132
Səddam hökmranlıq etdiyi dövrdə xalqı elə dilənçi vəziyyətinə salıb ki, onlar yaxşı
günlərə ümidlərini bütünlüklə itiriblər, ona görə də, əllərinə keçəni götürməklə
aclıqdan xilas olmağa can atırlar. Uzun müddət ac qalan insan şüurdan da məhrum
olur, onun mənəviyyatı da pozulur. Diktatorlar xalqı ac saxlamaqla, həm də onun
mənəviyyatını pozurlar. Ona görə də, bugünkü iri miqyaslı qarətdə də Baş
Soyğunçu Səddamın dəsti-xətti görünür.
Müharibənin ən böyük zəfəri bir diktaturanın məhv olmasıdır. Buna hamı
sevinir, təkcə digər diktatorlardan və onların klanlarından başqa. Bu sevinc qısa
müddət sürə bilər. Çünki diktaturaların sarayından bircə daş düşüb. Sarayın
bütünlüklə uçması, dağılması, bəşəriyyətin xilası üçün böyük sevinc ola bilər.
Bunun üçün dünyada elə mühit yaranmalıdır ki, “qəhr olsun diktatura!” şüarına
ehtiyac olmasın, bu mamır basmış divarlar özü uçub, yalnız iyrənc dövrləri
xatirələrdə yada salmağa xidmət edən xarabalığa çevrilsin.
“Hürriyyət” qəzeti, 16.04.2003
Saray həyatının dəbdəbəsinin xiffəti və ya hələ uçmamış yeni «hava
qəsrləri»
(Fərəh Pəhləvinin kitabı haqqında qeydlər)
İstənilən memuarı panegirik ədəbiyyatın bir növü saymaq olar. Məddahlıq
edənlər öz qəhrəmanını göylərə qaldırdığı kimi, ötən ömrün xatirəsini qələmə
alanlar da adamlara xas olan zəifliyin nişanəsi kimi özlərinə vurğunluğu açıb
ağardaraq, az qala keçmişini idealizə etməyə girişir, həqiqətin ən güclü atası
sayılan Zamanın etdiyi düzəlişlərə məhəl qoymadan yaşadığı xoşbəxtlik dövrünü
cazibədar naxışlarla bəzəməklə öz nostalji hisslərini başqalarına da təlqin etməyə
səy göstərir. Ədalətlə demək lazımdır ki, kənardan bir qədər əlçatmaz görünən bu
adamlar əslində qarşılarına qoyduğu məqsədə müəyyən ölçülərdə çatmağı da
bacarırlar. Onların prizmasından öz həyatları, günəşin şüaları havadakı yağış
damcılarını qövsi-qüzeh rənginə boyayan kimi al-əlvanlıq qazanır, ətrafdakı
bədbəxtliklər və səfalət dənizi büsbütün unudularaq Yer üzərindəki mövcudluq az
qala cənnət haləsinə bürünür, qələminin şişirtmə gücü və hadisələri birtərəfli təsvir
etmək üslubu hesabına bu adamlar özlərini bir qədər «göy sakinləri» kimi təqdim
etməkdə rahatlıq tapırlar.
Axırıncı İran şahının axırıncı xanımı Fərəh Pəhləvinin «Xatirələr. Yıxılan
rejimin və bitməyən eşqin hekayəti» kitabı bir qədər mütaliə təcrübəsi olan
oxucuda da məhz belə hisslər yaradır. Rejimin mövcudluğu dövründəki tituluna
görə «Şahbanu» adlanan bu xanım İran şah rejiminin süqutuna qədər olan son
iyirmi ili görünməmiş inkişaf, firavanlıq dövrü kimi qələmə verməyə cəhd etsə də,
bəzən qeyri-iradi olaraq onun «anadangəlmə ləkələrini», qüsurlarını da bütünlüklə
danmağı, inkar etməyi bacarmır.
Gənc qızın saray mühitinə düşməsi, şahın üçüncü arvadı olması səadətinə
qovuşması elə qeyri-adi cizgilərlə təsvir edilir ki, elə bil ki, «Min bir gecə»
133
nağılının səhnələri ilə yenidən tanışlıq başlayır və ya fransız imperessionist
rəssamların fırçasından çıxmış gözəl təbiət mənzərəsini seyr edirsən.
Müəllifin bu sahədəki cəhdlərinin həddi aşdığı da diqqətdən yayınmır. Bəlkə
adi keçi dərisini də «qızıl yun» kimi və ya istənilən iplik kələfini Ariadna sapı kimi
təqdim etmək olar, lakin bundan azacıq baş çıxardanlar mifik hadisələrin yenidən
təkrarlanması cəhdlərinə inanmayacaqlar. Mərhum şahın evlənmə tarixçələrini
yaxşı bilən adamları şahın son xanımının qələmindən çıxan əhvalatlara inandırmaq
o qədər də asan məsələ deyildir. Şah qvardiyasının rəhbəri və müəllifin, xəyanət
edərək dini rejimə xidmətə keçməkdə ittiham etdiyi general Hüseyn Fərdostun ötən
əsrin sonlarında ingiliscə çapdan çıxmış kitabında Fərəh xanımın şaha hansısa varlı
adam tərəfindən nikah üçün real namizəd kimi irəli sürüldüyü bütün təfərrüatı ilə
açılıb göstərilir. Məhz belə təqdimat gələcək Şahbanunun əvvəllər mütləq
xoşbəxtlik rəngində olan, son iyirmi ildə isə bədbəxtlik dumanına bürünmüş həyata
ilk dəfə qədəm qoymasından xəbər verir. Ona görə də «bitməyən eşq hekayəti» bir
o qədər də inandırıcı görünmür, burada gələcək ərə vurğunluqdan daha çox
uşaqlıqdan qulağında səslənən «Şahın arvadı» olmaq ifadəsinin yaratdığı arzuya
ürəkdən bağlılıq, sarayda əslində ikinci adam olmaq istəyi daha çox gözə çarpır.
Axı o, əslində qiyamla meydana gələn yeni sülalənin hələ yüzillər, minillər davam
edəcəyinə ümid bəsləyirdi, şah kimi o da bu sülalənin ömrünün vur-tut yarım
əsrdən bir qədər artıq davam edəcəyini ağlına belə gətirə bilməzdi.
Kazak ruhunda tərbiyə almış general Rza xan 1921-ci ildə olcuqda zəif və
səriştəsiz hökmdar olan Əhməd şahın dövründə dövlət çevrilişi etmiş, bu vaxt yeni
hökumətə jurnalist Seyid Ziyəddin Tabatabai başçılıq etmiş, general Rza xan isə
müdafiə naziri təyin edilmişdi. İki ildən sonra jurnalist də hökumət başçılığından
uzaqlaşdırıldı, bu vəzifəni tutduqdan az sonra 1925-ci ildə Persiya parlamenti olan
Məclis ölkədə olmayan Əhməd şahı devirdikdən sonra şahlıq rejimini qoruyub
saxlamaq üçün, Rza şah adı altında onu taxt-taca qaldırdı və o, öz sülaləsini
Persiya xanədanı dövründə dili və yazını ifadə edən simvolik «Pəhləvi» sözünü
özünün sülalə adı elan etdi. Rza xan respublika elan etməyi nəzərdə tuturdu. Lakin
xalqın böyük çoxluğunun bu ideyaya güclü əks çıxması onu öz fikrindən dönməyə
məcbur etdi.
İlk şah 1941-ci ilin sentyabrında İran əraziləri cənubdan ingilis orduları,
şimaldan isə sovet qoşunları tərəfindən işğal edildikdə öz oğlu Məhəmməd Rzanın
naminə taxt-tacdan uzaqlaşdı, bir müddət qürbətdə yaşadıqdan sonra, vətənindən
uzaqlarda da həyatla vidalaşdı.
Şahbanu Fərəh Pəhləvi gənc və təcrübəsiz qız olmasına baxmayaraq saray
həyatına qədəm qoyduqdan sonra buranın boğucu, intriqalarla dolu olan
mühitindən baş çıxarmağı bacardı, qısa müddətdə ərinin məhəbbətini qazanmaqla
mühüm nüfuz sahibinə çevrildi. Onun bir sıra sosial problemlərin həllində fəal
iştirakı təqdirə layiqdir. O, cüzam xəstəliyindən dəhşətli əzab çəkən xəstələrə
yardım əlini uzatmış, onlar üçün ayrıca yaşayış məntəqəsi saldırmışdı. Onun təhsil
müəssisələrinə qayğısı da xüsusi qeyd olunmalıdır.
Fərəh xanım ərinin həyata keçirdiyi «Ağ inqilab» islahatlarının bəzilərinin
həyata keçirilməsində təşkilatçılıq işi aparır, əsas diqqətini qadınların cəmiyyətdə,
Dostları ilə paylaş: |