Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 71,76 Kb.
Pdf görüntüsü
tarix08.10.2017
ölçüsü71,76 Kb.
#3634


Tarix və mədəniyyət abidələrinin qorunması haqqında 

Azərbaycan Respublikasının Qanunu 

Bu Qanun tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi və onlardan istifadə ilə 

bağlı münasibətləri tənzimləyir. 

I fəsil. Ümumi müddəalar 

Maddə 1. Tarix və mədəniyyət abidələrinin qorunması 

Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə tarix və mədəniyyət 

abidələrini qorumaq hər kəsin borcudur. 

Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir. 

Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların elmi tədqiqi və 

təbliği üçün zəruri olan qurumların yaradılmasını, fəaliyyətini və inkişafını təmin edir, 

abidələrdən səmərəli istifadə üçün şərait yaradır. 

Qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi 

partiyalar, ictimai birliklər, həmkarlar ittifaqları təşkilatları, hüquqi və fiziki şəxslər tarix və 

mədəniyyət abidələrini qorumalı, onları qorumaqla məşğul olan müvafiq icra hakimiyyəti 

orqanlarına, yerli özünüidarə orqanlarının yaratdığı təsisatlara və qeyri-dövlət təşkilatlara 

yardım göstərməlidirlər. 

Bu maddənin dördüncü hissəsində göstərilən subyektlər tarix və mədəniyyət abidələri 

yerləşən ərazidə torpaq və ya inşaat işləri görərkən Azərbaycan Milli Elmlər Akademiyasının 

rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanlarından qabaqcadan icazə almalı və 

belə icazə alındıqdan sonra torpaq və ya inşaat işlərini görərkən müvafiq icra hakimiyyəti 

orqanlarının və mütəxəssislərin abidələrin qorunması barədə göstərişlərini icra etməlidirlər. 

Azərbaycan Respublikasının dövlət sərhədinin sərhədboyu zona və sərhədboyu zolaqlarında, 

silahlı münaqişələr zamanı döyüş əməliyyatları zonalarında, hərbi qurumların ərazilərində 

istifadəsində olan torpaq sahələrində yerləşən daşınmaz tarix və mədəniyyət abidələrinin 

qorunması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. 

Maddə 2. Tarix və mədəniyyət abidələrinin anlayışı və təsnifatı 

Tarix və mədəniyyət abidələri (bundan sonra — abidələr) arxeoloji və memarlıq obyektləri, 

etnoqrafik, numizmatik, epiqrafik, antropoloji materiallar, tarixi hadisə və şəxsiyyətlərlə bağlı 

olan bina, xatirə yerləri, əşyalar xalqın dini əqidəsi ilə bağlı dəyərlərdir. 

Abidələr daşınar (səyyar) və daşınmaz (stasionar) ola bilər. Daşınar abidələr muzeylərdə, 

arxivlərdə, fondlarda, sərgilərdə və digər münasib yerlərdə, daşınmaz abidələr əksər hallarda 

arxeoloji və memarlıq abidələri olmaqla olduğu və inşa edildiyi yerlərdə qorunur. 

Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edirlər: 

a) arxeoloji abidələr — insanın fəaliyyəti ilə əlaqədar yer altında olan maddi mədəniyyət 

nümunələri, o cümlədən ibtidai insan düşərgələri və yaşayış məskənləri, qədim qəbiristanlar, 

müdafiə sistemləri və istehkamlar, ziyarətgahlar, hər cür qədim əşyalar, dini və xatirə 

abidələri, qaya və daşüstü təsvirlər və yazılar, qədim mədən istismar izləri, əmək alətləri, 




istehsalat kürələri, qədim yollar, körpü qalıqları, arxlar, ovdan və kəhrizlər, su kəmərləri, 

kürəbəndlər və s.; 

b) memarlıq abidələri — öz həcm-plan həllini kifayət qədər saxlayan qurmalar, müxtəlif 

təyinatlı memarlıq-inşaat binaları, yardımçı obyektlər, mühəndis kommunikasiyaları; 

məskənsalma (şəhərsalma) abidələri; ərazisinin əksər hissəsi memarlıq, tarixi-mədəni 

sənətkarlıq abidələri və tikililər ilə tutulan, ənənəvi məhəllələrə bölünən, bəzən də qala 

divarları ilə əhatə edilən, küçə şəbəkəsini və mühəndis kommunikasiyalarını qismən saxlayan 

yaşayış məntəqələri, bağ-parklar, xiyabanlar, incəsənət nümunələri; yeni yaranmış memarlıq 

abidələri; öz həcm-plan, bədii-estetik, istismar-funksional və texniki-konstruktiv həllinə görə 

uzun ömürlü memarlıq binaları və qurmaları; kiçik memarlıq formaları; monumentlər, 

obelisklər, fəvvarələr, şəlalələr, bulaqlar, hovuzlar, köşklər və ərazidə xüsusi mövqe tutan 

başqa yaradıcılıq obyektləri; 

c) tarix abidələri — cəmiyyət və dövlət tarixi ilə, müharibə və milli azadlıq hərəkatı ilə, elm 

və texnikanın inkişafı ilə xalqın həyatındakı mühüm tarixi hadisələrlə bağlı dəyərlər, dövlət 

xadimlərinin və hərbi xadimlərin, Sovet İttifaqı Qəhrəmanlarının, Milli Qəhrəmanların, 

görkəmli elm və incəsənət xadimlərinin həyatı ilə bağlı qurmalar, mənzillər, xatirə yerləri, 

sənədlər və əşyalar, etnoqrafik abidələr — xalqın maddi, mənəvi, ideoloji, sənətkarlıq və 

təsərrüfat həyatını özündə əks etdirən qurmalar və əmək alətləri, əşyalar, epiqrafik abidələr — 

üzərində yazılar olan müxtəlif daş, gil, ağac və metal nümunələri;  

ç) sənədli abidələr — rəsmi dövlət orqanlarının aktları, qədim əlyazmaları, nadir çap əsərləri, 

arxivlər, o cümlədən fono, foto və kino arxivlər; 

d) incəsənət abidələri — tarixi və estetik dəyəri olan bədii, təsviri, dekorativ-tətbiqi sənət 

nümunələri; 

e) qoruqlar — tarix və mədəniyyət üçün böyük əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə 

edilən ərazilər və ya məskənlər; 

ə) adibələrin mühafizə zonası — abidələrin görkəminə xələl gətirməmək məqsədilə onların 

yerləşdiyi sahənin ətrafında abidənin xarakterindən asılı olaraq müəyyən edilən əlavə 

tənzimləmə zonası. 



Maddə 3. Abidələrin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi 

Abidələrin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan 

Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər 

qanunvericilik aktlarından və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.  



Maddə 4. Abidələr üzərində mülkiyyət 

Abidələr dövlət və bələdiyyə mülkiyyətində, eləcə də xüsusi mülkiyyətdə ola bilər. 

Dövlət mülkiyyətində olan abidələrin özəlləşdirilməsinə (yerli əhəmiyyətli memarlıq abidəsi 

kimi qeydə alınan yaşayış binaları, onların ayrı-ayrı hissələri və bu maddənin üçüncü 

hissəsində nəzərdə tutulmuş özəlləşdirilməsinə yol verilən digər yerli əhəmiyyətli memarlıq 

abidələri istisna olmaqla) yol verilmir.  

Mühəndis kommunikasiyaları, müdafiə obyektləri, şəhərsalma, dini və xatirə abidələri, 

hidrotexniki qurğular istisna olmaqla, yerli əhəmiyyətli memarlıq abidələri qanunvericiliyə 

uyğun olaraq özəlləşdirilə bilər. 



Özəlləşdirilmiş yerli əhəmiyyətli memarlıq abidələrinin görkəmini və daxili quruluşunu 

pozmaq, onların mədəni, tarixi dəyərinə xələl gətirə biləcək hər hansı hərəkət etmək 

qadağandır. 

Dövlət qeydiyyatından keçmiş və xüsusi mülkiyyətdə olan abidələr satıldıqda dövlət onları 

almaqda üstün hüquqa malikdir.  

Hər hansı bir ərazidə yeni abidə aşkar olunarsa, həmin ərazi tarixi-mədəni əhəmiyyətli zona 

elan olunur və onun yerləşdiyi torpaq sahəsi üzərindəki tikililərlə birlikdə qanunvericiliklə 

nəzərdə tutulmuş qaydada dövlət tərəfindən satın alına bilər. 

Xüsusi mülkiyyətdə olan abidələr dövlət tərəfindən qeydə alınır və onlar satılarkən 

mülkiyyətçi müvafiq icra hakimiyyəti orqanına bu haqda məlumat verməlidir. 

Müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan xüsusi mülkiyyətdə olan abidələr xaricə 

aparıla bilməz. 



Maddə 5. Abidələrin qorunması, bərpası, əhəmiyyət dərəcələrinin təyin edilməsi və 

onlardan istifadə olunmasında Azərbaycan Milli Elmlər Akademiyasının iştirakı 

Azərbaycan Milli Elmlər Akademiyası abidələrin aşkar olunması, tədqiqi işini, aşkar olunmuş 

arxeoloji qazıntılar zamanı aşkar olunmuş daşınar maddi-mədəniyyət qalıqlarında müvafiq 

icra hakimiyyəti orqanının razılığı əsasında mühafizəsini təşkil edir, yeni tikinti zonalarında 

operativ tədqiqat işləri aparır, abidələrin əhəmiyyət dərəcələri üzrə qeydə alınmasında iştirak 

edir, zəruri hallarda maddi-mədəniyyət konservasiya və bərpa işləri görür, abidələrin təbliğini 

təşkil edir, onların qorunması, tədqiqi, bərpa və konservasiyası üçün metodik vəsaitlər 

hazırlayır, elmi-praktiki məsləhətlər verir, abidələrin tədqiqi üçün beynəlxalq protokollar və 

sazişlər imzalayır və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər 

vəzifələri yerinə yetirir.  

Abidələrin üzərində aparılacaq işlərin layihəsi Azərbaycan Milli Elmlər Akademiyasının rəyi 

nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.  



II fəsil. Abidələrin dövlət qeydiyyatı və əhəmiyyət dərəcələri 

Maddə 6. Abidələrin dövlət qeydiyyatı 

Abidələrin siyahıya və dövlət qeydiyyatına alınmasını, pasportlaşdırılmasını, abidələrin 

siyahısının təsdiqini və daşınmaz abidələrin xəritələrinin hazırlanmasını müvafiq icra 

hakimiyyəti orqanı həyata keçirir.  



Maddə 7. Abidələrin əhəmiyyət dərəcələri 

Abidələr dünya, ölkə və yerli əhəmiyyətli abidələrə bölünür. 

Abidələrin əhəmiyyət dərəcələrinə görə bölgüsünü Azərbaycan Milli Elmlər Akademiyasının 

rəyi əsasında müvafiq icra hakimiyyəti orqanı beynəlxalq normalara uyğun aparır, tərtib və 

təsdiq edir. 

Təsdiqlənmiş siyahıya daxil edilmiş abidənin həmin siyahıdan çıxarılmasına yol verilmir.  

Dünya əhəmiyyətli abidələrin siyahısı müvafiq beynəlxalq təşkilatlara təqdim edilir.  

Maddə 8. Azərbaycan Respublikasının ərazisindən kənarda yerləşən Azərbaycana aid 

abidələrin qeydiyyatı 



Azərbaycan Respublikasından kənarda yerləşən Azərbaycana aid abidələrin müvafiq icra 

hakimiyyəti orqanı xüsusi siyahı tərtib etməklə dövlət qeydiyyatına alır, onların qorunması, 

bərpası ilə bağlı problemlərin həllində abidələrin yerləşdiyi ölkələrin müvafiq orqanları ilə 

əməkdaşlıq edir. 



III fəsil. Abidələrin qorunmasının dövlət təminatı 

Maddə 9. Abidələrin qorunması, öyrənilməsi, bərpası və konservasiyasının 

maliyyələşdirilməsi 

Abidələrin qorunması, öyrənilməsi, bərpası və konservasiyası dövlət büdcəsindən və yerli 

büdcələrdən ayrılan vəsaitlər, fiziki və hüquqi şəxslərin maliyyə yardımları və ianələri 

hesabına maliyyələşdirilir. 



Maddə 10. Abidələrin toxunulmazlığı 

Abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada 

biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. 

Maddə 11. Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslərin 

vəzifələri və məsuliyyəti 

Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və ya hüquqi şəxslər abidələrin 

qorunması, tədqiqi və onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər. 

Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər müvafiq icra 

hakimiyyəti orqanı ilə həmin abidələrin qorunmasına dair mühafizə müqaviləsi 

bağlamalıdırlar və həmin abidələrin salamatlığına görə Azərbaycan Respublikasının 

qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. 

Maddə 12. Qoruq sərhədi daxilində və mühafizə zonalarında dövlət əhəmiyyətli inşaat və 

mühəndis kommunikasiya işləri görülərkən abidələrin qorunması 

Qoruq sərhədi daxilində və mühafizə zonalarında abidələr üçün təhlükə yarada biləcək hər 

hansı işlər müvafiq icra hakimiyyəti orqanının qərarı ilə qabaqlayıcı tədbirlər görülməklə 

həyata keçirilə bilər. Həyata keçirilən təhlükəsizlik tədbirləri inşaat işlərini aparan subyektin 

vəsaiti hesabına maliyyələşdirilir.  

Abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində nəqliyyat 

vasitələrinin hərəkəti abidələrin qorunması üçün təhlükə yaradarsa, müvafiq icra hakimiyyəti 

orqanı onların hərəkətini məhdudlaşdıra və ya qadağan edə bilər. 



Maddə 13. İnşaat və digər təsərrüfat işləri görülərkən aşkar edilən abidələrin qorunması 

İnşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu 

barədə müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Milli Elmlər Akademiyasına 

məlumat verilməlidir. Bu halda inşaat və digər təsərrüfat işləri Azərbaycan Milli Elmlər 

Akademiyasının və mütəxəssislərin rəyi əsasında müvafiq icra hakimiyyəti orqanının icazəsi 

ilə davam etdirilə bilər. 

İnşaat və digər təsərrüfat işləri tarixi və arxeoloji əhəmiyyət kəsb edən zonada aparılırsa, 

həmin ərazi əvvəlcədən mütəxəssislər tərəfindən nəzərdən keçirilir və abidələrin ilkin tədqiqi 

təmin edilir. Müvafiq icra hakimiyyəti orqanı həmin işlər aparılan yerdə öz nümayəndəsinin 

və mütəxəssisin iştirakını təmin edir.  




Maddə 14. Yeni inşaat sahələrində arxeoloji tədqiqatlar 

Magistral mühəndis kommunikasiyalarının (neft, qaz kəmərlərinin və s.) çəkilişi və digər 

inşaat işləri zamanı, hektardan çox ərazini əhatə edən sahələrdə inşaat işləri aparılarkən 

texniki-iqtisadi əsaslandırma mərhələsində bu işləri həyata keçirən təşkilat tərəfindən 

görüləcək işlər barədə müvafiq icra hakimiyyəti orqanına və Azərbaycan Milli Elmlər 

Akademiyasına müraciət edilməli və abidələrin ilkin axtarış işlərinin aparılması üçün vəsait 

ayrılmalıdır. 

Həmin zonada arxeoloji abidə aşkar olunarsa, müvafiq icra hakimiyyəti orqanının icazəsi 

olmadan və lazımi elmi tədbirlər görülmədən inşaat və təsərrüfat işlərinin aparılmasına yol 

verilmir.  



Maddə 15. Dəfinələrdə aşkar edilmiş və ya tapılmış abidələrin müqəddəratı 

Dəfinələrdə aşkar edilmiş və ya tapılmış abidələr dövlətə təhvil verilməlidir. Dövlətə təhvil 

verilmiş abidələrə görə dəfinəni aşkar etmiş və əşyanı tapmış şəxsə Azərbaycan 

Respublikasının mülki qanunvericiliyində nəzərdə tutulmuş qaydada mükafat verilir.  

Təsadüfən aşkar edilmiş abidələrin mülkiyyətçisi və ya istifadəçisi abidə haqqında müvafiq 

icra hakimiyyəti orqanına məlumat verməlidir. Təsadüfən aşkar edilmiş abidə müvafiq icra 

hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmalı və abidənin elmi sənədləşdirilməsi 

təmin edilməlidir.  



Maddə 16. Abidələrin xaricə aparılması və geri qaytarılması 

Daşınar abidələrin elmi-təbliğat və mədəni mübadilə məqsədilə Azərbaycan Respublikasından 

xaricə müvəqqəti aparılması yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata 

keçirilə bilər. Bu məqsədlərlə abidələrin müvəqqəti ölkədən çıxırılması üçün müvafiq icra 

hakimiyyəti orqanı gömrük orqanlarına yazılı təqdimat verməlidir. 

Xaricə müvəqqəti aparılmış abidələrin geri qaytarılmaması qadağandır. 

Azərbaycan Respublikasından xaricə qanunsuz aparılmış abidələrin axtarışını, tapılmasını və 

geri qaytarılmasını müvafiq icra hakimiyyəti orqanları həyata keçirir. 



Maddə 17. Abidələrin mülki dövriyyəsinin xüsusiyyətləri 

Dövlət mülkiyyətində olan dünya və ölkə əhəmiyyətli daşınar abidələrin satılması qadağandır. 

Daşınar abidələr alındıqda və ya satıldıqda bu barədə müvafiq icra hakimiyyəti orqanına 

məlumat verilməlidir. 



Maddə 18. Müharibə, fövqəladə vəziyyət və silahlı münaqişə zamanı abidələrin qorunması 

Döyüş təhlükəsi olan ərazilərdən və döyüş zonalarından daşınar abidələrin köçürülməsini 

müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Fövqəladə hallarla əlaqədar olaraq daşınar 

abidələr onların məhv edilməsi, oğurlanması və ya korlanması təhlükəsi qarşısında 

qanunvericiliklə müəyyən edilmiş qaydada müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülə 

bilər. 


Dövlət işğalçı tərəfindən qənimət kimi ələ keçirilmiş abidələr haqqında beynəlxalq təşkilatlar 

qarşısında məsələ qaldırır və onların qaytarılması və bərpası üçün tədbirlər görür. 




Abidələr hərbi məqsədlər üçün istifadə edilə bilməz. Müstəsna hallarda qoruqların ərazisi və 

yerli əhəmiyyətli memarlıq abidələri Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə 

alınmaqla, müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında qanunvericiliyə uyğun olaraq 

hərbi hissələrin təsərrüfat və mədəni məqsədləri üçün istifadəsinə verilə bilər. 



IV fəsil. Abidələrdən istifadə qaydaları 

Maddə 19. Dövlət və ya bələdiyyə mülkiyyətində olan abidələrdən istifadə qaydaları və 

şərtləri 

Dövlət və ya bələdiyyə mülkiyyətində olan dünya əhəmiyyətli daşınmaz abidələrin və ya 

onların ayrı-ayrı hissələrinin icarəyə verilməsi qadağandır. 

Dövlət və ya bələdiyyə mülkiyyətində olan ölkə və yerli əhəmiyyətli daşınmaz memarlıq 

abidələri, habelə xüsusi mülkiyyətdə olan daşınmaz abidələr və ya onların ayrı-ayrı hissələri 

(arxeoloji abidələr istisna olmaqla) müqavilə əsasında elmi, mədəni, dini, xidmət və turizm 

məqsədləri üçün onların istifadə proqramı, uyğunlaşdırma və bərpa layihələri müvafiq icra 

hakimiyyəti orqanı ilə razılaşdırıldıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada 

icazəyə verilə bilər. 

Abidələri və ya onların ayrı-ayrı hissələrini icazəyə götürənlər onların həcm kompozisiyasını, 

xarici görünüşünü, konstruktiv elementlərini dəyişdirməməli, istismar zamanı abidələrə zərər 

vurmamalı və təsərrüfat işləri zamanı arxeoloji abidələrdə mədəni təbəqənin korlanmasına yol 

verməməlidirlər. Belə abidələrdə və ya onların ayrı-ayrı hissələrində təmir, konservasiya və 

bərpa işləri icazəçinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanının və mütəxəssislərin 

nəzarəti ilə aparıla bilər. 

Abidələrdən və ya onların ayrı-ayrı hissələrindən icazə qaydaları və şərtləri tərəflər arasında 

bağlanmış müqavilə ilə müəyyən olunur. Müqavilə şərtləri pozularsa, qanunvericiliklə 

nəzərdə tutulmuş qaydada müqaviləyə xitam verilir və dəymiş ziyan ödənilir.  



V fəsil. Abidələrin tədqiqi 

Maddə 20. Arxeoloji abidələrin tədqiqi 

Azərbaycan Respublikası ərazisində arxeoloji qazıntı işləri aparmaq üçün icazə Azərbaycan 

Milli Elmlər Akademiyası tərəfindən verilir və müvafiq icra hakimiyyəti orqanında qeydə 

alınır. Arxeoloji qazıntı işləri müvafiq icra hakimiyyəti orqanının nəzarəti ilə aparılır. 

Qazıntı mövsümü başa çatdıqdan sonra aparılmış tədqiqat işləri barədə hesabat və aşkar 

olunmuş maddi-mədəniyyət qalıqlarının siyahısı müvafiq icra hakimiyyəti orqanına və 

Azərbaycan Milli Elmlər Akademiyasına təqdim edilir.  

Azərbaycan Respublikası ərazisindəki abidələrin tədqiqi üçün xarici elmi müəssisə və 

alimlərlə birgə ekspedisiyalar təşkil edilə bilər. Xarici elmi müəssisələr və alimlər abidələrin 

tədqiqi üçün vəsait ayıra bilərlər. Birgə ekspedisiyanın rəhbərini Azərbaycan Milli Elmlər 

Akademiyası təyin edir. 

Qazıntı zamanı aşkar olunmuş arxeoloji materiallar dövlət mülkiyyətinə keçir və xüsusi 

fondlarda və muzeylərdə saxlanılır. 

Maddə 21. Memarlıq abidələrinin və digər abidələrin tədqiqi 



Memarlıq abidələri və digər abidələr Azərbaycan Milli Elmlər Akademiyası, elmi-tədqiqat və 

lahiyə institutları, abidələrin qorunması və bərpası məqsədini güdən ictimai biliklər və 

ixtisaslı mütəxəssislər tərəfindən tədqiq olunur. 

Tədqiqat işlərinə başlamazdan əvvəl bu haqda müvafiq icra hakimiyyəti orqanına məlumat 

verilir. 

Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan yeni aşkar edilmiş memarlıq abidəsində 

tədqiqat işlərinin aparılması qadağandır. 

Azərbaycan Respublikasının sərhədlərindən kənarda mövcud olan Azərbaycan milli memarlıq 

abidələrinin tədqiqi və öyrənilməsi üçün icazə alınması dövlətlərarası müqavilələr əsasında 

həll edilir.  



Maddə 22. Abidə qoruqlarının yaradılması 

Xüsusi əhəmiyyət kəsb edən arxeoloji, etnoqrafik, memarlıq, şəhərsalma və digər komplekslər 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən qoruq elan edilir. 

Qoruq ərzisində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi rejim tətbiq edilir. 



Maddə 23. Abidələrin qoruq zonaları 

Abidələrin təhlükəsizliyini, onların funksional təyinatını, memarlıq-estetik görünüşünü və 

uzun ömürlülüyünü təmin etmək məqsədilə mütəxəssislərin rəyi nəzərə alınmaqla müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən abidələrin qoruq zonası yaradılır. 

Abidələrin qoruq zonasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi rejim 

tətbiq edilir. 



Maddə 24. Abidlərin köçürülməsi və yerinin dəyişdirilməsi 

Dünya və ölkə əhəmiyyətli abidələr təbii fəlakət və digər zəruri hallarda müvafiq icra 

hakimiyyəti orqanının qərarına əsasən mütəxəssislərin iştirakı ilə köçürülməlidir. 

Yerli əhəmiyyətli abidələr müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə köçürülə bilər. 

Abidələrin köçürülməsi və yerinin dəyişdirilməsi mütəxəssislərin nəzarəti altında həyata 

keçirilir. 



VI fəsil. Mühafizə məqsədilə abidələrdə aparılan inşaat-möhkəmləndirmə və abadlıq işləri 

Maddə 25. Mühafizə məqsədilə abidələrdə inşaat-möhkəmləndirmə və abadlıq işlərinin 

aparılması 

Dövlət və bələdiyyə mülkiyyətində olan abidələrdə aparılan inşaat-möhkəmləndirmə və 

abadlıq işləri onların konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası 

haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında dövlət və yerli büdcələrin 

vəsaitləri hesabına aparılır. Xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar həmin işlər müvafiq 

icra hakimiyyəti orqanının razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır. 

Abidələrin konservasiyası fiziki-mexaniki və fiziki-kimyəvi mühit təsirlərindən korlanmaması 

üçün onların açıq qalan səthində etibarlı qoruyucu təbəqələr qurmaq, abidələri yeraltı suların 

dağıdıcı təsirindən qorumaq məqsədilə tədbirlər görmək, abidələrin toxunulmazlığını və 

çəpərlənməsini təmin etməkdən ibarətdir. 




Abdələrin təmiri və bərpası onların zədələnmiş və itirilmiş hissələrinin abidənin 

konstruksiyasına, həcm-planlaşma həllinə, xarici və daxili görünüşünə xələl gətirmədən təmir 

edib ilkin halına gətirməkdir. 

Abidələrin rekonstruksiyası dövrümüzə gəlib çatmayan abidələrin rəvayətlərə, rəsmlərə, 

qravyuralara əsasən tərtib olunmuş layihələri üzrə zərurət olduqda abidənin yenidən 

qurulmasıdır. 

Abidələrin regenerasiyası onların daxili və xarici görünüşünü dəyişmədən, konstruksiyaların 

daxilində müasir inşaat materiallarından və üsullarından istifadə etməklə abidələrin ilkin 

həcm-plan həllinin bərpasıdır. Abidənin istismarında müasir avadanlıqlardan və mühəndis 

kommunikasiyalarından istifadə edilə bilər. 

Abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər 

onların layihələri Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildikdən sonra aparılır. 

Maddə 26. Abidələrdə aparılan inşaat-möhkəmləndirmə və abadlıq işlərinə nəzarət və 

görülən işlərin dəyərinin icraçıya ödənilməsi qaydası 

Abidələrdə görülən inşaat-möhkəmləndirmə və abadlıq işləri layihə müəllifinin 

(müəlliflərinin) və müvafiq icra hakimiyyəti orqanının nəzarəti altında aparılır. 

Görülən işlərin dəyəri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. 



Maddə 27. Qoruqlarda və abidələrin mühafizə zonalarında abadlıq işlərinin aparılması 

Qoruq zonalarında mühafizə məqsədilə inşaat və abadlıq işləri aparılarkən qoruğun və qoruq 

zonasının sərhədi, abidələrin konfiqurasiyası dəyişdirilməməli, ənənəvi küçə şəbəkələri 

olduğu kimi saxlanılmalıdır. 

Qoruq zonalarının yalnız boş yerlərində küçə şəbəkələrini və abidələrini plan 

konfiqurasiyasını, həcm-məkan kompozisiyasını pozmadan və onların memarlıq dəyərinə və 

üslubuna xələl gətirmədən Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, 

müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında abadlıq və yenidənqurma işləri aparıla 

bilər. 

Arxeoloji və başqa qazıntılar qoruğun boş hissəsində abidələrə zərər yetirmədən aparılmalıdır. 



Aşkar edilən abidə, əşya və ya başqa tapıntının koordinatları və vəziyyəti qeyd edilməli, 

fotosu və ya rəsmi çəkilməlidir. Bu sənədlərin bir nüsxəsi hesabatla birlikdə müvafiq icra 

hakimiyyəti orqanına təqdim edilməlidir. 

VII fəsil. Abidələrin qorunması haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət 

Maddə 28. Abidələrin qorunması haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət 

Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər 

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və 

mülki məsuliyyət daşıyırlar. 



Maddə 29. Abidələrə vurulan zərərin ödənilməsi 


Abidələrə vurulan zərərin ödənilməsi Azərbaycan Respublikası mülki qanunvericiliyinə 

uyğun olaraq həyata keçirilir. Ödənilmiş vəsait abidənin bərpası, tədqiqi və ya qorunması 

tədbirlərinin maliyyələşdirilməsinə yönəldilir. 

VIII fəsil. Yekun müddəalar 



Maddə 30. Abidələrin qorunması sahəsində beynəlxalq hüquq aktlarının qüvvəsi 

Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə bu Qanunla Azərbaycan 

Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, 

həmin beynəlxalq müqavilələr tətbiq edilir.  



Maddə 31. Abidələrin elmi tədqiqi, bərpası, rekonstruksiyası, konservasiyası və 

regenerasiyasında beynəlxalq təşkilatların iştirakı 

Azərbaycan Respublikasının ərazisindəki abidələrin elmi tədqiqi, bərpası, regenerasiyası, 

rekonstruksiyası və konservasiyasında müvafiq beynəlxalq təşkilatlar Azərbaycan 

Respublikasının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə iştirak edə bilərlər. 



Maddə 32. Müvəqqəti işğal zonalarında qalmış abidələrin bərpası və qorunması 

Müvəqqəti işğal zonalarında qalmış abidələrin yenidən tədqiqi və bərpası üçün həmin ərazilər 

azad edildikdən sonra təxirəsalınmaz tədbirlər görülür. Abidələrin bərpası və qorunması üçün 

ayrılan maliyyə vəsaiti ilk növbədə işğal zonasında qalmış abidələrin tədqiqi və bərpası üçün 

sərf edilir.  

İşğalçılar tərəfindən dağıdılmış dünya, ölkə və yerli əhəmiyyətli abidələr haqqında müvafiq 



beynəlxalq təşkilatlara məlumat verilir.  

Azərbaycan Respublikasının Prezidenti 

Heydər ƏLİYEV. 

Bakı şəhəri, 10 aprel 1998-ci il. 

№ 470-IQ. 

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 

1998-ci il, № 6, maddə 365) 

4 mart 2005-ci il tarixli, 856-IIQD nömrəli; 19 oktyabr 2007-ci il tarixli, 454-IIIQD 

nömrəli; 1 fevral 2010-cu il tarixli, 947-IIIQD nömrəli Qanunlara əsasən dəyişikliklərlə  

Document Outline

  • I fəsil. Ümumi müddəalar
    • Maddə 1. Tarix və mədəniyyət abidələrinin qorunması
    • Maddə 2. Tarix və mədəniyyət abidələrinin anlayışı və təsnifatı
    • Maddə 3. Abidələrin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
    • Maddə 4. Abidələr üzərində mülkiyyət
    • Maddə 5. Abidələrin qorunması, bərpası, əhəmiyyət dərəcələrinin təyin edilməsi vəonlardan istifadə olunmasında Azərbaycan Milli Elmlər Akademiyasının iştirakı
  • II fəsil. Abidələrin dövlət qeydiyyatı və əhəmiyyət dərəcələri
    • Maddə 6. Abidələrin dövlət qeydiyyatı
    • Maddə 7. Abidələrin əhəmiyyət dərəcələri
    • Maddə 8. Azərbaycan Respublikasının ərazisindən kənarda yerləşən Azərbaycana aidabidələrin qeydiyyatı
  • III fəsil. Abidələrin qorunmasının dövlət təminatı
    • Maddə 9. Abidələrin qorunması, öyrənilməsi, bərpası və konservasiyasınınmaliyyələşdirilməsi
    • Maddə 10. Abidələrin toxunulmazlığı
    • Maddə 11. Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslərinvəzifələri və məsuliyyəti
    • Maddə 12. Qoruq sərhədi daxilində və mühafizə zonalarında dövlət əhəmiyyətli inşaat vəmühəndis kommunikasiya işləri görülərkən abidələrin qorunması
    • Maddə 13. İnşaat və digər təsərrüfat işləri görülərkən aşkar edilən abidələrin qorunması
    • Maddə 14. Yeni inşaat sahələrində arxeoloji tədqiqatlar
    • Maddə 15. Dəfinələrdə aşkar edilmiş və ya tapılmış abidələrin müqəddəratı
    • Maddə 16. Abidələrin xaricə aparılması və geri qaytarılması
    • Maddə 17. Abidələrin mülki dövriyyəsinin xüsusiyyətləri
    • Maddə 18. Müharibə, fövqəladə vəziyyət və silahlı münaqişə zamanı abidələrin qorunması
  • IV fəsil. Abidələrdən istifadə qaydaları
    • Maddə 19. Dövlət və ya bələdiyyə mülkiyyətində olan abidələrdən istifadə qaydaları vəşərtləri
  • V fəsil. Abidələrin tədqiqi
    • Maddə 20. Arxeoloji abidələrin tədqiqi
    • Maddə 21. Memarlıq abidələrinin və digər abidələrin tədqiqi
    • Maddə 22. Abidə qoruqlarının yaradılması
    • Maddə 23. Abidələrin qoruq zonaları
    • Maddə 24. Abidlərin köçürülməsi və yerinin dəyişdirilməsi
  • VI fəsil. Mühafizə məqsədilə abidələrdə aparılan inşaat-möhkəmləndirmə və abadlıq işləri
    • Maddə 25. Mühafizə məqsədilə abidələrdə inşaat-möhkəmləndirmə və abadlıq işlərininaparılması
    • Maddə 26. Abidələrdə aparılan inşaat-möhkəmləndirmə və abadlıq işlərinə nəzarət vəgörülən işlərin dəyərinin icraçıya ödənilməsi qaydası
    • Maddə 27. Qoruqlarda və abidələrin mühafizə zonalarında abadlıq işlərinin aparılması
  • VII fəsil. Abidələrin qorunması haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
    • Maddə 28. Abidələrin qorunması haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
    • Maddə 29. Abidələrə vurulan zərərin ödənilməsi
  • VIII fəsil. Yekun müddəalar
    • Maddə 30. Abidələrin qorunması sahəsində beynəlxalq hüquq aktlarının qüvvəsi
    • Maddə 31. Abidələrin elmi tədqiqi, bərpası, rekonstruksiyası, konservasiyası vəregenerasiyasında beynəlxalq təşkilatların iştirakı
    • Maddə 32. Müvəqqəti işğal zonalarında qalmış abidələrin bərpası və qorunması

Yüklə 71,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə