347
allahlar üçün hazırlanmış və allahlar üçün saxlanılmalıdır". Antik müəllif ibadətgahın
özü haqqında heç nə demir, nə hiyereveslərin, nə də hiyerodulların adını çəkir. Belə
bir cəhət diqqəti cəlb edir ki, Talqada meyvələr çoxdur, lakin onlara toxunmaq
"yolverilməz və küfr sayılır", çünki burada hər şey allahlar üçündür. Mela müqəddəs
ağacları olan müqəddəs ərazilərdən bəhs edir, bu isə Albaniyanın şərqində, məsələn,
Selena ibadətgahının hiyera xorasında işlərin nisbətən bir qədər başqa cür olduğunu
göstərir. Çox ola bilər ki, Kaspi Talqasında daha primitiv xarakterli bir ibadətgah və
ya bir növ qədim pir varmış. Məlumat kasadlığı ölkənin baş ibadətgahını xarakterizə
etməyə imkan vermir, lakin güman etmək olar ki, məhz geniş əraziyə və çoxsaylı
əhaliyə malik olan Selena məbədi ictimai və dini həyatda mühüm rol oynamışdır. Bu,
xüsusilə ona görə düzgündür ki, Kiçik Asiyanın bəzi ibadətgahlarında olduğu kimi, bu
məbəddə də hiyerevs basilevsden sonra ikinci şəxs olmuşdur.
Qədim Albaniya panteonunun bir allahının Strabon tərəfindən antik dünyanın
məşhur baş allahı Zevslə eyniləşdirilməsi ilə əlaqədar olaraq iri daş bütlər maraq
doğurur. Bunların ən səciyyəvi olanları Xınıslıda, Dağkolanıda və Çıraqlıda aşkara
çıxarılmışdır. Bütlər yerli məsaməli daşdan yonulmuşdur. Çoxunun əl-ayağı və ya
başı yoxdur. Bütlərin böyük bir qisminin boyu adam boyuna çatır. Bunlar xronoloji
cəhətdən eramızdan əvvəl son əsrlərə - eramızın ilk əsrlərinə aiddir. Bütün bu bütlər
yonulma texnikasına görə nisbətən aşağı səviyyədə durur, qədim Yunanıstan və Roma
heykəltəraşlarının heykəlləri ilə müqayisəyə gəlmir.
Maraqlıdır ki, mərhumla birlikdə qəbrə qoyulmuş keramika məmulatının və
başqa əşyaların bir qismi ayparanı təsvir edən ornamentlə örtülmüşdür. Ay ilahəsinin
rəmzləri bununla məhdudlaşmır. Rəmzlər sırasına ilahə təsvirinin digər şərti işarələri
də aiddir. İlahəyə sitayiş maddi mədəniyyət abidələrində tez-tez şəkli verilən
müqəddəs ağacla bağlıdır. Müqəddəs ağaclara (dağdağan, saqqız ağacı, dəmirağacı,
çinar, qarağac və s.) sitayişin izləri bizim günlərdə də qalmışdır. Ay rəmzlərindən biri
də görünür, ilan təsviridir. Ornamentdə ilan təsviri Qafqaza məxsus bir rəmz sayılır.
Bir çox qəbirlərdən xeyli bilərzik tapılmışdır ki, onların bir qisminin başı ilan
şəklindədir. İlan şəkli bir sıra qablar üstündə də vardır. Sırğalara, üzüklərə və digər
bəzək şeylərinə geydirilən rəngbərəng qaş-daş da, ehtimal ki, Ayın həyat bəxş edən
qüvvəsi ilə bağlıdır. Bir çox hallarda "üç", "yeddi", "on bir" miqdar nisbətini ifadə
edən ornamentlə bəzədilmiş xeyli miqdarda keramika məmulatının mövcud olması
güman etməyə əsas verir ki, Albaniyanın qədim əhalisi qəməri təqviminin güclü təsiri
altında imiş. "Üç" ədədi ehtimal ki, təzə ay fazasının yunanlarda Selena adlanan ilk üç
günü ilə bağlı idi. Ay altıncı gün Artemida, on birinci gün hekata olur. Başqa bir
rəvayətə görə, Ay Yerin üzərində olanda Selena, Yerin daxilində olanda Artemida,
əks tərəfdə olanda isə hekatadır. Beləliklə, "üç" ədədi ayın dəyişilmə fazalarının və
onlardan asılı olan qüvvələrin rəmzidir. Ay albanların dini təsəvvürlərində fövqəladə
rol oynayırdı, güman ki, məbəd hiyerodullarının vəcd və ya divanəliyi allahın vergisi
348
sayılırdı, yəni Selena ilahəsinə sitayiş ilə bağlı idi. Selenaya sitayişin müxtəlif
formaları sonralar da yaşamaqda davam edirdi.
Yaxın vaxtlarda Azərbaycanda və Şərqi Gürcüstanda qədim etiqadların
ünsürləri tapılmışdır. Mollaisaqlıda, Mingəçevirdə, Xınıslıda aşkar edilmiş terrakot
heykəlciklər bu baxımdan maraqlıdır. Heykəlciklər kiçikdir (20 santimetrə qədər),
bəzi fiqurlarda boyunbağıların və bilərziklərin qabarıq təsvirləri, həmçinin geyimin
sxematik cizgiləri gözə dəyir, bir çox hallarda baş və əl-ayaq qopuqdur. Ola bilsin ki,
bu, dəfn adəti ilə əlaqədardır. Terrakot heykəlciklər eramızdan əvvəl son əsrlərə -
eramızın ilk əsrlərinə aid edilir. Qədim alban heykəlciklərini Qobustan qaya rəsmləri
ilə tutuşduraraq belə bir fərziyyə söyləyirlər: qadın heykəlcikləri də, qadın rəsmləri də
mənşə etibarı ilə Bərəkət ilahəsinin obrazından götürülmüşdür. İosif Flaviyə görə,
parfiyalı bir qadın ərinin vəfatından sonra zorla yəhudi Anileyin evinə aparılmış, lakin
oraya "özünün də, ərinin də sitayiş etdikləri allahların təsvirlərini gətirmişdir. Bu
yerlərin sakinlərində bir adət vardı: evdə bütlər saxlayır, səyahətə çıxanda yanlarında
aparırdılar; buna görə də o qadın öz ölkəsinin adəti üzrə bütləri özü ilə gətirmişdi. İlk
vaxtlar onlara gizlində ibadət edirdi. Bütlərə birinci ərinin evində necə sitayiş
etmişdisə, Anileyin arvadı olandan sonra da eləcə sitayiş eləməyə başlamışdı".
Sitatdan göründüyü kimi, bütlər çoxlu və portativ idilər. Burada parfiyalıların evdə
büt saxlamaq adəti xatırladılır, bu adət bir çox səbəblərə görə albanlara da aid ola
bilərdi. Gətirilən parçada söhbət, görünür, məhz Azərbaycanda aşkar edilən fiqurlara
bənzər terrakot heykəlciklərdən gedir. Qədim alban terrakot heykəlcikləri Selena
ilahəsini, digər müxtəlif allahları təmsil edə bilərdi. Helios, Zevs və Selena
allahlarının adları qədim dövrün başqa xalqlarında da çəkilir. Məsələn, Strabon
Parfiya dövrü haqqında belə bir məlumat verir ki, "farslar heykəllər və ya
qurbangahlar ucaltmırlar, Zevsə səcdə edirmiş kimi səmaya səcdə edərək hündür bir
yerdə qurban kəsirlər. Onlar Heliosu Mitra adlandıraraq ona, habelə Selenaya və
Afroditaya səcdə edirlər; sonra od, torpaq, külək və suya sitayiş edirlər, boynuna
çələng keçirilmiş qurbanlıq heyvanı müəyyən qaydada pak edilmiş yerə gətirərək
ibadətdən sonra qurban kəsirlər. Müqəddəs mərasimi icra edən kahin qurbanlıq əti
doğrayır, dindarlar paylarını götürüb gedirlər, allahlara heç nə saxlamırlar; onların
dediklərinə görə allaha qurbanın ruhundan savayı heç nə lazım deyildir. Lakin
bəzilərinin dediklərinə görə, onlar piyliyin kiçik bir tikəsini oda atırlar". Gətirilən
parça göstərir ki, Zevs, Helios və Selena farsların və albanların eyni allahları sayılır.
Helios ilə Mitranın, Strabon dediyi kimi, eyni allah olması diqqəti cəlb edir. Yunanlar
və romalılar məbədlərdə qurbangahlardan istifadə etdikləri halda, farslar istifadə
etmirdilər. Qurbanvermə mərasimi məbədin yaxınlığında məxsusi ayrılan "pak
edilmiş" yerdə icra olunurdu. Qurbankəsmə və ətpaylama adəti Azərbaycanın hər
yerində əhali arasında indi də yayılmışdır.