Stefan şvayq bir qadinin həyatindan iYİRMİ DÖrd saat



Yüklə 389,35 Kb.
səhifə7/16
tarix25.06.2018
ölçüsü389,35 Kb.
#51909
1   2   3   4   5   6   7   8   9   10   ...   16

insana tamaşa etdim, onun hər bir hərəkətinə göz qoydum. Gözlərində parlaq bir 

şəfəq şölələndi, sıxılıb düyünlənmiş əlləri, elə bil, partlayışla bir-birindən aralandı, 

titrəyən barmaqları açgözlüklə irəli uzandı, qumarbaşı ona iyirmi ədəd qızıl pul 

uzatdı. Bu saniyələrdə onun rəngi birdən-birə duruldu və o saat cavanlaşdı: qırışları 

düzəldi, gözləri işıqlandı, çəng olmuş bədəni yüngüllüklə və sevinclə düzəldi, 

yəhərdə oturmuş çapar kimi o, dikəlib qələbəsindən qürrələnə-qürrələnə oturdu, 

barmaqları xüsusi bir gümrahlıqla və şövqlə girdə, cingiltili pulları seçib bir-bir 

ovcuna yığdı, onları əlində bir-birinə elə toxundurub oynatdı ki, pullar cingildəyib 

ahəngdar səslər çıxardı. Sonra o, yenə də narahatlıqla başını döndərib izaxtaran 

cavan ov iti kimi, qarşıdakı yaşıl masaya təlaşla bir nəzər saldı və birdən təkanla 

əlindəki pulları koması ilə kvadratların birinə atdı. Yenə də həmin üzücü diqqət, 

sayıqlıq, yenə də həmin gərginlik! Yenə də dodaqlardan burnuna tərəf narın, titrək 

dalğalar səyriyib axışdı, təlaşla əllər bir-birinə geyişdi, gəncin əvvəlki sifəti 

tamamilə yoxa çıxdı, o dözümsüz, tamah cizgilərinin altında görünməz oldu, bu 

cizgilər də elə həmin dəqiqə dəyişildi, yenə peşmançılıq, ümidsizliklə əvəz olundu: 

gənclik ehtirası ilə həyəcanlanmış sifəti soldu, avazıdı, saralıb qoca üzünə döndü, 

baxışlar tutqunlaşdı və onlardakı atəş tamam söndü. Bütün bunlar yalnız bircə 

anda, diyircək istənilən nömrəyə düşmədiyi anda oldu. O uduzdu: bir neçə saniyə 

keyimiş halda durub qarşısına baxdı, elə bil, heç nəyi anlaya bilmirdi, lakin 

qumarbaşının növbəti qamçılayıcı çağırışını eşidən kimi onun barmaqları cəld 

hərəkətə gəlib, bir neçə qızıl puldan yapışdı. Amma artıq inamını itirmişdi, o, 

pulları əvvəlcə bir tərəfə, sonra nə düşündüsə, götürüb başqa bir tərəfə tulladı və 

diyircək hərəkətə gələn kimi qeyri-iradi olaraq cəld titrəyən əlləri ilə daha iki 

əzilmiş kağız pulu əvvəlki yerinə atdı. 

Gah uğurlu, gah uğursuz qurtaran bu udub-uduzma səhnə fasiləsiz olaraq düz bir 

saat davam etdi və bu saat ərzində mən nəfəsimi dərmədən, bir an da olsun 

nəzərlərimi aramsız olaraq dəyişilən, bütün daxili ehtirasların qaynayıb, coşub 

daşdığı bu sifətdən yayındırmır, gözlərimi bu ovsunlu barmaqlardan, hər kiçik 

əzələsi qalxıb-enən bu əllərdən çəkə bilmirdim. Heç bir teatrda mən aktyorların 

üzünə, aramsız olaraq dəyişilən bu sifətə baxdığım kimi, belə gərgin tamaşa 

etməmişdim. Mən heç bir vaxt özgəsində həyəcan doğuran belə bir oyuna 

düşməmişdim. Əgər məni bu dəqiqələrdə müşahidə etsəydilər, onda mənim o 

zillənmiş, donuq, gərgin nəzərlərimi hipnoz təsirinə düşmüş hesab edərdilər, 

doğrudan da, mənim vəziyyətim elə idi ki, elə bil, sehrlənmiş halda donub 




qalmışdım – mən bundan nəzərlərimi ayıra bilmirdim və salondakı hər şey – bir-

birinə qarışmış işıqlar, qəhqəhələr, adamlar, baxışlar məni dumanlı şəkildə, 

formasız sarı tüstü topası kimi əhatə etmişdi, bunların içərisində mənim gözlərimə 

yalnız onun alovlu sifəti görünürdü – odlar içərisində parlaq bir alov! Mən heç nə 

eşitmirdim, heç nə hiss etmirdim, ətrafımdakı adamların necə çoxaldığını, necə 

sıxlaşdığını görmürdüm, başqa əllərin isə ilbiz buynuzu kimi pulu necə 

axtarmasını, yaxud ortalığa bir təkanla necə tullamasını və pulları necə 

qamarlamasını görmürdüm: nə diyircəyi görür, nə də qumarbaşının səsini 

eşidirdim, eyni zamanda hər şeyi, nə baş verdiyini, əşyanın əksinin qabarıq 

güzgüdə böyüdüldüyü kimi, hiss və həyəcanın şiddəti nəticəsində bu əllər də, 

sanki, yuxuda qəribə böyüdülmüş bir şəkildə görürdüm. Belə ki, mənim ruletkaya 

baxmağıma heç bir ehtiyac qalmırdı: diyircəyin qara, yaxud qırmızı xanaya 

düşməsi, onun fırlanması, dayanması, bu proses – uduzma və udma, intizar və 

peşmançılıq ehtirasla çulğalanmış bu sifətin hərəkət və mimikasında özünü 

görünməmiş bir qüvvə ilə büruzə verirdi. 

Lakin, sonra elə bir qorxulu an gəlib çatdı ki, bu an haqqında mən həmişə qəlbimin 

dərinliklərində qorxunc bir vahimə ilə düşünürdüm, bu an yaxınlaşmaqda olan 

fırtına kimi məni qərq etməyə hazırlaşırdı və nəhayət, gərilmiş əsəblərimi 

döyəclədi. Yenə də diyircək cingilti ilə xanaya yumbalandı, yenə də ani sakitlik 

yarandı, yüzlərcə insan nəfəsini çəkib gözlədi; «Sıfır!» – qumarbaşı elan etdi və o 

saat da cingiltili və şax-şax pullar hər tərəfdən sürətlə qalaqlandı. Elə o dəqiqə də 

bir-birinə möhkəm sıxılmış əllər təsvirəgəlməz dərəcədə dəhşətli hərəkətlər 

eləməyə başladılar; sanki, bu əllər ətrafda olmayan nəyisə qamarlamaq üçün 

atıldılar və nəhayət, boşa çıxdıqda üzgün və ümidsiz halda stolun üstünə sərildilər. 

Sonra onlar birdən-birə, sanki, yenidən cana gəldilər, qızdırmalı kimi stolun 

üstündən sürüşüb geri çəkildilər və vəhşi pişiklər kimi bədənin hər yerinə – yuxarı, 

aşağı, sağa, sola dırmaşmağa, qızğınlıqla cibləri qurdalamağa, söküb tökməyə 

başladılar ki, bəlkə, yaddan çıxmış bir-iki qəpik-quruş haradasa gizlənib qalıb. Hər 

dəfə də bu əllər geriyə bomboş qayıdırdı, lakin bu mənasız, bu əhəmiyyətsiz 

axtarışlar yeni qüvvə və qızğınlıqla təkrar olunurdu, ruletka isə yenidən fırlanır, 

başqalarının oyunu davam edirdi, qızıl pullar cingildəyir, stullar tərpənir və 

minlərlə pıçıltılı hay-küy vızıltı kimi zalı başına götürürdü. Mən dəhşətdən 

sarsılmış halda titrəyirdim. Mən bütün bunları, o əlləri elə aydın şəkildə duyurdum 

ki, sanki, naümid halda əzilmiş ciblərin qırışlarında, heç olmazsa bir qəpik 




tapmağa can atan o barmaqlar mənim öz barmaqlarım idi. Birdən qarşımdakı bu 

şəxs bir təkanla yuxarı atıldı, sanki, gözlənilmədən halı pisləşmiş, bu saat 

boğulacaq adamlar kimi, sərt hərəkətlə sıçrayıb ayağa qalxdı; oturduğu stul gurultu 

ilə döşəməyə aşdı. Lakin özü də bunu hiss etmədən qorxdu və təəccüb içərisində 

ona yol verən ətrafdakı adamları görmədən səndirləyə-səndirləyə stoldan 

uzaqlaşdı. 

Bütün bunları müşahidə edə-edə mən, sanki, daşa dönmüşdüm. Mən o saat başa 

düşdüm ki, bu adam ölümə gedir! Belə ayağa qalxan bir şəxs mehmanxanaya, 

restorana, qadın yanına, dəmiryol stansiyasına, bir bəni-insan yanına deyil, 

bilavasitə özünü uçurumdan atmağa gedər. Hətta bu cəhənnəmdəki ən daşürəkli, 

duyğusuz qumarbazlar da hiss etməlidirlər ki, bu adamın nə evində, nə bankda, nə 

qohumlarında heç bir yatırı yoxdur, ancaq axırıncı pulu və həyatda artıqlıq edən 

canı ilə burada oturmuşdu, indi də harada isə onu bada verməyə gedirdi. 

Mən həmişə məhz bundan qorxurdum, elə bil, ilk baxışdan sövq-təbii olaraq başa 

düşmüşdüm ki, bu oyunda udmaq və yaxud uduzmaqdan daha vacib bir məsələ 

həll olunur, bu, belə də oldu, onun gözlərində həyatın birdən-birə əriyib yoxa 

çıxdığını, bir az bundan əvvəl canlı olan sifətini solğun ölüm pərdəsi bürüdüyünü 

görcək, elə bil, məni müdhiş bir ildırım vurdu. Onun mənalı hərəkətləri mənə o 

qədər möhkəm təsir etmişdi ki, o, yerindən qopub səndirləyə-səndirləyə bayıra 

çıxmaq istərkən mən qeyri-iradi olaraq qarşımdakı masanı qarmaladım, çünki mən 

bu ana qədər onun oyun zamanı keçirdiyi həyəcanları bütün qəlbim, sinirlərim 

vasitəsilə necə duymuşdumsa, bu səndirləmənin mənasını da eləcə bütün 

varlığımla başa düşdüm. Elə bil, məni nəsə çəkirdi, mən onun dalısınca getməyə 

bilmirdim: ayaqlarım gedir, bədənimi sürükləyib aparırdı. Bütün bunlar tamamilə 

şüursuz şəkildə baş verirdi, mən nə etdiyimi bilmirdim, elə bil, məni buna vadar 

edirdilər, odur ki, ətrafımdakılara da məhəl qoymadan, öz şəxsiyyətimi belə 

düşünmədən koridor boyu bayır qapıya tərəf götürüldüm. 

O, paltar asılqanının yanında dayanmışdı. Xidmətçi paltosunu gətirdi. Lakin 

taqətsiz əlləri daha onun iradəsinə tabe olmurdu. Xidmətçi, şikəst bir adam olduğu 

kimi, qayğı ilə ona qollarını geyməkdə kömək etdi. Mən onun mexaniki olaraq 

qulluqçuya hörmət etmək məqsədi ilə əlini jiletinin cibinə necə saldığını, lakin bu 

boş cibdən heç nə çıxara bilmədiyini gördüm. Birdən, elə bil ki, o, hər şeyi yenidən 

xatırladı, xidmətçiyə pərt halda nəsə bir söz mızıldandı, yenə də əvvəlki kimi 



Yüklə 389,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə