Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə55/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   47   48   49   50   51   52   53   54   55

qərarına tabe oldular və 1979-1980-ci illərdə hakimiyyəti qara dərili çoxluğa verməyə 
məcbur oldular. Portuqaliya hakimiyyətləri isə əksinə, Anqolada, Mozambikdə və 
Qvineya-Bisauda azadlıq hərəkatının təzyiqinə müqavimət göstərməkdə davam edirdilər. 
Bu ölkələrdə milli qüvvələrin rəhbərliyi altında Sovet İttifaqının və Kubanın dəstəklədiyi 
partizan mübarizəsi gedirdi. 1974-cü ildə Portuqaliyada diktator rejimi süqut etdikdən 
sonra onun müstəmləkələri müstəqillik qazandılar.  
 
 
Düzgün qiymətləndirilməyən xadimlər və qəribə hadisələr 
 
Tarixdə şəxsiyyətlərə, adətən düzgün, obyektiv qiymət verilir, onların cəsarəti, 
igidliyi, sərkərdəlik və ya dövlət xadimi istedadları ilə yanaşı, qəddarlığı, şərə qulluq 
etmələri ört-basdır edilmir, malalanmır. Tarix mahir rəssam kimi, təkcə zahiri parıltı, 
görünüşlə kifayətlənməyib, portretdə insanın daxili aləmini də təsvir etmək qayğısına 
qaldığı kimi, şöhrət haləsinin arxasında gizlədilən qüsurlu cəhətləri də xatırlatmağı 
unutmur. Ümumiyyətlə, bu elm mifoloji təsəvvürün təsiri altına düşmür, reallığı, real 
cizgiləri əsasən sadə xalqın dilində meydana gələn və getdikcə genişlənib, şişirdilən 
mifoloji retuşdan, əslində saxtalıqdan xilas etməyə çalışır. Tarixçilərin bəzən hansısa bir 
təsir altında bir şəxsiyyəti, ya qədim xalqı hansısa bir döyüşdə fərqləndiyinə görə 
şişirtməsi, onlara fantastik çalarlar verməsi sonralar bundan sui-istifadəyə şərait yaradır.  
Qədim Romanın böyük tarixçisi Tatsit German tayfalarının b.e. 9-cü ilində sərkərdə 
Arminiinn başçılığı altında Roma sərkərdəsi Varı ağır məğlubiyyətə uğratmasını qələmə 
alarkən, həm də germanların igidliyini xeyli şişirtməsi sonralar Natsist partiyasının, 
almanları – guya təmiz qanlı ariləri qalibiyyət təcəssümü simvolu kimi qələmə vermək 
üçün əsas rolunu oynadı. SS-in başçısı Henrix Himmler almanları birbaşa germanların 
törəmələri kimi qəbul edilməsini sübut etmək üçün dərindən-qabıqdan çıxır, tarixçinin 
əsərinin orijinalını tapmağa cəhd edirdi. Nə Himmler, nə də alman natsistləri germanların 
almanların birbaşa əcdadları olmadıqlarını qətiyyən nəzərə almırdılar. Axı almanlar 
qədimdə və sonralar mövcud olmuş bir çox tayfaların qanlarının qarışığından meydana 
gəlmişdilər, onlar heç də qədim germanların sadəcə varisləri deyildilər.  
Tarixçilər bu məsələlərdə az günah işlədirlər. Yazıçılar, dramaturqlar isə öz mənfi 
və ya müsbət qəhrəmanını təsvir etdikdə, heç də ölçü hissinə məhəl qoymurlar. Şekspir 
şotland kralı Makbeti və onun kraliçasını qaniçən kimi təsvir edir, tarixi şəxsiyyət kimi isə 
Makbet əslində belə olmamışdır. Yaxud III Riçard pyesinin baş qəhrəmanını bütöv 
qüsurlar simvolu kimi təqdim edir, onu cəllad kimi qələmə verir, tarixi faktlar isə bunu 
həqiqət kimi təsdiq etmir. Aleksandr Dyuma – ata isə məşhur «Üç muşketyor» romanında 
Fransa kralı XIII Luinin yanında Birinci naziri olan kardinal, hersoq Rişelyeni mənfilik 
təcəssümü, intriqalar ustası, könlü mənfiliyin çürük saplarından hörülmüş bir şəxs kimi 
təqdim edir. Romanın təsiri altında Rişelyenin həqiqətdən uzaq olan mənfur siması 
formalaşmışdır, kitabı oxuyan və ya onun əsasında çəkilmiş filmə tamaşa edənlər kardinal 
Rişelyeni başqa cür təsəvvur etməyə hətta cəsarət etməzlər.  


Arman Jan dyu Plessi, hersoq Rişelye cəmi 57 il ömür sürmüş, 1642-ci ildə, 30 illik 
müharibənin son mərhələsində vəfat etmişdi. O, 38 yaşında Roma papası tərəfindən 
kardinal rütbəsinə yiyələndirilmiş, iki il sonra isə Fransada hökumətin Birinci naziri 
vəzifəsini tutmuşdu. 18 il ərzində Fransanın daxili və xarici siyasətini müəyyən etmiş, həm 
də mütləqiyyətin möhkəmləndirilməsi üçün əlindən gələni etmişdi. Bu kardinalın 
dövründə mütləqiyyətin «Bir kral, bir din, bir qanun» formulu meydana gəlmişdi. 
Birinci nazir müxalif yönlü əyanlardan olan öz əleyhdarlarını qəddarcasına təqib 
edirdi, onların nəsil qəsrlərini və malikanələrini dağıtmağı əmr edirdi. O, protestantların 
müstəqilliyi ilə barışa bilmirdi, ona görə də katolik qoşunu fransız huqenotlarının başlıca 
dayağı olan La-Roşel qalasını mühasirəyə aldı, qala 1628-ci ili oktyabrında təslim oldu. 
Hersoq ölkənin tam mərkəzləşdirilməsinə çalışdı. Onun dövründə əyalətlər bütünlüklə 
Parisə tabe edildi, əvvəllər aristokratların tutduqları qubernator vəzifələrinə varlı olmayan 
dvoryanların nümayəndələri olan kral məmurları təyin edilirdi və onlara fövqəladə 
səlahiyyətlər verilirdi. İctimai həyatın bütün sahələrini qaydaya salmağa çalışaraq, Rişelye, 
1635-ci ildə Fransa akademiyasını yaratdı. Onun üzvlərinə ədəbi dilin vahid normasını 
yaratmağı tapşırdı.  
Xarici siyasətdə öz başlıca vəzifəsini Rişelye, Habsburqların Avropa hegemonluğu 
ilə mübarizə olduğunu hesab edirdi. Müqəddəs Roma imperiyasını zəiflətmək üçün 
Fransa Otuz illik müharibədə imperiyanın protestant knyazlarını, həmçinin İsveçi 
dəstəkləyirdi. İsveçlə ittifaq müharibənin son mərhələsində onun gedişinə güclü təsir 
göstərdi. Katolik dininin böyük müdafiəçisi olan Rişelye öz dini mənafeyini Fransanın 
dövlət mənafeyinə qurban verdi. Müqəddəs Roma imperiyasının güclənməsi Fransanın 
həm qərbdən İspaniya tərəfindən,  həm də şərqdən Avstriya və Almaniya vasitəsilə 
mühasirəyə alınıbb, onun taleyini məhvə aparan yola sala bilərdi. Ona görə də Rişelye 
hətta katolik dininə xəyanət etməyə getdi ki, protestantlarla birləşib Müqəddəs Roma 
imperiyasını ciddi surətdə zəiflədə bilsin. Həqiqətən də Rişelyenin ölümündən sonra başa 
çatan müharibənin Vestfaliya sülh müqaviləsindən Fransa, kardinalın arzu etdiyi kimi, ən 
böyük faydanı götürdü. Fransa öz sərhədini xeyli genişləndirə və Reyn üzərində 
Habsburqlar hakimiyyətini  çox zəiflədə bildi. Bu müharibədə daha bir uduzan isə Roma 
katolik kilsəsi oldu. Müqəddəs Roma imperiyasının ərazisi 1624-cü il sərhədləri ilə 
müəyyən olunmuşdur və belə bir məsələ ilə razılaşmalı oldu ki, imperiya daxilindəki 
knyazlar öz təbəələrinin dinlərini özlərinin müəyyən etməsini davam etdirsinlər.  
Bütövlükdə Myunsterdə və Osnabryükda imzalanmış müqavilələr protestantların 
qələbəsi demək idi. Almaniyada islahata uğramış kilsə tanındı. İki dinin yayılması 
vilayətlərinin sərhədləri Vestfaliya sülh müqaviləsində nəzərdə tutulmuşdu, XX əsrdə də 
bu qayda praktiki olaraq dəyişilməmişdir. Digər hadisələrlə yanaşı, Vestfaliya sülhü yeni 
dövrün Avropa tarixinə xeyli təsir göstərdi. Kardinal Rişelyenin uzaqgörənliyi, əsrlər keçsə 
də, öz təsdiqini tapdı.      
Rişelyenin Fransaya göstərdiyi böyük xidməti ondan sonra gələn az sayda tarixi 
şəxsiyyətlər davam etdirdilər. Onların sırasına, nə qədər təəccüblü görünsə də, Taleyranı, 
daha böyük mənada isə Şarl de Qollu aid etmək olar. Rişelyedən Fransanın indiki 


sərhədləri, həm də Fransa Akademiyası xatirəsi qaldı, heç bir kral öz ölkəsinə sonrakı 
dövrdə bu xidməti göstərə bilmədi. Rişelye olmasaydı, kralın arvadı Anna Avstriyalının 
niyyətləri baş tuta, Fransa ərazisi isə İspaniyanın xeyrinə xeyli kiçilə bilərdi. Rişelye isə 
onun və kralın qardaşının xəyanətindən xəbər tutduqda, hətta ölüm yatağından qalxaraq, 
bu xəyanətin baş tutmasına imkan verməmişdi. Ona görə də Rişelyeyə qiymət verərkən 
Dyuma prizmasından istifadəyə üstünlük verilməməli, Fransanın, fransız xalqının ümdə 
mənafeləri prizması yada salınmalıdır.  
Fransanın ümumi rəydə obyektiv qiymətləndirilməyən digər  görkəmli xadimi Şarl 
Moris de Taleyrandır. O, 1781-ci ildə kilsədən təcrid edilənə qədər Otten yepiskopu olmuş, 
1789-cu ildə Baş ştatların və Milli Məclisin deputatı olmuş, 1797-ci ildə mühacirətdən 
qayıtdıqdan sonra Fransa xarici işlər naziri olmuş, bu vəzifəni 1807-ci ilə kimi daşımışdır. 
Sonralar, 1814-1815-ci illərdə də yenə də həmin yüksək diplomatik vəzifəyə qayıtmışdır. O, 
1838-ci ildə 84 yaşında Parisdə vəfat etmişdir.  
Taleyran, Benevent hersoqu diplomatiyanın dünya tarixindəki ən məşhur 
simalarından biridir. Onun əcdadları hələ Karolinqlərə xidmət etmişdi. Dəyişən 
hökumətlərin xarici işlər naziri timsalında (O, Direktoriyada, I Napoleonun, XVIII Luinin 
hökumətlərində) Fransanın taleyini müəyyən etmiş və onun qüdrətinin artması üçün az iş 
görməmişdi.  
Taleyran fəaliyyətinə yepiskop kimi başlamışdı. 1789-cu il Fransa inqilabı dövründə 
isə siyasətə qoşulmuşdu. O, royalistlərə hüsn-rəğbət bəsləməkdə ittiham edildiyinə görə 
1792-ci ildə mühacirətə getməyə məcbur olmuşdu. O, I Napoleonun hakimiyyətə 
gəlməsinə köməklik göstərmişdi. 1814-cü ildə siyasi kursu dəyişərək, Burbonların 
hakimiyyətə qayıtmasını dəstəkləmişdi.  
Napoleon Taleyranı xəyanətdə ittihamlandırmışdı. Lakin Taleyran Napoleondan 
fərqli olaraq, eyforiyaya qapılmaqdan uzaq idi, daim Fransanın taleyini, onun təhlükəsiz 
gələcəyini düşünürdü. Rusiya çarı I Aleksandrın 1807-ci ildə Tilzitdə görüşdükləri vaxt 
imperator Napoleona vurulduğunu, onunla ittifaqla öyündüyünü görən Taleyran Rusiya 
imperatorunu xəbərdar etmişdi ki, Napoleonla deyil, Fransa ilə ittifaqa üstünlük vermək 
lazımdır. Taleyranın sözləri heç beş il keçməmiş öz təsdiqini tapdı, Napoleon Rusiyaya 
yürüş etdi və biabırçı məğlubiyyətlə üzləşməli oldu. I Aleksandr da çox inandığı 
Napoleonun məkrinin acısını dadmalı oldu. 
Taleyran 1914-cü ildəki Vyana beynəlxalq konqressində Fransanı təmsil etməklə, 
məğlub edilmiş ölkəsinin maraqlarını böyük ustalıqla müdafiə etmişdi. Vyana 
konqressinin qərarına görə, Fransa 1792-ci ilə qədər olan öz sərhədlərini bərpa etməli idi. 
Fransaya qarşı ərazi iddialarına, Taleyran öz «irs» formulu ilə cavab verib, bunu nəzərə 
almağı təkid etdiyinə görə, Fransanın əvvəlki ərazilərinə toxunulmamışdı, onun Napoleon 
müharibələri ilə işğal edilmiş əraziləri isə müstəqil qaydada öz talelərini həll etməli idi.  
Taleyran Napoleona xəyanət edə bilərdi, axı Napoleon da özünü imperator etmək 
üçün respublikaya xəyanət etmişdi. Napoleon Fransanın şöhrətini yüksəltsə də, bir 
müddətə onu, demək olar ki, bütün Avropanın ağası etsə də, sonrakı üç ağır məğlubiyyəti 
ilə bu dövləti daha acınacaqlı dərdlərə düçar etmişdi. Taleyran isə Fransaya heç bir 


bədbəxtlik gətirməmişdi. Əksinə, daim onun xeyrinə fəaliyyət göstərmişdi. Taleyran 
diplomatiya sənətinə böyük töhfələr vermişdir. Napoleonun hərbi istedadına heç kəs 
şübhə etmir və o, tarixin ən görkəmli hərbi xadimlərindən biri sayılır. Lakin onun özünün 
dediyi kimi, bir məğlubiyyəti onun qırx qələbəsinin üstündən xətt çəkəcək, yalnız onun 
Mülki Kodeksi qalacaqdır. Doğrudan da, Napoleonun məğlubiyyəti Fransaya böyük 
problemlər yaratdı. Taleyran isə daim çalışırdı ki, Fransanın qarşılaşdığı problemləri həll 
etsin və buna əsasən nail olurdu.  
Qəribə hadisələrə gəldikdə, Böyük Aleksandr Baktriyanı işğal edərkən, yerli 
adamların orada ölmüş öz valideynlərini itin yeməsi üçün onun qabağına atmalarından 
hiddətlənərək, bu eybəcər qaydanı qadağan etmişdi. Yəqin ki, baktriyalılar zoroastrizm 
dininə sitayiş edənlər kimi, nə ölülərini dəfn edir, nə də yandırırdılar. İndi də bu dinin 
nümayəndələri olan parslar Hindistanda ölünün cəsədini uca qüllə üzərinə qoyurlar və 
orada quzğunlar bu cəsədləri yeyirlər. Təəssüf ki, insanlar pis adətlərdən və ənənələrdən 
çətinliklə uzaqlaşırlar. Onlardan vidalaşmaq isə vacib bir vəzifə hesab edilməlidir. 1868-ci 
ildə baş verən Meyci inqilabından sonra gənc imperator Mutsihito (Meyci) öz xalqına dörd 
çağırışdan ibarət müraciət etdikdə, onlardan biri pis adətlərdən əl çəkmək çağırışı idi. 
Qərbi Afrika regionunda inkişafın həlledici faktoru islamın yayılması idi. Lakin 
onun təsiri bu regionun dənizkənarı və dağ vilayətlərinə toxunmadı. İslamın yolu üstündə 
dərin meşələr dayanmışdı, ona görə də XVI əsrə qədər bu rayonların tarixi barədə yalnız 
şifahi rəvayətlər, bol miflər danışır. Bu vilayətlərdə Yoruba xalqının ən qədim şəhəri və 
siyasi mərkəzi, Laqosdan 180 km şimalda olan Oyo şəhəri idi. Rəvayətə görə, Yorubanın 
ən görkəmli hökmdarı Oluaşo özünün 320 illik hökmranlığı dövründə dünyaya 1480-ə 
qədər uşaq gətirmişdi. «Alafinlərin» (sarayların sahiblərinin) əksəriyyəti nisbətən tez 
ölürdü. Onları həyat qüvvəsinin daşıyıcısı sayır və onlara allah kimi sitayiş edirdilər. Lakin 
xalqın maddi rifahı aşağı düşdükdə və ya hökmdar bədəni və könülü ilə qocaldıqda, onun 
idarə etməsi sadə şəkildə başa çatırdı. Ağsaqqallar şurası ona tutuquşu yumurtası ilə 
qədəh göndərirdi və bu, özünü intihar etmə əmri idi. Əgər hökmdar tabe olmasa, onu 
öldürürdülər. Əlbəttə, bu, türk sultanlarının öz qardaşlarını və oğullarını öldürməsinə 
bənzəməsə də, çünki onlar taxt-taca bir namizəddən başqa iddiaçının qalmasını 
istəmirdilər, hakimiyyətin rotasiyasının daha bir qanlı forması idi.  
XII əsrin ortalarında Yoruba prinsi Eveka,o, İfedə doğulmuşdu, Benin şəhər-
dövlətini yaratdı. Beninə gəlib çıxmış bir holland səyyahı hökmdarın sarayını təsvir 
edəndə onun ölçülərini Niderlanddakı bütöv Xarlem şəhəri  ilə müqayisə etmişdi.  
Böyük fransız yazıçısı Onore de Balzak özünün «İnsan komediyası» adlı toplusunda 
yaratdığı üç min obrazla yanaşı  Balanda adlı fransız dustaqxanası nəzarətçisinin başına 
gələn əhvalatı  da qeyd edir. Balanda çox qəddar adam idi, yeri gəldi-gəlmədi, dustaqları 
təhqir edir, döyür, ələ salırdı. O, məhbusların ləyaqətini tapdalamaqdan həzz alırdı və 
uzun müddət belə davrandığından, bir gün nəsə bir kəskin cavabla qarşılaşacağını nəzərə 
almırdı. Dustaqların ondan qorxması, çəkinməsi bu mərhəmətsiz adamda ən alçaq hissləri 
inkişaf etdirmişdi. O, nümayişkaranə şəkildə məhbuslardan qorxmadığını bildirirdi, axı 
onların hamısı onun hüdudsuz hakimiyyəti altında idi.  


Cana doyan dustaqlar sözü bir yerə qoyub, bir dəfə onlar üçün horra bişirilən iri 
qazanın yanında dayanmışdılar. Yaxınlaşan Balanda onları söyərək, nəyə görə burada 
dayandıqlarını hirslə soruşduqda, dustaqlar onu əllərinə götürüb iri qaynar qazanın içinə 
atdılar. Nəzarətçinin bədəni əriyib horraya qarışdı və dustaqlar heç nə olmamış kimi, bu 
duru xörəyi iştahayla yeməyə başladılar. Axı onun iri inqrediyentlərindən biri onların qatı 
düşməni idi. O vaxtdan etibarən dustaqlar üçün məhbəsdə hazırlanan xörək «balanda» 
adlanmağa başladı. Bu söz dünyanın başqa dustaqlarına çatdı və indi də, azı iki əsr 
keçdikdən sonra hər kəs dustaqxana xörəyini başqa adla deyil, məhz qəddar fransız 
nəzarətçisinin «şərəfinə» «balanda» kimi tələffüz edir. “Balanda” sözü dustaqxana 
mühitinin beynəlxalq bir simvoluna çevrildi.  
Hindistanda isə XIX əsrin ortalarınadək dəfn tonqalında onun dul qalan arvadını da 
yandırırdılar. Axı hindlilər əsasən ölülərini tonqalda yandırırlar. İmkanı olanlar isə ölü 
cəsədini Varanasidə (Beranesdə) tonqalda yandırıb, meyitin qalıqlarını Qanq çayına 
tökürlər. Bəzi böyük adamların cəsədinin külü Hindistan ərazisinə səpilir. Dul arvadların 
yandırılması – «sati» ritualı öz kökləri ilə allah Şivanın arvadı Sati haqqındakı qədim hind 
mifinə gedib çıxır. Bu eybəcər ənənəni ingilislər qadağan etdilər. 1833-cü ildə Uilyam 
Henri Kavendiş – Bentinka general-qubernator təyin edildikdən sonnra Hindistandakı 
Britaniya siyasətinin yeni mərhələsi başlandı. Qubernator Madrasda, Bombeydə və 
Benqaliyada qanunverici orqanı ələ keçirdi və geniş miqyaslı mərkəzləşmə siyasətinə start 
verdi. O, İngiltərəyə düşmən münasibəti bəsləyən hind dini sektalarına qarşı sərt mübarizə 
apardı. O, arzu olunmayan uşaqların öldürülməsi, ərinin dəfn tonqalında onun dul qalan 
arvadının yandırılması kimi eybəcər köhnə hind adətləri ilə barışmırdı. Ona görə də dul 
qadınların diri-diri dəfn tonqalında yandırılmasını qadağan etdi.  
Bentikanın dövründə Avropa təhsil proqramları ilə işləyən ilk orta məktəblər açıldı. 
Britaniyalılar müxtəlif yollarla hindlilərin kifayət dərəcədə güclü Qərb meyilli təbəqəsini 
yaratmaq məqsədini güdürdülər və güman edirdilər ki, gələcəkdə onlar «dərisinin rənginə 
və damarlarında axan qana görə hindli kimi qalacaqlar, ancaq öz təfəkkürlərinə, hisslərinə 
və zövqlərinə görə ingilis olacaqlar». Bu ideya əslində hindliləri ingilislərə çevirmək kimi 
ağılsız bir məqsədə əsaslanırdı. Fantastik xarakterli bu ideya həyata keçmədi. Hindli öz 
həyat tərzini müəyyən dərəcədə dəyişsə də, düşüncə tərzində millətinə xas olan 
xüsusiyyətləri əsasən qoruyub saxladı.  
 
 
Epiloq 
 
Tarix dənizinin sularına baş vurduqda, onun dərinliklərində yuva tapan, gizlənən 
hadisələri və adamları müşahidə edirik. Bu dənizin suyunun alt qatlarının müşahidəsi 
təbiətə məxsus olan nəhəng cənub su hövzələrində rəngbərəng balıqlar, digər canlılar 
dünyasının seyrinə dalmağa bənzəyir. Tarix ümmanlarında da heyranlıq obyektinə rast 
gəlmək mümkündür. Burada ağıla, könülə təsir edən hadisələr, öz istedadı və dühası ilə 


təkcə müasirlərindən deyil, hətta sonrakı əsrlərdə, minilliklərdə də yaşayanlardan ciddi 
surətdə fərqlənən şəxsiyyətlər diqqəti cəlb etməmiş qalmır.  
Elmi tədqiqatlar müəyyən etmişdir ki, dünyada ən uca dağ zirvəsi dənizin sularının 
altında gizlənir, həmin dağ hətta Comolunqmadan da hündürdür. Əgər Sakit okean 
Havay adaları yaxınlığında belə möcüzəli geoloji süxura məkan rolunu oynayırsa, Tarix 
okeanı daha müəmmalı, sirrli, sehrli mənzərələrlə doludur. Onların məzmun və mahiyyət 
ölçüsü bəzən uca zirvələrin hündürlüyünü də kölgədə qoya bilir. Bu okeanda mərcan 
təpələri isə təbiətin sərəncamında olan böyük sulardakından heç də az deyildir. 
Tarix panoramasında biz göylərə baş vuran qartalları da, qorxaq pinqvinləri də, 
torpaqda sürünənləri də seyr edə bilirik. Müqayisəsiz istedada və igidliyə malik olanların 
mövcud olması ilə yanaşı, məkrliliyi və hiyləgərliliyi ilə bütün canlıları arxada qoya 
bilənlər istənilən dövrün sosial taxçasında tarakanlar kimi özlərinə yuva tapa bilirlər. 
Tarixin qəhrəmanının  parıltısı altında belə varlıqlar da diqqətdən kənarda qalmamalıdır. 
Ümumiyyətlə, tarixçi bütöv şahmat taxtasının üzərindəkiləri nəzərdən qaçırmamalıdır. 
Tarixçi kiməsə və nəyəsə qulluq göstərməkdən bütövlükdə azad olmalıdır, bu sərbəstlik 
ona istənilən hava şəraitində göyə baş vuran quşlar kimi öz qüvvəsinə inam yaradacaq, 
ağıl gözlərinin qüvvədən düşməsinə imkan verməyəcəkdir. Tarixi saxtalaşdırmağa 
girişənlər isə hansı məqsədi güdmələrindən asılı olmayaraq, elmə, həqiqətə xəyanət etmiş 
olurlar, onların sərəncamında olan böyük imkandan düzgün istifadə etmək kimi halal 
fəaliyyətdən yayınırlar.  
Qədim Çində yarımqiymətli daş olan nefritdən hazırlanan əşyalar dəbə düşdükdə, 
saraya ayaq açdı. Sonralar nefritdən hazırlanan hər şeyə müqəddəslik simvolu kimi 
baxırdılar. Konfutsinin müsbət rəyi də nefritin müqəddəslik haləsini böyütdü. Tarixi 
şəxsiyyətləri də saxta, boğazdan yuxarı tərif hesabına əlçatmazlara çevirmək, onlara iri 
pyedestallar düzəltmək tarixi təhrif etməkdən başqa bir şey deyildir. Ona görə də tarixi bu 
və ya digər dərəcədə bəzəyənlərə münasibət vurğunluq, heyranlıq səviyyəsinə keçməməli, 
zaman və məkan fövqündə onlara real, obyektiv qiymət verilməsinə cəhd edilməlidir. Bu 
prinsip əsasında tarixi öyrənmək, keçmişin salnaməsinə maraq göstərmək bizim 
dünyagörüşümüzü genişləndirməklə yanaşı, həm də bizi xəbərdar etməklə  səhvlərdən 
çəkindirir. Seyr etdiyimiz adi bir mənzərəni qövsü-qüzehə çevirməməliyik, Xeyirə və Şərə 
düzgün qiymət verməklə ictimai həyatda naşılıq girdabına düşməkdən, onun girovuna 
çevrilməkdən qaçmalıyıq.  
 
 
 
SON 
 
 
 
 
 


 

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə