Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında



Yüklə 103,18 Kb.
Pdf görüntüsü
tarix14.04.2018
ölçüsü103,18 Kb.
#38459


"Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında" Beynəlxalq Konvensiyaya Azərbaycan 

Respublikasının qoşulması barədə 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 



I. Azərbaycan Respublikası 1999-cu il dekabrın 9-da Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 

tərəfindən qəbul edilmiş "Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında" Beynəlxalq 

Konvensiyaya qoşulsun.  

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.  



  

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV 



Bakı şəhəri, 1 oktyabr 2001-ci il  

№ 174-IIQ 

  

Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında 

  

BEYNƏLXALQ KONVENSİYA 

  

PREAMBULA 



  

Bu Konvensiyanın iştirakçısı olan dövlətlər, 

Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin beynəlxalq sülhün və təhlükəsizliyin qorunması, 

dövlətlər arasında mehriban qonşuluq və dostluq münasibətlərinin və əməkdaşlığın təşviqi ilə 

bağlı məqsəd və prinsiplərini nəzərə alaraq, 

bütün dünyada terrorizm hərəkətlərinin, özünün hər cür forma və təzahüründə genişlənməsindən 

son dərəcə narahat olaraq, 



Birləşmiş Millətlər Təşkilatının əlli illiyi münasibəti ilə Baş Assambleyanın 1995-ci il 24 oktyabr 

tarixli, 50/6 nömrəli qətnaməsində ehtiva olunmuş Bəyannaməyə istinad edərək, 

həmçinin Baş Assambleyanın 1994-cü il 9 dekabr tarixli, 49/60 nömrəli qətnaməsi və ona əlavə 

də daxil olmaqla, - həmin əlavə beynəlxalq terrorizmin ləğv edilməsi üzrə tədbirlər haqqında 

Bəyannamədən ibarətdir; Birləşmiş Millətlər Təşkilatının üzvü olan bütün dövlətlər həmin 

Bəyannamədə təntənəli surətdə təsdiq etmişlər ki, onlar harada və kim tərəfindən 

törədilməsindən asılı olmayaraq, bütün terrorizm hərəkətlərini, metodlarını və təcrübəsini, o 

cümlədən də dövlətlər və xalqlar arasındakı dostluq münasibətləri üçün təhlükə törədən və 

dövlətlərin ərazi bütövlüyü və təhlükəsizliyini təhdid edən hərəkətləri cinayət əməli və haqq 

qazandırılması mümkün olmayan hərəkətlər kimi qeyd-şərtsiz pisləyirlər,  bu məsələyə dair 

bütün müvafiq qətnamələrinə istinad edərək, 

beynəlxalq terrorizmin ləğv edilməsi üzrə tədbirlər haqqında Bəyannamədə həmçinin dövlətlərə, 

bu məsələnin bütün aspektlərini əhatə edən hərtərəfli hüquqi çərçivələrin olmasını təmin etmək 

məqsədi ilə, bütün forma və təzahürlərdə terrorizmin qabaqlanması, qarşısının alınması və ləğv 

edilməsi haqqındakı mövcud beynəlxalq hüquq müddəalarının tətbiq dairəsinin təcili qaydada 

icmalmı aparmağın təklif edildiyini vurğulayaraq, 

Baş Assambleyanın 1996-cı il 17 dekabr tarixli, 51/210 nömrəli qətnaməsinin 3-cü bəndinin (f) 

yarımbəndinə (burada Assambleya bütün dövlətləri müvafiq daxili tədbirlər görmək vasitəsi ilə 

terrorçuların və terror təşkilatlarının maliyyələşdirilməsinə, - bu cür maliyyələşdirilmənin 

bilavasitə yaxud bilavasitə, -xeyriyyə, ictimai və ya mədəni məqsədlər güdən və ya güddüklərini 

iddia edən yaxud özləri də qeyri-qanuni silah göndərilməsi, narkotiklərin qanunsuz dövriyyəsi və 

hədələməklə pul qoparmaq, o cümlədən də ayrı-ayrı şəxslərdən terrorçuluq fəaliyyətinin 

maliyyələşdirilməsi məqsədləri ilə istifadə edilməsi kimi yasaq edilmiş fəaliyyət növlərinə cəlb 

olunmuş təşkilatlar vasitəsi ilə həyata keçirilməsindən asılı olmayaraq, - mane olmaq və bunun 

qarşısını almaq üçün tədbirlər görməyə və xüsusən də münasib olduqda, terror məqsədləri üçün 

nəzərdə tutulduğu şübhə doğuran vəsaitlərin hərəkətlərinə mane olmaq və onun qarşısını 

almaqdan ötrü tənzimləmə tədbirləri görülməsi məsələsini, bu zaman qanuni kapitalın hərəkət 

azadlığını qətiyyən pozmadan və belə vəsaitlərin beynəlxalq hərəkəti barədə informasiya 

mübadiləsini fəallaşdırmaqla nə'zərdən keçirməyə çağırmışdır) istinad edərək, 

həmçinin Baş Assambleyanın 1997-ci il 15 dekabr tarixli, 52/165 nömrəli qətnaməsinə, - 

qətnamədə Assambleya dövlətləri ələlxüsus özünün 1996-cı il 17 dekabr tarixli, 51/210 nömrəli 

qətnaməsinin 3-cü bəndinin (a)-(f) yarımbəndlərində ifadə edilmiş tədbirlərin həyata keçirilməsi 

məsələsinə baxmağa çağırmışdır, - istinad edərək, 

daha sonra Baş Assambleyanın 1998-ci il 8 dekabr tarixli, 53/108 nömrəli qətnaməsinə, - həmin 

qətnamədə Assambleya qərara almışdır ki, Baş Assambleyanın 1996-cı il 17 dekabr tarixli, 

51/210 nömrəli qətnaməsi ilə təsis edilmiş Xüsusi Komitə Terrorizmin maliyyələşdirilməsi ilə 

mübarizə haqqında müvafiq mövcud beynəlxalq sənədləri tamamlayacaq Beynəlxalq 

Konvensiya layihəsini işləyib hazırlamalıdır, - istinad edərək, 

terrorizmin maliyyələşdirilməsinin bütövlükdə beynəlxalq birliyi ciddi narahat etdiyini nəzərə 

alaraq, 



beynəlxalq terrorizm hərəkətlərinin sayının və ağırlığının terrorçuların əldə edə bildiyi 

maliyyələşmədən asılı olduğunu vurğulayaraq, 

həmçinin mövcud çoxtərəfli hüquqi sənədlərdə bu cür maliyyələşmənin konkret nəzərdən 

keçirilmədiyini qeyd edərək, 

terrorizmin maliyyələşdirilməsinə yol verilməməsi, eləcə də onu törədən şəxslərin təqib edilməsi 

və cəzalandırılması yolu ilə terrorizmlə mübarizə sahəsində səmərəli tədbirlərin işlənib 

hazırlanması və həyata keçirilməsi işində dövlətlər arasında beynəlxalq əməkdaşlığın 

möhkəmləndirilməsinin qəti zəruriliyinə əmin olaraq, 

aşağıdakılar barədə razılığa gəldilər: 

Maddə  1 

Bu Konvensiyanın məqsədləri üçün: 

1. "Vəsaitlər" əldə edilmə üsulundan asılı olmayaraq, istənilən növ, hiss edilən və ya hiss 

edilməyən, daşınar və ya daşınmaz aktivlərini, həmçinin bank kreditləri, yol çekləri, bank 

çekləri, poçt göndərişləri, səhmlər və qiymətli kağızlar, istiqrazlar, veksellər, akkreditivlər də 

daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq, bu cür aktivlərə olan hüquqları və ya onlarda 

iştirakı təsdiq edən hər hansı formada, o cümlədən də elektron və ya rəqəmli formada hüquqi 

sənədləri və ya aktları bildirir. 

2.  "Dövlət və ya hökumət obyekti" dövlət nümayəndələrinin, hökumət üzvlərinin, qanunvericilik 

və ya məhkəmə orqanı təmsilçilərinin və yaxud dövlətin və ya hər hansı digər dövlət orqanı və 

ya idarəsinin vəzifəli şəxsləri ya da qulluqçularının yaxud hökumətlərarası təşkilatın 

qulluqçularının və ya vəzifəli şəxslərinin öz xidməti vəzifələrini yerinə yetirmələri ilə bağlı 

istifadə etdikləri və ya məşğul etdikləri hər hansı bir daimi və ya müvəqqəti obyekti yaxud 

nəqliyyat vasitəsini bildirir. 

3. "Daxilolmalar" 2-ci maddədə göstərilən cinayətin törədilməsi yolu ilə bilavasitə və ya 

bilavasitə alınmış və yaxud əldə edilmiş istənilən vəsaiti bildirir. 

Maddə 2 


1.  İstənilən şəxs, əgər o: 

a)  əlavədə sadalanan müqavilələrdən birinin tətbiq sahəsinə və əlavədəki tərifə uyğun olaraq 

cinayət sayılan hər hansı bir əməlin; 

b)  silahlı münaqişə vəziyyətində hərbi əməliyyatlarda fəal iştirak etməyən hər hansı bir mülki 

şəxsin və ya istənilən digər şəxsin ölümünə və ya ona ağır bədən xəsarəti yetirilməsinə 

yönəldilmiş istənilən digər əməlin, - bu cür əməlin məqsədi onun səciyyəsi və ya konteksti ilə 

bağlı olaraq, əhalini qorxutmaqdan və ya hökuməti yaxud beynəlxalq təşkilatı hər hansı hərəkəti 

etməyə yaxud onu etməkdən çəkinməyə məcbur etməkdən ibarət olduqda, - törədilməsi üçün tam 




və ya qismən istifadə edilməsi niyyəti ilə yaxud da istifadə ediləcəyini başa düşdüyü halda 

istənilən metodlarla, bilavasitə və ya bilavasitə, qeyri-qanuni olaraq və qəsdən vəsait verir və ya 

bu vəsaitin yığılmasını həyata keçirirsə, bu Konvensiyanın mənasına görə cinayət törətmiş olur. 

2.  a) öz təsdiqnamələrini yaxud qəbul etmə, təsdiq etmə və ya qoşulma haqqında sənədlərini 

saxlanılmaq üçün təhvil verdikdən sonra, əlavədə sadalanan müqavilələrdən birində iştirakçı 

tərəf olmayan dövlət bəyan edə bilər ki, bu Konvensiyanın həmin iştirakçı dövlətə tətbiqi zamanı 

belə hesab edilir ki, bu müqavilə 1-ci bəndin (a) yarımbəndində adı çəkilən əlavəyə daxil 

edilməmişdir. 

Depozitarini bu fakt barəsində xəbərdar edən həmin iştirakçı dövlət üçün bu müqavilə qüvvəyə 

minəndən dərhal sonra belə bəyanat qüvvəsini itirir; 

b) iştirakçı dövlət əlavədə sadalanan müqavilələrdən birinin iştirakçısı olmasını dayandırdıqda bu 

maddədə nəzərdə tutulmuş qaydada həmin müqaviləyə dair bəyanat verə bilər. 

3.  Hər hansı bir əməlin 1-ci bənddə göstərilən cinayəti təşkil etməsi üçün, vəsaitlərin faktik 

olaraq, 1-ci bəndin (a) yaxud (b) yarımbəndlərində göstərilən cinayətin törədilməsi üçün istifadə 

edilmiş olması məcburi deyil. 

4.  İstənilən şəxs, əgər o, bu maddənin 1-ci bəndində göstərilən cinayətlərdən hər hansı birini 

törətməyə cəhd göstərirsə, həmçinin cinayət etmiş olur. 

5.  İstənilən şəxs, əgər: 

a)  bu maddənin 1-ci və ya 4-cü bəndlərində göstərilən cinayətlərdən hər hansı birinin 

törədilməsində iştirakçı qismində iştirak edirsə; 

b)  bu maddənin 1-ci və ya 4-cü bəndlərində göstərilən cinayətlərdən hər hansı birinin 

törədilməsi məqsədi ilə digər şəxsləri təşkil edir və ya onlara rəhbərlik edirsə; 

c) bu maddənin 1-ci və ya 4-cü bəndlərində göstərilən bir və ya bir neçə cinayətin ümumi 

məqsədlə fəaliyyət göstərən bir qrup şəxs tərəfindən törədilməsinə şərait yaradırsa, - bu cür 

yardım bilərəkdən və: 

i) ya bu maddənin 1-ci bəndində göstərilən cinayətlərdən birinin törədilməsini nəzərdə tutan 

fəaliyyət və ya məqsədlərlə qrupun cinayətkar fəaliyyətini və ya cinayətkar məqsədlərini 

dəstəkləmək üçün; 

ii) ya da bu maddənin 1-ci bəndində göstərilən cinayətlərdən birini törətmək üçün qrupun 

məqsədini dərk etməklə göstərilmişsə, - həmçinin cinayət etmiş olur. 

Maddə 3 

Cinayətin bir dövlətdə törədildiyi, ehtimal edilən cinayətkar bu dövlətin vətəndaşı olduğu və 

həmin dövlətin ərazisində olduğu halda və heç bir başqa dövlət bu Konvensiyanın 7-ci 



maddəsinin 1-ci və ya 2-ci bəndlərinə müvafiq olaraq öz yurisdiksiyasını həyata keçirmək üçün 

əsaslara malik olmadığı hallarda bu Konvensiya tətbiq edilmir, lakin bu, müvafiq şəraitdə belə 

hallara 12-18-ci maddələrin müddəalarının tətbiqini istisna etmir. 

Maddə 4 


Hər bir iştirakçı dövlət: 

a)  2-ci maddədə göstərilən cinayətlərin, özünün daxili hüququna müvafiq olaraq cinayət 

sayılması üçün; 

b) bu cinayətlərə görə onların ağırlıq dərəcəsi nəzərə alınmaqla uyğun cəzaların müəyyən 

edilməsi üçün zəruri ola bilən tədbirləri görür. 

Maddə 5 


1. Hər bir iştirakçı dövlət onun ərazisində olan yaxud onun qanunlarına əsasən təsis edilmiş 

hüquqi şəxsi, bu hüquqi şəxsin idarə edilməsi üçün məsul olan yaxud ona nəzarəti həyata 

keçirən, öz rəsmi vəzifəsində çıxış edən fiziki şəxs tərəfindən 2-ci maddədə göstərilən cinayət 

törədildiyi halda məsuliyyətə cəlb 

etmək üçün zəruri tədbirləri görür. Bu cür məsuliyyət cinayət, mülki və ya inzibati xarakterli ola 

bilər. 


2.  Belə məsuliyyət bu cinayətləri törətmiş fiziki şəxslərin cinayət məsuliyyətinə xələl 

gətirmədən yaranır. 

3. Hər bir iştirakçı dövlət, xüsusilə, yuxandakı 1-ci bəndə uyğun məsuliyyət daşıyan hüquqi 

şəxslərə qarşı səmərəli, müvafiq və təsirli cinayət, mülki-hüquqi yaxud inzibati sanksiyalar tətbiq 

edilməsini təmin edir. Belə sanksiyalara maliyyə sanksiyaları da daxil ola bilər. 

Maddə 6 


Hər bir iştirakçı dövlət bu Konvensiyanın qüvvəsinin şamil edildiyi cinayət əməllərinə siyasi, 

fəlsəfi, ideoloji, irqi, etnik, dini və digər analoji səciyyəli hər hansı mülahizəyə görə heç bir halda 

haqq qazandırılmamasını təmin etməkdən ötrü zəruri ola biləcək tədbirləri, o cümlədən müvafiq 

hallarda daxili qanunvericilik sahəsində tədbirlər görür. 

Maddə 7 

1.  Hər bir iştirakçı dövlət 2-ci maddədə göstərilən cinayətlərlə onun yurisdiksiyasının şamil 

edilməsi üçün zəruri ola biləcək tədbirləri aşağıdakı hallarda görür: 

a) cinayət bu dövlətin ərazisində törədildikdə; 




b)  cinayət bu dövlətin bayrağı altında üzən yaxud cinayətin baş verdiyi zaman bu dövlətin 

qanunlarına müvafiq qeydiyyatı olan uçuş aparatında törədildikdə; 

c) cinayəti bu dövlətin vətəndaşı törətdikdə. 

2.  İştirakçı dövlət həmçinin hər hansı belə cinayətə öz yurisdiksiyasını aşağıdakı hallarda şamil 

edə bilər: 

a)  cinayət 2-ci maddənin 1-ci bəndinin (a) və ya (b) yarımbəndlərində göstərilən cinayətin bu 

dövlətin ərazisində yaxud onun vətəndaşlarından birinə qarşı törədilməsinə yönəldildikdə yaxud 

belə cinayət onun nəticəsi olduqda; 

b) cinayət 2-ci maddənin 1-ci bəndinin (a) və ya (b) yarımbəndlərində göstərilən cinayətlərin, bu 

dövlətin diplomatik və ya konsulluq nümayəndəliyinin binası da daxil olmaqla, göstərilən 

dövlətin xaricdəki dövlət və ya hökumət obyektinə qarşı törədilməsinə yönəldildikdə yaxud belə 

cinayət onun nəticəsi olduqda; 

c)  cinayət 2-ci maddənin 1-ci bəndinin (a) və ya (b) yarımbəndlərində göstərilən cinayətlərin bu 

dövləti hər hansı hərəkəti etməyə və ya etməkdən çəkinməyə məcbur etmək cəhdi ilə 

törədilməsinə yönəldildikdə yaxud belə cinayət onun törədilməsinə gətirib çıxardıqda; 

d)  cinayəti adətən bu dövlətin ərazisində yaşayan, vətəndaşlığı olmayan şəxs törətdikdə

e)  cinayət bu dövlətin hökumətinin istismarında olan hava gəmisində törədildikdə. 

3. Bu Konvensiyanın təsdiq edilməsi, qəbul edilməsi, bəyənilməsi və ya ona qoşulma zamanı hər 

bir iştirakçı dövlət Birləşmiş Millətlər Təşkilatının Baş katibini 2-ci bəndə müvafiq olaraq, öz 

yurisdiksiyasını şamil etməsi barədə xəbərdar edir. Hər hansı dəyişiklik olduqda, müvafiq 

iştirakçı dövlət bu barədə dərhal Baş katibə xəbərdarlıq edir. 

4.  Hər bir iştirakçı dövlət həmçinin 2-ci maddədə göstərilən cinayətlərə onun yurisdiksiyasının 

şamil edilməsi üçün zəruri olan tədbirləri aşağıdakı hallarda görür: cinayəti törətdiyi ehtimal 

edilən şəxs onun ərazisində olduqda və həmin dövlət onu 1-ci və ya 2-ci bəndlərə müvafiq 

olaraq, öz yurisdiksiyasını müəyyən etmiş heç bir iştirakçı dövlətə vermədikdə. 

5.  Birdən artıq iştirakçı dövlət 2-ci maddədə göstərilən cinayətlərdən birinə öz yurisdiksiyasını 

şamil etmək iddiasında olduqda, müvafiq iştirakçı dövlətlər öz hərəkətlərini, xüsusən də cinayət 

təqibi qaydası və qarşılıqlı hüquqi yardım sahəsində hərəkətlərini lazımi qaydada 

əlaqələndirməyə çalışmalıdırlar. 

6.  Ümumi beynəlxalq hüquq normalarına xələl gətirmədən bu Konvensiya, iştirakçı dövlətin öz 

daxili hüququna müvafiq olaraq müəyyən etdiyi hər hansı cinayət yurisdiksiyasının həyata 

keçirilməsi imkanını istisna etmir. 

Maddə 8 



1.  Hər bir iştirakçı dövlət 2-ci bənddə göstərilən cinayətlərin törədilməsi məqsədi ilə istifadə 

olunan və ya ayrılmış hər hansı vəsaitin, həmçinin belə cinayətlər nəticəsində əldə edilmiş 

daxilolmaların mümkün müsadirə məqsədləri ilə müəyyənləşdirilməsi, aşkarlanması, təcrid 

edilməsi və ya onların üzərinə həbs qoyulması üçün öz daxili hüquq prinsiplərinə müvafiq olaraq 

zəruri tədbirlər görür. 

2.  Hər bir iştirakçı dövlət 2-ci bənddə göstərilən cinayətlərin törədilməsi məqsədi ilə istifadə 

olunmuş və ya ayrılmış vəsaitlərin və belə cinayətlər nəticəsində əldə edilmiş daxilolmaların 

müsadirəsi üçün öz daxili hüquq prinsiplərinə müvafiq olaraq lazımi tədbirləri görür. 

3.  Hər bir müvafiq iştirakçı dövlət bu maddədə nəzərdə tutulmuş müsadirə nəticəsində alınan 

vəsaitlərin müntəzəm olaraq və ya hər bir konkret halda digər dövlətlərlə bölüşdürülməsi 

haqqında sazişlərin bağlanması məsələsini nəzərdən keçirə bilər. 

4.  Hər bir iştirakçı dövlət elə mexanizmlər yaratmaq imkanlarını nəzərdən keçirir ki, onların 

köməyi ilə, bu maddədə nəzərdə tutulmuş müsadirə nəticəsində alınan vəsaitlərdən 2-ci 

maddənin 1 -ci bəndinin (a) və ya (b) yarımbəndlərində göstərilən cinayətlərin qurbanlarına və 

ya onların ailə üzvlərinə kompensasiyaların ödənilməsi üçün istifadə olunsun. 

5.  Bu maddənin müddəalarının tətbiqi vicdanlı üçüncü şəxslərin hüquqlarına riayət olunması 

şərti ilə həyata keçirilir. 

Maddə 9 


1. 2-ci maddədə göstərilən cinayəti törətmiş və ya törətdiyi ehtimal edilən şəxsin onun ərazisində 

ola biləcəyi barədə informasiya almış müvafiq iştirakçı dövlət bu informasiyada göstərilən 

faktların təhqiqatı üçün özünün daxili qanunvericiliyinə müvafiq qaydada tələb edilə bilən 

tədbirləri görür. 

2. Şəraitin bunun üçün əsas verdiyini yəqin etdikdən sonra, cinayəti törətmiş və ya törətdiyi 

ehtimal olunan şəxsin ərazisində olduğu iştirakçı dövlət bu şəxsin cinayət təqibi məqsədləri üçün 

iştirakının və ya verilməsinin təmin edilməsi üzrə öz daxili qanunvericiliyinə müvafiq tədbirləri 

görür. 


3.İT-Cİ bənddə göstərilən tədbirlərin şamil edildiyi istənilən şəxsin aşağıdakı hüquqları vardır: 

a)  vətəndaşı olduğu və ya başqa yolla onun hüquqlarını qorumağa ixtiyarlı olan dövlətin ən 

yaxın müvafiq təmsilçisi ilə, yaxud əgər bu şəxs vətəndaşlığı olmayan şəxsdirsə, - adətən 

ərazisində yaşadığı dövlətin təmsilçisi ilə təxirə salmadan əlaqə yaratmaq; 

b) bu dövlətin təmsilçisinin ona baş çəkməsi; 

c) (a) və (b) yarımbəndlərinə müvafiq olaraq öz hüquqları barədə məlumatlandırılmaq. 

4.  3-cü bənddə göstərilən hüquqlar cinayəti törətmiş və ya törətdiyi ehtimal edilən şəxsin 

ərazisində olduğu dövlətin qanunlarına və qərarlarına müvafiq qaydada həyata keçirilməli, belə 




bir müddəa nəzərə alınmalıdır ki, xatırlanan qanun və qərarlar bu maddənin 3-cü bəndinə uyğun 

hüquqların verildiyi məqsədlərə tam nail olmaq imkanını təmin etməlidir. 

5.  3-cü və 4-cü bəndlərin müddəaları, 7-ci maddənin 1-ci bəndinin (b) yarımbəndinə və 2-ci 

bəndinin (b) yarımbəndinə uyğun olaraq yurisdiksiya iddiasında olan istənilən iştirakçı dövlətin 

hüququna - Beynəlxalq Qırmızı Xaç Komitəsindən cinayəti törətdiyi ehtimal olunan şəxslə əlaqə 

saxlamağı və ona baş çəkməyi xahiş etmək hüququna xələl gətirmir. 

6. İştirakçı dövlət bu maddəyə müvafiq olaraq şəxsi həbsə aldıqdan sonra 7-ci maddənin 1-ci və 

ya 2-ci bəndlərinə uyğun yurisdiksiyalarını müəyyən etmiş iştirakçı dövlətləri bilavasitə və ya 

Birləşmiş Millətlər Təşkilatının Baş katibi vasitəsi ilə, təxirə salmadan xəbərdar edir və əgər 

məqsədəuyğun hesab edirsə, bu şəxsin həbsdə olması faktı və onun saxlanması üçün əsas verən 

hallar barədə istənilən digər maraqlı iştirakçı dövlətlərə xəbərdarlıq bildirir. 1-ci bəndə uyğun 

olaraq təhqiqat aparan dövlət adı çəkilən iştirakçı dövlətlərə təhqiqatın nəticələri barədə operativ 

məlumat verir və öz yurisdiksiyasını həyata keçirmək niyyətində olub-olmadığını göstərir. 

Maddə  10 

1.  Cinayət törətmiş və ya törətdiyi ehtimal olunan şəxsin ərazisində olduğu iştirakçı dövlət 7-ci 

maddənin şamil edildiyi hallarda, əgər həmin şəxsi vermirsə, hər hansı bir istisna edilmədən və 

cinayətin həmin dövlətin ərazisində törədilib-törədilməməsindən asılı olmayaraq, lüzumsuz 

ləngimələrə yol vermədən bu dövlətin qanunvericiliyinə uyğun olaraq araşdırma aparılması yolu 

ilə məhkəmə təqibi məqsədləri üçün işi özünün səlahiyyətli orqanlarına verməyə borcludur. 

Səlahiyyətli orqanlar bu dövlətin qanunlarına uyğun olaraq, hər hansı ağır cinayət törədilməsi 

halında olduğu qaydada qərar qəbul edirlər. 

2. İştirakçı dövlətin daxili qanunvericiliyi ona öz vətəndaşlarından birini yalnız həmin şəxsin 

məhkəmə araşdırması və ya işə məhkəmədə baxılması, - bu 

nun üçün həmin şəxsin verilməsi və ya təslim edilməsi tələb olunarsa və həmin dövlət, eləcə də 

bu şəxsin verilməsi barədə vəsatət qaldırmış dövlət belə variantla və ağlabatan saya biləcəkləri 

digər şərtlərlə razıdırlarsa, - nəticəsində çıxarılmış hökm üzrə cəza çəkməsi üçün həmin dövlətə 

qaytarılması şərti ilə təhvil verməsinə və ya hər hansı başqa yolla təslim etməsinə imkan verdiyi 

bütün hallarda 1-ci bənddə göstərilən vəzifələrin yerinə yetirilməsi üçün bu cür şərtləndirilmiş 

təhvil vermə və ya təslim etmə kifayət edər. 

Maddə  11 

1.  2-ci maddədə göstərilən cinayətlər cinayətkarların verilməsi ilə nəticələnən cinayətlər 

qismində bu Konvensiya qüvvəyə minənədək cinayətkarların verilməsi haqqında hər hansı 

iştirakçı dövlətlər arasında bağlanmış istənilən müqaviləyə daxil edilməli olan cinayətlər sayılır. 

İştirakçı dövlətlər belə cinayətləri cinayətkarların verilməsi ilə nəticələnən cinayətlər qismində, 

sonradan həmin dövlətlər arasında bağlanılacaq cinayətkarların verilməsinə dair bütün 

müqavilələrə daxil etməyi öhdələrinə götürürlər. 




2.  Cinayətkarın verilməsini müqavilənin olması ilə şərtləndirən iştirakçı dövlət onunla 

cinayətkarın verilməsi haqqında müqaviləsi olmayan başqa bir iştirakçı dövlətdən cinayətkarın 

verilməsi barədə xahiş aldıqda, sorğu edilən iştirakçı dövlət, 2-ci maddədə göstərilən cinayətlərlə 

bağlı cinayətkarın verilməsi üçün bu Konvensiyam öz mülahizəsinə görə hüquqi əsas hesab edə 

bilər. Cinayətkarın verilməsi sorğu edilən dövlətin qanunvericiliyində nəzərdə tutulmuş digər 

şərtlərə riayət etməklə həyata keçirilir. 

3.  Cinayətkarın verilməsini müqavilənin olması ilə şərtləndirməyən iştirakçı dövlətlər 2-ci 

maddədə göstərilən cinayətləri, öz aralarındakı münasibətlərdə sorğu edilən dövlətin 

qanunvericiliyində nəzərdə tutulmuş şərtlərə riayət etməklə cinayətkarın verilməsi ilə nəticələnən 

cinayətlər hesab edirlər. 

4. 2-ci maddədə göstərilən cinayətlər zəruri hallarda iştirakçı dövlətlər tərəfindən cinayətkarın 

verilməsi üçün təkcə törədildiyi yerdə deyil, həm də 7-ci maddənin 1-ci və 2-ci bəndlərinə 

müvafiq olaraq, öz yurisdiksiyasını müəyyən etmiş dövlətlərin də ərazisində törədilmiş 

cinayətlər hesab edilir. 

5.  İştirakçı dövlətlər arasında cinayətkarların verilməsi haqqında bütün müqavilə və 

razılaşmaların müddəaları 2-ci maddədə göstərilən cinayətlərlə bağlı iştirakçı dövlətlər 

arasındakı münasibətlərdə yalnız bu Konvensiya ilə bir araya sığmayan hədlərdə dəyişdirilmiş 

sayılır. 

Maddə  12 

1.  İştirakçı dövlətlər 2-ci maddədə göstərilən cinayətlər üzrə cinayət təhqiqatı, cinayətkarların 

təqibi və ya verilməsi prosedurları ilə bağlı bir-birlərinə maksimum yardım, o cümlədən onlarda 

olan və araşdırma üçün zəruri sayılan dəlillərin alınmasında kömək göstərirlər. 

2.  İştirakçı dövlətlər bank sirrinə istinad etməklə qarşılıqlı hüquqi yardım barədə xahişləri rədd 

edə bilməzlər. 

3.  Sorğu göndərən tərəf təhqiqatın, cinayət təqibinin və ya məhkəmə araşdırmasının keçirilməsi 

üçün xahişdə göstərilənlərdən başqa, sorğu edilən tərəfin verdiklərind0n başqa, digər informasiya 

və dəlilləri sorğu edilən tərəfin qabaqcadan razılığı olmadan vermir və onlardan istifadə etmir. 

4.  Hər bir iştirakçı dövlət 5-ci maddəyə müvafiq olaraq, cinayət məsuliyyətinin, mülki və ya 

inzibati məsuliyyətin müəyyən edilməsi üçün zəruri olan informasiya və ya dəlilləri digər 

iştirakçı dövlətlərlə bölüşməkdən ötrü mexanizmlərin yaradılması məsələsini nəzərdən keçirə 

bilər. 

5.  İştirakçı dövlətlər 1-ci və 2-ci bəndlər üzrə öz öhdəliklərini qarşılıqlı hüquqi yardım və 



informasiya mübadiləsi haqqında onlar arasında mövcud ola bilən hər hansı müqavilə və ya digər 

razılaşmalara uyğun olaraq yerinə yetirirlər. Belə müqavilə və ya razılaşmalar olmadıqda, 

iştirakçı dövlətlər özlərinin daxili qanunvericiliklərinə müvafiq olaraq bir-birlərinə yardım 

göstərirlər. 




Maddə  13 

2-ci maddədə göstərilən cinayətlərdən heç biri cinayətkarların verilməsi və ya qarşılıqlı hüquqi 

yardım məqsədləri üçün vergilərlə bağlı cinayət sayılmır. İştirakçı dövlətlər cinayətkarın 

verilməsi və ya qarşılıqlı hüquqi yardım haqqında xahişi yalnız o əsasla rədd edə bilməz ki, belə 

xahiş vergilərlə bağlı cinayətə aiddir. 

Maddə  14 

2-ci maddədə göstərilən cinayətlərdən heç biri iştirakçı dövlətlər arasında cinayətkarın verilməsi 

və ya qarşılıqlı hüquqi yardım məqsədləri üçün siyasi cinayət və ya siyasi cinayətlə bağlı cinayət 

yaxud da siyasi motivlərə görə törədilmiş cinayət hesab edilmir. Bunun nəticəsində belə 

cinayətlə bağlı cinayətkarın verilməsi və ya qarşılıqlı hüquqi yardım haqqında xahiş yalnız bu 

əsasla rədd edilə bilməz ki, o, siyasi cinayətə və ya siyasi cinayətlə bağlı cinayətə yaxud da siyasi 

motivlərə görə törədilmiş cinayətə aiddir. 

Maddə  15 

Bu Konvensiyada heç bir müddəa, - əgər sorğu edilən iştirakçı dövlətin belə güman etməyə 

tutarlı dəlilləri varsa ki, 2-ci maddədə göstərilən cinayətlərlə bağlı cinayətkarın verilməsi və ya 

belə cinayətlərlə əlaqədar qarşılıqlı hüquqi yardım haqqında xahişin məqsədi həmin şəxsi irqinə, 

dini etiqadına, vətəndaşlığına, etnik mənşəyinə və ya siyasi əqidəsinə görə təqib etmək yaxud 

cəzalandırmaqdır və ya bu xahişin yerinə yetirilməsi həmin səbəblərdən hər hansı birinə görə 

həmin şəxsin vəziyyətinə ziyan vura bilər, - hər hansı bir şəxsi təhvil vermək və ya qarşılıqlı 

yardım göstərmək barədə məcburi öhdəlik kimi şərh olunmamalıdır. 

Maddə  16 

1. Bir iştirakçı dövlətdə həbsdə olan və ya həbsxanada cəza çəkən və başqa bir dövlətə 

gətirilməsi onun şəxsiyyətinin müəyyən edilməsi, ifadə verməsi yaxud 2-ci maddədə göstərilən 

cinayətlərlə bağlı təhqiqat və ya cinayət təqibi üçün dəlillərin alınmasında digər yardımın 

göstərilməsi üçün tələb olunursa, o, aşağıdakı şərtlərə riayət edilməklə həmin dövlətə verilə bilər: 

a) həmin şəxs tam informasiya aldıqdan sonra sərbəst olaraq buna öz razılığını verirsə; 

b) hər iki dövlətin səlahiyyətli hakimiyyət orqanları bu dövlətlərin məqbul saya biləcəkləri 

şərtlərlə razılığa gələ bilmişlərsə. 

2.  Bu maddənin məqsədləri üçün: 

a) şəxsin verildiyi dövlət, - əgər bu şəxsi verən dövlət başqa bir şey xahiş etməmiş və digər 

sanksiya verməmişdirsə, - verilmiş şəxsi həbs altında saxlamağa ixtiyarlıdır və borcludur; 

b)  şəxsin verildiyi dövlət həmin şəxsin əvvəlcə onu vermiş dövlətin sərəncamına qaytarılması 

üzrə öz öhdəliyini, qabaqcadan razılaşdırıldığı kimi və ya hər iki dövlətin səlahiyyətli hakimiyyət 

orqanlarının başqa qaydada razılaşdırdığı kimi, təxirə salmadan yerinə yetirir; 




c)  şəxsin verildiyi dövlət bu şəxsi verən dövlətdən onun qaytarılması üçün proseduru yenidən 

başlamağı tələb etməməlidir; 

d) verildiyi dövlətdə həbs altında saxlanıldığı müddət onu təhvil vermiş dövlətdə çəkdiyi cəza 

müddətinin üstünə gəlinir. 

3.  Bu və ya digər şəxsi bu maddəyə müvafiq olaraq verməli olan iştirakçı dövlətin razılığı 

olmadan həmin şəxs, vətəndaşlığından asılı olmayaraq, - onu verən dövlətin ərazisindən yola 

düşməsinədək onun barəsində nəzərdə tutulan hərəkətlərlə və ya çıxarılmış hökmlərlə bağlı təqib 

edilməməli və ya həbs altında saxlanılmamalıdır və verildiyi dövlətin ərazisində şəxsi 

azadlığının hər hansı şəkildə məhdudlaşdırılmasına məruz qalmamalıdır. 

Maddə  17 

Həbsə alınmış yaxud barəsində istənilən digər tədbirlər görülmüş və ya bu Konvensiyaya 

müvafiq olaraq barəsində araşdırma aparılan istənilən şəxsə ədalətli münasibət, o cümlədən 

ərazisində olduğu dövlətin qanunvericiliyinə və insan haqları sahəsində beynəlxalq standartlar da 

daxil olmaqla, beynəlxalq hüququn tətbiq edilən müddəalarına uyğun olaraq, bütün hüquq və 

təminatlar təmin edilməlidir. 

Maddə 18 

1. İştirakçı dövlətlər 2-ci maddədə göstərilən cinayətlərin qabaqlanmasında həyata keçirilməsi 

mümkün olan bütün tədbirləri görmək, xüsusən onların öz ərazisində və ya həmin ərazinin 

hüdudlarından kənarda bu cinayətlərin törədilməsinə onların müvafiq ərazilərində hazırlıq 

aparılmasının qarşısını almaq və ya buna mane olmaq üçün zərurət olduqda özlərinin daxili 

qanunvericiliklərində dəyişikliklər etmək yolu ilə əməkdaşlıq edirlər. O cümlədən aşağıdakı 

tədbirləri: 

a) onların ərazilərində 2-ci maddədə göstərilən cinayətləri bilərəkdən təşviq edən, qızışdıran, 

təşkil edən və ya törədən şəxslərin yaxud təşkilatların qanunsuz fəaliyyətini qadağan edən 

tədbirləri; 

b) maliyyə əməliyyatlarının yerinə yetirilməsində iştirak edən maliyyə idarələrini və digər 

təşkilatları, onların daimi və ya təsadüfi müştərilərinin, eləcə də xeyrinə hesablar açılmış 

müştərilərinin kimliyinin müəyyən edilməsi üçün öz sərəncamında olan ən səmərəli tədbirləri 

görməyə, qeyri-adi və ya şübhəli 

əməliyyatlara xüsusi diqqət yetirməyə və cinayət fəaliyyəti ilə bağlılığı güman edilən 

əməliyyatlar barədə məlumat verməyə məcbur edən tədbirləri görürlər. Bu məqsədlə iştirakçı 

dövlətlər: 

i) sahiblərinin və ya benifisiarlarının kimliyi müəyyən edilməmiş yaxud müəyyən edilə bilməyən 

hesabların açılmasını qadağan edən qaydaların qəbul olunması və belə idarələrin bu cür 

əməliyyatların həqiqi iştirakçılarının şəxsiyyətini yoxlamasını təmin edən tədbirlərin görülməsi; 



ii) hüquqi şəxslərin kimliyinin müəyyən edilməsi sahəsində, zəruri olduqda, maliyyə idarələrinə 

dövlət qeydiyyat orqanından, müştəridən yaxud hər ikisindən müşt0rinin hüquqi şəxs kimi 

qeydiyyatdan keçməsinin sübutlarını, müştərinin adı, hüquqi forması, ünvanı, hüquqi şəxsin 

rəhbərləri və bu hüquqi şəxsin adından öhdəliklər götürülməsi üzrə səlahiyyətləri tənzimləyən 

müddəalar barədə məlumatları əldə etmək yolu ilə müştərinin hüquqi statusunun və strukturunun 

yoxlanılması üzrə tədbirlərin görülməsi üçün tələblər irəli sürülməsi; 

iii) maliyyə idarələri üzərinə bütün mürəkkəb, qeyri-adi iri əməliyyatlar və açıq-aşkar iqtisadi və 

ya aydın qanuni səbəbi olmayan əməliyyatların qeyri-adi dinamikası barədə operativ surətdə 

səlahiyyətli hakimiyyət orqanlarına, - əgər bu idarələr informasiyanın açıqlanması ilə bağlı 

istənilən məhdudiyyətlərin pozulmasına görə cinayət məsuliyyətindən və ya mülki 

məsuliyyətdən çəkinmədən öz şübhələri barədə vicdanla məlumat verirlərsə, - məlumat vermək 

vəzifəsinin qoyulması; 

iv) maliyyə idarələrinə həm daxili, həm də beynəlxalq əməliyyatlar üzrə bütün zəruri sənədləri 

ən azı 5 il müddətində saxlamaq tələblərinin irəli sürülməsi imkanlarını Öyrənirlər. 

2.  İştirakçı dövlətlər daha sonra 2-ci maddədə göstərilən cinayətlərin qarşısının alınmasında: 

a) pul göndərişlərini həyata keçirən bütün agentliklərin işinin, o cümlədən, məsələn, onların 

lisenziyalaşdırılması işinin müşahidə edilməsi üzrə tədbirlər görülməsi; 

b)  nağd vəsaitlərin və adsız dövriyyə sənədlərinin sərhəddən, lazımi qaydada, informasiyadan 

istifadə üzrə təminatlara ciddi riayət edilməklə və kapitalın hərəkət sərbəstliyini hər hansı bir 

formada məhdudlaşdırmadan fiziki keçirilməSinin aşkar edilməsi və ya izlənilməsi sahəsində 

real həyata keçirilə bilən tədbirlərin görülməsi imkanını nəzərdən keçirərək, əməkdaşlıq edirlər. 

3. İştirakçı dövlətlər 2-ci maddədə göstərilən cinayətlərin qabaqlanmasında, daha sonra öz daxili 

qanunvericiliklərinə uyğun olaraq dəqiq və yoxlanılmış məlumatların mübadiləsi və 2-ci 

maddədə göstərilən cinayətlərin törədilməsinin qabaqlanması məqsədi ilə, zəruri hallarda görülən 

inzibati və digər tədbirlərin əlaqələndirilməsi yolu ilə, xüsusən də: 

a) 2-ci maddədə göstərilən cinayətlərin bütün aspektləri barədə informasiyanın mühafizəli və 

operativ mübadiləsinə kömək etmək məqsədi ilə onların səlahiyyətli idarələri və xidmətləri 

arasında rabitə kanallarının yaradılması və fəaliyyətinin təmin edilməsi; 

b) 2-ci maddədə göstərilən: 

i) belə cinayətlərdə əli olması barədə əsaslı şübhələr doğuran adamların şəxsiyyəti, olduğu yer və 

məşğuliyyət növü; 

ii) belə cinayətlərin törədilməsi ilə əlaqəsi olan maliyyə vəsaitlərinin yerləşdirilməsi ilə bağlı 

cinayətlərə dair təhqiqatların aparılmasında bir-birləri ilə tərəfdaşlıq yolu ilə əməkdaşlıq edirlər. 

4. İştirakçı dövlətlər Beynəlxalq Cinayət Polisi Təşkilatı (İnterpol) vasitəsi ilə informasiya 

mübadiləsi edə bilərlər. 



Maddə 19 

Ərazisində ehtimal edilən cinayətkarın cinayət təqibinə məruz qaldığı iştirakçı dövlət öz daxili 

qanunvericiliyinə və ya tətbiq edilən müvafiq prosedurlara uyğun olaraq, araşdırmanın yekun 

nəticələri haqqında Birləşmiş Millətlər Təşkilatının Baş katibinə xəbər verir, Baş katib bu 

informasiyanı digər iştirakçı dövlətlərə göndərir. 

Maddə 20 

İştirakçı dövlətlər özlərinin bu Konvensiyadan irəli gələn öhdəliklərini elə yerinə yetirirlər ki, bu, 

dövlətlərin suveren bərabərlik və ərazi bütövlüyü prinsiplərinə və digər dövlətlərin daxili işlərinə 

qarışmamaq prinsipinə cavab versin. 

Maddə 21 

Bu Konvensiyada heç nə beynəlxalq hüquqa, xüsusən də Birləşmiş Millətlər Təşkilatı 

Nizamnaməsinin məqsədlərinə, beynəlxalq humanitar hüquqa və başqa müvafiq konvensiyalara 

uyğun olaraq, dövlətlərin və ayrı-ayrı şəxslərin digər hüquqlarına, öhdəliklərinə və vəzifələrinə 

toxunmur. 

Maddə 22 

Bu Konvensiyada heç nə iştirakçı dövlətə başqa bir iştirakçı dövlətin ərazisində öz 

yurisdiksiyasını və başqa iştirakçı dövlətin daxili qanunvericiliyinə uyğun olaraq onun 

hakimiyyət dairələrinin müstəsna səlahiyyətinə aid funksiyaları həyata keçirmək hüququ vermir. 

Maddə 23 

1.  Əlavəyə: 

a) bütün dövlətlərin iştirakı üçün açıq olan; 

b) qüvvəyə minmiş; 

c) bu Konvensiyanın üzvü olan ən azı iyirmi iki dövlətin təsdiq etdiyi, qəbul etdiyi, bəyəndiyi və 

ya qoşulduğu müqavilələri əlavə etmək yolu ilə dəyişikliklər etmək olar. 

2. Bu Konvensiya qüvvəyə mindikdən sonra istənilən iştirakçı dövlət bu cür düzəliş təklif edə 

bilər. Düzəliş edilməsi barədə istənilən təklif depozitariyə yazılı şəkildə göndərilir. Depozitari 1-

ci bəndin tələblərinə cavab verən bütün təkliflər barədə iştirakçı dövlətlərin hamısını xəbərdar 

edir və təklif olunan düzəlişi qəbul edib-etməmək barədə onların rəyini soruşur. 

3.  Təklif olunan düzəlişin yayılmasından sonra 180 gündən gec olmayaraq iştirakçı dövlətlərdən 

üçdə birinin yazılı məlumat verməklə həmin düzəlişin əleyhinə çıxdığı hallardan başqa, təklif 

edilən düzəliş qəbul edilmiş hesab olunur. 



4. Əlavəyə qəbul edilmiş düzəliş iyirmi ikinci təsdiqnamənin yaxud belə düzəlişi qəbul etmək və 

ya bəyənmək haqqında sənədin saxlanılmaq üçün təhvil verilməsindən 30 gün sonra saxlanılmaq 

üçün belə sənədi təhvil vermiş bütün iştirakçı dövlətlər üçün qüvvəyə minir. Düzəlişi təsdiq 

edən, qəbul edən və ya bəyənən hər bir iştirakçı dövlət üçün iyirmi ikinci təsdiqnamənin 

saxlanılmaq üçün təhvil verilməsindən sonra düzəliş belə iştirakçı dövlətin öz təsdiqnaməsini 

yaxud qəbul etmə və ya bəyənmə sənədini saxlanılmaq üçün təhvil verməsindən sonra otuzuncu 

gün qüvvəyə minir. 

Maddə 24 

1. İki və ya daha çox iştirakçı dövlət arasında bu Konvensiyanın təfsiri və ya tətbiqi ilə bağlı 

yaranan, ağlabatan müddət ərzində danışıqlar yolu ilə nizama salına bilməyən istənilən mübahisə 

iştirakçı dövlətlərdən birinin xahişi ilə arbitraja verilir. Əgər arbitraj haqqında xahişlə müraciət 

edildiyi gündən etibarən altı ay ərzində tərəflər onun təşkili barədə razılığa gələ bilməsələr, bu 

tərəflərdən hər hansı biri mübahisəni Məhkəmə Statutuna müvafiq olaraq, ərizə ilə müraciət 

etməklə Beynəlxalq Məhkəməyə verə bilər. 

2. Hər bir dövlət bu Konvensiyanı imzalayarkən, təsdiq edərkən, qəbul edərkən, bəyənərkən 

yaxud ona qoşularkən özünü 1-ci bəndin müddəaları ilə bağlı hesab etmədiyikıi bəyan edə bilər. 

Digər iştirakçı dövlətlər belə bir qeyd-şərt bildirmiş hər hansı iştirakçı dövlətə münasibətdə 1-ci 

bəndin müddəaları ilə bağlı olmayacaqlar. 

3.  2-ci bəndə müvafiq olaraq qeyd-şərt bildirmiş hər hansı dövlət istənilən vaxt Birləşmiş 

Millətlər Təşkilatının Baş katibini xəbərdar etməklə bu qeyd-şərti ləğv edə bilər. 

Maddə 25 

1.  Bu Konvensiya 2000-ci il yanvarın 10-dan 2001-ci il dekabrın 31-dək Nyu-Yorkda Birləşmiş 

Millətlər Təşkilatının mərkəzi idarələrində bütün dövlətlərin imzalanması üçün açıqdır. 

2.  Bu Konvensiya təsdiq edilməli və ya qəbul edilməli yaxud bəyənilməlidir. Təsdiqnamələr 

yaxud qəbul etmə və ya bəyənmə haqqında sənədlər saxlanılmaq üçün Birləşmiş Millətlər 

Təşkilatının Baş katibinə təhvil verilir. 

3.  Bu Konvensiya istənilən dövlətin qoşulması üçün açıqdır. Qoşulma barədə sənədlər 

saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilir. 

Maddə 26 

1. Bu Konvensiya iyirmi iki təsdiqnamənin yaxud qəbuletmə, bəyənmə və ya qoşulma haqqında 

sənədin saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının 

Baş katibinə təhvil verilməsindən sonra otuzuncu gün qüvvəyə minir. 

2. Bu Konvensiyanı təsdiq edən, qəbul edən, bəyənən və ya ona qoşulan hər bir dövlət üçün 

iyirmi iki təsdiqnamənin yaxud qəbuletmə, bəyənmə və ya qoşulma haqqında sənədlərin 




saxlanılmaq üçün təhvil verilməsindən sonra Konvensiya bu dövlətin öz təsdiqnaməsinin yaxud 

qəbuletmə, bəyənmə və ya qoşulma haqqında sənədinin saxlanılmaq üçün təhvil verilməsindən 

sonra otuzuncu gün qüvvəyə minir. 

Maddə 27 

1. İstənilən iştirakçı dövlət Birləşmiş Millətlər Təşkilatının Baş katibinə yazılı xəbərdarlıq 

göndərməklə bu Konvensiyanı denonsasiya edə bilər. 

2.  Denonsasiya Birləşmiş Millətlər Təşkilatının Baş katibinin xəbərdarlığı aldığı tarixdən bir il 

keçdikdən sonra qüvvəyə minir. 

Maddə 28 

Bu Konvensiyanın ingilis, ərəb, ispan, Çin, rus və fransız dillərindəki mətnləri eyni qüvvəyə 

malik olan əsli saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilir. Baş 

katib bu Konvensiyanın təsdiq edilmiş surətlərini bütün dövlətlərə göndərir. 

Bunun təsdiqi olaraq, özlərinin müvafiq hökumətləri tərəfindən lazımi qaydada səlahiyyət 

verilmiş aşağıda imza edənlər bu Konvensiyanı imzaladılar. Konvensiya 2000-ci il yanvarın 10-

dan Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının mərkəzi idarələrində imzalanmaq üçün açıqdır. 

ƏLAVƏ 


1.  Hava gəmilərinin qanunsuz zəbt edilməsinə qarşı mübarizə haqqında Konvensiya, 1970-ci il 

dekabrın 16-da Haaqada imzalanmışdır. 

2.  Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilən qanunsuz hərəkətlər əleyhinə mübarizə 

haqqında Konvensiya, 1971-ci il sentyabrın 23-də Monrealda imzalanmışdır. 

3.  Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş 

cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, 1973-cü il dekabrın 

14-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası qəbul etmişdir. 

4. Adamların girov götürülməsinə qarşı mübarizə haqqında Beynəlxalq Konvensiya, 1979-cu il 

dekabrın 17-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası qəbul etmişdir. 

5. Nüvə materialının fiziki mühafizəsi haqqında Konvensiya, 1980-ci il martın 3-də Vyanada 

qəbul edilmişdir. 

6.  "Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilən qanunsuz hərəkətlərlə mübarizə 

haqqında Konvensiyanı tamamlayan Beynəlxalq mülki aviasiyaya xidmət göstərən aeroportlarda 

qanunsuz zorakılıq hərəkətlərİ əleyhinə mübarizə haqqında Protokol, 1988-ci il fevralın 24-də 

Monrealda imzalanmışdır. 



7. Dəniz gəmiçiliyinin təhlükəsizliyinə qarşı yönəldilmiş qanunsuz hərəkətlərlə mübarizə 

haqqında Konvensiya, 1988-ci il martın 10-da Romada imzalanmışdır. 

8. Kontinental şelfdə yerləşən stasionar platformaların təhlükəsizliyi əleyhinə yönəldilmiş 

qanunsuz hərəkətlərlə mübarizə haqqında Protokol, 1988-ci il martın 10-da Romada 

imzalanmışdır. 

9. Bomba terrorizmi ilə mübarizə haqqında Beynəlxalq Konvensiya, 1997-ci il dekabrın 15-də 

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası qəbul etmişdir. 

 

 



 

Yüklə 103,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə