 20-ci əsr fiziklərinin dahi kəşfləriylə qəti bir araya sığmırdı, bö­yük ziddiyyətlər təşkil eləyirdi. Axı, kvant mexanikası mate­ria­list fəlsəfənin mümkünlüyünü inkar eləyir və bizi köklü surət­də obyekt, subyekt və xarici aləm arasındakı sərhədlərə, hü­dudlara yenidən baxmağa məcbur eləyir.

1927-ci ildə Nils Bor artıq sonralar “Kopenhagen yozu­mu” adlanacaq bir təkliflə çıxış elədi. Üzücü və hardasa hət­ta əvəzsiz güzəştlərə başa gələn “Kopenhagen yozumu”, ölç­­mə prosesində ölçü cihazları üçün xüsusi əhəmiyyət kəsb elə­­yirdi. Heyzenzenberqin qeyri-müəyyənlik prinsipi ilə tam uy­ğun olan dərkeləmə aktı indi yeni əsas üzərində quru­lur­du: mövcud fiziki sistemin bütün parametrlərini eyni vaxt­da də­qiqliklə niyə ölçmək olmaz? Yalnız ona görə yox ki, bu pa­rametrlər “ölçmək qaydalaranı pozur”. Əsas məsələ bu­du ki, ölçülmə prosesindən kənarda onlar ümumiyyətlə möv­cud de­yil. Beləliklə, həmin parametrlərin əvvəlki vəziy­yətindən danış­maq əhəmiyyətsiz məsələyə çevrilir. “Kopen­ha­gen yo­zumu” elmi idrakın qavranılması mexanizmini bir növ qəbul eləmir, əvəzində bizə “müşahidə eləyən və müşa­hi­də olu­nan” tərəfli fərziyyəyə əsaslanan bir dünya təklif elə­yir. Be­lə yanaşma bütünlükdə elmi fəaliyyətin yekunlarını, in­san­lar ara­sında sadəcə kommunikasiya vasitəsindən başqa bir şeyə çe­virməkdən uzağa getməyib, Nils Borun özünün de­diyi ki­mi “adamlar müşahidə elədiklərini və bildiklərini öz arala­rın­da mübadilə eləyirlər.”

Ümumiyyətlə, iyirminci əsrin fizikləri “Kopenhagen yo­zu­mu”na sadiq qaldılar, baxmayaraq ki, buna görə onların hə­yatı bir çox çətinliklə üzləşirdi. Əgər gündəlik elmi-təd­qiqi işlərində uğur qazanmaq istəyirsənsə, onda məlum mə­sə­lədi ki, buna görə möhkəm pozitivist mövqedə dayanıb özü­­nü belə ifadə eləməlisən: “ Bizim işimiz – müxtəlif elm adam­­larının müşahidələrini bir yerə yığmaq və bunları müəy­­­­­yən olunmuş qayda-qanunlara uyğunlaşırmaq, əlaqə­lən­­­­­­dir­məkdən ibarətdi. Gerçəklik məfhumu bizi maraqlan­dır­­mır, çünki bu məfhum elmi anlayış deyil”. Hər halda, yə­qin ki, sənin tərəfindən işlənib hazırlanmış nəzəriyyənin çə­tin izahlı, aydın olmayan dili haqda düşünəndə özünə də xoş gəlmir.

Və bu vaxt adamın ağlına qəribə assosiasiyalar gəlir. Çoxdandı mənim təəccüblə izlədiyim bir məqam var – fizik­lə­rin jurnalistlərə verdiyi müxtəlif səpkili müsahibə­lə­rin­də, söhbətlərində, Hilbert məkanları, Ermitin operatorları yaxud başqa bir məsələ haqda dərc elədikləri məqalələrdə poeziya dilini dönə-dönə tərifləyirlər. Dedektiv roman yox, hansısa şə­­bə­də yox, onları həyəcanlandıran və maraqlandıran məhz poeziyadı. Jan Koeni oxumayınca, mən də bunu hec cür başa düşə bilmirdim.

Onun poetikasıyla tanış olandan sonra başa düşdüm ki, biz poeziyanı oxuyanda “nəsə” baş verir və bu “nəsə” Nils Borun kəşfi ilə bağlıdı.

