Strateji TƏHLİL



Yüklə 208,25 Kb.
Pdf görüntüsü
tarix26.08.2018
ölçüsü208,25 Kb.
#64851


STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

175

Açar  sözlər:  miqrasiya  prosesləri,  qanunsuz  miqrasiya,  insan  alveri, 

readmissiya, BMT Konvensiyası, tranzit ölkələr



Key  words:  migration  processes,  illegal  migration,  human  trafficking, 

readmission, UN Convention, transit countries



  Ключевые  слова:  миграционные  процессы,  незаконная  миграция, 

торговля людьми, реадмиссия, Конвенция ООН, транзитные страны

Müasir şəraitdə 

qeyri-qanuni 

beynəlxalq 

miqrasiya və 

onunla mübarizə

Orxan 

əLİYEV

AMEA Hüquq və İnsan 

Haqları İnstitutunun doktorantı

orkhanfirdovsi@gmail.com




STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

176 

giriş

XXI əsrdə qloballaşmanın bütün planeti əhatə etdiyi bir dövrdə dünya-

nı miqrasiya prosesləri olmadan təsəvvür etmək qətiyyən mümkün deyil. 

Məlum  olduğu  kimi,  miqrasiya  səbəblərindən,  müddətindən,  insanların 

sayından və digər amillərdən asılı olaraq müxtəlif növlərə bölünür: daimi-

müvəqqəti,  məcburi-könüllü,  qanuni-qanunsuz,  beynəlxalq,  ölkədaxili  və 

s.  Bu  proses  əsasən  qanunvericiliyin  tələblərinə  riayət  edilməsi  baxımın-

dan  qanuni  və  qanunsuz  ola  bilər.  Miqrasiyanın  araşdıracağımız  qanun-

suz növü müasir dünyada miqrasiya proseslərinin ayrılmaz hissəsini təşkil 

etməkdədir. İqtisadiyyatın qloballaşdığı indiki dövrdə qanunsuz miqrasiya 

problemləri xüsusi aktuallıq kəsb edir. BMT-nin məlumatlarına görə, qeyri-

leqal miqrasiya beynəlxalq cinayətkar qruplar üçün böyük gəlir mənbəyinə 

çevrilmişdir. Beynəlxalq Miqrasiya Təşkilatının qiymətləndirmələrinə əsasən, 

miqrantların Aralıq dənizi vasitəsilə Avropaya daşınması hər il 35 milyard 

dollar gəlir gətirir. Mütəxəssislərin fikrincə, bu cür daşınmalar beynəlxalq 

cinayətkar  şəbəkənin  fəaliyyəti  sahəsində  silah  və  narkotik  ticarətindən 

sonra gəlirlilik baxımından üçüncüdür [17].

İnsanların məcburi şəkildə müxtəlif yollarla daşınmasının uzun və sərt 

tarixi vardır. Köləlik və qul alveri sosial təzahür olaraq bəşəriyyəti, demək 

olar ki, bütün tarix boyu müşayiət etmişdir. Qədim dövlətlərin iqtisadiyya-

tında qul ticarəti böyük yer tuturdu. Məsələn, zənci qullar Misir, Finikiya, 

Yunanıstan və Romaya daşınırdı. Kölələrin əsas mənbəyi müharibə zamanı 

əsir düşmüş özgə tayfanın nümayəndələri, həmçinin qulların satın alınma-

sı  idi.  Orta  əsrlərdə  Qərbi  Avropada  qul  ticarəti  ilə  əsasən  Skandinaviya 

vikinqləri  və  italyan  tacirləri  məşğul  olurdular.  XV  əsrin  ortalarında  por-

tuqaliyalılar qulları Afrikadan Qərbi Avropaya, XVI əsrin əvvəllərindən isə 

Braziliyaya daşımağa başladılar. 1698-ci ildə İngiltərə parlamentinin qəbul 

etdiyi qərara əsasən, fiziki şəxslərə qul ticarəti ilə məşğul olmağa icazə ve-

rildi. Transatlantik qul ticarəti tarixdə ən böyük və faciəli deportasiya hesab 

edilə bilər. XVI əsrdən XIX əsrə qədər davam edən bu deportasiya zama-

nı milyonlarla afrikalı avropalılar tərəfindən satılmış və istismar edilmişdir. 

XVIII əsrin əvvəllərində Afrikadan Yeni Dünyaya hər il 36 min qul, əsrin son-

larında isə artıq 80 minə yaxın afrikalı daşınırdı. Nəticədə Amerika qitəsinə 

10 milyondan çox qaradərili gətirilmişdi. Afrikalı qullarla dolu gəmilər At-

lantik okeanı vasitəsilə Cənubi və Şimali Amerikaya gəlirdi, burada müxtəlif 

məhsullarla yanaşı, zəncilər də satılırdı. Uzun yol boyu minlərlə qul aclıq və 

dözülməz şəraitsizlik nəticəsində həlak olurdu.

Məlum olduğu kimi, 15 may 1820-ci ildə ABŞ Konqresi tərəfindən qul 

ticarəti dəniz quldurluğu ilə (piratlıq) bərabər tutularaq, hər iki cinayətlə 

bağlı  ölüm  cəzasının  tətbiq  edilməsi  məqsədəuyğun  hesab  edilmişdi. 




STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

177

1840-cı ildən etibarən isə demək olar ki, əksər Avropa ölkələrinin cinayət 

qanunvericiliyinə  əsasən,  qul  və  zəncilərin  ticarəti  ilə  bağlı  sərt  cəza 

tədbirlərinin gerçəkləşdirilməsinə başlanıldı [7].

Müasir  dövrdə  qul  ticarəti  rəsmi  şəkildə  qadağan  olunsa  da,  bu,  “in-

san alveri” adını alan qanunsuz beynəlxalq miqrasiya formasında davam 

edir. Beynəlxalq Əmək Təşkilatının verdiyi məlumata əsasən, təxminən 21 

milyon  kişi,  qadın  və  uşaq  bu  gün  də  az  məvaciblə  və  ya  heç  bir  əmək 

haqqı almadan kölə kimi işləyir. Bəs qanunsuz beynəlxalq miqrasiya insan 

alverindən başqa daha nəyi əhatə edir?



1. Qanunsuz beynəlxalq miqrasiyanın növləri

Qanunsuz  beynəlxalq  miqrasiya  terminoloji  baxımdan  müxtəlif  isti-

lahlarla  ifadə  edilir:  qanunsuz  miqrasiya,  qeyri-leqal  miqrasiya,  sənədsiz 

miqrasiya, cinayətkar miqrasiya, kriminal miqrasiya, qeyri-müntəzəm miq-

rasiya,  gizli  miqrasiya.  Lakin  bütün  bunlar  demək  olar  ki,  miqrasiyanın 

əsas xüsusiyyətini – qeyri-qanuni mahiyyətini əks etdirir, miqrasiyanın bu 

növləri müəyyən əlamətlərinə görə fərqlənsə də, onları ümumi bir əlamət 

– qanuna zidd olmaları birləşdirir. Bəzi alimlər qanunsuz və kriminal miq-

rasiyanı birgə qəbul edirlər. L.A.Jukov qanunsuz miqrasiyanı iki yerə bölür 

– qeyri-leqal və kriminal. O, qeyri-leqal miqrasiyanı miqrasiya qanunverici-

liyi normalarının pozulması ilə baş verən yerdəyişmə, kriminal miqrasiyanı 

isə cinayət törətmək məqsədilə həyata keçirilən miqrasiya kimi təfsir edir 

[18,  s.43].  S.Y.Metelyov  əcnəbi  vətəndaşların  qeyri-leqal  yerdəyişməsini 

kriminal miqrasiyaya aid edir [19, s.21-29]. Qeyd etmək istərdik ki, qeyri-

leqal  və  kriminal  miqrasiyanı  ümumi  cəhətlər  birləşdirsə  də,  bəzən  qey-

ri-leqal,  yaxud  leqal  miqrant  törətdiyi  cinayət  əməllərinə  görə  kriminal 

miqranta çevrilsə də, qanunsuz miqrasiya ilə kriminal miqrasiya arasında 

fərqli xüsusiyyətlər vardır. Məsələn, qeyri-leqal miqrant hazırda yerləşdiyi 

ölkədə cinayət törətməklə kriminal miqranta çevrilir və ya qanuni miqrant 

gəldiyi ölkədə miqrasiya qanunları ilə yaşamaq adı altında öz cinayətkar 

məqsədini həyata keçirir.  

Qeyri-müntəzəm miqrasiya çıxış, tranzit  qəbuledici ölkələrin nizam-

layıcı  normalarının  pozulması  ilə  baş  verən  yerdəyişmədir.  Təyinat  ölkə 

baxımından bu, miqrantın qanunsuz gəlişi, bu ölkədə qanunsuz qalması 

və işləməsidir. Başqa sözlə desək, miqrantın immiqrasiya qanunvericiliyinə 

uyğun  olaraq,  konkret  ölkəyə  gəlmək,  qalmaq  və  işləmək  üçün  lazımi 

icazə  və  ya  sənədləri  yoxdur.  Çıxış  ölkə  baxımından  isə  qeyri-müntəzəm 

miqrasiya  insanların  pasport  və  digər  yol  sənədləri  olmadan  beynəlxalq 

sərhədləri keçməsi, yaxud həmin ölkəni tərk etmək üçün inzibati tələblərə 

riayət etməməsidir. Qeyri-müntəzəm miqrant ölkəyə qanunsuz gəlməsi və 




STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

178 

ya  vizanın  vaxtının  bitməsi  nəticəsində  tranzit  və  ya  qəbul  edən  ölkədə 

qanuni statusa malik olmur. Bu, ölkəyə giriş qaydalarını pozan miqrantlara, 

həmçinin qəbul edən ölkədə bundan sonra qalmaq üçün heç bir hüququ 

olmayanlara şamil edilir [13, s.44-45].

Sənədsiz  əcnəbi  müvafiq  sənədləri  olmadan  hansısa  ölkəyə  gələn  və 

ya ölkədə qalan şəxsdir. Bu cür şəxslər qanuni sənədləri olmadan, yaxud 

saxta sənədlərdən istifadə etməklə hansısa ölkəyə daxil olan və ya qanuni 

sənədlərdən  istifadə  edərək  ölkəyə  gəlib,  lakin  icazə  verilən  müddətdən 

artıq qalan insanlardır [13, s.43].

Qanunsuz beynəlxalq miqrasiyanın növlərindən biri də gizli miqrasiyadır. 

Bu, gizli şəkildə, yəni miqrasiyanın immiqrasiya tələblərinin pozulması ilə baş 

verir. Belə ki, hansısa ölkəyə leqal şəkildə gələn miqrant immiqrasiya qayda-

larını pozaraq, ölkədə nəzərdə tutulmuş müddətdən daha çox qalır [13, s.75].

Qeyd  etmək  istərdik  ki,  insan  alveri  və  qanunsuz  miqrasiya  oxşar 

cəhətlərə  malikdir.  Bunların  hər  ikisində  insanlar  saxta  sənədlərlə  xaricə 

gedirlər,  lakin  məqsəd  müxtəlifdir.  İnsan  alverində  cinayətkar  şəxs  və  ya 

qrup konkret insanın satılması hesabına vəsait əldə edir. Qanunsuz miqrasi-

yada isə o, qeyri-leqal miqrasiyanın təşkilinə görə pul qazanır. Bundan baş-

qa, insan alveri əsasən zorakılıqla gerçəkləşdirilir, cinayətkarların qurbanı 

çox ağır şəraitdə daşınır və miqrasiya etdiyi və ya edildiyi ölkədə daim kölə 

kimi fiziki və cinsi istismar edilir, onun geriyə qayıtmaq şansı isə demək olar 

ki, olmur. Qanunsuz miqrasiyada isə miqrant öz ölkəsini qeyri-qanuni yolla 

tərk etmək barədə könüllü qərar qəbul edir, yaxud yuxarıda göstərdiyimiz 

qanunsuz miqrasiyanın bir sıra növlərində olduğu kimi, ölkədə qalma vax-

tının bitməsinə baxmayaraq, orada qalmaqda davam edir. Fikrimizcə, hər 

halda insanların qanunsuz daşınması həyata keçirildiyindən insan alverini 

qanunsuz miqrasiyanın bir – daha ağır növü hesab etmək olar.  

Qanunsuz  beynəlxalq  miqrasiyanın  yaranmasının  əsas  səbəbləri 

qismində  müasir  dövrdə  dövlətlər  arasında  iqtisadi  inkişaf,  demokratik 

səviyyə, demoqrafik durum və digər fərqləri göstərmək olar. Bundan baş-

qa, hansısa ölkədə olan hərbi-siyasi sabitsizlik də insanları başqa bir xa-

rici dövlətin ərazisinə keçməyə və orada daimi və ya müvəqqəti yaşama-

ğa məcbur edə bilər. Məsələn, Suriyada və İraqda davam edən vətəndaş 

müharibələri  nəticəsində  milyonlarla  insan  qaçqına  çevrilmiş,  müxtəlif 

ölkələrə,  o  cümlədən  Azərbaycana  da  sığınmışlar.  Myanmada  baş  verən 

münaqişə  nəticəsində  on  minlərlə  qaçqın  müsəlman  Banqladeşə,  Hin-

distana,  Çinə  və  digər  ölkələrə  mühacirət  etmişdir.  Myanmanın  rəsmi 

hakimiyyəti  və  buddist  əhalisi  Rohinca  müsəlmanlarını  Banqladeşdən 

gəlmiş  qeyri-leqal  miqrantlar  hesab  edirlər.  Hakimiyyət  orqanları  qaç-

qınların  bir  daha  Myanmaya  geri  qayıtmamaları  üçün  artıq  sərhədləri 

bağlamışlar.  Qanunsuz  miqrasiya  problemini  doğuran  digər  bir  səbəb 




STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

179

dövlətlər tərəfindən milli təhlükəsizliyin təmin edilməsi məqsədilə əcnəbi 

vətəndaşların  və  vətəndaşlığı  olmayan  şəxslərin  ölkəyə  gəlişinin,  burada 

qalmasının məhdudlaşdırılmasıdır [22, s.36-39].



2.  Qanunsuz  beynəlxalq  miqrasiyanın  aradan  qaldırılması  ilə 

bağlı beynəlxalq sənədlər

Qanunsuz  beynəlxalq  miqrasiyanın  qarşısının  alınması  ilə  bağ-

lı beynəlxalq hüquqi baza və həmçinin ölkələrin milli qanunvericiliyi for-

malaşdırılmışdır.  Beynəlxalq  hüquqi  aktlardan  2000-ci  il  noyabrın  15-də 

BMT  Baş  Assambleyası  tərəfindən  qəbul  edilmiş  “Transmilli  mütəşəkkil 

cinayətkarlığa qarşı Konvensiya”nı, həmçinin onu tamamlayan “İnsan alve-

rinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırıl-

ması və cəzalandırılması haqqında” və “Miqrantların quru, dəniz və hava ilə 

sərhəddən qanunsuz keçirilməsinə qarşı” iki Protokolu göstərmək olar. Adı 

çəkilən sənədlərdən birinci Protokolda qeyd edilir ki,“insan alveri”  dedikdə, 

güc tətbiq etmək hədəsi ilə və ya güc tətbiq etməklə və ya məcburetmə, 

oğurlama, dələduzluq, aldatma, hakimiyyətdən və ya vəziyyətin zəifliyindən 

sui-istifadə  etməklə,  yaxud  da  digər  şəxsə  nəzarət  edən  şəxsin  razılığını 

almaq üçün ödəniş və ya mənfəət  şəklində rüşvət verməklə insanların is-

tismar məqsədi ilə cəlb edilməsi, daşınması, təhvil verilməsi, gizlədilməsi 

və  ya alınması başa düşülür” (maddə 3). “İnsan alverinin, xüsusən qadın və 

uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması 

haqqında” Protokolun "Preambula" hissəsində iştirakçı dövlətlər insan al-

verinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması üzrə səmərəli 

tədbirlərin görülməsinə və onunla mübarizə aparmaq üçün mənşə, tran-

zit  və  təyinat  ölkələrində  bu  cür  alverin  qarşısının  alınmasına,  bununla 

məşğul olan şəxslərin cəzalandırılmasına və bu cür alverin qurbanlarının 

müdafiəsinə, o cümlədən onların beynəlxalq səviyyədə tanınmış insan hü-

quqlarının  müdafiəsinə  yönələn  tədbirləri  özündə  əks  etdirən  hərtərəfli 

beynəlxalq yanaşmanı zəruri hesab edirlər [2, s.116, 127].

 “Miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə 

qarşı”  Protokolun  məqsədi  isə  miqrantların  sərhəddən  qanunsuz 

keçirilməsinin qarşısını almaq və onunla mübarizə aparmaqdan, habelə bu 

məqsədlərə nail olmaq üçün sərhəddən qanunsuz keçirilmiş  miqrantların 

hüquqlarının  müdafiəsi  zamanı  iştirakçı  dövlətlər  arasında  əməkdaşlığın 

təşviq edilməsindən ibarətdir. Sənədin “Anlayışlar” maddəsində miqrantla-

rın qeyri-qanuni gətirilməsinə aydınlıq gətirilir: “Miqrantların qeyri-qanuni 

gətirilməsi dedikdə, hər hansı bir maliyyə və ya digər maddi mənfəətin bir-

başa və ya dolayı alınması məqsədi ilə istənilən iştirakçı dövlətin ərazisinə 

onun vətəndaşı olmayan və ya onun ərazisində daimi yaşamayan hər hansı 



STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

180 

bir şəxsin qeyri-qanuni daxil olmasının təmin edilməsi başa düşülür; “qey-

ri-qanuni gəlmək” dedikdə, qəbul edən dövlətə  qanuni  əsaslarla daxil ol-

maq üçün vacib tələblərə riayət etməməklə sərhədi keçmək başa düşülür”.

“Miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə 

qarşı” Protokolun 6-cı maddəsinə əsasən, hər bir iştirakçı dövlət qəsdən və 

birbaşa və ya dolayı maliyyə və ya digər maddi mənfəət almaq məqsədi 

ilə törədilən əməlləri cinayət qanunu ilə cəzalandırılan əməl kimi tanımaq 

üçün lazımi qanunverici və digər tədbirlər görür. Bu əməllər aşağıdakılardır:

1)  miqrantların sərhəddən qanunsuz keçirilməsi;

2)  əməllər miqrantların sərhəddən qanunsuz keçirilməsi üçün şəraitin 

yaradılması məqsədi ilə törədilərkən: a) ölkədən getmək və ölkəyə gəlmək 

üçün  saxta  sənədin  və  ya  şəxsiyyət  vəsiqəsinin  düzəldilməsi;  b)  bu  cür 

sənədin əldə olunması və ya verilməsi və ya bu cür sənədə malik olmaq;

3)  aidiyyətli dövlətin vətəndaşı olmayan və ya onun ərazisində daimi 

yaşamayan hər hansı bir şəxsə yuxarıda göstərilən üsullar və ya digər hər 

hansı bir qeyri-qanuni vasitələrlə qanuni qalmaq üçün zəruri olan qanuni 

tələblərə  riayət etməməklə, bu dövlətin ərazisində qalmağa imkanın ya-

radılması.

Adı çəkilən maddədə həmçinin qeyd edilir ki, hər bir iştirakçı dövlət eyni 

zamanda aşağıdakı  əməlləri cinayət qanunu ilə cəzalandırılan əməl kimi 

tanımaq üçün lazımi qanunverici və digər tədbirlər görür:

a)  öz  hüquq  sisteminin  əsas  prinsiplərinə  riayət  etmək  şərti  ilə  bu 

maddəyə uyğun olaraq cinayət kimi müəyyən edilmiş hər hansı bir cinayətin 

törədilməsinə cəhd;

b) bu maddəyə uyğun olaraq cinayət kimi müəyyən edilmiş hər hansı 

bir cinayətin törədilməsində cinayət yoldaşı qismində iştirakçılıq və öz hü-

quq sisteminin əsas prinsiplərinə riayət etmək şərti ilə bu maddəyə uyğun 

olaraq cinayət kimi müəyyən edilmiş hər hansı bir cinayətin törədilməsində 

cinayət yoldaşı qismində iştirakçılıq;

c)  bu maddəyə uyğun olaraq cinayət kimi müəyyən edilmiş  hər hansı 

bir cinayəti törətmək məqsədi ilə digər şəxslərin təşkilatlandırılması və ya 

onlara rəhbərlik [6].

Hazırda  qeyri-leqal  miqrasiyaya  qarşı  dövlətlər  tərəfindən  bir  sıra 

tədbirlər görülməkdədir. Buna səbəb isə qeyri-leqal miqrasiya probleminin 

daha da aktuallaşmasıdır. Belə ki, təkcə 2015-ci ildə Avropa İttifaqının xarici 

sərhədlərin təhlükəsizliyi üzrə qurumu – FRONTEKS agentliyi sərhədlərin 

qeyri-leqal keçilməsi ilə bağlı rekord sayda – 1,8 milyon hal qeydə almışdır 

[20]. Lakin bir il sonra bu rəqəm xeyli aşağı enmiş və 503.700 təşkil etmişdir. 

2016-cı ildə Yaxın Şərq, Asiya və Afrika ölkələrindən 382 min qanunsuz miq-

rant Avropaya gəlmişdir. Bu, 2015-ci illə müqayisədə aşağı olsa da, 2010-

2014-cü illərin göstəricilərindən yuxarıdır. Agentliyin məlumatına əsasən, 




STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

181

Aralıq  dənizi  ilə  İtaliyaya  gələn  qaçqın-

ların sayı 2015-ci illə müqayisədə 17 faiz 

artmışdır [12]. Ümumiyyətlə, bu problem 

miqrantların qanunsuz olaraq dənizlə da-

şınması ilə mübarizə aparılması sahəsində 

xüsusilə  aktualdır.  Aralıq  dənizində  çox-

saylı  faciələr  yüzlərlə  insanın  həyatına 

son  qoymuşdur.  Bu,  əsasən  miqrantları 

onların həyatı üçün təhlükəli üsullarla qa-

nunsuz aparan və bununla da çoxlu vəsait 

əldə edən cinayətkar transmilli təşkilatların fəaliyyətinin nəticəsidir. Balkan 

marşrutu bağlandıqdan sonra miqrantların əksər hissəsi dənizlə qeyri-leqal 

yollarla daşınır. 2016-cı ilin noyabrında Yunanıstan polisi Egey dənizində 

dörd miqrantın batdığını təsdiq etmişdir, 42 qaçqını qeyri-leqal aparan qa-

yıq  həddən  artıq  yükləndiyindən  bu  insanlar  qayıqdan  yıxılmışlar.  Aralıq 

dənizi vasitəsilə Afrika ölkələrindən – Qambiya, Liviya, Mali və Nigeriyadan 

olan  mühacirlər  İtaliyaya  gedirlər.  Suriyadan  olan  məcburi  miqrant  axını 

Avropa dövlətlərində mürəkkəb vəziyyət yaratmışdır. 2014-cü ildə dənizlə 

Avropaya qədər gəlib çatmağa cəhd göstərərkən 10.000 kişi, qadın və uşaq 

həlak  olmuş  və  ya  itkin  düşmüşdür.  BMT-nin  Qaçqınlar  üzrə  Ali  Komis-

sarlığının  verdiyi  məlumata  əsasən,  2016-cı  il  avqustun  31-nədək  Aralıq 

dənizində insanların həlak olması və itkin düşməsi ilə bağlı 3169 hal qeydə 

alınmışdır. Avropaya gələnlərin sayı isə 281.740 nəfər təşkil etmişdir [9]. 

Yuxarıda xatırlatdığımız “Miqrantların quru, dəniz və hava ilə sərhəddən 

qanunsuz keçirilməsinə qarşı” Protokolun II fəsli miqrantların məhz dənizlə 

sərhəddən qeyri-qanuni keçirilməsinə həsr olunmuşdur. Protokolda qeyd 

edilir ki, iştirakçılar miqrantların dənizlə qeyri-qanuni daşınmasının qarşı-

sını almaq məqsədilə beynəlxalq dəniz hüququna uyğun olaraq mümkün 

qədər geniş şəkildə əməkdaşlıq edirlər. Sənədin 8-ci maddəsi miqrantların 

dənizlə  sərhəddən  qanunsuz  keçirilməsinə  qarşı  müqavimət  tədbirlərini 

ehtiva edir. Məsələn, əgər  iştirakçı dövlətin kifayət qədər  şübhə  etməyə 

əsası varsa ki, onun bayrağı altında üzən və  ya bu dövlətdə  qeydiyyatda 

olmasını bəyan edən və  ya ona məxsus olmayan və  ya xarici dövlətin bay-

rağı altında üzməsinə  baxmayaraq, bayrağı göstərməkdən imtina edən və 

həqiqətdə həmin iştirakçı dövlətə məxsus olan gəmi miqrantların dənizlə 

sərhəddən qanunsuz keçirilməsində  iştirak edir, onda bu iştirakçı dövlət 

həmin  gəminin  bu  məqsədlə  istifadə  edilməsinin  qarşısını  almaq  üçün 

digər iştirakçı dövlətlərdən yardım istəyə bilər. Bu cür yardım haqqında sor-

ğu alan iştirakçı dövlətlər mümkün qədər malik olduqları vasitələrlə belə 

bir yardımı göstərirlər. Lakin bu zaman nə kimi yardım göstərilə biləcəyi 

protokolda konkret olaraq təsbit edilməmişdir. Ola bilsin ki, qanunsuz miq-



2016-cı ildə Yaxın Şərq, 

Asiya və Afrika ölkələrindən 

382 min qanunsuz miqrant 

Avropaya gəlmişdir. Bu, 

2015-ci illə müqayisədə aşağı 

olsa da, 2010-2014-cü illərin 

göstəricilərindən yuxarıdır. 


STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

182 

rantları  daşıyan  gəmi  saxlanılsın  və  geri  qaytarılsın,  yaxud  gəmidə  digər 

sərnişinlər də varsa, miqrantların başqa bir gəmi ilə geriyə yola salınması 

təmin edilsin.



3. Readmissiya

Dünya  birliyi  getdikcə  kəskinləşməkdə  olan  miqrasiya  problemlərini 

müxtəlif yollarla tənzimləməyə çalışır. Qeyri-qanuni miqrasiya ilə mübarizə 

aparmaq  üçün  effektiv  vasitələrdən  biri  readmissiyadır.  Bu  termin  ingilis 

dilindən  tərcümədə  “geri  qəbul  etmək”  deməkdir.  Readmissiya  prosesi 

dövlətin onun ərazisini tərk edən öz vətəndaşlarını və əvvəllər bu dövlətin 

ərazisində yaşayan, yaxud müvəqqəti olaraq burada qalan əcnəbiləri qəbul 

etməsidir.  Readmissiya  yalnız  dövlətlər  arasında  bağlanmış  və  qanuni 

qüvvəyə minmiş müqavilə və ya sazişlərin mövcud olduğu hallarda tətbiq 

edilir. 


Dövlətlər arasında imzalanmış sazişlərin aşağıdakı əsas müddəaları var:

- readmissiya olunacaq şəxslərin siyahısı;

- öhdəliklərdən istisnalar;

- vətəndaş mənsubiyyətinin və gəlişin sübut edilməsi;

- müvəqqəti çərçivələr;

- tranzit şərtlər;

- şəxsi məlumatların müdafiəsi;

- maliyyə təminatı.

Bir  sıra  hallarda  readmissiya  təxirə  salına  bilər.  Məsələn,  readmissiya 

olunacaq şəxslər ağır xəstə olduqda onların ölkədən çıxarılması həyat və 

sağlamlıqları üçün təhlükə törədə bilər. Dövlətin ərazisində qeydə alınmış 

ağır xəstə və ya ölmüş yaxın qohumu olan əcnəbi vətəndaşların, həmçinin 

qaçqın  statusu  alınması  və  ya  sığınacaq  verilməsi  məqsədilə  ərizə  ilə 

müraciət edənlərin də readmissiyası qərar qəbul edilənə qədər təxirə sa-

lına bilər. Fövqəladə vəziyyət, daşqın, sel, zəlzələ, yoluxucu xəstəliklər və 

s. kimi problemlərin yaranması, təbii fəlakətlərin baş verməsi ilə əlaqədar 

olaraq  readmissiya  proseduru  bu  hadisələrin  nəticələri  tam  aradan  qal-

dırılana  qədər  dayandırılır.  Readmissiyaya  məruz  qalan  şəxslər  –  əcnəbi 

vətəndaşlar məhkəmənin qərarı ilə azadlıqdan məhrum edilərsə, readmis-

siya  müvəqqəti  dayandırılır,  yaxud  istintaq  hərəkətlərində  və  məhkəmə 

prosesində iştirak edən şəxslərin çıxarılması təxirə salınır, onlar müəyyən 

müddət ərzində həmin ölkədə qalırlar.

Readmissiya prosesinin ləğv olunduğu şərtlər də nəzərdə tutulmuşdur:

- əcnəbi vətəndaşın ölümü baş verərsə;

- əcnəbi vətəndaş itkin düşərsə;

- əcnəbi şəxs qaçqın statusu alarsa;

- readmissiya olunacaq şəxsə müvəqqəti sığınacaq verilərsə;



STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

183

-  əgər  şəxs  dövlətin  ərazisini  könüllü 

tərk edərsə, readmissiya tamamilə dayan-

dırılır.


Readmissiya  sazişi  əcnəbinin  qey-

ri-leqal  vəziyyətdə  olduğu  hər  hansı 

ölkədən  və  ya  tranzit  kimi  istifadə  etdiyi 

digər ölkədən qaytarılması prosedurlarını 

müəyyənləşdirən  sazişdir.  Belə  sazişlərin 

imzalanması avtomatik olaraq Avropa İt-

tifaqı ilə viza rejiminin sadələşdirilməsinə 

pozitiv təsir edir. 2007-ci il aprelin 19-da 

Avropa İttifaqı ilə Rusiya arasında, 2010-

cu  ildə  isə  Avropa  İttifaqı  ilə  Ukrayna 

arasında  readmissiya  haqqında  sazişlər 

imzalanmışdır.  2017-ci  ildə  Ukrayna  ilə 

İsveçrə vizasız rejim və admissiya (ölkəyə 

girmək  icazəsinin  verilməsi  –  O.F.)  haqqında  saziş  imzalamışlar.  2014-cü 

ildə Brüsseldə qeyri-qanuni immiqrasiyaya qarşı daha səmərəli mübarizə 

aparmaq  məqsədilə  öz  aralarında  əməkdaşlığı  gücləndirmək  niyyəti  ilə 

"Azərbaycan  Respublikası  və  Avropa  İttifaqı  arasında  icazəsiz  yaşayan 

şəxslərin  readmissiyası  haqqında"  Saziş  imzalanmışdır.  “Azərbaycan  Res-

publikası  Hökuməti  ilə  İsveçrə  Federal  Şurası  arasında  icazəsiz  yaşayan 

şəxslərin readmissiyası haqqında” saziş də təsdiqlənmişdir [3].

Məlum  olduğu  kimi,  miqrasiyanın  müxtəlif  növləri  var:  epizodik, 

mütəmadi,  mövsümi,  daimi.  Qanunsuz  miqrasiya  da  öz  növbəsində 

müəyyən parametrlərinə görə bir neçə növə bölünür. Belə ki, 

təşkil olunma dərəcəsinə görə – mütəşəkkil və qeyri-mütəşəkkil;



qanunsuz miqrantların sayına görə – fərdi və qrup;

ölkəyə  giriş  üsuluna  görə  –  sərhədin  saxta  sənədlərlə  qanunsuz 



keçilməsi yolu ilə; qorunmayan sərhədlərdən və ya dövlət sərhədinin bu-

raxılış məntəqəsi olmayan hissələrindən ölkəyə giriş; nəhayət, ölkəyə qa-

nuni yolla gəldikdən sonra burada qalma müddəti bitdiyi halda ölkəni tərk 

etməmək.


Miqrasiyanın yaranmasına gətirib çıxaran amillərlə bağlı qeyd etmişdik 

ki, hələ qədim dövrlərdən insanların öz doğma torpaqlarını tərk etmələrinin 

başlıca səbəbi onların yaxşı həyat dalınca getmələri olub. Bu, keçmişdə ol-

duğu kimi, müasir dövrdə də həm qanuni, həm də qanunsuz beynəlxalq 

miqrasiyanı  doğuran  əsas  səbəblərdəndir.  Qanunsuz  beynəlxalq  miqra-

siyanın  yaranması  miqrantların  mənşə  ölkələrindən  çıxmalarına  gətirib 

çıxaran amillərlə bağlıdır. Bu amillərə  yoxsulluq, işsizlik, iqtisadi böhran, 

müharibə  şəraiti  və  s.  göstərilə  bilər.  Başqa  bir  amil  isə  bunun  əksinə  – 

təyinat  ölkələrində  cəlbedici  şəraitin  olmasıdır,  məsələn,  əmək  haqqının 

Qanunsuz beynəlxalq 

miqrasiyanın əsas marşrutu 

üzrə aparılan hesablamalara 

əsasən, Şərqi, Şimali və 

Qərbi Afrikadan Avropaya

eləcə də cənubi Amerikadan 

Şimali Amerikaya aparılan 

miqrantlar cinayətkarlara 

ildə 6,57 milyard ABŞ dolları 

həcmində gəlir gətirir. Bu 

qanunsuz fəaliyyətlə əsasən 

mütəşəkkil cinayətkar 

şəbəkələr məşğul olurlar. 



STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

184 

daha yüksək səviyyədə ödənilməsi, iş tapmağın asanlığı, təhlükəsiz həyat 

şəraiti və s. Digər tərəfdən, qanuni miqrasiyanın fəaliyyət göstərən qayda 

və mexanizmləri inkişaf etmiş və güclü iqtisadiyyatı olan ölkələrdə əmək 

ehtiyatları  qıtlığını  aradan  qaldırmağa  imkan  vermir.  Bu  cür  ölkələrdə 

daim ucuz işçi qüvvəsinə ehtiyac var. Haqqı ən aşağı səviyyədə ödənilən 

işlərə, məsələn, yük daşıyan, süpürgəçi və s. işlərə qane olan mühacirlər 

–  qastarbayterlər  müqavilə  müddətləri  başa  çatdıqdan  sonra  nəinki 

vətənlərinə qayıdır, əksinə öz ailələrini də həmin ölkəyə gətirir və daha ağır 

şəraitdə yaşayırlar. Miqrantların can atdıqları əksər ölkələrdə əmək baza-

rı çox böyük sayda qanunsuz əmək miqrantlarını işlə təmin edə bilir. Elə 

bu səbəbdən, yəni işlə təminatın asanlığı, əmək haqqının mənşə ölkə ilə 

müqayisədə daha yüksək olması və işverənlərin qanunsuz miqrantları işə 

götürməkdə  maraqlı  olması  qanunsuz  beynəlxalq  miqrasiyanın  getdikcə 

genişlənməsinə şərait yaradır. Belə bir durumdan sui-istifadə edən işbazlar 

və  müxtəlif  cinayətkar  qruplar  külli  miqdarda  gəlir  əldə  etmək  imkanın-

dan yararlanır, qanunsuz miqrantlar ordusunun yaranmasına səbəb olur-

lar. Onlar miqrantları qanunsuz yollarla bir ölkədən digərinə, bir qitədən 

digər qitəyə aparırlar. Miqrasiyanın qanuni yollarından faydalana bilməyən 

minlərlə insan onların problemindən sui-istifadə edən cinayətkarlar üçün 

əlverişli  gəlir  mənbəyi  olurlar.  Qanunsuz  yollarla  aparılan  miqrantlar  zo-

rakılıq və istismar obyektinə çevrilir və onların həyatı təhlükə altında olur. 

Qanunsuz beynəlxalq miqrasiyanın əsas marşrutu üzrə aparılan hesabla-

malara əsasən, Şərqi, Şimali və Qərbi Afrikadan Avropaya, eləcə də Cənubi 

Amerikadan Şimali Amerikaya aparılan miqrantlar cinayətkarlara ildə 6,57 

milyard ABŞ dolları həcmində gəlir gətirir. Bu qanunsuz fəaliyyətlə əsasən 

mütəşəkkil cinayətkar şəbəkələr məşğul olurlar [8]. 

Yoxsulluq, zorakılıq, təbii fəlakətlər, hərbi münaqişələr və s. problemlər 

üzündən doğma vətənlərini tərk etmək məcburiyyətində qalanların qanu-

ni imkanlarının olmadığını görən cinayətkarlar öz xidmətlərini təklif edir, 

onların emmiqrasiyası üçün saxta sənədlərdən istifadə edirlər. ABŞ-da im-

miqrantların demək olar ki, üçdə birinin qanuni statusu yoxdur. Onların 80 

faizi Cənubi Amerikadan və Meksikadan gəlib. Hesablamalara əsasən, hər il 

təxminən 55 min miqrant Şərqi, Qərbi və Şimali Afrikadan qanunsuz yollar-

la Avropaya gətirilir ki, bu da cinayətkarlara 150 milyon dollar gəlir gətirir. 

Amerika  qitəsindəki  miqrasiya  ilə  müqayisədə  Avropaya  istiqamətlənən 

miqrantların  sayı  az  olsa  da,  onların  arasında  ölüm  halları  daha  çoxdur. 

KİV-in  məlumatına  görə,  1996-2011-ci  illərdə  Afrikada  səhranı  keçərkən 

1691 nəfər həlak olmuşdur [9].

Lakin qanunsuz beynəlxalq miqrasiyanın yüksək səviyyəsi təkcə yuxarı-

da vurğuladığımız problemlərə görə dünyanın əksər ölkələrində həyəcan 

doğurmur. Belə ki, yalnız miqrantlar cinayətkar şəbəkənin qurbanı olmur-

lar, eyni zamanda miqrantların özləri arasında da cinayətkarlar olur. Bu cür 



STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

185

miqrasiya cəmiyyət və dövlət üçün bir sıra mənfi təzahürlərə gətirib çıxarır. 

Miqrantların arasında qanunla cəzalanmaqdan yaxa qurtarmaq naminə öz 

ölkəsini tərk edən cinayətkarlar və terrorçular olur. Getdikləri ölkədə yaşa-

yış şəraitinin ağırlığından, yaxud gözlədikləri həyat şəraitini – mənzil və işi 

əldə edə bilməməkdən cinayət etmək məcburiyyətində qalan miqrantlar 

da, miqrantların qeyri-qanuni gətirilməsi ilə bağlı mütəşəkkil cinayətkarlıq 

və korrupsiya halları da cəmiyyətin kriminallaşma səviyyəsini artırır. Bun-

dan başqa, insan və silah alveri, narkobiznes və s. kimi mənfi təzahürlər də 

genişlənir. Qanunsuz beynəlxalq miqrasiya “kölgə iqtisadiyyatı”nın, qeyri-

leqal əmək bazarının inkişafına səbəb olur, millətlərarası gərginlik yüksəlir, 

dövlət üçün yeni siyasi və iqtisadi təhdidlər yaranır [24, s.14-18]

Qloballaşma  şəraitində  əhalinin  qanunsuz  beynəlxalq  miqrasiyasını 

təşkil edən qeyri-leqal aktorların rolu artmaqdadır. Getdikcə daha çox in-

san  miqrantların  qeyri-leqal  daşınması  ilə  məşğul  olan  gizli  qruplara  və 

ya şəxslərə müraciət edir. Bu prosesə cəlb olunan ölkələrin sayı artır, ye-

ni-yeni marşrutlar işlənilir, bu marşrutlar daha da çətinləşdirilir, miqrant-

lar təyinat ölkəyə dolayı yollarla aparılır. Bu qanunsuz fəaliyyətdə ayrı-ayrı 

cinayətkarlar və mütəşəkkil cinayətkar şəbəkə geniş iştirak edir. Miqrasiya-

nın latent-gizli yollarla genişlənməsi meyli davam edir. Burada onun miqya-

sına nəzarət etmək, miqrantların hüquqlarını müdafiə etmək mümkünsüz 

olur.  Son  nəticədə  bu,  yalnız  ayrı-ayrı  insanların  hüquqlarının  pozulması 

kimi  deyil,  həm  də  dövlətlərin  kollektiv  təhlükəsizliyinə  təhdid  kimi  çıxış 

edir [11, s.331-337].

BMT-nin  qiymətləndirmələrinə  görə,  insan  alveri  ilə  məşğul  olan 

cinayətkar qruplar hər il təxminən 3,5 milyard ABŞ dolları həcmində pul qa-

zanırlar. Böyük Britaniyanın “Ekonomist” jurnalının yazdığına görə, “kölgə 

iqtisadiyyatı” strukturlarının qeyri-leqal miqrasiyadan əldə etdikləri gəlirlər 

ildə 5-7 milyard dollar təşkil edir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlı-

ğının ekspertləri isə belə hesab edirlər ki, bu cinayətkar biznes ildə 7 mil-

yard  dollar  gəlir  gətirir.  İtaliya  Deputatlar  Palatasının  sədri  L.Violantenin 

fikrincə, insan alveri üzrə kölgəli biznes ildə 5 milyard dollar gəlir əldə edir, 

onun qurbanları isə əsasən qeyri-leqal məcburi miqrantlar, uşaqlar və qa-

dınlardır. Tədqiqatçılar XXI əsrin “yeni köləliyi” adlandırılan insan alverinin 

qurbanı olmuş qadınların miqrasiyasının bir neçə dalğasını fərqləndirirlər. 

F.Abdullayev  göstərir  ki,  birinci  dalğa  Tayland  və  filippinli  immiqrantlar, 

ikinci dalğa Dominikan və Kolumbiyadan olan immiqrantlar, üçüncü dal-

ğa Qana və Nigeriyadan çıxan mühacirlər, dördüncü dalğa isə Mərkəzi və 

Şərqi Avropadan (ilk növbədə Rusiya, Ukrayna və Moldovadan) olan qa-

dınlardır. Bu istiqaməti Beynəlxalq Miqrasiya Təşkilatının verdiyi məlumat 

da təsdiq edir. Təşkilatın illik hesabatlarından birində göstərilir ki, Belçika, 

Niderland, Polşa və İsveçrə kimi ölkələrə aparılan slavyan qadınların sayı af-

rikalı, cənubi amerikalı və asiyalı qadınların sayından daha çoxdur [1, s. 27].



STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

186 

Qeyri-qanuni miqrasiyanın səbəbləri müxtəlif olduğundan miqrantların 

arasında, yuxarıda qeyd etdiyimiz kimi, cinayət niyyətli, əməkçi miqrantlar, 

sığınacaq axtaran şəxslər və s. ola bilər. Ona görə də onlara birtərəfli yanaş-

maq olmaz, milli qanunvericilik və beynəlxalq hüquq mənbələri müvafiq 

faktik vəziyyəti ətraflı nəzərdən keçirməli, qanunsuz miqrantların adlarını 

çəkdiyimiz  ayrı-ayrı  kateqoriyalarına  münasibətdə  fərdi  yanaşma  tətbiq 

etməlidirlər.



4. dünya ölkələrində qeyri-qanuni miqrantlar

Finlandiyada  qeyri-leqal  immiqrasiya  hazırda  ciddi  problem  sayılmır. 

Ölkədə təxminən 10 min immiqrantın qeyri-leqal şəkildə yaşadığı təxmin 

edilir.  Onların  əksəriyyəti  ölkədə  qalma  şərtlərini  pozanlardır.  Finlandiya 

qanunvericiliyinə əsasən, qeyri-leqal immiqrasiyanın təşkili kriminal cinayət 

sayılır və cərimə və ya iki il azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır. 

Qeyri-leqal  miqrantların  əməyindən  istifadə  edən  sahibkarlar  üçün  də 

cərimə və bir il həbs cəzası nəzərdə tutulmuşdur.

Siyasi sığınacaq almaq arzusunda olan əcnəbilərin əksəriyyəti İsveçrəyə 

gələrkən geri qaytarılmamaq üçün ölkəyə qeyri-leqal şəkildə daxil olmaq 

məcburiyyətində qalırlar. Məsələn, 1998-ci ildə İsveçrə sərhədində siyasi sı-

ğınacaq almaq istəyən 25,7 faiz əcnəbiyə rədd cavabı verilmişdi. Əgər xarici 

vətəndaş İsveçrəyə qeyri-leqal daxil olmuşdursa, o, qəbul mərkəzlərindən 

birinə gedərək öz ərizəsini verə bilər. Əgər xarici vətəndaşı İsveçrəyə qa-

nunsuz keçməyə cəhd edərkən sərhəddə saxlayarlarsa, onu dərhal qonşu 

ölkənin hakimiyyət orqanlarına təhvil verirlər. Əcnəbi təhvil verildiyi ölkədə 

siyasi sığınacaq istəyə bilər. Əgər həmin əcnəbinin İsveçrədə yaxın qohum-

ları qanuni əsaslarla yaşayırlarsa, hakimiyyət istisnaya yol verə bilər. Onun 

hətta  hansı  ölkədən  gəldiyini  müəyyənləşdirmək  mümkün  olmasa  belə, 

İsveçrə hökuməti onun ərizəsini nəzərdən keçirə bilər.

Avstraliya qanunvericiliyinə əsasən, viza və yol sənədləri olmadan ölkəyə 

gəlməyə cəhd edən, eləcə də bu ölkədə müvəqqəti qalma şərtlərini po-

zan şəxslər qeyrl-leqal immiqrantlar sayılır. Avstraliyanın coğrafi cəhətdən 

yerləşməsinin özünəməxsusluğu müvafiq sənədləri olmayan immiqrantla-

rın  da  sayının  azlığına  təsir  göstərir.  Məsələn,  1999-2000-ci  illərdə  hava 

nəqliyyatı ilə cəmi 231, dəniz nəqliyyatı ilə isə təxminən 4000 qanunsuz 

giriş  halı  qeydə  alınmışdır.  Qeyri-leqal  immiqrantların  əksəriyyətini  viza 

müddəti  başa  çatdıqdan  sonra  ölkədə  qalmaqda  davam  edən  şəxslər, 

habelə  müvafiq  icazə  almadan  işləyənlər  təşkil  edir.  2000-ci  ildə  bu  cür 

insanlar  58.750  nəfər  idi.  Avstraliyada  vizasız  və  ölkədə  qalma  şərtlərini 

pozan əcnəbilər saxlanılaraq deportasiya olunurlar. Əcnəbilərin qanunsuz 

gəlişinə kömək göstərən şəxslər 20 ilədək azadlıqdan məhrumetmə cəzası 

və 220.000 ABŞ dollarına qədər cərimə ala bilərlər. Avstraliya qeyri-leqal 



STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

187

immiqrasiya və traffikinqə qarşı beynəlxalq proqramların fəal iştirakçısıdır. 

Onlardan  Avropada,  Şimali  Amerikada  və  Avstraliyada  miqrasiya  siyasəti 

məsələləri üzrə Hökumətlərarası məsləhətləşmələri, Şərqi və Cənub-Şərqi 

Asiya ölkələrində insan ehtiyatlarının qeyri-leqal immiqrasiyasını və traffi-

kinqini göstərmək olar. 

Danimarkaya  qeyri-leqal  miqrasiya  axınını  sərhəd  nəzarətindən  yayı-

naraq və ya saxta sənədlərdən istifadə edərək ölkəyə gələnlər, həmçinin 

bu  ölkədə  müvəqqəti  qalma  şərtlərini  pozanlar  təşkil  edirlər.  Dani-

marka  qanunvericiliyi  həm  qeyri-leqal  miqrasiyanın  qarşısının  alınma-

sı,  həm  də  ölkədə  qanunsuz  şəkildə  qalan  miqrantların  aşkarlanması  və 

cəzalandırılması  üzrə  tədbirlər  nəzərdə  tutur.  Onlardan  viza  tələblərinin, 

sərhəd nəzarətinin və ölkə daxilində yoxlamanın sərtləşdirilməsini, qeyri-

leqal  işçilərin  əməyindən  istifadə  edən  sahibkarlara  münasibətdə  sank-

siyaların  tətbiq  edilməsini,  qeyri-leqal  miqrantların  saxlanılmasını  və  de-

portasiyasını  qeyd  etmək  olar.  Qeyri-leqal  miqrasiyaya  qarşı  tədbirlərin 

gerçəkləşdirilməsi  üzrə  məsuliyyət  Milli  polis  komissarının  başçılıq  etdiyi 

Mərkəzi Polis Departamentinin üzərinə qoyulmuşdur. 

Yeni  Zelandiyada  qeyri-leqal  immiqrantlar  əsasən  ölkədə  qalma 

müddətini  pozan  və  sərhədi  qanunsuz  keçməyə  cəhd  edən  şəxslərdən 

ibarətdir. Qeyd edək ki, ölkəyə gələn qeyri-leqal miqrantların mənşə ölkələri 

başlıca olaraq Samoa (21%), Tonqa (21%) və Taylanddır (10%). 2000-2001-

ci illərdə Yeni Zelandiyadan 635 qeyri-leqal immiqrant deportasiya olun-

muş, 409 nəfər ölkəni könüllü tərk etmiş, 1149 əcnəbi sərhəddə (onların 

65%-i Tayland ilə sərhəddə) saxlanılmışdır [16, s. 110, 115, 148, 228, 256].

2003-cü il sentyabrın 18-də MDB çərçivəsində qeyri-qanuni miqrasiya ilə 

mübarizə aparan koordinasiya strukturunun– Dövlətlərarası Birgə Komissi-

ya statusunda qurumun təsis edilməsi qərara alınmışdır. Şura çərçivəsində 

“MDB  ərazisinə  gələn  əcnəbi  vətəndaşların  və  vətəndaşlığı  olmayan 

şəxslərin vahid uçot sisteminə dair Qaydalar” layihəsi hazırlanmışdır. 2004-

cü il iyulun 13-də Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə 

Siyasəti Konsepsiyası qəbul edilmişdir. Konsepsiyanın Azərbaycan Respub-

likasında miqrasiya proseslərinin tənzimlənməsinin məqsədləri, prinsipləri 

və  vəzifələrindən  bəhs  edən  bölməsində  xarici  siyasət  sahəsində  əsas 

vəzifələrin qanunsuz miqrasiyanın bütün formalarının, xüsusilə də insan al-

verinin qarşısının alınmasında dövlətlər və müvafiq beynəlxalq təşkilatlarla 

əməkdaşlığın inkişaf etdirilməsindən ibarət olduğu göstərilir [4].

Belarus  Respublikasında  insan  alveri,  qeyri-leqal  miqrasiya  və  bun-

larla  bağlı  qanunazidd  əməllərə  qarşı  fəaliyyət  üzrə  Dövlət  Proqramının 

2.7  maddəsinə  əsasən,  Proqram  insan  alveri  ilə  əlaqədar  cinayətkarlığın 

səviyyəsinin  aşağı  salınmasına,  insan  alveri  qurbanlarının  müdafiəsini  və 

reabilitasiyasını  təmin  etməyə,  insan  alverinin  qarşısının  alınması,  aşkar-

lanması  və  buna  yol  verilməməsi  üzrə  dövlət  orqanlarının  fəaliyyətinin 



STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

188 

səmərəliliyinin yüksəldilməsinə, xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla 

insan  alverinə  qarşı  fəaliyyət  sahəsində  əməkdaşlığın  inkişafına  kömək 

etməyə imkan verəcək [14].

Qırğızıstan  Respublikasında  2007-ci  ildə  təsdiq  edilmiş  Miqrasiya 

proseslərinin nizamlanması üzrə Dövlət Proqramında göstərilir ki, miqrasi-

ya proseslərinə yetərincə dövlət nəzarətinin olmaması səbəbindən insan-

ların qeyri-qanuni daşınması və ticarəti halları geniş yayılmışdır. Əmək və 

seksual istismar məqsədilə insanların qeyri-qanuni miqrasiyası faktları na-

rahatlıq doğurur. Bütün bunlar əhalinin miqrasiyası ilə bağlı problemlərin 

həllinə  istiqamətlənmiş  dövlət  siyasətinin  gücləndirilməsini  şərtləndirir 

[15].


Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli Sərəncamı 

ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı 

(2006-2008-ci illər) ölkədə mövcud miqrasiya proseslərinin təhlili əsasında 

bu sahənin gələcək inkişaf istiqamətlərini və həyata keçirilməli olan zəruri 

tədbirləri  özündə  əks  etdirir.  Dövlət  Proqramının  əsas  məqsədi  miqrasi-

ya  sahəsində  dövlət  siyasətinin  həyata  keçirilməsi,  miqrasiya  idarəetmə 

sisteminin  inkişaf  etdirilməsi,  miqrasiya  proseslərinin  tənzimlənməsi  və 

proqnozlaşdırılması, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və 

müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin 

effektivliyinin  təmin  edilməsi,  miqrasiya  sahəsində  vahid  məlumat  ban-

kının,  müasir  avtomatlaşdırılmış  nəzarət  sisteminin  yaradılması,  qey-

ri-qanuni  miqrasiyanın  qarşısının  alınması  və  miqrantlarla  bağlı  sosial 

müdafiə  tədbirlərinin  həyata  keçirilməsindən  ibarətdir.  Proqramda  qeyd 

edilir  ki,  Azərbaycan  Respublikasının  ərazisində  müvafiq  qanunvericili-

yin tələblərinə uyğun olmadan ölkəyə gələn, burada qalan və ya işləyən 

əcnəbilər – qeyri-qanuni miqrantlar da vardır. Azərbaycan Respublikasının 

bir sıra dövlətlərlə vizasız gediş-gəliş rejiminin mövcud olması, ölkəmizin 

ərazisindən tranzit qaydasında keçən və ya Azərbaycan Respublikasına qısa 

müddətə gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə kifayət qədər 

nəzarət  edilməməsi  və  aidiyyəti  dövlət  orqanları  tərəfindən  qanunların 

tətbiqində nöqsanlara yol verilməsi nəticəsində qanunsuz olaraq ölkəmizin 

ərazisindən  üçüncü  dövlətlərə  getmək  məqsədilə  istifadə  etməyə  cəhd 

göstərən və ya Azərbaycan Respublikasında qanuni əsaslar olmadan daimi 

yaşayan əcnəbilərin sayı daim artmaqdadır [5].



Nəticə

Beləliklə, qeyd edə bilərik ki, qanunsuz beynəlxalq miqrasiya – miq-

rantların  qeyri-qanuni  şəkildə  və  qanunazidd  üsullarla  digər  ölkələrə 

aparılması  transmilli  mütəşəkkil  cinayətkar  qrupların  fəaliyyətinin  əsas 

hissəsini  təşkil  edir.  Problem  ciddi  olduğundan  və  hazırda  aktuallıq 



STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

189

kəsb  etdiyindən  onun  qarşısını  tək  bir  dövlətin  alması  mümkün  deyil. 

Bu böyük bəla ilə mübarizə aparmaq məqsədilə beynəlxalq əməkdaşlıq 

genişləndirilməli,  milli  koordinasiya  möhkəmləndirilməli  və  mövcud 

boşluqların  doldurulması  üçün  qanunların  beynəlxalq  razılaşdırılma-

sı  təmin  edilməlidir.  Miqrantların  qanunsuz  daşınmasına  son  qoymaq 

məqsədilə çıxış, tranzit və son təyinat ölkəsində bütün maraqlı tərəflərin 

qarşılıqlı əlaqələri prioritet əhəmiyyət kəsb edir. Miqrantların qanunsuz 

gətirilməsinin təşkilinə görə məsuliyyət tədbirləri gücləndirilməli, sərhəd 

xidmətinin işi təkmilləşdirilməli, əmək bazarının nəzarət altında saxlanıl-

ması ilə qanunsuz işədüzəlmə halları məhdudlaşdırılmalı və sahibkarla-

ra qarşı inzibati, cinayət və mülki-hüquqi sanksiyalar tətbiq edilməlidir. 

Bundan  başqa,  qeyri-leqal  miqrantı  quru,  su  və  ya  hava  nəqliyyatı  ilə 

gətirən  nəqliyyat  şirkətlərinə  qarşı  sanksiyalar  da  tətbiq  edilməlidir. 

Əcnəbi  vətəndaşlar  ölkədə  qanunsuz  qalarlarsa,  onların  məsuliyyəti 

gücləndirilməlidir.  Qanuni  miqrasiya  kanallarından  daha  geniş  istifadə 

edilməsi  məqsədəuyğundur.  Qanunsuz  miqrantların  mənsub  olduqları 

mənşə ölkələrinə maliyyə-iqtisadi yardım göstərilməsi də bu problemin 

aradan  qaldırılması  istiqamətində  görüləcək  tədbirlərdən  biri  ola  bilər. 

Qanunsuz beynəlxalq miqrasiya probleminin tənzimlənməsində BMT Baş 

Assambleyasının  “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensi-

yasının, “İnsan alverinin, xüsusən qadın və  uşaq alverinin qarşısının alın-

ması, aradan qaldırılması və cəzalandırılması haqqında” və “Miqrantların 

quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı” proto-

kollarının da rolunu xüsusi qeyd etmək lazımdır. 

İstifadə edilmiş ədəbiyyat

Azərbaycan dilində:

1.  Abdullayev F.N. Beynəlxalq münasibətlər və miqrasiya prosesləri: geosiyasi aspektlər: 

Siy. elm. üzrə dok. ... dis. Bakı, 2017, 273 s.

2.  Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-cü il, № 4. 

3.  Azərbaycan Respublikasında miqrasiya prosesləri və proseslərə dövlət nəzarəti. // 

“Azərbaycan” qəzeti, 18 mart 2014-cü il.

4.  “Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası”nın 

təsdiq  edilməsi  haqqında  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı.-  

http://www.migration.gov.az/images/pdf/3aea5001888d709785dd0bef89ad5fa8.

pdf 


5.  Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı (2006-2008-ci illər). - http://

www.migration.gov.az/images/pdf/16bfdf4bb2704d4c2ec7596f17671dae.pdf 

6.  BMT-nin  "Transmilli  mütəşəkkil  cinayətkarlığa  qarşı"  Konvensiyası.  -    http://www.

migration.gov.az/images/pdf/b6b9f093b2668222a6f6d5a0481ff5a1.pdf  

7.  İnsan alverinin formaları. - http://az.strategiya.az/index.php?do=xeber&id=25725 



STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

190 

İngilis dilində:

8.  Givens T. E. Immigrant Integration in Europe: Empirical Research // In: Annual Revi-

ew of Political Science. 2007, № 10(1).

9.  UNODC: The Globalization of Crime: A Transnational Organized Crime Threat As-

sessment. 2010. - http://www.unodc.org/documents/data-and-analysis/tocta/TOC-

TA_Report_2010_low_res.pdf



Rus dilində:

10. Аббасбейли  А.  Азербайджан  в  системе  международных  и  региональных 

организаций. Баку: АГИ, 1999, 256 с.

11. Абдуллаев Ф. Международные миграционные процессы и кризис современной 

модели мультикультурализма. // Культура диалога культур: постановка и грани 

проблемы / Ответ. ред. Меликов И.М., Гезалов А.А. Москва: «Канон+» РООИ 

«Реабилитация», 2015, c.331-337.

12. В  Европу  в  2016  году  прибыли  около  382  тысяч  незаконных  мигрантов.  -  

https://ria.ru/world/20170215/1488060067.html 

13. Глоссарий  терминов  в  области  миграции.  Международное  миграционное 

право, №2, Женева, 2005, 98 с.

14. Государственная программа противодействия торговле людьми, нелегальной 

миграции и связанным с ними противоправным деяниям на 2011 - 2013 годы. 

-  http://pravo.levonevsky.org/bazaby11/republic04/text650.htm

15. Государственная  программа  Кыргызской  Республики  по  регулированию 

миграционных процессов на 2007-2010 годы. -  http://cbd.minjust.gov.kg/act/

view/ru-ru/58607

16. Денисенко М.Б. Миграционная политика в зарубежных странах и Российской 

Федерации: опыт сравнительного анализа. Москва, 2003, 283 с. 

17. Доход контрабандистов от нелегальной миграции в Европу оценили в $6 млрд. 

- https://republic.ru/posts/62582

18. Жуков Л.A. Миграция: ее плюсы и минусы // Нелегальная миграция из России 

в страны Евросоюза: Сборник статей. Ростов н/Д. 2003.

19. Метелев  С.Е.  Международная  трудовая  миграция  и  нелегальная  миграция  в 

России. М. : ЮНИТИ-ДАНА, 2012, 177 с.

20. Миграция  и  торговля  людьми:  неразрывная  связь.  -    http://www.osce.org/ru/

magazine/315236 

21. Переведенцев,  В.И.  Методы  изучения  миграции  населения.  М.:  Наука,  1975. 

232 с. 

22. Подшивалов  В.Е.  Международно-правовые  проблемы  предупреждения  и 



пресечения незаконной миграции: Дис. …канд. юрид. наук. Санкт-Петербург, 

2004, 195 с.

23. Самойлов  В.Д.  Миграциология.  Конституционно-правовые  основы.  Mоног-

рафия. Москва: Юнити-Дана, 2012, 164 c.

24. Федорако А.И.Причины и тенденции незаконной миграции. Противодействие 

незаконной  миграции  //Журнал  "Международного  права  и  международных 

отношений", 2009, № 4, с.14-18.



STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

191

Orkhan Aliyev

Illegal international immigration in modern conditions and 

the fight against it 

Illegal immigration problem which is integral part of migration processes 

in modern world is explored in this article and its historical way was looked 

through. Here the information isprovided about the types of illegal internati-

onal migration and some approaches by researchers toward this classification 

are explored. It is stated that irregular migration is a metathesis whichhappens 

subject to the violation of regulatory norms of exit, transit and receiving states, 

humantracking and illegal migration have similar features.

The author considers suitable the comprehensive approach reflecting the 

measures directed to the protection of victims of human tracking and their 

rights which internationally recognized by analyzing specific articles of inter-

national documents regarding to elimination ofillegal migration. Readmission 

issue which is one of effective measures for combating againstillegal migrati-

on is mentioned, the cases in which the process was delayed and terminated 

arebeing explored. According to the author, as the reasons of illegal migration 

are different,individual approach shall be applied on separate categories of 

illegal migrants.

Current circumstance emerged regarding to illegal migrants in several co-

untries is analyzed in this article and it is considered crucial to enlarge interna-

tional cooperation, strengthen national coordination and to make agreement 

on laws in international sphere in orderto combat against these problems. The 

author considers that migrant problem which covered allover the world and 

globalized may be regulated by joint efforts of the states and settled byelimi-

nating the factors revealing illegal international migration.



Орхан Алиев

Незаконная международная миграция в современных  условиях 

и борьба с ней

 

В  статье  исследуется  проблема  незаконной  международной 

миграции,  составляющая  неотъемлемую  часть  современных  мировых 

миграционных  процессов,    делается  краткий  экскурс  ее  истории. 

Дается  информация  о  видах  незаконной  международной  миграции 

и  представляются  высказывания  ряда  исследователей  к  данной 

классификации.  Указывается,  что  не  периодический  миграционный 

выход,  это  перемещение,  происходящее  с  нарушением  регулируемых 

норм транзитных и принимающих стран, торговля людьми и незаконная 

миграция имеют схожие характеристики.

Автор,  анализируя  конкретные  статьи  международных  документов, 

связанных с устранением незаконной международной миграции, считает 




STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

192 

целесообразным всесторонний международный подход, отражающий в 

себе меры, направленные на защиту жертв торговли людьми, в том числе, 

на  защиту  их  международно-признанных  прав.  В  статье  затрагивается 

вопрос  реадмиссии,  являющейся  одним  из  эффективных  средств  для 

борьбы с незаконной миграцией, изучаются обстоятельства когда были 

отложены и аннулированы эти процессы. По мнению автора, в виду того, 

что  причины  незаконной  миграции  разные,  в  отношении  различных 

категорий незаконной миграции должен бытьчастный подход.

В  статье  анализируется  ситуация  связанная  с  незаконной  миграцией 

в  некоторых  странах,  с  целью    борьбы  с  данной  проблемой.  Считается  

важным  расширение  международного  сотрудничества,  укрепление 

национальной координации и согласование законов на международном 

уровне.  Автор  считает,  что  проблему  миграции,  охватившую  весь 

мир,  возможно  урегулировать  только  совместными  усилиями 

стран  и  устранением  других  факторов,  порождающих  незаконную 



международную миграцию.

Məqalə redaksiyaya daxil olmuşdur:  04.10.2017

Təkrar işləməyə göndərilmişdir:  19.10.2017

Çapa qəbul edilmişdir:  31.10.2017

Document Outline

  • StratejiTehlil_21-22.

Yüklə 208,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə