Sumqayit döVLƏt universiteti



Yüklə 219,93 Kb.
səhifə2/4
tarix17.09.2017
ölçüsü219,93 Kb.
#17
1   2   3   4

S – V – R.
Bu aralıq mövqeli səviyyə altında E. Tolmen davranışa təsir edən daxili prosesləri nəzərdə tuturdu. Bu proseslərə o, məqsəd, istək, fərziyyə və situasiyaların obrazlarını aid etdi. Baxmayaraq ki, aralıq dəyişkənlik şüurun funksional ekvivalenti idilər onlar haqqında yalnız davranışa əsasən fikir yürütmək olardı. Məs: Tolmenə görə heyvanlarda hər hansı bir məqsədin olub-olmaması haqqında ancaq o zaman danışmaq olar ki, 1) heyvanda axtarış fəaliyyəti üzə çıxsın və müəyyən bir obyekti almayınca davam etsin 2) obyekti alarsa aktivliyi dayandırsın 3) təkrar nümunələr zamanı obyektə aparan yolu daha tez tapsın. Beləliklə, sayılan göstəricilərə əsasən qeyd etmək olar ki, verilən obyektin tapılması heyvan üçün bir məqsəd (istək) idi. Bu göstəricilər isə davranışın xüsusiyyətləri idi və şüura müraciət etməyə heç bir lüzum qalmırdı.

Bütün bu nəticələr sonda şüurun tamamilə inkar edilməsinə gətirib çıxardı. Biheviorizmin isə inkişafının bütün mərhələlərində əsas tələbi şüura “toxunulmazlıq” idi. Lakin bu tələb həyatın təsiri altında məhv oldu. Hətta biheviorizmin vətəni olan Amerikada belə şüura qayıtmanın əhəmiyyəti başa düşüldü və bu qayıtma tezliklə baş verdi. (Qippenreyter, 2006)

Digər bihevioristlərdən fərqli olaraq Tolmenin fikrincə davranış hərəkət vərdişlərinin qazanılmasına gətirib çıxarmır. Onun eksperimental məlumatlarına əsasən orqanizm müəyyən zaman ərzində şəraitə uyğunlaşaraq məsələnin həlli üçün gediləcək yolun xəritəsini qurur.

Tolmenin nəzriyyəsi bihevioristlərin bəzi faktorlara (orqanizmin ətraf mühitdə adaptasiyasının idarə edilməsi kimi) baxışlarını dəyişdirdi. Tolmenin eksperimentlərindən sonra davranışa olan əvvəlki fikirlərin azlığı aşkarca üzə çıxdı. Onların yenidən baxılması tələb olundu.

Klark Hall (1884-1953), psixologiya nəzəriyyəsinə fizika və riyaziyyat elmlərinə xas olan düzgünlük və dəqiqlik vermək istəyirdi. Buna əsasən o hesab edirdi ki, psixologiyada bir neçə ümumi teoremlər (Evklidin həndəsəsinə yaxud Nyutonun mexanikasına uyğun) əlavə edilməlidir. Bu teoremlər eksperimental yoxlamalardan keçirilməli və təcrübələrin təsdiq olunmadığı halda daha adekvat formaya salınmalıdır. Bu yanaşma hipotetiko-deduktiv metod adını aldı.

Hall güman edirdi ki, orqanizmin davranışının psixi obrazlara, intellektual komponentlərə və s. müraciət etmədən ciddi elmi izahatını vermək olar. Onun fikrincə obyektləri fərqləndirmək üçün tələbatın olması yetərlidir. Əgər heyvan labirintin bir dəhlizində qida, digərində su tapa bilirsə, bunu ancaq tələbatla (yəni qidaya və suya) izah etmək olar. İlk dəfə olaraq Hall şərti – reflektor fəaliyətin modelləşdirilməsinin mümkünlüyü haqda fikir irəli sürdü. O qeyd etdi ki, əgər qeyri-orqanik materialdan bir qurğu düzəltmək olsaydı və bu qurğu şərti refleksin bütün əsas funksiyalarını yerinə yetirə bilsəydi, onda belə qurğular sistemi yaradıb “cəhd və səhvlər” metodu ilə əsl təlimi (öyrətməni) nümayiş etdirmək olardı.Bu istiqamətin yeni inkişafına B.F.Skinnerin nəzəriyyəsi təkan verdi.

Berxauz Frederik Skinner (1904-1990) Harvard Universitetini bitirib, 1931-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdi. Sonrakı 5 ildə Skinner Harvard Tibb məktəbində işləmiş, heyvanların sinir sistemini öyrənmişdir. Uotsonun və Pavlovun şərti reflekslərin formalaşması və öyrənilməsi haqda əsərləri Skinnerin elmi maraqlarına böyük təsir göstərmişdi. Bir neçə il Minnesot və İndiana Universitetlərində işlədikdən sonra Skinner Harvard Universitetinin professoru vəzifəsində ömrünün sonunadək çalışmışdır. Az sonra o, milli elmlər akademiyasının üzvünə çevrilir və onun əsərləri dünya şöhrəti qazanır.

Klassik biheviorizmi yenidən işləməyə çalışan Skinner insan davranışına sistematik yanaşmanın mühümlüyü fikrini irəli sürdü. Skinner ideyalarının mərkəzində davranışın səbəbini öyrənmək və onu idarə etmək dururdu. Bu barədə o, Uotsonun və Torndaykın psixi inkişafın sosiogenetik təbiətinə olan baxışları ilə razı idi. Yəni qeyd edirdi ki, inkişaf xarici stimullarla şərtlənən təlimdir.

Baxmayaraq ki, Skinner tərəfindən uşaqların öyrədilməsi haqda hazırlanmış proqram böyük entuziazmla qarşılandı və tezliklə də yayıldı, onun davranışı proqlamlaşdırmaq ideyası və problemli davranışı (kiçik yaşlı cinayətkarlar, psixi xəstələr) korreksiya etmək məqsədilə hazırladığı proqramlar böyük tənqidə məruz qaldılar. Belə ki, söhbət arzuolunan davranışın müsbət möhkəmləndirilməsindən və arzuolunmazın da mənfi möhkəmləndirilməsindən getdiyi üçün problem davranışın bütövlükdə idarə edilməsinin qeyri-mümkünlüyündə idi.

Lakin bütün bu qüsurlara baxmayaraq Skinnerin üsulları psixologiyaya böyük təsir göstərdi. Müasir Amerikan elmində Skinner ən görkəmli alimlərdən sayılır və istinadlarının sayına görə hətta Freydin tərəfdarlarından da üstündür. Bununla yanaşı onun operant davranış nəzəriyyəsi təlim proseslərinə yenidən baxılmasına və yeni proqramların işlənməsinə səbəb oldu.


Psixologiyanın bir elm kimi xarakteristikası
Müasir dövrdə insanı 200-dən artıq elm sahəsi öyrənir. Onalrdan biri psixologiyadır. Psixologiya elmi qədim tarixə malikdir. Psixoloji anlayışlar sistem şəklində ilk dəfə olaraq Aristotelin (eramızdan əvvəl ıv əsr) “Ruh haqqında” traktatında şərh olunmuşdur.Traktatın adına diqqət edin: o, psixologiya deyil, “ruh haqqında” adlanır. Bu təsadüfi deyildir. Uzun müddət (XIX əsrin sonlarına qədər) psixologiya elmi fəlsəfəyə aid fənn hesab olunub. Avropa ədəbiyyatında mental (latın sözü olub psixi olan deməkdir) fəlsəfə, ruhiyyat, pnevmatalogiya (pnevma – yunan sözü olub nəfəs, ruh deməkdir) adlandırılmışlar. XVIII əsrin sonuna qədər psixologiya sözü nə ingilis, nə də fransız ədəbiyyatında işlənilməmişdir. Alman ədəbiyyatında isə psixologiya sözü ensiklopedist alim Xristian Volfun 1732-ci ildə “Emprik psixologiya” və 1734-cü ildə “Rasional psixologiya” kitabları nəşr olunandan sonra məlum olmuşdur. Azərbayacanda psixologiya termini XIX əsrin sonu – XX əsrin əvvəllərində rus psixoloqlarınıın vasitəsilə işlənməyə başlanmışdır. Psixologiya sözü iki yunan sözünün – “psyuxe” – ruh, ruhi aləm, “loqos” – bilik, öyrənmək, elm sözlərinin birləşməsindən əmələ gəlmişdir, “psixika haqqında elm” deməkdir.

Psixologiya termini evristik baxımdan elmin predmetini dəqiq ifadə edir: psixologiya psixika haqqında elmdir. Psixologiya elminin predmeti mürəkkəb və çoxcəhətlidir. Psixologiya elmi həm də fəaliyyət və ünsiyyətin psixoloji problemlərini öyrənir. Psixika fəaliyyət və ünsiyyət prosesində müxtəlif normalarda təzahür edir. Psixologiya beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ gələn psixikanın faktları,qanunauyğunluqları və mexanizmləri haqqında elmdir. Qədimdən psixika haqqında iki təlim – materialist və idealist təlim vardır. Psixologiyanın bir elm kimi inkişafı əsasən materialis təlimin inkişafı ilə bağlı olmuşdur. Psixika obyektiv aləmin subyektiv inikasından ibarətdir. İnikas nədir? İnikas materiyanın ən ümumi xassəsidir. İnikas dedikdə iki obyektin qarşılıqlı təsiri prosesi və onun nəticəsi nəzərdə tutulur. Bu zaman həmin obyektlərdən birində əmələ gələn dəyişikliklər o birini təsiri ilə şərtlənir və sonuncunun strukturuna uyğun olur. İ.M.Seçenov sübut etdi ki, psixika reflekor (latınca reflexus - əks olunan deməkdir) xarakter daşıyır.Akademik İ.P.Pavlov reflektor nəzəriyyəni geniş eksperimental tədqiqatlar əsasında yeni faktlarla zəngınləşdirdi. Onun ali sinir fəaliyyəti haqqındakı təlimi reflektor nəzəriyyənin inkişafında xüsusi mərhələ təşkil edir. Psixika haqqında elmi təsəvvürlərin formalaşmasında təbiətşünaslıq mühüm rol oynamışdır. Müasir təsəvvürlərə görə psixi funksiyalar beyin sahələrinin birgə işi sayəsində həyata keçirilən funksional sistemlər (P.K.Anoxin) kimi fəaliyyət göstərir. Onun sistem təşkil edən mərkəzi amili işin nəticəsi və ya məqsədi ilə uzlaşırlar. Psixi hadisələri şərti olaraq üç böyük qrupa bölürlər: 1. Psixi proseslər. 2. Psixi hallar (və ya psixi halətlər, vəziyyətlər). 3. Psixi xassələr (və ya xüsusiyyətlər). Psixi proseslər psixologiya elminin əsas kateqoriyalarından biridir. İdrak proseslərinə (duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq və təxəyyül), iradi proseslərə və emosional proseslərə birlikdə psixi proseslər deyilir. Başqa sözlə, psixi proseslər özləri də üç yarımqrupa bölünür: idrak prosesləri, hissi proseslər, iradi proseslər. Psixi hadisələrin ikinci qrupunu təşkil edən psixi hallar və ya vəziyyətlər da müxtəlifdir. Şən əhval, affektlər, ehtiraslar, dalğınlıq, inamsızlıq, şübhə və s. psixi hallara misal ola bilər. Psixi xassələr də psixologiya elmini kateqoriyaları içərisində mühüm yer tutur. Temperament, xarakter və qabiliyyətlər əsas psixi xassələrdir. İnsanın onun üçün səciyyəvi olan keyfiyyətlərini (ağlın tənqidiliyi və ya müstəqilliyini), emosioanl xassələrini (tez özündən çıxma, emosionallıq) və s. də psixi xassələrə aid edirlər. Psixi proseslər, hallar və xassələr bir-birilə üzvi surətdə əlaqəlidirlər. Onlardan biri adətən o birisinin sasında əmələ gəlir. Psixi halətlər və ya vəziyyətlər ayrı-ayrı psixi proseslərin, məsələn, əhvallar, affektlər hisslərin, dalğınlıq diqqətin, iradənin, şübhə təfəkkürün təzahürü kimi özünü göstərir. Onlar isə möhkəmlənib bir adamı başqasından fərqləndirən psixi xassə kimi təzahür edə bilər. “Proses”, “hal” və “xassə” nə deməkdir? Nə üçün duyğuları, qavrayışı, diqqəti, hafizəni, təfəkkürü, nitqi və təxəyyülü, iradəni və hissləri psixi proses adlandırırlar, Halbuki şübhəni və ya dalğınlığı psixi hallar, temperament, xarakter və ya qabiliyyətlərə psixi xassələr deyilir. Proses latın sözü olub hər hansı bir hadisənin başlanması, gedişi və inkişafı mərhələlərini əks etdirir. Bu baxımdan bütün psixi hadisələr – istər psixi xassələr, istərsə ədə psixi hal və xassələr prosesual xarakter daşıyır. Məsələnin belə qoyuluşuna ilk dəfə diqqəti rus alimi İ.M.Seçenov cəlb etmişdir. Müasir psixologiyada proses sözü əslində genış və dar mənada işlənir. Geniş mənada psixi olan proses kimi nəzərdən keçirilir, bütün psixi hadisələr eyni dərəcədə proses kimi təhlil edilir. Dar mənada isə psixi proses dedikdə duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq, təxəyyül, iradə və hisslər nəzərdə tutulur. Psixi proses termini psixi faktın prosesuallığını, dinamikasını nəzərə çarpdırır. Psixi halət termini psixi faktın nisbi davamlılığını bildirir. Psixi xassə və ya psixi xüsusiyyət termini isə psixi faktın sabitliyini, onun şəxsiyyətin strukturunda möhkəmləndiyini və təkrar olunmasını ifadə edir. Psixi proseslər, psixi hallar və psixi xassələrin hamısına birlikdə psixika və ya psixi hadisələr deyilir. Psixikanın əmələ gəlməsi materiyanın hərəkətinin bioloji formasının təşəkkülü ilə bağlıdır. Həyat təbiətin inkişafının keyfiyyətcə yeni mərhələsidir. Psixikanın yaranması və inkişafının öyrənilməsi təbiət elmlərinin, o cümlədən psixologiyanın qarşısında duran mürəkkəb, mühüm vəzifələrdən olmuşdur. Psixikanın filogenizdə inkişafı əksetdirmənin tropizm, instinktiv, həyatda qazanılan və intellektual davranış formalarında təzahür etmişdir. Elementar qıcıqlanma sadə, birhüceyrəli orqanizmlərdə özünü göstərir və onların mühüm təsirinə hərəkətlə cavab verirlər. Mühit canlı orqanizmə bioloji təsir göstərə bilir ki, bunun nəticəsində həmin orqanizmin protoplazmanın xassəsi dəyişir. Bioloji amillərə özünəməxsus cavab vermək üsulları tropizmlər və ya taksiklər adlanır. Tropizmlərin aşağıdakı növlərini fərqləndirirlər: fototropzim – canlı orqanizmin işığın təsiri ilə hətəkətə etmə meyli; termotropizm – işığın təsiri ilə hərəkətetmə meyli; xemotropizm – müəyyən fiziki-kimyəvi mühiti seçmə meyli; topotropizm – mexaniki qıcıqlandırıcıların təsirilə hərəkət etmə meylivə s. Canlılarda psixikanın təşəkkül tapması onların mühitə uyğunlaşa bilməmələri ilə bağlı olan dəyişikliklərdən yaranır. Bir çox canlıların davranışı instiktiv davranışdır və təbii tələbatdan doğur. Mühitin müəyyən şəraitinə, təsirinə qarşı mürəkkəb anadangəlmə reaksiya forması instinktlər adlanır. İnstinktiv davranış müəyyən bir növün hamısı üçün xarakterik olan anadangəlmə davranışdır. Bir çox alimlər hesab edirlər ki, instinktlər dəyişməzdir və canlıların fərdi qaydada mühitə uyğunlaşması prosesində dəyişməz qalır. Ali heyvanlarda instinktiv davranış forması ilə yanaşı dəyişkən formalı davranış – vərdişlər və intellektual hərəkətlər də mövcuddur. Vərdişlər inkişafın ən aşağı pilləsində belə özünü göstərir. Lakin açıq-aşkar ifadə olunan vərdişlər yalnız baş beyin qabığına malik olan heyvanlarda müşahidə edilir. Ali heyvanlarda davranışın ən yüksək səviyyəsi intellektual davranışdır. İntellektual davranışın əsasını ayrı-ayrı cisimlər arasındakı mürəkkəb münasibətləri əls etdirmək təşkil edir. Lakin heyvanların intellektual və ya əqli davranışı təbii ki, insan ağlından fərqli keyfiyyətə malikdir. Psixologiya elmi öz inkişafının müxtəlif mərhələlərində keçmişdir. Bunlar aşağıdakılardan ibarətdir: Elməqədərki birinci mərhələ qədim dövrdən başlayaraq bizim eradan əvvəlki VII-VI əsrlərə qədərki dövrü əhatə edir. Bu dövrdə ruh (psixika) haqqında təsəvvürlər çoxsaylı mif və əfsanələrdə, nağıl və ilkin dini inamlarda, totemlərdə öz əksini tapmışdır.

İlkin elmi təsəvvürlər (ikinci mərhələ). Bu dövr eramızdan əvvəl VII-VI əsrlərdən başlayaraq XVIII əsrin sonuna qədər olan dövrü əhatə edir. Bu dövrdə psixologiya elmi fəlsəfənin tərkibində inkişaf etmişdir. İkinci mərhələnin başa çatması ilə bağlı olaraq psixoloji ədəbiyyatda fikir və mövqelər fərqlidir. Kimi ilk psixologiya – asosionizmin yaranmasıyla (XVIII əsrin sonları), kimi də fəlsəfə və təbiət elmlərindən fərqli psixologiya terminlərinin yaranmasıyla (XIX əsrin ortaları) ikinci mərhələrin başa çatdığını qəbul edir. Psixologiyanın inkişafının mərhələlərə ayrılması digər elmlərdə olduğu kimi şərti xarakter daşıyır. Bəzən psixologiya elminin müstəqil elm sahəsi kimi yaranmasını V.Vundtun eksperimental psixologiay laboratoriyasının yaranması tarixindən götürmədiyi də təklif edənlər də var. Psixologiya elminin inkişafının üçüncü mərhələsi Almaniyanın Leypsiq şəhərində V.Vundtun ilk eksperimental psixologiya laboratoriyasının yaratması ilə başlayır. Eksperimental psixologiya laboratoriyasının yaranması ilə psixologiya müstəqil, obyektiv və eksperimental elm sahəsinə çevrildi. Lakin V.Vundtun assosianist yanaşmanın əsasında qurduğu psixoloji model insanın ruhu aləmi, emosional haləti, şəxsiyyətin strukturu, yaradıcı fəallığı ilə bağlı yeni faktlar verə bilmədi. XX əsrin II yarısında yeni psixologiya məktəbləri və istiqamətləri: humanist psixologiya, genetik psixologiya, koqnitiv psixologiya meydana çıxdı. Beləliklə, demək olar ki, XX əsrin 60-cı illərindən başlayaraq psixologiya elmi özünün yeni inkişaf mərhələsinə daxil oldu. Bu mərhələnin xarakterik xüsusiyyəti onan ibarətdir ki, indi ayrılma, parçalanma yox, ayrı-ayrı məktəblərin, tədqiqat istiqamətlərinin birləşməsi prosesi gedir. Bütün dünyada olduğu kimi Azərbaycanda da psixoloji fikrin yaranması və inkişafını iki mərhələyə ayırmaq olar: elməqədərki və elmi psixologiyanın təşəkkülü və inkişafı. Əlbəttə onların arasında kəskin sədd qoymaq, sərhəd çəkmək də düzgün olmazdı. Onlar bir-birinin daxilində formalaşmış, biri digərinin inkişafına zəmin yaratmışdır. Elməqədərki psixoloji fikirlərin yaranması tarixi çox qədimdən, eramızdan əvvəldən başlanır. O, bir tərəfdən Şərq fəlsəfi fikrindən, digər tərəfdən xalq yaradıcılığından bəhrələnmişdir. O bir tərəfdən həyatın özündən, ictimai-tarixi proseslərdən asılı olaraq inkişaf etmiş, digər tərəfdən baş verən proseslər psixoloji fikrə öz təsirini göstərmişdir. Professor Ə.S.Bayramov və Ə.Ə.Əlizadə elməqədərki psixologiya və ya “güzarən psixologiyası” da adlandırırdılar. Onlar yazırlar: “Güzəran psixologiyasına aid biliklərin mənbəyini ictimai və şəxsi təcrübə təşkil edir. Hələ qədim zamanlardan başlayaraq bu biliklər nəsildən-nəslə verimiş müxtəlif obrazlı ifadələrdə, atalar sözlərində, bayatılarda, nağıllarda, dastanlarda və s.də özünün əksini tapmışdır. Bizim hər birimiz bu bilikləri ətraf adamlardan eləcə də şifahi xalq ədəbiyyatı vasitəsilə mənimsəyirik. İnsanın şəxsi təcrübəsində həmin biliklər daha da dəqiqləşir, yeni məna çalarları kəsb edir.” Onlar daha sonra yazırlar: “Güzəran psixologiyasına aid olan biliklərdə biz hətta müasir psixologiya üçün maraqlı olan müəyyən faktlara rast gəlirik. Lakin onların hamısı üçün bir cəhət səciyyəvidir - güzəran psixologiyasında faktlar ardıcıl şəkildə izah edilmir, sübut olunmur.” İnsanlar lap qədimlərdən qarşılıqlı münasibətlərdə olduqları, ünsiyyətə girdikləri insanları öyrənməyə, anlamağa, dərk etməyə çalışmış, bnun üçün müşahidələr aparmışlar. Tədricən toplanan bilikləri ümumiləşdirilmiş, dildən-dilə, ağızdan-ağıza keçərək ümuminin hamının qəbul etdiyi fikirlər olmuşdur. Bunlar bayatılar, nağıllar, atalar sözləri, nəğmələr, laylalar, miflər, əfsanələr və s. şəklində lakonik dildə çatdırılmışdır. Demək olar ki, elmi psixologiyanın tədqiq etdiyi sahələr içərisində elə bir problem yoxdur ki, xalq yaradıcılığında ondan bəhs olunmasın, münasibət bildirilməsin. Psixoloji fikrin yaranması və inkişafının digər bir istiqaməti isə yazılı ədəbiyyat, filosof və yazıçıların, şairlərin yaradıcılığıdır. Bu mənada “Kitabi-Dədə Qorqud” dastanı, Nizami, Tusi, Nəsimi, Fizuli, Axundov, S.Ə.Şirvani, Sabir, C.Məmmədquluzadə və digər mütəffəkirlərin yaradıcılığı Azərbaycan psixoloji fikrinin yaranması, inkişafı və formalaşmasında əhəmiyyətli rol oynamışdır. Onların yaradıcılığı bir tərəfdən xalqın təfəkkür tərzinin inkişafına təkan vermiş, digər tərəfdən özündə həyat reallıqları əksini tapmışdır. Yəni Azərbaycan xalqının keçdiyi inkişaf yolunun mərhələlərini müəyyənləşdirməkdə bu əsərlər gözəl bir mənbədir. Məlumdur ki, XIX əsrin ortalarında psixologiya elmi bir sıra nailiyyətlər əldə etmişdir. Onlardan ən başlıcası isə ondan ibarətdir ki, həmin dövrdə eksperimental üsullar psixologiya elminə nüfuz edirdi. Azərbaycanda elmi psixologiya XIX əsrin sonu – XX əsrin əvvəllərində inkişaf etməyə başladı. Azərbaycanda ilk psixologiya laboratoriyası 1926-cı ildə F.Ə.İbrahimbəyli tərəfindən yaradılmışdır. Hal-hazırda professor B.H.Əliyevin təşəbbüsü və rəhbərliyi altında Bakı Dövlət Universitetinin nəzdində “Eksperimental psixologiya” elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Müasir dövrdə Azərbaycan psixoloqları psixologiyanın müxtəlif sahələrini əhatə edən problemləri tədqiq etməklə məşğuldurlar. Bu baxımdan AMEA-nın müxbir üzvü, professor B.H.Əliyevin hüquq və mühkəmə psixologiyası sahəsində apardığı tədqiqatlar, professor Ə.S.Bayramovun etnik psixologiya sahəsində aparığı tədqiqatlar, professor Ə.Ə.Əlizadənin və professor M.Həmzəyevin pedoqoji psixologiya sahəsində apardığı tədqiqatlar, professor Ə.T.Baxşəliyevin Azərbaycanda psixoloji fikrin inkişafı ilə bağlı apardığı tədqiqatlar xüsusi əhəmiyyətə malikdir.

Azərbaycanda psixoloji fikrin inkişafı
Bütün dünyada olduğu kimi, Azərbaycanda da psixoloji fikrin yaranması və inkişafını iki ərhələyə ayrımaq olar: elməqədərki və elmi psixologiyanın təşəkkülü və inkişafı. Əlbəttə, onların arasında kəskin sədd qoymaq, sərhəd çəkmək də düzgün olmazdə. Onlar bir-birinin daxilində formalaşmış, biri digərinin inkişafına zəmin yaratmışdır. Elməqədərki psixoloji fikirlərin yaranması tarixi çox qədimdən, eramızdan əvvəldən başlanır. O, bir tərəfdən Şərq fəlsəfi fikrindən, digər tərəfdən xalq yaradıcılığından bəhrələnmişdir. O, bir tərəfdən həyatın özündən, ictimai-tarixi proseslərdən asılı olaraq inkişaf etmiş, digər tərəfdən baş verən proseslər psixoloji fikrə öz təsirini göstərmişdir. Azərbaycanda psixoloji fikrin, psixologiya elminin tarixinin araşdırılmasının dünya psixologiya elminin inkişafı tarixi ilə uzlaşır.

Professorlar Ə.S.Bayramov və Ə.Ə.Əlizadə elməqədərki psixologiyanı eyni zamanda «güzəran psixologiyası» adlandırırlar. Ona, yazırlar: «Güzəran psixologiyasına aid biliklərin mənbəyini ictimai və şəxsi təcrübə təşkil edir. Hələ qədim zamanlardan başlayaraq bu biliklər nəsildən-nəslə verilmiş müxtəlif obrazlı ifadələrdə, atalar sözlərində, bayatılarda, nağıllarda, dastanlarda və s. –də özünün əksini tapmışdır. Bizim hər birimiz bu bilikləri ətraf adamlardan, eləcə də şifahit xalq ədəbiyyatı vasitəsilə mənimsəyirik. İnsanın şəxsi təcrübəsində həmin biliklər daha da dəqiqləşir, yeni məna çalarları kəsb edir». İnsanlar lap qədimlərdən qarşılıqlı münasibətlərdə olduqları, ünsiyyətə girdikləri insanları öyrənməyə, anlamağa, dərk etməyə çalışmış, bunun üçün müşahidələr aparmışlar. Tədricən toplanan biliklər ümumiləşdirilmiş, dildən-dilə, ağızdan-ağıza keçərək ümuminin, hamının qəbul etdiyi fikirləri olmuşdur. Bunlar bayatılar, nağıllar, atalar sözləri, nəğmələr, laylalar, miflər, əfsanələr və s. şəklində, lakonik dillə çatdırılmışdır. Demək olar ki, elmi psixologiyanın tədqiq etdiyi sahələr içərisində elə bir problem yoxdur ki, xalq yaradıcılığında da ondan bəhs olunmasın, münasibət bildirilməsin. Xalq yaradıcılığında xalqın düşüncə və davranış tərzi, ayrı-ayrı dövrlərdə baş verən hadisələrə münasibəti öz əksini bariz şəkildə tapır. Yəni hadisələrə münasibət, onun təhlili, ümid və istəklər bu yaradıcılığın əsasını təşkil edir. Psixoloji fikrin yaranması və inkişafının digər bir istiqaməti isə yazılı ədəbiyyat, filosof və yazıçıların, şairlərin yaradıcılığıdır. Bu mənada «Kitabi-Dədə Qrqud» dastanları, Nizami, N.Tusi, Nəsimi, Füzuli, M.F.Axundov, Sabir, C.Məmmədquluzadə və digər mütəfəkkirlərin yaradıcılığı Azərbaycan psixoloji fikrinin yaranması, inkişafı və formalaşmasında əhəmiyyətli rol oynamışdır. Onların yaradıcılığı bir tərəfdən xalqın təfəkkür tərzinin inkişafına təkan vermiş, digər tərəfdən bu əsərlərin özündə həyat reallıqları əksini tapmışdır. Yəni Azərbaycan xalqının keçdiyi inkişaf yolunun mərhələlərini müəyyənləşdirməkdə bu əsərlər gözəl bir mənbədir.



Professor Ə.S.Bayramov yazır: «Hər bir xalq və ya etnos özünü düzgün dərk edib qiymətləndirmək və tərəqqiyə nail olmaq üçün yalnız özünün sosial-iqtisadi tarixi keçmişinə deyil, həm də öz psixoloji keçmişinə dərindən bələd olmalıdır». Azərbaycan xalqının islam dininin Azərbaycana gəlişinə qədərki həyat, məişət və təfəkkür tərzi şifahi xalq ədəbiyyatında və «Kitabi-Dədə Qrqud» dastanlarında çox bariz şəkildə öz əksini tapmışdır. Dastanda totemizmin, şamanizmin, çoxallahlığın xeyli açıq və gizli əlamətləri vardır. Əsərdə Basatı aslan bəsləyir və eyni zamanda Basat deyir: «Anam adın sorar olsan Qaba Ağac, atam adın deyirsən Qocan Aslan, mənim adım sorarsan Arzu oğlu Basat». Dastan belə başlayır: «Xanım hey!» Belə bir başlanğıc, «hey» nidadır, niskildir, çağrışdır. Əl çatmayan, tüb keçmiş, yanğı yaradan bir hissdir. Daxilin, genin, idrakın uyğunlaşdığı bir mühitə düşərək xiffəti, fəryadıdır. Tarixçi Gizo yazırdı: «Elə ki, xalqların arxasında uzun və şərəfli tarix durdu, onlar nə qədər çalışsalar da, bu keçmişdən ayrıla bilməyəcəklər. Onlar hətta bu keçmişi məhv etməyə çalıdıqları zaman belə onun təsiri altında olacaqlar». Qədim turklər islamdan qabaq çoxallahlı idilər. Onlar öz qılınclarına and içir, suyla xəbərləşir, qurd üzü mübarəkdir deyirdilər. Deməli xalqın etnogeni ilə mühiti arasında uyğunluq olduqda xalq inkişaf edir. Onların arasında ziddiyyət olduqda isə mənəviyyatda, əxlaqda deformasiya baş verir. Bəzən xalqın etnogeninə, düşüncə tərzinə yad, yabançı olanı ona doğru, düzgün kimi təqdim edir, inandırmağa çalışırlar. Psixoloji fikrin inkişaf mərhələlərinin müəyyənləşdirilməsində şifahi xalq ədəbiyyatının, klassiklərimizin yaratdıqları əvəzsiz xəzinədir. «Kitabi-Dədə Qorqud»da başlıca ideyalardan biri əsarətdən, mütilikdən, kökünə, soyuna dönük çıxmaqdan ölümün üstün tutulmasıdır. Etibar, inam, sədaqət, ləyaqət aparıcı xəbərlərdən birini təşkil edir. Beyrəyin nişanlısı yalnız onun dirisinə yox, ölüsünə də sadiq qalacağını bildirir: «Erkək sinəyi (milçəyi) üzərimə qondurmam»,-deyir. Dastanda ən çox diqqəti cəlb edən azadlıq, azad fikir, qadın və kişi bərabərliyi, qadının uca, yüksək tutulmasıdır. Qanlı Qoca oğlu Qanturalı evləndirmək istəyir və ondan nə sayaq qız istədiyini soruşur. Qantural deyir: «Baba, mən yerimdən durmadan ol durmuş ola, mən qanlı kəfər əlinə varmadan ol varmış, mənə baş gətirmiş ola». Mərdlik, məğrurluq, qeyrət enilə qıza, qadına da xas olub. Ərləriylə, sevgilləriyilə bu meydanda döyüşən qadınlar eyni zamanda onların qürurunu sındırmamağa, kişilərin yanında qürrələnməməyə çalışıblar: «Öyünərsə ər öyünsün-aslandı. Öyünməklik övrətlərə böhtandır. Öyünməklə övrət ər olmaz»,-deyiblər. Dədə Qorqud dünyasının əxlaq qaydaları, mərdlik, ləyaqət, şərəf, nəciblik anlayışları azərbaycanlı psixologiyasının, xarakterinin təməlidir. Zaman-zaman dəyişən, zənginləşən, bəziləri itib-batan, bir çox keyfiyyətləri deformasiyaya uğrayan azərbaycanlı psixologiyasının etnogeni, nüvəsi Dədə Qorqud dövründə təşəkkül tapmış, formalaşmışdır. Dədə Qorqud fəlsəfəsi bəşəridir, ölməzdir, insanı saflaşdırandır. «Hanı dediyim bəy ərənlər? Dünya mənim deyənlər? Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı? Gəlimli, gedimli dünya. Son ucu ölümlü dünya» Azərbaycanda psixoloji fikrin birinci mərhələsi eramızdan əvvəl başlayıb, islam dininin Azərbaycana gəlişiylə başa çatır. Neçə əsrlər boyu paralel yaşadı. Elə bugünkü günümüzdə də bu paralelliyin bir çox cəhətləri davam edir, yaşayır: adət-ənənələrimizdə, andımızda, xarakterimizdə. «İslamiyyətdə milli mənsubiyyət yoxdur» şüarı ilə Azərbaycan dünyasına daxil olan islam dini millətlərin, xalqların müxtəlifliyini, özünəməxsusluğunu, milli simasını dini biliklərlə əvəz etməyə çalışdı. Bu isə təfəkkürdə, düşüncədə inam və əqidədə yeniləşmə demək idi. İslam dini təkcə qılıncla yox, siyasətlə, ideologiya ilə, şüurlara təsirlə, inandırma yolu ilə yayıldı. Bu yayılma müəyyən müddət türk dilinin sıxışdırılması, fars və ərəb dilinin yayılması idi. Yalnız XV-XVI əsrlərdən başlayaraq yenidən türk dili ədəbiyyata, mədəniyyətə qayıtmağa başladı. Xətai, Füzuli kimi böyük şairlər yetişdi. Aşıq şeiri inkişaf etdi. Bu, xalqın təfəkkürünün, oyanışının, şüurunun yeni dövrü idi. Xalq fars, ərəb təsirindən qurtulub, kökünə qayıtmaq istəyirdi. Bu, yeni qayıdış idi. Artıq bu dövrdə qədim türklərdəki adət-ənənələr, qadın sərbəstliyi, inamlar dəyişmişdi. Əgər islam dini ərəblərə inkişaf, qadın hüququ, cəhalətdən qurtarmaq imkanı vermişdisə, qədim türklərin bir çox sərbəstliyi, azadlığı buxovlanmışdır. İslam dininin Azərbaycana gəlişi ilə burada ərəb, fars, türk və digər etnos və xalqların dünyagörüşü, mədəniyyəti, adət-ənənələrinin sintezindən yeni mədəniyyət, yeni təfəkkür yaranmağa başladı. Farsların ədəbiyyatı, ərəblərin fəlsəfəsi, türklərin ictimai-siyasi, sosial-iqtisadi təfəkküründən, adət-ənənələrindən yeni dünyagörüşü yarandı. Şəxsiyyətin formalaşmasında orta əsrlərdən başlayaraq tərbiyə ön plana keçdi. Şair, filosof, mütəfəkkirlərin əsərlərində nəsihətçilik əsas yer tutdu. Mənəviyyat məsələləri önə keçdi. Yalnız mənəviyyat, maddidən imtina çağrışları öz təsirini göstərdi. Maddiliyin ikinci olması maddiyə maraq və təlabatı artırdı. Lakin bu, aşkar deyil, gizli mahiyyət daşıdı. Ona görə də deyilirdi: «Vaiz özü lüm-lüm udur batində, ancaq zahirdə dediyi mənaya bir bax». Bu mənada məşhur hind filosofu Vivekananda gözəl deyib: «Şərqin heyratamiz ruhi nailiyyətlərini Qərbin eyni dərəcədə heyratamiz maddi nailiyyətləri ilə bölüşdürmək lazımdır». Müxtəlif dövrləri, ictimai-tarixi şəraiti öyrənən əksər tədqiqatçılar konkret tarixi tarixi şəraitdə yaşayan insanların dünyagörüşü, şəxsiyyəti və mənaviyyatını tədqiq edərkən həmin dövrün insanlarının psixologiyasının öyrənilməsini vacib şərt kimi irəli sürmüşlər. Belə yanaşmanın səmərəliliyi bir də ondadır ki, hər bir konkret həyat tərzi, mənəvi dəyərlər baxımından bənzərsiz, tərkolunmazdır. Bütün bunlar isə insana özünün təsirini göstərir, ictimai-tarixi şəraitə uyğun şəxsiyyətlər formalaşdırır. Məlumdur ki, qədim dövrün insanlarının daxili dünyası, xarakteri, maraqları, təlabatı orta əsrlərin və müasir dövrün adamlarından fərqli olmuşdur. Əlbəttə, biz bu fərqləri heç də bütləşdirmək istəmirik. Bu fikri qəbul edirik ki, adət-ənənə, tarixi və mədəni nailiyyətlər nəsildən-nəslə keçərək eyni millətə, xalqa, coğrafi məkana məxsus insanlarda əsrlər boyu davam edən oxşar xarakterli, dünyagörüşlü, uyğun psixoloji tipli şəxsiyyətlər də formalaşdırır. Nizami, Xəqani, Füzuli və digər mütəfəkkirlərin yaradıcılığında həm qədim türk, həm də islam dəyərləri bir tərəfdən qovuşmuş, vəhdətdə götürülmüş, digər tərəfdən ziddiyət təşkil etmişdir. Nizami şeyxdir, islamın təbliğattçısıdır. Əsərlərini fars dilində yazıb. Amma mənşəcə, xaraktercə türkdür. O, əsərlərində 350-dən artıq türk adı işlədib. Türkə xas olan keyfiyyətləri onun kimi dəqiq heç kim göstərə bilməyib. O, türkçülüyün əsl təbliğatçısı olub, bütün yaxşı keyfiyyətləri onun adı ilə bağlayıb. Lakin onun özü də etiraf edir ki, bir çox hallarda nə qədər axtarsa da, müəyyən qənaətə gəlməkdə çətinlik çəkib: Nə qədər oraya at çapsam da mən, bir xəbər gətirmək gəlmir əlimdən - deyir. Professor Ə.S.Bayramov yazır: «Nəsiminin təbliğ etdiyi fikir və mülahizələr, görüşlər və dövrün hakim islam dini ideyalarının tamailə əksinə olmuşdur. Buna görə də onun şeirlərini oxuyanlar belə ölüm təhlükəsinə məruz qalmışlar». Orta əsrlərdə, o cümlədən 1613-cü iləd Şah Abbasın (1587-1629) Osmanlılara qalib gəlməsindən sonra Qafqazdan İrana xeyli əhali köçürüldü. Təbrizdən xeyli əhali İsfahana gətirildi. Belə yerdəyişmələr, təbii ki, o dövrün adamlarının dünyagörüşünə təsir edir, adət-ənənələri dəyişdirdi. Orta əsrləri Şərqin intibah dövrü də adlandırırlar. Bu dövrdə Bağdada, Dəməşqdə, Qahirədə və digər şəhərlərdə yeni-yeni elm ocaqları yaradıldı. Elmin müxtəlif sahələrində nailiyyətlər qazanıldı, görkəmli şəxsiyyətlər yetişdi. Bu dövrdə ərəb və fars dili, adət-ənənəsi yuxarı dairələrdə, ədəbiyyatda geniş yayılsa da, sadə xalq arasında türk dili, türk ənənəsi qorunub saxlanılırdı. Azərbaycan xalqının psixologiyası da məhz bu zəmində formalaşırdı. XVIII əsrin sonları-XIX əsrin əvvələrində belə mürəkkəblik, ziddiyət, dolaşıqlıq azmış kimi, dini, düşüncəsi, həyat tərzi tamamilə fərqli olan ruslar Azərbaycana daxil olur. psixoloji fikrin ikinci mərhələsi başa çatır, üçüncü mərhələbaşlayır. Formalaşmış bir çox keyfiyyətlər, xüsusiyyətlər dəyişir. Yeni tip məktəblər açılır. Bir çox mütəfəkkirlər yeni mühitin yaratdığı adamlar oldu. Formalaşmış xüsusiyyətlərlə yeni arasındakı ziddiyyət tədricən yeninin yayılması, güclənməsi ilə nəticələndi. XIX əsrin sonlarına doğru Azərbaycanda maarif, mədəniyyət inkişaf edir, ziyalılar nəsli yetişirdi. Çar Rusiyasından Azərbaycana sürgünlər edilir, vəzifə borcu ilə bağlı çinovniklər gəlir, digər tərəfdən Rusiyada təhsil alanlar, qulluq edənlərin sayı artırdı. A.Bakıxanov, M.F.Axundov, N.Vəzirov, H.Zərdabi və başqaları elmə, mədəniyyətə, dövrə, zamana uyğun, əvvəlkilərdən fərqli, həm də köhnəliyi, fanatizmi tənqid edən əsərlər yaratmaqla bərabər milli, bəşəri hisslərin formalaşması üçün əllərindən gələni edirdilər. M.F.Axundovun 1850-1855-ci illər arasında yazdığı pyeslər nəinki Azərbaycanda, bütövlükdə Şərqdə yeni bir hadisə idi. Orta əsrlərdə qəzəl janrı neçə məşhur idisə, geniş yayılmışdırsa, Axundovdan sonra dram janrları da XIX əsrin ikinci yarısında eləcə geniş yayılmışdı, xalqın maariflənməsində əvəzsiz rol oynamışdı. XIX əsrin ikinci yarısında-1875-ci ildə «Əkinçi» qəzetinin nəşrinə başlanması böyük, əhəmiyyətli hadisə idi. Bu qəzet Azərbaycanda maarifin, mədəniyyətin, elmin inkişafında önəmli yer tutur. Qəzetin yaradıcısı Həsən bəy Zərdabi nəinki həmin dövrün, eləcə də sonrakı dövrlərin, bundan sonrakı zamanın ən böyük maarifçisi, ziyalısı olaraq qalacaq. Bu dövrdə diqqəti cəlb edən digər bir məsələ isə teatr tamaşalarının göstərilməsi ilə bağlıdır. Oxumağı, yazmağı baxarmayan xalq məhz bu tamaşalar vasitəsilə öz hüquq və azadlıqlarını başa düşür, tədricən onun uğrunda mübarizəyə hazırlaşırdılar. Azərbaycanda neft sənayesinin sürətli inkişafı da psixoloji fikrin inkişafına öz təsirini göstərirdi. Bakı Şərqlə Qərbin, şərq mədəniyyəti ilə qərb mədəniyyətinin qovuşduğu mərkəzə çevrilirdi. Bura həm Şərqdən, həm Rusiyadan, həm də Avropadan insanlar gəlir, iş qurur, işləyir, yaşayır, şəhəri zənginləşdirirdilər. Bir tərəfdən sənayenin təlabatını ödəyən işçilərin hazırlanması üçün məktəblər açılır, təhsil almaq üçün başqa ölkələrə tələbələr göndərilir, mətbuat yaranır, digər tərəfdən qadın hüquqları, şəxsiyyət azadlıqları tapdanırdı. Ona görə də Azərbaycanda maarifçilik hərəkatı genişlənməyə başladı. Bir tərəfdən xalqın inkişafını həyat tərzinin kəskin şəkildə dəyişməsində görənlər, cəhaləti, avamlığı tənqid edənlər, digər tərəfdə isə təkamülü, tədrisi inkişafı, maariflənməni çıxış yolu kimi görənlər, bu yolda çalışanlar meydana gəldi. Elə buna görə də XX əsrin əvvələrini Azərbaycanın yeni bir intibah dövrü hesab edirlər. Məhz bu dövrdə çoxsaylı mətbuat orqanı, Şərqdə ilk teat, opera sənəti yarandı. Xalqın həyat tərzi, düşüncə və təfəkküründə, adət-ənənələrində böyük dəyişiklik baş verdi. XIX əsrin sonuna yaxın köhnəlik tədricən özünün süqutuna yaxınlaşdı. Məişətdən tutmuş həyat və fəaliyyətin bütün sahələrində əvvəlki davranış formaları nadanlıq hesab edilməyə, tifaqlar dağılmağa, münasibətlər başqa şəkil almağa başladı, adət-ənənələr dəyişdi. Hacı həsən ağalar, şeyx nəsrullahlar, xudayar bəylər, məşədi ibadlar sırasından fəxrəddinlər, kefli isgəndərlər, şamxallar ayrılmağa başladılar. İsmayıl Şıxlının «Dəli kür» əsərində bu dövrün bütün çalarları, ziddiyyətləri əks olunub. Məhz bu dövrdən başlayaraq özündə qədim türklərin qanını, mərdliyini, kişiliyini daşıyan cahandar ağaların da məhvi başladı. Böyük Oktyabrın qələbəsindən sonra SSRİ adlanan məkanda bir sistem yarandı. «Öyünərsə, ər öyünsün, aslandı, öyünmək qadınlara böhtandı» qədim türk qadınlarını sevillər, almazlar, həyatlar əvəz etdi. Bu Azərbaycanda psixoloji fikrin dördüncü mərhələsi idi. Doğrudur, beyrəklər, qaraca çobanlar da balaşlarla, məmmədəlilərlə əvəz olunmuşdu. Elə buradaca qeyd etmək istərdik ki, görkəmli dramaturq Cəfər Cabbarlı bu dəyişikliyi dahiyanə bir şəkildə təsvir etmişdi. Baş verən dəyişiklikdə nəyin yaxşı, nəyin pis olduğunu söyləmək də çətindir. Baniçiçək də, Burla xatun da, Selcan xatun da azaddır, sərbəstdir. Almaz da, Həyat da, Şəhrabanı da azaddır, sərbəstdir. Lakin bu, tamamilə bir-birinə yad, fərqli azadlıqlardır. Beləliklə, yeni insanlar, yeni həyat, yeni düşüncə tərzi yarandı.

Yüklə 219,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə