Sual inşaların növləri və aparilması metodikası 28. Qrammatik ifadə və inşa yazıların xarakteristikası



Yüklə 32,68 Kb.
tarix15.05.2022
ölçüsü32,68 Kb.
#87078
növüYazı
Sənəd


9 SUAL 1 Inşaların növləri və aparilması metodikası

28.5 Qrammatik ifadə və inşa yazıların xarakteristikası.

Rabitəli nitqin inkişafının mühüm vasitəsi olan ifadə və inşa yazılar orfoqrafiya təliminə də xidmət edə bilər. Bunun üçün yazının həmin növlərinin qarşısında müəyyən orfoqrafik tapşırıq qoymaq lazımdır. İmlaya nisbətən ifadə və inşanı orfoqrafik səhvə yol vermədən yazmaq daha çətindir. Xüsusi orfoqrafik çalışmalarda sözləri, cümlələri, mətni savadlı yazmağı bacaran şagird ifadə və inşada səhvə yol verirsə, qrammatik-orfoqrafik qaydaları, yazılışı çətin sözlərin səs-hərf tərkibini yaxşı mənimsəmədiyini biruzə verir. İmlada ən çətin orfoqramları yaza bilən şagirdin ifadə və inşada səhvə yol verməsinə səbəb odur ki, birinci halda şagirdlərin diqqəti, əsasən, orfoqrafik qaydanın tətbiqinə, ifadə və inşada isə diqqət üç cəhətə (məzmunun düzgün verilməsinə, üslub xətalarının buraxılmamasına və orfoqrafik çətinliklərə) yönəldilir. Bu isə asan məsələ deyil. Bunu hiss edən bəzi müəllimlər orfoqrafik səhvlərin xəbərdarlığı imkanı olmadığından, yazıda çoxlu səhvə yol veriləcəyindən qorxaraq ifadə və inşa yazdırmaqdan qaçırlarProfessor A.V.Tekuçev yaradıcı yazılarda orfoqrafik (xüsusilə dialektlə bağlı olan) səhvlərin çoxluğundan bəhs edərkən yazır ki, imla prosesində şagird yalnız ona diktə olunanı yazır. Bu vaxt o, özü bildiyi kimi yazmaq, öz sözlərini və söz birləşmələrini mətnə daxil etmək, ifadələri istədiyi kimi qavramaq imkanından məhrum olur. Məhz ona görə də imla yazılarda çoxlu oroqrafik səhvlər baş verir. İnşa yazarkən şagird öz sözləri ilə yazır, yalnız özünü eşidir, yazdığı bu və ya digər sözün səs və morfoloji tərkibi haqqında onun təsəvvürünə heç bir yazı və ya başqa adamın (müəllimin) tələffüzü təsir göstərmir.Bir qədər çətinliyini nəzərə alaraq ifadə və inşalara hazırlıq mərhələsini keçmək lazımdır. Şagirdlər bir müddət yazı işinin sadə növü ilə, ümumi fikir ətrafında birləşmiş suallara cavab tərtib edib yazmaqla məşğul olurlar. Bu zaman şagirdlər sualı təkrarlayır, yalnız sual bildirən sözü başqa sözlə əvəz edirlər: məsələn, k samitinin iki funksiyası ilə əlaqədar qazanılmış vərdişləri möhkəmləndirmək üçün belə suallar vermək olar:

- Tarlanı nə ilə şumlayırlar? (traktorla)

- Dirrikdə nələr əkirlər ? (kələm, kartof, kök, keşniş, kəvər və s.)

Sualların belə qoyuluşu şagirdləri nəzərdə tutulmuş sözləri işlətməyə məcbur edir.II sinifdən etibarən cümlənin genişləndirilməsi və ya qısaldılması üzrə də iş aparmaq lazımdır. Bu zaman suallar belə qoyulmalıdır ki, şagirdlər orfoqrafik cəhətdən xarakterik sözləri artırmağa məcbur olurlar.İfadə və inşa yazılarda işlənməsi zəruri olan, lakin şagirdlər tərəfindən səhvə yol verilə biləcək sözləri müəllim yazı taxtasına yazır və onlara baxıb yazmağı təklif edir. Şagird yazarkən qarşıya çıxan çətin sözlərin yazılışını müəllimdən xəbər ala bilir.III-IV siniflərdə qrammatik formanı dəyişməklə ifadənin yazdırılması üzrə məşq aparılır. İnşa yazıya hazırlıq məşğələlərində inşanın növü nəzərə alınır: məsələn, şəkil üzrə inşaya hazırlıq zamanı “şəkli oxumağı” öyrətmək lazımdır. Şagirdlər 3-5 dəqiqə şəklə baxdıqdan sonra sual-cavab əsasında kollektiv tərtib olunmuş plan yazı taxtasına yazılır, lüğət ehtiyatının zənginləşdirilməsi üzrə iş orfoqrafik vəzifələrin yerinə yetirilməsi ilə əlaqələndirilir: məsələn, III sinifdə “İsim” mövzusu tədris edilərkən “Meşədə” mövzusunda şəkil üzrə inşa aparılarkən müəllim onların istifadə edəcəkləri sözləri müəyyənləşdirir: Ağaclar - yoğun, nazik, körpə, enliyarpaqlı, iynəyarpaqlı, həmişəcavan, yaşıl, sıx (meşə), rütubətli, palıd, cökə, qayın, qarağac, qızılağac, çinar və s.

Kollar - göyəm, fındıq, çaytikanı, qaratikan və s. Meyvə və giləmeyvələr - alça, zoğal, əzgil, yemişan, göbələk, qarağat, qoz və s. Quşlar - ağacdələn, qarğa, sağsağan, şanapipik, kəklik, turac, qırqovul, qaratoyuq və s.

Göründüyü kimi, inşada işləniləcəyi güman edilən bu sözlərin bir qismi orfoqrafik cəhətdən xüsusi çətinlik törədəcəyindən təhlil tələb edir. Belə hazırlıq keçən şagirdlər inşanı savadlı yazırlar.

SUAL 2 Üzdən köçürmə yazılar

Orfoqrafiya təlimi dövründə müxtəlif təfəkkür fəaliyyətinə istinad edən çalışmalardan istifadə olunur. Bu rəngarəng çalışmaların hər birinin xarakterini, savadlı yazının təmin olunmasına nə verdiyini, hər bir mövzu ilə əlaqədar hansından istifadə olunmasının daha əlverişli olduğunu, yazdırılma metodikasını bilmədən müvəffəqiyyət qazanmaq mümkün deyil.Yazılı çalışmaları nəzərdən keçirək:

Üzündənköçürmə yazılar.Üzündənköçürmə yazının ən sadə, asan və hamı üçün müyəssər olan növüdür. Hərfləri yazmağı və bitişdirməyi bacaran hər bir uşaq artıq üzündənköçürməyə hazır olur.Şübhəsiz, üzündənköçürməni sadəcə olaraq surətin köçürülməsi, şüurluluq tələb etməyən mexaniki fəaliyyət kimi başa düşmək düz deyil. Üzündənköçürmə prosesində şagird sözün hərf tərkibinə diqqətlə baxır, onu həmin sözün daxili nitqindəki səs tərkibi ilə tutuşdurur, fərqi aşkara çıxarır, sözün yazılışını bir anlığa (bəlkə də həmişəlik) yadda saxlayır, sözü səssiz “tələffüz edir”. Bütün bunları inkar edərək üzündənköçürməni mexaniki akt adlandırmaq səhvdir.Əlyazısında olduğu kimi, üzündənköçürmə sözlərin qrafik surətinin mənimsənilməsi məqsədini güdür. Əlifba təlimi dövründə bu proses əslində şagirdlər üçün maraqlı və “düşündürücü” çalışmadır.Üzündənköçürmə ilk günlərdən hərf-hərf, hecalarla deyil, bütöv sözlərlə yerinə yetirilməlidir. Şagirdlərdə diqqətliliyi, qavrayışın fəallılığını tərbiyə etmək üçün bir baxışla (bir dəfə oxumaqla) sözün yadda saxlanılmasına nail olmaq lazımdır. Tədricən uşaqlar kiçik cümlələri yadda saxlayıb, yazdıqdan sonra kitaba baxaraq yoxlamağı bacarmalıdırlar. Bunun təmin olunması üçün orfoqrafik təhlildən istifadə edilə bilər.Üzündənköçürməyə yaradıcı xarakter vermək məqsədilə müxtəlif priyomlardan istifadə olunur:

1. Mətnin üzünü köçürüb, lazımi orfoqramların altından xətt çəkmək;2. Lazımi orfoqramı tire və ya mötərizə ilə ayırmaq;3. Seçmə üzündənköçürmə;4. Qruplaşdırmaqla üzündənköçürmə;5. Dağınıq verilmiş sözlərdən cümlə düzəldib köçürmək;6. Bir mövzuya həsr olunmuş dağınıq verilmiş cümlələri ardıcıl köçürmək;7. Sözləri mənaca qruplaşdırıb köçürmək;8. Sözləri hecalara və ya kök və şəkilçiyə ayırıb köçürmək və s. Yaradıcı üzündənköçürmənin bir neçə növünü nəzərdən keçirək:1.Sözdə buraxılmış hərfin yerinə qoyulması. Belə çalışmanı yerinə yetirərkən şagird qaydanı tətbiq edir, sözü müstəqil tamamlayır, ümumiləşdirmə aparır. 2.Sözdə buraxılmış şəkilçinin yerinə qoyulması. Tədris edilən qrammatik mövzudan asılı olaraq çalışmada ayrı-ayrı konteks daxilindəki sözlərdə şəkilçilər buraxılır və sözlərin tamamlanıb köçürülməsi tələb olunur. Əvvəllər kömək məqsədilə mötərizədə istifadə ediləcək şəkilçilər verilir, sonralar şəkilçiləri özləri əlavə edirlər.3.Cümlədə buraxılmış sözün yerinə qoyulması. Cümlədə yazılışı çətin sözün əvəzinə nöqtələr qoyulur. Şagirdlər müvafiq söz tapıb əlavə etməklə cümləni köçürürlər.4.Mətndəki sözün verilmiş nümunə və ya qrammatik tapşırıq üzrə dəyişdirilməsi. Mövzudan asılı olaraq mətndə müəyyən sözlərin (məsələn, keçmiş zaman fellərinin gələcək zaman felləri ilə) dəyişilməsi tələb olunur.5.Qara hərflərlə yazılmış sözlərə sual verməklə dəyişdirilib köçürülməsi. Belə mətnlərdə sözün yalnız başlanğıc forması yazılır, qarşısındakı mötərizədə əlavə ediləcək sözün sualı verilir; məsələn, “Qoca araba...(kim?) arabanı sürdü”. Şagirdlər mötərizələri atmaqla “araba” əvəzinə “arabaçı” sözünü əlavə edib yazırlar.6.Sözün üstündə onun hansı qrammatik kateqoriyaya aid olduğunun yazılması. Belə çalışmanın düzgün aparılması üçün qrammatik-orfoqrafik təhlil zamanı müəllim şagirdlərə ixtisarla yazılışı (İ-isim, M-mübtəda və s.) öyrətməlidir. 7.Verilmiş cümlənin genişləndirilərək köçürülməsi. Bu məqsədlə rabitəsiz mətnlər (cümlələr) verilir, şagirdlər onun məzmununu təhrif etməmək şərtilə sözlər əlavə edib köçürürlər.Üzündənköçürmə, əsasən, I-II siniflərdə əlyazısı üzrə təşkil edilməlidir. Bu, şagirdlərin kalliqrafiya vərdişlərinin inkişafına kömək göstərir.



SUAL 3 Orfoepik vərdişlərin yaradılması yolları

Məktəblərimizdə orfoepiyanın lazımı qədər qiymətləndirilməməsində, düzgün tələffüz qaydalarına diqqət yetirilməməsində başlıca səbəblərdən biri müəllimlərimizin bir çoxunun öz nitqlərində ədəbi tələffüz normalarına düzgün yiyələnməməsi, müəyyən qüsurlara yol verməsidir. Bunun səbəbi isə Azərbaycan dilinin tədrisi metodikasında orfoepik məsələlərə yetərincə diqqət verilməməsi, orfoepiyanın tədrisinin, dilimizdəki söz və terminlərin əhatəli orfoepik lüğətinin işlənib hazırlanmamasındadır. Bu da müəllimlərin bir çoxunun düzgün danışığının, nümunəvi tələffüzünün olmamasına səbəb olur.
Ədəbi tələffüz vərdişlərinə yiyələnməyən müəllim şagirdlərə də düzgün tələffüz qaydalarını öyrədə bilməz. Həmçinin orfoepik qaydaları bilməyən, onun tədrisi metodikasını mənimsəməyən müəllim yanlışlıqlara yol verəcəkdir. Bəzi müəllimlər güman edirlər ki, ədəbi dilə yiyələnmək üçün qrammatikanı öyrətmək, cümlə qurmağı, müxtəlif quruluşlu cümlələri şifahi nitqdə işlətmək qaydasını bilmək kifayətdir. Halbuki, qrammatikanı mükəmməl mənimsəmək və yazıda orfoqrafik səhvlərə yol verməmək danışıqda düzgün ədəbi tələffüz normalarına riayət etmək deyildir. Çünki dilimi­in orfoqrafik qayda-qanunları orfoepiya ilə eynilik təşkil etmir, bunun üçün də yalnız kitab oxumaqla kifayətlənmək olmaz. Müəllim hər şeydən əvvəl, nitq mədəniy­yəti, o cümlədən ədəbi tələffüz, intonasiya ilə bağlı dilçilik ədəbiyyatını, natiqlik sənəti və məharətinə dair yazılmış məqalələri, kitabları müntəzəm şəkildə mütaliə etməlidir. Daha sonra bildiklərini şagirdlərə öyrətməyi bacarmalıdır. Müəllim tədris prosesi zamanı öz tələffüzündə kitabçılığa meyl gös­tərməməli, şagirdlə ünsiyyət zamanı, imla yazdırarkən, tapşırıqlar verərkən sözləri kitabda yazıldığı kimi deyil, düzgün tələffüz qaydalarına uyğun səsləndirməlidir. Müəllimin sinifdə kitabçılığa yol verməsi müəllim və şagird arasında həyatda mövcud olmayan süni bir danışıq dili yaradır. Əlbəttə ki, bu vəziyyəti normal hal hesab etmək olmaz, məktəbdə bu cür hallara yol verilməməlidir. Düzgün tələffüz uğrunda mübarizə apararkən əsas şərtlərdən biri müəllimin özünün nümunəvi danışığı, yüksək nitq mədəniyyətinə sahib olmasıdır. Daha sonra isə müəllim səmərəli şəkildə ədəbi tələffüz normalarını mənimsətmək üçün müxtəlif yollardan istifadə etməlidir.
Şagirdlər öz danışıqlarında ədəbi tələffüz normalarını gözləyən adamları bilavasitə təqlid etmək yolu ilə daha yaxşı mənimsəyə bilərlər. Burada müəllimin rolu böyükdür. Müəllim hər hansı bir şeir parçasını və ya har hansı bir əsəri tədris edərkən proyektor, səsucaldan, maqnitofon vasitəsilə diktor və aktyorların, natiqlərin ifadəli oxusu ilə səsləndirə bilər. Şagirddə nitqinə təqlid etmə meyli o vaxt qüvvətli ola bilər ki, nitqinə qulaq asdığı şəxs səlahiyyətli, hörmətli və məlumatlı bir şəxs olsun. Diktor və aktyorların nitqi ədəbi tələffüz baxımından etalon səviyyəsindədir, ona görə də başqaları üçün nümunə ola bilər. Bəzi istisnalar nəzərə alınmazsa, bu sənət sahiblərinin danışıq və oxusunda istər kitab, istər yerli dialekt, istərsə də sadə danışıq dilinə məxsus tələffüz qüsurları, demək olar ki, yox dərəcəsindədir. Onların nitqinin intonasiyası zəngin və rəngarəngdir. Şagirdlər bu səsləri dinlədikdə onlarda orfoepik baxımdan düzgün və yanlış olan danışıqları bir-birindən fərqləndirmək bacarığı yaranmağa başlayır.öÜmumiyyətlə, hər bir uşaq kiçik yaşlarından danışmağa başlayarkən ətraflarındakı adamların nitqini təqlid etməyə çalışır. Dil cəmiyyət içərisində əmələ gəlmiş bir hadisədir. Uşaqlar da insan cəmiyyəti içərisində yaşadıqları üçün onlarda nitqdən şüurlu surətdə istifadə etmək tələbi əmələ gəlir, insanlar arasında ünsiyyət yaratmaq üçün şüurlu şəkildə danışıq qabiliyyəti formalaşmağa başlayır. Uşaq böyüdüyü mühitdə ətrafdakılar ədəbi dildə danışırlarsa, uşaq da həmin dildə danışmağa başlayır, əksinə əgər ətrafdakılar pozuq və ya nöqsanlı bir dildə yaxud müəyyən bir dialekt təsiri altında danışırlarsa, şübhəsiz ki, uşaq da həmin tələffüzü mənimsəyir və o cür danışmağa başlayır. Burada müəllimlərin də rolu böyük­dür. Müəllimlər də dialekt və şivələrə uyğun şəkildə danışmamalı, ədəbi dilin qayda-qanunlarına riayət etməyə çalışmalıdırlar. Beləliklə, uşaq nitqinin formalaşmasında və qismən də ədəbi tələffüz vərdişlərinin əmələ gəlməsində mühitin təsiri həlledici bir rol oynayır.

Şagirdlər nitqi ədəbi və qeyri-ədəbi qurmağın fərqini aydın təsəvvür etməyi bacarmalıdırlar. Müəllim bu məsələ ilə əlaqədar olaraq şagirdin nitqindəki nöqsanları, onların islah edilməsi yollarını göstərməli, ədəbi tələffüzün üstünlüklərini nümayiş etdirməlidir.


Şagirdləri ədəbi tələffüz qaydalarına yiyələndirmək üçün onlarda bir sıra keyfiy­yətlər tərbiyələndirməli, müxtəlif qayda-qanunlar illər boyu aşılanmalıdır. Düzgün tələffüz qaydalarına bir il içərisində, birdən-birə yiyələnmək mümkün deyil. Bunun üçün şagirdlər məktəbə qədəm basdıqları ilk gündən məktəbi qurtarana kimi davamlı şəkildə bu qaydalarla tanış olmalıdır:
1. Şagirdlərdə müxtəlif və eyni zamanda bir-birinə keyfiyyətcə və əmələgəlmə yerinə görə yaxın olan səslərin fərqini duymağı bacarmaq qabiliyyəti tərbiyələndirməlidirlər.
2. Müəyyən səsləri yanlış tələffüz etməmək üçün həmin səsləri yanlış tələffüz etməmək üçün həmin səslərin xüsusiyyətləri diqqətlə tədris olunmalı, şagirdlərdə bu səslərə diqqətlə yanaşmaq bacarığı yaradılmalıdır.
3. Şagirdlərə söz daxilində müəyyən səsləri və onların birləşməsini cəld hiss edə bilmək vərdişi aşılanmalıdır. Bunun üçün səslərin fizioloji xüsusiyyətləri yanaşı işlənərkən dəyişikliyə uğrayan səslərin qayda-qanunları diqqətli çəkildə tədris olunmalıdır. Beləliklə, şagirdlər sözü fonetik cəhətdən düzgün təhlil etmək və lazım olan səsləri zehində ayırmağı bacarmaq qabiliyyəti formalaşır.
4. Şagird öz nitqində ayrı-ayrı səslərin bu və ya digər tələffüz xüsusiyyətlərini qeyd etməklə, özünün başqasının nitqini dinləməyi də bacarmalıdır.
5. O, danışığında səhv buraxmamaq, sözü düzgün tələffüz etmək və lazım olduqda, nitqi dayandıra bilmək məqsədi ilə öz diqqət və iradəsini nizama salmağı, bacarmalı və bütün işlərdə özünü idarə etməyi, fikrini cəmləməyi bacarmalıdır.
Şagirdlərin ədəbi tələffüzü üzərində aparılan işlər, yalnız təlim baxımından deyil, eyni zamanda tərbiyəvi cəhətdən də çox faydalı və təsirlidir. Müəllim həm dərs zamanı, həm də dərsdənkənar yerlərdə şagirdlərlə təmasda olarkən öz danışığını orfo­epiyanın normativ üslubu əsasında qurmalı, sözləri düzgün tələffüz etməklə şagirdlərə şəxsi tələffüz nümunələrini də verməlidir.
  Xülasə. Şagirdlər orfoepiya təlimi zamanı öz psixoloji xüsusiyyətlərini iradə, diqqət, nitq və fikrin müəyyən ardıcıllıqla verilməsi və s. kimi insanın həyatında böyük rol oynayan keyfiyyətləri də əldə edirlər. Şagirdlərdə orfoepik qaydaları möhkəmləndirmək onların nitqindəki nöqsanları aradan qaldırmaq üçün müəllim uzun müddət çalışmalıdır. Müəllim şagirdlərin şifahi nitqini daim nəzarətdə saxlamalı və lazım olduqda onların səhvlərini ehtiyatla islah etməlidir. Azərbaycan dili müəllimi işə ciddi yanaşdıqda  şagirdlərin nitqində olan tələffüz nöqsanlarının əksəriyyətini aradan qaldıra bilərlər. Şagirdlər  orfoepiyanın təlimi nəticəsində öz fikirlərini ədəbi dilin  tələffüz normalarına uyğun şifahi surətdə ifadə etməyi bacarmalıdırlar. Bu bir tərəfdən onları gələcək praktik həyata hazırlamaqda, digər tərəfdən də ümumi mədəni səviyyənin işində böyük əhəmiyyətə malikdir.   

Paylaş13



SUAL 4 İmlalar və növləri

.3 İmlalar.Kiçikyaşlı məktəblilərin bir şəxsiyyət kimi formalaşmasında orfoqrafik savadlılıq mühüm rol oynayır. Yazı qaydalarını mükəmməl bilməyən məktəblinin yazılı nitqinin inkişafından söz açmaq olmaz. Qrammatik- orfoqrafik qaydaları tətbiq etməkdə çətinlik çəkən şagird ifadə və inşa yazarkən orfoqrafiyasını bilmədiyi bu və ya digər sözü işlətməkdən çəkinir, onu başqası ilə əvəz edir. Nəticədə, kontekstdə söz yerinə düşmür, həqiqi mənasında işlənmir. Ona görə də I sinifdən başlayaraq şagirdlərə yazı qaydalarının öyrədilməsi son dərəcə vacibdir. İbtidai sinif şagirdlərinin savadlı yazmalarının təmin edilməsi onlara təqdim olunan mətnlərin orfoqrafik tərkibindən, materialın məqsədə müvafiqliyindən də asılıdır. Dil üzrə hər hansı material öyrədilərkən müəyyən nəzəri məlumat mənimsənildikdən sonra, onun tətbiqi üçün əlverişli şəraitin olduğu mətn seçilməli və diktə edilib yazdırılmalıdır. İmlalar orfoqrafik çalışmaların məktəb təcrübəsində sınaqdan çıxarılmış ən əlverişli növüdür.28.4 İmlaların növləri.İmlalar iki qrupa ayrılır: öyrədici imlalar, yoxlama imlalar. Görmə, xəbərdarlıqlı, izahlı, seçmə, lüğət üzrə, yaradıcı, sərbəst imlalar öyrədici xarakter daşıyır. Adından məlum olduğu kimi, imlanın bu növləri müəyyən orfoqrafik qaydaların şagirdlərə öyrədilməsinə xidmət edir. Orfoqrafiya təlimində imlanın əvəzedilməz qiyməti ondadır ki, onu yazarkən şagirdlər eşitmə analizatoruna istinad edirlər. Bu prosesdə üzündənköçürmədən fərqli olaraq şagirdin fəaliyyətində şüurluluq, müstəqillik artır. İmla daha böyük müstəqillik və şüurluluq tələb edən ifadə və inşalardan da fərqlənir. İfadə və inşa yazanda şagirddən böyük sərbəstlik, yaradıcılıq tələb olunursa da, o, orfoqrafik cəhətdən çətin hallardan qaçmağa imkan tapır. Şagird ifadə və ya inşa yazarkən qarşılaşdığı yazılışı çətin sözü, mürəkkəb orfoqramı işlətmir, ya da sinonimi ilə əvəz edir. İmla yazanda isə mətndəki çətin sözləri mütləq yazmalı olur. Bu isə Azərbaycan dilindən keçilmişlərin təkrarlanması və möhkəmləndirilməsində öyrədici imlaların xüsusi əhəmiyyət kəsb etdiyini göstərir. Ona görə də hər bir Azərbaycan dili dərsində imla yazdırmaq məsləhətdir.Öyrədici imlalara xüsusi dərs ayırmağa ehtiyac yoxdur. Dərsin ən çoxu 20-25 dəqiqəsini bu işə həsr etmək kifayətdir.Öyrədici imlaların mətnləri rabitəli mətnlərdən, bir mövzu ətrafında dövr edən cümlələrdən, tam rabitəsiz cümlələrdən və ayrı-ayrı sözlərdən ibarət ola bilər. Orfoqrafiya təlimi baxımından rabitəsiz mətnlər (cümlələr) daha əlverişlidir. Bu zaman müəllim şagirdlərin səviyyəsini, yerli şivənin xüsusiyyətlərini nəzərə almaqla mətnə istədiyi orfoqramları daxil edə bilir. Mətndə axırıncı dəfə keçilmis qaydaya aid orfoqramlarla yanası, əvvəllər yazı işlərində şagirdlərin çətinlik çəkdikləri hallar da əhatə edilməlidir.İmlanın nəticəsi müəllimin diktəsindən asılıdır. Öyrədici imlaların hər birinin diktə olunma qaydası var. Bu cəhət onların hər birindən ayrılıqda söz açılanda aydınlaşdırılacaqdır, lakin onların hamısı üçün ümumi cəhət-imlanın ədəbi tələffüzə, yoxsa kitab tələffüzünə (hərfi tələffüzə) uyğun diktə edilməsi maraq doğurur.Şagird yazarkən əvvəlcə sözü öz-özünə (səssiz) deyir. Başqa sözlə, öz fikrini daxili nitqi ilə ifadə edir. Bu cür daxili nitq olmadan təffəkkür prosesi də olmaz. Sözün şagird tərəfindən tələffüzü onun səs-hərf tərkibini aydınlaşdırmağa kömək göstərir, yazı prosesini ifadə edir, şagirdin öz yazısını yoxlamasına, sözün tələffüzü ilə yazılışı arasında münasibəti müəyyənləşdirməyə imkan yaradır. Yazı prosesində şagird öz-özünə deyərkən hər bir səsi aydın tələffüz edir, daha aydın “görür” və yazılışını yadda saxlayır. Ona görə də çətin sözlərin yazılışı zamanı hecalarla, yazıldığı kimi diktə ən düzgün yoldur.Öyrədici imlalar müəllim tərəfindən yoxlanıb qiymətləndirilir, ancaq qiymət sinif jurnalına köçürülmür. İmlanın ayrı-ayrı növləri üzrə işin aparılması yollarını nəzərdən keçirək.Xəbərdarlıqlı imla. Xəbərdarlıqlı imla orfoqrafiya təlimində istifadə edilən ən əlverişli və səmərəli çalışmalardan biridir. Xəbərdarlıqlı imlanın əsl öyrədici xarakter daşıması özünü onda göstərir ki, şagirdlərin səhvə yol verə biləcəkləri hər bir hal əvvəlcədən xəbər verilir. Bunun üçün mətn müəllim tərəfindən təhlil olunmalı, şagirdlərin hansı orfoqramların yazılışında səhv edə biləcəkləri, həmin halın necə xəbər veriləcəyi dəqiq müəyyənləşdirilməlidir.

İmla yazdırarkən müəllim mətni bütöv oxuyur. Sonra birinci cümlə oxunur, orfoqrafik cəhətdən təhlil edilir, şagirdlər hər bir çətin sözün necə və nə üçün məhz belə yazılacağını öyrənirlər. Sonra müəllim cümləni aramla diktə edir, şagirdlər yazırlar.

Xəbərdarlıqlı imla yazdırılarkən xəbərdarlığın müxtəlif yollarından istifadə etmək mümkündür:

1. Çətin orfoqramlı sözün bir qədər ucadan və aydın tələffüz edilməsi;

2. Sözün hecalarla deyilməsi (mü-vəf-fə-qiy-yət, nü-mu-nə və s.);

3. Sözdəki çətin orfoqramın xüsusi vurğu altında deyilməsi (qəhrəman, vağzal və s.);

İzahlı imla.

İzahlı imla daha çox müstəqillik tələb edir. Əgər xəbərdarlıqlı imlada xəbərdarlıq mətnin yazılmasında aparılırsa, izahlı imlada xəbərdarlıq (izahat) yazıdan sonra aparılır. Bu cəhətdən elə bil imlanın bu növləri bir-birinin əksidir.İzahlı imla yazdırmazdan əvvəl onun aid olduğu qrammatik qaydanı yada salmaq, təkrarlamaq lazımdır.Müəllim imlanın mətnini əvvəlcə heç bir xəbərdarlıq etmədən, təhlil aparmadan bütöv oxuyur. Sonra hər bir cümlə ayrıca oxunur. Cümlə bir-iki şagird tərəfindən təkrar olunduqdan sonra yazılır. Şagirdlərdən biri yazdığı cümləni ucadan oxuyur, bu və ya digər sözü nə üçün məhz belə yazdığını izah edir. Düzgün izahat verə bilmədikdə yoldaşları (və ya müəllim) kömək göstərirlər. Hər kəs öz yazısını yoxlayır və müvafiq düzəliş aparır. İmla bu cür davam edir.İzahlı imlanın yazdırılmasına I sinifdən başlanır. I-II siniflərdə hər bir cümlə, III sinifdə hər bir abzas, IV sinifdə isə bütün mətn yazılıb qurtardıqdan sonra izahat aparılır.İzahlı imla şagirdlərin diqqətini bir növ səfərbər edir, araşdırmalara yönəldir. Şagirdlər köməksiz şəraitdə, müstəqil yerinə yetirdikləri tapşırığın doğru olub-olmadığı üzərində düşünür, düzəliş aparırlar. Bir sözlə, öz qüvvələrini sınaqdan keçirirlər. Görmə imla.Yazılışı çətin sözlərin yazılışının öyrədilməsində imlanın bu növü mühüm rol oynayır.Təlimin hər bir mərhələsində (xüsusilə II sinifdə), hər hansı orfoqramın öyrədilməsi ilə əlaqədar görmə imla vermək olar.Görmə imlanın üzündənköçürmə yazıdan fərqi orasındadır ki, mətn təhlil edildikdən sonra onun üstü örtülür, müəllimin diktəsi ilə yazılır. Şagirdlər yazdıqlarını yoxlayırlar.Görmə imla həm görmə, həm də eşitmə qavrayışına istinad etdiyindən şagirdlər çox səhvə yol vermirlər.Görmə imla məktəb təcrübəsində müxtəlif tərzdə aparılır. Mətn yazı taxtasına yazılır, şagirdlər hər bir sözün yazılışı ilə tanış olduqdan sonra mətnin üstü örtülür, müəllim diktə edir, şagirdlər yazırlar. Başqa variant: yazı taxtasına yazılmış mətnə şagirdlər diqqətlə baxır, həmin dövrdə istənilən orfoqrama (imlanın yazdırılmasının məqsədi ilə bağlı cəhətə) xüsusi diqqət yetirirlər. Birinci cümlə bir şagird tərəfindən oxunur, yazarkən səhvə yol verəcəkləri güman edilən sözlərin orfoqrafik təhlili aparılır. Əgər sözlər morfoloji prinsipə əsasən yazılırsa, şagird həmin prinsipi, qrammatik qaydanı izah edir. Mətnin üstü örtüldükdən sonra müəllim cümləni diktə edir, şagirdlər yazırlar. Hamı yazıb qurtardıqdan sonra mətnin üstü açılır, şagirdlər yazdıqlarını yazı taxtasındakı ilə yoxlayırlar. İmla bu cür davam edir.

III-IV siniflərdə görmə imlanın aparılması bir qədər çətinləşdirilir. Seçmə imla. Seçmə imla yazarkən şagirdlər oxunmuş mətndən yalnız tərkibində öyrənilməsi, möhkəmləndirilməsi, qarşıda məqsəd qoyulmuş orfoqramların olduğu sözləri və ya ifadələri seçib yazırlar. Belə bir əməliyyatın yerinə yetirilməsi şagirdlərdən nəzəri hazırlıq, diqqətlilik və fəallıq tələb edir. Seçmə imlada şagirdlər tərəfindən yerinə yetirilmiş işin nəticələri bir-birindən fərqlənir, seçilmiş sözlər və ifadələrdə müxtəliflik özünü göstərir. Bunu nəzərə alaraq müəllim yazıya başlamazdan əvvəl onun məqsədi və tapşırığın yerinə yetirilmə qaydası haqqında aydın izahat verməli, nəticələrin təhlili prosesində fərqlərin meydanagəlmə səbəblərini aydınlaşdırmalıdır.

Yaradıcı imla Yaradıcı imla şagirdlərin daha müstəqil fəaliyyət göstərmələrini təmin etməklə yazılı çalışmalar sistemində xüsusi yer tutur. İmlanın bu növü orfoqrafiya təlimi ilə yanaşı, rabitəli nitqin inkişafına xidmət etdiyindən bir növ inşaya hazırlıq rolunu oynayır. Yaradıcı imlanın müxtəlif növləri var. Ola bilər ki, şagirdlər verilmiş bir neçə söz qrupundan bir sütunda mübtədalar, ikincisində təyinlər, üçüncüsündə tamamlıqlar, dördüncüsündə xəbərlər yazsınlar. Şagirdlər cümlə də qururlar. Müəllim ən yaxşı cümləni qeydə alır. Onlar müəllimin diktəsinə əsasən yazırlar. İmla belə davam edir.Yaradıcı imlanı II sinifdən etibarən yazdırmaq mümkündür.

Sərbəst imla.

Sərbəst imla öz xarakterinə görə ifadəyə çox yaxın olmaqla həm orfoqrafiya təliminə, həm də rabitəli nitqin inkişafına xidmət edir. İmlanın bu növü bütöv bir mövzuya aid yazı qaydalarını təkrarlamağa və möhkəmləndirməyə imkan verir.Sərbəst imla yazılmazdan əvvəl onun həsr olunduğu qayda təkrar edilməlidir. Yazılışı çətin sözlər, bəzi cümlələrin quruluşu yazıya qədər təhlil olunmalı, imlada işlədilməsi zəruri olan bəzi mühüm söz və ifadələr yazı taxtasında yazılmalıdır.

Sərbəst imla. Sərbəst imla öz xarakterinə görə ifadəyə çox yaxın olmaqla həm orfoqrafiya təliminə, həm də rabitəli nitqin inkişafına xidmət edir. İmlanın bu növü bütöv bir mövzuya aid yazı qaydalarını təkrarlamağa və möhkəmləndirməyə imkan verir.Sərbəst imla yazılmazdan əvvəl onun həsr olunduğu qayda təkrar edilməlidir. Yazılışı çətin sözlər, bəzi cümlələrin quruluşu yazıya qədər təhlil olunmalı, imlada işlədilməsi zəruri olan bəzi mühüm söz və ifadələr yazı taxtasında yazılmalıdır.Şagirdlərdə diqqətlilik, şüurluluq tərbiyə etmək məqsədilə maqnitofondan da istifadə etmək mümkündür. Müəllim maqnitofon lentinə yazılmış imla mətnini səsləndirir, şagirdlər yazırlar. Bu prosesdə şagirdlər işin gedişində nəzarətçi rolunu oynayan müəllimdən heç bir kömək ala bilmir və bu niyyətə düşmürlər. Maqnitofonla yazı şagirdlərin yazı sürətini də qaydaya salır: çox ləng yazmağı vərdiş edənlər hərəkətə gəlir, tədricən həmin sürətə alışırlar.

SUAL 6 İsmin sifətin sayın tadrisi metodikası



24.2 İsmin öyrədilməsi yolları

Şagirdlər III sinifdə ismin (həmçinin sifət, fel, əvəzlik, say və zərfin) nitq hissəsi olduğunu öyrənir və nitq hissəsi terminini işlətməli olurlar. “İsim” mövzusunun tədrisi müəllimin qarşısında yeni vəzifələr qoyur. Şagirdlərin varlıq, əşya adını bildirən sözləri ayıra bilmək, belə sözləri tematik qruplarda birləşdirməyi bacarmaq, onlara kim? nə? sualını vermək, leksik çalışmaları yerinə yetirmək vərdişləri onları yeni terminlərlə tanış etmək, qrammatik qanunauyğunluqları öyrətmək imkanı verir. Bu zaman ismin hara? sualına cavab verməsi də öyrədilir. Sual səslənməsinə görə yönlük halı xatırlatdığından və haraya? sualına uyğun gəldiyindən müəllim ona cavab olan söz soruşduqda şagirdlər pəncərəyə, bağa sözləri ilə cavab verirlər. Ona görə də müəllim elə çalışmalar verməlidir ki, şagirdlər yalnız düzgün cavab vermək məcburiyyətində qalsınlar: məsələn, “...hara Türkiyənin paytaxtıdır?”. Şagirdlər hara? sualının köməyi ilə nöqtələrin əvəzinə yalnız Ankara sözünü yaza bilərlər.Şagirdlər xüsusi isimlər haqqında anlayışla da ilk dəfə III sinifdə tanış olurlar. Qrammatik baxımdan bu anlayışa yiyələnmək o qədər də çətinlik törətmir, lakin müəllimin bəzi cəhətləri nəzərə alması vacibdir. Xüsusi isimlər öyrədilərkən qarşıya çıxan çətinlik ilk növbədə adam, insan anlayışı ilə onların adı arasındakı münasibətin başa salınmasıdır. Şagirdlər bilməlidirlər ki, insan adları dedikdə, ata, ana, dayı, əmi, yaxud müəllim, mühəndis, fəhlə, toxucu deyil (bunlar ümumi isimlərdir), məhz onların hər birinə verilən xüsusi (şəxsi) adlar nəzərdə tutulur və onlar böyük hərflə yazılır. Xüsusi və ümumi anlayışını möhkəmləndirmək məqsədilə hər bir ümumi ismin qarşısında onu təmsil edən xüsusi ismin verildiyi cədvəldən istifadə etmək olar. Cəm şəkilçilərinin l samiti ilə qurtaran sözlərə qoşulduğu hallara da (əllər, dillər, yollar, sallar və s.) diqqət yetirilməlidir ki, yazıda şagirdlər qoşa samitlərdən birini buraxmasınlar. Belə hallarda bəzən sözün mənası dəyişir: yolar, ələr, dilər, salar. İsmin tədrisində ən mühüm və ən çox vaxt tələb edən məsələ onun hallanmasının öyrədilməsidir. Əgər II sinifdə kim? nə? sualına cavab olan (adlıq hal) sözlər üzərində iş gedirsə, III sinifdə şagirdlər “İsmin cümlədə dəyişməsi” adı altında onun necə hallandığını öyrənirlər. Onlar başa düşürlər ki, isimlər cümlədə başqa sözlərlə əlaqəyə girdikdə dəyişir. Onlar hallanmadakı ardıcıllıqla hər bir halın sualı (kim? nə? hara? kimin? nəyin? haranın? kimə? nəyə? haraya? kimi? nəyi? haranı? kimdə? nədə? harada? kimdən? nədən? haradan?) ilə tanış olur, onlardan istifadə edərək sözləri dəyişmək və həmin sözləri cümlə içərisində işlətmək üzrə məşq edirlər. Onlar başa düşürlər ki, əgər bir isim müəyyən suala cavab verirsə, sonra onu hər hansı bir isimlə əvəz etsək, yenə də ismin həmin halında olacaqdır. Deməli, şəkilçi sualı, sual şəkilçini tələb edir, onların ikisi birlikdə halın mahiyyətini açmağa xidmət edir. İsimləri hallandırarkən şagirdlər halların adlarını (ardıcıllığını), suallarını, şəkilçilərini səhv salır, mənasını basa düşmürlər.

24.3 Sifətin öyrədilməsi yolları

“Sifət” anlayışının mənimsənilməsi üçün şagirdlər II sinifdə “Əşyanın, varlığın necəliyini bildirən sözlər” mövzusu keçilərkən yiyələndikləri bilik, bacarıq və vərdişlərə əsaslanmaqla əlamətin adını bildirən sözləri əşyanın və hərəkətin adını bildirən sözlərdən fərqləndirməyi bacarmalıdırlar. Sifət sözü təqdim olunarkən şagirdlər girdəsifət, qaragöz, alyanaq, gülərüz sözlərinin köməyi ilə bir adamın sifəti haqqında fikir söyləyirlər. Elə buna əsasən də şagirdlər müəyyən heyvanın, meyvənin “sifətini” (əlamət və keyfiyyətini) müəyyənləşdirməyi öyrənirlər.

Əlamətin əşyanın gözlə görünən, keyfiyyətin isə gözlə görünməyən xüsusiyyət olduğunu şagirdlərə başa salmaq lazımdır: forma (yumru, uzun, əyri, yastı və s.), böyüklük (yekə, kiçik, hündür, alçaq, qoca, cavan və s.), insanın xarici görünüşü (topal, çolaq, gülərüz, qozbel və s.), rəng (qırmızı, göy, yaşıl, çəhrayı narıncı və s.), əşyanın əlamətini, dad (dadlı, dadsız, şirin, acı, turş, şor və s.), iy (ətirli, üfunətli və s.), insanın daxili əlaməti (yaxşı, pis, xeyirxah, mülayim, gülərüz, rəhmli, ağıllı və s.) keyfiyyətini bildirir. Sonralar onlar praktik yolla gözəl, böyük kimi bir çox sözün həm əlamət, həm də keyfiyyət bildirdiyini öyrənəcəklər. Onlar başa düşəcəklər ki, gözəl insan söz birləşməsində gözəl sözü ya onun xaricən yaraşıqlı, göyçək, qəşəng olmasını (əlamətini), ya yaxşı, xeyirxah, hamının qəlbinə yol tapan, əlindən pislik gəlməyən, daxilən zəngin adam olmasını (keyfiyyətini), ya da hər ikisini bildirə bilər. Məsələn: Nübar gözəl qızdır. Rasim gözəl insandır.

25.2 Sayın tədrisi

Bir nitq hissəsi olan sayla şagirdlər III sinifdə tanış olurlar. Onlar artıq öyrəniblər ki, isim varlığın adını, sifət isə onun əlamətini və keyfiyyətini bildirir. Lakin bəzən varlığın miqdarını, yəni nə qədər olduğunu və ya sırasını, yəni neçənci olduğunu göstərmək lazım gəlir. Varlığın sırasını və ya miqdarını bildirən nitq hissəsinə say deyilir. Məhz bu qayda üzərində işləyərək şagirdlərə saylar haqqında, onların rəqəmlə, sözlə yazılışı haqqında məlumat verilir. Şagirdlər sayın xüsusiyyətləri ilə tanış olduqdan sonra onu digər nitq hissələrindən fərqləndirməyə çalışırlar, həmçinin oxşar xüsusiyyətlərini söyləyirlər. Müəllim uşaqlara müxtəlif suallar verərək say haqqındakı məlumatları genişləndirir. Məsələn: Sinfinizdə neçə şagird var? İsaxan babanın neçə yaşı var? Ünalə neçənci sırada oturub? Divardan neçə portret asılıb? Siz neçənci sinifdə oxuyursunuz?

Və yaxud, uşaqlara tərcümeyi - hal yazdırmaq, bu zaman miqdar və sıra saylarından istifadə etməyi tapşırmaq olar.

Şagirdlərə miqdar saylarından sonra gələn isimlərin cəm şəkilçisi qəbul etməmələri haqqında məlumat verilir. Məsələn, “On şagirdlər” demək düz deyil, çünki miqdar saylarından sonra gələn isimlər cəmlənə bilməzlər. Daha sonra təqribi saylar, dəqiq saylar haqqında məlumat verilir, sayların sualları öyrədilir.

SUAL 7 Orfoqrafik təhlilin aparılması yolları

28.6 Orfoqrafik təhlil.

Orfoqrafik təhlil şagirdlərə orfoqrafik və qrammatik hadisələrin arasındakı münasibəti başa düşmək, orfoqrafik çətinlikləri görə bilmək, onları dərk etmək vərdişi aşılayır. Orfoqrafik təhlil öz xarakterinə görə fonetik və qrammatik təhlillə əlaqədardır. Bununla belə, onları eyniləşdirmək olmaz. Orfoqrafik təhlil prosesində şagirdlərin diqqəti, sözün yazılışının aydınlaşdırılmasına, çətin orfoqramların yazılış qaydasına, sözlərdəki ayrı-ayrı morfemlərə, orfoqramlara yönəldilir, onu izah etməyə üstünlük verilir.

Hər bir sözdə izahata ehtiyac olan bir və ya bir neçə orfoqram tapmaq mümkündür: məsələn, bulud sözünün yazılışında belə orfoqram birdir. Şagirdlər d samitini t ilə əvəz edirlər; karton sözündə iki orfoqram vardır, k samiti q, t samiti isə d ilə əvəz edilir.

Orfoqrafik təhlil yazılı və şifahi olur. Yazılı təhlil çox vaxt tələb etməklə şagirdlərə fərdi iş aparmağa imkan vermədiyindən şifahi təhlildən geniş istifadə olunur. Orfoqrafik təhlil şagirdlərə orfoqrafik gözüitilik, sözə diqqətlilik, onun nə üçün məhz belə yazılması üzərində düşünmək vərdişi aşılamalıdır. Bu təhlil həm ayrıca, həm də digər çalışmaların gedişində aparılır.

SUAL 8 Şagirdlərin şifahi nitqinin inkişaf etdirilməsi

29.1 Şagirdlərin nitqinin inkişaf etdirilməsi üzrə işin məqsəd və vəzifələri.

İnsanın mədəni yetkinliyinin, cəmiyyət üçün faydalı bir şəxsiyyət kimi formalaşmasının meyarlarından biri onun nitq mədəniyyətinə yiyələnməsidir. Bu, məktəbin qarşısında duran ən mühüm ümumpedaqoji problemlərdən biridir.Nitq inkişafı üzrə işin vəzifəsi dil və təfəkkürün vəhdəti haqqında təlimdən irəli gəlir. Uşaqların təfəkkürünü inkişaf etdirməklə biz, şübhəsiz, onların nitqinə təsir göstərir, nitqini inkişaf etdirməklə təfəkkürünün inkişafına təkan veririk.Nitq insanın əqli fəaliyyətinin yaranmasında bilavasitə iştirak edir və onun əsası olur. Şagirdlər mükəmməl nitqə yiyələnməklə xarici aləmdəki hadisə və əşyalar haqqında biliklərə yiyələnirlər.Altıyaşlıların nitqi üzərində aparılan müşahidələr göstərir ki, onlar məktəbə gələnədək dilimizin qrammatik quruluşuna yiyələnir və ətrafdakılarla ünsiyyət bağlamaq tələbinə müvafiq müəyyən söz ehtiyatına malik olur, başqalarının nitqini başa düşür, öz fikrini ifadə etməyi bacarırlar. Bununla belə, müşahidələr göstərir ki, I sinfə gələn uşaqların nitqi bəzən yeni anlayışları, fikirləri, hissləri ifadə etməyə imkan vermir. Bu, hər şeydən əvvəl, uşağın lüğət ehtiyatının kasıblığı ilə izah olunmalıdır. Buna görə də məktəbdə uşağın nitqi üzərində planlı iş aparılır. Təsadüfi deyildir ki, ibtidai siniflər üçün ana dili proqramında nitq inkişafı ana dili tədrisinin başlıca prinsipi olduğu qeyd edilir. Deməli, ibtidai siniflərdə ana dili üzrə məşğələlərin əsas məqsədi şagirdlərin şifahi və yazılı nitqini inkişaf etdirməkdir. İbtidai siniflərdə şagirdlərin nitqinin inkişafı üzrə iş hansı istiqamətdə getməlidir?Nitq mədəniyyətinin yüksək səviyyəsi yalnız onun dilin bütün cəhətləri (fonetika, leksika, morfologiya, orfoepiya, söz yaradıcılığı, orfoqrafiya, sintaksis, üslubiyyat) ilə təbii surətdə birləşdirilməsi şəraitində təmin edilə bilər. Nitqdə təbiilik, düzgünlük, məntiqilik, təmizlik, müyəssərlik, məqsədyönlülük, zənginlik, aydınlıq, sadəlik, səlislik, yığcamlıq, ifadəlilik, çılğınlıq, obrazlılıq, emosionallıq, gözəllik, incəlik, ardıcıllıq, nəzakətlilik kimi normalar gözlənilməlidir.Azərbaycan dilinin şirinliyi, gözəlliyi ünsiyyət prosesində meydana çıxır.



Şagirdlərdə nitq mədəniyyətinin formalaşmasında ana dilinin bir fənn kimi əhəmiyyəti böyükdür. Onu da qeyd qeyd etmək lazımdır ki, ana dilinin məqsədi olan nitq mədəniyyətinin formalaşdırılması digər fənlər üçün də əsasdır, çünki bütün dərslərdə şagird danışır, fikrini ifadə edir, münasibət bildirir. Odur ki, bünövrə düzgün qoyulursa, uşaqlar səlis, aydın nitqə, mədəni davranışa malik olarlar.Şifahi nitq yazılı nitqə nisbətən daha ifadəlidir. Bu, onun dinləyicilər tərəfindən düzgün başa düşülməsinin mühüm şərtlərindən biridir. Şifahi nitqdə ifadəliliyin müxtəlif vasitələrindən istifadə olunur, məsələn, səsin qaldırılması və aşağı salınması, sürət, vurğu, lazımi söz və ifadənin səslə ayrılması, mimika, jest və s. Bütün bunlar şifahi nitqi ifadəli etməklə yanaşı, həm də dinləyicidə inam, əqidə yaratmağın mühüm vasitəsidir. Yazılı nitq isə belə yardımcı vasitələrdən məhrumdur. Ona görə də bir çox hallarda yazılı nitqin məzmununu başa düşmək çətin olur. Bu fikri belə bir həqiqət təsdiq edir ki, bəzən müəyyən mətni ucadan oxuyana nisbətən onu dinləyənlər daha yaxşı başa düşürlər, lakin yazılı nitq hissələrə, abzaslara, paraqraflara ayrılır. Kursiv, dırnaq, sual və nida işarələri, çox nöqtə diqqəti lazımi sözə, başlıcanı ayırmağa, yazılı mətnin məzmununu daha dəqiq verməyə şərait yaradır.Şifahi nitq insanların fərdi xüsusiyyətlərini nəzərə almaq üçün müəyyən imkanlara malikdir. Müsahibin sözü necə deməsindən, səsin tonundan, intonasiya çalarlarından, gözlərindəki mənadan, mimikasından asılı olaraq lazımi söz, ifadə, ton seçmək mümkündür. Dinləyicilərin tərkibindən, səviyyəsindən asılı olaraq danışan eyni fikri müxtəlif cür çatdıra bilər.Sifahi və yazılı nitq istifadə etdiyi dil materialına görə də fərqlənir. Sərbəst nitq olan şifahi nitqdə biz danışıq dilinin leksik, qrammatik və üslubi vasitələrindən istifadə edirik. Şifahi nitq şagirdlərdən sözlərin orfoepik normalara müvafiq tələffüzünü, nitq formalarının düzgünlüyünü tələb edir.Şifahi nitq öz sintetik quruluşuna görə sadədir. Bu nitqdə adətən, sadə, qısa cümlələrdən istifadə olunur. Şifahi nitq tələffüzün fizioloji və psixoloji şəraiti ilə əlaqədardır. Biz hər bir fikri bir dəfə nəfəs alıb-verməklə tələffüz etməyə çalışırıq.

SUAL 9 Öyrədici yazıların növləri
Yüklə 32,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə