170
artırdı və bu torpaqlar hər an Neynəva hökmdarının düşmənlərinin cəbhəsində
mühüm yer tuta bilərdi.
II Sarqon, çox ehtimal ki, öz təşəbbüsünün verə biləcəyi nəticələrdən ehtiyat
edərək, yuxarıda adları çəkilən, Mannadan üz döndərib Rusanın və Metattinin tərəfinə
keçən şəhərlərə qarşı hələlik cəza ekspedisiyası ilə kifayətlənməyi qərara aldı. Aşşur
çarının bu yürüşü 719-cu ildə baş verdi. Qiyamçı şəhərlər dağıdıldı və əhalinin bir
hissəsi Aşşur dövlətinin qərb torpaqlarına köçürüldü.
Sarqon gedəndən sonra Urmiyaboyu zonada böyük dəyişiklər baş verdi və
bunlar Aşşurun mənafeyinə ciddi xələl gətirdi. Aşşur dövlətinin sadiq və dəyanətli
müttəfiqi olan çar İranzu (719-cu və 716-cı illər arasında) vəfat etdi.
Kimmerlilərin zərbəsindən toxtayıb özünə gəlmiş I Rusa Urmiyaboyu zonada
Aşşura qarşı yenidən fəaliyyətə başlayır.
Manna taxt-tacına sahib olan Aza da, atası İranzu kimi, Aşşur dövlətinə
arxalanmağa çalışırdı ki, bu da, əlbəttə, 1 Rusanı və onun müttəfiqi Metattini Azaya
düşmən etməyə bilməzdi. Vəziyyət həm də ona görə pisləşdi ki, Manna "canişini"
uişdişli Baqdatti də düşmənlərin tərəfinə keçdi. Aza qısa müddət hökmranlıq edəndən
sonra "əlçatmaz Uauş dağına" çəkilib müdafiə mövqeyi tutmağa məcbur oldu. Lakin
o, düşmənlərinə üstün gələ bilmədi və öldürüldü. Manna taxt-tacına Azanın qardaşı
Ullusunu yiyələndi: o, Aşşurun düşmənləri tərəfinə keçdi. Allabria çarı İtti və karallalı
Aşşurle də bu cəbhəyə qoşuldular.
Aşşurun mənafeyi üçün çox təhlükəli olan belə gərgin bir anda e.ə. 716-cı ildə
II Sarqon Urmiyaboyu rayona, xüsusən Mannahlar ölkəsinə yürüş edir. Aşşur çarının
salnaməsində bu yürüşlə əlaqədar olaraq deyilir: "Əllərimi qaldırıb tanrım Aşşura
yalvardım ki; Mannalılar ölkəsinin qisasını alsın və onu Aşşur (dövləti) hüdudları
içərisinə qaytarsın, Uauş dağında, o yerdə ki, onlar Azanın meyitini tullamışdılar, mən
Baqdattinin dərisini soydum və mannalılara göstərdim".
II Sarqon daha sonra yazır: "Hiddətimdən... əkinlərə daraşan çəyirtkələr kimi
bu ölkələrin üstünü aldım. Mannalılar ölkəsində onun (yəni Ullusunun) çar şəhəri
İzirtunu quzğun kimi çaldım və onlara əməlli-başlı divan tutdum. İzirtunu yandırdım,
sonra Zibia və Armaid şəhərlərini tutdum. Ullusunu və onun bütün ölkəsi bir nəfər
kimi yığışıb ayaqlarıma döşəndilər: mən onları əfv etdim. Ullusununun günahlarından
keçdim və onu atasının çar taxtında əyləşdirdim".
Allabrialı İtti köç-külfəti ilə Aşşur torpaqlarına sürgün olundu, karallalı
Aşurlenin isə dərisi soyuldu. Karalla Aşşurun Zamua (Lullume) əyalətinə birləşdirildi.
Mannanın iki rayonu Aşşurun başqa bir vilayətinə - Parsuaya qatıldı.
Sonra II Sarqon bir neçə vilayəti və qalanı, o cümlədən mühüm qala sayılan
Kişessunu işğal etdi. Xarxar da tutuldu və sakinləri əsir edilib aparıldı. İşğal edilmiş
vilayətlərdə II Sarqon daha iki əyalət - Xarxar və Kişessu əyalətlərini yaratdı.
171
Urartu çarı I Rusanın və Manna "canişini" Dayaukkunun çar Ullusunuya qarşı
təcavüzə başlayıb, onun 22 qalasını işğal etməsi II Sarqonun Urmiyaboyu rayona
növbəti yürüşünə (715-ci ildə) səbəb oldu. Bu münasibətlə Aşşur çarının
salnaməsində deyilir: "Mənim hökmranlığımın yeddinci ilində urartulu Rusa mannalı
Ullusunuya xəyanət etmək fikrinə düşdü və onun 22 qalasını əsir etdi. O, Manna
canişini Dayaukkuya Ullusunu haqqında yalan danışıb şübhə oyatdı və onun oğlunu
girov götürdü".
II Sarqon öz düşmənlərinə zərbələr endirib Mannaya məxsus qalaları Rusanın
əlindən alıb, Dayaukkunu ailəsi ilə birlikdə əsir tutub Suriyaya, Hamata göndərdi.
Sonra Aşşur çarı şərq vilayətlərinin içərilərinə doğru irəliləyib Andiaya yiyələndi.
Andia hökmdarı Telusina Aşşur əleyhinə koalisiyanın nümayəndələri ilə ittifaqda idi.
Andiadan 4200 əsir və çoxlu mal-qara aparıldı.
Aşşur əleyhinə koalisiyanın darmadağın edilməsi Manna üçün müsbət
nəticələr verdi. II Sarqonun "Təntənəli kitabə" adlanan kitabəsində məlumat verilir ki,
"mannalı Ullusunu mənim gördüyüm işlərdən əlçatmaz dağlarda xəbər tutunca quş
kimi uçub yanıma gəldi və ayağıma döşəndi. Mən onun sayagəlməz günahlarından
keçdim, cinayətlərini unutdum, mərhəmət göstərib onu çar taxtına əyləşdirdim.
Ursanın (Rusanın) və Metattinin əlindən aldığım 22 qalanı və 2 möhkəmləndirilmiş
şəhəri ona verdim və onun zülm görən ölkəsini bərpa etdim. Öz çar surətimi həkk
edib üstündə mənim hakimim Aşşurun qələbələri haqqında yazı yazdım və gələcək
zamanlar üçün onun çar şəhəri İzirtuda dikəltdim".
Aşşur mənbələrində dəfələrlə məlumat verildiyi kimi, Manna çarı Ullusunu
sonralar da Aşşurun müttəfiqi olaraq qalırdı.
Aşşur silahının qələbələrinə baxmayaraq, Urmiyaboyu vilayətdə vəziyyət yenə
də gərgin idi və öz dövrünə görə mükəmməl, geniş şaxələnmiş kəşfiyyatı olan
aşşurlular bunu diqqətlə izləyirdilər. Nəhayət, hökmranlığının səkkizinci ili olan 714-
cü ildə II Sarqon Urartu, Zikertu və Andiaya qarşı cəza ekspedisiyası kimi nəzərdə
tutulan öz məşhur yürüşünə çıxdı. II Sarqon e.ə. 714-cü ilin təxminən iyun-iyul
aylarında yürüşə başlayaraq tezliklə Zaqros-Kullar uca dağ silsiləsinə, "Zamua
adlanan Lullume ölkəsinin uca dağına" çatır, "qoşununa baxış düzəldir" və "dağların
içərilərinə, Zikertuya və Andiaya" yollanır. Lakin çar hələ bundan əvvəl Manna
ərazisinə, "Karalla ilə Allabrianı birləşdirən" Surikaş vilayətinə girir. Manna çarı
Ullusunu haqqında II Sarqon belə bir məlumat verir: "Hər il qisasını aldığıma görə
mənim yürüşə çıxıb yaxınlaşdığımı eşitcək, o, öz ulu ağsaqqalları, müşavirləri, oğul-
uşağı, ölkəsini idarə edən canişinləri və başçıları ilə birlikdə öz ölkəsindən və öz çar
şəhəri İzirtudan yola düşüb hüzuruma gəldi, bac olaraq bütün ləvazimatı ilə birlikdə
qoşqu atları, qaramal və davar gətirdi, ayaqlarımdan öpdü".