231
Ehtimal ki, burada nərə balığı nəzərdə tutulur. Elian sözünə davam edərək
daha sonra yazır: "Kaspilər onları tutur, duzlayır və qurudurlar, (sonra) dəvələrə
yükləyib Ekbatanaya aparırlar. Bu balıqların piyindən məlhəm hazırlayırlar, duzlu
balığı (kaspilər) satırlar, çox qatı, lakin üfunətli olmayan balıq yağını dərilərinə
sürtürlər, balıqların içalatını çıxarır, bişirir və işlətmək üçün çox əlverişli olan
yapışqan düzəldirlər: bu yapışqan hər şeyi elə bərk yapışdırır ki, hətta on gün suda
saxlanılsa belə, nə boşalır, nə də qopur. Hətta fil sümüyündən əşyalar hazırlayan
ustalar da bu yapışqandan işlədir və çox gözəl əşyalar qayırırlar". Balıqlara vurmaq
üçün lazım olan çoxlu duz hələ Strabonun bəhs etdiyi Atropatena duzxanalarından
gətirilirdi.
Atropatenanın təsərrüfat həyatı haqqında bir sıra digər məlumatlar da vardır.
Məsələn, Strabon yazır ki, Madada bir Kapavta gölü vardır, bu göldə kristallaşma
gedir və duz çöküntüləri əmələ gəlir. Başqa bir yerdə antik coğrafiyaçı yazır ki, kellər
arasında "bir göl Mantiana adlanır ki, bu da tərcümədə "mavi" deməkdir. Söyləyirlər
ki, bu, Meotidadan sonra ən böyük şor göldür, o, Atropatenaya qədər uzanır. Strabon
göl haqqında söhbətinə davam edərək yazır ki, "orada duzxanalar düzəldilmişdir".
Atropatenanı nəzərdə tutaraq Ammian Marsellin məlumat verir ki, "bu ölkədə
Midiya yağı hazırlanır. Bu yağla yağlanmış çox azacıq dartılmış kamandan qopub
nəyə isə sancıldıqda bərk alovlanır - sürətlə uçduqda alov sönür, su ilə söndürmək
istədikdə alov daha da şiddətlənir və onu söndürmək üçün üstünə torpaq tökməkdən
başqa heç bir vasitə yoxdur". Bu "Midiya yağı" həm hərbi işdə, həm də təsərrüfatda
kara gəlirdi". "Midiya yağı" o dövrün gil və metal çıraqları üçün yanacaq idi. Ammian
"Midiya yağı"nın hazırlanması üsulu haqqında məlumat verərək yazır ki,
mütəxəssislər "yağın içərisinə xüsusi bir ot tökür, sonra qatılaşmağa qoyurlar, yağ
qatılaşdıqda ona qatı yağa bənzər təbii yanacaq əlavə edərək daha da qatılaşdırırlar.
Bu məhsul yerli dildə nafta adlanır". Öz-özünə alışan yağın hazırlanması özlüyündə
neft məhsulları istehsalının yüksək səviyyəsindən xəbər verir.
Keramika istehsalı təsərrüfatın ayrıca bir sahəsi idi. Mil, Muğan, Talış,
Naxçıvan, Germi və başqa yerlərin küp qəbirlərindən çıxarılmış gil məmulat
Atropatenada keramika istehsalının səviyyəsindən xəbər verir. Arxeoloji material
Atropatenada gil məmulatının geniş miqyas almasını təsdiq etməyə imkan verir.
Atropatenada tikinti işləri də aparılırdı.
Metal məmulat istehsalı nümunələri də çox maraqlıdır. Tuncdan, dəmirdən,
qızıldan və gümüşdən qayrılmış çoxlu əşya dəmirçilik və zərgərliyin inkişafından
məlumat verir.
Təsərrüfat əlaqələrini getdikcə inkişaf etdirmək üçün əlverişli şərait olması
Atropatenanın ticarət imkanlarını genişləndirirdi. Strabon məlumat verir ki, Şimali
Kaspinin xeyli hissəsinin sahibi olan aorslar dəvələrlə gedib madalılar və ermənilərlə
ticarət edirdilər. Madalılar və ermənilər onları Babil və Hind malları ilə təmin
232
edirdilər. Kaspi sahili boyunca şimala gedən yolun böyük əhəmiyyəti vardı. Başqa bir
ticarət yolu Ekbatanadan Artaksata tərəfə gedirdi. Bu şəhər "Atropatiya sərhədlərinin
yaxınlığında" idi [S t r a b o n]. Ekbatanaya balıq daşınması haqqında Klavdi Elianın
verdiyi məlumat da Kaspianadan keçib Atropatenaya gedən ticarət yolunun mövcud
olduğunu təsdiq edir.
Əsasən antik Atropatena ərazisindən əldə edilmiş yeni arxeoloji materiallar
Atropatena sakinlərinin maddi və mənəvi həyatını daha aydın təsəvvür etməyə imkan
yaradır.
Atropatena Hellinizm dövlətləri sistemində. Çox geniş Şərq vilayətlərinin
yunan-makedoniyalılar tərəfindən istila edilməsi nəticəsində yeni dövr - Hellinizm
dövrü, yunan və Şərq ünsürlərinin qarşılıqlı surətdə nüfuz etməsi dövrü başlandı.
Lakin Aleksandrın vəfatından az sonra məlum oldu ki, dünya dövləti zamanın
sınaqlarından çıxa bilməyəcəkdir. Böyük fatehin ölümü onun imperiyasının süqutu
prosesini sürətləndirdi. İmperiya daha kiçik, lakin yaşamağa qabil olan çarlıqlara
parçalanmağa başladı. Çarlıqların bəzisi yalnız sözdə mərkəzi hakimiyyətdən asılı idi.
O biriləri, məsələn, Kiçik Mada isə əslində tam müstəqil idilər.
E.ə. IV əsrin sonunda əlinin altında qoşunu və hakimiyyəti altında ərazisi olan
satraplardan hər biri öz torpaqlarını nəinki müdafiə etməyə, həm də mümkün qədər
genişləndirməyə çalışırdı. Güclü satraplardan biri olan, "Yuxarı satraplıqlar" üzərində
hakimiyyəti ələ keçirmək iddiasına düşən və bütün İranı özünə tabe etməyə can atan
Mada satrapı Pifon ilə öz istiqlaliyyətini qoruyan digər Şərqi İran satraplıqlarının
koalisiyası arasında 318-ci ildə qızğın mübarizə başlandı. Pifonun niyyəti baş tutmadı.
O, sıxışdırılıb Madaya qayıtmağa məcbur oldu.
E.ə. IV əsrin sonunda Selevkilər dövlətinin yaradılmasının təməli qoyuldu.
312-ci il oktyabrın ilk günlərində Selevkin Babilə gəlməsi ilə bütün Ön Asiyada yeni
tarix hesabı - Selevkilər erası başlandı. İran satraplıqlarında real hakimiyyət tədricən
Selevkin əlinə keçir.
Kiçik Madanın demək olar ki, bütün 300 illik tarixi - e.ə. IV əsrin 20-ci
illərindən e.ə. I əsrin birinci rübünədək [bu zaman ölkə öz köhnə, rəsmi adını
saxlamaqla bərabər, getdikcə daha tez-tez Mada dilində *Mäd-i Ätarpätkän (Atropat
Madası), yunanca Mбnia Arpoлarvn, digər hallarda Ätrpatkän, Arpoлarnvn və s.
adlanmağa başlamışdı] - əslində bizdən gizli qalmışdır. Qaynaqlarda bu ölkənin adı o
dövrün hadisələri ilə bağlı vur-tut bir neçə dəfə çəkilir. Qonşu ölkələrin tarixinə və
ümumi vəziyyətə, habelə qaynaqlarda adının iki üç dəfə çəkilməsinə əsaslanaraq
yeganə onu qəti demək olar ki, bütün bu müddət ərzində Atropatilər çarlığı mövcud
olmuşdur. Burası da şəksizdir ki, Makedoniya istilası zamanından etibarən Kiçik
Mada əsas Madadan - Böyük və ya Aşağı Madadan qəti ayrılmışdır. Böyük və ya
Aşağı Madaya, xüsusilə onun mərkəz rayonlarına yunan-makedoniyalılar çox böyük
əhəmiyyət verirdilər, çünki Şərq vilayətləri ilə əlaqə məhz Mada vasitəsilə