Sumqayit döVLƏt universiteti


Azərbaycanda psixoloji fikrin qaynaqları və tədqiqi problemi



Yüklə 219,93 Kb.
səhifə3/4
tarix17.09.2017
ölçüsü219,93 Kb.
#17
1   2   3   4

Azərbaycanda psixoloji fikrin qaynaqları və tədqiqi problemi

Azərbaycanda psixoloji fikrin inkişafı qədim tarixə malikdir. Azərbaycan ilk psixoloji təsəvvür və fikirlər bayatılarda, atalar sözlərində, məsəllərdə, nağıllarda, toy və yas mərasim nəğmələrində, tapmacalarda, laylalarda, hikmətli ifadələrdə, qab-qacaq bəzəklərində, memarlıq abidələrində, qaya və daş rəsmlərində, dini görüşlərdə, klassiklərimizin bədii və elmi yaradıcılığında öz əksini tapmışdır.

Atalar sözü və məsəllər xalqın həyatı və məişətini, münasibətini, dünyagörüşünü, əxlaqını, adət-ənənələrini özündə əks etdirən formaca kiçik, mənaca geniş janrlardan biridir. Atalar sözü və məsəllərdə xalq hikməti, təfəkkürü, bilik və əqidəsi, hiss və həyəcanları, inamı, xalqın əsrlərdən bəri əldə etdiyi ictimai və mənəvi təcrübələrin nəticələri ümumiləşdirilir. Atalar sözləri vasitəsilə biz həmin dövrdə yaşayan insanların etnik və əxlaq qaydaları ilə, mənəvi zənginlikləri ilə tanış oluruq. Məhz buna görədir ki, atalar sözü və məsəlləri italyanlar xalq məktəbi, ispanlar ruhun təbiəti adlandırmışlar. Atalar sözü və zərb məsəllərdə insan ağlına, təfəkkürünə, arzu və istəklərinə, əməyin onun həyatındakı roluna yüksək qiymət verilir. “İşləməyən dişləməz”, “İş insanın cövhəridir”, “Əldən qalan əlli il qalar”, “Zəhmət çəkməyən bal yeməz”, “İş yiyəsi işdə gərək” kimi atalar sözləri mənəvi dəyəri ilə bu gün də aktuallığını itirməmişdir. Şəxsiyyətin ən mühüm psixoloji keyfiyyətlərindən biri onun ağlı və təfəkkürüdür. Atalar sözü və məsəllərdə bu psixoloji fenomen həmişə qabarıq şəkildə verilir. “Elm ağlın çırağıdır”, “Savadsız adam kor kimidir”, “Bir ağıllı beş min baş saxlar” və s. kimi atalar sözlərini buna misal göstərmək olar.

Azərbaycan xalqının atalar sözü və məsəllərinin mövzu dairəsi çox genişdir. Burada insanın idrak proseslərinin – duyğuları, qavrayış xüsusiyyətləri, münasibətlər sistemi yoldaşlıq, dostluq münasibətləri, şəxsi keyfiyyətləri – yaxşılıq, mərdlik, qəhrəmanlıq kimi keyfiyyətləri vısf olunur. “Dost yaman gündə tanınar”, “Dost min isə azdır, düşmən bir isə çoxdur”, “Dost dosta tən gərək, tən olmasa gen gərək” və başqaları dediklərimizə aiddir.

Müasir elmi psixologiyada bütün problemlərin uğurlu həlli haqlı olaraq insan, şəxsiyyət amili ilə bağlanır. Çünki cəmiyyətin inkişafı və idarə olunması, maddi nemətlər bolluğunun yaradılması insanın mənəvi-əxlaqi keyfiyyətlərindən, fiziki hazırlığından, şəxsiyyət bütövlüyündən çox asılıdır. Şəxsiyyət, “mən”, milli heysiyyət yoxdursa xalq yoxdur. Haqq, ədalət, vicdan, namus, qeyrət, “mən”də birləşəndə, “mən” olanda şəxsiyyət əmələ gəlir.

Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrindən biri olan nağıllar tədqiq etdiyimiz problem baxımından diqqəti daha cəlb edir. Qədim insanlara məxsus olan bütün psixi xüsusiyyətlər (xarakter, xasiyyət,qabiliyyət), psixi proseslər, qavramaq bacarığı, təxəyyül, təfəkkür, yaddaş tərzi, düşünmək, ağıl, fantaziya, xəyal, arzu (onların keçirdiyi emasional halətlər) hisslər, emosiyalar, mərdlik və qəhramanlıq motivləri nağılarda toplanmış; ümumiləşdirilmiş və nəsildən-nəsilə verilərək bu günə çatdırılmışdır. Nağıllarda Azərbaycan xalqının fəlsəfi-mifik təfəkkürünə əsaslanan iki qüvvə, iki görüş – xeyir və şər qarşılaşır. Həmişə də xeyir şərə qalib gəlir: Təbiət hadisələri, insanlar həmişə bu iki qüvvə arasında mübarizə zəminində inkişaf edir və yaxud məhv olurlar. Xeyirxah insanlar, Günəş, işıq, su, at, süd verən hevanlar, barlı ağaclar xeyir allahı Hörmüzə, bədxah, paxıl insanlar, qaranlıq, tufan, yağışsız qara buludlar şər allahı Əhrimana qulluq edirlər. Xalqımızın yaratdığı nağıllarda, əfsanələrdə isə xeyir həmişə şərə üstün gəlir. Bu fikrin özü uşaqları, böyüyən gənc nəsli xeyirxahlığa, insani və bəşəri keyfiyyətlərə çağırır.

Azərbaycan xalqının özünəməxsus psixoloji xüsusiyyətləri xalq dastanlarında da ətraflı verilmişdir. “Koroğlu”, “Qaçaq nəbi” və başqa dastanları buna misal göstərmək olar. “Kitabi-Dədə Qorqud” qəhramanlıq dastanıdır. Bu dastanda Azərbaycan xalqının həyatı, ailə-məişəti , sevgisi, məhəbbəti, adət-ənənəsi, bir sözlə onun psixologiyası geniş bədii lövhələrdə əks olunub. Bununla yanaşı burada vətənpərvərlik, mərdlik, ana və övlad məhəbbəti, qadınlara hörmət, ata və oğul münasibətləri, mübarizlik, düşmənlərə nifrət, qəhamanlıq və s. bu kimi gözəl bəşəri hisslər də öz ifadəsini tapməşdır. Vətənin asayişi və istiqlaliyyəti naminə hər cür hər cür əzaba, hər cür cəfaya dözüb, alovlar ağzına atılan ərənlər dostluq, vəfa, sədaqət, fədakarlıq kimi sifətləri heç şeyə dəyişməyən qızlar, gəlinlər, doğma ilə gülüb birgə ağlayan müdrik Qorqud atalar dastanın əsas surətləridir.

Təsadüfi deyildir ki, XX əsrdə Azərbaycanda psixoloji fikir və ideyaların tarixi araşdırılarkən mütəxəssislərimiz həmin qaynaqlara dönə-dönə müraciət edir. Azərbaycan xalqına məxsus olan psixoloji baxışlar, onların dini əqidələrində daha qabarıq şəkildə özünü göstərir. Din tarixən meydana gəlmiş ictimai hadisədir. Din də real gerçəkliyi, insanın yaşadığı və fəaliyyətdə olduğu obyektiv şəraiti əks etdirir. Dini etiqadlar çox qədim zamanlarda, sinifli cəmiyyətdən əvvəlki dövrlərdə meydana gəlmişdir. Təbiətin, onun ayrı-ayrı cisim və hadisələrinin canlılaşdırılması ilk dini təsəvvürlərin meydana gəlməsinin başlanğıcını təşkil edir. Hər bir millətin arzu və fəlsəfi düşüncəsi, psixologiyası, adət-ənənəsi, elmi dünyagörüşü, insanlıq ləyaqəti onun dini təsəvvürlərində öz əksini tapmışdır. Azərbaycan xalqının da dini təsəvvürləi bu baxımdan istisnalıq təşkil etmişdir.

“Qurani-Kərim”də insanların əxlaqi saflığına ciddi fikir verilir. Bu müqəddəs kitabda tələb olunur ki, insan gərək bir-birinin əlindən tutsun, sülhlə dolansın. Fitnə-fəsad törətməsin. “Əl-Bəqərə” (“İnək”) surəsinin 205-ci ayəsində deyilir: “o şəxs ki səndən ayrıla kimi yer üzündə fitnə-fəsad törətməyə, əini və nəslini (İslam cəmiyyətini) məhv etməyə çalışır, o adamı Allah istəməz. Halbuki Allah fitnə-fəsadı sevməz.” Bu fikir bir daha sübut edir ki, “Qurani-Kərim”ə görə insan mənəvi ən təmiz olmasa bütöv şəxsiyyət olmaz. Həmişə gərək insan xeyirə rəvac versin. Şər qüvvələrdən uzaq olsun. Bu günün tələbləri ilə səslənən müddəalar yeni nəslin təlim-tərbiyəsində böyük rol oynayan əxlaqi dəyərlərimizdir. “Qurani_Kərim” bir nurdur. Bütün nsanların yoluna o, işıq saçır. “Qurani_Kərim” bütün insanlara öyüd, dərdli könüllərə şəfa, müsəlmanlara mərhəmət, düzlük, haqqı-nahaqdan seçməyi tövsiyyə edir. Quranın əsas mövzularından olan insan öz gücü və zəifliyi ilə, gözəllikləri və çirkinlikləri ilə böyükdür. İnsanı başqa canlı varlıqlardan fərqləndirən onun ağılı, zəkasıdır. “Qurani_Kərim”də deyilir ki, insan öz ağlı ilə allahı və özünü dərk edir. Allahı və özünü dərk edən isə adam sadə və təvazökardır, rəhmdil və alicənabdır. Quran insanın mütləq varlığı, özünü dərk etməsini belə izah edir: “O Allah Rəbbinizdir! Ondan başqa heç bir Tanrı yoxdur.Hər şeyi yaradan odur. Buna görə də yalnız ona ibadət edin. O, hər şeyə vəkildir. Gözlər onu (görüb) dərk etməz. O, gözləri dərk edir. O, lətifdir (cisimlikdən uzaqdır) və hər şeydən xəbərdardır. Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim (onları) görsə, lehinə, kim görməsə, əleyhinədir. Mən sizə nəzarətçi deyiləm.” (“Qurani-Kərim” Əl-Ən`Am). Bu Kəlamə görə bütün dəyişikliklərin əsası inasın daxili aləmindədir. Hər bir insanın mənəvi ruhu aləmində, psixologiyasındakı dəyişikliklər kainatda və cəmiyyətdə baş verən mühüm dəyişikliklərlə bağlıdır. Bu dəyişiklikləri duyub dərk etmək, hadisələrdən düzgün, ağıllı nəticələr çıxarmaq isə insanın öz öhdəsinə düşür. İnsanı bütün bəlalardan hifz edən isə onun zahiri düşüncəsidir, ağlıdır. Buna görə də İslam ağıl sahibləri ilə heç bir mübahisə və münaqişəyə meyl göstərmir. İslam ağıl dinidir və ağıl sahiblərinin dinidir.

Dünya mədəniyyətinin ən möhtəşəm abidələrindən biri olan “Qurani_Kərim” müsəlmanlığın, o cümlədən Azərbaycan millətinin dini-fəlsəfi, mənəvi-psixoloji qaynağı olmaqla yanaşı, həm də mühüm bir tarixi salnamədir. Bütün elmlərə aid burada istənilən söz inciləri, fikir və duyğular tapılır. Mən isə məqsədimə müvafiq olaraq insan psixologiyası ilə bağlı bəzi məsələlərə diqqət yetirdim. Psixoloji problemlərlə bağlı “Qurani_Kərim”də verilən fikirlərin hamısını açıqlamaq əllbəttə böyük bir tədqiqatın mövzusudur. Mən isə həmin müqəddəs kitabda psixologiya ilə bağlı bəzi çalarları verməklə kifayətləndim.

Lakin hələdə elm və bilik xəzinəsində psixoloji fikirlər hərtərəfli öyrənilməmişdir. Bu sahədə bitkin namizədlik və doktorluq dissertasiyalarına, elmi-kütləvi əsərlərə, monoqrafiyalara, böyük ehtiyac vardır. Şübhə etmirik ki, Azərbaycan psixoloqları bu sahəyə daha ciddi fikir verəcək, yeni-yeni əsərlərin yazılmasına nail olacaqlar. Həmin qaynaqlar nəinki tarixi planda diqqəti cəlb edir, həm də müasir psixoloji problemlərin həllində də əvəzsiz xəzinədir.
XX əsrdə Azərbaycanda psixoloji fikrin inkişaf tarixinin dövrləşdirilməsi, tədqiqi məsələləri, problemləri və vəzifələri
Dövrləşdirmə problemi həmişə başqa elm sahələrində olduğu kimi, psixologiyada da xüsusilə elmi müzakirələrin mövzusu olmuşdur. Psixologiya üzrə tarixçi alimlər – dövrləri müəyyənləşdirərkən, əsasən həmin ölkənin ictimai-siyasi hadisələrini, elmin müxtəlif sahələri üzrə aparıcı eksperimental tədqiqatları əsas götürmüşlər. Məsələn, keçmiş SSRİ də XX əsrdə psixoloji fikrin inkişafı tarixi belə dövrləşdirilmişdir. 1905-1917; 1917-1931; 1931-1945; 1945-1960; 1960-1974 və s. Azərbaycanda isə psixoloji fikrin inkiçafını təxminən aşağıdakı formada vermək olar: 1901-1920; 1920-1940; 1941-1960; 1961-1980; 1981-2000.

Göründüyü kimi XX əsrdə keçmiş SSRİ-də və Azərbaycan Respublikasında psixoloji fikrin dövrləşdirilməsində oxşarlıq özünü göstərir. Təbii ki, bu tarixi qanunauyğunluqdan irəli gəlir. Çünki, Azərbaycan Respublikası uzun müddət SSRİ-nin tərkibində olmuşdur. Lakin, bununla yanaşı biz XX əsrdə Azərbaycan psixoloji fikrin inkişaf tarixini dövrləşdirərkən respublikanın spesifik xüsusiyyətlərini, psixologiya elminin müxtəlif sahələri üzrə aparılmiş tədqiqatların yazılma dövrünü nəzərə almışıq. XX əsrdə Azərbaycan psixoloji fikri öyrənərkən məlum oldu ki, aparılmış tədqiqatları yuxarıda göstərdiyimiz dövrlərlə vermək çətindir. Çünki elə dövr var ki, həmin illərdə psixoloji tədqiqatlar olduqca azdır. Elə dövr də var ki, əsas tədqiqatlar həmin illərlə bağlıdır. Buna görə də ayrı-ayrı dövrlər üzrə tədqiqatları götürsək, təkrarlara, yeknəsəkliyə yol vermiş olarıq. Bu mülahizələri nəzərə alaraq biz XX əsrdə Azərbaycanda psixoloji fikir tarixində aparıcı tədqiqatları nəzərə alaraq eksperimental tədqiqatların şərhini dörd böyük dövrə: (1920-1940; 1941-1960; 1961-1980; 1981-2000) bölmüşük. Lakin əsər boyu tədqiqatların təhlilində tarixi dövrlər nəzərə alınır.

XX əsrdə azərbaycanda psixoloji fikrin inkişafı ilə bağlı müəyyən elmi-tədqiqat əsərləri, məqalələr yazılmış və bir sıra təkliflər irəli sürülmüşdür. Bu sahədə ilk axtarışlar “Azərbaycan Sovet psixologiya elminin inkişaf tarixindən” (S.Hacıyev, ADPU-nin elmi əsərləri, 1959-cu il №5) adlı məqalə bu sahədə ilk təşəbbüsdür. Müəllif 1950-ci illərə qədər respublikamızda psixologiya elminin müxtəlif sahələri üzrə görülmüş işlər haqqında ümumi məlumat verir. Onun gələcək inkişaf perspektivlərini göstərir. 1960-cı ildə isə professor Ə.K.Zəkuyevin “Azərbaycanda 40 ildə psixologiya elminin inkişafı”na aid (ADPU-nin Elmi əsərləri, 1960, IX) iri həcmli məqaləsi bu sahədə daha uğurlu bir addım oldu. Məqalədə, psixologiyanın ümumi nəzəri məslələri, yaş psixologiyası və pedaqoji psixologiya, əmək psixologiyası və digər sahələrə aid yazılmış əsərlər təhlil olunur, milli kadrların hazırlanması, psixologiyanın tədrisi problemləri açıqlanır.

XX əsrdə Azərbaycanda psixoloji fikrin inkişaf problemlərininöyrənilməsi daha geniş miqyas aldı. Bu isə milli psixoloji kadrların artması və çoxsaylı tədqiqatların aparılması ilə bağlı olmuşdur. F.Ə.İbrahimbəyov, M.C.Məhərrəmov, Ş.C.Ağayev və başqaları psixologiyanın müxtəlif sahələri üzrə tədqiqatlar aparsalar da, həmin problemi də yaddan çıxarmamışlar. F.Ə.İbrahimbəyov uzun müddət respublikamızda psixologiya tarixinin tədqiqatçısı kimi fəaliyyət göstərmiş, “Zaqafqaziya psixoloqlarının III konfransından sonra Azərbaycanda psixologiyanın inkişafı” (Zaqafqaziya psixoloqlarının IV konfransının materialları, Tbilisi, 1965) “Sovet azərbaycanında psixologiya elminin inkişafı” (“Вопросы психологии” ж., 1967, № 5) ” və “Azərbaycan SSRİ-də psixologiya elminin inkişafı” (“Вопросы психологии” ж., 1972, № 6) adlı məqalələr yazmış, beynəlxalq miqyasda keçirilən elmi məclislərdə, konqreslərdə, qurultay və konfranslardakı məruzələrində Azərbaycanda psixologiya elminin inkişafını təbliğ etmişdir.

Yaş psixologiyası və pedaqoji psixologiya, şəxsiyyət psixologiyası, hüquq və patoloji psixologiya, əmək psixologiyası sahəsindəki işlər haqqında geniş məlumat verilir. XX əsrdə Azərbaycanda psixoloji fikrin öyrənilməsində mənim də müəyyən qədər əməyim olmuşdur. “Sovet Azərbaycanında psixologiyasının inkişaf tarixindən” (Bakı, 1973) adlı namizədlik dissertasiyası, “Azərbaycanda psixoloji fikrin inkişafı” (1920-1985-ci illər, Bakı 1991) adlı monoqrafiya, “Psixologiyadan biblioqrafik göstərici” (Bakı 1989) adlı metodiki göstərici və digər məqalələr həmin məqsədlə yazılmışdır.

XX əsrdə Azərbaycan psixoloji fikrin öyrənilməsinə həsr edilmiş məqalələrin bir qrupu namizədlik və doktorluq dissertasiyalarına (Ə.Ə.Əlizadə, Ə.T.Baxşəliyev, “Təfəkkür tədqiq edilir”, prof. Ə.S.Bayramovun dok. dissertasiyası haqqında – Azərbaycan gəncləri qəzeti 1969- 13 mart.), monoqrafiya, dərslik dərs vəsaitlərinə, elmi kütləvi əsərlərdə (A.Məmmədov “Cinsi tərbiyə haqqında faydalı əsər”, Ə.Ə.Əlizadənin “Ailədə uşaqların cinsi tərbiyəsi”, Bakı, 1968) adlı kitabı haqqında, “Azərbaycan məktəbi”, 1969, № 10, “Yaradıcı əməyin məhsulu” (Mehdizadə, M.Həmzəyev, Ə.Əlizadənin “Şagirdlərdə təxəyyülün inkişaf və tərbiyəsi” Bakı, 1965) adlı kitabı haqqında yazılan rəylərdə, ayrı-ayrı psixoloqların həyat və yaradıcılığına dair məlumatlar məqalələrdə öz əksini tapır. Bu məqalələrdə Azərbaycan psixoloji fikrin inkişafı barədə müəyyən məlumatlar əldə etmək mümkündür.

XX əsrdə Azərbaycanda psixoloji fikrin inkişafı tarixinin öyrənilməsindən danışarkən bir cəhəti də qeyd etmək lazımdır. Bu da Azərbaycan psixoloqlarının tədqiq etdikləri problemin tarixinə xüsusi nəzər yetirməlidir. Tədqiqat zamanı məlum oldu ki, XX əsrdə Azərbaycanda psixoloji fikrin inkişaf tarixinin öyrənilməsinə aid bir neçə məqalə, bir namizədlik dissertasiyası və monoqrafiya həsr edilmiş tədqiqatlar, dərslik və dərs vəsaitləri, ümumiləşdirilərək təhlil olunmuşdur. Lakin, psixologiyanın digər sahələri üzrə müqayisədə XX əsr Azərbaycan psixologiya tarixi üzrə tədqiqatlar həddindən artıq azdır. Azərbaycanda psixologiyanın XX əsrin əvvəllərində təşəkkül tapıb inkişafını, müasir inkişaf vəziyyətini, XXI əsrin ilk onilliklərində inkişaf perspektivlərini özündə əks etdirən sistemli əsərlərə bu gün böyük ehtiyac vardır.

Psixologiya tarixi üzrə kompleks tədqiqatlar aparılmalı, ayrı-ayrı dövrlərdə Azərbaycan psixologiyasının səciyyəvi inkişaf xüsusiyyətləri araşdırılmalıdır. Psixologiya tarixi üzrə kadr həddindən artıq azdır. Bu sahəyə də diqqət artırılmalı, aspirantura yolu ilə yüksək ixtisaslı kadr hazırlanmalıdır. Güan edirik ki, gələcəkdə bu sahəyə xüsusi diqqət yetiriləcək və həmin boşluğun doldurulmasında Azərbaycan psixoloqları səy göstərəcəklər. Bütün bunları nəzərə alaraq biz elmi-nəzəri və praktiki əhəmiyyətini və həmin sahədə olan çatışmamazlığı doldurmaq üçün Azərbaycanda psixolgiya elminin inkişaf tarixini tədqiq etməyi qarşıya məqsəd qoymuşuq.



Kitabi-Dədə Qorqud” dastanlarında psixoloji fikrin inkişafı
Etnik-milli xarakterlərin mahiyyəti haqqında söz açmazdan əvvəl xarakter anlayışının psixoloji məzmununa nəzər salmaq vacibdir. Çünki insanlar həmişə bir-birinin xarakterinə böyük əhəmiyyət verir, özlərinin davranış və rəftarında biri digərinin xarakterini nəzərə almağa çalışır. «Yaxşı adam», «pis adam» haqqında etalon stereotiplər nə qədər ümumi olsa da, onların əsasını insan xarakterləri haqqında təsəvvür və mülahizələr təşkil edir. «Qonşun pisdir, köç qurtar» kimi atalar sözlərində, əslində, xalqın insan xarakterləri haqqında təsəvvürləri öz əksini tapmışdır. Təsadüfi deyildir ki, bütün dövrlərdə başqa adamı tanımaq, onun xarakterini müəyyən etmək psixoloji məharətin, insan sərrafı olmağın əsas əlaməti hesab edilmişdir. Buna görə də qədim zamanlardan başlayaraq xarakter problemi filosofların, əxlaq nəzəriyyəçilərinin, şair və digər sənət adamlarının, həkimlərin, pedaqoqların diqqətini daima özünə cəlb etmişdir. Əslində xarakter məsələsi insanların bir-birini tanıması, başa düşməsi, başqa sözlə, ünsiyyət və münasibət problemi idi. Bu mənada xarakter şəxsiyyətin ən başlıca fərdi-psixoloji xüsusiyyəti hesab olunur. Lakin xarakter öz psixoloji məzmununa görə həmin psixi xüsusiyyətlərdən fərqlənir. Məsələn, biz qabiliyyətdən danışanda əsasən insanın öz işini, fəaliyyətini necə və hansı səviyyədə yerinə yetirməsi, yaxud ümumən yaradıcılıq imkanları haqqında fikir yürüdürük. Xarakterdən danışanda isə insanın davranış və rəftarında özünü göstərən mühüm xüsusiyyətlərə diqqət yetiririk. Gəlin, Azərbaycanın xalq şairi Səməd Vurğun haqqındakı xatirələri yada salaq. Xatirələrin hamısında böyük sənətkar çox xeyirxah və humanist insan kimi təsvir olunur. Şair bir hilda çouşaqlı kasıb ananın evini təmir etdirir, başqa bir halda istedadlı bir gənc şairə maddi yardım göstərir, üçüncü halda başqa bir xeyirxah iş görür və s. Yəni o, həmişə və hər yerdə başqa adamlara təmannasız kömək göstərəndə özünü əsl xoşbəxt insan hesab edirdi. Deməli, xeyirxahlıq, insanlara qarşı həssas münasibət, yəni yüksək humanistlik şairin xarakter əlaməti idi. Əgər hər hansı bir adam ömründə bir dəfə xeyirxahlıq etmişdirsə, biz ona xarakter əlaməti deməyəcəyik. Xeyirxahlıq yalnız davamlı xüsusiyyət kimi özünü göstərəndə bu və ya digər adamın xarakter əlamətinə çevrilir. Xarakter əlamətləri ancaq bu zaman müəyyən bir adam üçün tipik olan davranış tərzini şərtləndirən, fəaliyyət və ünsiyyətdə əmələ gələn və təzahür edən davamlı fərdi xüsusiyyətlərin məcmuyu nəzərdə tutulur. Yəni insan xarakteri daha çox onun münasibətlər sistemindən asılıdır və həmin münasibətlərin məzmun və mahiyyətindən asılı olaraq onun əsas xarakter əlamətləri özünü biruzə verir. Elə ona görə də çox rəngarəng olan xarakter əlamətləri insanların münasibətlərinin səciyyəsinə görə, başqa sözlə, münasibətlərinin məzmun və istiqamətinə görə təsnif edilir. Bu cəhətdən ilk növbədə başqa adamlara, qrup və etnoslara, xalqlara, millətlərə münasibətləri ifadə edən xarakter əlamətləri ayırd edilir. İkincisi əməyə, öz fəaliyyətinə, eləcə də başqa adamların əməyinə, zəhmətinə münasibəti ifadə edən xarakter əlamətləridir. Üçüncüsü, insanın özünə münasibətini ifadə edən xarakter əlamətləri: təvazökarlıq, lovğalıq, müştəbehlik, özündənrazılıq, şöhrətpərəstlik və s. göstərir. Dördüncüsü, şeylərə (əşyalara) münasibəti ifadə edən xarakter əlamətləri: (səliqəllik, pintilik, qayğıkeşlik və s.) fərqləndirilir. Bunların hamısı əsasən fərdi xarakter əlamətlərini əks etdirir. Lakin bir cəhət nəzərdən qaçırılmamalıdır ki, bu əlamət və keyfiyyətlərin hamısı bir-biri ilə üzvi surətdə əlaqədardır və bir-birini şərtləndirir. Məsələn, müəyyən olunmuşdur ki, özünə hörmət etməyən adam başqalarına da hörmət etmir. «Xalçasalan özü oturar»- atalar sözünün dərin psixoloji mənası vardır. Bu, o deməkdir ki, biz insanın başqa adamlara münasibətini ifadə edən xarakter əlamətlərinin özünün-özünə münasibətini ifadə edən xarakter əlamətləri ilə və əksinə, insanın özünə münasibətini ifadə edən xarakter əlamətləri ilə qarşılıqlı əlaqədə təhlil etməliyik. Xarakterin digər əlamətləri haqqında da eyni sözləri demək olar. İnsanın xarakterinin bütövlüyündən danışanda, adətən, bu cəhəti-xarakter əlamətlərinin qarşılıqlı əlaqədə olmasını nəzərə alırlar. Xarkter əlamətləri və ya ümumən insan xarakteri: yaxşı və ya pis, möhkəm və ya zəif, sabit və ya dəyişkənlik xüsusiyyətlərinə görə də fərqləndirilir. Lakin bu meyarlar əsasən nisbi xarakter daşıyır. Belə ki, burada xarakterin hansı cəhətdən yaxşı və ya pis olması, kimin nöqteyi-nəzərindən möhkəm və ya dəyişkən olması məsələsi ön plana keçir. Qarşıya qoyulan problemin həlli ilə əlaqədar olaraq xarakter əlamətlərinin bir bölgüsü diqqəti xüsusi olaraq cəlb edir. Yəni xarakter əlamətlərinin fərdi və tipik əlamətlər olmaq üzrə iki yerə bölünməsi etnik-milli xarkterlərin təşəkkülünün mexanizmini başa düşmək və onu izah etmək üçün xüsusi əhəmiyyət kəsb edir. Bir tərəfdən qeyd edirik ki, xarakter şəxsiyyətin fərdi psixoloji xüsusiyyətidir və hətta bunun səbəbini də izah etməyə çalışırıq. Yəni belə bir cəhəti əsas götürürük ki, hər bir adamın həyat yolunda, həyat şəraitində və fəaliyyətində, aldığı təlim-tərbiyə sistemində, özünün dərketmə səviyyəsinə, müsbət cəhətlərinə, nöqsan və çatışmazlıqlarına münasibətdə özünü göstərən fərdi (özünəməxsus) cəhətlərin təsiri ilə onda müxtəlif fərdi xarakter əlamətləri formalaşır. Bu cəhət əsasən insanın mikromühiti ilə təyin olunur. Amma bununla yanaşı olaraq eyni cəmiyyətdə, sosial mühitdə yaşayan insanların ümumi, tipik xüsusiyyətləri, başqa sözlə, tipik xarakter əlamətləri formalaşır. Xarakterin tipik və fərdi əlamətlərini şərtləndirən başlıca amillər kimi, makro və mikro mühit terminlərindən istifadə edilir. həmin cəhətlər nəzərə alındıqda belə, xarakterlərin fərdi və tipik əlamətlərinin yenə də mühitdən asılı olaraq eyni anlamda başa düşülməsi düzgün olmazdı. Belə ki, makromühitdə fərdi, mikromühitdə isə tipik xarakter əlamətləri (və ya əksinə) formalaşa bilər.

Bunun üçün tipiklik anlayışının psixoloji məzmununa diqqət yetirmək zəruridir. Belə ki, tipiklik dedikdə, bir halda bir sıra səciyyəvi, ümumi, mühümi, mühüm əlamətlərin bir insanın simasında cəmləşməsi və onun rəftarında, davranışında təzahürü nəzərdə tutulur (ədəbiyyatşünaslıqda bunu tipikləşdirmə, yəni tipik şəraitdə tipik xarakterin yaradılması adlandırırlar). İkinci anlam isə müəyyən zümrə, qrup, etnos və ya xalq üçün ümumi olan cəhətlərin ifadəsi kimi etnik və ya milli xarakterin mövcudluğu ilə bağlıdır. «Kitabi-Dədə Qorqud» dastanlarında etnik xarakter məsələləri şərh edilərkən qeyd edilir ki, etnik xarakter etnik psixologiyanın mühüm tərkib hissəsidir, çünki o, etnik simanı müəyyən edən başlıca ünsürlərdən biridir. Etnik xarakter dedikdə ayrıca bir fərddən asılı olmayan, ümumiləşmiş psixoloji keyfiyyət, etnosun hər bir üzvünün davranış və rəftarında, münasibətlər sistemində bu və ya digər dərəcədə təcəssüm edən psixi xüsusiyyət başa düşülür. Təsədüfi deyildir ki, «etnik xarakter» və ya «milli xarakter», «psixi sima» anlayışı ilə sinonim kimi işlədilir. «Psixi sima» anlayışı etnosa, yaxud bu və ya digər xalqa məxsus sabit psixi xüsusiyyətlərin məcmuyu, yəni sabit etnik-psixioloji hadisə olub, adamların psixi həyatının dəyişkən müxtəlifliyində nisbi dəyişməzliyi ifadə edir. Elə etnik xarakterin də başlıca cəhəti həmin nisbi dəyişməzliyi, nisbətən ümumi və sabit ünsürləri əks etdirməsindədir. Xüsusən də bu anlayışlar güzəran psixologiyası səviyyəsində daha da yaxınlaşdırılır və çox zaman məhz sinonim kimi işlədilir. «Dədə Qorqud» dastanlarında da öz əksini tapan etnik xarakter əlamətləri ümumən oğuz etnosunun «psixi siması»nın aynası kimi çıxış edir. Çünki etnik (milli) xarakter hər hansı etnik ümumiliyin ayrı-ayrı nümayəndələrinə nisbətən, sosial qrupda və ya etnik birlikdə daha güclü şəkildə təzahür edir. Yəni etnik xarakter hər bir şəxsiyyət üçün tipik davranış tərzini şərtləndirən, fəaliyyət və ünsiyyətdə təşəkkül və təzahür edən davamlı fərdi xüsusiyyətlərin məcmuyuna çevrilən etnik-psixoloji xassə olur. Buna görə də xalqa məxsus zəngin folklor materiallarında, xüsusən də dastanlarda etnik xarakter daha çox etnik xüsusiyyətləri öz davranış və rəftarında büruzə verən «modal şəxsiyyətlərin» simasında əks etdirilir. Bu da təsadüfü deyildir. çünki bədii ədəbiyyatın obrazları milli-tipik əlamətləri daha dərindən və hərtərəfli əhatə edir və həmin obrazları onların dinamikasında və sosial tarixi kontekstdə araşdırmaq çox şeyi verir. Bədii ədəbiyyat, xüsusən də tarixi eposlar etnik və milli tiplərin müxtəlifliyini, onların tarixi tipoloji təbiətini, tarixi inkişaf xüsusiyyətlərini açıb göstərir. Etnik (milli) xarakter əlamətləri müəyyən etnik ümumilik üzvlərinin davranış və rəftarında, hərəkətlərində üzə çıxır və bu etnik ümumiliyin həyat tərzinin ictimai-iqtisadi, siyasi inkişafının xüsusiyyətlərini əks etdirir. Sonra görəcəyimiz kimi «Kitabi-Dədə Qorqud»dakı oğuzların timsalında bütün bunlar aşkar surətdə nəzərə çarpır. Oğuzların etnik-psixoloji xüsusiyyətləri etnik xarakterin xüsusi təzahürü kimi qonaqpərvərlikdə, əliaçıqlıqda, sədaqətdə, igidlikdə, dözümdə və s. daha dolğun şəkildə üzə çıxır. Oğuz elinin başçısı «xanlar xanı» Bayandır xan ildə bir dəfə böyük şadlıq məclisi qurur, «atdan ayğır, dəvədən buğra, qoyundan qoç qırdırır», qonaqlıq edirdi. Əksi zamanlardan oğuzlarda belə bir inam vardır ki, əliaçıqlıq, səxavət yüksək mədəniyyətdir. Övlad arzusunda olan Dirsə xan da böyük bir qonaqlıq təşkil edir, ehsan verir, ac gördükdə doyurur, çılpaq gördükdə geyindirir, borclunu borcundan qurtarır. Bu, oğuzlar üçün səciyyəvi haldır, əliaçıqlıqda, səxavətdə təzahür edən etnik xarakter əlamətidir. Oğuzların qonaqpərvərliyinin əsasında mənəvi tələabatlar, müvafiq sosial, psixoloji motivlər, sərvətlər durur. Bu meyllər oğuzların yüksək mənəvi keyfiyyətlərini müvafiq şəkildə üzə çıxarır. Oğuzlar üçün tipik olan bu əlamət-qonaqpərvərlik, səxavət onların mənəvi simasının güzgüsüdür. Sanki həyat düsturuna çevrilmiş bu psixoloji xarakteristikanı Dədə Qorqud belə ifadə edir: «Qonağı gəlməyən böyük evlər yıxılsa yaxşıdır». Oğuzların zəngin, rəngarəng mənəvi-psixoloji xüsusiyyətləri ümumi xarakter əlamətlərində daha parlaq şəkildə təzahür edir. Oğuzlar cəsur, igid, qorxmaz, çalışqan, qarşıya qoyduqları məqsədə çatmaqda inadkar və qətiyyətlidirlər. Soruşula bilər: Azərbaycan xalqının əcdadları olan oğuzlarda belə müsbət xarakter əlamətlərinin olması özünü aydın surətdə göstərdiyi halda, nə üçün bizim dövrümüzdə, eləcə də ümumən XX əsrdə xalqımızda bəzi mənfi xüsusiyyətlər özünü aydın surətdə büruzə verir? Millət, xalq köklü surətdə dəyişmişdir, yoxsa bunun başqa səbəbləri vardır? Nə üçün oğuzlara bu və ya digər qonşu etnos hücum etdikdə onların hamısı asanlıqla birləşir, qadınları da silaha sarılır, öz ərləri ilə birlikdə düşmənə qarşı amansız mübarizə aparırlar, amma bizim günlərdə bütün xalq bunu .zünə müqəddəs borc bilmir, hətta ayrı-ayrı gənclərimiz döyüş meydanında öz silahlarını belə, düşmənə qoyub qaçırlar? Əgər qədim oğuzlarda yetim doyuzdurmaq, ac-çılpaq adamları, xüsusən də uşaqları geyindirmək böyük şərəf, insanlıq borcu, vacib xarakter əlaməti sayılırdısa, bəs nə üçün bizim günlərdə yetimlərin, qaçqın və didərginlərin payını əlindən alıb iştahla yeyən, ona xüsusi göz dikən vəzifəli şəxslərimiz, getdikcə artır?! Hansı şəraitdə bu cəhət formalaşmışdır və nə üçün XX əsrin əvvəllərindən başlayaraq C.Məmmədquluzadə, M.Ə.Sabir və digər görkəmli sənətkarlar xalqımızın etnik, psixoloji xüsusiyyətlərində, o cümlədən etnik milli xarakterimizdə özünü aydın surətdə biruzə verən və bir sıra adamlarda ifrat həddə varan fərdiyyətçilik, şəxsi mənafeyi hər şeydən üstün tutmaq, tez təsirə qapılmaq, yaltaqlıq, mütilik, öz mənliyini, ləyaqətini qoruya bilməmək, məsuliyyətsizlik, vətənin, millətin taleyinə biganəlik kimi naqisliklərə qarşı kəskin mübarizə aparmışlar? Həmin suallarla əlaqədar olaraq, iki cəhət xüsusi qeyd edilməlidir. Əvvəla, tarixi şəraitin, sözün geniş mənasında, sosial mühitin dəyişməsi ilə etnik milli xarakterlər də müəyyən təbəddülata uğraya bilir. Yəni orada bir sıra dəyişikliklər baş verir. Bunu hər bir etnosun, xalqın və ya millətin tarixi təcrübəsi aydın göstərir. İkinci tərəfdən, belə bir dəyişikliyin məzmun və istiqaməti müəyyən dərəcədə etnosun özünün öz taleyinə, o cümlədən öz xarakter əlamətlərini münasibətindən asılıdır. Yəni xalq, millət hansı (müsbətmi, mənfimi) cəhətlərə rəvac verir, onu inkişaf etdirir məsələsi etnik milli xarakter əlamətlərinin formalaşmasında mühüm rol oynayır. Bu mülahizələrlə əlaqədar olaraq, alman filosofu İ.Kantın bir fikrini xatırlatmaq istərdim. İ.Kanta görə, insan iki aləmə mənsubdur. Təbiətə mənsubluq baxımından «təbiət insanı dəyişir», mənəviyyat cəhətdən azadlığına görə isə «insan özü-özünü dəyişir». Bir sıra hallarda ayrı-ayrı etnosların, xalqların, millətlərin etnik milli xarakterindəki müəyyən əlamət və keyfiyyətlər onların yaşadıqları təbiətin xüsusiyyətini, iqliminin məxsusi cəhəti ilə izah edilir. sərt təbiətli iqlimdə yaşayanların soyuq, sərt xarakterə, qızğın iqlimdə yaşayanların qızğın xarakterə malik olması ideyası həmin mülahizə ilə bağlıdır. Etnik münaqişələrin müxtəlif regionlarda kəskinləşdiyi indiki dövrdə onların səbəbini, onlara təsir göstərən xarici və daxili amilləri başa düşmək və aradan qaldırmaq yollarını müəyyən etmək üçün yalnız nəticəni öyrənməyə deyil, həm də belə bir nəticəyə gətirən səbəb və proseslərin psixoloji təhlilinə, yəni ayrı-ayrı etnosların sosial və ya etnik stereotip və yönümlərinin də xarakterinə diqqət yetirmək vacibdir. Sosial stereotip bəzən müsbət, bir sıra hallarda isə mənfi rol oynaya bilər. Yəni sosial stereotip bir sıra hallarda subyekt tərəfindən sosial gerçəkliyi dərk etməyə, onu qiymətləndirməyə köməklik göstərir, çünki dəyişən şəraiti ətraflı dərk etmək, ona dəqiq reaksiya göstərmək mümkün olmadığı halda, mövcud fikir və mülahizələrə istinad etmək «idraka qənaət prinsipi» nöqteyi-nəzərdən əhəmiyyətlidir. Düzdür, bir sıra hallarda sosial stereotiplər subyektin qavrayışının düzgünlüyünə və dəqiqliyinə xələl gətirə bilir, yəni «hazır mülahizələrə, təsəvvürlərə» əsasən gerçəkliyi əks etdirmək və qiymətləndirmək qeyri-adekvatlığı ilə də diqqəti cəlb edir. Başqa sözlə, sosial stereotiplə qavranılan, dərk edilən obyekt haqqında məhdud informasiyaların olması şəraitində, xalq ifadəsi ilə deyilsə, başqalarını yaxşı tanımadan onun haqqında fikir yürütmək, onu bu və ya digər nöqteyi-nəzərdən qiymətləndirmək səhv nəticələrə də gətirib çıxara bilər, hətta mühafizəkar, bəzən də mürtəce səciyyə daşıya bilər. Odur ki, sosial stereotipin həqiqi və yanlış olması konkret şəraitin və faktların təhlili əsasında təyin edilə bilər. Bir cəhət də nəzərə alınmalıdır ki, istənilən sosial stereotip bir halda həqiqi olarsa, başqa halda tamamilə yanlış, hətta yalan ola bilər. Yəni o, şəxsiyyətin ətraf mühitdə öz mövqe və istiqamətini təyin etmək üçün səmərəsiz və ya əlverişsiz yol seçə bilər. Deməli, burada stereotipləşdirmə adekvat şəkildə baş verməmişdir. Psixoloji cəhətdən stereotipləşdirmə oxşar əlamət və keyfiyyətləri hər hansı sosial qrupun və ya etnik birliyin bütün üzvlərinə aid etməkdə özünü biruzə verir. Sanki bu halda onlar arasında heç bir fərq qoyulmur və belə bir fərqin olması hətta kifayət qədər aydın dərk edilmir.
Yüklə 219,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə