Tərcüməçi: Tehran Vəliyev this brochure is sponsored by



Yüklə 96,47 Kb.
tarix29.09.2017
ölçüsü96,47 Kb.
#2343

İNSAN HÜQUQLARI VƏ QAÇQINLAR

“İNAM” PLÜRALİZM MƏRKƏZİ

BAKI, AZƏRBAYCAN 1999
Tərcüməçi: Tehran Vəliyev
THIS BROCHURE IS SPONSORED BY
INSTITUTE FOR DEMOCRACY
IN EASTERN EUROPE

GİRİŞ



Qaçqınlar və ya ölkə daxilində başqa yerə köçən şəxslərlə bağlı qlobal problem bu gün dünya ictimaiyyəti önündə duran ən mürəkkəb məsələlərdən biridir. Bu problem Birləşmiş Millətlər Təşkilatının fəal müzakirə mövzusudur. BMT bu gün də əhalinin bu ən zəif quruplarının müdafiəsi və onlara yardım göstərilməsi üçün ən səmərəli vasitələr axtarışını davam etdirir. Bəziləri fövqəladə yardım göstərilməsi ilə məşğul olan təşkilatlar arasında əməkdaşlığı və onların fəaliyyətlərinin əlaqələndirilməsini möhkəmləndirməyə, digərləri isə diqqəti beynəlxalq norma yaradıcılığı sahəsindəki boşluqlara cəlb edərək yeni normaların işlənib hazırlanmasına çağırır. Amma hamı bir şeydə yekdildir ki, bu problem çoxcəhətli və qlobal xarakter daşıyır. Buna görə də bu problemin istənilən yanaşma üsulu ilə təhlili və istənilən şəkildəhəlli hər şeyi əhatə etməli və onun yaşayış yerlərini kütləvi tərketmələrin səbəbindən tutmuş qaçqınlar problemi ilə əlaqədar meydana çıxan ən müxtəlif situasiyalarda zəruri olan təsir göstərmək, tədbirlərinin, fövqəladə yardımdan başlayıb repotriasiyaya (vətən qaytarılmaya) yardım tədbirləri ilə qurtarmaqla işlənib hazırlanmasına qədər bütün aspektlərini nəzərə almalıdır.
Aparılan diskusiyalar çərçivəsində bir sıra faktlar heç bir şübhə doğurmur. Həmin faktlardan biri ondan ibarətdir ki, əhalinin bəzi kütləvi yerdəyişmələrini qabaqcadan önləmək mümkün olsa da, onların heç biri könüllü olmur. Heç kim qaçqın olmaq istəmir və qaçqın olmağa can atmır. Qaçqın olmaq heç də, sadəcə olaraq, yad ölkəyə düşmək demək deyildir. Bu sürgündə yaşamaq və ərzaq, geyim və mənzil kimi əsas zəruri əşyalarla təmin olunmaqda başqalarından asılı vəziyyətdə olmaq deməkdir. Dünyadakı qaçqınların sayı, onların hansı coğrafi ərazilərə paylaşdırıldığı və yaşayış yerlərini tərk etmələrinin səbəbləri barədə geniş informasiya mövcuddur. Son əlli ilin məlumatlarını təhlil edərək belə bir nəticə çıxarmaq olar ki, qaçqınlar problemi bu müddət ərzində əhəmiyyətli dərəcədə keyfiyyət və kəmiyyət dəyişikliklərinə uğramışdır.
Birləşmiş Millətlər Təşkilatı yarandığı andan dünyanın müxtəlif rayonlarında qaçqınların müdafiəsi sahəsində səylər göstərmişdir. 1951-ci ildə, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların işi üzrə Ali Komissarının İdarəsi (QİAKİ) yarandığı vaxt onun mandatı təqribən 1 milyon qaçqını əhatə edirdi. Bu gün onların sayı təqribən 17,5 milyon nəfərədək artmışdır. Birləşmiş Millətlər Təşkilatının Fələstin qaçqınlarına yardım və işlərin təşkili üçün Yaxın Şərq Agentliyinin (YİQYŞA) mandatı da əlavə 2,5 milyon qaçqını əhatə edir; bundan əlavə hesablamalara görə ölkə daxilində yaşayış yerlərini dəyişənlərin (köçkünlərin) sayı 25 milyon nəfərdir.
1951-ci ildə qaçqınların əksəriyyətini avropalılar təşkil edirdi. Bu gün isə Asiya və Afrikadan olan qaçqınlar böyük əksəriyyət təşkil edir. Keçmişdəkindən fərqli olaraq indiki qaçqın axınları tək-tək insanların qaçması şəklində deyil, yaşayış yerlərini getdikcə daha çox kütləvi tərketmə formasını alır.
Hazırdaqaçqınların 80%-ni qadınlar və uşaqlar təşkil edir. Yaşayış yerlərini kütləvi tərk etmələrin səbəbləri də indi çox müxtəlif olmuşdur və hazırda insanların çoxu təbii fəlakətlər, ekoloji qəzalar və ifrat dərəcədə yoxsulluq ucbatından öz yaşayış yerlərini kütləvi tərk etməyə məcbur olmuşlar. Nəticədə bu günkü qaçqınların çoxuna qaçqınların statusu haqqında Konvensiyanın müəyyənləşdirdiyi statusu şamil etmək mümkün deyildir. Həmin Konensiyaya görə qaçqın statusu irqi, dini, vətənaşlıq əlamətlərinə görə, müəyyən bir sosial qrupa mənsubluğu və ya siyasi əqidəsinə görə təqib olunanlara şamil edilir.
Birləşmiş Millətlər Təşkilatı sistemi, həmçinin son illərdə ölkə daxilində kütləvi yerdəyişmə hallarının artmasından olduqca narahatdır. “Ölkə daxilində yaşayış yerlərinin dəyişən şəxslər” öz doğma yurdlarını tərk etməyə məcbur olan, amma öz ölkəsinin ərazisi daxilində qalan şəxslərdir. Bu şəxslər öz ölkələrinin hüdudları daxilində qaldıqları üçün qaçqınların hazırkı müdafiə sistemindən kənarda qalmış olurlar. Ölkə daxilində yerdəyişmələrə məruz qalanların əksəriyyəti inkişaf etməkdə olan ölkələrdə yaşayırlar və onların əsas hissəsini qadınlar və uşaqlar təşkil edir.
Bəzi ölkələrdə köçkünlər (ölkə daxilində yerlərini dəyişməyə məruz qalmış şəxslər) əhalinin 10%-dən çoxunu təşkil edir. Qaçqınların vəziyyəti beynəlxalq birlik daxilində bir-birindən asılılığın klassik nümunəsidir. O, bir ölkənin problemlərinin digər ölkələrə bilavasitə necə təsir edə bildiyini əyani surətdə göstərir. Qaçqınların vəziyyəti, həmçinin müxtəlif məsələlərin bir-birindən asılılığının nümunəsidir.
Qaçqınlar problemi ilə insan hüquqları məsələləri arasında açıq-aşkar qarşılıqlı əlaqə mövcuddur. İnsan hüquqlarının pozulması yaşayış yerlərinin kütləvi tərketmələrin yalnız əsas səbəblərindən biri olmaqla qalmayıb, həm də həmin pozuntulara son qoyulmayanadək insanların öz yurdlarına könüllü qayıtmalarını mümkünsüz edir.
Azlıqların hüquqlarının pozulması və etnik münaqişələr getdikcə daha çox həm yaşayış yerlərini kütləvi tərk etmələrin, həm də ölkə daxilində yerdəyişmələrin səbəbinə çevrilir.
Bu iki məsələ arasındakı qarşılıqlı əlaqələrin başqa bir aspekti qaçqınların və ölkə daxilində köçkünlərin minimal hüquqlarının inkar edilməsidir. Getdikcə daha çox sayda insan sığınacaq axtararkən onun təhlükəsiz ərazilərə yol tapa bilməsini məhdudlaşdıran tədbirlərlə üzləşir. Bəzi hallarda sığınacaq axtaran şəxslər və qaçqınlar tutulub saxlanılır və ya zorla onların həyatı, azadlığı və təhlükəsizliyi təhdid altında olan rayonlara qaytarılırlar. Bəziləri hərbi qruplaşmaların hücumlarına məruz qalır və ya vətəndaş müharibələrində bu və ya digər tərəfin sıralarında döyüşməyə məcbur edilmək üçün orduya çağılırlar. Sığınacaq axtaran şəxslər və qaçqınlar, habelə irqçiliyin ən kobud təzahürlərinin qurbanı olurlar.
Qaçqınlar hüquqlara malikdirlər və bu hüquqlara həm onlar sığınacaq almaq barədə müraciət edənə qədər, həm bu müraciətlərin nəzərdən keçirildiyi müddət ərzində, həm də həmin müraciətlər müsbət həll edildikdən sonra riayət olunmalıdır. İnsan hüquqlarına hörmət edilməsi həm bu günkü qaçqın axınlarının əvvəlcədən qarşısının alınmasının, həm də onlarla bağla problemlərin həll edilməsinin zəruri şərtidir. Birləşmiş Millətlər Təşkilatının Qaçqınların işi üzrə Ali Komissarı Sadako Oqatanın sözlərinə görə, “qaçqınların problemlərinə göstərilən münasibət bütün hökumətlərin və xalqların insan hüquqlarının qorunmasına nə qədər sədaqətli olduqlarını yoxlamaq üçün başlıca meyara çevrilməlidir”.

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATI VƏ


QAÇQINLAR

Nəqliyyat və rabitə sahəsində inqilabi texniki dəyişikliklər iyirminci əsrdə insanların, əmtəələrin və informasiyaların kütləvi surətdə sərhəddən-sərhəddə keçməsinə gətirib çıxarmışdır. Amma, bu əsrdə əhalinin sərhədləri aşıb keçməsi heç də bütün hallarda könüllü olmamışdır. Müasir texnologiya, habelə kütləvi qırğın silahlarının yaradılmasına səbəb olmuşdur. Nəticədə zorakılıq insanların öz vətənlərini məcburən tərk etmələrinin ən güclü amilinə çevrilmişdir. İki dünya müharibəsi və 1945-ci ildən sonra baş verən 130 silahlı münaqişə kütləvi surətdə yaşayış yerlərini dəyişdirilmələrə və tərk etmələrə səbəb olmuşdur.


Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini tərtib edənlər dünya əhalisinin kütləvi zorakılığa və iztirablara düçar olduğu dəhşətli hadisələri xatırlayaraq, onu imzalayan ölkələri “...gələcək nəsilləri müharibə fəlakətlərindən xilas etməyə...” çağırırdılar. Onlar Birləşmiş Millətlər Təşkilatına “iqtisadi, sosial, mədəni və humanitar xarakterli beynəlxalq problemlərin həllində beynəlxalq əməkdaşlığı”, həmçinin “irqindən, cinsindən, dinindən və ya dilindən asılı olmayaraq hər bir insanın hüquqlarına və əsas azadlıqlarına hörmət edilməsi”nin təşviq və inkişaf etdirilməsini təmin etməyi təklif edirdilər. Birləşmiş Millətlər Təşkilatının gündəliyinə daxil edilən ilk məsələlərdən biri müharibə nəticəsinə öz yaşayış yerlərini tərk etməyə məcbur olan və köməyə ehtiyacı duyulan qaçqınların, köçkünlərin, atatridlərin və repatriantların taleyi məsələsi oldu. Bu problem, heç şübhəsiz, beynəlxalq və humanitar xarakter daşıyırdı.

QAÇQINLARIN İŞİ ÜZRƏ


BEYNƏLXALQ TƏŞKİLAT

1946-cı ildə Baş Assambleya özünün ikinci sessiyasının ikinci yarısında Qaçqınların İşi üzrə Beynəlxalq Təşkilatı (QİBT) təsis etdi. Bu təşkilat Birləşmiş Millətlər Təşkilatının Yardım və Bərpa İdarəsinin (BMTYQBİ) funksiyalarını öz üzərinə götürdü. Ona qaçqınların qeydə alınması, müdafiəsi, köçürülməsi və öz vətənlərinə qaytarılması üçün müvəqqəti mandat verildi. Qaçqınlar, demək olar ki, 30 ölkədən, başlıca olaraq Şərqi Avropa ölkələrindən çıxmışdılar. 1947-ci ilin iyulundan 1952-ci ilin yanvarınadək QİBT bir milyondan çox qaçqının üçüncü ölkələrə köçürülməsinə, 73000 nəfərin öz vətəninə qayıtmasma köməklik göstərdi, öz ölkələrində qalan 410000 köçkünün yerləşməsi ilə bağlı tədbirlər gördü.


Müharibədən sonrakı dövrdə beynəlxalq aləmdə yaranan siyasi gərginlik ucbatından QİBT mübahisəli xarakter daşıyırdı və maliyyə vəsaitlərinin çatışmadığı bir şəraitdə fəaliyyət göstərirdi. 54 üzv dövlətdən yalnız 18-i bu təşkilatın büdcəsinə üzvlük haqqı verirdi. Bundan əlavə onun fəaliyyəti üçün lazım olan maliyyə məsrəfləri sürətlə artdı və 1951-ci ilin əvvəlinə 400 milyon ABŞ dollarına çatdı.
Tezliklə aydın oldu ki, qaçqınlara kömək göstərilməsi üçün Birləşmiş Millətlər Təşkilatını öz çərçivəsi daxilində beynəlxalq səylərin fəallaşdırılması tələb olunur. Buna görə də QİBT-in mandatının bitmə müddətindən hələ xeyli əvvəl onun funksiyalarını öz üzərinə götürə biləcək başqa bir təşkilatın yaradılması barədə məsələ müzakirə edilməyə başladı.

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ


QAÇQINLARIN İŞİ ÜZRƏ ALİ KOMİSSARININ İDARƏSİ
(QİAKİ)

Özünün 319A(IV) saylı 3 dekabr 1949-cu il tarixli qətnaməsində Baş Assambleya Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşi üzrə Ali Komissarının İdarəsini təsis etməyi qərara aldı. Bu idarə Baş Assambleyanın yardımçı orqanı kimi 1951 - ci il yanvarın 1 - dən etibarən ilk əvvəl üç il müddətinə yaradılmışdı.


O vaxtdan QİAKİ-nin mandatı hər dəfə sonrakı beş il müddətinə uzadıldı və onun indiki fəaliyyət müddəti 1993-cü il dekabrın 31-də başa çatır. Bu idarə hal-hazırda dünyanın müxtəlif rayonlarında 17 milyondan çox qaçqına yardım göstərir. İdarə İsveçrədə, Cenevrədə yerləşir və onun 100-dən çox ölkədə nümayəndəliyi vardır. 1991-ci ildə onun əməkdaşlarının sayı təqribən 2300 nəfər, ümumi və xüsusi proqramlar üzrə məsrəflərinin ümumi həcmi isə təqribən 862,5 mln. ABŞ dollarına bərabər olmuşdur. İdarənin Nizamnaməsinin 1-ci maddəsinə görə Ali Komissarın başlıca vəzifəsi qaçqınları beynəlxalq müdafiə ilə təmin etməkdən, onların könüllü surətdə vətənlərinə qaytarılmasında və yaxud yeni ölkələrdə assiimilasiyalarını yüngülləşdirməkdə hökumətlərə yardım göstərmək yolu ilə bu problemin qəti şəkildə həll edilməsi yollarını axtarıb tapmaqdan ibarətdir. Ali Komissarın funksiyaları öz xarakterinə görə “tamamilə siyasətdən uzaq”, “humanitar və sosial” funksiyalar kimi müəyyənləşdirilmişdir.
Ali Komissarın Qaçqınların müdafiəsinin təmin olunması ilə bağlı Nizamnamədə ifadə edilən funksiyalarına aşağıdakılar aiddir:
a) Qaçqınların müdafiə olunması haqda beynəlxalq konvensiyaların bağlanmasına və onların təsdiq edilməsinə yardım göstərmək, bu konvensiyaların yerinə yetirilməsini müşahidə etmək və onlara əlavələr təklif etmək;
b) qaçqınların vəziyyətinin yüngülləşdirilməsinə və müdafiəyə ehtiyacı olan qaçqınların sayca azaldılmasına dair tədbirlərin yerinə yetirilməsinə köməklik göstərmək;
c) qaçqınların könüllü surətdə öz vətənlərinə qayıtmalarının və yaxud onların yeni ölkələrdə assimlyasiyasının təşviqinə yönəldilən səylərə yardım etmək;
d) qaçqınların müxtəlif dövlətlərin ərazilərinə buraxılmasını yüngülləşdirmək;
e) qaçqınların əmlakının köçürülməsinə yardım göstərmək, ərazilərində olan qaçqınların sayı və vəziyyəti, həmçinin müvafiq qanun və qərarlar barədə hökumətlərdən informasiya almaq;
f) hökumət və hökumətlərarası təşkilatlarla sıx əlaqə saxlamaq;
g) qaçqınların məsələləri ilə məşğul olan özəl təşkilatlarla əlaqə qurmaq;
i) özəl təşkilatların səylərinin əlaqələndirilməsinə yardım göstərmək.
Nizamnamənin hazırlandığı vaxtan sonra keçən müddət ərzində bu idarənin qaçqınların müdafiə ilə təmin olunmasıyla bağlı funksiyaları daha da çoxşaxəli olmuşdur.
QAÇQINLARA DAİR BEYNƏLXALQ HÜQUQ NORMALARI
Qaçqınlarla rəftarın əsas normaları bir sıra beynəlxalq sənədlərdə göstərilmiş və müəyyənləşdirilmişdir. Onlardan ən mühümləri Birləşmiş Millətlər Təşkilatının 1951-ci il tarixli Qaçqınların statusu haqda Beynəlxalq Konvensiyası və 1967-ci ildə qaçqınların statusuna dair ona əlavə edilən Protokoldur. Qaçqınların statusu haqqında 1951-ci il konvensiyası Birləşmiş Millətlər Təşkilatının yenidən təsis etdiyi İnsan Hüquqları Komissiyasının tövsiyyəsi ilə hazırlanan 1951-ci il Konvensiyası qaçqınlarla rəftar normalarının işlənib hazırlanması işində ən mühüm mərhələ oldu. Konvensiyanın 1-ci maddəsində “qaçqın” terminin ümumi məzmunu müəyyənləşdirilir. Həmin məzmuna görə bu termin “1951-ci il yanvarın 1-dək baş verən hadisələr nəticəsində və irqi, dini, vətəndaşlıq əlamətlərinə, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunmasına tamamilə əsaslandırılmış təhlükə yarandığı üçün vətəndaşı olduğu ölkədən kənara çıxan və bu ölkənin müdafiəsindən istifadə edə bilməyən və ya bu təhlükələr səbəbindən belə müdafiədən istifadə etmək istəməyən; və yaxud müəyyən bir ölkənin vətəndaşlığına malik olmayan və belə hadisələr nəticsində özünün ilkin adi yaşayış yerinin mənsub olduğu ölkədən kənara çıxan, bu cür təhlükələrin qorxusundan ora qayıda bilməyən və ya qayıtmaq istəməyən” hər bir şəxsə şamil edilir. Konvensiyada qaçqınlarla rəftarın minimum zəruri normaları, o cümlədən onların əsas hüquqları müəyyən edilir. Onda, habelə qaçqınların hüquqi statusu müəyyənləşdirilir və onların gəlir gətirən məşğulluq və sosial himayə hüquqları haqqında, şəxsiyyət vəsiqələri və yol sənədləri haqqında, vergilərin tətbiqi və məskunlaşmalarına icazə verilən ölkələrə öz əmlaklarını aparmaq hüququ haqqında qaydalar təsbit edilir.
Konvensiyada qaçqın statusuna malik olan şəxslərin sürgün edilməsi və məcburi surətdə geri qaytarılması qadağan olunur. 33-cü maddədə nəzərdə tutulur ki, “razılığa gələn ölkələr qaçqınları heç bir halda irqi, dini, vətəndaşlıq əlamətlərinə, müəyyən sosial qrupa mənsubluqlarına və siyasi əqidələrinə görə həyatları və azadlıqları üçün təhlükəli olan ölkələrin sərhəddinə sürgün etməyəcək və ya geri qaytarmayacaqlar”. 34-cü maddə qaçqınların başqa bir dövlətin təəbəliyinə keçməsi və assimliyasi ilə bağlıdır. Konvensiyanın digər maddələrində qaçqınları məhkəməyə müraciət, təhsil, sosial təminat, mənzil və hərəkət sərbəstliyi kimi hüquqları nəzərdən keçirilir. Qaçqınların statusuna dair 1967-ci il Protokolu 1951-ci il Konvensiyasının qaydalarından 1951-ci il yanvarın 1-dək baş verən hadisələr nəticəsində qaçqın düşən şəxslər faydalana bilərdilər. Lakin sonradan məlum oldu ki, qaçqın axınları yalnız İkinci Dünya müharibəsinin müvəqqəti nəticəsi deyildir. 50-ci və 60-cı illərin sonlarında, xüsusilə də Afrikada yeni qaçqın qrupları meydana çıxdı. Bu qaçqınların beynəlxalq müdafiəyə ehtiyacı vardı, amma 1951-ci il Konvensiyası konkret zaman çərçivəsində məhdudlaşdığı üçün onları belə bir müdafiə ilə təmin etmək mümkün deyildi. 1967-ci il Protokolu Konvensiyanın müddəalarını “yeni qaçqınlara” da şamil etdi, yəni Konvensiyada müəyyən edilən statusa düşən şəxslər 1951-ci il yanvarın 1-dən sonra baş verən hadisələr nəticəsində də qaçqın elan edildilər. 1992-ci il aprelin 1-dən 111 dövlət ya 1951-ci il Konvensiysının, yada 1967-ci il Protokolunun iştirakçısı idi.
DİGƏR BEYNƏLXALQ VASİTƏLƏR

Qaçqınlarla bağlı müddəalar digər beynəlxalq konvensiyalarda və bəyannamələrdə də mövcuddur. Onlardan bəziləri bunlardır: - Müharibə dövründə mülki əhalinin qorunması haqqında 1949-cu il Dördüncü Cenevrə Konvensiyası; məqsədi mülki əhali arasında təhlükə qurbanlarını qorumaq olan bu Konvensiyanın 44-cü maddəsi qaçqınlara və köçkünlərə aiddir. 1977-ci ilin əlavə Protokolunun 73-cü maddəsində nəzərdə tutulur ki, qaçqınlar və apatridiər Dördüncü Cenevrə Konvensiyasının I və III hissələrinə uyğun olaraq təqdim edilən müdafiədən istifadə edirlər.


- Apatridlərin statusu haqqında 1954-cü il Konvensiyası;
- “apatrid”termini hər hansı bir dövlətin, öz qanunlarına görə, vətəndaşı kim nəzərdən keçirilməyən şəxslər üçün nəzərdə tutulur. Daha sonra bu Konvensiyada apatridlərin statusu ilə bağlı normativ müddəalar şərh edilir.
- Vətəndaşsızlığın azaldılması haqqında 1961-ci il
Konvensiyası: bu konvensiyanın iştirakçısı olan dövlət öz ərazisində doğulan və başqa cür heç bir vətəndaşlığı ola bilməyəcək şəxslərə öz vətəndaşlığını verməyə razı olur. İştirakçı dövlət, həmçinin bəzi şərtlərə riayət olunduğu təqdirdə və vətəndaşlıqdan məhrumluq həmin şəxsin apartridə çevrilməsi ilə nəticələnəcəyi hallarda onu vətəndaşlıqdan məhrum etməməyə razı olur. Konvensiyada nəzərdə tutulur ki, hər hansı bir şəxs və ya şəxslər qrupu irqi, etnik, dini və siyasi əsaslara görə vətəndaşlıqdan məhrum edilməməlidirlər.
- Birləşimş Millətlər Təşkilatının məhəlli sığınacaq haqqında 1967-ci il Bəyannaməsi; Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının bu Bəyannaməsində məhəlli sığınacağın əsasını təşkil edən bir sıra prinsiplər müəyyən edilir. Onda deyilir ki,
məhəlli sığınacaq verilməsi “dinc və humanist bir aktdır, buna görə də heç bir dövlət tərəfindən bədxah hərəkət kimi qiymətləndirilə bilməz”. Bəyannamədə məcburi surətdə geriyə qaytarmaların qadağan edilməsinin əsas humanitar prinsipi təsbit olunur və İnsan Hüquqları Ümumi Bəyannaməsinin, müvafiq olaraq istənilən ölkəni tərk etmək, öz ölkəsinə qayıtmaq hüququnu və sığınacaq axtarmaq və bu sığınacaqdan istifadə etmək hüququnu nəzərdə tutan 13 və 14-cü maddələrinə isnad edilir.
REGİONAL VASİTƏLƏR
AFRİKA

50-ci illərin sonlarından başlayaraq, Afrikada müharibə və daxili münaqişələrdən xilas olmaq istəyən qaçqınların sayca artması qaçqınlara dair, hamının fikrincə, ən əsaslı və vacib müqavilənin bağlanmasına gətirib çıxardı. 1969-cu il sentyabrın 10-da Afrika Birliyi Təşkilatı Afrikadakı qaçqınlar probleminin səciyyəvi aspektlərini nizamlayan ABT-nın Konvensiyasını qəbul etdi. Bu Konvensiyanın başlıca əhəmiyyəti ondan ibarətdir ki, onda “qaçqın” terminini daha geniş məzmunda müəyyənləşdirilir. Afrika dövlətlərinin güman etdikləri kimi “təqib olunmalarına tamamilə əsaslandırılmış təhlükə” Afrikadakı qaçqınların düşdükləri bütün situasiyaları nəzərə almaq üçün kifayət qədər geniş meyar deyildi.


Afrika Konvensiyasının 1-ci maddəsinin ikinci bəndində nəzərdə tutulur ki, “qaçqın” termini, habelə xarici təcavüzlər, işğallar, xarici hökmranlıq ucbatından, mənşəcə və ya vətənaşlığı baxımından mənsub olduğu ölkənin ərazisinin bir hissəsində və ya bütün ərazisində ictimai qayda-qanunun ciddi şəkildə pozulması ucbatından mənşəcə və ya vətəndaşlığı baxımından mənsub olduğu ölkənin hüdudlarından kənarda sığınacaq axtarmaq məqsədilə öz adi yaşayış yerlərini tərk etməyə məcbur olan hər bir şəxsə şamil edilir.
ABT Konvensiyası 1951-ci il Konvensiyasını əslində təkrar etmir, onun tamamlayır. “Qaçqın” terminini daha geniş məzmunda müəyyənləşdirməkdən başqa, ABT Konvensiyası sığınacaq məsələsini də nizama salır (II maddə). Onda, həmçinin könüllü repatriasiya - vətənə qaytarılma (V maddə) və qaçqınların təxribatçılıqla məşğul olmalarının qadağan edilməsi (ilk maddə) haqda mühüm müddəalar öz əksini tapmışdır. 1992-ci ilin fevralındakı məlumatlara görə ABT Konvensiyası 42 dövlət tərəfindən təsdiq edilmişdir.
AVROPA
Avropa Şurası qaçqınlarla bağlı məsələlərə dair bir neçə sənəd qəbul etmişdir. Onlardan ən vacibləri bunlardır:
a) Qaçqınlar üçün vizaların ləğvi haqqında Avropa sazişi (1959-cu il);
b) təqib təhiükəsi altında olan şəxslərə sığınacaq verilməsi haqqında 14-cü qətnamə (1967-ci il);
c) qaçqınlarla bağlı məsuliyyətlərin təhvil verilməsi haqqında Avropa sazişi (1980-cı il);
d) sığınacaq verilməsi ilə bağlı milli prosedurların ra- zılaşdırılması haqqında tövsiyyələr (1981-ci il);
e) Cenevrə Konvensiyasının meyarlarına cavab verən və rəsmən qaçqın hesab olunmayan şəxslərin müdafiəsi haqqında tövsiyyələr (1984-cü il);
f) şəxsin ona sığınacaq verilməsi barədə Avropa Birliyinin üzvü olan bir və ya bir neçə dövlətə ərizə verdiyi təqdirdə sığınacaq verilməsi haqda xahiş üçün hansı üzv dövlətin məsuliyyət daşıdığını müəyyən edən meyarları təsbit edən Dublin Konvensiyası (1990-cı il).
Şəxslərin təhvil verilməsi və onların sosial-təminatı barədəki Avropa konvensiyalarında da qaçqınlara dair müddəalar mövcuddur.

LATIN AMERİKASI


Latın Amerikası ölkələri sığınacaq verilməsi sahəsində köhnə ənənələrə malikdir. 1889-cu ildə Montevideoda imzalanan Beynəlxalq cinayət hüququ haqqında Müqavilə sığınacaq verilməsi məsələlərinin nəzərdən keçirildiyi ilk regional müqavilədir. Sonralar məhəlli sığınacaq haqqında Karakas Konvensiyası və sığınacaq verilməsi barədə digər sazişlər imzalanmışdır. 1980-cı illərdə Mərkəzi Amerikada baş verən vətəndaş müharibələri qığılcımları təqribən 1 milyon insanın kütləvi surətdə öz yaşayış yerlərini tərk etməsinə səbəb oldu və bu, insan axınlarının yönəldiyi ölkələrdə ciddi iqtisadi və sosial problemlər yaratdı.
1984-cü ildə bu qaçqınları “qəbul edən” ölkələr Qaçqınlar haqqında Kartahen Bəyannaməsini qəbul etdilər, Həmin bəyannamədə məcburi geri qaytarmaların qadağan edilməsi prinsipi, qaçqınların inteqrasiyasının vacibliyi və qaçqınlar problemini doğuran səbəblərin kökündən ləğv edilməsinə yönəldilən səylər də daxil olmaqla Mərkəzi Amerika qaçqınları ilə rəftarın hüquqi əsasları müəyyənləşdirildi.
Bəyannamədə “qaçqın” termini üçün müəyyənləşdirilən məzmun ABT Konvensiyasındakı ilə eynidir; bu ad altında, həmçinin “həyatları, təhlükəsizlikləri və azadlıqları ümum zorakılıq, xarici təcavüz, daxili münaqişələr, insan hüquqlarının kütləi şəkildə pozulması və ya ictimai qayda-qanunun ciddi şəkildə pozulmasına gətirib çıxaran digər səbəblər ucbatından təhdid olunduğu üçün öz ölkələrini tərk edən şəxslər” nəzərdə tutulur (III hissəsinin 3-cü bəndi). Kartahen Bəyannaməsi dövlətlər üçün məcburi xarakter daşımır. Lakin, o, Latın Amerikasının bir sıra ölkələrinin praktikasında tətbiq edilir və bəzi hallarda onun müddəaları daxili qanunvericiliklərə daxil edilmişdir.
İNSAN HÜQUQLARI VƏ QAÇQINLAR
Sığınacaq axtaran şəxslər və qaçqınlar insan hüquqlarına dair beynəlxalq müqavilələrdə elan edilən bütün hüquqlara və azadlıqlara malikdirlər. Buna görə də qaçqınların müdafiə olunması məsələsini insan hüquqlarının qorunmasının daha geniş kontekstində nəzərdə keçirmək lazımdır. İkinci dünya müharibəsindən sonra dövlətlər tərəfindən müvafiq olaraq insan hüquqları məsələləri və qaçqınların məsələləri ilə məşğul olan iki ayrıca təşkilatın yaradılması heç də bu məsələlərin bir-iri ilə bağlı olmaması demək deyildir. Birləşmiş Millətlər Təşkilatının insan hüquqları sahəsindəki fəaliyyəti və Qaçqınları İşi üzrə Ali Komissarın İdarəsinin fəaliyyəti o mənada bir-biri ilə sıx əlaqədədir ki, hər iki təşkilatın qarşısında insan ləyaqətlərini qorumaq kimi ümumi məqsəd durur. Birləşmiş Millətlər
Təşkilatının insan hüquqları sahəsindəki proqramları dövlətin ərazisi daxilində ayrı-ayrı şəxslərin hüquqlarının qorunmasına yönəldilmişdir. Qaçqınların məsələləri ilə məşğul olan təşkilat isə mənsub olduqları ölkəni tərk edən şəxslərin öz ölkələrini tərk etdikdən dərhal sonra minimum hüquqlarının bərpa edilməsi üçün yaradılmışdır. İnsan hüquqları problemi ilə qaçqınlar problemi arasındakı prinsipial əlaqə bir neçə məsələ doğurur:
Hər şeydən əvvəl qaçqın kimlərə deyilir və beynəlxalq hüquqa uyğun olaraq onun hüquqları hansılardır? 1951-ci II Konvensiyasına və 1967-ci il Protokoluna uyğun olaraq qaçqın kateqoriyasına aid edilməyən və sığınacaq axtaran şəxslərin hüquqları nələrdən ibarətdir? Qaçqınları iqtisadi miqrantlardan necə fərqləndirmək olar? Beynəlxalq birlik, özlərinin təsdiq etdiklərinə görə mənşəcə mənsub olduqları ölkələrdə müdafiə olunmayan şəxsləri müdafiə hüququndan məhrum edə bilərmi? Bundan əlavə, insan hüquqlarının pozulması ilə qaçqın axınları arasında məhz hansı əlaqə mövcuddur? İnsan hüquqlarının pozulması halları yaşayaş yerlərini kütləvi surətdə tərk etmələrə nə dərəcədə səbəb olmuşdur? Qəbul edildikləri ölkələrdə sığınacaq aldıqları dövrdə qaçqınların hüquqları necə pozula bilər?
Nəhayət, vətənə geriyə qaytarılma-repatriasiya ilə insan hüquqları arasında hası qarşılıqlı əlaqə mövcuddur. Qaçqınların mənsub olduqları ölkələr öz vətəndaşlarının mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlarına riayət olunmasını təmin edə bilmədiyi və təmin etmək istəmədiyi halda repatriasiya həqiqətən necə könüllü ola bilər?

QAÇQINLARIN HÜQUQLARI

Müasir beynəlxalq müdafiə konsepsiyası tədricən təkamül prosesindən keçmişdir və hal-hazırda bir sıra təsisati və hüquqi mexanizmləri nəzərdə tutur. Qaçqınların müdafiə olunması və onların problemlərinin həlli üçün uzunmüddətli variantların axtarılması - Qaçqınların İşi üzrə Ali Komissarın İdarəsinin iki əsas funksiyası bunlardan ibarətdir. Beynəlxalq müdafiənin təmin edilməsi funksiyasına praktik planda məcburi geri qaytarmalara yoi verilməməsi, sığınacaq axtaran şəxslərin sorğularının nəzərdən keçirilməsinə köməklik göstərilməsi, hüquqi məsləhətlər verilməsi və hüquqi köməklik göstərilməsi, qaçqınların fiziki təhlükəsizliklərinin təmin edilməsinə dair tədbirlər görülməsinə yardım göstərilməsi, könüllü repatriasiya yardım və buna müvafiq köməklik göstərilməsi, habelə qaçqınların köçürülməsinə yardım göstərilməsi daxildir (QİAKİ Nizamnaməsinin 8-ci maddəsi). Beləliklə, beynəlxalq müdafiə funksiyaları hüquqi əsasa malikdir və Ali Komissar onu təmin etməyə borcludur. Müdafiədən istifadə hüququ ayrıca hüquq kimi xüsusi qeyd edilməsə də, 1951-ci il Konvensiyasında onun əsasını təşkil edən müddəalarda, xüsusilə də məcburi geri qaytarmaların qadağan edilməsi prinsipində nəzərdə tutulur. Bundan əlavə, hamılıqla qəbul olunmuş insan hüquqlarının bir çoxu birbaşa qaçqınlara da aiddir. Bunlara yaşamaq hüququ, işgəncələrdən və pis rəftardan qorunma hüququ, vətəndaşlıq hüququ, sərbəst hərəkət hüququ, öz ölkəsi də daxil olmaqla istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququ və məcburən geri qaytarılma- ğa məruz qalmamaq hüququ daxildir.
Bu hüquqlar həm vətəndaşlığı olan, həm də vətəndaşlığı olmayan bütün insanlara şamil edilən digər mülki, siyasi, sosial və mədəni hüquqlarla yanaşı İnsan Hüquqları Ümumi Bəyannaməsində, Mülki və siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktda və İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktda təsbit edilmişdir. Bu sənədlərin hamısı bir yerdə İnsan Hüquqları haqqında Beynəlxalq Billi təşkil edir.
a) “Heç kim əsassız həbs edilməyə, tutulub saxlanılmaya və sürgün edilməyə məruz qalmamalıdır” (İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə, 9-cu maddə).
b) “Hər bir insan təqiblərdən qurtulmaq üçün başqa ölkələrdə sığınacaq axtarmaq və bu sığınacaqdan istifadə etmək hüququna malikdir” (İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə, 14-cü maddə).
c) “Hər bir insan vətəndaşlıq hüququna malikdir” (İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə, 15-ci mad-də).
d) “Hər bir insan sərbəst hərəkət etmək və hər bir ölkə daxilində özünə yaşayış yeri seçmək hüququna malikdir. Hər bir insan öz ölkəsi də daxil olmaqla istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna malikdir” (İnsan Hüquqları haqqında Ümumi Bəyannamə, 13-cü maddə; Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, 12-ci maddə).
MƏCBURƏN GERİ QAYTARMALARIN
QADAĞAN OLUNMASI

Qaçqınların heç də bütün mühüm hüquqları İnsan Hüquqları haqqında Beynəlxalq Billdə konkret şəkildə xatırlanmır. Beynəlxalq müdafiənin mərkəzi elementi istənilən adamın həyatı və ya azadlığını təhlükə altında qoya biləcək situasiyalarda onun məcburi geri qaytarılmaya və sürgün edilməyə məruz qalmamaq hüququdur. Bu, məcburi geri qaytarılmanın qadağan olunması prinsipi 1951-ci Konvensiyanın 33-cü maddəsində təsbit edilmişdir. Həmin prinsip Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə və digər ağır, qeyri-insani və ya insan ləyaqətini alçaldan davranışlara və cəzalara qarşı Konvensiyasının 3-cü maddəsində daha da inkişaf etdirilmişdir. Həmin maddədə nəzərdə tutulur ki, “heç bir iştirakçı dövlət hər hansı bir şəxsə qarşı orada işgəncə tətbiq ediləcəyinə ciddi və əsaslı ehtimalların mövcud olduğu təqdirdə onu digər bir dövlətə sürgün etməməli, qaytarmamalı (refouler) və yaxud təhvil verməməlidir”. (1-ci bənd). Bundan əlavə, “belə əsaslı ehtimalların mövcudluğunu müəyyənləşdirmək üçün səlahiyyətli hakimiyyət orqanları bu işə aid olan bütün vəziyyətləri, o cümlədən müvafiq hallarda həmin dövlətdə insan hüquqlarının müntəzəm olaraq kobud, yolverilməz və kütləvi şəkildə pozulmasını mövcudluğu ilə bağlı vəziyyətləri diqqətə alırlar” (2-ci bənd).


QAÇQINMI, YOXSA İQTİSADİ MİQRANTMI?
Bəzi ölkələr iddia edirlər ki, sığınacaq axtaran şəxslərin əksəriyyəti faktiki olaraq qaçqın deyil, iqtisadi miqrantdırlar. Hal-hazırda sığınacaq axtaranların yalnız təqribən 15-20%-i bu ölkələrdə qaçqın statusu ala bilmişlər. İndiki qaçqın axınları İkinci dünya müharibəsindən sonrakı dövrdə olan qaçqın axınlarından fərqlidir. Ölkədən çıxma hallarının səbəbləri indi çox mürəkkəbdir və yalnız bilavasitə təqiblər ucbatından baş vermir. İnsanlar indi öz ölkələrini vətəndaş müharibələri, insan hüquqlarının kütləvi surətdə pozulması halları, xarici təcavüz və ya işğal, yoxsulluq, aclıq, xəstəlik və ekoloji qəzalar ucbatından tərk edirlər. Əgər BMT-nin müəyyən etdiyi qaçqın məfhumundan çıxış etsək, onların çoxu qaçqın kateqoriyasına düşmürlər. Bu kateqoriyaya düşmək üçün şəxs “siyasi” qaçqın olmalıdır. Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasında “təqiblərin qurbanı olmaq təhlükəsi”ndən danışılır, amma onda bu termin dəqiq müəyyənləşdirilmir. Konvensiyanın 33-cü madəsində “dini, irqi, vətəndaşlıq əlamətləri, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsi ucbatından” həyatları və azadlıqları təhdid edilən şəxslərdən danışılır. Bu məzmun müharibədən sonrakı illərdə beynəlxalq aləmdə yaranmış şərait kontekstində tərtib edilmişdir və o, bu gün qaçqınların düşdükləribir çox situasiyaları nəzərə almır. Nəticədə bəzi ölkələr, xüsusilə də Afrika və Latın Amerikası ölkələri “qaçqın” terminini məzmunca genişləndirdilər. Lakin digər ölkələrin bir çoxunda sığınacaq verilməsi barədə ərizələrin əksəriyyətinə həmin terminin 1951-ci ildəki məzmununun ciddi izahı əsasında rədd cavabı verilir. İnsan hüquqları baxımından belə bir situasiya böyük narahatçılıq doğurur. Qaçqınlarla iqtisadi miqrantlar arasında heç də həmişə kifayət qədər dəqiq fərq qoymaq mümkünolmur. Belə iddia etmək olar ki, əgər insan həyatı və azadlığı üçün təhlükədən söhbət gedirsə, onda aclıqdan ölmək təhlükəsi qarşısında qalan insanın vəziyyəti, siyasi əqidəsinə görə əsassız edam olunmaq təhlükəsi qarşısında qalan digər insanın vəziyyətindən o qədər də fərqlənmir.
Hətta bu mülahizələri nəzərə almasaq belə fakt faktlığında qalır: hər hansı bir şəxs qaçqın və ya iqtisadi miqrant olmasından, vətəndaşlığa malik olub-olmamasından asılı olmayaraq öz ölkəsini təqiblər, silahlı münaqişələr, həyatının təhlükə altında olması və ya son dərəcə yoxsulluq ucbatından tərk edirsə o, minimum zəruri insan hüquqlarına malikdir və onunla rəftarda minimum zəruri normalara riayət olunmasına hüququ vardır.
İNSAN HÜQUQLARININ POZULMASI VƏ
QAÇQINLAR
İNSAN HÜQUQLARININ POZULMASI YAŞAYIŞ
YERLƏRİNİ KÜTLƏVİ TƏRK ETMƏLƏRİN SƏBƏBİ KİMİ
1980-cı ildən başlayaraq Birləşmiş MiIlətlərTəşkilatının Baş Assambleyası və İnsan Hüquqları Komissiyası öz diqqətlərini yaşayış yerlərini kütləvi tərk etmələrin qabaqcadan önlənməsi yollarına yönəltmişlər. Komissiya insan hüquqları və kütləvi tərk etmələr barədə məsələləri hər il öz gündəliyinə daxil edir. O, çıxardığı bir sıra qətnamələrdə insan hüquqlarının pozulması ilə qaçqın axınları arasında əlaqə olduğunu qeyd etmişdir. Son illər Komissiya, həmçinin ölkə daxilində köçkünlərin ağır vəziyyətlərini müzakirə etmişdir. Bu iki orqan müxtəlif qətnamələrində Baş Katibə “yeni qaçqın axınlarının qarşısını almaq məqsədilə beynəlxalq əməkdaşlıq haqqında məruzə hazırlamağı xahiş etmiş, insan hüquqları və kütləvi tərketmələrlə bağlı məsələlərin öyrənilməsi üzrə xüsusi məruzəçi təyin etmiş və yeni qaçqın axınlarının qabaqcadan önləmək məqsədilə beynəlxalq əməkdaşlıq üzrə 17 hökumət ekspertindən ibarət qrup yaratmışdır.
Xüsusi məruzəçi öz təhqiqatını İnsan Hüquqları Komissiyasına 1982-ci ildə onun otuz səkkizinci sessiyasında təqdim etmişdir. Həmin məruzəyə əsasən yaşayış yerlərini kütləvi tərketmələr təkcə insanı məhdudiyyətlərə və yoxsulluğa gətirib çıxarmır, həmçinin getdikcə daha çox ağırlaşan bir yük kimi beynəlxalq birliyin üzərinə düşür. Qaçqınlar probleminin dəyişməkdə olan xarakterinə baxmayaraq, onun könüllü rapatriasiya, üçüncü ölkələrə köçürülmə və yerləşdirilmədən ibarət olan ənənəvi üç həlli variantı öz əhəmiyyətini saxlamaqdadır, lakin onlara digər yanaşma üsulları da əlavə edilməlidir. Xüsusi məruzəçi yaşayış yerlərini kütləvi tərk etmələrə səbəb olan amillərin çoxcəhətli və kompleks xarakter daşıdığını vurğulamışdır. O, insan hüquqlarının pozulmasını kütləvi tərk etmələrin ən başlıca səbəblərindən biri adlandırmışdır: “Tamamilə aydındır ki, əgər insan hüquqlarından imtinaya və ya bu hüquqların pozulmasına qarşı təsirli əks tədbirlər tapılmazsa, əgər dünya ehtiyatlarının daha ədalətli bölüşdürülməsinə, daha böyük təmkinə və təhəmmülə nail olunmazsa, irqindən, dinindən, hər hansı sosial qrupa və ya siyasi partiyaya mənsubluğundan asılı olmayaraq hər kəsə cəmiyyətin bir hissəsi olmaq və ya iş, öz dolanışığını təmin etmək üçün şərait axtarmaq və düşmənçilikdən azad olmaqla mütəşəkkil qaydada cəmiyyətə daxil olmaq hüquq verilməzsə, dünya kütləvi tərk etmələr problemi üz-üzə qalmaqda davam edəcəkdir. Əgər bu problemə diqqət yetirilməzsə, o, getdikcə dünyada sülhü və sabitliyi daha güclü şəkildə təhdid edəcəkdir”. Hökumət ekspertləri Qrupunun son məruzəsində, həmçinin kütləvi tərk etmələrin siyasi, iqtisadi, sosial və təbii səbəblərinin xarakterinin mürəkkəb və çox vaxt qarşılıqlı əlaqəli olduğu qeyd edilir. Qrup öz tövsiyyələrində Baş Assambleyaya iştirakçı dövlətləri Nizamnamədə qeyd edilən prinsiplərə riayət olunmasını təmin etməklə, xüsusilə də, güc işlətmək təhdidindən və ya onun tətbiqindən qaçınmaqla, mübahisələrin dinc yolla nizamlanması vasitələrindən istifadə etməklə, insan hüquqlarına riayət olunmasına kömək etməklə və kütləvi qaçqın axınlarının meydana gəlməsinə səbəb ola bilən şəraitlərlə yol verməməklə gələcək qaçqın axınlarının qarşısını almaq və qaçqınlarla rəftarı nizamlayan beynəlxalq hüquq normalarına riayət etmək məqsədilə bir-biri ilə əməkdaşlıq etməklə yeni qaçqın axınlarını qabaqcadan önləməyə çağırsın.
Xüsusi məruzəçinin tövsiyyələrinə uyğun olaraq, Baş Katib Təhqiqatlar və İnformasiya Yığımı İdarəsini (TİYİ) təsis etdi və həmin idarə 1987-ci ildən 1991-ci ilədək fəaliyyət göstərdi. İdarə yeni və kütləvi qaçqın axınlarının vaxtında qarşısını almaq məqsədilə ilkin xəbərdarlığın təmin edilməsi, mümkün qaçqın və köçkün axınlarının, habelə bunlara bənzər digər fövqəladə situasiyaların meydana gəlməsinə aidiyyatı olan amillərin müşahidə edilməsi, həmçinin onlara müvaviq reaksiya göstərilməsi üçün mümkün tədbirlər planının hazırlanması sahəsində fəaliyyətləri əlaqələndirirdi. Hazırda həmin funksiyalar Birləşmiş Millətlər Təşkilatının siyasi məsələlər üzrə Departamenti tərəfindən həyata keçirilir. Belə fəaliyyət kütləvi qaçqın axınlarının önlənməsi ilə bağlı beynəlxalq birlik tərəfindən nəzərdən keçirilən yeni və hər şeyi əhatə edən yanaşma üsularının mühüm tərkib hissəsidir. Meydana çıxan problemlərin əsasında duran amillərə bu yanaşmalar çərçivəsində təsir göstərmək lazımdır. Hal-hazırda qaçqınların mənsub olduqları ölkələrdəki siyasi və iqtisadi vəziyyətlərə, o cümlədən xarici və daxili münaqişələrə, insan hüquqlarının pozulması hallarına, iqtisadiyyatın inkişaf səviyyəsinə və onun durumuna daha çox diqqət yetirilir. Bütün bu məsələlər bir-biri ilə qarşılıqlı əlaqədədir. Dövlətlər dəfələrlə qeyd ediblər ki, insan hüquqları bir-birindən asılıdır və təkcə mülki və siyasi hüquqları deyil, həmçinin iqtisadi, sosial və mədəni hüquqları da əhatə edir. Bütün bu hüquqlara riayət olunması insanın inkişafının təmin edilməsi və insan ləyaqətlərinin qorunub saxlanmasının zəruri şərtidir. İnsan Hüquqları Komissiyası kütləvi tərketmələrin vaxtında qarşısını almaq sahəsində fəaliyyət göstərməklə yanaşı son illər ölkə daxilindəki köçkün şəxslərin ağır vəziyyətini də nəzərdən keçirmişdir. 1992-ci ildə, xüsusilə də ölkə daxilində köçkün olan şəxslərlə bağlı insan hüquqlarına dair məlumatların toplanılmasına və insan hüquqlarına, humanitar məsələlərə, qaçqınlara dair mövcud beynəlxalq hüquq və normaları, həmçinin onların ölkə daxilində köçkün olan şəxslərə tətbiqinin mümkünlüyünün öyrənilməsi üçün Baş Katibin nümayəndəsi təyin edilmişdir. Həmin nümayəndənin məruzəsi Komissiyaya növbəti il, onun qırx doqquzuncu sessiyasında təqdim edildi. Həmin məruzədə beynəlxalq sistem çərçivəsində köçkün şəxslər probleminin insan hüquqları ilə bağlı aspektlərinin onun humanitar, siyasi və iqtisadi aspektləri ilə sıx şəkildə əlaqəli oldğunu nəzərə almaqla, bu problemlə məşğul ola biləcək hər şeyi əhatə edən mexinizm yaradılması tövsiyyə olunurdu. Bu mexanizmin ən mühüm funksiyalarından biri əhalinin köçkünlüyə məruz qalmasının əlamətlərini ilkin mərhələdə aşkara çıxarmaq məqsədilə situasiyaları müşahidə etmək ola bilərdi. Bu cür ilkin xəbərdarlıq sisteminin yaradılması köçkün əhalinin iztirablarının yüngülləşdirilməsində və gələcək köçmələrin önlənməsinə yönəldilən yekdil fəaliyyət çərçivəsində ilk addım olardı.
QAÇQINLARIN HÜQUQLARININ POZULMASI
Hazırda beynəlxalq birlik etiraf etmişdir ki, insan hüquqlarının pozulması kütləvi tərketmələrin ən əsas səbəblərindən biridir. Bu problemi törədən hadisələrin önlənilməsi sahəsində səy göstərilməsinə davam edilir, amma, sığınacaq axtaran şəxslərin mənsub olduqları ölkələri tərk etdikdən sonra üzləşdikləri çətinliklərə getdikcə daha çox diqqət yetirilir. Üç məsələ narahatçılıq doğurur. Birincisi, sığınacaq axtaranları öz ərazisinə buraxmamaq meylidir və bu, daha çox əndişə doğurur. İkincisi, sığınacaq axtaranların onlara sığınacaq verilməsi barədə xahişlərinin nəzərdən keçirildiyi dövrdə, habelə qaçqın statusu aldıqdan sonra onların minimum hüquqlarının pozulmasıdır. Başqalarına qarşı dözülməzlik, irqçilik, ksenofobiya, təcavüzkarlıq, milli və etnik zəmində ziddiyyətlər və münaqişələr dünyanın bir çox rayonlarında güclənməkdədir və bütün bunlar əhalinin daha çox qruplarının, xüsusilə də sığınacaq axtaran şəxslərin və qaçqınların mənafeyinə toxunur. Üçüncüsü, qaçqınların mənsub olduqları ölkələrdə hüquqlarının pozulmasının davam etməsi və bu pozuntuların qaçqınların könüllü surətdə geri qayıda bilmələrindən əvvəl aradan qaldırılmasının zəruriliyidir.
MƏHDUDLAŞDIRICI TƏDBİRLƏR

Sığınacaq axtaran şəxsləri öz ərazisinə buraxmamaq meyli getdikcə güclənir. Bəzi hökumətlər sığınacaq axtaran şəxslərin, iqtisadi miqrantların və qeyri-leqal xaricilərin axını şəraitində onların ərazisinə girişə mane olan məhdudlaşdırıcı tədbirlər həyata keçirmişlər. Bu tədbirlərə bəzi ölkələrin vətəndaşlarının viza ala bilməsi üçün mürəkkəb və ağır şərtlərin müəyyənləşdirilməsi və rəsmi sənədləri olmayan xarici sərnişinləri daşıyan aviaşirkətlərə qarşı cərimələr qoyulması daxildir.


SIĞINACAQ AXTARAN ŞƏXSLƏRLƏ
PİS RƏFTAR
Bəzi hallarda sığınacaq axtaran şəxslərlə rəftar zamanı minimum zəruri normalara riayət edilmir. Kimin qaçqın olmasının müəyyən edilməsindəki qeyri-adekvat prosedurlar və təyyarə limanlarında və sərhədlərdə ölkəyə girişdən imtina sığınacaq axtaran bəzi şəxslər üçün böyük çətinliklər törədir. Bu təcrübə bəzən sığınacaq axtaran şəxslərin zorla onların həyatı, azadlığı və təhlükəsizliyi üçün qorxulu olan yerə - öz ölkələrinə qaytarılması kimi qeyri-insani formalar alır. Bəzən o həddə çatır ki, sığınacaq axtaran şəxslərlə dolu gəmilər müəyyən rayonlarda sahilə yan almağa cəhd göstərərkən, onları yenidən geri, dənizə qayıtmağa məcbur edirlər. Nəticədə bu şəxslər aclıqdan ölür və ya dəniz quldurlarının və köpək balıqlarının asan ovuna çevrilirlər. Pis rəftarın digər nümunələri fiziki zorakılıq, sığınacaq axtaran şəxslərin uzun müddət ərzində və heç bir qanuni əsas olmadan dustaqda saxlanılması, həmçinin kobud istintaq prosedurlarıdır. Həmçinin hökumət də qaçqınların və sığınacaq axtaran şəxslərin müdafiəsini lazımi qaydada təmin etməyə bilər və nəticədə onlar irqçilik və ksenofobiyanın törətdiyi fiziki zorakılığın qurbanı olmaq təhlükəsi altına qalırlar.
SIĞINACAQ AXTARAN ŞƏXSLƏRİN ÖZ
HÜQUQLARINDAN MƏHRUM EDİLMƏSİ
Sığınacaq axtaran şəxslərin problemləri nəhayət onlar sərhədi keçdikdən və sığınacaq istəmələri barədə xahişlərini nəzərdən keçirilməsinin birinci mərhələsindən, - yuxarıda da qeyd edildiyi kimi çox vaxt bu yol onların tutulub saxlanılması, ya da istintaqla nəticələnir, - keçdikdən sonra bitmir. Sığınacaq verilməsi haqqındakı ərizələri müzakirə olunan müddətdə və hətta qaçqın statusu aldıqdan sonra belə onlar bir xeyli məhdudlyyətlər və maneələrlə üzləşə bilərlər. Bəzi hallarda qaçqınlar düşərgələrdə yaşamağa məcburdular və buna görə də məhkəmələrə və hüquqi yardıma yol tapmaq imkanından məhrumdurlar. Bundan əlavə, qaçqınlar işə girmək öz işini qurmaq və ya torpaq almaq iqtidarında olmaya bilərlər. Faktiki olaraq, qaçqınlar zorla geri qaytarılmadıqları zaman, bir çox hallarda onlar qəbul edildikləri ölkələrdə ləyaqətlərini alçaldan həyat şərtləri ucbatından oradan getmək zərurətini hiss edə bilərlər.
YAŞAMAQ, AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK
HÜQUQLARININ POZULMASI
Bəzi rayonlarda qaçqınlar vaxtaşırı hücum və sui-istifadələrin obyektinə çevrilirlər. Düşərgələrə və qaçqın məntəqələrinə hərbi və ya silahlı hücumlar zamanı çoxları tələf olur. Gənc və yeniyetmə kişi qismi tez-tez hərbi və qiyamçı birləşmələrə qulluğa çağrılır və vətəndaş müharibələrində iştiraka məcbur edilir. Qaçqın düşərgələrinə edilən hücumlar Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən çoxsaylı qətnamələrdə pislənmişdir. İnsan Hüquqları Komissiyası da konkret hallarla bağlı, məsələn, Livan düşərgələrində Fələstin qaçqınlarına, Tailand - Kamboca sərhəddindəki qaçqınlara edilən hücumlarla bağlı öz narahatçılığını ifadə etmişdir. Qaçqınların ən zəif qrupları qadınlar və uşaqlardır. Uşaqların hüquqları haqqında Konvensiyada (1989-cu il) qaçqın uşaqlara “lazımi qaydada müdafiə və humanitar yardımı” göstərilməsi (22-ci maddə) xüsusi şəkildə nəzərdə tutulmuşdur. Qaçqınların əksər hissəni qadınlar təşkil edir. Sığındıqları ölkələrdə onlar tez-tez fiziki zorakılığın və seksual təhqirin qurbanları olurlar.
QAÇQINLAR VƏ İRQÇİLİYİN VƏ YA
KSENOFOBİYANIN KOBUD TƏZAHÜRLƏRİ
Son illər qaçqınlara və sığınacaq axtaran şəxslərə zorakılıq tətbiq edilməklə hücum hallarının nəzərə çarpacaq qədər artdığı qeyd edilir. Bu hadisələrin geniş yayıldığı bəzi ölkələrdə qaçqınlar daim fiziki zorakılığın qurbanı olmaq təhlükəsinin qorxusu altında yaşayırlar və öz həyatları və təhlükəsizlikləri üçün əndişə keçirirlər.
Xaricilərin xüsusilə zəif qrupu kimi qaçqınlar tez-tez irqçi nifrətin təzahürlərinin başlıca obyektinə çevrilirlər. Bəzi ölkələrdə siyasi diskusiyaların gedişində çox vaxt xaricilərlə bağlı bütün məsələlər bir-birinə qarışdırılır. Sığınacaq axtaran şəxslər, qaçqınlar, iqtisadi miqrantlar, mühacirlər və mövsümi fəhlələr çox vaxt xaricilərin ümumi kateqoriyasında birləşirlər. Bunun da nəticələri üçlü xarakter daşıyır. Birincisi, qaçqınların müdafiəsi və onların zorla geri qaytarılmalarının qadağan olunması prinsipləri dəfələrlə pozulur. İkincisi, qaçqınlara qarşı zorakılıq hallarının sayı artır. Üçüncüsü, qaçqınlar probleminin humanitar planda deyil, siyasi planda nəzərdən keçirməyə başlamışlar və nəticədə mühacirlərlə bağlı siyasətlə qaçqınlara dair siyasət arasındakı hüdudlar yox olmağa başlamışdır.
İNSAN HÜQUQLARININ POZULMASI VƏ KÖNÜLLÜ
GERİYƏ QAYITMA
İnsan hüquqları problemi ilə qaçqınlar problemini, nəhayət bir də uzun müddətli qərarlar axtarışı məsələsi birləşdirir. Qaçqınların statusu haqqında Konvensiyanın 1-ci maddəsinin S bəndində qeyd edilir ki, qaçqınların statusu daimi deyildir və sonra bu Konvensiyanın müddəalarının müvafiq şəxslərə hansı şərtlərdə bir daha şamil edilmədiyi sadalanır. Sürgün (ölkədən çıxarılma) qaçqınlar probleminin nə uzunmüddətli, nə də əsl humanitar həlli deyildir. Vətənlə məcburi ayrılma forması olan sürgün məsələnin yalnız müvəqqəti həllidir. Lakin repatriasiya yalnız o halda məqsədəuyğun və humanitar xarakter daşıya bilər ki, o, könüllülük əsasında və qaçqınların malik olduqları insan hüquqlarına riayət olunmasının təmin edildiyi təqdirdə həyata keçirilsin.
Qaçqınların mənsub olduqları ölkələrdə insan hüquqlarının pozulmasına davam edildikcə hər hansı bir qaçqının könüllü evə qayıtmaq qərarına gələcəyinə güman çox azdır. Deməli, qaçqınların könüllü geri qayıtmalarının ən zəruri şərti insan hüquqlarının bütün kateqoriyalarına hörmətin və onların təşviqinin bərpa olunması və qaçqınların mənsub olduqları ölkələrdə hərbi münaqişələrə son verilməsidir.

NƏTİCƏLƏR



Qaçqınlar probemi beynəlxalq birliyə meydan oxumaqda davam edir. Qaçqınları qəbul edən ölkələr bundan sonra da onların müdafiəsi ilə bağlı öz öhdəliklərini yerinə yetirməli, digərxalqların nümayəndələrinə qarşı dözümlülük şəraitinin yaradılmasına yardım göstərməli olduqları halda qaçqınların mənsub olduqları ölkələr əhalisinin vətəni kütləvi tərketmələrinə səbəb olan fəaliyyətlərin qarşısını almağa borcludurlar. Eyni zamanda, beynəlxalq birlik yeni qaçqın axınlarının vaxtında qarşısının alınması üçün ən səmərəli yollar axtarıb tapmalıdır. Bu hadisələri törədən səbəbləri dərindən öyrənilməsi və yaranmış vəziyyəti yaxşılaşdırmaq istiqamətində fəaliyyət göstərilməsi davam etdirilməlidir. Əgər qaçqın axınlarının başlıca səbəbi yoxsulluqdursa, onda onun həlli yollarından biri inkişaf məqsədilə yardım və texniki yardım göstərilməsi ola bilər. Əgər vətəni kütləvi tərketmələrin əsas səbəbi inan hüquqlarının pozulmasıdırsa, onda problemin həlli hadisələrin gedişatının Birləşmiş Millətlər Təşkilatı sistemi orqanları tərəfindən daim müşahidə edilməsindən, pozuntu hallarının beynəlxalq birlik tərəfindən pislənməsindən, konkret situasiyaları öyrənmək məqsədilə xüsusi məruzəçilərin təyin edilməsindən və tövsiyyələr hazırlanmasından ibarət ola bilər. Əgər qaçqın axınlarını doğuran səbəblər zorakılıqlar tətbiq edilən münaqişələrdirsə, onda məsələnin həlli preventiv (qoruyucu) diplomatiya sahəsində, münaqişələrin nizama salınması aləti kimi vasitəçiliyə yardım göstərilməsində, həmçinin humanitar hüquq müddəalarına riayət olunmasında tapıla bilər. Lakin beynəlxalq birlik həmişə fövqəladə vəziyyətlərdə fəaliyyətə hazır olmalıdır. Bu baxımdan BMT Baş Katibi tərəfindən yaradılan ilkin xəbərdarlıq sistemi böyük əhəmiyyət kəsb edə bilər. O, iri qaçqın axınlarını törədə biləcək situasiyaların qabaqcadan aşkar edilməsində mühüm rol oynaya bilər. Fövqəladə vəziyyətlərdə ən səmərəli reaksiya üsulu həmişə əlaqələndirilmiş və ümumi sistemə malik yanaşma üsulu olacaqdır. Beynəlxalq birliyə meydan oxuyan digər bir problem isə öz ölkələri daxilində köçkün olan, sərhəddi keçib kəskin ehtiyac duyduqları müdafiə və yardım ala biləcəkləri ərazilərə gedə bilməyən şəxslərin problemidir. Son məlumatlara görə dünyada ölkə daxilində köçkün olan 24 milyondan çox insan vardır. Onların çoxu ümidsiz vəziyyətdədir, çünki, onlar çox zaman hərbi əməliyyatlar zonasında qalmağa məcburdurlar, doyunca qidalanmamaqdan əziyyət çəkirlər, içməli sudan və tibbi xidmətlərdən istifadə etmək imkanlarından məhrumdurlar. Ölkə daxilində köçkün şəxslər problemi gələcək illərdə də beynəlxalq birlik üçün ən ciddi şəkildə meydan oxumaqda davam edəcəkdir.
Yüklə 96,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə