152
sonunda Andia artıq Mannaya tabe idi, amma özünü separatistcəsinə aparır,
Mannanın düşmənləri ilə ittifaq bağlayırdı.
Cənubi Azərbaycan vilayətlərinin həyatında uzun müddət mühüm rol oynamış
çox böyük bir tayfa ittifaqı Zikertu idi. E.ə. VIII əsrin son rübündə Zikertu təqribən
indiki Marağa ilə Ərdəbil arasındakı ərazini tuturdu. Zikertunu və zikertuluları
Əhəməni (Haxamanişi) və antik qaynaqlardan məlum olan Saqartiya və saqartiyalılar
ilə eyniləşdirirlər. Əhəmənilər dövründə zikertuluların sakin olduqları ərazi təqribən
gələcək Atropatenaya uyğun gəlirdi. E.ə. VIII əsrdə zikertulular həm Manna
hökmdarlarını, həm də Aşşur fatehlərini az narahat etməmişdilər.
Cənubi
Azərbaycan
ərazisində yuxarıda adlarını çəkdiyimiz tayfa
ittifaqlarından və ölkələrdən başqa, bir çox daha xırda siyasi vahidlər də var idi.
Bunların sırasına Ninni "çarlığını" aid etmək olar. Onun mərkəzi olan
möhkəmləndirilmiş Aridu şəhərində aşşurlular hələ III Salmanasar zamanı insan
kəlləsindən qüllə qurmuş, cavan oğlan və qızları tonqallarda yandırmışdılar. Daha
sonra yenə də III Salmanasar zamanında bac olaraq qoşqu atları verməyə məcbur
edilən Haruna "çarlığı", bac olaraq at, qatır, mal-qara, şərab, tunc qab-qacaq və i.a.
verən Şurdira, Simesi, Ulmania, Adauş, Xarmasa və başqaları, Urartu mənbələrində
adları çəkilən Sanqibuti, Puluadi və bir çox başqaları da bu qəbilədəndir.
Bu vaxt, eləcə də bir qədər sonra Aşşur ilə Urartu arasında mübarizə əsasən
Urmiyaboyu vilayətlərə yiyələnmək uğrunda gedirdi. Çox güman ki, artıq e.ə. IX
əsrin sonuna yaxın urartulular Urmiyaboyu rayona ilk yürüşlər edirlər.
Beləliklə, e.ə. IX əsrin ilk onilliklərində Urmiyaboyu - Zaqros zonasında
müxtəlif birləşmələr yaranmağa başlayır və onlar burada ilk iri siyasi birləşmənin -
Manna çarlığının meydana gəlməsi üçün zəmin hazırlayırlar.
Manna çarlığının meydana gəlməsi. AĢĢurlulara və urartululara qarĢı
mübarizə. E.ə. IX əsrin ikinci yarısından etibarən Urmiyaboyu rayonda tədricən
Manna çarlığının konturları görünməyə başlayır. Artıq e.ə. VIII əsrdə Manna siyasi
həyatda və beynəlxalq münasibətlərdə mühüm amilə çevrilmişdi. Bu çarlığı Cənubi
Azərbaycan ərazisində ilk iri dövlət qurumu hesab etmək olar.
Manna birləşməsi qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük
bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir rayonda meydana gəlmişdi.
Manna e.ə. III—II minilliklərdə bu regionda mövcud olmuş kuti, lullubi, hurri
tayfalarının, digər tayfaların və tayfa ittifaqlarının bilavasitə varisi idi.
Manna çarlığının yerləşdiyi torpaqlarda yaşayanlar hələ ən qədim zamanlarda
Mesopotamiya vilayətləri ilə mədəni-iqtisadi və siyasi münasibətlərə girmişdilər.
Həmin
ərazidə yaşayan tayfalarda ibtidai icma quruluşunun süqutunun
sürətlənməsində bunun, şübhəsiz, böyük əhəmiyyəti vardı.
Manna e.ə. IX əsrin sonunadək Zamua vilayətinin digər "ölkələrindən" az
fərqlənirdi.
153
Mannanın adı mixi yazıda ilk dəfə e.ə. 843-cü ildə III Salmanasarın
kitabəsində ("Munna" formasında) çəkilmişdir. Adətən Aşşurlular Mannanı
"Mannalılar (tayfasının) ölkəsi", urartulular isə " Mana ölkəsi" adlandırırdılar.
Bibliyada Ararat, Aşkenaz çarlıqlarının adı ilə yanaşı, çəkilən Minni adını Manna ilə
eyniləşdirirlər.
Manna adı mənşəcə yerli idi. Bəlkə də bu ad əvvəlcə Urmiyaboyu tayfalardan
birinə məxsus olmuş, sonra mannalıların birləşdirdiyi torpaqların hamısına
yayılmışdı.
Mannada çoxluq təşkil edən tayfa ilə bərabər, digər tayfalar, məsələn, sunbilər,
taurlalılar, dalilər də vardı. Lakin etnik konsolidasiya nişanələri artıq nəzərə
çarpmaqda idi. Məsələn, Manna çarı nəinki Urartu çarının istila etdiyi torpaqları geri
almaq qayğısına qalır, həm də "...pərən-pərən salınmış mannalıların öz yerinə
qaytarılmasına" çalışırdı.
III Salmanasar vaxtında bir sıra Manna vilayətlərinin (bunların başında
aşşurlulara boyun əyməyib, "dağlara çəkilmiş" çar Uda dururdu) birləşdiyinə hələ ilk
eyhamlar var idi. Çox keçmədən Mannalılar ölkəsi Urmiyaboyu rayonunun xeyli
hissəsini tutur və onun adı eponimlər siyahısında çəkilir. Bu, İzirtu şəhərində əyləşən
çarların başçılığı ilə həmin ərazidə birləşmə prosesinin genişlənməsindən xəbər verir.
Aşşur məlumatlarına görə, Manna çarlığı qədimdə Lullubum adlanmış böyük
Zamua vilayətinin bir hissəsi olan Daxili Zamuanın ərazisində meydana gəlmişdi.
Güman ki, Zamua etnik termindir - iri lullubi tayfalarından birinin adıdır.
İki təhlükə: bir tərəfdən möhkəmlənmiş Aşşur dövlətinin, digər tərəfdən də çox
keçmədən Urartu dövlətinin törətdiyi təhlükə bu vilayətlərdə Manna tayfalarının
siyasi cəhətdən birləşməsinə güclü təkan verdi.
III Salmanasarın hökmranlığının on altıncı ilindəki yürüş təsvil edilərkən
məlumat verilirdi ki, çar Daxili Zamuada torpaqları tuta-tuta Munna (Manna) ölkəsinə
çatmışdı. Lakin salnamələrdə Mannanın qarət və işğal edilməsindən, yaxud ondan bac
alınmasından bir kəlmə də danışılmır. Görünür, aşşurlular ya Mannanı istila edə
bilməmişdilər, ya da bu ölkənin yalnız sərhədlərinə gedib çatmış, sonra dönüb qonşu
Allabrianın üzərinə yerimişdilər.
E.ə. 829-cu ilin salnamələrində Mannanın adı darmadağın edilmiş ölkələrin
adları sırasında çəkilir. III Salmanasar artıq qocalmışdı və Aşşur qoşunlarına bu dəfə
sərkərdə Dayan-Aşşur başçılıq edirdi. Aşşur kitabəsində yazılmışdı: "Mən mannalı
Udakinin məskənlərinə yaxınlaşdım. Mannalı Udaki mənim silahımın parıltısından
dəhşətə gəlib, canını qurtarmaq üçün öz çar şəhəri Zirtanı tərk etdi. Mən onun
dalınca düşdüm. Saysız-hesabsız qaramalını, qoyunlarını, mülkiyyətini apardım.
Şəhərlərini viran qoydum, dağıtdım, od vurub yandırdım".
Məğlubiyyətə baxmayaraq Manna təslim olmadı, bac vermədi. Aşşurlular
ancaq qənimət ələ keçirməklə kifayətləndilər.