Süleyman rüSTƏM



Yüklə 157,04 Kb.
Pdf görüntüsü
tarix17.06.2018
ölçüsü157,04 Kb.
#49203


________________Azərbaycan Milli Kitabxanası____________________ 

 

SÜLEYMAN  

RÜSTƏM  

 

 



Rüstəmzadə Süleyman Əliabbas oğlu. Onun 

qayğısız uşaqlıq illəri öz doğma kəndi 

Novxanıda  mavi Xəzərin sahilində 

keçmişdir. Süleyman Rüstəm – şair, 

dramaturq, 1934-cü ildən ildən AYB-nın 

üzvü, Azərbaycanın  Əməkdar  İcnəsənət 

xadimi (1943), Azərbaycanın xalq şairi 

(1960), SSRİ dövlət Mükafatı Laureatı 

(1950), Azərbaycan Dövlət mükafatı laureatı 

(1970), Sosialist Əməyi Qəhrəmanı 

(1976).1906-cı il martın 12-də Bakıda anadan 

olmuşdur. ADU-nun Şərq fakültəsinə daxil olmuşdur, 1929-cu ildə 

ADU-nun  Şərq fakültəsindən I Moskva Dövlət Universitetinin 

ədəbiyyat və icnəsənət fakültəsinə köçürülmüşdür. Zaqafqaziya 

Mərkəzi  İcraiyyə komitəsinə üzv seçilmişdir (1935). Birinci çağırış 

Azərbaycan Ali sovetinə deputat seçilmişdir (1938). Bundan sonra 

bütün çağırışlarda xalq elçisi olmuşdur. M.Əzizbəyov adına 

Azərbaycan Dövlət Akademik Dram Teatrının direktoru (1937-

1938), «Ədəbiyyat qəzeti»nin baş redaktoru olmuşdur. Azərbaycan 

Yazıçılar  İttifaqının  İdarə heyətinə, «Azərbaycan», «Kirpi» 

jurnallarının və «Sovetski pisatel» nəşriyyatının redaksiya 

heyətlərinə üzv seçilmişdir. Xidmətlərinə görə üç dəfə Lenin ordeni, 

iki «Qırmızı  Əmək Bayrağı» ordeni, Sovet Sülhü Müdafiə 

Komitəsinin Fəxri fərmanı  və bir sıra medallarla təltif olunmuşdur. 

1971-ci ildən Ömrünün axırınadək Azərbaycan SSR Ali Sovetinin 

sədri vəzifəsində çalışmışdır.  Ələmdən nəşəyə (1927), Addımlar 

(1930),  Şairin səsi (1934), Ulduzlar (1934), Gecənin romantikası 

(1938), Ana ürəyi (1942), Ana və poçtalyon (1943), Gün o gün olsun 

ki... (1943), İki sahil (1954), Sülh nəğmələri (1951), Lirik şeirlər 



________________Azərbaycan Milli Kitabxanası____________________ 

(1956), Bahar düşüncələri (1964), Qafurun qəlbi (1970), Günəşli 

sahillərdə, (1963), Bir az da məhəbbətdən (1966), Durna 

(komediyalar (1963), «Seçilmiş  əsərləri» (4 cilddə, 1969-1972), 

Könül (1970), Günəşli yollarda (1972), Xəzərimin səhəri (1976), 

Ürəyimin gözüylə (1977), Mənim günəşim (1980), Cənub həsrəti 

(1982), Ürək döyüntüləri (şerlər) (1984), Təbrizim (şerlər və 

poemalar) (1986), Azərbaycana gəlsin (şerlər) (1988) və s. kitabların 

müəllifidir.1989-cu il iyunun 10-da vəfat etmişdir.  

 

N.Nərimanov adına Bakı sənaye texnikumunda təhsil almışdır.  



 

«Molla Nəsrəddin» məcmuəsində kiçik xəbərlərlə  çıxış etmişdir. 

«Unudulmuş  gənc» adlı ilk mətbu  şeri «Maarif və  mədəniyyət» 

jurnalında dərc olunur. Həmin vaxtdan dövri mətbuatda müntəzəm 

çıxış edir.  

1925-ci ildən buranı bitirib «Gənc işçi» qəzeti redaksiyasında 

ədəbiyyat şöbəsinin müdiri kimi əmək fəaliyyətinə başlamışdır. Eyni 

zamanda Azərbaycan Dövlət Universitetinin şərq fakültəsinə daxil 

olmuşdur. Tələbəlik illərində  ədəbi mühitlə  sıx  əlaqə saxlamışdır: 

ədəbiyyat və dram dərnəklərində fəal iştirak etmiş, dövri mətbuatda 

şer, hekayə  və felyetonlarını çapa vermişdir. Azərbaycan Yazıçıları 

Proletar Cəmiyyətinin katibi və idarə heyətinə üzv seçilmişdir. 1928-

ci ilin mayında Ümumittifaq Proletar Yazıçıları  Cəmiyyəti idarə 

heyətinə daxil olmuşdur.  

1929-cu ildən I Moskva Dövlət Universitetinin ədəbiyyat və 

incəsənət fakültəsində  təhsil almışdır. «Qana qan», H.Nəzərli ilə 

yazdığı «Yanğın», «Qaçaq Nəbi» (1940) pyesi tamaşaya 

qoyulmuşdur. Azərbaycan SSR Xarici Ölkələrlə Dostluq və Mədəni 

Əlaqə  Cəmiyyəti Sovet - Bolqar dostluğu  şöbəsinin idarə heyətinin 

sədri, SSRİ Yazıçılar  İttifaqı idarə heyətinin üzvü, Azərbaycan KP 

MK üzvü kimi fəal ictimai fəaliyyətlə məşğul olmuşdur.  

 



________________Azərbaycan Milli Kitabxanası____________________ 

O, «Ədəbiyyat qə-

zeti»nin baş redak-

toru olmuş, Azər-

baycan Yazıçılar  İtti-

faqının idarə heyə-

tinə, «Azərbaycan», 

«Kirpi» jurnallarının 

və «Sovetski pisatel» 

nəşriyyatının (şair ki-

tabxanası  nəşri) re-

daksiya heyətlərinə 

üzv seçilmişdir. 

Ələmdən nəşəyə (1927), Addımlar (1930), Şairin səsi (1934), 

Gecənin romantikası (1938), Ana ürəyi (1942), Ana və poçtalyon 

(1943), Gün o gün olsun ki... (1943), İki sahil (1954), Sülh nəğmələri 

(1951), Bahar düşüncələri (1964), Qafurun qəlbi (1970), Günəşli 

sahillərdə, (1963), Bir az da məhəbbətdən (1966), Durna 

(komediyalar (1963), Könül (1970), Günəşli yollarda (1972), 

Xəzərimin səhəri (1976), Ürəyimin gözüylə (1977), Mənim günəşim 

(1980), Cənub həsrəti (1982), Ürək döyüntüləri (şerlər) (1984), 

Təbrizim (şerlər və poemalar) (1986), Azərbaycana gəlsin (şerlər) 

(1988) və s. kitabların müəllifidir.  

  

Könlünü vətənə verən şair  

Süleyman Rüstəm  ədəbiyyatımızda tərənnüm, vəsf və ithaf 

şeirlərinin ən məhsuldar yaradıcılarından biri idi. Süleyman Rüstəm 

nədən və hansı mövzudan yazıbsa, sevərəkdən, inanaraq ilhamının 

qüdrəti ilə poetik dilə gətirib. 

12 mart 1906-cı ildə Bakıda dəmirçi ailəsində anadan olan 

Süleyman Rüstəm Azərbaycan  ədəbiyyatının çox görkəmli 

nümayəndələrindəndir. Ötən  əsrdə yaşayıb yaratmış  şair bəzi 

həmkarları ilə müqayisədə əslində bəxti gətirmiş qələm sahiblərindən 

olub. 1937-ci ilin repressiyası millətin say-seçmə  oğullarını qara 

tufanlara saldı. Ağır və amansız dövrün ölüm qoxulu təqiblərinin 




________________Azərbaycan Milli Kitabxanası____________________ 

hədəfindən qurtararaq yaşamaq, yaratmaq hər kəsə  nəsib olmurdu. 

Bu, bir tərəfdən Tanrının yazısı, digər tərəfdən də öz başını 

qovğalardan salamat çıxarmağı bacarmaq demək idi. Süleyman 

Rüstəm məhz qara qüvvələrin gözündən məharətlə yayındığından 

təzyiqlərə, həbslərə tuş  gəlmədi. Nə yaxşı ki, belə oldu. Yazıb 

yaratdıqları ədəbiyyatımızın solmayan səhifələrini təşkil edir. XX əsr 

Azərbaycan poeziyasının coşqun ruhlu, novator şairlərindən biri 

məhz Süleyman Rüstəm idi. 

Süleyman Rüstəm hələ sağlığında tədqiqatçıların daim diqqət 

mərkəzində olan söz sahiblərindən olub. Onun ədəbi irsi ilə bağlı 

yetərincə araşdırmalar var, müxtəlif fikir və  rəylər formalaşıb. 

Vaxtilə onu sovet ədəbiyyatının  ən ünlü və görkəmli nümayəndəsi 

hesab ediblər. Tənqidçi Bəkir Nəbiyev 1983-cü ildə  şairin altı 

cildliyinə ünvanladığı ön sözdə yazırdı: "Süleyman Rüstəmin 

poeziyasını Azərbaycan Sovet Sosialist Respublikasının müxtəsər, 

poetik ensiklopediyası adlandırsaq, əsla yanılmarıq". 

Süleyman Rüstəmin  əsərlərini bu günün gözü ilə  nəzərdən 

keçirəndə maraqlı  nəticələrə  gəlmək olur. Şairin bütün yaradıcılığı 

sovet həyat tərzinin  əks-sədasıdır. Amma həqiqətin gözünə dik 

baxmaq lazımdır. Hər  şeyi öz adı ilə çağırmaq çox vacibdir. Məhz 

1937-ci ilin qurbanlarından savayı elə bir qələm sahibi tapmaq 

mümkün deyil ki, onlar sovet dövründə yaşaya-yaşaya bu quruluşun 

diktəsindən kənarda fəaliyyət göstərsin və dövrünü tərənnüm 

etməsin. Bu mənada Süleyman Rüstəm də istisna deyildi. Bu 

məsələyə görə  də onu qınamaq olmaz. Çünki sovet dövrü bütün 

ziddiyyətləri ilə bərabər, həm də Azərbaycana oyanış, intibah gətirdi. 

Bu dövrdə  təhsilin, elmin, mədəniyyətin inkişafı üçün yeni üfüqlər 

açıldı. Səməd Vurğun, Rəsul Rza, Osman Sarıvəlli,  Əhməd Cəmil, 

Məmməd Rahim kimi şairlər dövrün çağlayışından vəcdə  gələrək 

yeni-yeni  əsərlər yazıb-yaratdılar. Bu zamandan etibarən Süleyman 

Rüstəm də yeni epoxanın şairi kimi qələmə sarılıb. 

Ötən əsrin 20-ci illərindən başlayaraq həm şeirləri, həm də məqalə 

və çıxışları ilə yeni həyatı tərənnüm edən Süleyman Rüstəmin 1927-

ci ildə çapdan çıxmış "Ələmdən nəşəyə" adlı ilk şeirlər kitabı onun 



________________Azərbaycan Milli Kitabxanası____________________ 

bütün yaradıcılığının leytmotivinə çevrildi. Bəzən gənc  ədəbi 

qüvvələr Süleyman Rüstəmi "sovet şairi" kimi səciyyələndirərək 

onun bütün yaradıcılığının üzərindən qara xətt çəkməyə çalışırlar. 

Bu, çox yanlış fikir və insafsızlıqdır. Çünki pioner, komsomol və 

kommunist partiyasından yazmaq vaxtilə yaşadığımız dövrün 

özünəməxsusluğu idi. Süleyman Rüstəm "bu dəmir çəpərli" rejimin 

içində poetik məzmunu və mövzusu son dərəcə  dəyərli olan əsərlər 

də yaradıb. "Oxuyun, bir qızıl kitabam" - deyən Süleyman Rüstəm 

özünü oxucusuna inqilab şairi kimi təqdim etməklə bir daha 

təsdiqləyib ki, onun poeziyası mübariz, döyüşkən bir ruhla həyatın 

içinə atılıb. O, əslində novator şair idi. Bu səbəbdən də yaşadığı 

həyatın yüksəlişini, yeniləşməsini, yaxşıya doğru irəliləyişini 

tərənnüm etməkdə, vəcdə  gəlməkdə haqlı idi. 70 il içərisində 

yaşadığımız bir quruluşda həm bu dövrün ab-havasını  qələmə 

gətirmək, həm də millətin, vətənin xeyri üçün mükəmməl, poetik 

nümunələr yazmaq həqiqətən böyük istedad tələb edirdi. Bu 

baxımdan Süleyman Rüstəm Tanrı vergili bir şair idi. 

Azərbaycanın elə bir guşəsi yoxdur ki, Süleyman Rüstəm ora şeir 

qoşmasın. Xəzər dənizi haqqında  ən çox şeir yazan da məhz 

Süleyman Rüstəm olub. "Xəzər və durnalar", "Xəzər nəyə bənzəyir", 

"Xəzərdə gecə", "Xəzərdə", "Xəzərin səhəri", "Xəzərim olsun" və 

başqa  şeirlərdə öz xəyalının qanadlarını  Xəzərin dalğaları ilə 

qovuşduran şair bu mavi gözəli tərənnüm etməkdən doymayıb. 

İkinci Dünya müharibəsi Süleyman Rüstəm yaradıcılığından 

təsirsiz keçməyib. O, bu mövzuda bir-birindən maraqlı  və 

mükəmməl  əsərlər yaradıb: "Ana ürəyi", "Durnalar", "Ana və 

poçtalyon", "Gün o gün olsun ki" kimi kitabları  məhz o dövrdə 

çapdan çıxıb. 

 

Gün o gün olsun ki, qurtarsın dava, 



Dağılsın buludlar, açılsın hava. 

Alınsın düşməndən ömürlük qisas, 

Torpaq nəfəs alıb dincəlsin bir az. 

Silinsin ürəkdən, könüldən ağrı, 




________________Azərbaycan Milli Kitabxanası____________________ 

Bir də tapdanmasın vətənin bağrı. 

 

Bu  şeir  İkinci Dünya müharibəsi zamanı  qələmə alınsa da, bu 



günün özündə  də aktuallığını itirməyib. Müharibə mövzusunda şeir 

yazan  şairlər arasında Süleyman Rüstəmin məhz öz yeri vardı. O, 

qanlı  səngərlərdə  və arxa cəbhədə  mərdlik nümunəsi göstərən 

soydaşlarımızın ovqatını poetik portretləşdirib desək, yanılmarıq. Bu 

qəbildən  şairin "Ana və poçtalyon" adlı  məşhur  əsəri həmişə dillər 

əzbəri olub. Şair böyük məharət və həssaslıqla cəbhədən - oğlundan 

məktub gözləyən ananın iztirabını  təbii, təsirli qələmə almışdır. 

Süleyman Rüstəmin böyük məhəbbətlə yaratdığı Ana və poçtalyon 

obrazları müharibə illərində min bir zillət çəkən vətən övladlarının 

unudulmaz surətləridir. Bu surətlərdə çoxunun həyatı var idi. 

Süleyman Rüstəmin Azərbaycan poeziyasına bəxş etdiyi poetik 

çələnglərdən ən gözəli və təsirlisi məhz Cənub mövzusunda yazdığı 

əsərlərdir. Məlumdur ki, İkinci Dünya müharibəsi illərində Süleyman 

Rüstəm Cənubi Azərbaycanda olmuş, orada yaşamış soydaşlarımızın 

ağır həyatını gözləri ilə görmüş, cənublu şairlərlə görüşmüşdür. Təbii 

ki, bütün bunlar da sonralar şairin könlündən poetik şəkildə kağızlara 

naxışlanmışdır. Ən müqəddəs arzusunu isə belə qələmə almışdır: 

 

Bir arzum da var dünyada, 



Bir gün məni salıb yada, 

Kitabımı Arazdakı  

körpü üstündə assınlar, 

Gənc nəsillər unutmasın  

bu şairin şərtini, 

Tez köçərsəm bu dünyadan  

başdaşıma yazsınlar, 

İki yerə parçalanmış ürəyimin dərdini. 

 

"Təbrizim" adlı  şeiri isə Süleyman Rüstəmin bu mövzuda 



misralarla dilə gətirdiyi ən təsirli poetik həsrətdir: 

 



________________Azərbaycan Milli Kitabxanası____________________ 

Nədir o mənalı dərin baxışlar? 

Nədir gözlərindən yağan yağışlar? 

Nədir qəlbindəki payızlar, qışlar? 

Yetim tək boynunu burma, Təbrizim! 

Məlul-məlul baxıb durma, Təbrizim! 

 

"Könlümə  Təbriz düşdü", "Yaralarım", "İşıq", "Şair Səhəndə 



cavab", "Yenə Araz qırağında", "Görsəm" kimi şeirlərində Süleyman 

Rüstəm vətən həsrəti ilə  dərdi başdan aşan soydaşlarımızın 

təlaşından,  əzablı, cəfalı günlərindən söz açıb. Bir millətin ayrılıq 

simvoluna çevrilmiş Arazın sularında həsrətin, niskilin axdığından 

danışır. Nə vaxtsa bir müjdənin veriləcəyinə - Təbrizlə  əbədi 

görüşəcəyinə ümid bəsləyib. 

Süleyman Rüstəmin Cənub mövzusunda yazdığı bütün şeirləri 

gözəl və  təsirlidir. Ona görə yox ki, bu şeirlərdə paralanmış 

torpağımızın harayı  eşidilir. Həm də ona görə  dəyərlidir ki, şair 

böyük ustalıqla vətən gözəlliklərinə poetik abidələr yaradıb. Sərabı, 

Ovqanı, Təbrizi,  Ərdəbili, Marağanı  vəsf edərək vətən torpağı 

olduğunu misraları ilə, poetik duyumu ilə poeziya tarixinin 

səhifələrinə möhürləyib. 

Lirik şeirlərinə onlarca musiqi bəstələnmiş Süleyman Rüstəm həm 

də  əsl nəğməkar  şair kimi sevilməkdədir. Onun nəğmələrini 

müğənnilər böyük məmnunluqla ifa edirlər. Bu sahədə xüsusilə xalq 

artisti Zeynəb Xanlarovanın repertuarı seçilir. Xalq şairi vaxtilə 

Zeynəb xanımın ifasına məftunluğunu belə qələmə almışdır: 

 

İllərdir tanışam sənin səsinlə, 



Sevinc paylayırsan ürək sözünlə, 

Vəcdə gətirirsən xoş nəfəsinlə, 

Könül rübabımın telini, Zeynəb! 

 

Ədəbi fəaliyyətə "Çimnaz xanım yuxudadır" adlı bir pərdəli 



komediyası ilə başlayan Süleyman Rüstəm dramaturq kimi də 

müəyyən uğurların sahibidir. 1940-cı ildə yazdığı "Qaçaq Nəbi" 




________________Azərbaycan Milli Kitabxanası____________________ 

mənzum dramı, 1948-ci ildə  qələmə aldığı "Durna" komediyası 

teatrlarımızın vaxtilə repertuarından düşməzdi. 

Bədii yaradıcılıqla, tərcümə ilə müntəzəm məşğul olan Süleyman 

Rüstəm həm də müxtəlif məsul vəzifələrdə çalışmışdır. Bir neçə 

çağırış həm Azərbaycan, həm də keçmiş SSRİ Ali Sovetinin deputatı 

olmuşdur. Onun xalq, vətən qarşısındakı xidmətləri layiqincə 

qiymətləndirilmişdir. Sinəsini müxtəlif orden və medallar bəzəyirdi. 

Dövlət mükafatları laureatı idi. İctimai xadim kimi şöhrət 

qazanmışdı. Sosialist Əməyi Qəhərmanı idi. Əsərləri müxtəlif xarici 

dillərə  tərcümə olunmuşdur. Könlünü vətəninə verən, onun uca 

dağlarını, gur çaylarını, yaşıl zəmilərini, geniş düzlərini, zəhmətkeş, 

sədaqətli insanlarını  məhəbbətlə  tərənnüm edən Süleyman Rüstəm 

yazırdı: 

 

Ey nazlı vətən,  



mən sənə öz könlümü verdim, 

Qarşında günahkarsa,  

Süleymanı bağışla! 

 

Cürət və qüdrətlə öz doğma yurduna ilhamlı  nəğmələr qoşan 



şairin bu etirafı çox mətləblərdən xəbər verir.  

 

 



 Xalq 

şairi Süleyman Rüstəm   

  

  

  



 İyirminci əsr ədəbiyyatımızın ən maraqlı hadisələrinin iştirakçısı 

olan görkəmli xalq şairimiz Süleyman Rüstəm gördüklərinin və 

bildiklərinin çoxunu yazmadı.  

Mən indi yaşımın bu yorğun vaxtında özümə borc bilirəm ki, 

tanıdığım, dostluq etdiyim, hətta müəllim dediyim, indi dünyasını 

dəyişmiş şairlərimiz haqqında ürək sözlərimi yazam.  

1935-ci il idi. O zaman mən Bakıda Mustafa Sübhi adına küçədə 

Süleyman Sani Axundov adına 19 nömrəli məktəbin 8-ci sinfində 

oxuyurdum. Bir gün sinif rəhbərimiz bizə dedi ki, sabah şair 



________________Azərbaycan Milli Kitabxanası____________________ 

Süleyman Rüstəm məktəbimizə gələcək, dərsdən sonra görüş olacaq, 

hamınız ağ köynək geyib pioner qalstukunuzu bağlayarsız.  

O illər Bakıda məktəb binaları çatışmadığından bir çox böyük 

həyətlər də məktəb üçün ayrılmışdı. Bizim məktəb də on sinifi olan 

bir binada yerləşirdi. Məktəbin ümumi iclası da otaqların birində 

keçirilirdi. Bu dəfə  də  məktəbin ancaq yuxarı sinif şagirdləri (otaq 

tutsun deyə) həmin otağa yığışmışdı.  

İclas zalına qabaqda məktəbin müdiri ilə Süleyman Rüstəm, sonra 

bir neçə müəllim gəlib rəyasət mizinin arxasında oturdular. İclası 

məktəbin müdiri açdı, qonaq haqqında qısa bir məlumat verəndən 

sonra müəllimlərdən biri şair haqqında məruzə etdi, şagirdlər 

Süleymanın şeirlərindən əzbər söylədilər. Axırda S.Rüstəm çıxış edib 

məktəblilərin yaşına uyğun şeirlər oxudu.  

Bu görüşdən iki il sonra 1937-ci ildə ölkədə repressiya başladı, 

günahkarlar dəstə-dəstə  həbs olunub ya Sibirə göndərilir, ya da 

ölkədən çıxarılırdı. Həyatın rahat günləri həyəcanlı, ağır günlərlə 

əvəz olundu. Bakıda yaşayan Cənubi azərbaycanlılar xarici ölkə 

vətəndaşı kimi Bakıdan çıxarılıb öz vətənlərinə göndərildi. Mən də 

valideynlərimlə birlikdə  Ərdəbil  şəhərinə getdim. O zaman İranda 

Rza şahın farslaşdırma siyasəti hökm sürürdü, fars dili bütün İranda 

dövlət dili, ərəb əlifbası bütün idarə və məktəblərdə rəsmi əlifba idi. 

Cənubi azərbaycanlılar bu yad dili və  əlifbanı öyrənməyə  məhkum 

idilər.  

Yaxşı yadımdadır, 1942-ci il idi. O zaman mən Ərdəbil şəhərində 

yaşayırdım, müharibə illəri idi. Sovet qoşunları alman faşistlərinin 

İrandakı yuvasını dağıtsa da, Rza şah ölkəni tərk edib ingilis 

ağalarının məsləhəti ilə Afrikaya getsə də, onun diktaturası süqut etsə 

də, nə  İranda, nə  də  Cənubi Azərbaycanda vəziyyət dəyişməmişdi. 

Çünki bir diktatorun yerinə başqa diktator  oğlu Məhəmmədrza 

keçmişdi. Yenə Azərbaycan müstəmləkə halında idi. Bütün ölkədə 

olduğu kimi, Azərbaycanda da ana dili qadağan olunmuşdu, idarə və 

məktəblər fars dilində işləyirdi. Əgər kəndlər və bazarlar olmasaydı, 

Azərbaycan dilinin məhv olub aradan getmək qorxusu var idi. Ancaq 

təkcə bazar, ticarət Azərbaycan dilini, xüsusən elmi və  bədii dili 



________________Azərbaycan Milli Kitabxanası____________________ 

mühafizə və inkişaf etdirə bilməzdi. Bunun üçün məktəb və mətbuat 

lazım idi.  

Bir gün uşaqların qoltuğunda qəzet dəstəsi Təbrizin baş küçəsində 

dükanların qabağında Tazə  xəbər, Vətən yolunda ruznamə, ana 

dilində ruznamə deyə ucadan qışqırıb satdıqların gördük. Vətən 

yolunda qəzeti müharibə zamanı  1942-ci ilin ilk ayında o vaxt 

Təbrizdə olan Qızıl ordunun nəşr etdiyi qəzet idi. Yadımdadır, 

qəzetin ilk redaktoru yazıçı Mirzə  Əjdər oğlu  İbrahimov, ondan 

sonra  Şahgəldiyev, sonra da Rzaquliyev oldu. Qəzet satan uşaqlara 

kimi maraqla, kimi təəccüblə durub baxırdı. Çünki o zaman 

Azərbaycan dilində qəzetin olduğunu ağlına belə gətirməyən adamlar 

çox idi. Bəlkə  də elə bu marağa görəydi ki, uşaqlar küçəni başa 

çatmamış qəzeti satıb qurtarırdılar.  

Vətən yolunda qəzetinin səhifələrində dünyada və müharibədə baş 

verən hadisələr haqqında xəbərlərlə yanaşı, şeir və hekayələr də çap 

olunurdu. Biz hörmətli xalq şairimiz S.Rüstəmin Təbrizim, Dilimə 

dəymə, Təbriz gözəlinə kimi şeirlərini ilk dəfə  həmin qəzetdə 

oxuduq,  əzbərlədik və sonra şairlərimiz həmin  şeirlərə onlarla 

nəzirələr yazdılar. S.Rüstəm hələ  Təbrizdə ikən onun şeirlərinin 

sədası ölkənin bütün kənd və şəhərlərindən gəlirdi.  

Süleyman Rüstəm Təbrizə  gələn zaman bu həssas qəlbli  şairin 

nəzərini ilk cəlb edən Cənubda Azərbaycan dilinin İranın rəsmi 

dövlət idarələrində qadağan olması idi. Bu ağır milli zərbəni sanki öz 

üzərində hiss edən  şair Təbrizdə yazdığı ilk şerini Dilimə  dəymə 

adlandırdı:  

 

Mən sənin dilinə dəymirəm, cəllad,  



Gəl sən də bu ana dilimə dəymə!  

Sənin də bağın var, gülün var, çəkin,  

Bağımda əkdiyim gülümə dəymə!  

 

Həsədlərlə baxdın çəmənimə sən,  



Gör bir nələr etdin Vətənimə sən! 

Yan deyib, od vurdun bədənimə sən,  




________________Azərbaycan Milli Kitabxanası____________________ 

Altında atəş var, külümə dəymə!  

 

Qardaş deyib, ağır günündə köməyinə  gəldiyi ölkədə  hələ yad 



əllərin  əkdiyi toxumların aradan getmədiyini görən  şair öz doğma 

qan qardaşlarına müraciətlə Təbrizim şerində yazır:  

 

Qoymaram yadları girsin qoynuna,  



İzn ver qolumu salım boynuna.  

Sənin bayramına, sənin toyuna 

Dili bir, qanı bir qardaşın gəlib,  

Dərdinə aşina sirdaşın gəlib.  

 

1941-ci ildə Təbrizə gələn, Vətənin bu sahildəki həyatını yaxından 



görən Süleyman təkcə  tərənnüm etdiyi doğma Bakının  şairi deyil, 

Vətənin o tayda qalan məhkum ellərinin də unudulmaz şairi oldu. 

Bütün cənublular xalqın ürək arzularını deyən  şairi sevir və onu 

görmək istəyirdi, ancaq hamının Təbrizə gəlməsi qeyri-mümkün idi. 

Odur ki, Süleyman öz oxucularının görüşünə gedirdi. Əvvəlcə 

ölkənin  ən qədim mədəniyyət mərkəzi olan Ərdəbil  şəhərinə  gəldi. 

Səfəvilər dövlətinin paytaxtı  şairi böyük məhəbbətlə qarşıladı. 

Yadımdadır, o, ilk görüşünü bu şəhərdə böyük Azərbaycan 

hökmdarı,  əvəzsiz sərkərdə, gözəl  şeirlər müəllifi  Şah  İsmayıl 

Xətainin qəbrini ziyarətlə başladı. Onun Ərdəbildə olduğunu eşidən 

əhali məqbərənin qabağındakı meydana toplaşdılar.  

Süleyman Rüstəm əvvəlcə meydana toplaşanları salamladı, onlara 

Bakıdakı qardaşlarından salam gətirdiyini söylədi. O, nitqini belə 

başladı: Əziz qardaşlarım, mən neçə illərdi ki, Arazın o sahilində sizi 

görmək, sizə can qardaşım, qan qardaşım deyib bağrıma basmaq 

arzusu ilə yaşayırdım.  Şükür, arzuma çatdım.  Şahların və çarların 

əkdiyi ayrılıq toxumu indi daha aradan getdi. İmkan verməyin vahid 

Vətənimiz bir daha ikiyə bölünsün, yenidən tikanlı məftillər qardaşı-

qardaşdan ayırsın. Bizim şah babamız,  şair babamız hər zaman 

qılıncı  və ondan da kəsərli olan şeirləri ilə xalqımızın azadlığı, 




________________Azərbaycan Milli Kitabxanası____________________ 

Vətənimizin bütövlüyü üçün vuruşub. Biz belə qəhrəmanın nəvələri-

nəticələri gərək bunu heç vaxt yaddan çıxarmayaq... 

Süleyman Rüstəm sonra Təbrizə, birlik və azadlığa həsr etdiyi 

şeirlərini oxudu. O, bu şeirlərində əsrlərdən bəri şahlar tərəfindən ana 

dili qadağan olunmuş qan qardaşlarının arzu və nisgillərini tərənnüm 

edirdi. Süleyman bu çıxışında sözünü bu misralarla bitirdi:  

 

Sinəmdə bir dərya sözüm var yenə,  



Ölümdən, əcəldən deməyin mənə.  

Süleyman Rüstəməm, xalqa, Vətənə 

Borcumu verməmiş köçən deyiləm!  

 

Süleyman  Ərdəbildən yenidən Təbrizə, oradan da Qaradağ 



mahalında onun yolunu gözləyən qardaşlarının görüşünə getdi. 

Qaradağda o günlərdə ağalar tərəfindən törədilmiş bir qanlı hadisənin 

şahidi olan şair özünün məşhur 12-ci tüfəng poemasını yazdı. Gözü 

ilə gördüyü və eşitdiyi hadisələr Süleymanın qəlbində Cənub dərdini 

daha da alovlandırdı, bu alov siyasi cəhətdən daha kəskin olan yeni-

yeni  əsərlərin meydana çıxmasına səbəb oldu. Cənub  şeirləri təkcə 

S.Rüstəmin yaradıcılığında deyil, bəlkə Azərbaycan  ədəbiyyatında 

xüsusi bir mərhələdir, müvəffəqiyyətdir. O taylı-bu taylı xalqımızın 

həyatının aynasıdır. Şairin bu şeirlərində həyatın hər iki üzü, kədəri, 

möhnəti ilə yanaşı, Təbriz gözəllərinin tərifi, sevgisi və  gələcək 

arzuları daha aydın görünür. Şair Bir xatirə adlı qəzəlində yazır:  

 

Qəlbində yaran varsa da fəxr eylə, Süleyman,  



Bir xatirədir səndə bu, Təbriz gözəlindən.  

 

Bu doğma, bir olan Vətənin dərdi  şairin Cənub səfərindən 



başlayıb ömrünün axırına qədər şeirlərində bu və ya başqa şəkildə öz 

əksini tapdı.  Şair qəlbini parçalayan və heç zaman unutmadığı bu 

Cənub dərdini demək olar ki, öz şeirlərində gənc oxucularına dönə-

dönə xatırladırdı:  

 



________________Azərbaycan Milli Kitabxanası____________________ 

Kitabımı Arazdakı körpü üstən assınlar, 

Gənc nəsillər unutmasın bu şairin dərdini.  

Tez köçərsəm bu dünyadan baş daşıma  

yazsınlar  

İki yerə parçalanmış ürəyimin dərdini...  

 

1945-ci ildə öz azadlığının ildönümünü qeyd edən Təbriz bir il 



sonra  şahın və onun amerikalı  ağalarının  əllərilə qan dəryasına 

çevrildi, azadlıq fədailəri gülləbaran edildi, Milli hökumətin başçıları 

həbs edildi.  

Milli hökumətin baş prokuroru Təbrizdə dara çəkildi. Təbriz 

universitetinin qapısı bağlandı,  şəhərin Gülüstan bağında qoyulmuş 

Səttərxanın heykəli uçuruldu. Minlərlə insan sürgün yollarında həlak 

oldu... Bütün bunları  eşidən Süleyman Rüstəmin ürəyi dözmədi, 

gözləri yaşla doldu:  

 

Təbriz bağlarında soldu gül-çiçək,  



Ağla, gülüm, ağla, çiçəyim, ağla.  

Yenə də üzümə yollar bağlıdır,  

Araz şikayətli küləyim, ağla.  

...Mən vüsal gününü görmədim bəlkə, 

Ağla, Araz gözlü ürəyim, ağla... 

 

Süleyman Rüstəm hələ  Vətən müharibəsi illərindən çox-çox 



qabaq yazdığı Nigaranam şerində öz qan qardaşlarının taleyindən 

nigaran olduğunu dilə gətirib yazırdı:  

 

İllərdir gözlərim bu yollardadır,  



Öz qan qardaşımdan nigaranm mən.  

 

Şair bütün şeirlərində təkrar etdiyi kimi, millətinin ikili taleyindən 



nigaran idi. Süleyman bu birliyə  qəlbən inansa da, o birlik gününü 

şəxsən görəcəyinə  şübhəli idi. Çünki insanın taleyi öz əlində deyil, 




________________Azərbaycan Milli Kitabxanası____________________ 

bu, ancaq ulu Yaradana aydındır. Elə buna görədir ki, çox zaman 

arzular arzu olaraq qalır.  

Böyük şair ötən əsrin 50-ci illərində Cənub şeirlərini toplayıb İki 

sahil kitabında çap etdirdi. fəqət dərin hiss, yüksək ilhamla yazılmış 

bu  şeirlərin bir kitabda toplanması ilə nisgil, intizar, hicran sona 

çatmadı... Odur ki, şairin həsrəti, qəzəbi, inamı, ümidi sönmədi, yeni-

yeni həm kövrək, həm də qılınc kimi kəsərli şeirləri meydana çıxdı. 

Bu mübariz şeirlər Cənubda çıxan mətbuatda dönə-dönə çap olundu, 

nəğməyə çevrilib dillərə düşdü. Bu gün də Süleyman Rüstəm Cənubi 

Azərbaycanın azadlıq carçısı, ustad bir şair kimi xalq tərəfindən 

sevilə-sevilə oxunmaqdadır. Bunu Süleyman bütün qəlbi ilə hiss 

edirdi; istər Təbrizdə, istər Bakıda olsun, o, həmişə xalqının qəlbində 

idi:  


 

Təbrizdən uzaqsan, bilirəm, qəm yemə, Rüstəm 

Xatırlayacaqdır səni təbrizli gözəllər.  

 

Zaman göstərdi ki, şairin bu sözlərində  təkcə inam deyil, böyük 



həqiqət vardır. Süleymanın yaşı artdıqca, o, dünya hadisələrinin 

insan arzusuna tabe olmadığını daha dərindən dərk etdikcə qəlbində 

olan diləklərini şerinin dili ilə oxucularına çatdırdı. Onun şeirlərinin 

əsas qəhrəmanlarından olan Təbriz gözəlinə müraciətlə yazırdı:  

 

Deyirəm, bəlkə gözüm bir də səni görməyəcək,  



Mən nahaq etmirəm, ey qız, yaşım artdıqca təlaş.  

Sakit olsun deyə torpağın altında könül,  

Gözəlim, qoy adını qəbrimə yazsın nəqqaş.  

 

Süleyman Rüstəm nikbin şair idi. O, xalqının ən böyük dərdi olan 



Vətənin bir gün birliyini görəcəyinə inanırdı  və bu inamını da 

şeirlərində dönə-dönə  tərənnüm edirdi. Ancaq şair onu da yaxşı 

bilirdi ki, təbiətin əzəli və əbədi qanunları var, onlar tez-gec həyata 

keçməlidir. Odur ki, təbiətən nikbin, deyib-gülən şair bir gün bu fani 

dünyada olmayacağını da unutmurdu. Arzuları ürəyində qalmasın 



________________Azərbaycan Milli Kitabxanası____________________ 

deyə şeirlərində oxucularına vəsiyyət edirdi. Onun üçün ağlayıb göz 

yaşı tökülməsini istəmirdi. İstəyi isə:  

 

Məni Araz sahilinə aparın,  



İllərdir ki, qəlbimdədir bu həsrət.  

Məzarımı o torpaqda qazdırın, 

Göz yaşımdan yaratmışam bu çayı.  

 

Məni üzü Təbriz sarı basdırın,  



Qibləm olsun Arazımın o tayı.  

 

Sonra yazır: Gözlərimi qapamayın, üfüqlərdən çəkiləndə  çən-



duman bəlkə vüsal günü görüm qardaşımı. Birdə arzum budur:  

 

Tutsun tabutumdan o taylı əllər,  



Yasin əvəzinə qəbrimin üstə 

Bir vüsal mahnısı oxusun ellər?...  

 

Süleyman Rüstəmin Cənub  şeirləri vüsal və birlik mahnılarıdır. 



Onun həsrət üzərində köklənmiş hər misrasında ümid var, inam var, 

arzusunda olduğu xoşbəxt günlərin tərənnümü var. Onun şeirlərində 

ikiyə bölünmüş  Vətənin birliyə çağıran harayı var. Süleymanın 

poeziyası elə bir ümmandır ki, onun səsi Azərbaycanın hər iki 

sahilində  eşidilir. O, ancaq yazıb-yaratdığı günlərin deyil, həm bu 

günümüzün, həm də gələcəyin böyük şairidir.  

Mən bu yazımda o böyük şairimiz haqqında geniş elmi-təhlili 

məqalə yazmaq fikrində olmadım. Bu qeydlərim Süleymanın 

yaradıcılığına və şəxsiyyətinə olan məhəbbətimin əks-sədasıdır. Mən 

inanıram ki, nə  qədər onun mənsub olduğu Azərbaycan milləti 

yaşayacaq, o, öz şairini də yaşadacaq.  

 

 



AZƏROĞLU 

 



________________Azərbaycan Milli Kitabxanası____________________ 

 

Süleyman Rüstəm  



 

Piyaləm  

 

Mədinə Gülgünə 



 

Ayrılıqdan odlanan bağrımda laləm var mənim, 

Titrəyən kirpiklərimdə qanlı jaləm var mənim.  

Getməyir bir an xəyalımdan Cənubun həsrəti,  

Qəlbimin hər guşəsində bir şəlaləm var mənim.  

Həm uzaqdır, həm yaxındır məncə, bu vəslin yolu,  

Təbrizin hər daxmasında odlu naləm var mənim.  

Arzulardan doğmadır hər nəğməmin hər kəlməsi,  

Hər sözü dildən-dilə düşmüş risaləm var mənim.  

Qoy vüsal gəlsin, gözəl, mənalı bir sağlıq deyim,  

Qardaşam! Göy-göl kimi əlvan piyaləm var mənim.  

 

Könlümə Təbriz düşdü 



 

Mədinə Gülgünə 

 

Gəldi min dilli bahar, könlümə Təbriz düşdü,  



Güllü-bülbüllü bahar, könlümə Təbriz düşdü.  

Təbrizin dərdi mənim dərdim olub illərdir,  

Ordadır nazlı nigar, könlümə Təbriz düşdü.  

Çox da dünyada gözəl, adlı şəhər min-mindir,  

Hər yerin öz yeri var, könlümə Təbriz düşdü.  

Bacımı, sevgilimi, qardaşımı görməliyəm,  

Yox, dəyişməz bu qərar, könlümə Təbriz düşdü.  

Mən Süleyman, Kür-Araz nəğməli şair babayam,  

Çəkirəm aləmə car, könlümə Təbriz düşdü.  

 

Azəroğlu 




________________Azərbaycan Milli Kitabxanası____________________ 

 

Süleyman Rüstəmə 



 

Səni hər görəndə uçur xəyalım,  

Yadıma ən gözəl bir dövran gəlir.  

Elə bil ömrümün Xəzan çağında  

Gah günəş görünür, gah duman gəlir.  

 

Yenə xatirimdə qalmısan elə,  



Şinelli, çəkməli o heykəlinlə.  

Eşitdim gəlirsən, çıxdım sahilə 

Dedim, qardaşımdır, bu mehman, gəlir,  

 

Yoluna gül səpdi el tabaq-tabaq,  



Neçə dost evində sən qaldın qonaq.  

Nə vaxt o günlərdən söz düşür, ancaq 

Yadıma Kəpəzlə Savalan gəlir.  

 

Təbriz qızlarına qəzəllər dedin,  



Məni unutmayın, gözəllər  dedin.  

Bu bağlar, çəmənlər, bu güllər dedin 

Mənə doğma gəlir, mehriban gəlir.  

 

İndi o günlərdən neçə yaz keçir,  



Bilirəm qəlbindən hansı söz keçir.  

Hicranın qoynunda ömrümüz keçir,  

Ancaq çoxlarına bu asan gəlir.  

 

Nələr çəkdirmədi zəmanə bizə,  



Dağ-dağa qovuşdu, dəniz-dənizə.  

Gün o gün olsun ki... qoca Təbrizə 

Deyəm, aç qoynunu, Süleyman gəlir... 

 

Mədinə Gülgün 




________________Azərbaycan Milli Kitabxanası____________________ 

 

Süleyman Rüstəmə 



 

Heç yadımdan çıxmaz, bir ilk baharda 

Sən qonaq gəlmişdin Təbrizə, qardaş.  

Ellər duz-çörəklə çıxıb qarşına  

Demişdi:  Xoş gəldin sən bizə, qardaş.  

 

Təbriz gözəlləri sevinib o gün,  



Gül-çiçək səpmişdi sən gələn yola.  

Aşıq sinəsinə basıb sazını 

Nəğmə oxumuşdu bu xoş vüsala.  

 

Sən dost ellərində qonaq qaldıqca 



Bəzən tutulmuşdun, bəzən gülmüşdün.  

Şerimdə, sözümdə, mahnılarımda 

Heç vaxt unutmaram sizi demişdin.  

 

Könül dəftərini açıb həvəslə 



Nəğmə oxumuşdun qıza, gəlinə.  

Baharın carçısı qaranquş kimi 

Müjdə gətirmişdin Cənub elinə... 

 

İndi aylar keçib, illər dolanmış,  



Yurdumun sinəsi od tutub yanır.  

Alovlar içində, odlar içində 

Xalqımız vüsala yenə inanır... 

 

Araz qırağında durub arabir  



Bir el bayatısı oxuyur nənəm.  

Səsindən, sözündən tüğyana gəlib 

Az qala od tutub yanacaq sinəm.  

 

Şairsən, can qardaş, demirəm sənə 




________________Azərbaycan Milli Kitabxanası____________________ 

Hansı bayatını oxuyur qarı.  

İki qəlb bir vura, birgə döyünə 

O özü hiss edər bu duyğuları... 

 

İstər yaxında ol, istər uzaqda, 



Bilirəm, ürəyin bağlıdır bizə.  

Gün olsun həsrətdən nişan qalmasın,  

Sən bir də gələsən ana Təbrizə.  

 

Bakı, 1952 



  

 

  



  

 

İNSANI TANIMAQ OLMUR.  

 

Ha getdim, yüyürdüm, uçdum 



Özümdən qaça bilmədim, 

Dünyanın sirlərin açdım, 

İnsanı aça bilmədim… 

İnsan bir sirli dünyadır, 

Ha tanı tanımaq olmur… 

Başdan başa müəmmadır, 

İnsanı tanımaq olmur… 

İnsanı tanımaq olmur

… 

 

   



   

 

HƏMİŞƏTƏZƏ, HƏMİŞƏCAVAN 

 

Şerimizin ağsaqqalı Süleyman Rüstəm görkəmli bir şair ömrü, 



böyük bir vətəndaş, həqiqi kommunist ömrüdür. Bu gərgin, çətin, 

şərəfli və  məhsuldar yaradıcılıq illəri Süleyman Rüstəmi dövrün, 

poeziyanın, həyatın ağır sınaqlarından ləyaqətlə çıxarmış, onu bütün 

aləmdə, ölkədə, nəhəng Vətənimizin hüdudlarından da çox-çox 

uzaqlarda Azərbaycan sovet şerinin yaradıcısı, böyük sovet şairi kimi 



________________Azərbaycan Milli Kitabxanası____________________ 

tanımış, sevdirmiş  və  məşhurlaşdırmışdır. Amma ötüb keçən 

onilliklər bizim qocaman sənətkarımızı zahirən də xeyli dəyişdirmiş, 

sənələrin aramsız karvan gedişi onun üzündəki qırışlarda yurd 

salmış, çevikliyinə, iti yerişinə  təsir göstərmiş, üzünə, gözünə

 öz 


möhürlərini vurub getmişdir. Bir də bu, həyatın dialektik, əbədi,  əzəli 

qanunudur. Bu belə olmuş, belədir və milyon illər bundan sonra da belə 

olacaqdır. Amma o da həqiqətdir ki, əsl sənətkarlar zaman hüdudlarından 

yalnız zahirən yaşlı görünürlər. Hərçən ki, poeziyada bəzən əksinə də olur. 

Baxırsan zahirən cavan görünən  şair daxilən qısa bir müddətdə tükənir, 

qocalır, quruyub, tökülüb gedir. Amma təkrar edirəm ki, həqiqi 

sənətkarların qəlbində  həmişəcavanlıq fəsli hökm sürməkdədir. Bizim 

Süleyman müəllim də 

poeziyada qocalıq 

bilməyən 

sənətkarlardandır. 

Onun daxili aləmi 

həmişəbahar, 

həmişəaçar, 

həmişətəzədir. 

Yazıçılar 

İttifaqında, 

eləcə  də  kənar yerlərdə 

onu tez-tez gənclərlə 

oturub-duran, deyib-

gülən olmuşdur.  Ən 

əsası isə onun ilhamlı 

sətirləri qocalmır. 

Misraları odlu, fikirləri sərrast, poeziya dili cavanlıq dövrlərində yazdığı 

əsərlərinin də dilindən saf-axıcı… Qocaman sənətkarımızın ürəyi, 

mənəviyyatı, həyata baxışı, məhəbbəti, sevgisi, cavanlıq eşqi dolu 

olmuşdur. Onun kövrək yazılarından olan «Anam Xırdaxanımın xatirəsinə» 

şerindən bəzi misralar:  

 

 

Ana, köçdünsə də öpüşlərinin, 



Yeri xatirətək üzümdə qaldı. 

Bizi ana-oğul məhəbbətimiz  

Xoşbəxtəm ki, mənim özümdə qaldı.  



________________Azərbaycan Milli Kitabxanası____________________ 

 

Ana! Gör nə deyir bu şair balan, 



Sən mənim qalamdın, mən sənin qalan. 

Səkkiz baş övlada çaldığını laylan, 

Şerli, nəğməli sözümdə qaldı və s.  

 

Süleyman Rüstəm deyəndə həm də ədəbi gənclik sözü yada düşür.  



Süleyman Rüstəm deyəndə uzun illər bir-birindən ayrılmış iki qardaş, 

ikiyə parçalanmış bir el, bir torpaq yada düşür. Bu sövq-təbii həsrəti həm 

də bizdə Süleyman Rüstəm poeziyası, Süleyman Rüstəm sətirləri 

yaratmışdır. Cənub mövzusunda Süleyman Rüstəm kimi ardıcıl, çox, özü 

də əla yazan ikinci bir şair yoxdur desək, yalnız həqiqəti söyləmiş olarıq. 

Onun Cənub  şerləri çoxdandır həm bu tayın, həm o tayın, bütövlükdə iki 

taleli bir xalqın məhəbbət vəsiqəsini almışdır. Kimə  məlum deyil ki, 

Azərbaycanın – bizim qəlbimizin böyük bir parçasının böyük yarası uzun 

illərdir ki, sağalmır. Süleyman Rüstəmin Cənub şerlərini düşünəndə onlarca 

köhnə (lakin köhnəlməyən), təzə (həm hə gözəl) misraları yada düşür. 

Şairin hələ  uşaqlıq illərindən Cənub  şerləri yaddaşımda yurd salmışdır. 

Hansını deyim?  

 

Mən sənin dilinə dəymirəm, cəllad, 



Gəl sən də bu ana dilimə dəymə. 

Sənin də bağın var, gülün var, çəkin, 

Bağımda əkdiyin gülümə dəymə. .. 

 

Məinm o sahilsiz həyatım yoxdur, 



Vüsalından başqa muradım yoxdur. 

 

Qəlbində yaran varsa, fəxr eylə, Süleyman, 



Bir xatirədir səndə bu Təbriz gözəlidən. 

 

Yad gül dərə bilməz çəmənimdən 



Süleyman, qafil olma, yaxşı bax ətrafa, şairsən. 

Cinayət aşdı həddidən, haray sal ki, vətən yandı. 

 



________________Azərbaycan Milli Kitabxanası____________________ 

Daha hansını  əzbər deyim? O qədər bildiyim misralar var ki. Mən bu 

qeydlərimi  şairin son vaxtlar Cənub mövzusunda yazdığı bir şerin bəzi 

misraları ilə bitirmək istəyirəm. 

 

Gəldi min güllü bahar, könlümə Təbriz düşdü, 



Güllü-bülbüllü bahar, könlümə Təbriz düşdü.  

Təbrizin dərdi mənim dərdim olub illərdir, 

Ordadır nazlı nigar, könlümə Təbriz düşdü. 

Çoxdu dünyada gözəl adlı şəhərlər min-min, 

Hər yerin öz yerin var, könlümə Təbriz düşdü.  

 

 



Cabir Novruz 

  

 



  

  

  



 

 

 



 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 



Azərbaycanın xalq şairi, görkəmli ictimai xadim 

Süleyman Rüstəmin anadan olmasının 90 illiyi münasibətilə 

təntənəli yubiley gecəsində nitqi 

 

 Respublika sarayı, 26 mart 1998-ci il 



 

 

Hörmətli xanımlar, cənablar, dostlar! 



Biz bu gün bu möhtəşəm saraya şer, ədəbiyyat, mədəniyyət bayramına - 

ölməz  şairimiz Süleyman Rüstəmin yubiley bayramına toplaşmışıq. Bu 

bayram münasibətilə sizi ürəkdən təbrik edirəm və hamınıza cansağlığı, 

səadət arzulayıram. 

Süleyman Rüstəm Azərbaycan tarixinə, Azərbaycan mədəniyyəti, 

ədəbiyyatı tarixinə daxil olmuş görkəmli simalardan biridir. Sona çatan XX 

əsr  ədəbiyyatının, mədəniyyətinin 60 ildən çox bir hissəsini  əhatə edən 

Süleyman Rüstəm yaradıcılığı xalqımızın milli sərvətidir. 

Süleyman Rüstəm 16 yaşında ilk bədii  əsərini cəmiyyətimizə  təqdim 

edibdir, ömrünün sonuna qədər Azərbaycan  şerinin,  ədəbiyyatının, 

mədəniyyətinin inkişaf etməsinə sədaqətlə xidmət göstərərək böyük, şərəfli 

bir ömür yaşayıbdır. 




________________Azərbaycan Milli Kitabxanası____________________ 

Süleyman Rüstəm kimi insanlar nadir insanlardır. Belə insanlar Tanrının 

onlara verdiyi fitri istedadı  fədakarlıqla xalqına, millətinə  sədaqətlə 

birləşdirib belə zirvələrə qalxa biliblər. Biz Süleyman Rüstəm kimi böyük 

şairimizlə  fəxr edirik və güman edirəm ki, gələcək nəsillər də Süleyman 

Rüstəmin xidmətlərini və onun yaradıcılığını heç vaxt unutmayacaqlar.  

Xalqımız  şeri,  ədəbiyyatı sevən xalqdır. Eyni zamanda şerin, 

ədəbiyyatın hər bir insanın həyatında və xalqımızın, cəmiyyətimizin, 

millətimizin həyatında daim böyük rolu olmuşdur. Məhz buna görədir ki

Azərbaycanda  şairlər, yazıçılar, mədəniyyət, incəsənət xadimləri həmişə 

hörmətli olublar, bu gün də biz onların hörmətini daim saxlayırıq və 

yüksəltməyə çalışırıq. Bu, tək onlar, onların  şəxsiyyəti üçün deyil. Bu, 

bizim xalqımız, cəmiyyətimiz, millətimiz üçün çox vacibdir. 

Süleyman Rüstəmin  şerləri, bədii yaradıcılığı çox rəngarəngdir və bir 

çox nəsillərin təhsilinə, mənəviyyatına, formalaşmasına böyük təsir 

etmişdir. Bu, böyük həqiqətdir. Mənim nəslim 30-cu illərdə Süleyman 

Rüstəmin və Süleyman Rüstəmlə eyni yaşda olan, Azərbaycan ədəbiyyatına 

onunla bir zamanda gələn böyük yazıçılarımızın,  şairlərimizin  əsərlərinin 

təsiri altında təhsil almış, böyümüş, vətənpərvər olmuş, vətənini, millətini 

dərk edə bilmişdir. 

Burada Süleyman Rüstəmin yaradıcılığı barədə gözəl sözlər deyildi. 

Mən isə onu qeyd etmək istəyirəm ki, Süleyman Rüstəmin şerləri, əsərləri, 

bütün yaradıcılığı xalqımızda birinci növbədə vətəni sevmək, vətənə sadiq 

olmaq, vətənpərvər olmaq, millətimizlə, xalqımızla fəxr etmək hissləri, 

duyğuları yaradıb, inkişaf etdirib. Adamları insan, vətəndaş edən, insanları 

yüksək mənəviyyata qaldıran amillərdən biri də bizim mədəniyyətimizdir, 

ədəbiyyatımızdır,  şerimizdir. Süleyman Rüstəmin  şerləri,  əsərləri bizim 

ədəbiyyatımızı, mədəniyyətimizi zənginləşdirərək XX əsrdə keçdiyi böyük, 

mürəkkəb, çətin yolda xalqımıza dayaq olmuş, xalqımızı irəliyə aparmış, 

yüksəltmişdir. 

XX  əsr bütün dünya üçün çox mürəkkəb bir dövrdür. Azərbaycan da 

bunda istisna deyil və xüsusən ona görə ki, biz keçmişdə Rusiyanın bir 

hissəsi olaraq, sovet hakimiyyəti qurulandan sonra o quruluşu, 

ideologiyanı, ictimai sistemi qəbul edib onun çərçivəsində yaşamışıq, həyat 

sürmüşük. Tarix tarixdir. Onun hər bir mərhələsinin, hər bir səhifəsinin 

özünəməxsus mənası, müsbət və mənfi cəhətləri vardır. O illərdə yaşamış, 

yazmış-yaratmış yazıçılarımız,  şairlərimiz, mədəniyyət xadimlərimiz 

şübhəsiz ki, o illərin çərçivəsində olmalı idilər. İndi kimsə istəyir desin ki, 




________________Azərbaycan Milli Kitabxanası____________________ 

belə olmamalı idi, - o, sadəcə, həqiqətdən kənardır. Əlbəttə, biz bu gün o 

illərdən çox uzaqlaşdığımız bir zaman belə "qəhrəmanlar" meydana çıxır. 

Ancaq bunların hər birinin öz xüsusiyyətinə aid olan proseslər 

çərçivəsində təhlili və qiyməti verilməlidir. 

Akademik Bəkir Nəbiyev Süleyman Rüstəmin yaradıcılığı haqqında 

danışarkən Süleyman Rüstəmin partiya, komsomol, sovet hakimiyyəti, 

sovet ideologiyası haqqında yazmasına müəyyən qədər bəraət 

qazandırmağa çalışırdı. Bilirsiniz, mən bunu keçmişdə də demişəm, bu gün 

də təkrar etməyim yerinə düşərdi: Hansı dövrdə hansı şair padşahları vəsf 

etməyibdir? Hansı dövrdə hansı şair, hansı yazıçı yaşadığı dövrü tərənnüm 

etməyibdir? Belələrini tapmaq mümkün deyil. Əgər bəziləri varsa, onları 

bayraq edib, bütün qalanlarına qara yaxılması düzgün deyildir. 

Bəli, xüsusən 1920-1930-cu illər ağır repressiya illəri olubdur. Bizim 

xalqımız çox itkilər veribdir. Biz bu repressiya illərini ürək ağrısı ilə 

xatırlayırıq.  İtirdiyimizi itirmişik, ancaq şükür etməliyik ki, qalanlar, bu 

xatadan qurtaranlar, repressiyalardan xilas olanlar bizim həyatımızı, 

mədəniyyətimizi,  ədəbiyyatımızı, təhsilimizi, həyatımızın başqa sahələrini 

yaradıblar. 

Bəli, biz Hüseyn Cavidin, Mikayıl Müşfiqin və bizim başqa görkəmli 

şəxslərin repressiya qurbanları olması haqqında on illərdir ki, böyük ürək 

ağrısı ilə danışırıq. Onlar əlimizdən getdi. Əgər hamısı getsəydi, onda 

bizim bu ədəbiyyatımızı, elmimizi, mədəniyyətimizi kim yaradacaqdı?  

İndi kimsə hesab edir ki, o vaxtlar gərək Səməd Vurğunu da həbs edib 

öldürəydilər, Rəsul Rzanı, Süleyman Rüstəmi də öldürəydilər. Onda 

deyərdilər ki, bunlar qəhrəman idi və biz oturub onları da on illərlə 

ağlayacaqdıq. Yenə də deyirəm, biz Allaha şükür etməliyik ki, belə insanlar 

o ağır dövrdə o xatalardan qurtara bildilər.  Əgər 30-cu illərdə o 

itirdiklərimizlə yanaşı, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm və 

bizim o nəsildən olan görkəmli başqa  şairlərimiz olmasaydı, onlar yazıb-

yaratmasaydılar, o əsərlərimiz olmasaydı, indi bizim o dövr tariximizin 

ədəbiyyatı, mənəviyyatı, mədəniyyəti nədən ibarət olardı? Mən bizim 

ədəbiyyatımızı  Səməd Vurğunsuz da, Rəsul Rzasız da, Süleyman 

Rüstəmsiz də  təsəvvür edə bilmirəm. Ancaq, eyni zamanda, böyük 

şairlərimiz, yazıçılarımız bizim xalqımıza, millətimizə, cəmiyyətimizə  nə 

qədər böyük xidmətlər göstərmişlər, bir daha deyirəm ki, mədəniyyətimizi 

zənginləşdirmişlər. 



________________Azərbaycan Milli Kitabxanası____________________ 

Süleyman Rüstəmin  şerlərini, başqa  əsərlərini oxuyarkən, dinləyərkən 

insan hər dəfə heyran olur ki, bu insanda nə  qədər yüksək  şer sənəti, dil 

zənginliyi vardır. Bunu hər adam edə bilməz və bu, hər adama məxsus 

deyildir. Süleyman Rüstəmin  əsərlərinin ana xətti vətənpərvərlik, vətənə, 

millətimizə, xalqımıza sədaqətdir. Biz bu gün müstəqil Azərbaycan 

Respublikasında iftixar hissi ilə deyirik ki, bizim dövlət dilimiz, gözəl ana 

dilimiz, Azərbaycan dilimiz vardır və bu, müstəqilliyimizin rəmzidir. 

Dilimizi yaşadan, zənginləşdirən, gözəlləşdirən bizim yazıçılarımız, 

şairlərimiz, mədəniyyət xadimlərimiz olubdur. 

SSRİ  tərkibində bir respublika kimi bizim öz dilimizdə danışmağa, 

yazmağa, oxumağa ixtiyarımız var idi və biz də bundan çox səmərəli 

istifadə etmişik. Ancaq bütün dövlət işləri o vaxt hakim olan rus dilində 

gedirdi.  Əgər bizim ədəbiyyatımız inkişaf etməsəydi,  əgər yazıçılarımız, 

şairlərimiz yeni-yeni əsərlər yaratmasaydılar, onu yaymasaydılar və 

xalqımız bu ədəbiyyat nümunələrindən istifadə etməsəydi, bizim dilimiz bu 

cür yaşaya bilməzdi. Mən hesab edirəm ki, Azərbaycan dilinin bütün o 

çətin dövrlərdən keçib yaşamasında, inkişaf etməsində, bugünkü yüksək 

səviyyəyə çatmasında Süleyman Rüstəmin də böyük bir xidməti, payı 

vardır. 


Süleyman Rüstəm öz şerlərində Azərbaycan gənclərini vətənpərvərliyə, 

mərdliyə, igidliyə dəvət edirdi.  

İkinci dünya müharibəsi, alman faşizminə qarşı gedən müharibə zamanı 

Süleyman Rüstəmin  əsərləri Azərbaycan gənclərində, azərbaycanlılarda 

vətənpərvərlik hisslərinin inkişaf etməsində, qəhrəmanlıq nümunələrinin 

yayılmasında, genişlənməsində çox böyük rol oynamışdır. Vətən deyəndə 

bunun nə demək olduğunu hər kəs anlayır. Vətən hər bir adam üçün onun 

evidir, kəndidir, torpağıdır, ölkəsidir. 

Azərbaycan hansı ideologiya, hansı dövlət quruluşu çərçivəsində 

olmasına baxmayaraq, doğma vətənimizdir, min il bundan öncə  də 

vətənimiz olubdur, 1930-1940-1950-1960-1970-ci illərdə  də  vətənimizdir, 

bu gün də bizim vətənimizdir. 

Süleyman Rüstəm öz şerləri,  əsərləri ilə insanları  vətənpərvər edərkən 

Azərbaycan xalqını daim bu hisslərlə yaşatmağa çalışıbdır. Bu, böyük 

xidmətdir. Biz onu yüksək qiymətləndirməliyik. 

Vətənə, Azərbaycana bağlılıq Süleyman Rüstəmin Təbrizlə  əlaqədar 

şerlərində də və böyük Azərbaycan, İran şairi Şəhriyarla yazışmalarında da 

özünü göstərir. Yalnız vətənini, millətini hədsiz sevən və ona sadiq olan bir 




________________Azərbaycan Milli Kitabxanası____________________ 

insan, şair Süleyman Rüstəmin yazdığı şerləri yaza bilərdi. Əgər o hisslər 

olmasaydı, o, belə  şerləri yazmazdı, o hisslər olmasaydı  Şəhriyarla 

yazışmazdı, ona şerlər ithaf etməzdi və ondan şerlər almazdı. Bunlar bizim 

ədəbiyyat, mədəniyyət tariximizin qızıl səhifələridir. Biz bunları 

qiymətləndirməliyik. Süleyman Rüstəm çox fəal ictimai-siyasi xadim 

olubdur. Azərbaycan Respublikasının Ali Soveti 1938-ci ildə yaranıbdır. O 

yaranan zamandan Süleyman Rüstəm ömrünün axırına qədər, demək, 50 il 

Azərbaycan Respublikası Ali Sovetinin deputatı olubdur. Bu, sadə bir şey 

deyildir. Süleyman Rüstəm o çərçivədə, o dövrdə, o mühitdə öz xalqına 

xidmət edibdir. 

Mən xatırlayıram, həqiqətən, 1971-ci ildə respublikaya rəhbərlik edən 

zaman mənim təklifimlə Süleyman Rüstəm Ali Sovetin sədri vəzifəsinə 

seçildi və o, bu vəzifəni ömrünün axırına qədər şərəflə yerinə yetirdi.  

Süleyman Rüstəmin yazdığı şerlərə, qəzəllərə çox mahnılar qoşulubdur, 

bəstələnibdir və  hər bir mahnı bizdə, azərbaycanlılarda böyük ruh 

yüksəkliyi, xoş əhval-ruhiyyə yaradır, bizə ilham verir. Süleyman Rüstəm 

öz xasiyyəti, yaradıcılığı ilə çox hərarətli bir insan olubdur. Mənim 

xatirimdədir, ona "alovlu şair" deyirdilər. Bu, həqiqətən də belə idi. 

Həyatda da belə idi. Çox mərd insan idi. Mən onun şerlərini orta məktəbdə 

sevə-sevə oxumuşam. Süleyman Rüstəmin  əsərlərini gənc vaxtlarımda 

oxuyaraq onlardan böyük mənəvi qida almışam. 

70-80-ci illərdə Süleyman Rüstəmlə bir yerdə işlədiyimiz zaman da mən 

həmişə onu böyük bir insan kimi görmüşəm. Xalqımız ona hörmət edibdir. 

O da həmişə xalqına, millətinə sadiq olubdur, böyük hörmət və ehtiramla 

yaşayıbdır. Mən onu şəxsən yaxından tanıdığıma görə onu sənət ustası 

olmağından əlavə, bir insan kimi də yüksək qiymətləndirirəm. Burada Elçin 

də, Anar da onun gözəl insani xüsusiyyətləri haqqında xatirələrini 

söylədilər. Məndə də belə xatirələr çoxdur. 

Süleyman Rüstəm xoşbəxt bir insandır. Bu dünyaya gələn hər bir adam 

bu dünyadan gedəcəkdir. Ancaq xoşbəxt o kəsdir ki, dünyada böyük iz 

qoyur. Süleyman Rüstəm bizim ölkəmizdə, Azərbaycan xalqının həyatında 

böyük iz qoyub dünyasını  dəyişmiş görkəmli  şəxsiyyətlərdən biridir. Ona 

görə  də Süleyman Rüstəmin yubileyini keçirmək sadəcə, bizim 

tərəfimizdən onun xidmətlərinə,  şəxsiyyətinə, onun Azərbaycan xalqına 

qoyub getdiyi irsə göstərdiyimiz hörmətdir. Burada qeyri-adi heç bir şey 

yoxdur. 



________________Azərbaycan Milli Kitabxanası____________________ 

Burada səsləndi və  mən bunu bilirəm,  əgər kimsə 80-ci illərin 

axırlarında, 90-cı illərin  əvvəllərində tariximizin böyük bir hissəsini cırıb 

atmaq istəyirdisə və bəzən onlar buna nail olurdusa, özləri - heç bir xidmət 

etməmiş adamlar xalqa sədaqətlə xidmət etmiş insanları aradan çıxarmağa 

çalışırdılarsa, bunlar keçici bir şeydir. Gördünüz ki, onlar keçdilər, getdilər. 

Bu gün onu deyə bilərəm ki, Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul Rza 

kimi böyük şairlərə, onların yaradıcılığında bugünkü günə uyğun olmayan 

hansısa nüansları tapıb irad tutmaq, hesab edirəm ki, mənəviyyatsızlıqdır. 

Belə adamların özləri xalq, millət, ölkə üçün heç bir şey etməyiblər. Əgər 

bizim xalq dili ilə desək, onlar nə Səməd Vurğunun, nə Rəsul Rzanın, nə 

Süleyman Rüstəmin dırnağı qədər də ola bilməzlər. 

Biz tariximizi, keçmişimizi unutmamalıyıq. Onsuz da bizim tariximizi 

təhrif edənlər, düşmənlər çox olubdur. Biz içimizdən buna imkan 

verməməliyik. Yenə  də deyirəm, çünki bizim düşmənlərimiz çoxdur. 

Bəziləri hesab edirlər ki, biz bir millət, xalq deyilik, hansısa bir 

tərəkəmədən, köçəridən doğulmuş insanlarıq. Bizim içimizdə belə 

nadürüstlər, nankorlar və xalqımıza xəyanət edənlər də vardır. Biz 

tariximizi, millətimizi, xalqımızı belə adamlardan qorumalıyıq. 

Biz Süleyman Rüstəmin yubileyini iki ildir ki, - 1996-cı ilin mart 

ayından 1998-ci ilin mart ayına qədər respublikamızda sevə-sevə qeyd 

etməklə bir daha həmin bədxahlara, Azərbaycan xalqına xəyanət edənlərə 

tutarlı cavablar veririk. Süleyman Rüstəmin parlaq yaradıcılığı, onun 

əsərləri, onun böyük siması bizim qəlbimizdə əbədi yaşayacaqdır. 

Eşq olsun şerə!  

Eşq olsun ədəbiyyata!  

Eşq olsun Süleyman Rüstəm yaradıcılığına!  

 

 



 

 

 



Yüklə 157,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə