188
üzvləri Moskvanın adını dəyişib, ona Stalinin adını verməyi təklif edirdilər. Bu,
Stalinin hiddətinə səbəb olmuşdu. Roma imperatorları ayların adını dəyişib, onlara öz
adlarını verirdilər. Fransa inqilabı isə köhnə təqvimdən əl çəkib, qərar verdiyi ildən
tarixi başlamaqla, ayların da adını dəyişdirmişdi. Bir neçə ildən sonra bu yenilikdən əl
çəkilməli olundu.
Stalin özü də şəxsiyyətə pərəstişi güclənməsinin qarşısını almaq fikrindən uzaq
idi. Alman yazıçısı Lion Feyxtvanger 1930-cu illərdə Moskvada olanda Stalindən
soruşmuşdu: “Bəs Sizi bığlı adamın minlərlə portreti qıcıqlandırmır?” Ev sahibi
yüngülcə gülümsünüb, belə bir ruhda cavab verdi ki, bəli, əlbəttə, cənab yazıçı,biz
sizinlə ziyalı adamlarıq, biz bu bütə sitayişin cəfəngliyini başa düşürük, lakin biz öz
təbəələrimizin zövqləri ilə hesablbaşmaqla, alicənab və iltifatlı olmalıyıq, axı onların
çoxu dünənki kəndlilərdir. Beləliklə, o, bu daşan çaya bənd çəkmək fikrindən uzaq
olduğunu bildirirdi.
Lakin Stalin yəqin ki, bunu da bilməmiş deyildi ki, sitayiş adamların
mənəviyyatına ağır zərbə vurur, onları ruhən kasıblaşdırır. Xalq özünə
məxsus ləyaqət
ruhunu itirdikcə kiçilməyə başlayır. Ona görə də İngiltərənin görkəmli siyasi xadimi,
baş nazir olmuş Uilyam Qladstounun Almaniya kansleri Otto fon Bismark barədəki:
“O, Almaniyanı böyütdü, almanları isə kiçiltdi” – sözlərini bütünlüklə Stalinə də aid
etmək olar. Zəkalara qurşaq qoyulması, düşünən adamların dilinin kəsilməsi, səsinin
boğulması cəmiyyəti yalnız tənəzzülə sürükləyə bilər. Stalin epoxası isə həm də belə
eybəcərliklərə şərait yaratmışdı.
Yaradıcı ziyalılar kimi elm adamları da şəxsiyyətə pərəstişin şişirdilməsində
xalqa olduqca pis nümunə göstərirdilər. Stalinin “SSRİ-də sosializmin iqtisadi
problemləri” əsəri çapdan çıxdıqdan sonra, hamı gur səslə onu tərifləməyə,
əhəmiyyətini göylərə qaldırmağa başladı. Hüquqşünas alimlər və filosoflar isə
yaltaqlıq müstəvisində daha uzağa gedərək, Stalinə məktubla müraciət edib, hüquqa
və fəlsəfə elminin tarixinə aid də kitab yazmağı ondan xahiş etmişdilər.
Hakim ideologiyaya xidmət ruhunda yazılmış əsərlər əslində yalnız təbliğat
vasitəsi olaraq qalırdı, bədii səviyyə məsələsində hər iki ayaqdan axsayırdı. Ona görə
də onların ömrü uzun olmadı, klassikliyə iddia etdikləri halda, öz populyarlığını heç
yarım əsr ərzində də qoruyub saxlaya bilmədi. Rəhbərin zövqü etalon kimi qəbul
edildiyindən, bu, ədəbiyyata, incəsənətə “ayı xidməti” göstərildi. Belə əsərlər az sonra
makulatura xarakteri daşıdı, dram və musiqi əsərləri səhnə üzünə həsrət qaldı, bir
günlük kəpənəklər kimi qısa ömürlə kifayətlənməli oldular. Vaxtilə Stalin və ya
Dövlət mükafatları laureatı adına layiq görünən müəlliflər indi heç ortabab yazıçıların
siyahısına da düşə bilmirlər.