111
yanmış taxıl və qədim əkinçilikdə məhsuldarlıq rəmzi kimi pərəstiş edilən qadın
fiquru ilə birlikdə tapılmışdır. Azərbaycanın qədim oturaq əhalisinin inkişafında
əkinçiliyin rolu nə qədər böyük olsa da, o həmişə maldarlıqla birgə olmuşdur.
Üzərliktəpə yaşayış yerinin materialına görə, onun əhalisi ən çox iribuynuzlu
heyvan saxlayırdı, ikinci yeri xırdabuynuzlu heyvan tuturdu, sonra isə ev donuzu və at
gəlir. Maraqlıdır ki, Üzərliktəpə yaşayış yerinin osteoloji materialı içərisində, qulan
və ceyranı nəzərə almasaq, vəhşi heyvan sümükləri yoxdur. Sürüdə ev donuzunun
olması Üzərliktəpə sakinlərinin yaxşı otlaq sahələrindən istifadə edərək, oturaq
maldarlıqla məşğul olduğunu göstərir.
İstər xırdabuynuzlu, istərsə də iribuynuzlu ev heyvanları sümükləri Naxçıvan
yaxınlığında II Kültəpədən də tapılmışdır. Buradan həm də at sümüyünə təsadüf
olunmuş və ilk dəfə uzunqulaq sümüyü tapılmışdır. Yeri gəlmişkən, bu,
Zaqafqaziyada uzunqulağın istifadə olunması haqqında birinci ən qədim məlumatdır.
Ata gəldikdə, o, Eneolit dövründən məlum olsa da, Azərbaycanda ev heyvanı
kimi sonrakı dövrlərdə məhdud miqyasda saxlanılırdı. Zaqafqaziyanın Orta Tunc
dövrü abidələrindən atın qoşquda və nəqliyyatda istifadəsi haqqında material əldə
edilməmişdir. Ancaq Cənubi Azərbaycanda atın qoşquda istifadəsini göstərən
məlumatlar vardır.
Orta tunc dövründə xırdabuynuzlu heyvan sürüsünün artması ilə köçəri
heyvandarlıq özünün sonrakı inkişafını tapır. Təsərrüfatın bu növü ilə bağlı əhalinin
xeyli hissəsi hərəkətli həyat tərzi keçirirdi. Yayda heyvan alp çəmənliklərinə aparılır,
qışda isə düzən - aran rayonlara qaytarılırdı. Bu rayonlarda onların dəfn abidələri
yaxşı məlumdur. Məsələn, Xaçbulaq yaylağında dəniz səviyyəsindən 2000 m
hündürlükdə, Qobustan, Abşeron, Muğan qışlaqlarında və s.
Çoxlu miqdarda heyvan saxlamaq maldar qəbilələrin varlanmasında əsas
mənbə olan izafi məhsul almaq imkanını yaradırdı.
Beləliklə, əkinçilik və maldarlıq təsərrüfatının Orta Tunc dövründə sonrakı
inkişafı müşahidə olunur. Əgər oturaq əhalinin təsərrüfat əsasını əkinçilik və
maldarlıq təşkil edirdisə, hərəkətli əhalinin təsərrüfatında demək olar ki, başlıca sahə
maldarlıq idi.
Sənətkarlıq. Orta Tunc dövründə metallurgiyanın inkişafında yeni mərhələ
başlanır. Əvvəllər məlum olmayan alət, silah, bəzək formaları yaranır, alətlərin
hazırlanma texnikasında bəzi yeniliklər tətbiq olunur, tunc məmulatı istehsalında yeni
elementlərin qatılmasından istifadə olunur. Məhz bu dövrdən başlayaraq metal
əşyaların hazırlanmasında qalay qatımlı tuncdan (qalay 5-10 %) daha çox istifadə
olunur. Belə tuncdan, məsələn, Üzərliktəpədən, Göytəpədən və Qobustandan tapılmış
xəncərlər hazırlanmışdır. Qatma element kimi qalayla birlikdə mərgmüş və sürmə,
həm də qurğuşun işlənirdi və beləliklə, ərinti çoxkomponentli olurdu. Ancaq yüksək
keyfiyyətli tunc istehsalını qatma element kimi qalay təmin edirdi.
112
Müxtəlif tipli məmulat, misəritmə istehsalı qalıqları, metal əşyaların
tökülməsində istifadə olunan formalar metallurgiyanın və metalişləmənin geniş
inkişafını aydın sübuta yetirir.
Əsas xammal mənbələrini, görünür, yerli mədənlər təşkil edirdi. Demək olar
ki, hər bir yaşayış yerində metal əşyaların istehsalı ilə məşğul olurdular. Misəritmə
istehsalı ilə əlaqədar qalıqlar Üzərliktəpədə aşkar olunmuşdur. Orada posa (şlak)
parçası, həm də piyalə formalı gil buta tapılmışdır. II Kültəpədə və Qobustan
Böyükdaş yaşayış yerində gil çömçələrə rast gəlinmişdir. Həftəvan yaşayış yerində ox
ucluğu tökülən daş qəlibin tapılması böyük əhəmiyyət kəsb edir.
Metal məmulatı adətən çoxlu miqdarda dəfn abidələrdən əldə edilir.
Əliköməktəpə qəbirləri belə abidələrdəndir. Onlardan balta, nizə ucluqları, xəncər
tiyəsi, borulu qarmaq, mis qazan, dördtilli bizlər, çoxlu düymələr, sürmədən bikonik
muncuqlar, qızıl və gümüşdən asmalar və s. tapılmışdır. Öyrənilən dövrdə silah və
alətlər tökmə üsulu ilə hazırlanır, sonra isə onların ağız hissəsi qismən döyülür və
yararlı işlək hala salınırdı. Əvvəllər olduğu kimi, indi də mumdan və ya başqa
tezəriyən materialdan istənilən əşyanın modeli düzəldilir, üzəri gillə suvanır və
əridilmiş metal modelə tökülərkən onun formasını alırdı. Əşyanı çıxarmaq üçün gil
forma sındırılmalı idi. Bu üsulla əşyanı yalnız bir dəfə almaq olar.
Orta Tunc dövründə xəncər və borulu nizələr geniş yayılmış silah tiplərindən
idi. Bəzi hallarda onların hazırlanma texnologiyası mürəkkəb olurdu. Tərtər
rayonunun Borsunlu kurqanından əldə edilən bir xəncərin tiyəsinin içərisində məftil
olduğu müəyyən edilmişdir. Modelə əridilmiş metal tökülməzdən əvvəl məftil onun
ortasına qoyulmuşdur. Bundan da məqsəd xəncərin möhkəmliyini təmin etmək idi.
Analoji üsullar Son Tunc dövründə də tunc silahların (xəncər, bıçaq) hazırlanmasında
tətbiq olunurdu.
Şəki rayonunda bir kurqandan məlum olan xəncərin hazırlanmasında başqa
üsuldan istifadə olunmuşdur. Onu tunc təbəqədən düzəltmişlər. Tunc təbəqədə
uzunsov üçbucaq formasında, baş tərəfdə dilçək yeri qoymaqla xəncər tiyəsini
kəsmişlər. Ağzı əlavə olaraq işlənib itilənmiş və ucu şişlənmişdir.
Xəncər və başqa silah növlərindən fərqli olaraq, borulu nizələrin hazırlanması
daha mürəkkəb proseslə əlaqədar yüksək ustalıq vərdişi tələb edirdi. Əvvəldən
hazırlanmış tunc lövhəni elə əymək və düzəltmək lazım idi ki, onun bir yarısı boru,
digər yarısı yarpaqvari formanı alsın. Bütöv tökülmüş borulu nizələrin hazırlanması
orta tunc dövründən başlanır, ancaq geniş inkişafını sonrakı dövrdə e.ə. II minilliyin
ikinci yarısında tapır.
Orta Tunc dövründə rast gəlinən asimmetrik tunc baltalar Qafqazda çox azdır.
Onlara Talış-Muğan zonasında nisbətən çox rast gəlinir. Belə baltalardan ibarət bir
dəfinə Astara rayonunda Lovain kəndindən təsadüfən tapılmışdır.
Orta tunc dövrü abidələrində metaldan xırda məmulata da rast gəlinir.