Süni intellekt yaxud idrakımızın zirvəsi



Yüklə 197,31 Kb.
səhifə1/3
tarix26.09.2017
ölçüsü197,31 Kb.
#1785
  1   2   3

Süni intellekt yaxud idrakımızın zirvəsi
Ali təhsil aldığım dövrdə də, bu gün aspirant olduğum bir vaxtda da bizə elmi klassikcəsinə, olduğu kimi qavramağı aşılayıblar. Klassik elmi metodologiya, klassik elmi üsullar, bir sözlə elmi klassika həmişə yadımızda olub.

Lakin bir həqiqəti danmaq olmaz ki, məhz klassik elmi üsulların (klassik riyaziyyat, fizika, kibernetika və s.) köməyi ilə insan Aya uçub, kompüter yaradıb, astronomik cədvəllər, atom və hidrogen silahları düzəldib. Lakin bu gün o qədər vacib məsələlər var ki (gələcəkdə də olacaq), onların həllində bu klassika bir qədər ləngiyir. Bu gün artıq bəşəriyyəti daha çox invariant idarəetmə sistemlərinin nəzəriyyəsi və tətbiqi, süni intellekt üsullarının, ekspert sistemlərin yaradılması, idarəetmə proseslərinin intellektuallaşdırılması, qeyri-səlis məntiq, qeyri-səlis neyron sistemlər və s. daha çox düşündürür. Real həyatda qərar qəbuletmə və idarəetmə məsələlərini həll edərkən mövcud qeyri-müəyyənlik nəzərə alınmalıdır. Amma necə?1960-cı illərə kimi idarəetmə və qərar qəbuletmə nəzəriyyələri tam müəyyənlik şəraiti üçün yaranmışdı. Yəni insan müəyyən bir şəraitdə qərar qəbul etmək istəyirsə, o şəxsdə həmin şərait və şəraitin gələcəyi haqqında 100 faizlik məlumat olur. Və yaxud təyyarə uçan zaman ona külək təsir edir, biz o küləyin hansı qanunla, hansı sürət və istiqamətdə əsməsi barədə tam informasiyaya malik oluruq. Lakin real həyat məsələlərində tam informasiya heç vaxt olmur. Bu və ya digər dinamik sistemə təsir edən faktorlar (həyəcanlandırıcı təsirlər) barədə informasiyamız cüzidirsə, elə idarəetmə qanunu tapmaq lazımdır ki, idarə olunan sistem həmin həyəcanlandırıcı təsirlərdən asılı olmasın, başqa sözlə, sistem invariant olsun. Mütəxəssislərin fikrincə artıq klassik idrak, klassik elmi üsullar öz əvvəlki qüdrətini itirib. Onların fikrincə, bir dildən başqa dilə tərcümə problemi, persepsiya əsasında ətraf mühitin qavranılması problemi, canlıların sərbəstlik dərəcəsinə və çevikliyinə (ilanın sərbəstlik dərəcəsi sonsuzdur) malik olan robotların yaradılması, lazımi adekvatlığa malik olan iqtisadi modellərin yaradılması və s. klassik elm, o cümlədən klassik riyaziyyat tərəfindən həllini tapa bilməzdi. Çünki klassik riyaziyyat deterministik riyaziyyatdır. Qeyri-müəyyənliyi nəzərə ala bilmir. Yeni elmi və fəlsəfi yanaşma tələb olunur. Bax, belə bir yanaşma hesablama intellekti yanaşmasıdır. Hesablama intellekti isə süni intellekt və onun daha inkişaf etmiş formasıdır.Süni intellekt (ing. Artificial intellegence)- informatikanın hesablama sistemələri və digər süni qurğuların köməyi ilə fikir və hadisələrini təminat imkanlarını öyrənən şöbəsidir. Süni intellekt dedikdə insanın proqramlaşdırılmış şəkildə, süni yollarla yaratdığı və digər köməkçi vasitələrlə üzə çıxan qeyri-ənənəvi intellekt, alışmadığımız bir idrak kateqoriyası başa düşülür. Məsələn, insan robot yaradır və onun bəşər övladına adekvatlığından bəhs edir. Robot insana çay gətirirsə və yaxud bir neçə sualın cavabını verirsə bu hələ süni intellekt deyil, bu sadəcə həmin robotun proqramlaşdırılmadan irəli gələn funksiyalarıdır. Süni intellektə malik robotsa insanın əsəbi olduğunu görüb artıq hərəkətlərə, yersiz “söhbətə” yol verməyən robotdur (hələlik belə bir süni varlıq yaradılmayıb). Və yaxud başqa bir misal. Adi kalkulyatorlar insanın imkanları xaricində olan riyazi hesablamaları bir neçə saniyədə həll edir. Lakin bu o demək deyil ki, hər hansı bir kalkulyator insandan “ağıllıdır”. Sadəcə, həmin hesablamalar insan tərəfindən yaradılan proqram təminatı əsasında verilən əmrləri yerinə yetirir. Son illər dünya ölkələrində olduğu kimi, Azərbaycanda da, soft kompütinq, hesablama intellekti məsələlərinə diqqət artırılıb, bu sahədə sanballı elmi tədqiqtlar meydana gəlib. Professor Lütfi Zadəni və Rafiq Əliyevi isə bu sahənin öncülləri kimi qəbul edirlər. Məsələn, R.Əliyevin invariantlıq nəzəriyyəsi sahəsindəki işləri neft emalı, neftkimya sənayesi, intellektual robotlar sahəsindəki işləri metallurgiya və əlvan metallar sənayesində, elmi əsaslarını yaratdığı böyük sistemlərdə koordinasiya nəzəriyyəsi müxtəlif iqtisadi və istehsal sistemlərinin qurulmasında, süni intellekt, hesablama intellekti, soft kompütinq sahəsindəki nəticələri neftçıxarma, neftemalı, təbabət, təhsil, konfliktologiya, biznes, iqtisadiyyat sahələrində, ALİ-1, ALİ-2, ALİ-3 məntiqləri isə kosmik obyektlərdə tətbiq olunub. Coğrafiya baxımından bu tətbiqlər Azərbaycan, Rusiya, Özbəkistan, Ukrayna, Almaniya, İran, Türkiyə, Bolqarıstan və s. ölkələri əhatə edib. ALİ-1, ALİ-2, ALİ-3 məntiqlərinin yeniliyi ondadır ki, onlar qeyri-müəyyənlik şəraitində insan təfəkkürünü, nəticə çıxartmaq mexanizmini başqa məntiqlərə nisbətən daha dəqiq və dürüst yazır. (Aristotel məntiqi ikili (binar) məntiqdir, qeyri-müəyyənliyi, ümumiyyətlə, nəzərə almır). 1996 və 1999-cu illərdə Rusiyanın strateji təyinatlı raket qoşunları hərbi akademiyasının alimləri eksperimental yolla bu üç məntiqin başqa məntiqlərdən üstünlüyünü isbat etmiş və onlar strateji səma obyektlərinin idarəolunmasında və diaqnostikasında istifadə olunmuşdur. Alimin sonrakı elmi işləri postmodern hesablama və informasiya texnologiyalarının sinerjisinə (qovuşmasına ) əsaslanan və əsası dövrümüzün ən böyük elm dühası olan professor Lütfi Zadə tərəfindən qoyulan soft komputinq və sözlə hesablama (ədədlə yox, sözlə) nəzəriyyələrinin və texnologiyalarının yaranmasına və inkişafına həsr olunub. Artıq bir neçə ildir ki, “Zadə irsi və süni intellekt” Assosiasiyası fəaliyyət göstərir. Bu assosiasiya indi əsasən iki istiqamətdə iş aparır. Birincisi, qeyri-səlis məntiq, soft kompütinq, hesablama intellekti, sözlə və persepsiya ilə hesablama sahəsində hər il beynəlxalq konfranslar və simpoziumlar təşkil edir. Bu günə kimi Almaniya, İran, Türkiyə, İtaliya, İspaniya və başqa ölkələrdə 10-dan çox belə konfranslar təşkil olunub. İkincisi, Azərbaycanda assosiasiyanın daimi elmi seminarları keçirilir ki, bu seminarlarda dünyanın, o cümlədən Azərbaycanın sanballı alimləri aldıqları orijinal elmi nəticələrlə çıxış edirlər. Bildiyimiz kimi, süni intellektin ən bariz nümunəsi olan beşinci nəsil kompüterlər qeyri-səlis məntiqə əsaslanır. Qeyri-səlis məntiq R.Əliyev tərəfindən obrazlı şəkildə belə izah olunur: Aristotel məntiqi ilə mühakimə yürüdən beyin dünyanı yalnız ağ və ya qara rəngdə qavrayır, Zadə məntiqi isə dünyanı bütün çalarları ilə qavramağa imkan verir. Çünki Aristotel məntiqi ikili məntiqdir, Zadə məntiqi çoxmənalı (kəsilməz qiymətli) məntiqdir. Aristotelə görə, bir müddəa ya doğru, ya da yalan ola bilər. Zadəyə görə, hər bir müddəanın doğruluq dərəcəsi doğru və ya yalan arasında (və ya sıfırla bir arasında) kəsilməz qiymətlər alır. Zadə məntiqində real həyatı daha dürüst inikas etmək qabiliyyəti var, bu məntiqdə tolerantlıq daha çoxdur. Aristotel məntiqinə görə, bir adam ya dostdur, ya düşmən. Zadə məntiqinə görə, dostla düşmən münasibətləri arasında sonsuz sayda münasibət dərəcəsi var (məsələn, neytral, çox yaxın dost və s.). Formal məntiqi dildə desək, Zadəyə görə, sıfır ilə bir arasında çoxlu rəqəmlər var, Albert Eynşteyn fizikada inqilab etdi, klassik mexanika ilə kvant mexanikasının sərhədini göstərdi. Lütfi Zadə alternativ riyaziyyat (qeyri-səlis riyaziyyat) yaratdı. Elmin dili, qeyri-müəyyənlik ölçüsü dəyişdiyindən qeyri-səlis fizika, qeyri-səlis kimya, qeyri-səlis riyaziyyat və başqa qeyri-səlis elmlər yarandı. Bu gün qeyri-səlis məntiq sahəsində 50-dən çox elmi curnal nəşr olunur, hər il 100-dən çox beynəlxalq konfrans və simpoziumlar keçirilir.

İntelektual sistem anlayışı və onun mahiyyəti

Bu gün intellektual texnologiyaların mərkəzi paradiqması biliklərin emalıdır. Nüvəsi biliklər bazası (BB) və ya tədqiqat sahəsinin modeli olan, təbii dilə yaxın yüksək dil səviyyəsində təsvir olunan sistemlərə intellektual sistemlər deyilir.

Belə yüksək dil səviyyəsini biliklərin təqdimolunma dili (BTD) adlandıracayıq. Ən çox intellektual sistemlər (İS) ixtisas sahiblərinin zəif biliklərinin və informasiyanın məntiqi emalının hesablamadan üstün olduğu çətin məsələlərin həlli üçün tətbiq olunur. Məsələn, təbii dilin başa düşülməsi, çətin vəziyyətlərin həllinə dəstək, müalicə metodu ilə diaqnozun qoyulması və məsləhət, vizual informasiyanın analizi, dispetçer pultlarının idarəsində və s.

 Hal-hazırda iqtisadiyyatın ayrı-ayrı sahələrində avtomatlaşdırılmış informasiya sistemlərinin hazırlanması və tətbiqi üzrə böyük təcrübə yığılmışdır. Bu təcrübə belə sistemlərin biliklərə əsaslanan intellektuallığını artırmaqla tətbiq sahəsinin effektivliyini artırmağa imkan verir. Və təsadüfi deyil ki, intellektual sistemlərin nəzəriyyəsi və təcrübəsi sahəsində araşdırmaların sayı durmadan artır.

 Təbii dilin və neyron hesablayıcı sistemlərin emal sistemləri olan intellektual sistemlər və onun bir hissəsi olan ekspert sistemlərin məhsuldarlığı zaman keçdikcə yüksəlir və çətin məsələlərin həlli asanlaşır. Onlar həm də informasiya axını tam olmayan və “qeyri-səlis” olduqda kömək kimi çıxış edirlər. İntellektual sistemlər ayrı və ya digər informasiya sistemləri ilə inteqrə olunmuş şəkildə istifadə oluna bilərlər.

 İntellektual texnologiyaların və informasiya sistemlərinin inteqrasiyasının hiss edilən effektivliyi müxtəlif problemlərin həllində vacib anlam kəsb edir. İntellektual sistemlərin tətbiqinin iqtisadiyyat və biznesdə perspektiv sahələri aşağıdakılardır:


  • İstehsalın idarə edilməsi;

  • İstehsal və firmadaxili planlaşdırma və proqnozlaşdırma;

  • Marketinq və satışın idarə edilməsi;

  • Maliyyə menecmenti;

  • Risk-menecment;

  • Bank sahəsi;

  • Ticarət;

  • Fond birjası.

 Ümumiyyətlə, intellektual sistemlər daha çox marketinqdə, bazarın seqmentləşdirilməsi və marketinq proqramlarının istehsalı üçün istifadə olunur. Həmçinin intellektual sistemlər bazarın seqmentləşdirilməsinin müəyyən edilməsi üçün bank işində də işlənilir. Neyron şəbəkələr isə valyuta bazarlarında səhm kotirovkalarının proqnozlaşdırılması üçün istifadə olunur. Ekspert sistemlər isə firma üçün personalın seçilməsi və strateji qərarların qəbul edilməsi üçün tətbiq edilir.

 İntellektual sistemlərin təsnifləşdirilməsi. İntellektual sistemlər müxtəlif əlamətlərə görə təsnifləşdirilir:

 Qurğuya görə intellektual sistemlər neyron şəbəkələr və ekspert sistemlərə bölünür. Neyron şəbəkələrin və ekspert sistemlərin qurulması müxtəlifdir.

Tətbiq olunma sahəsinə görə intellektual sistemlər iqtisadi məsələlərin həllinə yönələn, marketinq tədqiqatları üçün hazırlanan və hüquqşünaslıqda qərarların qəbul edilməsi üçün nəzərdə tutulan sistemlərə bölünür.

Məsələlərin həllinə görə intellektual sistemlər məsləhət verən, test edən, diaqnostika edən və s. sistemlərə bölünür.

Hal-hazırda faktiki intellektual sistemlər demək olar ki, bütün sahələrdə istifadə olunur. Hələ 1989-cu ildə ABŞ-da süni intellektin proqram və aparat vasitələrinin satışından əldə olunan illik gəlir 870 milyon dollar, 1990-cı ildə isə bu rəqəm 1,1 milyard dollar təşkil etmişdir. Sonralar gəlirin 30 faizlik artımı daha da artan templərlə dəyişmişdir.

İntellektual sistemlərin ən çox yayılan növü ekspert sistemlərdir. Ekspert sistemlər spesifik “ekspert” sahələrində mütəxəssislərin empirik təcrübəyə malik olmağı vacib və olduqda effektivdir.

Təkcə ABŞ-da 90-cı illərin əvvəllərində ekspert sistemlərin hazırlanmasından əldə olunan illik gəlir 300-400 milyon dollar, tətbiqindən isə 80-90 milyon dolllar təşkil etmişdir. Hər il iri müəssisələr daxili istifadə üçün “in-hause” tipli onlarla ekspert sistemlər hazırlayırlar. Bu sistemlər müəssisənin əsas və strateji vacib məsələlərində mütəxəssislərin təcrübəsini birləşdirir. 90-cı illərin əvvəllərində yeni bir elm – korporativ biliklərin emalı və idarə edilməsi metoduna yönəlmiş “biliklər menecmenti” (knowledge management) elmi yarandı.

Müasir ekspert sistemlər daha aşağı təcrübəyə malik mütəxəssislərin konkret tədqiqat sahəsinə aid məsələlərin həllində köməklik edən mürəkkəb proqram kompleksləridir. İntellektual sistemlərin inkişaf edən sahəsi olan ekspert sistemlər ənənəvi riyazi model metodları ilə həll olunmayan elm və texnikanın müxtəlif sahələrində informasiyanın emalı üçün nəzərdə tutulub. Bu sahələrdə informasiyanın məntiqi emalı və ekspertlərin təcrübəsi vacibdir. Ekspert sistemlərin tətbiqini vacib edən bir neçə şərt vardır:


  • başqa işçilərə kömək üçün mütəxəssis çatışmazlığı;

  • kiçik məsələlərin həlli mütəxəssislərin çoxsaylı kollektivini tələb edir ki, bu mütəxəssislər də lazımi qədər biliklərə malik deyillər;

  • məhsuldarlığın aşağı düşməsi bir neçə şərtdən asılı ola bilər ki, bu da adi mütəxəssis tərəfindən ayrılmış vaxtda başa düşülə bilməz;

  • ən yaxşı və ən pis icraçıların məsələləri həll etmələri arasındakı fərqin böyüklüyü;

  • qoyulan məsələlərin həllinin öhdəsindən daha da yaxşı gələn rəqiblərin mövcudluğu.

 Hal-hazırda ekspert sistemlərin olmadığı, ən azından buna cəhd olunmayan sahə yoxdur. Hələ 1987-ci ildə “Intelligent Technologies” (ABŞ) jurnalının istifadəçilərdən götürdüyü sorğusuna görə aşağıdakı nəticələr alınmışdır:

  • 25 % istifadəçilər ekspert sistemlərdən istifadə edir;

  • 25 % istifadəçilər yaxın 2-3 ildə ekspert sistemlərin tətbiqini planlaşdırır;

  • 50 % istifadəçilər istifadənin effektivliyinə görə tədqiqatların aparılmasını üstün tuturlar.

 Ekspert və intellektual sistemlərin digər proqram vasitələrindən fərqi biliklərin tədqiqat sahəsinin mütəxəssisi tərəfindən başa düşülən, ona əlavə və dəyişikliklər edilə bilən formada saxlanılan BB-nin olmasıdır. Bu elə biliklərin təqdimolunma dilidir (BTD).


Yüklə 197,31 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə