351
səkkiz tağı saxlayır. Qabın ağzına yoğun bir dairə çəkilmişdir. Gen ağızlı digər iki
qulplu qabın üzərində açıq qırmızı boya ilə işlənmiş dördlaylı kompozisiya öz
semantikası ilə diqqəti cəlb edir. Birinci cərgə qabın ağız hissəsinin dövrəsinə
çəkilmiş xətlərdən və şaquli kərtiklərdən, ikinci cərgə şaquli sınıq xətlərdən ibarətdir.
Əsas semantik yük üçüncü cərgəyə düşür: təsvirin mərkəzində parlaq səma cismi və
ətrafa saçılan on bir şüa görünür, sağda bir budaq, solda iki budaq gözə dəyir. Bütün bunlar
üç sütuna söykənir. Ağcabədidən tapılmış ikiqulplu bir qaba üç cərgə qəhvəyi ornament
vurulmuşdur. Üst və alt cərgələr tağlardır. Onların arasında meandrı xatırladan təsvir
verilmişdir. Qabın hər qulpunda yeddi çökək cızıq vardır. K.V.Treverin fikrincə, qabda
daha qədim qabların formaları və naxışları yeni tərzdə təkrar olunur. Birqulplu
qabların birinə qırmızı boya ilə üçcərgəli ornament çəkilmişdir: birinci cərgə çəpəki
cızıqlardan, ikinci cərgə şaquli sınıq xətlərdən ibarətdir. Üçüncü cərgədə tağlar təsvir
edilmişdir. Qabın qulpunda qırmızı boya ilə on çəpəki cızıq (lüləsinin ucunda qırmızı
boya ilə dairəcik) çəkilmişdir. Lüləsi və bir qulpu olan başqa qaba dörd cərgə ornament
vurulmuşdur. Alt və üst ornament tağların şəklini təkrar edir (hər cərgədə on tağ). İki
orta cərgəni şaquli sınıq xətlər (təqribən qırx dəfə) ornamenti nöqtələrlə işlənmiş
zəncir təsviri tutur. Qabın ağzı qırmızı boya ilə rənglənmiş lüləsində üç xətt, qulpunda xaç
işarələrindən ibarət ornament vardır. Maraqlıdır ki, Mil düzünün küp qəbirlərindəki
qablarda da torpaq qəbirlərdən tapılmış qablardakı "üç", "yeddi" və "on bir" ədədi
semantikası bu və ya digər formada təkrar olunur. Mil düzündə aşkar edilmiş
keramikanın ornamenti Albaniyanın qalan hissəsində tapılmış qabların rəsmlərindən
öz zənginliyi ilə fərqlənir. Mingəçevir keramikasının çökək və qabarıq rəsmləri öz
spesifik xüsusiyyətlərinə malik olmaqla bərabər, bəzən Yaloylutəpə tipli torpaq
qəbirlərdən tapılmış gil qabların ornamentinə bənzəyir. Mingəçevir qablarında olan
ornamentin bir nümunəsi maraqlı ritondur: ritonun bütün gövdəsi boyunca şaquli çökək
xəttlər sınıq xətlərlə növbələşir. Belə sadə ornament eyni biçimli, lakin maral barelyefi
olmayan başqa bir qabda da vardır. Yük heyvanları ilə daşınan böyük və yanda
gəzdirilən kiçik mehtərələrin çökək, bəzi hallarda qabarıq ornamenti Mingəçevir
üçün səciyyəvidir. Rəsmlərin xeyli hissəsi ya ideologiyanı əks etdirir, ya da keramika
rəssamın təxəyyülünün bəhrəsidir. Eyni sözlər birqulplu və lüləli qabların çökək və
qabarıq ornamentinə də aiddir. Mehtərələrin və birqulplu qabların ornamentində ədədi
semantika mühüm rol oynayır. Mingəçevir üçün zəngin boyalı keramika səciyyəvidir.
Boyanın keyfiyyəti Mil düzündən tapılmış qablara vurulan boyanın keyfiyyəti
kimidir, lakin rəngi bir qədər açıqdır. Birqulplu səhənglərin birində dimdiklərini sərv
ağacına tərəf tutmuş quşlar və ağacdan yuxarıda qabarıq yarımdairə təsvir edilmişdir.
Quşlar ilə ağacın arasında, bir tərəfdən, şüasaçan cisim və rənglənmiş üçbucaq, o biri
tərəfdən, eynilə o cür səma cismi vardır. Quşların arxasında ağacların sxematik təsvirləri
və üçbucaqlar görünür. Güman ki, rəsm nəqli-mifoloji əhəmiyyətə malikdir.
Birqulplu, novçalı başqa bir səhəngdə fauna və flora daha canlı bir şəkildə əks
352
etdirilmişdir. Rəsmdə yenə də qarşı-qarşıya dayanmış müqəddəs quşlar təsvir
olunmuşdur, onların arasında həyat ağacı yoxdur, lakin bir tərəfdən, rənglənmiş
üçbucaqlar, dama-dama üçbucaqlar, şaxələnmiş buynuzları olan maral və şüasaçan göy
cismi, onların arxasında yenə maral və rənglənmiş üçbucaq, digər tərəfdən isə rənglənmiş
üçbucaq, qollu-budaqlı ağac və şüasaçan səma cismi vardır. İki şaquli qulpu olan
enliboğaz keramik qab maraq doğurur. Bir qabda qırmızı boya ilə bizə əvvəlki
rəsmlərdən tanış olan üçbucaqlar çəkilmiş və onların üzəri ilə yeriyən iki quş təsvir
edilmişdir. Başqa qablarda da eyni üçbucaqlar və müqəddəs quşlar rəsm olunmuşdur.
Rəsmlər güman ki, rəmzi məna daşıyır. Qabların birində deşiyi iki tərəfə çıxan iki
qabarıq məməcik vardır. Sərv təsvirli səhəngi xatırladan başqa bir qulplu keramik qabda
qarşı-qarşıya hərəkət edən quşlar və bəzisi rənglənmiş üçbucaqlar nəzərə çarpır.
Quşların arasında budaqlı ağac görünür. Çiy kərpic türbələrdə aşkar edilmiş keramikada
qırmızı boyalı rəsmə bir dəfə rast gəlinir; çökək xətlərə vurulan ornament simmetrik
deyildir, o, qabın qıraqlarına çəkilmiş üç qeyri-paralel xətdən, sağa və sola meyil edən
bir neçə cərgə çökək cızıqlardan ibarətdir. Ornament bəsitdir. Strabonun yunan adları
ilə adlandırdığı eyni allahlara sitayiş olunması, görünür, onu sübut edir ki, farsların,
madalıların, ermənilərin və albanların oxşar panteonu varmış, lakin hər bir ayrıca halda
üstünlük allahlardan birinə verilirdi. Bir tərəfdən, farsların, madalıların və ermənilərin,
digər tərəfdən, qədim Qafqaz albanlarının panteonları arasında müqayisəni davam etdirsək,
o nəticəyə gələrik ki, Strabonun yunanca adlandırdığı alban allahları Helios, Zevs və
Selena İran allahları Mitraya, Ahura-Mazdaya və Anahitaya tamamilə və ya qismən
uyğun gələ bilər. Arşakilər dövrünün sonu qədim dini təsəvvürlərin tənəzzülə
uğraması, sonra isə xristianlığın yayılması ilə səciyyəvi idi. Yeni təlimin qələbəsi heç
də köhnə, xristianlıqdan əvvəlki dini baxışların məhv olub getməsi demək deyildi.
Qədim ayinlərin qalıqları geniş xalq kütlələri arasında yaşamaqda davam edirdi.
Moisey Kalankatlı məlumat verir ki, çar Vaçaqan qədim ayinin nümayəndələrini "ya
suda batırır, ya da qovurdu; başqa bir qismini qul edirdi". Onun yazdığına görə,
Qambeçdə və Alvankda "sərt tədbirlər görülürdü". Repressiyalar üzündən təriqətlər
xəlvətə çəkilir, xristianlığa müqavimət göstərirdilər. Yeni tədbirlər həyata keçirmək
lazım idi. Orta əsrlər Albaniyasının tarixçisi danışır ki, Vaçaqan "əmr verdi ki,
cadugərlərin, sehrbazların, kahinlərin, barmaqkəsənlərin və türkəçarəçilərin
övladlarını yığıb məktəbə versinlər, ilahi elmə yiyələndirsinlər və səriştəli etsinlər...".
Xristianlıq ideyaları yayıldığı kimi, hakim yuxarı təbəqənin iqtisadi və siyasi
hökmranlığı da yayılırdı. Xristianlıq tez-tez ciddi məğlubiyyətlərə düçar olurdu.
Məsələn, Kalankatlıya görə, "Alban katolikosu Qriqorisin ölümündən sonra barbar
Şərq xalqları yenə bütpərəstliyə qurşandılar və çoxlu atəşgahlar quraraq xristianlığa
qarşı təqiblərə başladılar". Antik dövrün və orta əsrlərin yazıçıları tərəfindən
xatırladılan etiqadlar Albaniyada hələ uzun müddət yaşadı.