Telman Orucov



Yüklə 119,21 Kb.
səhifə2/3
tarix10.11.2017
ölçüsü119,21 Kb.
#9406
1   2   3

Həmin dövrdə Yaponiya çox əhalisi olan ölkə hesab edilə bilərdi. Bütün İngiltərədə bu vaxt üç milyondan artıq adam yaşamadığı halda, burada 12 milyon adam var idi. Kyuşu adasında isə əhalinin sayı 3-4 milyona çatırdı. Çində isə o vaxtkı bütün dünyada olduğundan daha çox əhali yaşayırdı.

Bləksornun bəxti onda gətirmişdi ki, tayfun vaxtı ölümdən xilas etdiyi ispan dənizçisi Rodriges və Osakada dustaqxanada olarkən məhbus avropalı rahib yerli xalq barədə çox şeylər danışmış, onu bəzi məsələlər barədə agah etmişdilər. İspan şturmanı ona demişdi ki, yaponların altı sifəti və üç ürəyi vardır. Əlbəttə, ispan da yaponları eyni qaydada təqlid edərək əvəzində onlara yuxarıdan aşağı baxdığına görə bu qənaətə gəlmişdi. Öz fikrini izah etmək üçün əlavə etmişdi ki, belə deyirlər ki, onlar bütün dünyanın görməsindən ötrü ağızlarındakı saxta ürəyə, tam xüsusi dostlarına və ailələrinə göstərmək üçün döş qəfəslərindəki digər bir ürəyə və həm də özlərindən başqa heç kəsə məlum olmayan, gizləndiyi yeri yalnız Allahın bildiyi, real, həqiqi və gizli bir ürəyə malikdirlər. Bununla yanaşı xəbərdar edirdi ki, yaponlarla sən kral kimi hərəkət etməlisən. Öz ləyaqətinin qayğısına qalmayanları onlar heç adam hesab etmirlər. Onların səsi isə intonasiyanı və daxili mənanı büruzə verən fövqəltəbii bir güzgüdür. Yaponların dilində “l” səsi yoxdur.

Həmin il iki böyük daymyo – Toranaqa və İşido şoqunluğa yüksəlmək uğrunda bir-birilə kəskin mübarizə aparır, amansız düşmənçilik edirdilər. İşidonun təsiri yanğın kimi yayılırdı. Toranaqa isə Makiavelli kimi ağıllı, hun sərkərdəsi Attila kimi rəhmsiz idi. O, düşmənlərini və dostlarını yaxşı tanıyırdı. Əvvəlki ağalarına xəyanət etməklə, cəbhədən cəbhəyə keçməklə şoqunluğun kandarına gəlib çıxmışdı. İşido isə güman edirdi ki, öz düşmənlərini hökmən əzəcəkdir. Qəti qələbə çalmaq üçün yalnız bircə vacib həmlə qalırdı, ölkənin səkkiz əyalətinə nəzarət edən Toranaqa yeganə maneə idi. Ona görə də iki düşmən Osakada görüşdükdə İşido özünü nəzakətdən kənar apardıqda, onu vurmaq üçün irəli yeriyən mühafizəçi samurayı ev sahibi Toranaqa ona aid olmayan söhbətə qulaq asdığına görə cəzalandırmağı qərara aldı: “Bu Adam səhvən samuray kimi doğulmuşdur. Onun adına son qoyulmalıdır”. Ən yaxın silahdaşının kürəkəni olan bu samuraya seppuku etməyə icazə verildi və onun körpə oğlu da cəzanın bir hissəsi kimi öldürüldü.


Yaponlara görə həyat yalnız şehcik daxilindəki şehcikdir. Axı şeh günəş çıxan kimi yoxa çıxır. Bu xalqa məxsus olan əxlaq qaydalarından birində deyilirdi ki, “Yaddan çıxarma ki, tale və talesizlik göydən və təbii qanundan asılıdır. Onları dua etməklə və ya istənilən adamın və ya özünəməxsus müqəddəsin düşüncəsindən yaranan hiyləgər icadla satın almaq mümkün deyildir”. Hind sözü olan “karma” yaponlar tərəfindən özününküləşdirilmişdi. Buddizm fəlsəfəsinin bir hissəsi olmaqla o şəxsin bu həyatdakı taleyini müəyyən edir, bu sarsılmaz bir qaydada fiksasiya edilirdi, çünki insanın əməlləri əvvəlki həyatda baş vermişdi, yaxşı əməllər bu həyat plastına ən yaxşı mövqe kimi verilmiş, bəd əməllər isə əks qaydada keçmişdi. Yalnız bu həyatın əməlləri tam şəkildə sonra gələn yeni doğulmaya verilir. Şəxs o vaxta qədər bu dünyada göz yaşları içərisində doğulacaqdır ki, dözməklə, əzab çəkməklə və çox sayda həyat zamanlarından öyrənməklə o, axırda kamil insana çevriləcəkdir, Nirvanaya, Həqiqi Dinclik Yerinə gedəcəkdir və beləliklə heç vaxt bir daha yenidən doğulmanın əzabını çəkməyəcəkdir. Həyat, doğrudan da, nə qədər gözəl və nə qədər kədərlidir. Altı əsr ərzində bu səltənət həm də daim davam edən vətəndaş müharibələri ilə rəhmsizləşmişdi.

Toranaqa ingilis dənizçisi barədə də düşünürdü və belə qərara gəlmişdi ki, bu barbar heç vaxt onun ölkəsini tərk etməyəcəkdir, özü də nə diri, nə də ölü şəkildə. O, həmişəlik bu səltənətin bir hissəsinə çevriləcəkdir. Toranaqa öz təhlükəsizliyini qorumaq üçün hər cür tədbirlərə, hiylələrə əl atırdı. Qılıncını hazır saxlayırdı, bəxtinə güvənərək hər gecə yataq otağını, mühafizəçilərini, parolu dəyişirdi. Bunları daim gəlişini gözlədiyi qatillərə görə edirdi.

Yaponlar heç bir millətə, ümumiyyətlə heç kəsə bənzəmirdilər. Onlar öz adlarına malik deyildilər. Yalnız samurayların öz adı olurdu, adi yapona isə ad daşımağa icazə verilmirdi. Bu adamlar öz peşələrinin adı ilə çağrılırdı. Oğlanlar və qızlar isə birinci qız, ikinci qız, birinci oğul və buna uyğun qaydada adlandırılırdı. Fahişə qadınlar isə özlərinə balıq növünün adından götürülmüş Karp, Ay, Ləçək və ya Ulduz adlarını qoyurdular.

Adamlar küçədə başqası ilə qarşılaşdıqda gülümsünür, əyilir və nəfəslərini udurdular. Yapon sadə adam olmaqla yanaşı çox sərt idi. Onlar həqiqətən yalnız bir cəzanı, qətlə yetirməyi bilirdilər – çarmıxa çəkirdilər, boğurdular və ya boynunu vurmaq yolu ilə adamları öldürürdülər. Nəyisə yandırma cinayətinə görə isə adamlar diri-diri yandırılmaqla öldürülürdü. Qəddarlıqda onlar miladdan əvvəl VII əsrdə qanun məcəlləsi tərtib edən və özəl mülkiyyəti qəsd etməyin ən kiçik faktına görə ölüm cəzası qaydasını qoyan Afina arxontu Drakontun ardıcılları sayıla bilərdilər. Onlar demək olar ki, başqa cəza növlərinə malik deyildilər, bəzən adamları sürgün edir, bəzi hallarda qadınların saçını qırxdırırdılar. Lakin daim başlıca cəza ölüm idi. Dustaqxanalar bir neçə il əvvəl yaradılmışdı, onlar üçün yeni bir şey idi. Dustaqxana yalnız adamların hökm verilənə qədər müvəqqəti saxlandığı yer idi. Bura təqsirkarlar gətirilirdi, özü də çox qısa müddətə. Dustaqxana həmçinin cəhənnəmlə yer arasında istirahət yeri olmaqla əbədi davam edən Həyat üçün şöhrət idi. Burada qaçmaq və gizlənmək üçün heç bir yer yox idi. Beləliklə, hər bir kəs edama gedirdi. Əvvəlki dövrlərdə burada dustaqxana olmamışdı, o vaxtlar adam tutulduqda öz cinayətini etiraf edir və edam edilirdi.

Portuqaliyalılar Yaponiyanı ilk dəfə kəşf edəndə tayfun bu ölkədən gələn tacirləri yolundan döndərib, Kyuşu adasında sahilə çıxmağa məcbur etmişdi. İlk dəfə idi ki, avropalılar yapon torpaqlarına ayaq basırdı. Bir neçə il sonra 1549-cu ildə iezuitlərin başçısı İznatus Loyolanın yaxın silahdaşı, ordendə ikinci adam sayılan Fransisk Xavyer buraya gəlib çıxdı. O, buraya xristian dinini yaymaq üçün, missioner fəaliyyəti göstərmək məqsədilə gəlmişdi. Sonradan Xavyer eyni missiya ilə Çinə keçmiş və Asiyaya gəlişindən üç il sonra orada da vəfat etmişdi.

İngilis dənizçisi öz ölkəsi ilə, yenicə məskunlaşmağa başladığı diyarı müqayisə etmək imkanına malik idi. Başlıca olaraq sıçovullar, dəstə-dəstə sahibsiz itlər və pişiklər, həmçinin yanğınlar Londonu təmizləmiş və milçəklərdən azad etmişdi. Toranaqa ilə görüşmək üçün onun bura gətirilib çıxarıldığı Osaka şəhəri isə vətəninin paytaxtından tam fərqli idi. Yenicə möhkəm tapdanmış küçə süpürülmüş və təmizlənmişdi. Ağacdan olan divarlar və evlər işıq saçır və təmiz görkəmdə idi. Burada hər bir xristian şəhərinin küçələrini dəstə-dəstə dolduran dilənçilər və çolaq-şil adamlar yox idi.

Adamlar nəzakətlə təzim etməklə küçədən keçir, bəziləri hətta diz çökürdü. Buradakı nəzakət qaydasında baş əymək, təzim etmək çox sayda davranış ənənələri kimi indiyədək qalır. Qadınlar isə sadəcə baş əymir, qamətlərini tamamilə bükürlər. Xanımlar ümumiyyətlə güman edirlər ki, onlar söyüd ağacı kimi incə olmalıdırlar, salxım söyüd kimi əyilmələri də bu oxşarlığı daha da artırır. Keçən əsrin 80-ci illərində Tokioda işləyən sovet jurnalisti yazırdı ki, o vaxtkı baş nazirlə bir küçədə yaşadığından hər səhər onu maşına qədər ötürən xanımının qaməti əyilmiş şəkildə yola salmasını, yalnız maşın döngədən itdikdən sonra qadının başını qaldırdığını müşahidə edirmiş. Qadınların daha nümayişkaranə surətdə təzim etməsinə mən özüm Nyu-Yorkun “Şeraton-Manhetten” otelində rast gəlmişdim. Səhər tezdən liftdən çıxarkən hollda qarşıma çıxan yaponlardan qoca qadının çox aşağı əyilməsindən özümü bir qədər itirdim, onun yanındakı üç kişinin də baş əydiyini görüb salam verdiklərini anladım və səhvimi başa düşdüyümdən qarşılıqlı qaydada başımı əydim və “sabahınız xeyir” cavabını verdikdə həmin qadının düz görkəm aldığını gördüm. Dəqiqlik kralların zəifliyi olduğu kimi, nəzakət yaponların təbii adətlərinə çevrilməklə, onların xarakterini büruzə verən cəhətlərdən biridir. Yaponiya parlamentində müxalif cəbhələrdən olan deputatların bir anlığa kəskin mübarizəni kənara atıb bir-birinə təzim qılmasını görəndə, bu bizi təəccübləndirməyə bilmir.

Yaponiyada illər kimi günün də öz adını daşıyan on iki hissəyə bölünməsi də ingilis dənizçiyə məlum oldu. Gün səhər saat 5-dən 7-dək davam edən Dovşan saatı ilə başlayırdı. Sonrakı iki saatda Əjdaha, daha sonra, İlan, At, Keçi, Meymun, Xoruz, İt, Qaban, Sıçovul və Öküz saatları gəlirdi, bu dövrə gecə saat 3-dən 5-ə qədər uzanan Pələng saatı ilə başa çatırdı. Gün və gecənin hər biri altı bərabər hissəyə bölünürdü.

Toranaqa ingilisi dustaqxanadan yanına gətirib, ona suallar verdi. Daymyonu daha çox maraqlandıran onun ölkəsinin qaydaları idi. Bləksorn ona qum üzərində dünyanın xəritəsini cızdı. Şimalda yaşayan xalq olan laplandlılar haqqında onu söyləməyi lazım bildi ki, onlar ovla məşğul olur, bütün işləri isə qadınlar görür. Qadınların bir hissəsinin işi paltar tikməkdən ibarətdir. Bunu etmək üçün onlar xəzi dişləri ilə çeynəyirlər ki, tikmək üçün bir qədər yumşalsın. Laplandlılar kiçik dəyirmi formalı evlərdə yaşayırdı, bu evlər bütünlüklə qardan düzəldilir və bu adamlar ömründə bir dəfə də olsun çimmirlər. İngiltərənin özündə də hamama nadir hallarda rast gəlinir. Çünki adamlar hamamın səhhət üçün təhlükəli olduğuna inanırdı. İndi isə o, özü hamamın sağlamlığa ziyan vurduğuna inanmır. Bləksornun bəxti onda gətirmişdi ki, o, portuqaliyalı tərcüməçinin xidmətindən imtina etdikdə, Toranaqa gənc qadın Mariko-sanı tərcüməçi təyin etmişdi və ingilis sözlərinin artıq səhv çatdırılacağından qorxmurdu. Bu qadın portuqal dilində çox yaxşı danışırdı, latın dilini də bilirdi. Mariko-san ağasına ingilisin həqiqəti dediyinə inandığını bildirib, onun Toranaqa üçün çox faydalı olacağını dedi və bu uzaqgörənliyində o, yanılmamışdı.

Sonra şturman Toranaqaya katolik kilsəsinin dünyanı da Allah səltənəti kimi öz inhisarına almaq planlarından danışdı və bildirdi ki, 1530-cu ildə İspaniya və Portuqaliya kralları təntənəli müqavilə imzalamışdılar. Yeni Dünyanın onların arasında bölüşdürülməsi bu müqaviləyə əsasən aparılmalı idi. Həmin bölgüyə görə Yaponiya Portuqaliyanın payına düşürdü, rəsmi qaydada ona məxsus olurdu. Sizin özünüz, hər bir qəsr və hər şey Portuqaliyaya veriləcəkdir. Buna cavab olaraq yapon knyazı bildirdi ki, o da Çin imperatoru ilə özü arasında göyü bərabər qaydada yarı böləcəkdir. Katoliklərin bölgüsünə görə 1500-cü ildə Braziliya Pedro Kabral tərəfindən kəşf edildiyinə görə Portuqaliya bu ölkənin də sahibi olmuşdu. Roma Papası onlara bu hüququ vermişdi, o, özünü İisus Xristin yer üzərindəki Keşişi hesab edirdi. Papa VI Aleksandr (onun özü və övladları iyrənc zinakarlıqda, qan qarışdırıcı əlaqələrdə ad çıxarmışdılar) ilk demarkasiya xəttini 1493-cü ildə, Xristofor Kolumbun Yeni Dünyanı, öz gümanına görə isə Hindistanı kəşf etdiyindən bir il sonra təsdiq etmişdi. Papa VII Kliment isə 1529-cu il Saraqos müqaviləsinə icazə vermişdi. Bu müqaviləyə görə Yaponiya barədə, həmçinin Çindən tutmuş Afrikaya qədər Portuqaliyaya müstəsna hüquqlar verilirdi. Əvəzində isə bu ölkələrdə katolitsizm yayılmalı idi. Beləliklə, ingilis dənizçi bir protestant kimi katoliklərin iç üzünü açıb göstərdi, onların dünya ağalığına yiyələnmək cəhdlərini ifşa etməkdən də çəkinmədi.

Yaponiyada təkcə samuraylar at oynatmırdılar. Burada gizli onluq təşkilatı olan Amida Tonq fəaliyyət göstərirdi. Bu cəmiyyətdən heç bir kəs diri şəkildə tutula bilməzdi. Onlar ağalarının göstərişi ilə öldürürdülər, bütöv məxfiliyə malik idilər. Muzdlu qatil öz qəsrinə geri dönüb, sonra böyük mərasimin müşayiəti ilə özünə sui-qəsd ritualını icra edirdi.

Romanda verilən ingilis dənizçisinə Toranaqanın tapşırığı ilə tərcüməçilik edən Mariko-san obrazı yapon qadınlarının təbiətini öyrənməyə çox kömək edir. Marikonun atası ağasına xəyanət etdiyinə görə seppuku icra etməklə həyatını başa vurmuşdu. Bu vaxt onun samuray əri öz həyat yoldaşından imtina etməmiş, onu uzun müddətə şimala göndərmişdi. Bu qadın özünü ağası hesab etdiyi əri Buntaronun çalmaq üçün istifadə etdiyi musiqi aləti hesab edirdi. Mariko ingilisə deyirdi ki, yaponlar üçün ölüm və həyat eyni şeylərdir. Bu təbiətin sarsılmaz qanunudur. Buddizm dininə sitayiş edənlər inanırlar ki, biz çox dəfələrlə doğulmaq və yenidən doğulmaq qabiliyyətinə malikik. Bu o vaxta qədər davam edir ki, biz kamilliyə, qüsursuzluğa qovuşuruq və Nirvanaya – göyə çatırıq. Qadınlar barədə isə deyirdi ki, kişilər onlardan üzr istəmirlər. Kişilər nə edirlərsə düzgün hərəkət etmiş olurlar. Ən azı buna biz qadınlar inanırıq. Əri öz arvadını ölüncə döyə bilər. Qadınların yeganə mükafatı göz yaşlarından əmələ gələn çaydır. Qadınların çoxu nifrət etdiyi adamlara ərə gedirdi. İntim yaxınlıq məsələsinə gəldikdə, bu əlaqəni yaponlar azərbaycanlıların əvvəllər çox işlətdikləri ifadə kimi yastığa (birgə) baş qoymaq adlandırırlar, bunu kişi və qadının fiziki birləşməsinin üsulu hesab edirlər. Bu zinakarlıqdan daha nəzakətlidir. Burada haşiyə çıxaraq onu da qeyd etmək lazımdır ki, içdiyimiz çayı bildirən ifadə də, hansı dildən əxz etdiyimizdən asılı olmayaraq yapon dilindəki “ça” sözündən götürülmüşdür, ingilislər isə çayın əsl vətəni olan ölkənin sakinlərinin – çinlilərin dilindən onların “te” sözünü götürərək, onu “tii” kimi tələffüz edilən “tea” ifadəsi kimi işlədirlər.

Mariko ingilisə müraciət edərək deyirdi ki, “Ancin-san” (yapon dilində şturman “ancin” kimi tələffüz edilirdi) əgər bu üç qadından biri ilə, ya hamısı ilə yastığa baş qoymaq sənin üçün xoşdursa, bunu istəsən, onlar heç də bundan inciməyəcəklər. Həmin qadınların heç birinin əri yox idi. Əgər sən onlarla olmağı arzulamasan da heç bir inciklik olmayacaqdır. Axı sən qadınla yastığa baş qoymadan necə sağlam ola bilərsən? “Axı bu kişi üçün çox vacibdir”. Bu rəy Çingiz xanın əbədi həyat, ən azı uzun ömürlülük barədə məsləhət umduğu çinli müdrikin sözləri ilə əkslik təşkil edir. Müdrik qoca Çingiz xana ölməzliyin mümkün olmadığını, uzun ömür üçün isə qadınla intim yaxınlıqdan uzaq olmağın məqsədəuyğun olduğunu demişdi. Bibliyadan sodomlulara məxsus olduğu məlum olan iyrənc əlaqələr yaponlara da məlum idi. Və ingilisə belə intim yaxınlıq imkanı təklif edildikdə o, bunu hiddətlə rədd etdi. Axı, yaxşı bilirdi ki, belə eybəcər pozğunluğa görə Allah iki şəhəri – Sodomla birlikdə Qomorranı bütöv sakinləri ilə birlikdə məhv etmişdi.
Yastığa baş qoymaq Yaponiyada normal hal sayılmırdı. İnsana həzz verən hər hansı bir şey necə günah sayıla bilər? Katolik ruhani xadimlərin tselibatına – nigahsızlığına zidd olaraq bəzi Buddist sektaları hətta intim yaxınlığı bir sitayiş forması kimi təklif edirdi. Allahın bunu lənətləməsini demək ağılsızlıqdır. Mariko bunu şübhəsiz bir həqiqət kimi deyirdi. Yalnız geyşalar istisna təşkil edirdi, onlar heç vaxt yastığa birgə baş qoymağa məcbur edilmirdi. Geyşalar və şagirdlər toxunulmaz hesab olunurdular.

Qadınların sosial həyatda kişilərdən xeyli aşağıda dayanması isə bütün sahələrdə özünü biruzə verirdi. Ərinin sözü qadın üçün qanun idi. Marikonun anası atasının öz saxladığı samuraylara maaş vermək üçün pulu olmadıqda, Kiotoya yollanmış və orada parik düzəldənərə öz saçını satmış və əldə etdiyi pulu gətirib ərinə vermişdi. Qadın üçün borc hissi olduqca vacib idi. Əri və ya xidmət göstərdiyi kişi yatmayana qədər qadın oyaq qalmalı və səhər əri yuxudan oyananda onu qarşılamalı idi. Qadının borcu müstəsna olaraq ərinə xidmət etmək idi. O, daim səbirli olmalı idi. Ərli qadının başqası ilə intim yaxınlığı zinakarlıq hesab olunur və seppuku ilə nəticələnirdi. Ayrı-seçkilik bütün sahələrdə gözə çarpırdı. Fuci-sana, müqəddəs Fuci (və ya Fuciyama) dağına dırmaşmaq, onun kraterli zirvəsinə qalxmaq yaponlar üçün sakral xarakter daşıyır. 1868-ci ilə, Meyci Bərpasına qədər qadınlara hətta bu dağa qalxmağa da icazə verilmirdi. Qadın yalnız oturmuş şəkildə kağız qapını-şocini açıb örtürdü.

Pula münasibətə gəldikdə avropalılardan fərqli olaraq samuraylar üçün pul elə bir əhəmiyyət kəsb etmirdi. Sədaqət yaponların yüksək qiymətləndirdikləri yeganə xüsusiyyət idi, bu onların kultu, buşidosu idi. Onlar özlərini ağalarına xidmətə həsr edirdilər. Pis yaralanmış samurayların hamısı, əgər onlar özlərini öldürməsələr və bunu bacarmasalar, öldürülürdü.

Samuray ləyaqətlə ölürdü. Samuray əsir götürülə və samuray kimi qala bilməzdi. Düşmənə əsir düşmək ən pis şərəfsizlik hesab olunurdu. Adətə görə digər samuray həmişə seppukunun icra edilməsinə köməklik göstərir, dizi üstə çökmüş adamın arxasında laqeyd dayanırdı ki, aqoniya dözülməz şəkil almamış və nəzarətdən çıxdıqdan qabaq onun başını bircə zərbə ilə kəssin.

Axırıncılar baş versəydi bu həyatının ali anında insanı çox biabır etmiş olardı. Sekundantın iştirakı olmadan az sayda adam biabır olmadan ölə bilərdi. Samuray qadınlar seppukunu boğazlarına öz bıçaqlarını soxmaqla icra etdiklərindən, onlara köməkçi lazım olmurdu. Çinlilər isə işgəncə verilməsindən həzz alırdılar.

Buddizm yaponları ətlə qidalanmaqdan çəkindirirdi. Buddanın vətəni olan Hindistanda yaponları “Şərqin şeytanları” adlandırırdılar və öz torpaqlarına silahlı olduqda onların ayaq basmalarına icazə vermirdilər. Yaponlar isə hindliləri “Qaralar” və “İnsan olmayanlar” adlandırırdılar. Koreyalıları isə onlar “Sarımsaq yeyənlər” deyə çağırırdılar və kannibala bənzəyən heyvanlar hesab edirdilər. Onlardan gələn sarımsaq qoxusu hətta onlarla ünsiyyətdə olanın paltarına və saçına hopurdu. Yaponlar güman edirdilər ki, hər iki ölkəni – Koreyanı və Çini işğaldan sonra onlar sivilizasiyalardırmışlar, lakin onu da etiraf edirdilər ki, Çin hələ qədim dövrlərdən sivilizasiyalaşmış bir ölkə idi və yaponlar ondan çox şeyi əxz etmişdilər və özləri də vurğulayırdılar ki, ən yaxşı şeyləri Çindən götürmüşdülər.

İngiltərə kimi Yaponiya da adalar ölkəsi idi, öz dənizlərində ağalıq etməsə kənardan olan düşməndən müdafiəsiz qala bilərdi. Mariko-san ingilisə öz ölkəsinə iki dəfə müdaxilə edildiyini danışdı. Üç yüz ildən çox bundan əvvəl Xubilay xanın monqolları Çini və Koreyanı yenicə işğal etdikdən sonra bizə qarşı hücuma keçdilər. Bu vaxt biz onun hökmranlığına tabe olmağı rədd etmişdik. Bir neçə min adam Kyuşuda sahilə çıxdı, lakin bizim samuraylar onların qarşısını kəsdi və bir müddətdən sonra düşmən geri çəkildi. Bu hadisə 1274-cü ildə olmuşdu. Yeddi il sonra, 1281-ci ildə müdaxilədə demək olar ki, iki yüz min düşmən qoşunları yüklənmiş minə qədər Çin və Koreya gəmiləri iştirak edirdi. Qoşunlar monqollardan, çinlilərdən və koreyalılardan ibarət idi – əksəriyyəti süvari idi. Cənubdan gələn tayfun donanmanı və onun göyərtəsində olan ordunu darmadağın etdi. Sahildə qalanlar tezliklə öldürüldü. Bu kamikadze və ya İlahi Külək idi. Kamikadzeni Allahlar, Allahların bu torpağını xarici işğalçılardan mühafizə etmək üçün göndərmişdi. Monqollar bir daha geri dönmədilər və səksən ilə sonra və ya ona yaxın bir vaxtda onların yaratdıqları Yuan sülaləsi Çindən də kənara atıldı. Ona görə də yaponlar deyirdilər ki, “Onlardan bizi Allahlar qoruyur”. Mariko təkrar etdi ki, Allahlar daim bizi müdaxilələrdən qoruyacaqlar. İspan məğlubedilməz Armadası da belə bir qasırğanın köməyi ilə İngiltərə üçün əhəmiyyətsiz bir şeyə çevrilmişdi. Axırıncı hadisə 1588-ci ildə baş vermişdi. Monqollar yəqin ki, avropalılara da rəhm etməzdi. Xubilay xanın babası Çingiz xanın ordaları demək olar ki, Vyananın qapıları ağzına gəlib çıxmışdı, bu vaxt onların hücumu dayandırıldığından geri dönməyə məcbur oldular. Bu Hannibalın Romanın qapısı ağzında dayanıb, geri dönməsinə bənzəyirdi.

Həmin günlərdə adamlar inanırdılar ki, Çingiz xanın əsgərləri Allah tərəfindən göndərilmişdi ki, dünyanı günahlarına görə cəzalandırsın.

Ümumiyyətlə yaponlar ölümdən qorxmurdular. Bu qorxu torpağında ölüm adamların guşənişinliyə çəkilməsi hesab olunurdu. Ölüm yaponların havasının, dənizinin, torpağının bir hissəsi kimi qəbul edilirdi.

Bləksorn altı ay müddətinə əvvəlki kənddə yapon dilini öyrənməyə göndərildikdə daymyo Yabu kəndlilərə elan etmişdi ki, həmin müddətin sonunda ingilis dilimizdə danışa bilməsə, bütün kənd camaatını qılıncdan keçirəcəkdir. Tərcüməçi Mariko-san bunu dənizçiyə dedikdə, o, hiddətini gizlədə bilmirdi, axı kənd sakinlərinin onun dili öyrənib-öyənməməsi ilə nə əlaqəsi vardır. Axşam o, Yabunun qaldığı evə gəldikdə etirazını bildirib, əmrini ləğv etməyi xahiş etdi. Adətə görə daymyo öz əmrini geri götürə bilməzdi, bu biabırçılıq hesab olunurdu. Bu vaxt kobud kənd valisinin yanında o, belə bir ar gətirən əmrə dözməyəcəyini əsas götürərək seppuku etmək üçün xəncərini çıxarıb qarnına soxmaq istədikdə, vali tullanıb onun əlinin zərbəsini saxladı. Həm daymyo, həm də vaxtilə adamların gözü qarşısında Bləksornu nalayiqcəsinə təhqir edən onun qardaşı oğlu məəttəl qalmışdılar, onlar avropalıdan belə cəsarət və fədakarlıq gözləmirdilər. Daymyo Yabu əlacsız qalıb söz verdi ki, əgər o, ikicə söz də öyrənsə, kənd əhalisini cəzalandırmayacaqdır. İngilisə artıq heç də laqeyd olmayan tərcüməçi qadın da onun belə hərəkətinə təəccübünü gizlətməsə də, portuqal dilində ona dedi ki, siz artıq yenidən doğuldunuz, əvvəlki adam deyilsiniz.

Digər bir hadisə də Bləksornu olduqca məyus etmişdi. Yaponlar şahinlə ovladıqları qırqovulu ikinci dəfə ona göndərəndə, ətinin yumşalmasını əsas götürərək, quşu həyətdə boğazından kəndirlə asdı və tapşırdı ki, özünün icazəsi olmadan heç kəs ona toxunmasın. Sonra qırqovulu ümumiyyətlə yadından çıxardı və qayıdanda ona xidmət etmək tapşırılmış dul gəlin bildirdi ki, o, günahkardır, özünü öldürməyə icazə versin. Nəhayət məlum oldu ki, uzun müddət asılı qalan quş iylənib, üfunət iyinə dözə bilməyən hər bir yapon kimi qadın onu götürüb basdırmaq istəyəndə, bağban özü quşun cəsədini açıb, torpağa basdırmış, sonra isə özünü öldürübmüş. Ağanın sözünü, əmrini heç kəs poza bilməzdi, buna cəsarət etsə, könüllü qaydada həyatdan getməli idi. Bləksorn da adi adam deyildi. Toranaqa onu qulluqçu səviyyəsində hatamoto təyin etmişdi. Ona görə də quşa əl vurmaq özünə ölüm hökmü elan etməyə bərabər idi.

Bləksorn yazıq bağbanın ölümünə çox kədərlənməklə yanaşı bu günahsız qadını da öz qərarından döndərə, sakitləşdirə bildi və özünü məzəmmət etdi ki, xalqın qayadalarına bələd olmadan niyə belə ağılsız qəti göstəriş verirsən.

Mariko-san ingilisə dili öyrətmək üçün yapon dilində feilin ingilis dilində olduğutək şəxsi əvəzliklərə görə dəyişilmədiyini, bəzən hətta gələcək zamanda və mücərrəd formada da eyni qaydada tələffüz edildiyini dedi. Hətta cəm və tək isimləri də eynidir. “Tsuma” ifadəsi həm “arvadı”, həm də “arvadları” bildirir. “Mən gedirəm” ya “onlar getdi” ifadələri yalnız səsin tonunu dəyişməklə bir-birindən fərqlənir. Lakin hər ikisi eyni qaydada səslənir. Yapon dili qeyri-müəyyən dil hesab olunur. Çinlilər çox ağıllı idilər, deyə Mariko-san bildirdi ki, biz min il əvvəl onlardan yazını əxz etmişik. “Donuz” sözü üçün onlar xarakter və ya ifadə seçirlər. “Dam” simvolu “donuz” simvolunun üstünə əlavə edildikdə, bu “ev” mənasını verir. Qədim dövrlərdə çinlilər düşünürdülər ki, “dam altında donuz” evdir. Onlar buddistlər deyildidilər, ət yeyirdilər, ona görə də onlar üçün, kəndlilərdən ötəri donuz var-dövləti təmsil edirdi, deməli yaxşı idi.

İngilis teatrından fərqli olaraq Yaponiyada aktyorlar və aktrisalar maska geyindirdilər, bunu onlar “No” teatrı adlandırırdılar. Onlar musiqi çalır, bəzən rəqs edir, çox hallarda isə tamaşaya qəmgin, faciəvi və tarixi pyeslər qoyurdular. Bəzən komediya da göstərirdilər. Şekspirin pyesləri onlara yad görünə bilərdi. Ona görə də hətta XX əsrin ikinci yarısında yaponlar Şekspirin məşhur “Kral Lir” pyesi əsasında film çəkəndə xalqın mentalitetini nəzərə alaraq kralın həm xəyanətkar qızlarını, həm də sədaqətli qızını onun guya oğlanları ilə əvəz etmişdilər. Ümumiyyətlə, yaponların ifadə tərzlərini, düşüncələrini anlamaq asan məsələ deyildir. Ona görə də yapon qızı ingilisə deyirdi ki, əgər dinclik istəyirsənsə sən hətta boş fincandan da çayı necə içməyi öyrənməlisən. Sən həm də qayaların böyüdüyünü müşahidə etməyi də öyrənməlisən. O, izah edirdi ki, yastığa birgə baş qoymaq da öz qiymətinə malikdir. Həqiqi məhəbbəti biz borc adlandırırdıq, bu könüldən könülə körpüdür və elə bir ifadə tərzinə ehtiyac duymur – bəlkə ölüm hədiyyəsi istisna olmaqla heç bir fiziki ifadəyə də.

Yaponlar uşaqlıqdan öz içərisində itməyə, özünə kənardan nüfuz edilməsinə imkan vermədən böyüməyə öyrədilirlər. Divarların arxasında yaşayırlar. Əgər bunu bacarmasaydılar, hamı çox güman ki, dəli olardı, hətta hər kəsi və özlərini öldürmək istəyərdi.


Yüklə 119,21 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə