Stefan şvayq bir qadinin həyatindan iYİRMİ DÖrd saat



Yüklə 389,35 Kb.
səhifə9/16
tarix25.06.2018
ölçüsü389,35 Kb.
#51909
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

ümidsizliyin son həddini, yer üzündəki əzabın son dəhşətini bu cür güclü, bu cür 

qabarıq şəkildə hiss etdirə, duydura bilməzdi. 

Bu hal məni yerimdən oynatdı, başqa cür də edə bilməzdim. Mən cəld irəli atılıb, 

aramsız şırıldayan soyuq yağış altında özümü ona çatdırdım: «Durun!» – deyə 

skamya üstündə yumağa dönmüş bu insanın qolundan yapışıb silkələdim. Onun 

sönük nəzərlərində nəsə, elə bil, hərəkətə gəldi: əllərini zəif-zəif tərpədib qalxmaq 

istədi, amma məni, deyəsən, anlamadı. «Durun!» – deyə mən onun yaş qolundan 

bir qədər hirslə və güclə dartdım. Bu zaman o ağır-ağır, nəsə könülsüz bir halda 

skamyadan qalxıb soruşdu: «Nə istəyirsiniz?» Mənim isə cavab verməyə bir sözüm 

yox idi, axı heç özüm də bilmirdim ki, onu haraya aparmaq lazımdır: bircə buradan 

uzaqlaşmaq, bu soyuq sel-sudan, bu ağılsız, bu dərin ümidsizliyin intihar 

pəncəsindən xilas olmaq lazımdı. Mən onun qolunu buraxmırdım, hissiz cəsədini 

köşkə tərəf dartıb aparırdım, heç olmasa, damın irəliyə çıxmış ensiz talvarı bizi bu 

quduz küləkdən və yağışdan azacıq da olsa qoruyardı. Mən, bundan savayı, daha 

heç nə haqqında düşünmürdüm. Bircə bu adamı talvar altına, quru bir yerə sürüyüb 

salmaq istəyirdim. Mənim daha bundan başqa müəyyən bir fikrim, məqsədim yox 

idi. 

Nəhayət, biz bu ensiz, quru yerdə yanaşı dayandıq, arxamızda bağlı köşk divarı, 



başımız üzərində isə çox kiçik bir talvar vardı, sakitləşmək bilməyən sel-su soyuq 

damcılarla üz-gözümüzü, paltarımızı tamam islatmışdı. Vəziyyət get-gedə 

dözülməz bir şəklə düşürdü. Mən suyu süzülən bu yad adamla nə vaxtadək qoşa 

dayanacaqdım? Digər tərəfdən, onu dartıb buraya salandan sonra heç nə demədən 

necə çıxıb gedə bilərdim? Nəsə olmalıydı və mən də bu olacaq hadisəni fikrimdə 

tədricən aydınlaşdırmağa çalışırdım: «Yaxşı olar ki, – mən öz-özümə düşündüm, – 

onu miniklə evinə aparım, sonra isə otelə qayıdım; sabah, yəqin ki, o özü müəyyən 

bir çıxış yolu tapar». Bu məqsədlə də yanımda hərəkətsiz dayanıb, gözlərini 

qaranlığa zilləmiş bu adamdan soruşdum: 

– Harada olursunuz? 

– Mənim mənzilim yoxdur... Mən elə bu axşam Nitsadan gəlmişəm... Mənim 

yanıma getmək olmaz. 

Axırıncı sözləri mən o saat başa düşmədim. Yalnız sonra mənə aydın oldu ki, o, 

məni... məni yüngül əxlaqlı bir qadın... axşamları sərxoş bir kişidən, yaxud 




qumarda bəxti gətirmiş bir oyunçudan bir qədər pul qoparmaq niyyəti ilə dəstə ilə 

qumarxananın həndəvərində dolaşan qadınlardan biri hesab edirmiş. Axı o, heç 

başqa cür də düşünə bilməzdi, çünki mən yalnız indi, hər şeyi sizə danışdığım bir 

zamanda öz vəziyyətimin ağlasığmazlığı, əfsanəviliyini dərk edirəm: mənim 

haqqımda başqa daha nə düşünə bilərdi, doğrudan da, təklif olunmadan onu 

skamyadan qaldırıb darta-darta ardımca aparmağım heç də əxlaqlı bir qadın 

hərəkətinə bənzəmirdi. Ancaq o zaman mən bu barədə düşünməmişdim, yalnız 

sonralar, çox-çox sonralar onun mənim şəxsiyyətim haqqında olan o yanlış, o 

müdhiş fikrinin mənasını dərk etdim. Yoxsa, mən söhbətimizin anlaşılmazlığını 

daha da gücləndirən sonrakı sözləri heç söyləməzdim. Mən dedim: 

– Onda otellərin birində otaq tutmaq lazımdır. Siz burada qala bilməzsiniz. Siz bir 

sığınacaq tapmalısınız. 

Bax yalnız indi mən onun o dəhşətli yanlış fikrini anladım, çünki o, heç mənə sarı 

çevrilmədən istehzalı bir tərzdə: 

– Yox, – dedi, – mənə otaq gərək deyil, mənə, ümumiyyətlə, heç nə lazım deyil, 

əbəs yerə özünü əziyyətə salma, məndən heç nə çəkə bilməyəcəksən. Sən 

axtardığın adam mən deyiləm, mənim pulum-zadım yoxdur. 

Bu sözlər elə dəhşətlə, elə sarsıdıcı bir etinasızlıqla deyildi ki, eyni zamanda, belə 

islanmış bütün mənəviyyatı ilə üzülmüş bu adamın belə ölgün, belə halsız bir 

vəziyyətdə divara söykənib dayanması mənə o dərəcədə təsir etdi ki, çürükçülük 

edib, ondan inciməyimə heç bir lüzum qalmadı. Onun salondan səndirləyə-

səndirləyə çıxdığı andan məni əsir edən və bütün bu ağlasığmaz dərəcədə cəfəng 

bir saat ərzində qəlbimi rahat buraxmayan həmin hiss yenidən məni bürüdü: burada 

bir insan, bir gənc, canlı, nəfəsli bir məxluq ölümlə üz-üzə dayanmışdı, onu 

ölümün pəncəsindən mən xilas etməliydim, yalnız mən! Yaxın gəldim. 

– Puldan yana narahat olmayın, gedək! Burada qala bilməzsiniz, mən sizi 

yerləşdirərəm. Heç bir şey haqqında narahat olmayın, ancaq, tez olun, gedək! 

O, başını çevirdi, yağış hələ də ətrafı döyəcləyirdi, navalçadan şırıltı ilə su axıb  

ayaqlarımıza sıçrayırdı. Mən bu zaman hiss etdim ki, o, ilk dəfə qaranlıqda mənim 

üzümü görməyə cəhd edir. O qurcalandı, görünür, artıq bədəni də letargiya  

yuxusundan yavaş-yavaş oyanmağa başladı. 



– Neyləyim, necə istəyirsən? – o, tabe olaraq cavab verdi. – Mənim üçün fərqi 

yoxdur... Yaxşı, niyə də axı getməyək? Gəlin!  

Mən çətri açdım, o, mənə yaxınlaşdı və qoluma girdi. Bu gözlənilməz yaxınlıq 

məni narahat etdi, hətta qorxutdu da. Ürəyim şiddətlə döyünməyə başladı. Onun 

qolunu kənar etməyə cəsarətim çatmadı, axı onu rədd etsəydim, o məhv ola bilərdi 

və mənim bura qədərki əziyyətim heçə gedərdi. Biz qumarxanadan bir neçə addım 

uzaqlaşdıq. Yalnız burada ağlıma gəldi ki, bəs sonrası necə olacaq? “Yaxşı olar ki, 

– tələsik düşündüm, – onu hər hansı bir otelə aparım, orada ovcuna pul basım ki, 

gecələsin və səhər evlərinə gedə bilsin…” Sonrası barədə mən heç düşünməzdim 

də. Elə bu zaman kazinonun qarşısından tez-tez ötüb-keçən faytonlardan birini 

saxladım, biz əyləşdik. Faytonçu soruşanda ki, hara sürüm, mən əvvəlcə cavab 

verə bilmədim. Mən başa düşürdüm ki, bu suda islanmış cücəyə oxşayan adamı 

bahalı otellərə qəbul etməzlər, digər tərəfdən də, belə işlərdə o qədər təcrübəsizdim 

ki, sözlərimin başqa bir məna verəcəyini düşünməyib faytonçuya: «Ucuz 

otellərdən birinə!» – dedim. 

Faytonçu dinməzcə və laqeyd halda atları qovurdu. Yanımdakı bu yad adam heç 

dinmirdi: təkərlər taqqıldayır, yağış şiddətlə şüşəni döyəcləyirdi; bu, tabuta 

bənzəyən qanlı, qaranlıq, darısqal, dördkünc qutuda elə narahat idim ki, sanki, 

özümlə bir meyit aparırdım. Çalışırdım ki, bu cansıxıcı sakitliyi pozmaq, bu qəribə 

və dəhşətli şəxsi dilə gətirmək üçün nəsə düşünüm, hər hansı bir söz tapım, lakin 

heç nə ağlıma gəlmirdi. Bir neçə dəqiqədən sonra fayton dayandı, mən birinci 

olaraq düşdüm. O, key halda, aşağı enib qapını örtüncə, mən faytonçunun pulunu 

verdim. Biz kiçik, mənə tanış olmayan bir mehmanxananın girəcəyində dayandıq, 

ensiz şüşə talvar bizi qəzəbli bir inadkeşliklə qatı zülməti didib-parçalayan 

yağışdan qoruyurdu. 

Heydən düşmüş bu yad adam ağır gövdəsini qeyri-iradi olaraq divara söykədi, 

onun islanmış şlyapasından və əzilmiş köynəyindən hələ də su süzülürdü. Çaydan 

dartıb çıxarılmış və hələ özünə gəlməmiş adamlar kimi orada dayanıb qalmışdı, 

üstündən damcılayan su ayağının yanından axıb aşağıda gölməçələnirdi. Ancaq o, 

suyu alnına, üzünə damcılayan şlyapasını çıxarıb çırpmağa, yaxud bir tərəfə 

atmağa belə cəhd etmirdi. O elə dayanmışdı ki, elə bil, bütün bunların onun üçün 

heç bir fərqi yox idi. Onun belə acınacaqlı görkəminin mənə necə təsir etdiyini sizə 

danışa, izah edə bilmirəm. 



Yüklə 389,35 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə