Тамбовская областная универсальная научная библиотека



Yüklə 107,66 Kb.
tarix14.06.2018
ölçüsü107,66 Kb.
#48962
növüXülasə

Səbail rayon

Mərkəzləşdirilmiş Kitabxana Sistemi


Mərkəzi Kitabxana

Bakı- 2011

Novruz gülü, qar çiçəyi çıxanda


Daycest

(Ədəbiyyat xülasəsi)







82.3Az


N-84

Tərtibatçı: Kütləvi şöbənin müdiri C.Səmədova


Məsləhətçi: MKS-in direktor müavini R.Əliyeva
Redaktoru: Baş kitabxanaçı S.Səfərova

Novruz gülü, qar çiçəyi çıxanda[Mətn]: Novruz bayramı haqqında tövsiyə ədəbiyyatının icmalı./Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası. – Bakı. – 2006. – 20 s








Mündəricat:
Ön söz ----------------------------------------------------------------------- 5

Kitablar --------------------------------------------------------------------- 6-17

Məqalələr -------------------------------------------------------------------18-20



Ön söz

Hörmətli oxucular!


Yüz illər boyunca tarixin sınaqlarından çıxmış istəkli bir bayramımız var. Novruz bayramı! Bu bayramı bütün il boyu sevərək gözləyir və onu böyük təntənə ilə qeyd edirik.

Sizə təqdim etdiyimiz “Novruz gülü, qar çiçəyi çıxanda” adlı ədəbiyyat icmalımız milli bayramımız olan Novruza həsr edilib. Burada Novruzla bağlı milli adət-ənənələrimizə, əski dünyagörüşümüzə aid edilən kitablar və məqalələrdən xülasələr təqdim olunub.

Bu mövzuya dair ədəbiyyatla kitabxanamızın fondlarından istifadə etməklə tanış ola bilərsiniz.

Ünvanımız belədir: M.Muxtarov 9, Səbail rayon MKS-in Mərkəzi Kitabxanası.

Tel: 492-43-67, e-mail: centrallibfond@mail.ru; http://www.baku-mskf.az






Kitablar
Elçin Muxtar Elxan (Aslanov). Yeddi çərşənbə; Yeddi bayram [Mətn] / E. Aslanov. – Bakı, 2009. – 138 s.

Kitabda milli – mədəni irsimizin tarixi kökləri araşdırılır, Novruza qədərki çərşənbələr, onların məna və mahiyyəti önə çəkilir. Qədim insanlar baharın gəlməsini həmişə səbrsizliklə gözləyiblər. Xalq təbiətin oyanmasına səadət və xoşbəxtlik rəmzi kimi baxaraq, onu xeyrin şər üzərindəki qələbəsi kimi qiymətləndiriblər. Özü ilə sevinc və bərəkət gətirən baharı insanlar böyük bir şadlıqla qarşılayıblar və təntənə ilə qeyd ediblər. Xalqımız bu bayrama Novruz (yeni gün) adı verib və onun gəlişini həsrətlə gözləyərək təzə ilin başlanmasına bir qədər qalmış insana həyat verən dörd ünsürün – Suyun, Odun, Yelin (havanın), Torpağın oyanması, Yerin isinməsi ilə bağlı ayinlər qeyd etməyə başlayıblar.

Kitabda göstərilir ki, ulu babalarımızın əqidəsincə qış fəslinin sərt çovğunlu günlərindən biri, müasir yanvarın 30–da Böyük Çillənin Kiçik Çillə ilə əvəzləndiyi xariqüladə axşamdan başlayaraq Novruza qədərki 50 gün ərzində hər Çərşənbə axşamı asiman açılır və onun ən uca qatından ayrılan ilıq bir nəfəs yer üzünə süzülməyə başlayır. Bu hərarət seli dörd müqəddəs varlıq – Su, Od, Torpaq və Havaya əlavə olaraq “beşinci varlıq” kimi təqdim olunur. İlahi tərəfindən göndərilən, göy və yer üzünə yayılan bu işıq seli bir zamanlar əcdadlarımız tərəfindən insaniləşdirilib Xızır// Xzr adı ilə (türklərdə “xız” – qor, alov, “ir - ər” isə insan deməkdir) çağrılaraq heç vaxt heç kəsə şəxsən canlı şəkildə görünməmiş həqiqətdə olmayan xəyali bir surət kimi bu gün də xalqımızın təxəyyülündə, o cümlədən müxtəlif nağıl və rəvayətlərdə yaşamaqdadır.

Qışın oğlan çağı Kiçik Çillənin onuncu günü “Xızırəlləz günləri”nin babalarımızın təsəvvüründə ulu Dədə Günəş və Təbiətin bir növ “dönüm nöqtəsi” sayılmışdır. Elə bu sərt çovğunlu günlərdə (fevral ayının 6 – 10 arasında) xalqımızın keçirdiyi yazağzı Xızır bayramı ilk növbədə həmin ilıq nəfəsi yer üzünə gətirmək və bununla insanlara sağlıq – salamatlıq aşılamaq niyyəti ilə əlaqələndirilirdi. Xalq təqviminə görə, fevralın 21 – 22 günləri Kiçik Çillə öz yerini Boz Çilləyə verir. Xalq arasında bu Çillənin brinci həftəsi “çilləbeçə”, o biri 21 günü (3 həftə) isə “alaçalpov” adlanır. Çillənin süst, soyuq və su xassəli “Balıqlar” bürcü və “Müştəri // Yupiter” ulduzunun himayəsi altında olan 20 fevraldan 21 mart gününə qədərki təzadlı hakimiyyəti dövrü bütün canlı təbiət qış yuxusundan oyanıb kövrək – kövrək ayaq üstə qalxır. Ən başlıcası isə Boz Çillə özü ilə Novruzu gətirir. Daha dəqiq desək, bu çillənin hakimiyyətinin

son günü ulu Novruza təsadüf edir. Elə buna görə də “Novruz bayramı dörd həftədir” deyirlər.

Boz Çillənin dörd həftəsi ərzində Su, Od, Torpaq və Hava (Yel) varlıqlarının oyanmasına yönəlmiş dörd bayram, dörd doğru Çərşənbə ( onlara “ilaxır çərşənbə” də deyirlər) ulu babalarımız tərəfindən bir – bir qeyd olunub yola salınırdı. Doğru Çərşənbələrin (“ilaxır çərşənbə”lər) ardıcıllığına gəldikdə isə, onlar xalqımızın əski mifik düşünüşünə arxalanırlar. Qısaca desək, bu düşünüşə görə, dünya – aləm ilk öncə nəhəng bir dərya, Böyük Ümmandan ibarət olmuş, onun suları çalxalandıqca, o qızmış və qızdıqca onun bağrından Od – Alov sıçramışdır. Lakin Su ilə Od yola getməyib əlbəyaxa savaşda Su Odu söndürərək onu daşa, Torpağa döndərmişdir. Od isə Suyu qızdırmaqla onun zərrəciklərindən Havanı yaratmışdır. Dörd Doğru Çərşənbəyə hədsiz ümidlər bağlandığı və burada açıq – aşkar ulu novruzun yaxınlaşdığı duyulduğuna görə “Xızırəlləz”in qarılığında, onları Xızır Nəbi bayramları adlandırmışlar.

Mirzə, A., Mehdiyev, İ. Novruz töhfələri [Mətn. Etnoqrafik etüdlər] / Ağalar Mirzə, İntiqam Mehdizadə; red. V. Məmmədov. – Bakı, 1990. – 112 s.
Təqdim olunan bu kitabda milli bayramımız Novruzun xalq yaradıcılığı, folklorumuzda və gündəlik məişət işlərimizdə tutduğu yer haqqında söhbət açılır. Kitabın səhifələrini vərəqləyək və bizə təqdim olunan materialları nəzərdən keçirək.

Qədimdən bu günəcən yaşayan və yaddaşlarda özünə yuva quran Novruz bayramı bu kitabda təkcə etnoqrafik etüdlərlə, adət - ənənələrin zahiri cəhətləri ilə deyil, mili – mənəvi xüsusiyyətləri ilə açılıb göstərilir. Xalqın əsrlərdən axıb gələn düşüncə tərzində, mifoloji təfəkküründə, folklorunda – bədii yaddaşında özünə yer tutmuş Novruz ayinləri kitabın səhifələrində özünə yer ayırmışdır. Kitabı vərəqləyək və bizə təqdim olunan söz xonçasını nəzərdən keçirək:



“Yaz bayramı” adı ilə Novruzun qeyd edilməsi haqqında ilk yazılı məlumat eradan əvvəl 505-ci ildən məlumdur. Novruz bayramından yazan orta əsr müəllifləri göstərirlər ki, hətta şərq ölkələrində islam dini yarandıqdan sonra da bu bayramda yaz əmək ənənələri möhkəm yer tutmaqda idi. Zərdüştün dini təlimində qeyd olunan yeddi bayramın ən təntənəlisi fars mənbələrində “Novruz” adı ilə qeyd olunanıdır. Bu bayramda varlı – kasıb eyni şəkildə, eyni hüquqla iştirak edir, umu – küsünü unudub dostluq münasibətlərini möhkəmləndirməyə çalışırdılar. Özbək şairi Ömər Xəyyam Novruz bayramının qeyd edilməsini Günəşin iki dövrü

ilə əlaqələndirir. Novruz bayramının kütləvi xalq bayramı olduğuna XI əsr tarixçilərindən Nizam əl – Mülkün “Siyasətnaməsində” də rast gəlirik.



Ağıl kəsdiyindən

Hər dəfə ilimiz gəlib Novruz məqamına yetəndə dünyanın rəng-rufu gözgörəsi dəyişir... Pəri nənə demiş bu bahar gecəsində ağaclar torpağa səcdəyə gəlir, barınır torpaqdan. Bu gecənin aydınlığında irmaqların suyu şirinləşib bala dönür. Saflığında fal aşkarlanır, düyün açılır, mətləblər murada yetir...

Bina – qədimdən bizim ellərin yazı yaraşıq hesab olunur. Atalar ilin dörd cəhətini tanıyıb: yaz, yay, payız, qış. Yaz bitirir, yay yetirir, payız yığıb gətirir, qış vurub dağıdır...

Qar çiçəyi

Yazın “gəldim” xəbərini qar çiçəyi yetirər. Birinci görüşü çobanlara verər bu çiçək. Qışdan bezara qalmış çoban göy üzü açılan kimi yetirər özünü köhnə örüş yerlərinə. Görər, ayə, yamacın ala – talasında bir çiçək üşərgiyir. Çomağını daşlara çırpıb sındırar ki, qadam, yaz gəlib!



Boz ay

Rəvayətə görə qədim zamanlarda aylar yoxuymuş, bu səbəbdən də ilin günləri qat – qarış düşüb camaatı çaşdırarmış. Belədə ilin günlərini bölürlər aylara. Hər aya otuz iki gün qalır, amma Boz aya on dördü. Boz ay küsür ki, bu nə təhər olur, hamıya çox, mənim payımasa az düşür? Görürlər ki, inciyir, hərədən bir gün alıb verirlər Boz aya ki, xətri qalmasın, olur iyirmi beş gün... Boz ay günləri o biri aylardan aldığına görə biri payızı, biri qışı, bir başqasısa yazı xatırladır...



Səməni, saxla məni:

Ulularımızın, ağbirçəklərimizin yaz arzusu, bərəkət nişanəsi səməni boylanar aynalardan. İnsanın yaz arzusu vaxtı yetişəndə əvvəl - əvvəl səməni şəklində sinilərdə göyərər, sonra ayaq tutub bağlar, çöllər, çəmənlər uzunu yeriyər, təbiətin canına hopar... Səməni boy verdikcə ürəklərdə söz göyərər, bu bir əlcə yaz nəfəsində sözün sığalı gəzər:

Səməni, saxla məni,

Hər il göyərdərəm səni.

Səməni, sazana gəlmişəm,

Uzana – uzana gəlmişəm.






Novruz oyunları “ Kosa kosa”

Kosa: Novruz – novruz bahara,

Güllər – güllər nübara,


Kim yığa, kim apara,

Bağçanızda gül olsun,

Gül olsun, bülbül olsun.


Müxtəlif yaşlı, milli geyimli, bayram əhval – ruhiyyəli adamlar Kosanı dövrəyə alıb bir ağızdan deyirlər:

A kos – kosa gəlsənə,

Gəlib salam versənə,

Çömçəni doldursana,

Məclisi güldürsənə.


Gözbağlıca”

Bu oyuna qoşulan cavan – comrul iki dəstəyə bölünür, qürrə atırlar, qürrə hansı dəstəyə düşsə, həmin dəstə aşağı əyilir. O biri dəstənin uşaqları onların üstündən atılır, axıra çatan uşaq yerə əyilir. Bu minvalla sıra əvvəldən artır, axırdan azalır. Üstən atılan dəstə sonradan əyilir, o birilər də dikəlib əyilənlərin üstündən atılırlar. Oyun beləcə xeyli davam eləyir.



Düzgülər
Ay baba, nə uladı?!

Sonra quyruq buladı.

Dinni yetər –

İşdən betər.

Həş – hüş,

Tənbələm püş,

Gözünə şiş.

Dünən yağış yağırdı,

Fatma inək sağırdı.

Gəlin gedək pambığa,

Pambığı Fatma yığa.

Əkin alaqda qaldı,

Saçım daraqda qaldı.

Balaca kişi toy çaldı,

Qonşuları əl çaldı.







Nəbiyev, A. İlaxır çərşənbələr / Azad Nəbiyev; red. T.Babayev. – Bakı, 1992. – 62 s.

Kitabda “Boz ay”ın dörd çərşənbəsinin hər biri ilə bağlı ayin, etiqad, mif, inanc, tapınma, mərasim və s. haqqında şifahi xalq yaradıcılığı nümunələri öz əksini tapmışdır.

A. Nəbiyevin fikrincə, qədim bayramlarımızdan olan Novruz milli həyat və məişətin elə ulu qaynaqları ilə bağlıdır ki, onları bir müşahidə, bir araşdırma ilə öyrənib başa çıxmaq, təbii ki, mümkün deyildir. Şərq xalqları Novruzu yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmzləşdirmişlər. Novruz unundulmamış, köhnəlməmiş, yaddaşlarda yaşaya – yaşaya bu günümüzə gəlib yetincə cilalanmış və daha da gözəlləşmişdir.

İlaxır çərşənbələr təbiətin bir ünsürü ilə əlaqələndirilmiş və beləliklə, əcdadlarımızın əski təsəvvürlərində ilaxır çərşənbələr, yaxud ilin axır çərşənbələri yaranaraq müqəddəsləşdirilmişdir. Əski inamlara görə, bu çərşənbələrin hər birində təbiətin dörd ünsüründən biri dirilmiş, bədii təfəkkürdə insan cildində təsəvvür edilən hər bir çərşənbə ilə bağlı böyük şənlik və mərasimlər düzəltmişdir. İlaxır çərşənbələrin hər birində əzizlənən müqəddəs ünsürlər bütün ilboyu insanın köməyinə gəlmiş, ona əl tutmuş, ən ağır əmək prosesləri zamanı da onları çağıran, vəsf eləyən nəğmə, ayin və etiqadlar xalqın dilində yaşamış, onun erkən məişətinə yoldaşlıq etmişdir.

Kitabda verilən ayin və etiqadları nəzərdən keçirək.

Su çərşənbəsi

Boz ayın dörd müqəddəs çərşənbəsindən birincisi Əzəl çərşənbədir. Xalq arasında o, “Su çərşənbəsi”, “Sular Novruzu”, “Gül çərşənbə” kimi də tanınır. Əski inamlara görə Əzəl çərşənbədə təzə ilin gəlməsi münasibəti ilə ən əvvəl su təzələnir, elə buna görə də bu çərşənbə su ilə, suyun təzələnməsi ilə əlaqələndirilir... Su qırağında, bulaq başında, arx kənarında suyu çağıran, onun qüdrətini, bütövlüyünü, müqəddəsliyini tərənnüm edən nəğmələr oxunurdu. Bu nəğmələr içərisində su tanrısı Abanın adına oxunan “Aban nəğmələri” və su qıtlığı ilə bağlı olan çağırışlar – “Yada nəğmələri” xüsusilə maraq doğurur.

Yada, yada, yada hey
Ada, ada, ada hey,

Yada,yada, yada hey!

Adam adamı tutdu,

Yadam, yadamı tutdu.

Yadam gur huya düşdü,



Yadam gur suya düşdü.

Yadam qara daş oldu,

Yadam yaman yaş oldu.



Bayatılar
Suya gedən igidi,

Saçı məxmər təkidi.

Allah, məni su elə ,

Su gözəllər yüküdü.


Su axır samanlıqdan,

Yol keçir qaranlıqdan.

Çalış, yaxşılıq elə,

Nə çıxar yamanlıqdan?


Su gələr arxa, haray!

Tökülməz çarxa, haray!

İgid qürbətə düşsə,

Çağırar arxa, haray!


Su çərşənbəsi mərasimi

Adamlar Əzəl çərşənbədə sübh tezdən bulaq, arx, su dəyirmanı üstə gəlir, “ağırlığım – uğurluğum suya”, “azarım – bezarım suya” – deyib, su üstündən atdanırdılar. Sonra əl – üzünü yuyur, bir – birinin üstünə su atır, üzlərinə su çiləyirlər... Mərasim suyun başına dövrə vuran adamların aşağıdakı nəğməsi ilə başa çatırdı:

Sel çapar, su çapar,

Bir günah işlətdim,

Gəl onu tut apar.

Sel çapar, su çapar,

Gəl apar, gəl apar...

Od çərşənbəsi

İlaxır çərşənbələrin ikincisi Od çərşənbəsidir. Buna xalq arasında “Üsgü çərşənbə”, “Üsgü gecəsi”, “İkinci çərşənbə” yaxud da əzizləmə məqsədilə “Adlı çərşənbə” deyilir. “Od çərşənbəsi” əski görüşlərlə bağlı olub Günəşə, oda, odu qoruyub saxlamaq inamına tanınma ilə əlaqədar yaranmışdır. Belə bir etiqad
yaranmışdır ki, insanlar günəşi və odu nə qədər əzizləsələr, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər. Od və istinin əsas mənbələrindən biri Günəşin istisi hesab olunardı. Onu çağıran Qodu (Hodu) nəğmələri xalq arasında geniş yayılar, Günəşin istiliyi şərəfinə Azərkan şənlikləri düzəldilərdi. Od çərşənbəsi ilə bağlı yaddaşlarda qalan bir çox nəğmə, etiqad, mərasim, mif və rəvayətlər bu günümüzə qədər gəlib çatmışdır.

Qodu xan


Qodu xan, Qodu xan,

Söndürmə odu xan.

At üstə qod gətir,

Ulusa od gətir.

Sözü bal Qodu xan,

Özü al Qodu xan...


Atalar deyib ki...

Od imandadır

Od külə gizlənər

Odsuz ocaq olmaz

Odla oynayan odsuz qalar...

İnanclar

Ocağa yanaşanda salam verərlər

Gün güzəranlıq gətirər

Od hisli olarsa – uzaqdan qonağın gələcək, - deyərlər

Gün doğanda ziyarətə yola düşərlər

Tapmacalar

Bulud – bulud içində,

Ay da bulud içində.

Göydən yerə od yağdı,

Biz də yandıq içində.

(Günəş)


Burdan vurdum baltanı,

Ordan çıxdı qaltanı.



Anam bir oğlan doğub,

Yerin – göyün sultanı.

( Təzə doğan Günəş)



Evdən – evə qızıl yaylıq

(Od)

Yel çərşənbəsi

İlaxır çərşənbələrin üçüncüsü Yel çərşənbəsidir. O, xalq arasında “Yelli çərşənbə”, “Küləkli çərşənbə” adları ilə tanınır. Əski etiqadlara görə bu çərşənbədə oyanan yel ərzi gəzir, oyanmış suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində əsasən isti və ya soyuq küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində külək bir neçə dəfə dəyişir. Bu dəyişmələr Yelin özünün təmizlənməsi kimi qəbul edilir. Şifahi yaradıcılığımızda Yelin tanrılığı ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc və s. yaranmışdır.


Nəğmələr

Yelli babam,

yel babam
Yelli babam,

Yel babam.

Telli babam,

tel babam.


Elim, günüm batdı gəl,

Çərpələngim yatdı gəl.

Təknədə qaldı aşım,

Yatdı dəgirman daşım...


Yelli babam,

Yel babam.

Telli babam,

Tel babam.

Güllü babam,

Gül babam.

Dərdimi gəl bil babam,

Gəl babam, ay gəl babam!







Bayatılar

Dağdan yel əsir yenə,

Səbrimi kəsdi yenə.

Getdin, məni eylədin

Yolunda əsir yenə.

Yel əsər, toz qoparar,

Ağacdan qoz aparar.

Yellə gələn bəlanı,

Yel özü də aparar.


İnanclar

Yeli əsdirəni söyməzlər

Xırman sovrulandan sonra ilk buğda götürənin oğlu olar

Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə və yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa diləyin yerinə yetər.


Torpaq çərşənbəsi

Novruz bayramı ərəfəsindəki çərşənbələrin sonuncusu Axır çərşənbədir. Bu çərşənbə xalq arasında “İlaxır çərşənbə”, “Yer çərşənbəsi”, “Torpaq çərşənbəsi” adları ilə tanınır. Məlum olduğu kimi, sonuncu çərşənbədə nəhayət torpaq oyanır. Torpaqda su, istilik və hava normallaşır və bununla da demək o, artıq əkinə hazırdır. Torpağın oyanmasını ulu əcdadlarımız ən şux mərasimlər, nəğmələr, ayinlər ilə qarşılamışdır.


Atalar deyib ki...

Torpaqdan pay olmaz

Torpağa əyilən namərdə əyilməz

Torpaq əkinçinin zəhmətilə zinətlənər

Yer oturan adamla şöhrətlənər

Yer qulaqlı olar...






Nəğmələr

Ay Kos – Kosa gəlmisən
Ay Kos – Kosa gəlmisən,

Gəlmisən meydana sən.


Almayınca payını,

Çəkilmə bir yanə sən.


Mənim kosam oynayır,

Gör necə dingildəyir.

Qulaq asanların da

Qulaqları cingildəyir.


Qodu, Qodu, dursana


  • Qodu, Qodu, dursana!

Çömçəni doldursana!

Qodunu yada salsana!



  • Allah! Allah!

-Qodu palçığa batmışdı,

Qarmaladım çıxartdım.


  • Allah! Allah!


Andlar, alqışlar, qarğışlar

Torpaq haqqı!

Yer haqqı!

Torpağın bərəkətli olsun!

Torpağına dolu düşsün!

Torpağında ağac bitməsin!





İnanclar
Axır çərşənbə küsülülər barışarlar

Çərşənbə günü gözü səyirən səfərə çıxar




Qaranquş, novruzgülü, bənövşə, qarçiçəyi yazın elçiləri sayılır
Novruz [Mətn. Şeirlər. Xalq oyun və tamaşaları] / Toplayanı, tərtib edəni f.e.n. Azəd Nəbiyev; Red.Müzəffər Şükür.- Bakı, 1989.- 128s.
Kitabda Novruz şənlikləriylə bağlı xalq arasında yayılmış ən seçmə nəğmələr, etiqad və mərasimlər, meydan tamaşaları və oyunlar toplanmışdır. Kitab ayrı – ayrı bölmələrə ayrılmışdır. “Novruzqabağı nəğmələr” bölməsində bayrama hazırlıqla bağlı oxunan çoban və əkinçi nəğmələri verilmişdir.

Nənəm, a şişək qoyun,

Yunu bir döşək qoyun.

Bulamanı bol elə,

Qırıldı uşaq qoyun.

Qara kəlim aranda,

Durar dan qızaranda.

Hodağım dinclik tapar,

Şum yerim qurtaranda,

ho, ho, ho.

ho, ho, ho...
“Novruz nəğmələri” bölməsində isə bayram günlərində oxunan və bolluq rəmzi olan günəşi, küləyi, yağışı çağıran nəğmələr toplanmışdır.

Gəldi yaz

Açdı çiçək

Gəldi yaz,

Eylədi


dağlar avaz.

Qar üzəri



Səm oldu,

Hər tərəf

Səm – səm oldu.

Dağda çiçək

Səm – səmim,

Bağda çiçək

Səm – səmim.



İldə göyərdərəm səni
Səməni, saxla məni,

İldə göyərdərəm səni.

Qara yel

Əsdi keçdi.

Səbrimi

Kəsdi keçdi.



Səməni cəzana gəlmişəm

Dərdlərdən suzana gəlmişəm...

Kitabda bayram adətləri, oyun və tamaşaları, Novruz süfrəsi, Novruz şirniyyatı və xörəkləri barədə də zəngin material vardır. Bütün bunlarda təbiətdə oyanış və dirilik, xalq həyatında mənəviyyat və incəsənət bayramı olan Novruzun əsl mahiyyəti öz bədii əksini tapmışdır.
Novruz süfrəsi:

Novruz mərasimi zamanı süfrəyə qoyulan şirniyyat və bişirilən xörəklər Azərbaycan milli mətbəxinin əsas qolunu təşkil edir. Şirniyyata, əsasən, şəkərbura, paxlava, şəkərçörəyi və s. aid edilir.



Xalqımızın gözəl bir adəti var. Novruz bayramı axşamı aş bişirilməlidir. Novruzda aşın bu növləri bişirilərdi: döşəmə plov, çığırtma plov, səbzi qovurma plov, südlü plov. Bayram günlərində başqa növ plovlar – şüyüd plov, şirin plov, dolmalı plov da süfrəyə gətirilərdi.




Bu bayramın geniş miqyasda keçirilməsi xalqımızın ürəyindən xəbər verir.




Məqalələr
Xəlilzadə, F. Ocağınızda od, evinizdə nur olsun [Mətn] / F. Xəlilzadə // Azərbaycan. – 2011. – 1 mart. – s.8.
Hələ qədimdən xalqımızın Günəşə, Oda böyük inamı olub. Bu səbəbdən də odu qoruyub saxlamaq adət imiş. Ümumiyyətlə, türkdilli xalqlarda Günəşə, atəşə inamın nəticəsidir ki, insanlar həmişə bir etiqada əməl ediblər: Oda, Günəşə inam gətirmək lazımdır.

Etiqada görə, Od çərşənbəsinin səhəri insanlar səhər tezdən durar, Günəşin doğmasını səbirsizliklə gözləyərdilər. Tədqiqatçılar yazırlar ki, qədim dövrlərdə hətta Günəşi salamlamaq üçün xüsusi nəğmələr oxuyar, tonqalları yandırıb ətrafında dövrə vurar, sonra da o tonqaldan hərə bir məşəl götürüb öz ocaqlarını alışdırmaq üçün evlərinə tələsərdi. Günəşin şəninə qoşulan nəğmələrdə də dərin bir inam əks olunardı.

Həqiqətən də Günəş həyatın və varlığın yaradıcısıdır. Bu səbəbdən də əski etqadlarda odun ilk simvolu Günəşin sayılması inandırıcıdır. Çillədən – qışdan çıxmaq üçün od yandırılması, tonqal qalanması, əslində Günəşin – yazın çağrılmasını əks etdirir.
Cəfərzadə, Ə. Novruz haqqında nə bilirik? [Mətn] / Ə. Cəfərzadə. – Mədəni – maarif. – 2002. - № 3. – s. 4 – 7.
Novruz bayramını müxtəlif araşdırıcılar özlərinin rast gəldikləri mənbələr, rəvayətlər və s. əsasında izah ediblər. Bəziləri belə hesab ediblər ki, bu bayram öz tonqalları, məşəlləri, şamlarıyla qədim atəşpərəstlikdən əvvəl mövcud olmuşdur. Xalqlar hələ o əski zamanlarda baharın – yazın gəlişini alqışlamışlar.

Bir çoxları Novruzu İranda Pişdadiyan sülaləsinin tanınmış, hətta bizim ədəbiyyatımızda adı çox çəkilən Cəmşid padşahla əlaqələndirirlər. Qeyd edək ki. əski mənbələr bu fikri də qətiyyətlə rədd edirlər. Daha sonralar bu bayramı islamiyyətlə bağlayırlar. Bu da gerçəklikdən uzaqdır... Məsələ bundadır ki, miladi tarixdən 487 il əvvəl Şərqdə alimlər ilk təqvimi düzəltmək istədikləri vaxt gecə ilə gündüzün bərabərləşdiyi gün çərşənbə axşamına düşüb. Yəni yeni gün, yeni il başlanıb. O alimlər də təbiətin övladları kimi məhz təbiət

hadisələrinə kökləniblər. Deməli, Novruz əsl astronomik (nücuma əsaslanan) təqvimdir. Məhz bu zaman təbiət oyanır, insan qışın çilləsindən çıxır.


Novruz: Oyanış – qurtuluş bayramı [Mətn] / Yeni mədəni – maarif yurnalı. – 2009. - №3. – s.4 – 9.
Əski çağlardan bəri elimiz Çillələr, Xıdır Nəbi, Bozay boyu Novruzun mübarək gəlişini gözləyə-gözləyə çal-çağırlı yığnaqlar qurub, bayrama yetməkdən ötəri vaxtı – zamanı söz söyləməklə, düzgü – qoşquyla yorub yola salıb.

Qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycanın əsgi çağlardan daşıyıb gətirdiyi mənəvi dəyərlər sistemində Novruz bayramının da özünəməxsus yeri vardır... Qışı – çilləni yola salmaq, yazı – yeni günü qarşılamaq məqsədilə keçirilən “Novruz çərşənbələri” adlı silsilə rituallarda qədim azərbaycanlının təbiətə təsir etmək, onu mülayimləşdirmək, işığı, Günəşi çağırmaq arzu – niyyəti öz əksini tapmışdır. “Oğru çərşənbələr” və “Doğru çərşənbələr” adıyla iki qismə ayrılan Novruz çərşənbələrinin ümumi sayı bəzi elmi ədəbiyyatlarda qeyd olunduğu kimi dörd yox, yeddidir. Sadəcə olaraq, onların dörd sonuncusu əsas çərşənbələr sayılır. Əsas çərşənbələrə qədərki üç çərşənbə el arasında “oğru çərşənbələr” (bəzi regionlarda “”oğru üskülər”, “oğru buğlar”) adlanır və Kiçik çilləyə düşür. İnama görə, oğru çərşənbələrdə yazın nəfəsi oğrunca yer üzünə - suya, torpağa, ağaclara toxunub geri qayıdır, bu minvalla yaxın zamanlarda gəlib çıxacağına işarə etmiş olur. Oğru çərşənbələrdən sonra başlayan əsas çərşənbələr “doğru çərşənbələr” (bəzi bölgələrdə isə “doğru üskülər”, doğru buğlar”, “cəmlələr”) adıyla tanınır.

El inamına görə, doğru çərşənbələrdə yazın nəfəsi növbəylə suyun, ağacların, torpağın canına hopub onları oyadır.

B
u gün Azərbaycanda keçirilən Novruz hər cür siyasi-ideoloji rənglərdən azad olaraq, sözün həqiqi mənasında, ilkin qatla – təbiətin oyanışı, yazın gəlişi ilə bağlı insanın işığa, həyata, yeni günə, xoş güzərana, aydın sabahlara inamını ifadə edən saf və duru bir təqvim mərasiminə çevrilmişdir. Humanizm, quruculuq, abadlıq, xeyirxahlıq, xoş münasibət, insanı ucaldan, kamilləşdirən mənəvi dəyərlərə ehtiram və sayqıyla yanaşmaq tarix içində olduğu kimi indi də Azərbaycan Novruzunun əsas göstəricisidir.






Vahid, T. İlaxır çərşənbə [Mətn] / Təranə Vahid. // Mədəniyyət. - 2011. – 16 mart. – s.8
Novruz çərşənbələrinin sonuncusu – Torpaq çərşənbəsidir. Xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə” kimi də adlandırılan bu çərşənbə günü yer oyanır, torpaq nəfəs alır və əkinə, toxum səpininə hazır olur... Çərşənbələrin içində ən böyük təmtəraqla keçiriləni axır çərşənbə axşamıdır. Həmin gün evlərdə bayram süfrələri açılır, cürbəcür yeməklər, əsasən aş, şirniyyatlar: paxlava, şəkərbura, şəkərçörəyi hazırlanır. Xonçanın ortasında səməni, hər ailə üzvünə şam, boyadılmış yumurta qoyulur...

Min illərdir ki, xalqımız baharın, yazın, günəşin gəlişini bayram edər, əsrlərin sınağından çıxmış adət-ənənələri qoruyub saxlayardılar. XXI əsrdə yaşasaq da, milli adət və ənənələrimizi bu gün də sevə-sevə yaşatmaqla keçmişimizə hörmət, gələcəyimizə ümidlə baxırıq.










Yüklə 107,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə