174
Subinin ucqarında yerləşən böyük Uşkayya qalası (görünür, müasir Uski nəzərdə
tutulur, Təbrizdən qərbdə Səhənd dağının şimal yamacındadır -
məsul red.)" döyüşsüz
ələ keçirildi.
Mannanın bir az əvvəl urartulular tərəfindən işğal edilmiş Subi vilayəti
haqqında "Relyasiya"da məlumat verilir ki, "bu vilayətdə yaşayan adamların... süvari
qoşun üçün at təlimində misli yoxdur".
Uşkayya haqqında deyilir: "Mən (Sarqon - məsul red.) onun qayada 8 qulac
qalınlığında bünövrə üzərində tikilmiş möhkəm divarını diş-diş olan üst hissəsindən ta
hündür özülünədək birdəfəyə söküb yerlə yeksan etdim. Qalanın içindəki evləri alova
bürüdüm, evlərin uzun tirlərinə od vurdum. Qalanın ətrafındakı 115 məskəni tonqal
kimi yandırdım, tonqalların tüstüsü qasırğa şiddəti ilə göyün üzünü bürüdü. Qalanın
ərazisini bir kökə saldım ki, elə bil tufan qopub onu məhv etmiş, yaşayış məskənlərini
daş-torpaq altında qoymuşdu. Mən Aniaştanianı, onun (Urartu çarının - məsul red.)
Sanqibutu sərhədində Uşkayya ilə Tarmakisa arasında tikilmiş ilxılar evini ətrafındakı
17 məskənlə birlikdə dağıdıb yerlə yeksan etdim, damların uzun tirlərinə od vurdum.
Zəmilərin məhsulunu, küləşi yandırdım, dolu-dolu anbarları açdım və qoşunuma o ki
var arpa yedirtdim. Onun otlaqlarına mənim mal-qaramı çəyirtgə sürüsü kimi
buraxdım. Mal-qara onun ümid yeri olan ot-ələfi yeyib zəmilərini viran qoydu".
Bundan sonra Sarqon Bari "ölkəsinə" soxulur. Əvvəllər mannalılara məxsus
olmuş bu ərazi, görünür, hələ Menua zamanında urartulular tərəfindən işğal edilmişdi.
Belə bir məlumat verilir ki, "Tarui və Tarmakisa dalaylar ölkəsində, onun
(yəni Rusanın) zəngin arpa evinin (görünür, "dən anbarının") ətrafında tikilmiş güclü
istehkamlardır - divarları möhkəmləndirilmiş, sədləri davamlı, xəndəkləri dərin idi,
dövrəsinə hasar çəkilmişdi, orada çar alayının ehtiyat atları tövlələrə salınmışdı. Hər
gün yemlənirdi; bu vilayətdə yaşayan adamlar mənim ətraf məskənlərdə törətdiyim
əməlləri gördükdə canlarına titrətmə düşdü, məskənlərini atıb səhraya qaçdılar... Bu
vilayətin hər yerini tor kimi bürüdüm, onların möhkəmləndirilmiş şəhərləri arasında
müharibə qızışmasına imkan verdim. Onların möhkəm divarlarını (diş-diş olan yuxarı
hissəsindən başlayıb) bünövrəsinədək dağıdıb yerlə yeksan etdim, onların içində olan
evləri alova bürüdüm, uzun tirlərinə od vurdum. Onların bol məhsulunu alışdırdım,
dolu-dolu anbarları açdım, qoşunuma o ki var arpa yedirtdim. Onların 30 ətraf
məskənini tonqal kimi yandırdım, tonqalların tüstüsü ilə göyün üzünü tozanaq kimi
örtdüm".
Çox keçmədən Ulxu şəhəri (görünür, Mərənddən şimaldadır) işğal edildi.
Urartu çarının sarayı bu şəhərdə idi. "Relyasiya"da deyilir ki, orada çiçək açan bağlar,
üzümlüklər, kanallar və i.a. vardı. Bütün bunlar qılıncdan keçirildi və yandırıldı.
Darmadağın edilib ruhdan düşmüş Rusanın ordusu qaçdı. Sarqon Qərbə tərəf
hərəkət edərək Kətur aşırımı rayonunda Urartu ərazisinə soxuldu.
175
Aşşurlular bütün Urartu ərazisindən qılınc və odla keçdilər. Sarqon öz ölkəsinə
qayıdanda Urartunun dini mərkəzinə - Urmiya gölündən cənub-qərbdə indiki
Rəvanduz rayonunda yerləşən Musasirə basqın etdi. Musasir işğal və qarət olundu,
Urartu çarı I Rusa özünü öldürdü.
Mannanın ən təhlükəli düşmənlərinin darmadağın olunmasından istifadə
edərək, Manna çarı urartulular tərəfindən tutulmuş torpaqlar üzərində öz suverenliyini
bərpa etdi. Aşşur çarının özü bu işdə ona kömək göstərdi, "Ursadan və Metattidən
alınan 22 qalanı və 2 möhkəmləndirilmiş şəhəri" Ullusunuya qaytardı, "Mannalılar
ölkəsinin Uişdiş vilayətini" ona verdi. Görünür, urartuluların "Mannalılar ölkəsi
adlandırdıqları" Subi vilayəti də qaytarılmışdı.
Lakin, çox ehtimal ki, mannalılar bununla kifayətlənməmiş və öz
hakimiyyətlərini Urmiya gölündən şimaldakı rayonlarda urartuluların əvvəllər
tutduqları başqa torpaqlara da yaydılar. Təsadüfi deyildir ki, "Mannalılar ölkəsinin
adamları" Sarqonun "Relyasiya"sında onun Sanqibuti vilayətində qalaları tutması ilə
əlaqədar olaraq xatırladılır; Sanqibuti vilayətindən sonra Urartunun öz ərazisi
başlanırdı.
Sarqon Andianı, Zikertunu və Urartunu darmadağın edəndən sonra, Manna
Cənubi Azərbaycan ərazisinin az qala hər yerində və ya böyük bir hissəsində
hakimiyyəti yenidən ələ keçirir.
II Sarqon Mannanın itaətkarlığını dönə-dönə qeyd etsə də, mannalılara "öz
yurdlarında arxayın yaşamaq" imkanı verdiyini bildirsə də, "Mannalılar ölkəsini
sakitləşdirmişəm", "səpələnmiş mannalılar ölkəsini bir yerə toplamışam" desə də,
Manna əslində Aşşurun tabeliyindən çıxır. Maraqlıdır ki, Ullusunu Aşşura 714-cü ildə
iki dəfə bac verdiyi halda, 713-cü ildə ancaq bircə dəfə, necə deyərlər, "pay" verməklə
kifayətlənmişdi. Həm də Sarqon Manna çarının müttəfiqliyini xüsusi qeyd edir, ona
kətan və yun paltarlar, xəncər və üzüklər bağışlayır.
Manna o zamanın qüdrətli dövlətlərindən birinə çevrilir, tezliklə cürətlənib
Aşşur torpaqlarına basqın etməkdən çəkinmir.
E.ə. VIII əsrin lap sonunda tarix meydanına yeni bir qüvvə - kimmerlər çıxır.
Düşünmək olar ki, Asarxaddon zamanında kimmerlərin şəxsində mannalılar özlərinə
müttəfiq qazanmışdılar. Kimmerlər Aşşur ilə Manna arasında gedən mübarizəyə fəal
surətdə qarışır, bu mübarizədə Mannanın tərəfini saxlayırdılar.
E.ə. VIII əsrin sonunda - VII əsrin əvvəlində Mannanın həm aşşurlular, həm də
urartulularla münasibətləri qatı düşmənçilik münasibətləri idi.
Artıq Sarqonun varisi Sinaxxerib (e.ə. 705-681) mannalıların, onun
hakimiyyətinə itaətkarlıqla boyun əyməməsindən şikayətlənir və öyünür ki, boyun
əyməyən mannalıları əsir aparıb kərpic daşımağa məcbur etmişdir. Keçıniş
müttəfiqlərin sonradan bir-birinə düşmən kəsilməsi o zamanın sənədlərində dəfələrlə
xatırladılır. Sənədlərin birində deyilir ki, zalipilərin bac olaraq Aşşura apardıqları