Tərtib edən: Səid Mirzai Giriş İkinci Qüds Günündən bir xatirə



Yüklə 1,28 Mb.
səhifə1/17
tarix26.09.2017
ölçüsü1,28 Mb.
#2206
  1   2   3   4   5   6   7   8   9   ...   17


Fələstİn
İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında

Tərtib edən: Səid Mirzai


Giriş



İkinci Qüds Günündən bir xatirə1

İslam, insaniyyət, inqilab və imam günü

Bu gün Böyük və Ümumdünya Qüds Günü, dünya müsəlmanlarının amallarının bir sözdə və bir cümlədə cəm olduğu gündür. Bu gün bütün xalq və ölkələrdən olan bütün müsəlman qüvvələrin birlik günü, İslam, insaniyyət və inqilab günü, bizim imamımızın günüdür!


Qüds Gününün digər ilahi günlərdən üstünlüyü

İran xalqının zəfərli inqilabından sonra bizim çoxlu xatirəli günlərimiz olmuşdur: 22 bəhmən (11 fevral), 15 xordad (5 iyun), 17 şəhrivər (8 sentyabr), 12 fərvərdin (1 aprel) və digər günlər. Lakin bütün bu xatirəli günlər arasında Qüds Günü iki cəhətdən üstünlüyə malikdir. Əvvəl ona görə ki, digər günlər İran xalqına aiddirsə, Qüds Günü bütün müsəlman xalqlara aiddir. Qüds Günündə bütün müsəlman xalqlar, hətta dünyanın bütün məzlum xalqları İran xalqı ilə birlik və həmrəylik hiss edirlər. İran xalqı Qüds Günü və Fələstin məsələsində qabaqcıl kimi fədakarlığa hazırdır. Digər xalqlar da bu inqilabçı xalqla çiyin-çiyinə və bizim təcrübələrimizdən istifadə edərək işğal olunmuş Fələstin torpaqlarını azad etmək məqsədilə bizimlə birgə addım-addım irəliləməlidirlər.

Qüds Gününün ikinci üstünlüyü budur ki, digər günlər keçmiş fədakarlıqların və qələbələrin xatirə günü, Qüds Günü isə gələcək fədakarlıqlara və qələbələrə qərar və səy günüdür. Digər xatirələrdə bizim xalqımız keçmişi xatırlayırsa, Qüds Günündə gələcəyi yada salıb özündə maraq, iradə və qərar toplayır, hərəkətə gəlir və gələcəyə yol açır.
ABŞ hegemonlarına və sionist muzdurlarına zərbə günü

Biz bu gün Qüds məsələsi barədə aydın baxışa və qətiyyətli bir qərara malik olmalıyıq. Qardaş və bacılar! Bu, çox böyük və əhəmiyyətli məsələdir. Qüds, Qüds Günü və Fələstin məsələsi dünya məzlumlarının iman ruhundan ilham almaqla, Böyük Allaha təvəkkül etməklə dünyanın böyük hegemonlarının, ilk növbədə ABŞ hegemonizminin və sionist muzdurlarının belini qırmalıdır.

Qüds məsələsi bizim xalqımız və böyük müsəlman ümmətinin hamısı üçün taleyüklü bir məsələdir. İran inqilabı bu sərhədlərin daxilində qələbə çaldısa, bu o demək deyil ki, biz qane olub son qələbəni əldə etdiyimizi düşünək. Nə qədər ki, İslam və ərəb torpaqlarının ürəyində işğalçı İsrail adlı bu üfunətli yara və çirkin vəzi mövcuddur, biz qələbə çaldığımızı hiss edə bilmərik. Biz qulağımızın dibində və işğal olunmuş torpaqlarımızda öz düşmənimizi görə bilmərik.
Fələstinin gələcəyi

Bəs Fələstinin və Qüdsün gələcəyi necə olacaq? Mən bu barədə bir qədər məlumat verim. İran xalqı bilsin ki, bu regionda məğlubedilməz bir tilsimi sındırdı; yəni Orta Şərq regionunda və hətta bütün Asiyada ən böyük və möhkəm qalanı - hegemonizmin böyük və güclü qalası olan zalım Pəhləvi rejimini məhv edə bildi. Əfsanəvi bir güc formasına düşmüş ikinci tilsimi də bizim inqilabımız sındırıb məhv edəcək.


İlahi vəd: Bəni-İsrailin ikinci məğlubiyyəti

Bunu Allahın vədindən öyrənməliyik. Allah-Taala Bəni-İsrail surəsində onlara müraciətlə buyurur: “Siz yer üzündə iki dəfə fitnə-fəsad törədəcək və çox dikbaşlıq edəcəksiniz!“2 Ey İsrail övladları, siz tarixdə iki gün və iki dəfə fəsad törədəcək, yer üzündə təkəbbürlülük və hegemonluq edəcəksiniz. Lakin hər ikisində Allah bəndələrindən və Allah qoşunlarından bir qrupu peyda olub fəsadınızın, təkəbbürlülüyünüzün və hegemonluğunuzun cəzasını verəcək.

Düzgünlüklə, haqq, həqiqət və ədalət silahı ilə tarixin qanunlarının təbii yolunu keçməyə hazır olan bir ümmətə Allah kömək edəcək. Lakin hansı bir xalq fəsad etsə, məzlumlara zülm etsə və insani dəyərləri görməzdən gəlsə, məhvə məhkumdur.
Fələstin məsələsi insaniyyət məsələdir!

Bu gün dünyada nə baş verir? Bu gün sionistlər ərəb regionunda hansı işlərlə və hansı əməllərlə məşğuldurlar? Ürəkləri fələstinli qardaşlarının xatirəsi ilə döyünən müsəlman qardaş və bacılar, bölgəyə ötəri bir nəzər yetirin. Qaçqın adama hər kəsin rəhmi gəlir. Bu gün Fələstin adlı bir xalq qaçqındır, öz evindən, vətənindən, ölkəsindən didərgin düşmüşdür.

Bu məhrum və məzlum uşaqlar çadırların altında, düşərgələrdə doğulur, onların qarşısında öz əsl vəzifələrinə əməl etməyən iddialı dövlət və xalqların köməyi ilə böyüyür, çadır altında silah öyrənir, çadır altında dərs oxuyur, düşərgələrdə yaşayırlar. İki-üç milyonluq bir xalqı evindən, yuvasından, şəhərindən, məscidindən və həyatından məhrum etmək, yad ölkələrə qovmaq bəşər tarixinin ən böyük faciəsidir. Məhz buna görə biz düşünürük ki, Fələstin məsələsi sırf ərəb və hətta sırf İslam məsələsi deyil. Bu, çox əhəmiyyətli olan insaniyyət məsələdir.
Sionistlərin misilsiz cinayətləri

Bu gün xain sionist rəhbərlərin bu faşist və cinayətkar dövlətdə icra etdiyi faşizm üsulu dünyada misilsizdir. Siz görün Deyr-Yasində nə etdilər, İsrail həbsxanalarında nə etdilər! Müsəlman gəncləri tutub həbs edir, işgəncə verir, hətta şprislə qanlarını çəkib israilli muzdurlara saxlayırlar. Siz görün Fələstin xalqının sərvətləri ilə nə edir, onların kişilərinin, qadınlarının, gənclərinin başına hansı oyunları açır, müsəlman dövlətlərlə nə edirlər!


Müsəlman dövlətlərin parçalanmasının səbəbkarı

Bu çirkin xərçəng vəzisini bəşəriyyətin böyük düşmənləri olan hegemonlər bizim İslam və ərəb vətənimizin daxilində yaratdılar. Bu gün bu vəzi inkişaf etmiş və müsəlman dövlətlərin parçalanmasına səbəb olmuşdur. Siz baxın, özlərinə İslam adı qoymuş bu dövlət başçılarından Fələstin məsələsi qarşısında özünün dini, insani və milli vəzifələrini tam şəkildə yerinə yetirən bir nəfər də göstərə bilməzsiniz. Nə üçün? Çünki onları ərəb ölkələrinin daxili məsələləri ilə məşğul ediblər. Bu faciələr haradan yarandı? İsrail adlanan bu çirkin vəzidən. Bu vəzi superdövlətlər və böyük güclər vasitəsilə müsəlmanların və ərəblərin yaşadığı torpaqların qəlbində yarandı.


Müsəlmanların dünyada xoşbəxtlik amili

Bu gün Fələstin xalqı ayağa qalxmış və oyanmışdır. O zaman Quran Bəni-İsrailə azğınlıq əleyhinə böyük bir mübarizədə olduqlarını deyirdi. Bu gün həmin müraciət fələstinli müsəlmanlara və bütün qeyrətli müsəlmanlara ünvanlanmışdır: “Yaxşılıq da etsəniz, özünüzə etmiş olursunuz, pislik də!“3 Əgər yaxşılıq etsəniz, Allah yolunda çalışsanız, Allahın fərmanına əməl etsəniz, insaniyyət, din və həqiqət düşmənləri ilə mübarizə yolunda olsanız, ey fələstinli müsəlmanlar, ey ərəb müsəlmanlar və ey dünyanın müsəlmanları, əgər bu vəzifələrə əməl etsəniz, özünüzə yaxşılıq etmiş olacaqsınız.

Bu regionda böyük bir İslam gücünün yaranacağı, Şərqin və Qərbin böyük təcavüzkarlarına möhkəm zərbə vuracağı gün İslam xalqları daha məzlumluq, məhrumluq, yoxsulluq və aclıq üzü görməyəcəklər. Siz görün İslam ölkələri yoxsulluq, savadsızlıq və cəhalət baxımından hansı vəziyyətdədirlər! Bu geniş torpaqlarda on milyonlarla müsəlman yaşayır, amma heç birində bu xalq üçün insani və şərəfli bir məişət şəraiti yoxdur. Nə üçün belədir? Çünki böyük güclər öz maraqlarını təmin etmək üçün bu xalqı, bu xaqları həmişə təzyiq, ixtilaf və nifaq alovu altında saxlamağı vacib bilmişlər. Onların başını özləri ilə, daxili məsələləri ilə qarışdırıb, böyük bir beynəlxalq vəhdətə nail olmalarına imkan vermirlər. Hegemonizmin regiondakı əlaltısı və bazası da xain İsraildir.
Sionizmin və yəhudiliyin bir-birindən ayrı olması

Biz sionizmi bir din və məzhəb bilmirik, onu yəhudilikdən ayırırıq. Dünyada sionizmə nifrət edən azad və pak fitrətli yəhudilər çoxdur. Sionizm isə məzlum müsəlmanlara aid torpaqları işğal etməkdən və zülmkarlıqdan başqa həyat imkanı olmayan faşist və təcavüzkar bir siyasi cərəyandır.


Fələstin xalqına köməkdən ibarət vacib əməl

Biz İran xalqı və İranın inqilabçı müsəlmanları İslam dünyasının diqqətini cəlb etdikdən və ABŞ hegemonizminə bu möhkəm zərbəni vurduqdan sonra bu yolda da böyük addım atmalıyıq. Biz ərəb xalqlarına Fələstin yolunda mübarizə və Fələstin üçün fədakarlıq dərsi öyrətməliyik.

Qeyd etdiyim kimi, bizim üçün Fələstin məsələsi bir insani və dini məsələdir. Ona görə insani məsələdir ki, bu regionda bir qrup antibəşər cinayətkar toplaşmışdır. Onların cinayətdən, təcavüzdən, istismarçılıqdan, inqilabçı xalq və dövlətlər əleyhinə təxribatdan başqa bir işləri yoxdur.

Bu gün də bizim düşmənlərimizə kömək etməkdədirlər. Bu gün də bizimlə müştərək sərhədləri olan və əleyhimizə təxribat aparan şəxslərə kömək etməkdədirlər. Onlar bu regionda ABŞ-ın İran və İran inqilabı əleyhinə təxribat mərkəzidirlər. Bundan əlavə, qardaşlar və bacılar, Fələstin məsələsi bizim üçün bir dini məsələdir. İslam müsəlman torpaqlarını müdafiə etməyi, məzlum və məhrumların hüququnu qorumağı vacib etmişdir. Bizə vacib etmişdir ki, 30 ildir “ey müsəlmanlar” - deyə fəryad qoparan, lakin heç kimin cavab vermədiyi bir xalqa malımızla və canımızla kömək edək.


Fələstin məsələsində müsəlman dövlətlərin səhlənkarlığı

Fələstin xalqı otuz ildir “ey müsəlmanlar” - deyə çağırır. Bu ərəb dövlətlərinin hansı iddia edə bilər ki, fələstinli qardaşlarının bu fəryadına cavab vermişdir. Halbuki hakimiyyətə gələndə xalqlarının dəstəyini qazanmaq üçün hamısı Fələstini müdafiə şüarı verirlər.

Mən Şimali Afrika hökumətlərinə, Orta Şərq hökumətlərinə, işğalçı İsraillə həmsərhəd ölkələrin hökumətlərinə, Farz körfəzi hökumətlərinə deyirəm. Bunların hansı biri fələstinli qardaşlara və Fələstin məsələsinə bir İslam hökumətinin vəzifəsi olan həddə kömək etmişdir?! Otuz ildir bir neçə milyon müsəlmanın, məhrum və məzlum insanın imdad naləsi ucalır. Bunların dadına kim çatmalıdır?!
İnqilabın ən əsas, ən mühüm və ən prinsipial məsələsi

İşğalçı və zalım Pəhləvi rejimi hətta bizim Fələstin barədə fikirləşməyimizə də qoymurdu; qoymurdu ki, bu məsələni beynimizdən keçirək, hiss edək və xalqımız Fələstin probleminin İranın və İran inqilabının bir hissəsi olduğunu duysun. Lakin bu gün bu ümmətin imamı ayıqdır. Bu gün ümmətin imamı haqlı olaraq bizim inqilabımızın ən əsas, ən mühüm və ən prinsipial məsələsi olan Qüds məsələsi üzərində dayanmışdır. Ərəb, müsəlman və Fələstin mübarizələri tarixində ilk dəfədir Qüds Günü adlı bir gün təyin olunmuşdur. Siz dünən axşam evlərin damına çıxıb təkbir sədası ucaltdınız. Bütün ərəb və İslam ölkələrində sizin çağırışınızı eşidən və sizin dəvətinizdən xəbərdar olan şəxslər çağırışınıza cavab verdilər və təkbir fəryadı bütün İslam üfüqlərində zalımların qulaqlarını kar etdi, hegemonların yuxusunu qarışdırdı. Bu hərəkət davam etməlidir. İran xalqı ciddi şəkildə və həqiqətən, kompliment üçün yox, dildə yox, ciddi surətdə İran xalqı, İran hökuməti, qanunverici və icraçı orqanlar Qüds Günü və Fələstin məsələsinə yardım istiqamətində addım atmalıdırlar.


Xalqların iradə və əzmkarlığı ilə İsraili məhv etməyin mümkünlüyü

Qüds və Fələstin məsələsinə ciddi yanaşın. Əzəmətli şəhər olan Beytülmüqəddəs Allah peyğəmbərlərinin təhlükəsiz yeri, müsəlmanların ilk qibləsi olmuşdur. İndi isə sionçu işğalçıların hökmranlığı altında və antibəşəri təcavüzkarların ixtiyarındadır. Beytülmüqəddəs azad edilməlidir! Fələstin torpağı azad edilməli və öz xalqına qaytarılmalıdır! Deməsinlər ki, siz bir ölkəni xəritədən necə silə bilərsiniz. Deməsinlər ki, 30 ildir böyük güclərin himayəsi altında olan bir dövləti necə məhv etmək olar. İnsanların iradəsi və imandan qaynaqlanan əzmkarlığı bütün problemləri asanlaşdırır, bütün möcüzələri mümkün edir.

Siz gördünüz ki, İran xalqı on minlərlə şəhid verməklə sizin və Qüds Günü üçün buraya gəlmiş qonaqların gözlərində əfsanəyə çevrilmişdir. İran xalqı yüz min yaralı, yetmiş min şəhid verib. Yenə də yaralı və şəhid verməyə hazırdır. İran xalqı Allaha görə, Allahın adını ucaltmaq, İslamı dirçəltmək, böyük bir İslam dövləti qurmaq, ABŞ və SSRİ-nin burnunu ovmaq və böyük gücləri bu regiondan məyus edən böyük bir İslam gücü yaratmaq naminə yenə də fədakarlığa, şəhid verməyə hazırdır.
İran İslam İnqilabı - bütün İslam inqilablarının örnəyi

İran inqilabı regionun bütün İslam inqilablarının anası olmuşdur və olacaq. Sizin inqilabınızın qələbəsindən sonra bütün bu bölgədə İslam və iman duyğuları baş qaldırdı. Bu gün regionun müxtəlif yerlərində İslam ideologiyasına əsaslanan azadlıq hərəkatları yaranmışdır. Amma siz davam etməlisiniz. İran xalqı bilməlidir ki, bu övladlar ona kömək edəcəklər. Ey ərəb və İslam dünyasının İslam inqilablarının anası! Ey İran İslam İnqilabı! Ey İranın böyük müsəlman xalqı! Ey Böyük Rəhbər! Şübhəsiz, bu inqilabın törəmələri - yəni müsəlmanlar yaşayan bütün ölkələrdə baş verən və baş verəcək digər inqilablar İran İslam İnqilabına kömək edəcəklər. Amma İran İslam İnqilabı da öz yolunu davam etdirməlidir. Biz ABŞ-ı məyus etməliyik və gördük ki, məyus edə bilirik.


ABŞ hegemonizmi və məzlum ərəb xalqları qarşısında vəzifəmiz

Bu gün bizim qarşımızda iki qüvvə mövcuddur. Bir amil regionda işğalçı İsrail dövlətində təcəssüm olunan ABŞ və hegemonizmdir. Biz ABŞ istismarçılığının və təcavüzünün təzahürü olan bu işğalçı dövləti təzyiq altda saxlamağı və onu məhv etməyi məqsəd seçməliyik. Digər amil onun qarşı tərəfində dayanmış məzlum ərəb xalqlarıdır. Biz bu məzlum xalqları öz qardaşlarımız və cəbhə yoldaşlarımız bilməli, ümumi qiyama dəvət etməliyik.


Qum və su vedrəsi məsəli

Mən bu gün siz Tehran əhalisinin və İran xalqının adından, bu möhtəşəm milyonluq tribunadan, Qüds Gününün bu izdihamlı toplantısından bu əhaliyə qoşulmuş, bu ölkəyə və öz evlərinə - İslam evlərinə gəlmiş əziz qonaqlarımıza elan edirəm: Gedin İranın inqilabçı müsəlmanlarının salamını öz xalqlarınıza çatdırın, bizim təcrübəmizi və Allahın barəmizdəki möcüzəsini onlara deyin, onları hərəkət etməyə çağırın. Ümmət imamının buyurduğu kimi, bir milyard müsəlman, bir milyard insan bugünkü dünya üçün əzəmətli və möhtəşəm bir gücdür. Əgər ümmət imamının buyurduğu kimi, hər adam bir vedrə su və ya ötən il bu gündə mərhum Ayətullah Taliqaninin dediyi kimi, bizim hər birimiz İsrail dövlətinə sarı bir qum dənəsi atsaq, şübhəsiz, bu şeytanı qum təpəsi altında dəfn edərik.

Ey müsəlman xalq! Ey İranın böyük və qəhrəman xalqı! Qüds Günü bizim və sizin İslam inqilabımızın böyük şüar günüdür. Biz özümüzü hazırlamalıyıq. Mən bu gün sizə elan edirəm ki, öz hərbi hazırlığınızı, döyüş və silah-sursat hazırlığınızı hər gün artırın və keyfiyyətini yüksəldin. Bizim qarşımızda Fələstin problemi, ABŞ hegemonizmi, təcavüz və təxribatlar var.



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə