1
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTU
________________________________________________________
____
Əlyazması hüququnda
ŞÜKUFƏ İBRAHİM qızı QƏDİMOVA
TÜRK DİVAN POEZİYASININ TƏŞƏKKÜL DÖVRÜ
(XIII-XV ƏSRLƏR)
5717.01 - Türk xalqları ədəbiyyatı
Filologiya üzrə elmlər doktoru
elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın
A V T O R E F E R A T I
2
BAKI – 2017
Dissertasiya Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət
Universitetnin Türk filologiyası kafedrasında yerinə yetirilmişdir
Elmi məsləhətçi: Əsgər Adil oğlu Rəsulov,
filologiya üzrə elmlər doktoru, professor
Rəsmi opponentlər: Rafael Baba oğlu Hüseynov,
AMEA –nın həqiqi üzvü, filologiya üzrə
elmlər doktoru, professor
Elman Hilal oğlu Quliyev
filologiya
üzrə elmlər doktoru, professor
Mahirə Həmid qızı Quliyeva,
filologiya üzrə elmlər doktoru, dosent
Aparıcı müəssisə: Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunun “Türkdilli əlyazmaların tədqiqi”
şöbəsi
Müdafiə “___”___2017-ci il saat “__” - da Azərbaycan Milli Elmlər
Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun
nəzdindəki
D 01.131- Dissertasiya Şurasının iclasında keçiriləcəkdir.
Ünvan: AZ-1143, Bakı, H. Cavid prospekti 115, Akademiya
şəhərciyi, Əsas bina, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron
akt zalı, IV mərtəbə
Avtoreferat “____ ” __________ 2017-ci ildə göndərilmişdir.
Dissertasiya Şurasının
elmi katibi: Ismixan Məhəmməd oğlu Osmanlı
3
filologiya üzrə elmlər doktoru, professor
İŞİN ÜMUMİ SƏCİYYƏSİ
Mövzunun aktuallığı. Azərbaycan öz dövlət müstəqilliyini bərpa
etdikdən sonra Türkiyə ilə dinamik inkişafla səciyyələnən ədəbi-mədəni
əlaqələr bu ölkənin qədim və zəngin ədəbiyyatının obyektiv və elmi şəkildə
öyrənilməsinə münbit zəmin yaratmışdır. Sözsüz ki, belə bir şəraitdə türk
söz sənətində mühüm yer tutan çoxəsrlik klassik divan poeziyasının
araşdırılması xüsusilə böyük əhəmiyyət kəsb edir. Belə ki, Türkiyə divan
poeziyası bir sıra ümumtürk, ümummüsəlman və ümumşərq ənənələrini
ehtiva etməklə yanaşı, quruluşu və dövlətləşmə mərhələsi onun təşəkkülü
və özünütəsdiq dövrü ilə (XIII - XV əsrlər) üst-üstə düşən Osmanlı
İmperiyasının ədəbi-estetik məntiqini, ictimai-mədəni həyatını, din və dil
mənzərəsini, duyğu və düşüncə aləmini son dərəcə dolğun əks etdirir.
Öz məxsusi sənət anlayışı və estetikası olan divan ədəbiyyatı onu
araşdırmaq istəyən tədqiqatçıların qarşısında aktual və mürəkkəb
problemlər qoyur. Bu aktuallıq, ilk növbədə, onunla şərtlənir ki, müasir
insanlar, bütün hallarda, istər çağdaş yaşamlarında, istərsə də gələcəyə
baxışlarında öz tarixi keçmişinə, qədim milli-mənəvi köklərinə, zəngin
mədəni sərvətlərinə söykənmə zərurətilə qarşılaşırlar. Bu zərurətdən doğan
marağın təmini məqsədilə müraciət ediləcək mühüm qaynaqlardan biri, heç
şübhəsiz, klassik poeziya abidələridir. Belə ki, türk-islam dünyasında
hikmət və irfan dəyərləri mənsur kitablar, risalə və şərhlərlə yanaşı, ərəb,
fars və türkdilli epik və lirik poeziya nümunələrində də dolğun şəkildə
ifadə edilmişdir. Öz dövrünün düşüncə və duyğularını oxucuya poetik dillə
çatdıran divan ədəbiyyatı bütövlükdə türk dünyasının ortaq tarixi-mədəni
keçmişini hərtərəfli araşdırmağa, möhtəşəm klassik söz sənəti abidələrini
yaxından tanımağa imkan və şərait yaradır.
Problemin mürəkkəbliyi və çətinliyinə səbəb olan amillər çoxcəhətli
və müxtəlifyönümlüdür. Belə ki, tarixi hadisələrin, sosial-iqtisadi şərtlərin
və siyasi hakimiyyətlərin təsiri ilə türk divan ədəbiyyatı öncə İslam
mədəniyyəti və ərəb ədəbiyyatından bəhrələnmiş, xüsusən klassik fars
poeziyasından qidalanaraq sinkretik xarakter daşıyan Yaxın və Orta Şərq
ədəbiyyatı təməlində təşəkkül taparaq inkişaf etmişdir. Bu ədəbiyyatı
yaxşı başa düşmək, təhlil və şərh edə bilmək üçün dini inanclar (ayə və
hədislər), islami elmlər (təfsir, kəlam, fiqh), islam tarixi, təsəvvüf rəmzləri,
İran mifologiyası (hökmdarlar və hadisələr), Peyğəmbər qissələri,