148
bilmədi. Kitabədən bəlli olur ki, Ameka imkan tapıb Sabua dağında yerini
möhkəmləndirmişdi. Görünür, Amekanın ərazisi kifayət qədər geniş idi. Etini və
Sabua dağları bir-birindən uzaqda yerləşirdi, çünki Aşşurnasirapal Lallu və Edir
çaylarından, Su və Elaniu dağlarından keçməli olmuşdu. Aşşurlular nəticə etibarilə
Amekanı ram edə bilmədilər. Kitabədə Zamuanın paytaxtı Zamrinin, Arazitku,
Ammaru, Parsindu, İritu, Suritu qalalarının 150 ətraf məskənlə birlikdə tutulmasından
danışılırsa da, Ameka üzərində qəti qələbə çalındığı haqqında məlumat verilmir.
Əhali Aziru və Simaki dağlarına çəkilir, Mesu şəhərində yerini möhkəmlədir.
Möhkəmləndirilmiş Ammali şəhərinin başında duran Araştua aşşurlulara qarşı Ameka
ilə birgə çıxış edir.
Kitabədə verilən məlumata görə, adları çəkilən şəhər-qalalardan başqa, daha
bir neçə şəhər-qala da işğal olunmuşdu. Bunlar Sabininin idarə etdiyi Kisirtu şəhəri və
onu əhatə edən on məskən, habelə Kirtiaranın idarə etdiyi bareanlıların şəhərləri idi.
Ehtimal ki,
onlar da Araştuaya tabe idilər, çünki kitabədə bu şəhərlərin qarət edildiyi
bildirildikdən sonra deyilir ki, Aşşurnasirapal Araştuanın şəhərlərindən çıxıb
getmişdi. Lakin, görünür, Araştua özü ondan xeyli güclü olan Amekadan asılı idi,
aşşurlular yalnız Amekanı "çar" adlandırırdılar. Amekanın çar şəhərlərində ələ
keçirilmiş qənimət başqa şəhərlərdə ələ keçirilən qənimətə nisbətən daha zəngin və
daha rəngarəng idi.
Aşşurlular dəfələrlə məlumat verirlər ki, Zamridə "onun (Amekanın) əmlakı və
mülkiyyəti", çoxlu "mis əşyalar, mis vazalar, camlar, mis məcməyilər, qızıl suyuna
çəkilmiş sinilər, onun sarayının sərvətləri, onun topladığı xəzinə" ələ keçirilmişdir.
Zamualılar hər il bac verməli idilər.
Aşşurnasirapalın salnamələrindən görünür ki, Zamua cəmiyyəti artıq sinfi
cəmiyyətdir; Ameka çarlığında şəhər-qalalardan əlavə, mərkəzi "çar" şəhəri Zamri də
var idi. Ələ keçirilmiş qənimətin təsvirindən və siyahısından görünür ki, Zamua
vilayətlərində yüksək dərəcədə inkişaf etmiş professional sənətkarlar varmış.
II Aşşurnasirapal Zamua zonasında uzun müddət qaldığına görə burada
düşərgə salır və Zamua ərazisinin ayrı-ayrı şəhərlərinə vaxtaşırı basqınlar edir.
Aşşurlular Zamuanın zəbt olunmuş hissəsində əyalət yaradır və daimi nəzarət üçün
Dur-Aşşur qalasını tikirlər. Onlar ölkənin bu hissəsini sonralar Zamua və ya
Mazamua adlandırırdılar; vilayətin qalan hissəsinə isə Daxili Zamua deyilirdi.
[Xarici] Zamua rayonlarını işğal etməyin və orada əyalət yaratmağın
aşşurlular üçün çox böyük əhəmiyyəti vardı. Məhz bu dayaq nöqtəsindən aşşurlular
Şərqə yürüşlər etməyə başladılar.
II Aşşurnasirapal Zamua yürüşündən danışarkən Ata çarlığını darmadağın
etdiyini və Sipirmena ölkəsindən hədiyyələr aldığını bildirir.
Daxili Zamuada ən iri siyasi vahidlər Nikdimanın və Nikdaranın (və ya
Mekdiaranın) torpaqları idi. Nikdiaranın ölkəsində hakimiyyət irsi çar hakimiyyəti idi.
149
E.ə. 855-ci ildə, Nikdiaranın hökmranlığı dövründə, Urmiya gölündə onun
döyüşçüləri ilə aşşurlular arasında döyüş olmuşdu. Nikdiara hələ IX əsrin 20-ci
illərində də ölkəni idarə edirdi. Sonra hakimiyyət başına Nikdiaranın oğlu Şarsina
keçdi. Aşşurlular onun 300 məskənini tutmuşdular.
Urmiya gölü hövzəsində Allabria çarlığının böyük əhəmiyyəti var idi. Ölkə
hökmdarlarının adları Akkad və kaşşu adları idi. Bu, çox güman, həmin rayonda
Akkad və kassit mədəni ənənələrinin mövcud olduğunu göstərir.
Allabrianın adı ilk dəfə IX əsrin ortalarında III Salmanasarın kitabələrində
çəkilir. Bu çarın salnamələrində hökmdar Yanziburiaş dövründə Allabria cəmiyyəti
haqqında müəyyən fikir söyləməyə imkan verən maraqlı məlumat vardır. Aşşur
dövləti Allabrianı sonralar özünə tabe etmişdi. Hərçənd məlum olduğuna görə, II
Sarqon zamanında mannalı Ullusunu ölkənin hökmdarı İttini dilə tutub "Urartuya
xidmət etməyə" razı salmış və İtti onun fitvası ilə Asşura qarşı üsyan qaldırmışdı.
Lakin Aşşur dövləti əleyhinə koalisiya darmadağın edilmiş, çar İtti isə Suriyadakı
Amatu şəhərinə sürgün edilmişdi. Allabrianın başına Aşşurun əlaltısı Belapaliddina
qoyulmuşdu. Sonralar Aşşurbanipalın zamanında və ya hətta bir az əvvəl Allabria
Mannaya qatılmış, lakin tezliklə yenə də Aşşur tərəfindən istila edilmişdi.
Adətən qaynaqlarda Allabria ilə Karalla ölkəsi yan-yana qoyulur. Aşşur çarı II
Sarqonun zamanında Karalla ölkəsi Aşşur əleyhinə koalisiyada xüsusi fəallıq
göstərmişdi. Elə Aşşur çarının özü belə bir məlumat da verir ki, "Karalla ölkəsinin
sakinləri mənim adamımı qovub yerinə Amitaşşini qoymuşlar". II Sarqon itaətsizlik
üstündə Karalla çarı Aşşurlenin dərisini diri-diri soydurmuş, torpaqlarını isə Aşşur
ərazisinə qatmışdı.
Allabriadan və Karalladan qərbdə yerləşən, adı ilk dəfə hələ e.ə. X əsrin
əvvəlində II Aşurnasirapalın salnaməsində çəkilən Kirruri çarlığı var idi. Onun
haqqında son dəfə e.ə. IX əsrin ortalarında III Salmanasarın kitabəsində məlumat
verilir.
Aşşurlular Kirruridən və ona qonşu olan digər vilayətlərdən bac olaraq "at,
qatır, şərab, tunc qablar" alır və onların başı üstündə "bac toplayanlar" qoyurlar.
E.ə. IX əsrdə Urmiyaboyu rayonda mühüm bir siyasi qurum çar II Tulukti-
Ninurtanın salnamələrində adı ilk dəfə çəkilən Gilzan dövləti idi. O, Kirruri və
Xubuşkia ilə qonşu idi. Aşşur hökmdarlarının Gilzan üzərinə çox tez-tez yürüş
etmələri bu ölkənin onlar üçün necə böyük əhəmiyyətə malik olduğunu göstərir.
Ölkəni çarlar idarə edirdilər. Burada e.ə. IX əsrin birinci yarısında və
ortalarında Asu, sonra isə Upu hökmdar idi. Uzun müddət hökmdarlıq etmiş Asu III
Salmanasarın pişvazına "öz qardaşları və oğulları ilə birlikdə" çıxır. Bu, sübut edir ki,
Asu artıq tayfa başçısı deyil, suveren irsi hökmdar idi, elə bir hökmdar ki, onu
aşşurlular da "çar" adlandırırdılar.