315
Mirzəcamal kəndi yaxınlığında üzə çıxarılmış materiallar - iri tikililərin qalıqları,
çoxlu damüstü kirəmit parçaları, sütunlar üçün daş bazalar, o cümlədən üzərində Sasanilər
dövrü damğa - möhürünün izləri olan baza Qaraköpəktəpədə şəhər həyatının
olmasından xəbər verir.
Kiçik Qafqaz silsiləsinin şərq yamacları zonasında - Füzuli rayonundan başlanıb
Qazax-Ağstafa rayonu ilə qurtaran olduqca böyük bir zolaqda antik dövr abidələri çox
azdır. Burada, utilər və ya vitilər yaşayan Utiya vilayətində, Strabonun məlumatından
göründüyü kimi, iki şəhər olmuşdur: "...deyirlər... aynianlar Utiyada hasarlı şəhər
salmışlar, o şəhərin adı Aynianadır, deyirlər, burada yunan silahı, mis qablar və qəbirlər
göstərirlər; burada Anariaka şəhəri də vardır, o şəhərdə, deyirlər, yatanların qeybdən
xəbər verən məbədini göstərirlər".
Strabonun informatorlarına görə, Ayniana şəhəri hasarlarla möhkəmləndirilmişdi və
hansısa qablar hazırlayan ustaları ilə məşhur idi. Bundan əlavə, şəhərdə guya hansısa
sərdabələr vardı və bunlar əcnəbilərin diqqətini cəlb edirdi.
Anariaka şəhəri haqqında Strabonun məlumatı şəhərdə orakul (qeybdən xəbər
verən kahin) olması ilə əlaqədar böyük maraq doğurur. Anariakanı, şübhəsiz, anariaklarla
əlaqələndirmək lazımdır. Antik müəlliflərdən Polibi, Strabon və Plini anariakları tayfa
kimi tanıyırlar. Strabon onların adını üç dəfə çəkir: mardlar və hirkanlılar ilə bir sırada,
utilər ilə bir sırada və amardlar, kadusilər, albanlar, kaspilər və utilər ilə birlikdə.
Qazax şəhərinin yaxınlığında, Albaniyanın Qardman vilayətinin Sarıtəpədəki
məskəni son dərəcə maraqlıdır. Ehtimal var ki, Albaniyanın Strabon deyən məbəd
vilayəti burada yerləşirmiş. Sarıtəpədə ən erkən təbəqə eramızdan əvvəl I minilliyin ilk
əsrlərinə aiddir.
Məskənin sonra gələn horizontu Əhəmənilər zamanına aiddir. Qazıntılar iki
tikilinin divar qalıqlarından və bünövrəsindən ibarət çox maraqlı bir memarlıq kompleksi
aşkara çıxarmışdır. Böyük binadan yeddi otağın uçuqları qalmışdır, otaqlardan biri öz
ölçüsünə və sahmanına görə zalı xatırladır. Bu əzəmətli tikilini təqribən bir metr enində
keçidlərlə bir-biri ilə birləşən otaqlar üç tərəfdən əhatə edirdi. Binanı əhatə edən bayır
tikilidən 13 otaq qalmışdır.
Hamısı çiy kərpicdən tikilmiş, bünövrələri gil məhlulu ilə çaydaşından
hörülmüşdür. Divarları samanlı gil məhlulu ilə suvanmış və sonralar üstdən gipslə
ağardılmışdır.
Beləliklə, eramızdan əvvəl I minilliyin ortalarında və ikinci yarısında Sarıtəpədə
şəhər tipli son dərəcə mühüm bir məskən olmuşdu; bu məskənin əhəmiyyəti xeyli
dərəcədə bir də ondan irəli gəlirdi ki, qədim magistral yolların ayrıcında əlverişli mövqe
tutduğuna və yaxşı kommunikasiyalara malik olduğuna görə ticarətdə də mühüm rol
oynayırdı.
Azərbaycanın müasir Qazax rayonu Tovuz, Şəmkir, Xanlar rayonları ilə, habelə
Gürcüstanın Siteli-Skaro, Siqnaxi, Qurjaani və Telavi rayonları ilə birlikdə Ptolemey
316
xəritəsində birinci zona adlanan zonaya, yəni ərazisində aşağıdakı alban məskənləri olan
zonaya daxildir: Bakxiya (görünür, Bakriyadır; Qurcaani-Siqnaxi yolunun üstündə
yerləşən müasir Bakursixe və ya Bakir məntəqələri ilə müqayisə edilir), Sanua (görünür,
Sanoradır; Siqnaxiləri bir neçə kilometr şərqdə yerləşən Snori stansiyası ilə eyniləşdirir),
Deqlane (ehtimal ki, Dziqaanedir, onu müasir Çuqaani ilə, Snoridən cənub-şərqdə, demək
olar, onunla yan-yana olan məntəqə ilə müqayisə etməmək çətindir), Niqa (görünür,
Naqadır, yəqin ki, Snoridən və Caqaanidən cənub-şərqdə, Tibaani yaxınlığında olan
[Dzveli] Anaqaya uyğun gəlir).
Mingəçevir şəhəri zonasında (ehtimal edildiyinə görə, onun adı Qaytara [lakin
Qaytavra daha doğrudur] şəhərinin adında qismən əks etdirilmişdir, o, udincə (albanca)
kes-İr (-İx) "daş divarlar", "Min isə ola bilsin, udincə marurn (qara) mənasını ifadə
edə bilərdi) eramızdan əvvəl I minilliyin qəbiristanları aşkar olunmuşdur; bunlar burada
həyatın çox intensiv cərəyan etdiyini göstərir, həmin ərazidə iri məskənlərin olması
haqqında məlumat verir. Hellinizm zamanında Kaspi dənizindən gələn ticarət-tranzit
yolu onun içərisindən keçib "Albaniyaya, Kir çayından və sonra gələn ərazilərdən keçib...
Evksin Pontuna" (Strabon) gedirdi. Burada Kür çayında məşhur bərə vardı. Ptolemeyin
adını çəkdiyi Xadaka şəhəri burada yerləşirdi; ola bilsin ki, onu Kandak və ya Kanda ticarət
məntəqəsi (indiki Kandak kəndi) ilə eyniləşdirmək lazımdır.
Mingəçevir zonasında Kürün həm sağ, həm də sol sahilində yerləşən bir neçə
məskən üzə çıxarılmış və öyrənilmişdir. 1 nömrəli məskənin son təbəqəsi eramızdan
əvvəl VII-I əsrlərə aid olan müəyyən qədər material vermişdir. Bu məskən çox böyük
bir sahəni tutur. Burada binaların, təsərrüfat quyularının, dulus kürələrinin, əmək
alətlərinin qalıqları, keramika parçaları, heyvan və balıq sümükləri aşkar edilmişdir.
2 və 3 nömrəli məskənlərdə eramızın başlanğıcına aid təbəqələr vardır. Lakin
yaxınlıqda yerləşən və daha erkən vaxtlara aid edilən qəbiristan göstərir ki, buralarda
antik dövr qəsəbəsi olmuşdur. Onun haqqında çoxlu dulus kürələrindən əlavə, qəbir
materialları əsasında da mühakimə yürütmək olar; qəbir materialları isə əmtəə istehsalının
əlamətlərindən, sənət məmulatlarının kütləvi xarakterindən, sənətkarların dar
ixtisaslarından, yalnız icma üçün deyil, həm də bazar üçün işləyən istehsalın
standartlaşdırılmasından xəbər verir.
Maraqlıdır ki, Mingəçevirdə eramızın ilk üç-dörd əsrinə aid katakomba qəbirlərdən
xeyli miqdarda gətirmə məmulat tapılmışdır. Mina ilə bəzədilmiş gözəl tunc fibulalar II-III
əsrlərdə bütün Roma dünyasında və onun hüdudlarından kənarda geniş yayılmış Qalliya-
Roma minalı fibulalar qrupuna aiddir.
Bunlar Mingəçevirə, görünür, Şimali Qafqazdan, oraya isə Qara dəniz
sahillərindəki antik şəhərlərdən gəlib çıxmışdır.
Mingəçevirdə çoxlu Misir muncuqları, Suriya şüşə məmulatı və digər şüşə
məmulatı tapılmışdır.