Kvant nəzəriyyəsinin meydana gəlməsindən sonra yara­nan konseptual fəlakət mənzərəsi qarşısında, indi bəzən hansısa ye­ni dil, yeni məntiq, yaxud hər ikisini birdən ya­ratmaq fikir­ləri irəli sürülür. Aydın məsələdi ki, əvvəlki dil və əv­vəlki məntiq kvantlaşmış Kainatı anlamaq üçün ya­rar­lı deyil. An­caq Bor bununla razılaşmırdı. Poeziya, Bor de­­yir­di, bax, məhz ənənəvi dildə işlədilən, təcrübədən keçi­rilən və yol veri­lən ziddiyyətlər, onun sərhədlərini aş­ma­ğa kömək eləyir. Nils Borun tətbiq elədiyi tamamlayıcı prin­sip bir növ zid­diy­yətləri məharətlə idarə eləmək vasitə­si­di: bizə dünya­ya bax­maqda bir-birini tamamlayan iki sinxron ba­­xış təqdim olu­nur. Bunlardan hər birini ayrıca götürsək, bəl­kə də aydın və səlis dillə ifadə olunur, ancaq həm də ayrıca ya­naş­maq yan­­lışlığa gətirir. Bu baxışların birgə iştirakı isə ağıl tərə­fin­dən çətinliklə qəbul olunsa da yeni situasiya yara­dır, yalnız bu “mənasız” konsepsiya ilə barışan­dan sonra, bi­zim dünya haqqındakı təsəvvürlərimiz daha dü­rüst olur. Jan Koen öz tərəfindən təsdiq eləyir ki, dilin absurd­luğu poeziya üçün əsas məqsəd deyil. Poeziya dildəki səbəb – məqsəd bağlı­­lı­ğı­nı qırır, o daim partlayış təhlükəsi olan absurdla oy­na­sa da, ab­surd­­luğa aparıb çıxartmır. Poeziya – yaradıcı güclə yoğ­rul­muş absurddu, o əsrarəngiz, amma min rəng – min çalar, də­rin və təlatümlü qəlbimizi yeni yaradıcı mənalarla yüklə­yir.


Tərcümə edən: Pərviz Yusif

Sağ qalma

Elm xatirinə elm axtarmayın. Bilavasitə hissiyyatdan gəl­mə­yən hər nə varsa, poeziyada onun dəyəri sıfıra bəra­bər­dir (əlbəttə, hissiyyat sözünü geniş mənada anlamaq la­zım­dır, hisslər bəzən xoşagələn, bəzən xoşagəlməz olur və bu hisslərin toqquşması adətən qəribəlik təzahürü yaradır).

Yalnız hisslər vasitəsilə nəsnəni (yaxud hər hansı bir şeyi) öz içindən keçirib özününküləşdirmək mümkündür. Bu duyğunu ifadə etmək poeziyanın vəzifəsidir.

Poeziyanın və fəlsəfənin məqsəd oxşarlığı onların gizli bir­liyindədir. Poeziyanın vəzifəsi heç də fəlsəfi şeirlər yaz­maq deyil, poeziya özünəməxsus, sırf intuitiv yolla, əqli kons­truksiyalar filtrindən yan keçərək dünyanı yenidən kəşf et­mək səlahiyyətinə malikdir. Fəlsəfəni şeirlə ifadə etmək cəh­dindən hər vəchlə qaçmaq lazımdır, bu əksər hallarda za­vallı surroqat olacaq. Bununla belə, yeni çağdaş fəlsəfə məhz şairlərin simasında özünün ən ciddi, ən diqqətli və həs­­sas oxucularını tapır. Eləcə filosoflar da, daha dəqiq de­sək, onlardan bəziləri poeziyanın bətnində gizlənmiş həqi­qə­ti işığa çıxarmaq, anlamaq, dərk etmək səviyyəsindədir. Poezi­­ya filosoflara yeniləşmiş dünya haqqında bilavasitə və da­ha artıq material verə bilər, canlı material.

Filosoflara sayğı ilə yanaşın, amma onları yamsılama­yı­n, zira sizin yolunuz başqadı. Bu yol nevrozdan ayrı de­yil. Poeziya ilə nevrozun yolları son mərhələdə bir-birilə kə­sişir - poetik axın zatən və mütləq nevroz axınına qarışıb əri­yir. Amma sizinçün seçim yoxdur. Başqa yol da yoxdu.

Təngə gətirən ideyalarla və daxili durumunuzla bağlı mütə­madi iş bir gün axırınıza çıxacaq, qəlbinizi şübhələr di­də­cək, süstlük, ölgünlük sizi canlı xarabaya çevirəcək. Am­ma bir daha təkrar edirəm, başqa yol yoxdu. Siz kritik nöq­təyə çatmalısınız. Ölümlə cəngə girib, üzüqoyulu qara torpa­ğa düşənə qədər beş-on şeir yazmalısınız. Bir anda sizin qar­şı­nız­da yeni üfüqlər açılacaq. Bütün böyük ehtiraslar son­suz­luğa gedib çıxır.

Məhəbbət bütün problemləri həll etdiyi kimi, böyük eh­tiras da əvvəl-axır, gec-tez həqiqət sahəsinə daxil olur. Bu sa­hə əzablı sahədi, amma baxışlar, görmə qabiliyyəti itiləşir. Or­da əşyalar öz ilkin saflığında, həqiqət şəffaflığında görü­nür.

Xeyirin, Həqiqətin və Gözəlliyin zəfər çalacağına ina­nın.

Yaşadığınız cəmiyyətin məqsədi sizi məhv etməkdir. Siz cəmiyyətlə döyüşməyə hazırsınız. Onun silahı biganəlik­sə, siz biganə qala bilməzsiniz. Deməli, hücuma keçin!

İstənilən bir cəmiyyətin həssas yeri, öz ağrı nöqtələri var. Onları tapın və o ağrı nöqtələrinə bacardığınız qədər bərk basın.

Adamların qulaq asmaq istədikləri mövzulara girişin. Cə­miy­yətin çirkinliklərinə, yaralarına, xəstəliklərinə toxu­nun. Ölümdən və unudulmaqdan təkidlə söz açın. Qısqanc­lıq­dan, biganəlikdən, uğursuz sevgilərdən yazın. Mənfur və aman­sız olun, siz gerçəksiniz.

Heç bir təşkilata girməyin, ya da hər hansı bir təşkilata da­xil olun, sonra isə tezliklə oradan çıxın. Heç bir ictimai fikir sizi uzun müddət cəlb etməməlidir. Uzun müddət həm­fi­­kir­ləri ilə mübarizə aparmaq adamı xoşbəxt edir, fəqət, bu si­­zə lazım deyil. Sizin istədiyiniz, axtardığınız – bədbəx­t­lik­dir. Sizin tərəfdən görünən həyat qaranlıqdır.

Sizin vəzifəniz hansısa bir yol göstərmək, yeni nəzəriy­yə­lər qurmaq deyil. Əgər bunu edə bilirsinizsə, edin. Əgər tə­­rəd­düd edirsinizsə, həllolunmaz məsələlərə gəlib çıxır­sı­nız­­­sa, bunu açıqca söyləyin. Çünki sizin əsas vəzifəniz hə­qi­­qəti axtarıb üzə çıxarmaqdır. Siz həm qəbirqazansınız, həm ölü. Siz cəmiyyətin bəndəsisiniz. Və elə siz də ona ca­vab­deh­siniz, hamınız cavab verməli olacaqsınız. Siz torpaq ye­yəcəksiniz, əclaflar!

Siz günah və günahsızlıq parametrlərini müəyyən­ləşdir­mə­lisiniz. Əvvəlcə özünüz üçün, bu sizə oriyentirlər verər. Son­ra başqaları üçün. Onların hərəkətlərini və günahı yum­şal­da biləcək şəraiti öyrənin, sonra tam ehtirassız, hissə qa­pıl­­ma­dan mühakimə edin, amma nə özünüzə, nə də baş­qa­la­rına rəhm etməyin.

Siz zənginsiniz. Bilirsiniz ki, bu dünyada xeyir və şər möv­cuddur. Heç vaxt onları bir-birinə qarışdırmayın: tole­rant­­lığa qapılmağı özünüzə rəva görməyin – bu, kədərli qoca­lıq əlamətidir.

Poeziya dəyişməz, əbədi əxlaq həqiqətlərini təsdiqlə­mək gücünə malikdir. Bunun dışında olanlara bütün qəlbi­niz­lə nifrət etməlisiniz.

Həqiqət qalmaqallıdır. Amma bunsuz bir şey əldə et­mək mümkünsüzdür.

Dünyanın sadəlövh və gerçək şəkli – bu özü artıq sənət in­­cisi­dir. Bu tələbin işığında orijinallıq çox da önəmli deyil. Onun qayğısına qalmayın. Orijinallıq özünü sizin çatışmaz­lıq­­larınızın cəmində mütləq büruzə verəcək. Sizin vəzifəniz, sa­dəcə, həqiqəti söyləməkdir, vəssalam.

Yaşadığımız dünyanı və həqiqəti eyni zamanda sevmək müm­kün deyil. Siz artıq öz seçiminizi etmisiniz. İndi əsas mə­­sələ seçiminizdən geri dönməməkdir. Sizi təslim olma­ma­­ğa səsləyirəm. Ona görə yox ki, sizin nəyəsə ümid bəslə­mə­­yə şansınız var, xeyr, əksinə, sizə xəbərdarlıq edirəm, siz çox tənha olacaqsınız. Adamlar həyata uyğunlaşırlar, yoxsa ölər­lər. Siz canlı intiharçısınız.

Həqiqətə yaxınlaşdıqca, sizin tənhalığınız daha da bü­töv­lə­şəcək, tamamlanacaq. Əzəmətli, amma boş bir qəsr, ad­dım səsləriniz, əks-səda verən boş otaqlarda dolanırsınız. Ha­va təmiz və donuqdur, sanki hər şey daşlaşıb. Hərdən göz­lə­riniz dolur, sizi ağlamaq tutur. Geri dönmək istəyir­sin­iz, amma qəlbinizin dərinliyində bilirsiniz ki, artıq çox gec­dir, geriyə yol yoxdur.

Qorxmayın, davam edin. Ən çətini arxada qalıb. Əlbət­tə, hələ həyat sizi incidəcək, amma onunla sizi indi çox az şey bağlayır. Unutmayın ki, sız artıq ölmüsünüz. İndi siz əbə­­diy­­yətlə təkbətək qalmısınız.
Tərcümə edən: Adil Mirseyid

Sadələşmiş hesablar
Çaşqınlığın astasında” kitabından

Sosiumun fəaliyyətinin Birləşmiş Ştatlarda xeyli irə­liləmiş rəqəmli ölçülərə, göstəricilərə köçürülməsi işi Qər­bi Avropada olduqca gec başladı ki, Marsel Prustun romanları da buna şahidlik edir. Bəzi peşələrə (kilsəyə xid­mətə, müəl­lim­liyə) üs­tün, ya da rüsvayçı (reklama, fahi­şəliyə) məna ve­rən xurafatın da­ğıl­ması üçün uzun onil­liklər lazım gəldi. Bu pro­ses həmən bitən kimi sadə ədədi para­metrlərdən – illik gəlir və çalışılan iş saatlarının sa­yından istifadə et­məklə so­sial statusların dəqiq iyerar­xiyasını müəyyən­ləş­dir­mək müm­kün oldu. Hətta məhəb­bətdən danışsaq, seksual seçi­min krite­ri­ya­­ları belə uzun müddət sırf subyektiv,heç nə ilə təs­diq olun­mamış təəs­süratlara əsas­lanırdı. Və bu dəfə də ye­ni, cid­di və dəyişməz standartların işlənib hazırlanması işi­nə Bir­ləş­miş Ştatlarda baş­lanıldı. Əvvəl pornosənayedə, son­ra isə qadın jurnal­larında özünü büruzə verən yeni qiy­mətləndirmə sis­temləri elementar, obyektiv yoxlanılması mümkün göstə­ri­­ci­lərə (qadınlarda – boy, yaş, bel ölçülərinə və sairəyə; kişi­lər­də – yenə bunlara və sairəyə) əsaslanırdı. Əgər sosial iyerar­xi­ya­nın bu cür sadələşdirilməsi mübahisə doğuran müqavi­mət­lə (deyək ki, “sosial ədalət”i müdafiə hərəkatı ilə) üzləş­di­sə, təbiətə daha yaxın yeni erotik iyerar­xi­ya cəmiyyətdə daha tez möhkəm­ləndi. Belə mürəkkəb ol­ma­yan rəqəmli göstəricilərlə özlə­rini daha asan qiymətlən­dir­mək imkanı qazanan, belə­liklə də düşüncənin sürətli və rahat axınına ma­ne olan varlıq prob­lemlərindən azad olaraq Qərb insanla­rı-hər ehtimala qarşı gənclər deyək-cəmiyyətdə irimiqyaslı iqtisadi, psi­xo­loji və sosial dəyişikliklərə səbəb olan yeni texno­logiyalara daha tez uyğunlaşmağa başladılar.


Tərcümə edən: Səlim Babullaoğlu


Ticari stellajlar düzəltməli

Budur, müasir memarlıq öz qarşısına “total hiper­mar­ket üçün piştaxtalar və şöbələr düzəltmək” adlan­dıra bilə­cəyimiz xəlvəti məqsədlər qoyur. O bu məqsədlərə necə nail olur? Əvvəla estetika və zövq məsələsində o öz idealın­dan-etajerka və rəfdən bir addım belə geri çəkilmir, sonra isə o sa­dəcə şümal, ya da az nahamar səthli materiallardan-me­tal, plastik və ya şüşədən istifadə etməyə üstünlük verir. Üs­tə­gəl, parıltılı və əks etmə qabiliyyəti olan səthlərin istifa­dəsi də malların sərgiləndiyi stend və lövhələrin sayını da lazımınca çoxaldır. Ümumiyyətlə, söhbət formaca müxtəlif, am­ma eyni qədər simasız və hökmən mütəhərrik konstruk­si­ya­ların yaradılmasından gedir (interyerlərin tərtibatında da ey­ni tendensiya müşahidə olunur, yaşadığımız əsrin son illə­rində mənzillərin təchizatı deyəndə isə ilk növbədə divar­la­rın sökülməsi, onların sonradan gərək deyil deyə heç kəsin sü­rüş­dürməyəcəyi hərəkət edən arakəsmələrlə əvəz olun­ması nəzərdə tutulur ki, burda vacib olan yerdəyişmə imka­nı­nın yaradılmasıdır, deməli azadlığın yeni səviyyəsi əldə olu­nub və tərtibatın dəyişməz elementlərindən can qur­tar­maq mümkün olub: özü də divarlar ağ, mebel şəffaf olma­lı­dı). Cəmiyyətin fəaliyyətinin doğurduğu və mahiyyətcə bu fəaliy­yətin tərkib hissəsi olan informativ-reklam xarakterli xə­bər­lərin göz qabağında və azad yerləşdirilməsinə imkan ve­­rən neytral məkanlar yaradılır. Çünki Defans göydələn­lə­rin­dəki qulluqçu və mütəxəssislərin istehsal etdikləri, konk­ret desək, heç nədir. Maddi nemətlərin istehsalı prosesinin özü isə onlar üçün qırxıncı otaqdakı sirr kimi bir şeydir. Dün­yadakı bütün əşyaları, predmet və xəbərləri onlar yalnız rəq­əmlərdən tanıyırlar. Bu rəqəmlər statistika və hesabla­ma­lar üçün xammala çevrilir, onların əsasında modellər quru­lur, la­yihələr cızılır və nəhayət hər hansı qərar qəbul edilir və ictimai informasiya sahəsinə yeni məlumatlar atılır. Belə­lik­­lə də diri dünya cansız rəqəm dəsti, real dünya sxem və qra­f­ik­lərlə əvəzlənir. Və binalar onları dolduran çoxtə­yi­natlı, si­masız, asanlıqla hissələrə bölünən, sonradan yeni bü­töv­lər for­malaşdıran sonsuz xəbər axınının daşqınına mə­ruz qalır. On­­lar hər hansı müstəqil mahiyyət kəsb edə və ab-hava ya­ra­da bilməz. Onlar gözəlliyə, poetikliyə, hər hansı in­­di­vi­dual xüsusiyyətə də malik ola bilməz. Yalnız belə, də­yiş­məz və səciyyəvi keyfiyyətlərin olmaması ilə onlar də­yiş­kən­liyin son­suz dalğasını qəbul edə bilərlər.

Özlərinin dəyişmək, hər şeyə uyğunlaşmaq, hər cürə yeniliyə həssaslıq kimi keyfiyyətləri ilə müasir qulluqçular ey­ni simasızlaşma prosesinə məruz qalırlar. Dəb olan ən ye­ni ixtisasdəyişmə kursları hər hansı emosional və intel­lek­tual stabillikdən məhrum sonsuz sayda dəyişkən şəxs­lə­rin yetişdirilməsini qarşısına məqsəd qoyub. Şəxsiyyətin mən­şəyi, vərdişləri və sabit davranış qaydaları möhürünü vuran məhdudiyyətlərdən azad olan müasir insan özünün mü­badilə dəyərinin həmən bildirildiyi ticari sazişlərin ümum­dünya sistemində yerini tutmağa hazırdır.
Tərcümə edən: Səlim Babullaoğlu

Donmuş hərəkətin poeziyası

Altmış səkkizin mayında on yaşım vardı, şarlarla oyna­yır, küçük Pif haqqında gülməcələr oxuyurdum - gözəl hə­yat­dı. «Altmış səkkizinci il hadisələri» ilə bağlı yeganə, am­ma olduqca parlaq bir xatirəm var. Xalaoğlum Jan-Pyer, Ren­­si liseyinin sonuncu sinfində oxuyurdu o vaxt. O vaxt mə­nə elə gəlirdi (sonrakı təcrübəm bu hissimi təsdiqlədi, üs­tə­gəl, üzücü seksual təəssüratla da təzələndi) ki, lisey- gələ­cəkdə özlərinə peşəkar karyera qurmaq üçün çətin dərsləri var-gücləri ilə əzbər öyrənən yekə oğlanlarla dolu, dəhşət do­ğuran nəhəng yer deməkdi. Bir cümə günü, xatirimdə de­yil, necəsə oldu xalamla birlikdə liseyə, xalaoğlumun dalın­ca getdik. O gün Rensi liseyində müddətsiz tətil elan olun­muş­­­du. Mənim gözləntimə görə çoxlu işgüzar oğlanlarla do­lu ol­malı olan həyət bomboşdu. Məşğuliyyətsiz qalmış müəl­­lim­lər hənd­­bol meydançasının qapıları arasında gəzi­şir­di­lər. Ya­dım­da­dı, xalam heç olmasa nəsə bir şey öyrənənə qə­dər mən də bir neçə dəqiqə həmin həyətdə gəzişdim. Də­rin bir sükut, xoş bir saiktlik hökm sürürdü orda. Bu çox gözəldi.

Səksən altıncı ilin dekabrında Avinyondakı vağzalda idim. Mülayim hava vardı. Şəxsi həyatımda, danışsam darıx­dı­rıcı görünə biləcək uğursuzluq ucbatından Parisə ge­dən sü­rət qatarına minməyim vacibdi, hər halda belə fikirlə­şir­­dim. Bilmirdim ki, ölkənin bütün dəmir yolu şəbəkəsində tə­til başlayıb. Alnıma yazılmış hadisə ardıcıllığı - seksual kon­­takt, məcara, yorğunluq bir andaca pozuldu. İki saat adam­­­­­sız vağzal rəsminə baxaraq oturacaqdan durmadım. Sü­­­­rət qatarlarının vaqonları ehtiyat yollarda dayanmışdılar. Ada­ma elə gəlirdi ki, onlar artıq uzun illərdi burdadı və heç vaxt da dəmir yol relsləriylə hərəkət eləməyiblər. Sadə­cə olaraq özləri üçün hərəkətsiz dayanıblar, vəssalam. Sərni­şin­lər pıçıltılı səslə yenilikləri bölüşür, səhnə hüzn və tərəd­düd saçırdı. Bu müharibə və qərb dünyasının sonu da ola bilərdi.

«Altmış səkkizinci il hadisələri»ni yaxından izləyən adam­lardan bir neçəsi sonradan mənə danışırdılar ki, hər şe­yin mümkün göründüyü çox gözəl vaxtlardı, çünki bir-birini tanı­ma­yan insanlar belə küçələrdə söhbətləşirdilər – mən onlara inanı­ram. Başqaları qatarların işləmədiyini, benzin tap­maq müm­kün olmadığını xatırlayırlar, Mən onları da haq­lı saymağa ha­zıram. Bütün bu söhbətlərdə bir eynilik var: əksəriyyəti eh­ti­va edən, nəhəng bir mexanizm möcüzə nəticəsində bir ne­çə günlük dayanmışdı. Bir kövrəklik, na­mə­lumluq peyda ol­muşdu. Hər bir şey havadan asılı vəziy­yət­də donmuşdu, öl­kəyə bir dinclik çökmüşdü. Sonra isə təbii, ictimai mexa­nizm yenə işə düşdü, daha böyük sürətlə, daha da amansız­casına (altmış səkkizin mayı yalnız onun acgözlüyünü məhdulaşdıran bəzi mənəvi dayaqları sıradan çı­xar­mışdı) başladı. Amma hər halda hansısa bir sükut, qətiy­yət­sizlik, metafizik naməlumluq məqamı yaşandı.

Görünür, bu səbəblərdən, əsəbiliyin ilk dalğası ötüb ke­çən­­də, publikanın informasiya şəbəkəsindəki qəfil nasazlığa reaksiyasını birmənalı olaraq neqativ qiymətləndirmək olmaz. Bu hadisənin oxşarını biletlərin qabaqcadan satışı elek­­tron sisteminin hər dəfə sıradan çıxması zamanı da sez­mək olar. Adamlar yaranmış çətinliklə barışır, hətta kassa­lar­dan telefonla bilet sifariş verməklə, tale tərəfindən texni­ka­dan intiqam almaq şansı verildiyinə görə gizli bir məm­nun­luq hissi keçirdikləri təəssüratı yaranır. Əgər istəsəniz, ey­nən həmin şeyi, hər gün arasında yaşamalı olduqları me­mar­lıq haqqında qəlblərinin dərinliyində adamların nə dü­şün­dük­lərini müəyyənləşdirəndə də görmək olar, xüsusən şə­hər ətrafındakı, altmışıncı illərdə tikilmiş boz, hüznlü məhəl­lələri sökəndə gözlənilməz azadlıq hissindən məst ol­muş kimi adam­ların çılğın, səmimi sevinc hisslərini görən­də. Belə yer­lər­də şər ruhlar var, gedişatını hər gün sü­rət­ləndirən amansız, əzici maşının insana düşmən kəsilmiş şər ruhu. Adamlar bunu hiss edir və onun qovulmasını istə­yir­lər.

Ədəbiyyat hər şeyə alışır, hər şeyə uyğunlaşır, zibillik­lər­də eşələnir, bədbəxtliyin vurduğu yaralara gah sığal çəkir, gah onları qanadır. Hipermarketlər və ultramüasir ofis bina­la­rı arasında paradoksal poeziya - sıxıntı və düşkünlük poezi­­yası doğulur. Bu naşad bir poeziyadır, şad necə olsun, axı. Müasir poeziya nə az-nə çox, elə çağdaş memarlıq kimi hipo­­tetik «Varlıq binası» ucaltmaq üçündür, amma məs­kun­laş­­maq üçün yaradılan məkanların vəzifəsi məqsədinə görə infor­masiyanın işlənməsi infrastrukturlarının vəzifəsindən köklü şəkildə fərqlənir. İnformasiya çöküntüdür, sürətlə ax­maq­da olan zamanın qalıq maddəsidir, plazma kristalla uy­ğun olmadığı kimi, mahiyyətlə uzlaşmır. Qızışma həddinə çat­mış cəmiyyətin partllaması vacib deyil, o əhəmiyyətli bir şey yaratmaq bacarığını itirir, çünki enerjisini özündəki tə­sa­düfi halların informativ təsvirinə sərf edir. Amma hər bir adam bir anlıq özünü informativ-reklam axınından ayırıb fərdi sakit inqilab etmək gücündədir. Bu çox asandı. Bu gün bi­z­im dünyamızın mexaniki ritminə münasibətdə etstetik möv­­­qe tutmaq hətta əvvəlki dövrlərdən daha asandır, yetər ki, kənara bir addım atasan. Hərçənd, sonucda heç addım at­maq­­­da lazım deyil. Ara vermək bəs edər, radionu, televizoru söndürürsən, heç nə almırsan, heç nə almaq istəmirsən də. İş­­tir­akı, bilməyi unudursan, müvəqqəti olaraq istənilən in­for­­ma­siya qəbulunu dayandırırsan. Elə hərfi mənada hərə­kətsiz halda bir neçə saniyə donmaq yetər.


Tərcümə edən: Səlim Babullaoğlu


Шеирляр
O biri platformadakı adam
O biri platformadakı adam

yolun sonundadı. Bunu yaxşı anlayıram.

Mən də heç əvvəldə deyiləm.

Bəs, niyə ona acıyıram?

Niyə məhz ona?
Platformada, düz yanımda iki sevgili var.

Kişi keçəldi deyə saxtadı görünür sevgilər.

Onlar həmin adama baxmırlar,

öpüşürlər.

Onlar ürəkdən əmindilər

iki ayrı dünya var: biri yalnız onlarındı,

biri o adamın,
yolun o tayındakı həmin adamın:

o qalxır,

“Ucuz mallar” dan aldığı əşyalarını yığır,

bu dəfə doğurdan yaxınlaşır yolun sonuna.


Görəsən o bilirmi ki, İsa

bizim xilas eləməkçün gəlmişdi bu dünyaya?


O qalxır,

torbalarını götürür.

Platformanın turniketlərinə qarışır.

Pilləkənli döngədə itib batır.



Liberalizm əleyhinə mübarizənin sonuncu istehkamı

Biz liberalizm düşüncəsindən imtina edirik,

çünki o həyatımızı mənayla doldura bilmir,

fərdin insani adlanacaq cəmiyyətdə

özünəbənzərlərlə dinc yaşayışına

yol göstərmir.

Onun məqsədi heç bu da deyil əslində,

tamam başqadı.


Biz liberalizm düşüncəsindən imtina edirik,

çünki İncilin sosial məramından bəhs edən

XIII Levin fitvası beləydi;

bunu əsas gətirən İncil peyğəmbərləri

hələ o vaxt, daha əvvəl Yerusəlimi lənətlədilər,

onun məhvini istədilər.

Yerusəlim məhv oldu,

və yenidən dirçəlmək üçün dörd min il zaman keçməliydi.


Məlumdu və şübhə doğurmur ki,

hər hansı insan əməli

daha çox

elektrik impulsları kimi təsəvvür etdiyimiz

iqtisadi meyarlardan,

riyazi düsturlardan çıxış edərək dəyərləndirilir.

Bu bizim üçün qəbul edilməzdi, və biz iqtisadiyyatı

tamam başqa, cəsarətlə deyə bilərəm ki, əxlaqi

qanunlara tabe etdirmək üçün mübarizə edəcəyik.
Çünki, üç min adamı işdən atanda

və bunu islahatların sosial dəyəri haqqında

sərsəmləmə ilə əsaslandıranda,

mən,


həmin beş-on auditoru öz əllərimlə boğmaq istəyirəm.

Məncə, insan xislətinə uyğun,

üstəgəl, nəticəsi bir az da gigiyenik mahiyyətli

əsl əməli tədbir və həqiqi islahat da elə məhz bu olardı.


Sanki başqa söz bilmirlər,

Elə bil köhnə zəngli saatdılar -

“Fərdi təşəbbüslərə etibar edin!” deyə

onlar hər künc-bucaqda

öz axmaq hürüşləriylə beynimizi pozurlar

və bu,


hər gün bizim yuxumuzu qaçıran üzücü

dərddən və xəstəlikdən də betərdi.

Mənim onlara heç bir sözüm yoxdu,

olsa-olsa öz təcrübəm əsasında tez-tez təkrarladığım

bəlli fikirlə qanlarını qaraldardım:

Fərdlər (əlbəttə ki, mən insanları, individləri

nəzərdə tuturam) daha çox heyvandılar,

bəzən amansız, bəzən yazıqdılar

və onların təşəbbüslərinə yalnız sərt və aramsız

əxlaqi dəyərlərlə yönəldərək

inanmaq olar-

sanki əlindəki dəyənəkdi, dəyənək.


Bu isə məhz istisnadı.
Liberalizm düşüncəsində, aydındı ki....


Əvvəl məhəbbət olub

Əvvəl məhəbbət olub, ya da məhəbbətə işarə,

çoxmənalı sözlər, eyhamlar, lətifələr;
Sakit bir müəssisəyə

ilk yürüş olub sonra,

vaxt orda sanki getmirdi,

günlər bir-birinə bənzəyirdi.


Unutmağa cəhd vardı, yarımçıq unutqanlıq vardı, qaçış vardı.

Yaxud qaçışa eyhamlı çağırış.

Sən gecə uzunu çarpayıda uzanardın,

sanki uşaqdın,

yata bilməzdin, yuxun gəlməzdi,

zülmət qaranlıqda

öz səsini eşıdərdın:

dişin dişinə dəyərdi.


Sonra rəqs xəstəliyinə tutuldun,

o biri həyatında

Ay işığı altında

hökmən bir başqasıyla

oynamaq üçün.
Amma hər şey ötüb keçdi,

və sən diri deyilsən.

Sən indi təmamən ölüsən,

həmişə gecəylə birlikdəsən -

baxışların sozalıb.

Və indi sükutu qucaqlamısan, yatmısan.

Daha yoxdu qulaqların.

Sən indi həmişəlik tənhasan -

sən heç vaxt belə tənha olmamısan.

Uzanmısan, əsirsən, sual verirsən,

sual verirsən, özünü dinləyirsən:

bəs, sonra,

sonra, nə gözləyir səni görəsən?
***
Burda, qədim zamanlarda insanlar yaşayırdı həm də,

Kürək kürəyə durub canavarları qovurdular hərdən.

Axırda heyvanların zəhmindən qaçırdılar,

o adamlar bizə oxşayırdılar.


Yenə bir yerdəyik, söz yox, səs itib.

Dənizdən qalan isə yalnız bir izdi.

Mehribanlıqla qucaqlaşırıq, əl tutub ayrılırıq –

olsun ki, rəsmdədi hər şey və biz yoxuq artıq.


Niyə axı
Niyə axı, biz heç cürə,

və heç cürə

sevimli ola bilmirik?
***
Unutqanlığın ipi hey uzanır, sökülür.

Nə əvvəli, nə sonu. Ağla, yalvar, nə fərqi.

Günəşin qabağını tutan ağ gəmi kimi

Əlçatmaz uzaqlıqda görünüb itir ömür.



Məqamlar olur ki
Məqamlar olur ki,

rahatlığın və sükütun arasından ötüşən

vaxtın lağ dolu xışıltısını eşidirsən,

ölüm xal hesabı bizi geridə qoyur.

Hər şey üzücü olur,

başlıca məsələdən azca yayınıb

yorucu, amma başqa vacib bir iş görməyə

üç dəqiqə yetər deyə razılaşırsan,

sonra da qüssəylə iki saat ötdüyünü anlayırsan.
Zaman bizə qarşı amansızdı.
Bəzən axşamüstülər

günün on beş dəqiqəyə ötdüyünü sanırsan,

yaş haqqında düşünürsən və təbii tələsirsən,

yarımildə etmədiyini

fırıldaqla bir dəfəyə başa vurmağa çalışırsan,

amma daha bir səhifə yazmaqdan başqa çıxış yolu tapmırsan.

Çünki, adları kitablardan bəlli nadir insanları

və tarixi anları çıxsaq,


zamanı qabaqlamağın doğru yolu onun hər bir anını

büsbütün yaşamağa cəhd etmədən ömür sürməkdi.

Çünki, əməllərimizin dünya ilə həmahəng,

təzadlardan azad,

əsrarəngiz dərəcədə ardıcıl olduğu,

“mən”imizin başqaları ilə yanaşı,

nifaqsız və söz-söhbətsiz addımladığı,

mütləqin hakim, idealın əbədi,

yerişlərin rəqs, sözlərin dua olduğu məkan

bu yer üzündə mövcud deyil.


Amma yolumuz oradı.

Həyatın mənası”

“Həyatın mənası məhəbbətdədi” -

Bunu təkrar-təkrar demək adətdi.

Amma söz verməz ki, işin yerini

Bədən hiss etməsə özgə bədəni.


Həyatın məğzindən, axı,bizə nə.

Paris üstdə “Tur Monparnas”dı yenə.

Göydələnin ehtiraslı işığı

Dəli edir, bizi çağırır ilğım.


Bizim həyatımız reklam çarxıdı

Hipermarketlərin sonsuz çərxidi.

Vaxtımız yox, ölümü düşünməyə,

Özümüzə ağı deyib ölməyə.


İşıqların parlaq hörümçək toru

Gözümüzü qarsır, tökür və oyur.

Şəhər cəlladlara məskəndi indi,

Hər addımbaşında atır kəməndi.


Özüm də heç anlamıram ki, nədən

Pornojurnal alıram köhnə köşkdən.

Orda bayram edir əxlaqsız adam

Axşamüstü özümü boşaldıram.


Sonra isə atıb jurnalı küncə,

Heyvan kimi qalıram döşəkdəcə.

Uşaq ikən torpaqda gəzişərdim,

Çəmənlərdən çiçəkləri üzərdim.

Necə oldu o diləklər, o güllər

Ayaqyalın gəzişdiyim o illər,

Qaralardı yerdə kiçik ləpirlər.


Öz gözəl üzünü həyat göstərər

1.
“Pejo”mda gedirəm, yüz dürdüncüdə.

İki yüz beşinci daha yaxşıdı.

Yağış damcılayır maşın küncünə.

Cibimdə üç frank,nə olsun axı!.


Qabaqda Kolmara döngədi, neynim,

Cıxmağa dəyərmi avtostradadan?

“Bezmişəm”- yazırsan-”Pozulub beynin.

Bitdi. Boğazdayam axmaq həyatdan”


Kəsəsi aramız sərinləşibdi.

Mövzusa köhnədi: məhəbbət bitib.

Amma mən siqnala bərkdən səs verib

Zümzümə edirəm tanış nəğməni.



2.
Yol çəkə bilsə də almanlar donuz.

Bunu babam deyib, nəcib adamdı.

Qəzəbdən coşaraq artırıb qazı

Şümal alman yolun cızıram indi.

Bu bir qaçış idi.Daha dözmürəm.

Qovğa mənasızdı, əsəblər tarım.


Bak boş, amma yetər Frankfurtadək.

Təzə dost taparam ət gövşəyərək .

Ölümü bir azca ələ salaraq

Varlıqdan, dünyadan söhbətləşərik.


Budu dalda qalır ət dolu furqon.

Xətti pozsam belə üzüm gülümsər.

Hələ son deyil bu, bitəndə bu yol

Öz gözəl üzünü həyat göstərər.


Tərcümələr: Səlim Babullaoğlu

MÜNDƏRİCAT


Absurd kreativ faktor kimi..............................................

4

Sağ qalma........................................................................

14

Sadələşmiş hesablar........................................................

18

Ticari stellajlar düzəltməli..............................................

20

Donmuş hərəkətin poeziyası...........................................

23







Шеирляр




O biri platformadakı adam..............................................

28

Liberalizm əleyhinə mübarizənin sonuncu istehkamı...

30

Əvvəl məhəbbət olub......................................................

33

Niyə axı...........................................................................

35

Məqamlar olur ki............................................................

36

“Həyatın mənası”............................................................

38

Öz gözəl üzünü həyat göstərər........................................

40

.

Çapa imzalanıb: 22.02.2010.

Format: 70x100 1/32. Qarnitur: Times.

Ofset kağızı: əla növ. Həcmi: 3.75 s.ç.v. Tiraj: 1000.

Sifariş №18. Qiyməti müqavilə ilə.
Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzi

Bakı, Rəsul Rza küç., 125

Tel./faks 596 21 44

e-mail: mutarjim@mail.ru

525 Kitab” seriyasından



2009-cu ildə əsərləri nəşr olunan müəlliflər:

Dünya ədəbiyyatından
İosif Brodski

Orxan Pamuk

Şota İataşvili

Azərbaycan ədəbiyyatından

Anar


Elçin

Ramiz Rövşən

Əjdər Ol

Ədalət Əsgəroğlu









Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə