274
etmək olar. Lakin deyilənlər heç də bizə burada "Avesta" təlimlərinin vətənini və
"Avesta xalqının" özünü lokallaşdırmaq əsasını vermir.
Məsələ burasındadır ki, "Avesta"da müxtəlif zamanlarda və müxtəlif yerlərdə
yaranmış xeyli miqdarda laylar vardır. Və elə buna görə də, sözün birbaşa mənasında,
"Avesta" təlimlərinin vətəni haqqında ciddi danışmaq çətindir. Bu vətəni Qərbi
Sibirdən başlamış Qərbi İran vilayətlərinədək olan çox geniş ərazinin müxtəlif
yerlərində axtarırlar. Onu gah son quyu, gah Aidronovo mədəniyyətləri zonasında,
gah Orta Asiyada, gah Madada (Raqa, sonra: Rey) və yaxud Cənubi Azərbaycanda
lokallaşdırırlar. Hazırda yalnız bu və ya digər dövrdə Avesta təlimlərinin bu və ya
başqa ərazilərdə yayılması haqqında danışmaq olar.
Avesta dialektlərinin daşıyıcısı olan "Avesta xalqı"na (Awestavolk) gəldikdə
isə, yaxın keçmişdə bir çox alimlər bu "etnosun" tarixi gerçəklik olmasına şübhə
etmirdilər. Lakin hazırda tam müəyyənliklə demək lazımdır ki, bu cür "etnos" heç bir
zaman mövcud olmamışdır.
Qeyd etmək lazımdır ki, "Avesta" hərdənbir bizdə səslənən bəyanatların əksinə
olaraq heç bir zaman hər hansı qeyri-İran dilində yazıla bilməzdi. Onun sonralar guya
İran dillərindən birinə tərcümə olunması haqqında fikirlər də alimnümalıqdan başqa
bir şey deyil. Məsələnin bu cür qoyuluşunun özü ciddi deyildir. Avestada mövcud
olan xırda cəhətlərədək hər şey tam mənası ilə iranlılıqla bağlı olub, İran ruhu ilə
yoğrulmuşdur.
"Avesta" kitablarının dilinin İran dili olmasına heç bir şübhə yoxdur. Alimlərin
bir qismi onu Qərbi İran dillərinə aid edir, digərləri onu Şərqi İran dili hesab edir,
nəhayət, üçüncülər güman edirlər ki, Avestanın dili İran dillərinin Qərb və Şərq
qrupları arasında aralıq mövqeni tuturdu. Lakin son iki-üç onilliyin tədqiqatları
göstərdi ki, irandilli olan hər iki Avesta dialekti (Kiçik Avesta və Qatik Avesta) "süni
dillər" adlanan kateqoriyaya aiddir. Bu dillərdən məişətdə deyil, hind-Avropa dini və
qəhrəmanlıq poeziyasında istifadə edirdilər.
Qatların və Kiçik Avestanın fərqli xüsusiyyətlərindən danışarkən onu da qeyd
etməmək olmaz ki, əgər onlardan birincisi tam mənada kahin poeziyasının ənənəsini
davam etdirirdisə, ikincidə hind-Avropa dünyəvi qəhrəmanlıq poeziyasının
xüsusiyyətləri aşkar şəkildə nəzərə çarpırdı.
Doğrudur, ayrı-ayrı hallarda, məsələn, Kiçik Avestaya Qərbi İran
dialektlərinin, Qatlara isə Şərqi İran dialektlərinin təsirindən danışmaq olar. Bu,
əlbəttə, çox mühümdür, çünki bu hal müqəddəs yazıların hər bir qismini müəyyən
əraziyə aid etməyə imkan yaradır. "Avesta"nın (daha dəqiqi, onun ayrı-ayrı
hissələrinin) yaradılması işi hər hansı bir əfsanəvi "Avesta xalqına" deyil, artıq e.ə. I
minilliyin
275
lap başlanğıcında, bəlkə də daha öncə Orta Asiyada, İran yaylasının Şərqi və qərbində
yaşamış irandilli xalqların böyük qrupuna məxsusdur. "Avesta"da olan bir çox
cəhətləri onlar özlərinin əvvəlki vətənlərindən gətirmişdilər. Yeni yaşayış yerlərində
də xeyli dəyər yaradılmışdı.
Qatlara qayıdarkən qeyd etməmək olmaz ki, onlar xeyli dərəcədə islahatçı
fəaliyyətin məhsuludur. Onlarda ənənəvi Hind-Avropa görüşləri ilə xeyli
ziddiyyətlərin olması da bunu təsdiq edir. Qatların öz məzmunu Zərdüştün ehkamının
yeniliyi lehinə danışır. Fövqəladə dərəcədə mühümdür ki, Zərdüşt haqqında bizdən
daha çox biliklərə malik olmuş yunanlar peyğəmbəri islahatçı kimi qəbul edirdilər.
Aqafi [II, 24] bunu tam müəyyənliklə təsdiqləyir: "...O, (yəni Zərdüşt - məsul red.)
əski müqəddəs adətləri dəyişdi və müxtəlif qüsurlu etiqadlar yaratdı".
Qatların islah olunması habelə ondan görünür ki, mütəxəssislərin nüfuzlu
fikrinə görə, onlar xalq inamlarından çıxmamışdı və ümumiyyətlə nisbətən geniş kütlə
üçün nəzərdə tutulmuş Kiçik Avestadan fərqli olaraq ruhani elitaya ünvanlanmışdı.
Yeri gəlmişkən, zərdüştilik təliminin islahat məhsulu olduğunu Gete də
özünün məşhur "Divan"ında dəqiqliklə qeyd etmişdir: "Görünür, Zərdüşt ilkin saf,
nəcib, təbii dini mürəkkəb mərasim kultuna çevirdi".
Peyğəmbərin öz təlimini harada təbliğ etdiyini dəqiq bilinməsə də, hər halda
İran yaylasının qərb vilayətlərində artıq təxminən e.ə. I minilliyin birinci yarısında
zərdüştilik kimi adlandırılması qəbul edilmiş, islahata məruz qalmış dini sistemin
yayıldığı faktı şübhəsizdir.
Şübhəsiz, qədim İran dini və mifoloji təsəvvürlərindən törəmiş zərdüştilik,
əlbəttə, onları xeyli, bəzi hallarda isə köklü dəyişikliyə məruz qoydu.
Zərdüştilik erkən dövlət törəmələrinin meydana gəldiyi dövrdə yaranmışdı və
həmin dövrün ideologiyası idi. Zərdüştün əsasən Qatlarda ifadə olunmuş moizələri
qəbilə-tayfa rəhbərlərinin və əski kahinlər kütləsinin əleyhinə yönəldilmişdi. O, xalqın
həyat şəraitinin dəyişdirilməsi, əkinçilik əməyinin və oturaq maldarlığın təntənəsi,
güclü hakimiyyət əsasında siyasi birləşmə uğrunda mübarizə aparırdı. Əbəs deyildir
ki, Qatlarda dinc həyata və güclü hökmdarların himayəsi altında çiçəklənməyə,
çəkişmələrə və hərbi yürüşlərə, düşmən hakimlərə və drug-un (yalanın) tərəfdarlarına,
həqiqətin (asa, aqta) antipodu olan kahinlərə qarşı mübarizəyə çağırış vardır. Zərdüşt
bütün coşqunluğu ilə əkinçiləri qarət edən, onların mal-qarasını sürüb aparan
köçərilərə qarşı mübarizəyə çağırır. O, mal-qaranın kütləvi, qanlı şəkildə qurban
edilməsinə qarşı çıxış edir, politeizmi - əski naturalist tanrılara pərəstişi rədd edir.
Zərdüştiliyin dini-fəlsəfi sistemi üçün dualizm daha çox səciyyəvidir. Bu
dualizm iki başlanğıcın - Xeyirlə Şərin, Həqiqətlə Yalanın, İşıqla Zülmətin bir-birinə
qarşı qoyulmasında ifadə olunur. Onların arasındakı mübarizə kosmik miqyaslar
alaraq, vahid ümumdünya münaqişəsində cəmləşərək bütün dünya prosesinin
məzmununu təşkil edir və bu prosesdə insan üçün fəal rol ayırır. Xeyir qüvvələrinin