343
tərkibinə qadın tacları (çələngləri), boyunbağılar, qolbaqlar, üzüklər, asma bəzəklər,
sancaqlar, toqqalar, muncuqlar, müxtəlif tikmə, bəzəklər və i.a. daxildir. Əsasən
Mingəçevir, Yaloylutəpə, Xınıslı, Qəbələ, Qaratəpə, Qalagah, Şortəpə, Qırlıtəpə və
digər Albaniya abidələri qazıntılarından məlum olan, nəcib metallardan və qiymətli
daşlardan hazırlanmış bəzək şeyləri müəyyən qrup təşkil edir.
Bəzək şeylərinin böyük bir qrupu antik dövrdə geniş yayılmış qolbaqlardan
ibarətdir. Qolbaqlar tuncdan, gümüşdən, qızıldan, dəmirdən hazırlanırdı. Ayrı-ayrı
keramik qolbaq nümunələri də məlumdur. Qolbaqların ön kəsiyi dairəvi yaxud
üçbucaqvaridir, çox vaxt zoomorf başcıqlar şəklində düzəldilən ucları bəzilərində
aralıdır, səthi ya saya, ya da ornamentlidir; bu qolbaqlar yalnız bəzək şeyləri deyil,
həm də qədim albanların ideoloji təsəvvürlərini əks etdirən ayin əşyaları idi.
Boyunbağılar əsasən o dövrün ən erkən qəbirlərinin materiallarından tanışdır.
Ucları bir qədər genişləndirilmiş, bitişdirilməmiş, batıq ornamentlə bəzədilmişdir.
Alban kişi və qadın qəbirlərində tez-tez üzük və sırğalara rast gəlinir - bunlar formaca
bir-birindən fərqlidir. Onlar əlvan metallardan, dəmir və sümükdən düzəldilirdi.
Üzüklər tökmə və döymə üsulu ilə düzəldilir; bəzən qiymətli daşlardan və şüşələrdən
qaş qoyulur, zoomorf təsvirlər, həndəsi ornamentlərlə təchiz olunurdu. Qaşlı üzüklər
möhür rolunu oynayırdı və xronoloji cəhətdən, bir qayda olaraq, qaşsız üzüklərə
nisbətən daha sonralara aiddir. Üzük-möhürlərin xarici nümunələri adətən
Romadandır. Onlar Qafqaz Albaniyasının Roma ilə geniş əlaqələrə malik olmasını
təsdiq edir.
Bəzək şeyləri arasında sırğalar xüsusi yer tutur. Qızıl sırğalar Mingəçevir,
Yaloylutəpə, Xınıslı, Qalagah, Şatırlı (Bərdə) və başqa yerlərdə aşkar edilmişdir.
Qeyd etmək maraqlıdır ki, Şatırlı antik məskəni yaxınlığında olan qəbiristanda qazıntı
zamanı müxtəlif zərgərlik məmulatı ilə birlikdə tökmə üsulu ilə sırğalar və digər
bəzək şeyləri hazırlamaq üçün işlədilən daş qəliblər tapılmışdır.
Bəndlər bəzək şeyləri arasında mühüm yer tutur. Gümüş, tunc, dəmir bəndlərə
qəbirlərin əksəriyyətində təsadüf edilir. Əcnəbi bəndlər, əsasən Roma bəndləri
çoxdur. Arxeoloji qazıntılar nəticəsində əsasən tuncdan olan çoxlu miqdarda müxtəlif
sancaqlar üzə çıxarılmışdır. Onlardan bəzilərinin başı tunc zəncirlərlə bəzədilmişdir.
Rəngarəng toqqalar, piləklər, asma bəzəklər və xüsusilə həm yerli ustalar
tərəfindən düzəldilən, həm də kənardan gətirilən müxtəlif muncuqlar da külli
miqdarda tapılmışdır. Muncuqlar əsasən antik dünyanın məşhur mədəniyyət
mərkəzlərindən gətirilirdi və digər gətirilmə materiallarla birlikdə bunlar sübut edir ki,
eramızdan əvvəl IV-I əsrlərdə və eramızın I-II əsrlərində Qafqaz Albaniyası Qara
dənizin şimal sahilində yerləşən şəhərlərlə, Parfiyanın, Romanın, Mesopotamiyanın,
Misirin, Hindistanın, Suriyanın şəhərləri ilə geniş ticarət əlaqələri və mədəni əlaqələr
saxlamışdır. Albaniya ərazisində ehtiyatı bol olan əlvan daşlar keyfiyyətdə ən yaxşı
344
gətirilmə nümunələrdən geri qalmayan bəzək şeyləri və möhürləri düzəltməkdə yerli
sənətkarlar üçün xammal mənbəyi idi.
Miladdan əvvəl I minilliyə və miladın ilk əsrlərinə aid olan, əsasən hellinizm
dövlətlərində, Romada kəsilmiş sikkələrdən ibarət dəfinələr və ayrı-ayrı sikkələr,
habelə albanların öz sikkələri aşkara çıxarılıb öyrənilmişdir. Gümüş alban sikkələri
Bərdə, Xınıslı, Qəbələ, Nüydü, Qırlartəpə abidələrindən məlumdur. Aşkara çıxarılmış
sikkə dəfinələrinin tədqiqi göstərir ki, həmin sikkələr eramızdan əvvəl III əsrin
axırlarından etibarən Albaniyada zərb edilib yayılmışdır.
Antik Albaniyanın incəsənəti. Arxeoloji tədqiqatlar nəticəsində qədim
zamanların çoxlu ictimai binaları və başqa memarlıq abidələri, habelə sıravi tikililəri
aşkar edilmişdir. Tikinti qalıqları binaların çaydaşından qoyulmuş bünövrələrindən,
qismən salamat qalmış çiy kərpic divarlardan, bir çox sütunların müxtəlif tipli daş
təməllərindən ibarətdir. Bunlar yəqin ki, monumental binaların memarlıq üslubu ilə
bağlı yeganə məlum ünsürdür və təkcə əməli deyil, həm də estetik əhəmiyyətə
malikdir. Albaniya ərazisində divar rəsmləri, mozaika və binaların başqa bəzək-
düzəkləri təəssüf ki, hələ aşkar edilməmişdir.
Azərbaycan xalqının folklor ənənəsində hifz edilib saxlanılmış məlumat
binaların içərisinin naxışlı boyalarla, ipək parçalarla, xalı-xalça ilə bəzədildiyinə, bir
çox musiqi alətləri olduğuna və musiqi sənətinin yüksək inkişafına dəlalət edir.
Qədim yerli ənənələrə əsaslanan Albaniya incəsənəti antik dövrdə müəyyən dərəcədə
tənəzzülə uğrayır, daha erkən inkişaf dövrlərini səciyyələndirən rəngkarlıq sənəti
qeyb olur; keramikaya vurulan əlvan naxışlar başlıca olaraq daha bəsit xarakter
daşıyır.
Bununla birlikdə Albaniya bədii keramikasının istehsalında özünü xüsusilə
parlaq şəkildə büruzə verən dekorativ-tətbiqi sənətin daha da inkişaf etdiyini qeyd
etmək lazımdır. Məhz antik dövrdə dulus çarxının demək olar ki, tamamilə
istifadədən çıxmasına və alban keramikasının böyük bir qisminin əllə hazırlanmasına
baxmayaraq, keramika öz formalarının simmetrikliyi və zərifliyi ilə fərqlənir.
Keramikanın ən səciyyəvi tiplərindən biri olan "süddanlar" xüsusilə maraqlıdır.
Bunlar yumru gövdəli, birqulplu, azacıq yuxarı qalxmış uzunsov novçalı qablardır,
novçanın başlandığı yerdə adətən çox vaxt "süzgəc" düzəldilirdi. Bunlar
bişirilməmişdən qabaq ağımtıl və ya qırmızımtıl şirə ilə örtülürdü. Qabların boğazı və
qulpu bir çox hallarda batıq və ya çökək ornamentlə, gövdəsi isə simmetrik şəkildə
yerləşdirilən yapışdırma düyməvari naxışlarla bəzədilirdi. Səciyyəvi novçanın hər iki
tərəfinə vurulan bu cür yapışdırma naxışlar həmin qablara zoomorf görkəm verir.
Kürədə bişirilən məşhur birayaqlı və üçayaqlı qırmızı və qara vazalar kimi, təsvir
edilən qabların da yerli xalq ənənəsində dərin kökləri vardır və bu ənənənin ünsürləri
hellinizm dövrünün alban incəsənəti üçün xüsusilə səciyyəvidir. Eyni zamanda inkar
etmək olmaz ki, Yaxın Şərq və Aralıq dənizi ölkələri xalqlarının mədəniyyəti də alban