Soylu Atalı zamanin iÇİNDƏ



Yüklə 68,92 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü68,92 Kb.
#50140


Soylu Atalı 

 

ZAMANIN  İÇİNDƏ 

 

(Səməd Vurğunun yaradıcılığı üstə) 

 

Şeir  –  duyğuların  həqiqətlə  görüşündən  doğan  ali  həyat  nəğməsidir.  Bu  nəğməni  müqəddəs 



avazla oxuyan adam şair olur.  

Şeir  ömrə  sevgi  kimi  gəlir.  Bu  gəliş  –  ilahi  olanla  ömrün  vəhdətinə  çevrilir.  Göylə  Yerin, 

Günəşlə  Torpağın,  Ömürlə  Əbədiyyətin  əlaqəsi,  vəhdəti  dərk  olunanda  ürək  şeir  diliylə  nəğmə 

oxuyur.  Yaranışın  əzəliliyi,  varlığın  aliliyi  şeiriyyət  çağıran  ülvi  duyğuların  qanadlarında  həyatın 

gerçəkliyinə  gözəllik  gətirir.  Şairin  şəxsiyyəti  də  bu  halətlə  birgə  qurulur.  Mənəviliklə  istedadın 

əlaqəsi qırılanda isə şeir ölü doğulur, – yaşamır və yaşanmır. Həqiqətlə bir olmayan ömürdə istedad 

insaniliyi izhar eləyən şeir yaza bilmir, bəzək kimi ötəri, suvenir kimi parıltılı, az ömürlü şeir yazır. 

İlham gəlir – amma həyatın gözəlliyi dərk olunmur. İlham gəlir – ötəridən danışır, əzəlidən danışmır; 

keçicidən danışır, əbədidən danışmır. İlham gəlir – amma yoxluqla varlığın fərqini göstərə bilmir.  

İlham doğulur və ölür. Zamandan danışır, ona görə ölür; əbədiyyətdən danışsaydı, yaşayardı. 

Gerçəklikdən  danışır  və  gerçəkliklə  bir  yerdə  də  ölür.  Mahiyyətdən  danışmır,  Mahiyyət  ölməzdir. 

Ölməzdən danışmaq – yaşamaq deməkdir. 

Burada  haqqında  danışacağımız  Səməd  Vurğun  belə  bir  ziddiyyətli  və  buna  görə  də  fəlakətli 

tale  yaşamış  şairlərdəndir.  Səməd  haqqında  danışanlar  yalnız  şeir  haqqında  danışıblar,  şəxsiyyət 

haqqında  danışmayıblar.  Çünki  Səməddə  gözəl  şeiriyyət  var,  amma  böyük  şəxsiyyət  yoxdur. 

Şeiriyyətlə şəxsiyyətin vəhdəti də yoxdursa, heç bir insani, milli təsdiqdən söhbət gedə bilməz.  

Zəmanə  S.Vurğunda  israfçılığa  yol  verib.  Onu  adiliyin,  keçiciliyin,  özgəçiliyin  vəsfçisinə 

çevirib. Əlbəttə, biz demək istəmirik ki, günahkar zəmanədir. Biz deyirik ki, gözəl bir el nəğməkarı 

zəmanənin  ağuşuna  atıldı  və  dahi  olmaq  imkanlarıyla  bir  yerdə  əriyib  qeybə  çəkildi.  İndi  o  yalnız 

cəmiyyətin  təhrif  olunmuş  tarixində  mövcuddur.  Çox  qısa,  ortada  qırılan  nəğmələrdə  isə  onun 

ilhamının gözəlliyi yaşayır, şəxsiyyəti yox. 

Biz, şeiriyyəti sevənlər, Vurğunu oxuduqca ağır təəssüf duyğuları keçiririk. Necə aydın, gözəl 

xalq  dili,  pafoslu  təbiilik,  vəcdli  poetiklik  çağlayır  onun  qəlbində!  Lakin  tez  də  qırılır,  kosmopolit 

xəyallarla əvəz olunur. 

Şairin «Mən tələsmirəm» şeirini oxuduqca adamın ürəyi riqqətə gəlir. Çünki canlıdır, sadədir, 

həyata,  təbiətə,  təbiiliyə  ehtiraslı  bir  pərəstiş  yaradır.  Yaşanan  bir  anın  poetik  sözə  çevrilməsi  – 

insanla şeiriyyətin doğmalığını təsdiq edir. 

 

Sən də, ovçu dostum, tələsmə sən də, 



Bu qəlbi dağları qoy asta aşaq. 

O çay yanındakı yaşıl çəməndə, 

Asta addımlayıb ağır dolaşaq. 

Hər gülə, çiçəyə salam verməsəm, 

Xoş üz göstərməsəm, xoş üz görməsəm; 

Nanələr, reyhanlar inciyər məndən! 

Güllərin yarpağı tökülər dən-dən… 

Odur ki, yel olub çöldə əsmirəm, 

Heç yana, heç yerə mən tələsmirəm! 

 

       *** 



 

Bulud tez keçməsin başımın üstdən, 

Çay da yavaş axsın… sular boyunca 

Baxım hər zərrəyə, baxım doyunca… 

Ürək tərpənməyir ötərgi səsdən, 

Nə çıxar bir anlıq yanan həvəsdən? 

 



Duymaq  istəyi,  sevmək  istəyi,  təmasda  olmaq  həsrəti.  Bu,  əslində  yaşamaq  yanğısıdır. 

Tükənməz arzular, sonsuz ehtiraslar yaşamaq yanğısının işığı kimi təzahür edir. Həyatın özülü, özəyi 

də bu istəklərdə yaşayır. 

Hər  yarpaq  insan  qəlbinin  pıçıltılarına  diqqət  kəsiləndə,  hər  qaya  insan  vüqarıyla  dostluq 

edəndə təbiət insaniləşir. Bu gözəllik nəğməsini yalnız poeziya dili oxuya bilir. 

Bəzən  isə  şairin  ürəyindən  Günəş  işığı  çəkilir,  duyğularının  yuxulu  gözlərinə  gecə  çökür, 

təbiiliyin,  sadəliyin  ömrü  qırılır,  təzə  sərhəd  başlayır,  yollar  itir  və  ziqzaqlı  gedişlərdən  gurultular 

qopur – «Muğan poeması»nda olduğu kimi. 

 

Nizaminin, Füzulinin söhbətinə qulaq asdım, 

Puşkinin söz rübabını öz sinəmin üstə basdım, 

Mənim vahid vətənimsə, dörd hərfli SSSR-dir, 

Onun böyük istiqbalı bütün dünya, bütün yerdir! 

 

Elə bil bayaqkı Səməd getdi, başqası gəldi. Bunları birləşdirmək olmur, birləşdirəndə fəlakətə 



çevrilir. Ayırmaq da olmur, ayıranda təhrif olunur. 

 

Divarlarda ad çıxarmış qəhrəmanların 



Qatar-qatar əksi durur, bax iftixarla! 

Döşlərində neçə orden vardır onların! 

Gah Suvorov, gah Kutuzov baxır vüqarla… 

 

(«Qəhrəmanın zəfəri», Bakı, 1986, səh.169). 



 

Bu  obrazlarda  Səməd  nə  tapıb,  nəyi  təqdim  edir?!  Qəhrəmanlıqmı  öyülür,  bu  qəhrəmanlığın 

yaratdığı nədir?.. 

Burada Səməd özü öz başına elə oyun açıb ki, onu hansısa bir sistem əsasında təqdim eləmək 

mümkün  deyil.  Bu  səbəbdən  də  yorulmamaq  üçün  onun  gurultulu,  bağırtılı  halətindən  təcrid  olub 

sazlı-nəğməli təbiiliyinə qayıdaq. 

 

Laçınların göydən enməz, 

Qayaların baxar dinməz, 

Yaman gündə üzün dönməz, – 

Pozulmaz ilqarın, dağlar! 

 

və yaxud 



 

 

Qayaları baş-başadır, 

Güneyləri tamaşadır. 

Gödək ömrü çox yaşadır 

Canım dağlar, gözüm dağlar! 

 

və yaxud 



 

O ceyran baxışlı baxdı uzaqdan, 

Canımı odlara yaxdı nahaqdan, 

Yüz il də dolanıb keçsə o vaxtdan, 

Unutmaz aləmdə əhli-hal məni. 

 

yaxud da 



 

Bilərziyi ağ altundan, 

Yerə düşdü göy atından. 

Ala gözlər qaş altından 


Süzüb axdı gülə-gülə. 

 

Başqa bir yerdə  



 

Sevda yolçusuyam əzəl yaşımdan, 

Könlüm ayrı gəzir can sirdaşımdan; 

Dağıdır huşumu alır başımdan 

Süzülüb gələndə xəyala gözlər. 

 

Bu bəndlərdə heç bir yeni fikir kəşf olunmayıb. Lakin oxuduqca bulaq kimi qaynayıb adamın 



içinə  süzülür.  Çünki  bunlar  hamısı  sazın  nəğməsidir.  Oxuduqca  ürəyin  sevgisində  saz  çalınır.  Elin 

fitrətində olanlar Səmədin sinəsində köklənmiş saz nəğmələridir. 

Səməd  bunları  söyləyəndə  hiss  eləyirsən  ki,  heç  bir  çətinlik  çəkmir,  ilham  fitrətdən  gəlir, 

qələm zorlanmır, duyğu gücənmir. İlahi fitrətdir! Təbiət öz gözəlliyini bu fitrətin üzünə geniş açıb. 

Səməddə ölməz nə varsa, ondakı ilahi fitrətin söylədiyi bu saz nəğmələrindədir.  

Bütövlükdə isə Səməd Vurğun yaradıcılığı onun ölməzliyinə zəmanət vermir… 

 

 

İkiləşən Tale 



 

Səməd  özü  öz  taleyinin  fəlakətini  duyur  və  onu  dilə  gətirir  də.  Lakin  bunu  deyib  üstündən 

keçib  gedir.  Adama  elə  gəlir  ki,  o,  «mən  özüm  fəlakətimi  görürəm,  amma  bu  fəlakətdən  çıxmaq 

müşküldür»  demək  üçün  «Unudulmuş  tək  məzar»  şeirini  yazıb.  Deməli,  Səməd  dahi  aqibəti 

yaşamaqdan qorxub. Qorxunun yoldaşı həqiqət şairi ola bilməz. 

 

Fikrə getdi qəlbim bir an… 



Qəbristana keşik çəkən, 

Gül basdırıb ağac əkən 

Dünya görmüş bir qocadan 

Soruşdum ki, sən bilərsən, 

Kiminkidir bu tək məzar? 

Nə yazısı, nə daşı var, 

Nə üstünə gəlib gedən? 

 

Qoca bir az gülümsədi, 

Sonra qəbrə baxıb dedi: 

–Qafil, özün bilməyirsən? 

Səninkidir o tək məzar, 

Onu dövran verdi bada; 

Çox danışıb az yazanlar 

Unudulur bu dünyada. 

 

…………………………….. 



 

Ağıllı söz, yaxşı şer, 

yazmışammı? Varsa hanı? 

Gördüm qoca doğru deyir, 

Uçdu könlüm xanimanı… 

Boğulduqca göz yaşıma 

Dedim ömür yoldaşıma: 

Qapıları tez ol bağla, 

Otağı da bir az qızdır, 

Sən də bil ki, təmtəraqla 

Keçən günlər vəfasızdır! 

Hanı qələm? Hanı kağız? 


Tez ol gətir, a dildarım! 

Barı gəzsin ağız-ağız 

İndən belə yazdıqlarım… 

 

(«Unudulmuş tək məzar», Bakı, 1986) 

 

Doğru etirafdır. Bəs hanı imtina? Əcəba, səmimiyyət xatirinəmi deyilmiş etirafdır bu? Bundan 



sonra da o, köhnə hava çalır. Onun ən gözəl şeirləri belə, şair şəxsiyyətini təsdiq etmir. Bircə şeirində 

belə imtinaya yüksəlmir, mübarizə ruhu çağlamır. Şair o vaxt simalaşır ki, onun vətən nisgili, xalq 

nisgili  yaransın.  Səməddə  Vətən  –  rus  imperiyasıdır.  Azərbaycan  şairinin  yaradıcılığında  bu 

imperiyaya öygü başa çıxır. 

 

Moskva! Basılmaz sənin qüdrətin, 

Canlı heykəlisən əbədiyyətin! 

Mənim rus qardaşım, səndəki vüqar 

Nəsildən-nəsilə qalmış yadigar. 

Puşkinin şeriylə ucalmısan sən. 

 

(«Moskva», Bakı, 1986). 

 

Bu şeir o vaxt yazılıb ki, Moskva Azərbaycanın ürəyinin yağını udmaqla qüvvətlənirdi. Və bu 



udmağa mane olmaq istəyən oğulları bircə-bircə torpağın altına, yaxud da sürgünə göndərirdi. Böyük 

ürəkli,  vətən  nisgili  ilə  yaşayan  şairləri  qaranlıq  zirzəmilərdə  edam  edən,  ailələri  başsız  qoyan 

imperiyanın  öyücüsü  idi  Səməd  Vurğun.  Atasız  böyüyən  gözüyaşlı  körpələrə  məktəblərdə  Leninə, 

Stalinə, Moskvaya sevgi nəğmələri öyrədilirdi. O nəğmələr ki, Səmədin diliylə söylənilmiş, qələmi 

ilə yazılmışdır. İmperiyaya «sədaqətsizliyinə»  görə Cavidləri ittiham edirdi – döşü ordenli, medallı 

Səməd. 


 

Nədən şerimizin baş qəhrəmanı 

Gah Turandan gəlir, gah da İrandan? 

Bəs mənim ölkəmin varlığı hanı? 

Böyük bir şairin yazdığı dastan 

Gah Turandan gəlir, gah da İrandan? 

 

(«Komsomol poeması», Bakı, 1986). 



 

Gərək  ölməz  Cavid  də  Səməd  kimi  dilini  dinc  saxlayıb,  başını  qoruyaydı?!  Gərək  «Leninin 

kitabı»,  «Zamanın  Bayraqdarı»  yazaydı?!  Səməd  «Bəs  mənim  ölkəmin  varlığı  hanı?»  deyəndə 

əslində  «dörd  hərfli  SSRİ»-ni  nəzərdə  tuturdu.  Hər  şeyə,  hər  yerə,  hər  kəsə  imperiyanın  gözüylə 

baxırdı Səməd, burada öz gözü yox idi. Öz gözü olanlar Səmədin söyüşünə tuş olurdu. 

 

İndi xəbər verim oxucuma mən 



O «millət rəhbəri» Rəsulzadədən; 

Toplamış məclisdə müsəlmanları, 

Yağlı vədələrə tutmuş onları; 

Deyir: «Türkiyəni çağıraq gərək, 

Bizə kömək olsun qılınc çəkərək. 

Parlasın ədalət, mehri-hürriyyət, 

Ucalsın göylərə şərəfi-millət!.. 

 



Şarlatan! 

 



Afərin! 

 



Rəhbərə bir bax!.. 

 



Vətəni yadlara bunlar satacaq!.. 

 



Bir dayan! 

 



Nə dedin? 


 

O bir xaindir. 



Sözünün pərdəsi millətdir, dindir… 

 

(«26-lar» poeması, Bakı, 1986, səh. 59). 



Şair Səməd üçün Türkiyə, türk ulusu yaddır, rus imperiyası doğma!..  «Vətəni  yadlara bunlar 

satacaq»  –  yəni  imperiyanın  qarşısına  Türkiyə  ilə  birgə  Azərbaycan  çıxacaq».  Bəli,  əziz  Səməd! 

Əgər  Azərbaycan  Türkiyəyə  pənah  aparsaydı,  öz  mənliyini  təsdiq  edərdi.  Fəqət  sizlərin 

«vətənsevər»liyiniz hesabına Azərbaycan öz mənliyindən əl çəkib Rusiya adlı bir yadlığın varlığını 

təsdiq elədi. Bu gün də dünya canavar kimi ağzını açıb Türkiyəni də, türk ulusunu da udmaq istəyir. 

Azərbaycan  da  dünyaya  sənin  heykəlini  göstərir.  Sən  isə  Azərbaycanı  qanına  qəltan  eləyənləri 

xilaskar kimi öyürsən!.. 

 

Ağır fikirlərə dalmış Şaumyan, 



Xəyalı göyləri hey yara-yara, 

Əlvida söyləyir qaranlıqlara… 

Onun üzündəki fırtınaya bax! 

Böyük bir həsrətlə boğulmuş rəngi; 

Onun baxışları alovlanaraq, 

Döyünür köksündə polad ürəyi, 

Böyük bir həsrətlə boğulmuş rəngi. 

 

(«26-lar» poeması, Bakı, 1986, səh. 61). 



 

Şaumyanların «polad ürəyi»ndə Azərbaycana, türkə qarşı kindən qaralmış qanlar axır – dünən 

də,  bugün  də.  O  ürək  ki,  minlərlə  türkün  qətlinə  hökm  vermiş,  ləyaqətini  alçaltmışdır.  Tarix  yenə 

təhrif olunur. Azərbaycan nəhayət ki, tarixi qüsurları, – bir ləkə kimi mənliyinə bulaşan dolaşıqları 

aradan qaldırmalıdır. Bu gün həm Səməd, həm də M.Ə.Rəsulzadə – bizim özümüzə münasibətimizin 

ziddiyyətli olduğunu sübut edirlər.  

Bu ziddiyyətin səbəbi isə hünərsizlikdir. 

Səmədin  şeirlərinin  baş  qəhrəmanı  Moskvadan  gəlir,  «SSRİ»-dən  gəlir.  Səmədin  azadlıq 

carçısı olan Milli qəhrəmanı yoxdur. O, Azərbaycanı öyəndə boz tarlalarda Moskva üçün gün altında 

yanan qız-gəlinlərin əlini, işini öyür. 

 

Bizim günlər belə keçir. İş ilə hünər 

Şöhrət olur bu torpağın hər övladına. 

Alqışlayır, salamlayır onu ürəklər, 

Vətən mülkü heykəl qoyur onun adına. 

 

(«Qəhrəmanın zəfəri», Bakı, 1986, səh. 170). 



 

Biz yalnız iş hünəri göstərmişik və buna özgələr yiyələnib. Tarlalarda üzü Moskva üçün yanıb 

qaralanların  döşlərində  ordenlər  parıldayıb.  Bunun  vəsfi  də  Səməd  şeirlərinin  ana  xəttinə  çevrilib. 

Səməd  öz  şeirlərində  zəhmət  adamlarından  başqa  Azərbaycanda  Azərbaycan  quran  idrak,  iradə 

tanımır,  tanıtmır.  Böyük  Amallara  yiyə  durmamışıq,  şeirlərimiz  böyük  Amallarımızı  öyməyib,  ona 

görə də Azərbaycanı paralayıblar, qamarlayıblar.  

M.Ə.Rəsulzadə Azərbaycan istəyirdi, azad vətən istəyirdi, Səməd də ona xain deyirdi. 

Səməddə  şeiri  sevmək  olur,  amma  Azərbaycanı  tanımaq  olmur, çünki  Səməddə  Azərbaycanı 

tapmaq  olmur.  Azərbaycan  Moskvavari  tanınır,  Moskvanın  ayağı  kimi  öyülür.  Bu  cür  ruhsuzluqda 

Azərbaycana sevgi boğazda dayanır, ürəyə çatmır.  

Zamanın tələsində yazan qələm əbədiyyətin sevgisinə layiq ola bilməz.  

Diqqət  yetirin:  M.Ə.Rəsulzadəyə  «xain»  deyir,  amma  Azərbaycanın  düşmənini  «Qafqazın 

qartalı Şaumyan belə…» deyərək öyür. 

Bir yerdə «İran, Turan nə olsa da, yad torpağıdır» deyir, başqa yerdə «İnsanlığa zinət oldu bu 

aləmdə Lenin adı» söyləyir. Nə böyük xəta! Bizə görə, bu cür hədyan münasibət tariximizə və milli 

mənliyimizə qarşı acı bir kinayədir. 




Səməd Vətəndən elə yazdı, elə danışdı ki, vətənsevərlər zərər çəkdi.  

Biz  dedik  ki,  şairimiz  vətənin  torpağını,  daşını  öydü,  bahadırlarını  öyə  bilmədi.  Əmək 

bahadırlarının  obrazını  yaratdı.  Əmək  bahadırları  isə  Vətənin  yağıları  üçün  torpaq  becərdi,  gül 

bitirdi.  

Vətən sonalarının gül üzləri özgələrə gül bəsləyəndə solduruldu. Səmədlər də bunu öydülər. 

 

 



Zamana sığan – Yoxluğa gedən 

 

Koba 

Yox, Vanya! Yaramaz arxayın olmaq! 

Düşmənin gücünü hesaba almaq 

Birinci şərtidir qəhrəmanlığın, 

Belədir, ay xala! Sən nə deyirsən? 

 

Qızyetər 

Ehtiyat igidin yaraşığıdır! 

 

Koba 

(təkrar edir) 

Ehtiyat igidin yaraşığıdır! – 

El səsi ən böyük məktəbdir, dostlar! 

 

Şaumyan 



(romantik bir vəziyyətlə) 

Bu səsdə dünyanın həqiqəti var! 

Tarix döyüşlərə çağırır bizi. 

Gərək məşəl tutaq ürəyimizi! 

 

Məşədi bəy 

(Kobaya) 

Bəzən xəyallara gedir Şaumyan… 



 

Koba 

Meyvəsiz ağacdır xəyalsız insan. 

Günəşsiz bir bahar saralıb solar, 

Xəyalsız gələcək qaranlıq olar… 

………………………………………… 

 

Xanlar 



(anasına) 

Nə xeyir tapmısan sən o göylərdən? 

 

Koba 

Onun ürəyinə heç toxunma sən, 

İnanmış göylərə o körpəlikdən. 

Fəzalar olsa da fikri, diləyi, 

Yenə də təmizdir, safdır ürəyi. 

 

Məşədi bəy 



(Qızyetərin başını sığallayaraq) 

Ananın qəlbinə toxunmaq olmaz. 

Ana nəfəsindən çiçək də solmaz. 

 



Şaumyan 

İnsanlıq süd əmmiş ana döşündən, 

Soyuq bir məzardır anasız Vətən. 

……………………………………….. 

 

Qızyetər 

(dərindən köksünü ötürərək) 

Taleyin zindanı kürəyimdədir, 

Zalımın zənciri biləyimdədir, 

Qonağın yerini soruşursunuz? – 

Yarın ürəyimi, ürəyimdədir!.. 

 

(«Xanlar» dramı, Bakı, 1955). 



 

Səmədin  ilahi  ilhamı  necə  də  amansızcasına  zamana  baş  əyir,  bac  verir!  Ali  sözü  zamana 

təslim  eləmək  cəhdi  şəxsiyyətin  boynuna  kəndir  salıb  qəlibə  sürüyür.  Səməd  Zamanla  dil  tapdığı 

üçün  Əbədiyyətin  qarşısında  dili  lal  olub.  Dil  gödək  olanda  şəxsiyyətin  mənliyi  süquta  uğrayır. 

Şəxsiyyəti sevənlər üçün bu, nə qədər iztirablı müşahidədir! Zamanın boyalarıyla o qədər boyanıb ki, 

tarix onu nişan versə də, əbədiyyət onun varlığına şəhadət vermir. 

Səməddə hər zaman yeni təb var, amma onun yeni sözü, yeni mövzusu yoxdur. Yeni mövzu 

Azadlıqdır.  Azadlığı  özgədən  istəmək  əski  mövzudur,  özündən  istəmək  –  yenidir,  yenilikdir. 

Səməddəki  yeni  təb  Lenin  obrazı  yaradıb,  Moskva  obrazı  yaradıb,  Azərbaycan  obrazı  yaratmayıb, 

Moskvanı yaradanda özünü, özünkünü pozuntuya uğradıb, ləğv edib.  

Səməd  özü  üçün  sənətkar  boyu  yaradaraq  Azərbaycanın  boyuna  çevrilməyib,  boynuna 

mindirilib.  Bu,  bir  xətadır.  Bu  elə  bir  xətadır  ki,  Səmədlər  Azərbaycanın  boynundan  düşməsə, 

Azərbaycanın boyu görünməyəcək. Bolşevizmə gərək olanlar Azərbaycanın böyükləri elan edildilər. 

Bu cür elanlarla Azərbaycana səadət vermək olmaz. 

Biz  Azərbaycanın  ruhani  mahiyyətini,  qədimliyindəki  uca  boyunu  təqdim  edəndə,  özgələr 

yazırlar  ki,  Azərbaycanı  uydurmayın,  ona  öz  «böyükləriniz»in  (Səmədlərin)  gözüylə  baxın,  onda 

Azərbaycanınızın balaca olduğunu görəcəksiniz.  

Bizə  görə  isə  Azərbaycanı  Səmədlərə  bərabər  götürmək  onu  anlamamaqdır,  Azərbaycana 

qəsddir. 

Səməd Zamana bərabərdir, Azərbaycan Əbədiyyətə. 

Zaman  onu  dahi  sayır,  amma  həqiqət  onu  dahi  saymır.  Səməd  zamandan  yüksəyə  qalxa 

bilmədi,  zamanın  içində  qaldı.  Azərbaycan  naminə,  Həqiqət  naminə  bunu  deməliyik.  Heyf  Səməd 

kimi istedadlı, ilhamlı şairimizdən! 

Azərbaycana  yeni  şairlər  gərəkdir,  yeni  şeir  gərəkdir,  yeni  qüdrət  gərəkdir  ki,  onu  – 

klassiklərin ruhu ilə birləşdirsin, sabahı ilə doğmalaşdırsın! 

 

Yükümüzdən Böyük Fərəhimiz Yoxdur! 



 

Atamız Var Olsun! 

 

8–9 İşıq Ayı, 26-il. 

Saray-Soylu – Atakənd. 

 

Yüklə 68,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə