Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12998
1   2   3   4   5   6   7   8   9   ...   120

 

Roma  öz  tarixində  müxtəlif  dövlət  qurumlarını  sınaqdan  çıxarmış,  yunan 
filosoflarının  dövlət  haqqındakı  nəzəri  müddəalarını  gerçəkliyə  tətbiq  etmiş, 
çarlıqdan respublikaya, respublikadan isə imperiya siyasi rejiminə keçmişdir. Siyasi, 
ictimai  və  sosial  həyatdakı  dəyişikliklər,  dövlətin  ərazisinin  genişlənməsi,  bir-birini 
əvəz  edən  dövlət  formalarını  meydana  gətirmişdir.  Sınaq  anlarında  bu  dövlət 
görkəmli tarixi şəxsiyyətlərin zəkasına, iradəsinə, cəsarətinə və qeyri-adi istedadına 
arxalanaraq,  bu  çətinlikləri  dəf  edə,  öz  varlığını  isə  hifz  edə  bilmişdi.  Onun  tarix 
qalereyasında  belə  şəxsiyyətlərə  addımbaşı  rast  gəlmək  olur.  Bu  dövlətin  qorunub 
saxlanmasında,  onun  diktatura  caynaqlarına  düşməsinin  qarşısının  alınmasında, 
despotiyanın  xeyli  müddət  üçün  kökündən  çıxarılıb  atılmasında  xüsusi  xidmətləri 
olan  bir  sıra  xilaskar  insanlar  indi  də  müasir  bəşəriyyət  üçün  örnək  rolunu 
oynamaqda  davam  edirlər.  Dövlətin  miladdan  əvvəlki  tarixində,  onlar  məhz  sınaq 
dövrünün  tələbi  ilə  meydana  çıxmış,  öz  nəcib  missiyalarını  yerinə  yetirmişdilər. 
Onların  siyahısına  dövlət  sistemi  kimi  çarlığı  birdəfəlik  məhv  edən  və  respublika 
quruluşunun  təşəkkül  tapmasına  yol  açan  Lutsi  Yuni  Brutu,  əbədi  şəhəri  qalların 
işğalından  xilas  edən  və  buna  görə  də  Romuldan  sonra    onun  "ikinci  dəfə  əsasını 
qoyan"  şərəfini  qazanmış  Mark  Furi  Kamilli,  əxlaqi  saflıq  və  mənəvi  dönməzlik 
rəmzi  olan,  respublika  quruluşunun  əsl  fədaisi  Kiçik  Mark  Portsi  Katonu,  böyük 
natiq və filosof, respublikanın qaragüruhçular tərəfindən məhv edilməsinin qarşısını 
alan  Mark  Tulli  Tsitseronu  və  nəhayət,  respublika  naminə  ehtiram  bəslədiyi  və 
sevdiyi Qay Yuli Sezarın çar olmaq barədəki iddialarının gerçəkləşməsinin qarşısını 
almaq  üçün,  ona  sui-qəsdə  başçılıq  edən  Mark  Yuni  Brutu  daxil  etmək  olar.  Onlar 
müxtəlif  xarakterli  şəxsiyyətlər  olduqları  kimi,  onlara  qarşı  müxtəlif,  bir-birindən 
diametral  qaydada  fərqlənən  münasibətlər  mövcuddur.  Lutsi  Brut  və  Furi  Kamill 
müstəsna olmaqla qalanları ömürlərini faciəli sürətdə başa vurmuşlar. Katon Utikada 
özünü  öldürmüş,  Yuni  Brut  Filippidəki  döyüşdən  sonra  özünü  intihar  etmiş, 
Tsitseron isə qətlə yetirilmişdir. Onların heç birini müqəddəslik haləsi bürüməsə də, 
onlar  öz  həyatları,  mübarizələri  və  ənənələri  ilə  Qədim  Romanın  şərəfinin  və 
şöhrətinin  mübariz  əsgərləri  olmuşlar.  Onlar  döyüş  səhnələrində  elə  də  böyük 
qəhrəmanlıq  göstərməmiş,  ərazilər  zəbt  etməmiş,  şəhərlər  tutmamışlar,  lakin 
diktaturaya qarşı mübarizədə çox az adam onlarla müqayisəyə girə bilər. 
Uzaqdan  əlbəttə  böyüklüyə  daha  yaxşı  qiymət  verilir.  Tarix  məsafəsi  də 
dəyərlər  rəfində  hər  şeyi  daha  düzgün,  öz  yerində  düzməyə  imkan  verir.  Müasir 
dünyada  mənəvi  dəyərlər  devalvasiya  olduqca,  rəzalət  nəcibliyə,  alçaqlıq  əxlaqi 
saflığa  üstün  gəldikcə,  tarixi  timsallarda  həqiqi  dəyərləri  axtarıb  tapmaqla,  biz 
özümüzü  ağılsız  səhvlərdən  hifz  edə  bilirik.  Əlbəttə,  uca  dağ  uzaqdan  da  nəzərləri 
cəlb edir, möhtəşəmliyi barədə təsəvvür yaradır, lakin onun zirvəsindəki təmiz və saf 
havanı  udmaq  üçün  bu  dağa  dırmaşmaq,  başqalarının  köməyi  ilə  də  olsa  onu  fəth 
etmək  lazımdır.  Ona  görə  də  Qədim  Romanı,  onu  metamorfozalarını  duymaq, 
nəhəng  şəxsiyyətləri  ilə  təmasda  olmaq  üçün  onun  tarixini  araşdırmağa  xüsusi 
ehtiyac  hiss  olunur.  Minnətdarlıq  hissi  ilə  qeyd  etmək  lazımdır  ki,  Roma  tarixçiləri 
bu işə həvəs göstərənlərin hamısının ən yaxşı və nəcib bələdçiləridir. Onlar hadisələri 
təkcə  təsvir  etməmişlər,  həm  də  öz  dühaları  hesabına  böyük  ədəbi  abidələr 
yaratmışlar.  Bu  möhtəşəm  binaların  içərisinə  daxil  olduqda  adam  təkcə  onun 


 

gözəlliyinə deyil, həm də memar istedadına heyran olur. Lakin bu abidələri, onların 
təsvir etdiyi tarixi səhnələri dərk etmək isə adamın özündən asılıdır.  
Roma  tarixində  rəvayətlər  də  o  qədər  zərgər  məharəti  və  dəqiqliklə  təsvir 
olunur ki, həqiqi tarixi hadisədən onu ayıra bilmirsən. Tarixi hadisələrin təsvirindəki 
zəngin  çalarlar,  fəlsəfi  izahlar  isə  o  qədər  cazibədardır  ki,  bunların  çoxunu  əfsanə 
kimi qəbul edirsən. Ona görə də gəlin bu bələdçilərin, - qoy dahilər bu anlayışa görə 
yazıların  müəllifindən  incilməsin,  köməyi  ilə  Qədim  Romanı  dolaşaq  və  öyrənmək 
üçün onun çox mürəkkəb və keşməkeşli tarixinə, cazibədar həyatına baş vuraq.  
Tarixi  şəxsiyyətlər  haqqında  da  daha  düzgün  təsəvvürə  malik  olmaq  üçün, 
məhz  onları  yetişdirən  tarixi  şəraiti  araşdırmaq  lazımdır.  Despotiya  daim  kölə 
xarakteri  formalaşdırdığı  kimi,  həqiqi  respublika  daha  çox  azad  fikirli  adamlar 
yetişdirir. Ona görə də ayrı-ayrı şəxsiyyətlər öz dövrləri barədə daha geniş məlumat 
verdiyindən onların təsvirinə də diqqət yetirək.  
 
ROMA ŞƏHƏRİNİN VƏ DÖVLƏTİNİN YARANMASI 
 
Roma böyük və əbədi şəhər, antik dövrdə isə dünyanın paytaxtı olduğuna görə 
onun  yaranması  adi  hal  ola  bilməzdi,  mütləq  əfsanələrlə  zənginləşməli  idi.  Həm  də 
bu  şəhər  öz  banisinin  əcdadı  məsələsinə  də  sadə  bir  iş  kimi  baxa  bilməzdi.  Şəhərin 
əsasını  qoyanın  əcdadı  da  əfsanələrə  layiq  olmalı  və  qədim  tarixə  malik  olan  bir 
dövləti  təmsil  etməli  idi.  Axı  qısa  müddət  ərzində  özünü  dünyaya  tanıdan  şəhər-
dövlət  öz  möhtəşəmliliyinə  layiq,  salınmasını  da  təsvir  edən  sehirli  hadisələrlə, 
əfsanəvi şəxsiyyətlərlə əlaqədar olmalı idi. Romalılar tarixi şöhrətlərini yüksəltməyə 
qadir  olduqları  kimi,  bu  şəhərin  banisini  də  hər  cür  rəvayətlərlə  qeyri-adi  dərəcədə 
böyütməyə nail oldular.  
Romanın yaranması barədə əfsanə iki cür olmaqla, iki hadisə ilə əlamətdardır. 
Bunlardan birincisi, m.ə. XII əsrdə troyalı Eney tərəfindən Romanı əhatə edən ərazi 
olan  Latsiumun  məskunlaşması,  digəri  isə  az  qala  beş  yüz  il  sonra  latinlı  Romul 
tərəfindən  faktiki  olaraq  Roma  şəhərinin  əsasının  qoyulmasıdır.  Eneyin  və 
troyalılardan  ibarət  olan  onun  dəstəsinin  Latin  düzənliyinə  gəlib  çıxmasına  son 
vaxtlaradək  təmiz  əfsanə  kimi  baxılırdı.  Ancaq  aparılan  qazıntılar  təsdiq  etdi  ki, 
İtaliyanın  həmin  uzaq  epoxasında,  sonrakı  Bürünc  dövründə  dənizçilər  bura 
gəlmişdilər.  Onların  ticarət  fəaliyyətinin  şimali  Toskaniyaya  gəlib  çıxması  da 
təsdiqlənir.  M.ə.  VI  əsrdən  etrusklara  Eneyin  şəxsiyyəti  məlum  idi  və  bu  əfsanə 
Etrusk  ağalığı  dövründə  öz  yolunu  Romaya  sala  bilərdi.  Romulun  şəhəri  salmasına 
gəldikdə,  bu  da  arxeoloqlar  tərəfindən  təsdiqlənən  fakta  əsaslanır  ki,  Palatin 
təpəsində, m.ə. VIII əsrdə tikilən komalardan ibarət primitiv bir kənd olmuşdur.  
Əlbəttə,  bu  rəvayətlərdə  bəzən  tarixi  xronologiya  da  çox  geniş  dövrü  əhatə 
etdiyindən,  onun  dəqiqliyinə  şübhə  oyanır.  Miladdan  əvvəl  XIII  əsrdə  baş  verən 
müharibənin  iştirakçısı  xeyli  vaxtdan  sonra  Apennin  yaranmasına  gəlib  çıxır  və  bu 
müharibəni  ilk  dəfə  qələmə  alan  Homerin  yaşadığı  dövrdə,  faciədən  beş  əsr  sonra 
onun şahidinin nəslindən olan Romul bu şəhərin əsasını qoyur.  
On  il  davam  edən  Troya  müharibəsində  yunanlar  troyalılara  qalib  gəldilər. 
Troya  çarı  Priamın  övladları  öldürüldü,  arvadı  Gekuba  əsir  düşdü.  Lakin  çarın 
qohumu  Eney  müharibədə  salamat  qaldı,  çünki  o,  başqa  bir  troyalı,  Antenorla 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə