18
düzgün mənzərəsini təsəvvür etməyə, Şərqi Zaqafqaziya sakinlərinin Şimali Qafqaz
tayfaları ilə, Zaqafqaziya və Qədim Şərqin həmsərhəd ölkələri ilə əlaqələrini aşkara
çıxarmağa imkan yaradan çox zəngin materiallar vermişdir.
Üzərliktəpədə, Qaraköpəktəpədə, Qobustanda, Şəki rayonunun kurqanlarında
və b. yerlərdə aşkara çıxarılmış orta tunc dövrü materialları maraqlıdır. Azərbaycanın
orta tunc dövrünü V.H.Əliyev tədqiq edir.
Son tunc və ilkin dəmir dövrləri mədəniyyətini səciyyələndirən materiallar da
çoxdur.
Skif və Əhəməni dövrlərinin və b. materialların öyrənilməsi üçün də az iş
görülməmişdir.
50-ci illərdən başlayaraq antik Azərbaycanın arxeoloji cəhətdən öyrənilməsi
sahəsində intensiv iş aparılır. Bu zaman qədim şəhər yerləri və qəbir abidələrinin
tədqiqinə xüsusi diqqət yetirilir. Qazax, Xınıslı (Şamaxı yaxınlığında), antik Qafqaz
Albaniyasının baş şəhəri olan Qəbələ (Qəbələ rayonunda) zonalarında və i.a. yerlərdə
qazıntılar aparılmış və əldə edilən materiallar öyrənilmişdir. Arxeoloji ekspedisiyalar
tərəfindən xüsusi və xülasə xarakterli əsərlərdə nəşr olunmuş xeyli material
toplanılmışdır. Bu sahədə İ.Əliyev, S.M.Qazıyev, Ö.T.İsmizadə, Q.M.Aslanov,
İ.A.Babayev, C.A.Xəlilov, F.A.Osmanov, F.Z.Qədirov və b. böyük xidməti var.
Lakin əldə olunmuş materialın xeyli hissəsi hələ də tarixi şərhini gözləyir.
Qəbələ qazıntıları, habelə digər qədim şəhər yerlərində aparılan kəşfiyyat işləri
nəticəsində
antik Albaniyadakı urbanizasiya prosesinin ümumi cizgiləri
müəyyənləşməyə başlayır. Müəyyən edilmişdir ki, bəzi məskənlər məhz ilkin
hellinizm dövründə Alban dövlətinin meydana çıxması zamanı şəhərlərə çevrilmişdir.
Bu şəhərlər ölkənin siyasi-iqtisadi və mədəni mərkəzləri olmuşlar.
50-ci illərdən etibarən respublikada Azərbaycanın qədim tarixinin öyrənilməsi
sahəsində elmi tədqiqatların problematikası xeyli genişlənir. Mixi yazılı abidələrin,
Avestanın, antik müəlliflərin və digər yazılı qaynaqların tədqiqinə maraq artır.
Azərbaycanın qədim tarixinin tədqiqindəki uğurlara görə biz akademik V.V.Struveyə
borcluyuq. Azərbaycan tarix elmində elə ilk addımlarından respublikanın aparıcı elm
və mədəniyyət xadimləri tərəfindən müdafiə olunan bu yeni istiqamətin meydana
çıxmasının özü ilk növbədə Azərbaycan ərazisində sinfi cəmiyyətlər və dövlətlərin
meydana çıxması və inkişafı ilə, Azərbaycan xalqının etnogenezi, etnik tarixi və
qədim mədəniyyətinin məsələləri ilə bağlı olan köklü, ümumi və xüsusi problemlərini
aydınlaşdırmaq məqsədi daşıyırdı. Azərbaycan ərazisində və onunla həmhüdud
rayonlarda ilk dövlət qurumları olmuş Madanın (Midiya), bir qədər sonra isə
Albaniya və Manna tarixinin tədqiqinə başlanıldı.
Sovet elmində Azərbaycan xalqının tarixi ilə sıx surətdə bağlı olan müstəqil
mövzu kimi Mada (Midiya) tarixi ilə ilk dəfə İ.H.Əliyev məşğul olmuşdur. O, 1951-ci
ildə "Mada tarixinin qısa oçerki"ni Azərbaycan dilində nəşr etdirmişdir. Burada
19
Mada cəmiyyəti tarixinin ilkin konsepsiyasının verilməsinə, Mada dövlətinin
yarandığı dövrdəki tarixi şəraitin göstərilməsinə cəhd edilmişdir. Müəllif ictimai
münasibətlərə xüsusi diqqət yetirir, sülalə tarixini bərpa etməyə cəhd göstərir,
madalıların Aşşur (Assuriya) dövləti ilə mübarizəsinə böyük yer verir, madalıların
mədəniyyət tarixi məsələlərini nəzərdən keçirir. 1956-cı ildə "Azərbaycanın qədim
tarixi üzrə oçerklər" nəşr edilmişdir ki, burada İ.Əliyev madalıların tarixəqədərki və
tarixi məsələlərinə, onların etnogenezinə, İran yaylasının qərb vilayətlərinin ən qədim
sakinlərinin dillərinə, Manna tarixinə xüsusi diqqət yetirir.
50-ci illərin tarix elmində Mada problematikası ilə yanaşı, "Avesta"nın
öyrənilməsinə də müəyyən diqqət yetirilirdi.
50-ci illərin başlanğıcı və ortalarında Azərbaycanın qədim tarixi sahəsində
aparılan tədqiqat işlərinə ümumi qiymət verərkən qeyd etməmək olmaz ki, bu iş
müəyyən dərəcədə birtərəfli aparılırdı; burada Mada tarixi problemlərinə maraq açıq-
aşkar hər şeyi üstələyir ki, bu da Manna, Atropatena və Albaniya tarixi ilə bağlı olan
mövzuları arxa plana çəkmişdi. Tədqiqatçılar Azərbaycanda məskunlaşmış qədim
tayfaların sosial-iqtisadi problemlərini əslində kölgədə qoyaraq, əsasən siyasi tarixlə
məşğul olurdular. Göstərilən dövrün əsərlərində Azərbaycanın qədim sakinlərinin
etnik tarixinin ayrı-ayrı məsələləri hərtərəfli işıqlandırılmamışdır. Eyni zamanda 50-ci
illərin başlanğıcı və ortaları tədqiqat işlərinin yüksək gərginliyi, axtarışlara böyük
həvəslə əlamətdardır. Bu, bizim tarix elmimizin daha da inkişaf etdiyi dövrdür. Bir
çox tarixçi və arxeoloqlarımızın səyi sayəsində Azərbaycanın qədim tarixi Qədim
Şərq ölkələri tarixi çərçivəsinə daxil edilir.
Xarici ölkə alimlərinin tədqiqatları da əhəmiyyətlidir. Arazdan o yandakı
ərazilərdə aparılan qazıntılar rəngarəng və qiymətli materiallar verdi. Burada İran,
ABŞ, İngiltərə, AFR, Yaponiya, Belçika və başqa ölkələrin institutları, arxeoloji
missiyaları tədqiqatlar aparır və öz qazıntılarının materiallarını müntəzəm olaraq çap
etdirirlər.
Yanıqtəpə, Pişdəlitəpə, Dingətəpə, Dəlmətəpə, Dəyləmən, Marlik, Kaluraz,
Həsənlitəpə və b. obyektlərdə aparılmış qazıntılar böyük əhəmiyyət kəsb edir. Bu
qazıntıların materialları C.Barney, M. Van Lun, Y.V.Klays, O.Muskarella,
R.Girşman, L.Vanden Berge, S.Fukay, S.Masuda, T.Sono və b. tərəfindən dərc
edilmişdir.
Mədəni layları e.ə. IV minillikdən islamaqədərki dövrü əhatə edən Həsənlidəki
qazıntılar böyük maraq doğurur. Burada qazıntılar 1956-ci ildən R.Daysonun
rəhbərliyi altında Pensilvaniya Universiteti və İran Arxeologiya İdarəsinin birgə
ekspedisiyası tərəfindən aparılmağa başlanmışdır.
Həsənlinin arxeoloji materialı Cənubi Azərbaycanın qədim tarixinin
öyrənilməsi üçün çox böyük əhəmiyyətə malikdir. Bu qazıntılar bizə təpə sakinlərinin
təsərrüfat həyatının müxtəlif sahələri, sənətkarlıq istehsalı, şəhərsalma, incəsənəti və