103
ölkəsinin hökmdarı, Padan və Almanın hakimi, kutilərin-ağılsız adamların ağası"
adlandırırdı. Bu etnonim artıq gerçək mənasını itirmiş, ümumi mənada İran
Kürdüstanı və Cənubi Azərbaycanda məskunlaşmış tayfaları göstərmək üçün istifadə
olunmuşdur. Daha sonrakı dövrdə bu ad yüksək üslubda tərtib olunmuş və arxaik
dildə yazılmış kitabələrdə tətbiq edilirdi.
E.ə. II minillikdə lullubilərin geniş yayılması və əhəmiyyətli rolu bir sıra
Qədim Şərq materialları ilə təsdiq olunur. Tamamilə şübhəsizdir ki, lullubilər əvvəllər
kutilərə məxsus olmuş ərazilərin böyük hissəsinə sahib olmuşdular. Lullubilər
məskunlaşdıqları ərazilərin qərbində yerləşmiş vilayətlərə də soxulmuşdular. Güman
olunur ki, e.ə. II minilliyin əvvəllərində Aşşur (Assuri) taxtına lullubilər sülaləsi sahib
olmuşdu. Lullubilərin Qərb istiqamətində irəliləməsini hett mənbələri də təsdiq edir.
Həmin mənbələrdə lula hi (lulahi) adı qeyd olunur ki, bu da xüsusi kateqoriyalı
döyüşçüləri təşkil edirmiş.
E.ə. II minillikdə Ön Asiya tarixində hurri tayfalarının rolu və əhəmiyyəti,
əvvəllər olduğu kimi, böyük idi. Hələ e.ə. III minilliyin ikinci yarısında hurrilər
yaşadıqları ərazinin hüdudlarından kənara çıxmağa başladılar. Artıq e.ə. II minilliyin
əvvəllərində onlar Şimali Mesopotamiyanı, Suriyanı və Kiçik Asiyanın bir çox
ərazilərini ələ keçirdilər. Hurrilərin adlarına Mari, Babilistan və Elamda rast gəlirik.
E.ə. II minilliyin ikinci rübünün əvvəllərində hurrilər Şimali Mesopotamiya
ərazisində Ön Asiyanın ən böyük dövlətlərindən birini - Mitanni-Haniqalbatı
yaradırlar.
Güman olunur ki, Mai(t)ta(n)ne-Mitanni adı Urmiyakənari vilayətin
(Matienanın) adında da öz əksini tapmışdı. Burada hələ e.ə. I minillikdə hurrilər,
habelə hurri mənşəli sayılan matieilər yaşayırdılar. Onlar Halis çayı hövzəsində də
məskunlaşmışdılar.
Bəzi tədqiqatçılar Qədim Şərqdə ari ekspansiyası problemini hurrilərlə
əlaqələndirirlər. Hazırda Ön Asiya vilayətlərinə hələ e.ə. II minilliyin birinci rübünün
sonlarında müəyyən hind-İran mənşəli əhali kütləsinin gəlməsi məsələsi heç bir şübhə
doğurmur.
Biz ari tayfalarının Ön Asiyaya müdaxiləsi probleminə ona görə toxunduq ki,
onların hurri-mitannilərlə kontaktı təxminən e.ə. II minilliyin I—II rübündə, məhz,
Urmiyayanı ərazidə, sonralar Matiena adlanan və hurri-matienlərin məskunlaşdığı
vilayətdə baş vermişdi. Arilərin bir qrupunun Yaxın Şərq vilayətlərinə Qafqaz
vasitəsilə Cənubi Rusiya çöllərindən müdaxilə etdiyini iddia etməyə əsasımız vardır.
E.ə. II minilliyin birinci rübündə tarix səhnəsinə kaşşu (kassit) tayfa ittifaqı
çıxdı. Güman etmək olar ki, kaşşu etnosunun məskunlaşdığı əsas ərazi Luristan
olmuşdur. Bəzən alimlər belə hesab edirdilər ki, kaşşuların vətəni Dağlıq Zaqros
əraziləri deyil. Çünki onlar buraya guya mitannilər tərəfindən sıxışdırılmışdılar və
kassitlərin vətənini Şərqi Kiçik Asiya ilə qonşu olan vilayətlərdə axtarmaq lazımdır.
104
Onomastik materiallar kassu (kassitlərin Aşşur-Babil mənbələrindəki adı, Nuzi
mənbələrindəki kassuhai) tayfalarının həm tarixi səhnəyə çıxdığı dövrdə (əgər kaşşu-
kaspi eyniləşdirilməsi düzgündürsə), həm də daha sonrakı tarixi mərhələdə (antik
müəlliflər bu haqda məlumat verirlər) geniş yayılması haqqında müddəa irəli sürməyə
imkan verir.
Kaşşu etnosunun geniş yayıldığını və tanındığını aşağıdakı faktlar da sübut
edir. Antik müəlliflər onların adı ilə Kaspi dənizini, habelə Qafqaz-Kaspini
adlandırırdılar. Kaspilər Madada (Midiyada), Kaspi dənizi sahillərində və digər
yerlərdə yaşayırdılar. Kaspilər, onlarla eyniləşdirilən kosseylər səkkizinci satraplıqda
rnadalılar və matienlərlə yanaşı məskunlaşmışdılar. Kosseylərin Kaspi keçidinin
yaxınlığında və Zaqros vadilərində olduğu da qeyd edilir. Pamiryanı vilayətlərdə
məskunlaşmış kaspilər haqqında da antik müəlliflər məlumat vermişlər. Kaspilər
barədə nəinki Qədim Şərq (arame) mənbələri və antik yazıçılar, habelə orta əsr erməni
müəllifləri də məlumat verirlər.
Maraqlıdır ki, yunanca "qalay" mənasını verən "kassiteros" sözü, güman
edildiyi kimi, kassitlərin adı ilə əlaqədardır. Şübhə yoxdur ki, Kaspi dil ailəsi İran
yaylası ərazisində avtoxton idi.
Kassit tayfaları tarix səhnəsinə hələ e.ə. II minilliyin əvvəllərində çıxmışdılar.
Bu zaman onlar Zaqros dağ vilayətlərindən sürətli axınla Babilistan üzərinə irəliləmiş,
500 ildən artıq müddət ərzində bu ölkəyə sahib olmuşlar.
Tamamilə şübhəsizdir ki, II Aqumun (e.ə. XVI əsrin əvvəlləri) hökmdar
olduğu ərazilər Urmiyayanı vilayətə qədər uzanırdı. Maraqlıdır ki, Kaspi hökmdarının
titulu (janzi) həm Urmiyayanı bölgədə, həm də Van gölü ətrafında yayılmışdı.
Güman etmək olar ki, məşhur Luristan tuncları kassitlərlə bağlıdır. Biz
materiallara əsasən kassitlərin mifoloji və digər görüşlərinə dair müəyyən fikir irəli
sürə bilərik. Bizə Kassit allahlarının bəzi adları, xüsusilə Günəş allahının adı və ya
onun epiteti məlumdur.
Kassit-akkad qlossarisindən bizə 50-yə yaxın kassit sözü gəlib çatmışdır.
Vaxtilə əsasən onomastik materiallar zəminində kassit dilini Zaqros-Elam, Qafqaz,
hind-Avropa dilləri qrupuna aid edir, Elam-Kassit qohumluğu haqqında fikirlər
söyləyirdilər. Bu baxış ən yeni tədqiqatlarla inkar olunur. Vaxtilə kassitləri "ari
təsirinə" məruz qalmış tayfalar, yaxud "proto-hind-Avropa nitqi"nin ən qədim
daşıyıcıları" hesab edir və onların dilini hind-Avropa dilləri ailəsinə daxil edirlər.
Lakin bu fikirlər zəif əsaslandırılmışdır. Hurrilər kimi kassitlərin də müəyyən ari
elementini özlərinə daxil edə bilməsi istisna olunmur. Hər halda arilərin kassitlərə
təsiri şübhə doğurmur. Kassit dilini hatt, kaşk, habelə Qafqaz dilləri ilə bağlamaq
cəhdləri edilməsini də qeyd etməmək olmaz. Tamamilə şübhəsizdir ki, mənşə
etibarilə kassitlər yerli əhali olmuşlar.