TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə75/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   71   72   73   74   75   76   77   78   ...   186

162 

 

vardır. Bu dəbilqənin formasında e.ə. VII əsrin ortalarına aid Aşşur relyefındə təsvir 



edilən Elam döyüşçüsünün başından yerə düşmüş dəbilqəyə oxşarlıq tapırlar. 

Döyüşçünün geyiminə dəriyə və parçaya bənd etmək üçün deşikləri olan tunc 

çiyinliklər də daxil idi. 

Metal  məmulat  parçalara  sancılan  xeyli  miqdarda  müxtəlif  qabarıq  bəzək 

şeyləri ilə, həmçinin düymələr, pərçimlər, sancaqlar və s. ilə təmsil olunmuşdur. 

Qızıl  və  gümüş  məmulat  da  sənətkarların  yüksək  məharətinə  gözəl  misaldır. 

Yuxarıda  adını çəkdiyimiz  qızıl cam, bir də  gümüş qədəh  xüsusilə  maraqlıdır. Qızıl 

camın üzərində allahlara qurbanvermə mərasimi, miflərdən və görünür, əhali arasında 

geniş  yayılmış  dastandan  ayrı-ayrı  səhnələr  təsvir  edilmişdir.  Gümüş  qədəhin 

üzərindəki təsvirlər, ehtimal ki, qələbə səhnəsini əks etdirir. Cəng arabasının ardınca 

məğlublar  gedirlər,  hər  iki  məmulatdakı  təsvirlərdə  eyni  kompozisiya  üsulundan 

istifadə edilmişdir. 

Üzərində qrifonların və qanadlı öküzlərin qorelyef təsvirləri olan Marlik qızıl 

qabları  maraqlıdır.  Birinin  üzərində  dirilik  ağacının  yanlarında  qanadları  olan  dörd 

öküzün təsviri vardır; onların 2 santimetr qabağa çıxan relyefli başları, qabın gövdəsi 

ilə birlikdə, döymə üsulu ilə bütöv bir əşya kimi düzəldilmişdir. 

Eyni bir əşyanı bir neçə metaldan hazırlamaq metodu məharətlə tətbiq edilirdi. 

Marlikdə  gövdəsi  gümüş,  lüləsi  qızıl  qab  tapılmışdır.  Ziviyə  dəfinəsinin  əşyaları 

arasında qızıl inkrustasiyalı gümüş boşqab vardır. Həsənlidə qoç başı formasında bir 

mis riton tapılmışdır. Qoçun gözləri, qaşları və burun pərələrinin üzərindəki zolaqlar 

mavi pasta ilə inkrustasiya edilmiş, buynuzları gümüş folqa ilə örtülmüşdür. Ritonun 

çənbəri heyvan təsvirlərindən ibarət olan gümüş frizlə bitir. 

Zərgərlik  məmulatından  mis,  tunc,  gümüş  və  qızıl  boyunbağılar,  sırğalar, 

bilərziklər,  kəmərlər,  qızıldan,  serdolikdən  (əqiqdən),  balıqqulağından  düzəldilmiş 

çoxlu  muncuq  vardır.  Bu  bəzək  şeyləri  müxtəlif  üsullarla:  ştamplama,  yivaçma, 

tökmə,  deşmə  üsulları  ilə  hazırlanır,  həmçinin  burulmuş  tunc  və  qızıl  məftildən 

istifadə olunurdu. 

Həm  qəbirlərdən,  həm  də  yaşayış  yerlərindən  tapılmış  keramika  sayca  çox, 

forma və keyfiyyətcə rəngarəngdir. Həsənlidə qazıntı zamanı aşkar edilmiş "Sənətkar 

evi" adlandırılan tikilidə metal məmulat hazırlamaq üçün lazım olan alətlərdən başqa, 

həyətdə  keramika  bişirmək  üçün  soba  da  tapılmışdır.  Hazır  məmulat  həmin  evin 

damında qurudulurmuş. 

Bu  dövrdə  qapalı  sobalarda,  azaldılmış  atmosfer  təzyiqi  altında  qara-boz 

keramika bişirmək ənənəsi davam etdirilirdi. 

Sadə  həndəsi  rəsmlərlə  bəzədilmiş,  ilgəkvari  qulpu  olan  uzun  lüləli 

pardaqlanmış  qara  rəngli  "çaydanlar",  badələr,  piyalələr  və  kuzələr  o  dövr  üçün 

səciyyəvidir. 



163 

 

Oxşar  çaydanlar  qazıntı  zamanı  Həsənlidən,  Göytəpədən,  habelə  Naxçıvan 



MR-də Qızılvəngdən, Muncuqlu təpədən də tapılmışdır. 

E.ə.  I  minilliyin  əvvəlindən  Urmiya  hövzəsi  vilayətlərinin  Aşşur  ilə  qarşılıqlı 

münasibətlərinin  intensiv  vaxtında  şirli  keramikadan  hazırlanan  əşyalar  da  meydana 

gəlir. Məlum olduğu  kimi, aşşurlular bu  növ  keramika  hazırlamaqda hələ orta  Aşşur 

dövründən kamilləşmişdilər. 

Daşişləmə  sənəti  üçayaqlı  dövrə,  mərmərdən  hazırlanmış  əsa  başı,  gözəl 

alebastr  qabla  təmsil  olunmuşdur.  Daşdan  yonulmuş  silindrşəkilli  möhürlər  incəliyi 

ilə fərqlənir; bunların bir qismində ov  səhnələri, diz çökmüş oxatanların və  müxtəlif 

heyvanların  fiqurları  təsvir  olunmuşdur.  Həmin  möhürləri  son  Aşşur  dövrünə  aid 

edirlər.  Dirilik  ağacı  və  yanlarında  keçilər  təsvir  edilən  başqa  tip  möhürləri  e.ə.  II 

minilliyin  ortalarından  I  minilliyin  əvvəlinədək  Yaxın  Şərqin  əksər  hissəsində 

yayılmış Mitanni üslubu deyilən üslubla əlaqələndirirlər. 

Gil kimi ağac və sümük də təsərrüfatda istifadə edilən əsas materiallardan idi. 

Qalıqların tədqiqi göstərir  ki, burada  qovaq,  sərv, qarağac,  yemişan, alma  və  armud 

ağaclarından  istifadə  edilirmiş.  Bərk  oduncaq  növlərindən  yaşayış  evləri  tikintisində 

tir  kimi  istifadə  olunur,  nizə,  toppuz  və  ox  sapları  hazırlanırdı.  Müxtəlif  əşyaların 

gövdəsi ağacdan yonulur, sonra üstünə metaldan üz çəkilirdi. 

Ağacdan  yonulmuş  atlı  heykəlciyi  Həsənlidə  ağac  oymaçılığı  sənətinin 

nümunəsidir.  Ağacdan  düzəldilmiş  adam  başı  da  qalmışdır;  uzun  ensiz  sifəti,  çox 

qabağa çıxan burnu vardır, qaş-gözü inkrustasiyalıdır. 

Həsənlidən  həmçinin  bir  neçə  müxtəlif  parça  qırığı,  o  cümlədən  zərif  və  cod 

parça  qırıqları  tapılmışdır.  Tədqiqat  nəticəsində  müəyyən  edilmişdir  ki,  bu  parçalar 

qoyun və ya keçi yunundandır. Parça əriş və arğac saplarını bir-birinə keçirmə metodu 

ilə toxunurdu. Parçaların bir qismi xovlu idi - saçaqlısı da olurdu, saçaqsızı da. Bəzən 

xovun uzunluğu üç santimetrə çatırdı. Parça nümunələrindən birinin saçağı ilməkvari 

düzəldilmişdir. 

Marlikdə də kiçik parça kəsikləri, adi və eşmə kəndir qalıqları tapılmışdır. 

Həsənlidə  və  Marlikdə  aşkar  edilmiş  parça  qalıqları  öz  vaxtına  və  yaxşı 

qalmasına  görə  Ön  Asiya  parçaları  arasında  nadir  tapıntılardır.  Yazılı  qaynaqlardan 

bilirik  ki, e.ə. IX  əsrdə II Aşşurnasirapal Zamuadan bac olaraq yun və  yun parçadan 

tikilmiş  əlvan  paltar  alırdı.  Belə  şeylərin  bac  olaraq  alınmasına  çox  nadir  hallarda 

təsadüf  edilir  və  yalnız  II  Sarqon  Musasirdə  "Urartu  və  Xabxi  ölkəsinin  ala-bəzək 

kətan  geyimlərini,  tünd-bənövşəyi  rəngdə  boyanmış  yun,  al-qırmızı  paltar  üçün 

yununu" ələ keçirməyindən danışırdı. 

Həsənli  sakinlərinin  geyimi  bizə  bəzək  şeylərində  təsvir  edilmiş  şəkillərdən 

tanışdır. Görünür, məşğuliyyət növündən və sosial vəziyyətdən asılı olaraq adamların 

geyimi  də  müxtəlif  idi.  Adətən  ətəyi  topuğa  çatan  qısaqol  paltar  geyirdilər;  paltarın 

ətəyi  və  qolları  saçaqlı  olurdu.  Üstdən  bellerinə  enli  kəmər  bağlayırdılar. 




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə