120
Qohum tayfaların ittifaqı hər yerdə bir zərurət olur, tezliklə bunların birləşməsi və
beləliklə, ayrı-ayrı tayfa ərazilərinin bütün xalqın ümumi bir ərazisi halında birləşməsi
zəruri olur. Xalqın hərbi başçısı zəruri, daimi bir vəzifəli şəxs olur. Xalq yığıncağı
meydana gəlir.
Sərkərdə, şura, xalq yığıncağı inkişaf edib hərbi demokratiyaya keçən qəbilə
cəmiyyətinin orqanlarını təşkil edir. Bu, ona görə hərbi demokratiya idi ki, indi
müharibə və müharibədən ötrü təşkil olunmaq xalq həyatının müntəzəm funksiyaları
olur... müharibə indi yalnız qarət naminə aparılır, daimi bir peşə olur... irsi kral
hakimiyyəti və irsi əyanlıq üçün təməl qoyulur. Beləliklə, qəbilə quruluşu orqanları
xalq, qəbilə, fratriya, tayfa içərisindəki öz köklərindən tədriclə ayrılır, bütün qəbilə
quruluşu isə özünün əksinə çevrilir".
Bu proseslərin son mərhələsi insan tərəfindən tarixdə inqilabi rol oynamış
bütün xammalların sonuncusu və ən mühümü olan dəmirin mənimsənilməsi ilə
bağlıdır.
Tezliklə cəmiyyətin siyasi cəhətdən təşkilinin yeni forması olan dövlət də
meydana gəldi. Bu təşkilat yenidən təşəkkül tapmır, əsasən köhnə, lakin artıq
dəyişdirilmiş, istismarçı azlığın mənafelərini qoruyan orqanların hesabına yaradılırdı.
Bu, artıq Dəmir dövrü idi.
E.ə. II minilliyin son rübünün qəbir abidələrindən tapılmış, dəmirdən
hazırlanmış məmulat bu metalın sənətkarlıq cəhətdən mənimsənildiyini təsdiq etsə də,
tuncun hələ uzun müddət ərzində sıxışdırılmaqda olduğunu qeyd etmək lazımdır.
Azərbaycanın daha çox inkişaf etmiş vilayətlərində və onunla həmhüdud olan
bölgələrdə e.ə. II minilliyin sonunda ibtidai icma quruluşunun tənəzzülünü və
dağılmasını, erkən sinifli cəmiyyətlərə keçidi nəinki kəskin əmlak bərabərsizliyi və
hərbçilərin icma üzvlərinə məxsus olan qəbirlər kütləsindən seçilən çoxsaylı qəbirləri,
habelə Zaqrosyanı zolaqda yaranmış, yazılı mənbələrdə təsdiqlənən xırda siyasi
vahidlərin mövcudluğu faktı da nümayiş etdirir. Bu fakt tamamilə aydın surətdə
təsdiq edir ki, göstərilən zamandan etibarən keçmişlərdə qalmış nəsli-tayfa prinsipinin
əvəzində dövlət hakimiyyətinin ilk fərqləndirici cəhəti olan ərazi bölgüsü meydana
gəlmişdi.
Göstərilən zamanda Cənubi Azərbaycan bölgəsində şərait xarici siyasi
hadisələrlə bağlı olaraq əhəmiyyətli dərəcədə mürəkkəbləşdi.
E.ə. II minilliyin sonunda və I minilliyin başlanğıcında bölgənin və onunla
həmhüdud olan ərazilərin daha qabaqcıl vilayətlərinin inkişaf səviyyəsini
səciyyələndirən parlaq materiallar Naxçıvan, Dağlıq Qarabağ, Mingəçevir, Talış,
Xurvin, Marlik, Həsənli zonasında aşkar olunmuşdur. Bütün bu materiallar nəinki
yerli cəmiyyət daxilində əlaqələrin nəzərəçarpaçaq dərəcədə artmasını təsdiq edir,
habelə aydın şəkildə deməyə imkan verir ki, e.ə. II minilliyin son rübündə Cənubi
Qafqazın ərazisində və İran yaylasının şimal-qərbində Dəmir dövrünün ilk
121
mərhələsini təşkil edən, bir-birinə yaxın olan mədəniyyətlər təşəkkül tapmışdı.
Güman etmək olar ki, həmin mədəniyyətlər dəmirin emal olunmasının əsasları
baxımından eyniyyət təşkil edirdilər. Deyilənlər təsdiq edir ki, həmin ərazilərin
tayfalarında yeni münasibətlər eyni zamanda və oxşar şəraitdə təşəkkül tapmaqda idi.
Bəzi fərqlərə baxmayaraq, erkən dövrdə bölgənin hər iki hissəsinin inkişaf səviyyəsi
təxminən eyni idi.
Bizi maraqlandıran zamanın etnodil mənzərəsindən danışarkən göstərmək
lazımdır ki, həmin mənzərə, əlbəttə, əvvəlki dövrün şəraitindən bir qədər fərqlənirdi.
Lakin tayfaların taleyini dəfələrlə dəyişmiş gur hadisələrə, müxtəlif dəyişikliklərə və
hətta kəskin çevrilişlərə baxmayaraq, bu dövrdə burada etnik, mədəni və dil
baxımından keçmiş dövrlərin nəsilləri - Kavkasion və Aralıq dənizi antropoloji
tiplərinə aid olan, Şimal-Şərqi Qafqaz ailəsinin dialektlərində (şimalda), hurri, lullubi
və digər dillərdə, dialektlərdə (cənubda) danışanların nümayəndələri ilə bağlı olan
avtoxton əhali yaşayırdı
Bölgənin əsrlər ərzində bura gəlmiş etnik qruplarla qaynayıb qarışmış avtoxton
əhalisi Dəmir dövrünün başlanğıc mərhələsində mahiyyətcə artıq e.ə. III minillikdə
(güman etmək olar ki, daha erkən zamanlarda) burada yaşamış etnik elementlərdən
ibarət idi. İri tayfa birlikləri arasında yalnız kutiləri istisna etmək lazımdır. Artıq e.ə.
II minilliyə doğru kutilər əski rollarını itirdilər. Güman etmək olar ki, e.ə. I minillikdə
onlar başqa tayfalarla qaynayıb-qarışaraq tarix səhnəsini qəti surətdə tərk etdilər.
Mənbələrdə yeni tayfaların və tayfa birliklərinin adları hallanmağa başlandı.
Cənubda başlıca etnik-dil massivi lullubi və hurri elementlərindən ibarət idi.
Hurrilər Urmiya gölü sahillərində yaşayırdılar. Sulduz vadisində aşkar olunmuş
"xabur" keramikası, Həsənli materialları, habelə təxminən e.ə. II minilliyin birinci
yarısında mövcud olmuş hurri-ari kontaktı faktı bunu təsdiq edir. Bölgənin cənub
hissəsində lullubilər də yaşamaqda idilər. Maraqlıdır ki, hələ e.e. I minilliyin I
otuzilliyində Lullume, Zamua, Manna anlayışları arasındakı varisliyi izləmək
mümkündür. Aşşur hökmdarı II Sarqonun Aşşur allahına yazdığı məlum
"məktubu"nda deyilir: "Zamua adlanan lullume ölkəsi". Zamua isə, məlum olduğu
kimi, Manna çarlığının meydana gəldiyi vilayət idi.
Güman etmək olar ki, lullubi elementi Urmiyaətrafı vilayətlərdə hələ xeyli
müddət ərzində qalsa da, Mannanın etnik tarixində mühüm rol oynasa da, Manna
çarlığı dövründə hurri qruplarının bu zonada üstün etnik element olduğunu təxmin
etmək mümkündür. Məlumdur ki, hurrilər burada antik zamanlarda da yaşamaqda
davam etmişlər.
Erkən dəmir dövründə Urmiya-Van-Şərqi Kiçik Asiya vilayətlərində mehri və
yaxud mehranlar adlanan əhali qrupları meydana çıxdılar (onların əvvəllər də burada
yaşadıqlarını güman etmək mümkündür). E.ə. XIII əsrə aid olan Hett sənədlərində
Sala "ölkəsi" ilə yanaşı, Mehri "ölkəsi"ndən də danışılır (sala tayfası isə manda tayfası