Təsirli deyilən ziyalı sözü öz təsirini göstərir



Yüklə 484,48 Kb.
səhifə2/2
tarix21.10.2017
ölçüsü484,48 Kb.
#6251
növüYazı
1   2

Epiloq

            Səhər çox soyuq idi, lap adamın əl-ayağı donurdu. Sentyabrın axırları üçün hələ belə hava görünməmişdi. Bütün gecəni Kenkiti Saymuranın gözünə yuxu getmədi, səhərəcən kətildə oturub fikrə daldı.

O, dünən gecə yarısı evə qayıdanda arvadı Satokonu yarıçılpaq halda döşəmədə gördü.

Arvadı cəld sıçrayıb qalxdı, “Qucaqla məni, sevindir məni” – deyərək üstünə atıldı. O əvvəl elə bildi ki, Satoko sərxoşdu, amma əslində belə deyildi. Qadın gözlərini harasa lap uzaqlara zilləyib durmadan deyirdi: “Mən kəpənəyəm!.. Mən kəpənəyəm!..” Şübhəsiz ağlını itirmişdi.

Saymura tez bir tanış həkimə zəng vurdu, belə danışdılar ki, arvadı xəstəxanaya qoysunlar. Gecədən xeyli keçməsinə baxmayaraq həkim tibb bacısını da götürüb gəldi. Saymura çox çalışsa da arvadının əyninə paltar geyindirə bilmədi. O, hətta xahiş elədi, yalvardı da, – xeyri olmadı. Axırda arvadını elə gecə köynəyindəcə maşına mindirməyə məcbur oldu.

Son vaxtlar arvadının əsəbi olduğunu Saymura hiss eləyirdi, amma nədənsə buna bir o qədər əhəmiyyət vermirdi. Indi isə o elə bil ilk gündən xəstəliyin üstünə düşmədiyinə görə bərk peşman olmuşdu.

Saymura arvadının yazı masasına yaxınlaşıb qalın dəftəri götürdü.

Dəftərin üstündə səliqəylə yazılmışdı: “Kəpənək mövsümü”. Bir-iki ay əvvəl Satoko belə bir pyes yazdığını demişdi. Maraqlıdır, görəsən nə cür alınıb? O, dəftəri açdı və arvadının səliqəylə yazıb doldurduğu səhifələri görəndə təəccübləndi. Bəlkə o, pyes yox, roman yazırmış?

Indiyəcən arvadının işlərinə qarışmayan Saymura, bu gün onun nə yazdığını bilmək istədi. Bəlkə dəftərdən qadının xəstəliyinin səbəbini öyrənmək olardı? Bu, romandan çox gündəliyi xatırladırdı. Qəribə, sayıqlamaya oxşar, həqiqətlə qarmaqarışıq xəyaldan yaranmış bir gündəlik idi. Bütün bunları arvadının necə həvəslə kağıza köçürdüyünə Saymura mat qaldı.

Nə qədər çox oxuyurdusa, heyrəti bir o qədər artırdı. Tadzima həmin gecə buralarda ola bilməzdi. Tadzima da Yuminin zəng vurduğu restoranda idi. Özü də çox həyəcanlı görünürdü və həddindən artıq içmiş qızı sakitləşdirməyə çalışırdı. Saymura gələndən sonra, ikisi köməkləşib bir təhər sərxoş Yumini evinə apardılar. Sonra da Saymura ləngimədən öz evinə qayıtdı.

Çox güman ki, Tadzimanın gəlişi – xəstə təfəkkürün nakam bir arzudan doğan xəyalı imiş. Saymura Tadzimayla Satokonun münasibətləri haqqında çox az şey bilirdi. Amma hər halda bacısı oğluna bələddi – onda bu cür vəhşi ehtiras ola bilməzdi. Əgər Tadzimanın Satokonu sevdiyindən xəbəri olsaydı, Saymura onunla evlənməzdi. Hər şey necə də səfeh, sarsaq alınırdı! Axı o, yaşamaq uğrunda gündəlik mübarizələrdən yorulub əldən düşmüş, bütün bacarığını ədəbi qondarmalara sərf edən, ürəyinə yatmayan bir iş görəndə bütün bədəni sızıldayan, çəlimsiz, dəhşətli dərəcədə tək-tənha dolanan bu qadını sidq-ürəkdən xoşbəxt eləmək istəmişdi. Ona firavan, rahat həyat, sevinc vermək istəmiş, əvəzində nə qədər kədərə qərq eləmişdi. Satoko zahirən həmişə mülayim, sakit, həyatından razı qadın kimi görünürdü. Gecələr ərinin qoynunda sakitcə büzüşüb yatar, bundan artıq heç nə tələb etməzdi. Kişinin ağlına da gəlməzdi ki, arvadı nə qədər bədbəxtdir. O fikirləşməzdi ki, bu təvazökar, cılız qadın ehtiras həsrətindən od tutub yana bilər. Görünür uzun illərin tənhalığı ona qəmini dərinliklərdə gizlədərək, ətrafındakıları artıq əziyyətə salmadan sürfə kimi sakitcə yaşamağı öyrətmişdi.

Ah, əgər o bunlardan bir qədər əvvəl xəbər tutsaydı! O zaman arvadına deyərdi: “Satoko, sən xoşbəxtsən ki, özünü sürfəyə bənzədə bilirsən. Axı onun həyatının belə üzdən boz görünməyinə baxma, əslində dünyanın bütün rənglərindən və səslərindən həzz ala bilir, gizlicə usana bilir, yanıb kül ola bilir, gözəl yuxular görə bilir. Sürfədə heç olmasa həyat üçün ən başlıca amil – ümid var! Kəpənək nədi axı? Bir göz qırpımında yanıb sönən, sonra da heç bir ümidi, heç bir arzusu qalmayan qığılcım, həyatın ani parıltısı.

Sən kəpənəyə dönmək istəyirdin. Çünki nə yaradıcılıq, nə də həyata yaradıcı münasibət sənə sevinc gətirə bilirdi. Sən tək bircə anlıq həyatı duymaq və bu duyğu xatirinə yaşamaq istəyirdin. Nə olar, axır ki, istəyinə çatdın – kəpənəyə döndün”.

Saymuranın arvadına yazığı gəldi. Onun Saymurayla Tadzima arasında necə vurnuxduğunu, istədiyini heç cürə tapa bilməyib nə vəziyyətə düşdüyünü təsəvvür elədi. Sən demə onunçün qadın qınına çəkilərək tənhalığa qapılırmış. Əslində elə biz hamımız bu hissləri keçiririk. Hərə öz xüsusi dünyasında ömür sürür, bu dünyadan heç yana çıxa bilmir… Kimsə deyib ki, insan – şəxsi dəri adlı təkadamlıq kamerada ömürlük həbsə məruz qalmış məxluqdur… Satoko, dəlinin biri dəli!.. Bu qadın necə başa düşməyib ki, nə əri, nə Tadzima, nə də başqa bir kəs onu həmin təkadamlıq kameradan qurtarmaq iqtidarında deyil. O isə özü öz gücünə bu işin öhdəsindən gələ bilib. Günü-gündən dönməz inadkarlıqla bu xəyalı beynində yaşadıb, canlandırıb, nəhayət, həqiqi aləmdən ayağı üzülüb və indi kmi bilir, bəlkə də hardasa arzuladığı səadətə qovuşub.

Saymuraya birdən elə gəldi ki, arvadını xəstəxanaya qoymaqla düzgün iş görməyib. Əlbəttə, o xoş niyyətlə bunu eləmişdi, lakin… Arvadı axı onunla mənəvi birlik arzusunda idi. Sevinc həsrətində idi. Bir tərəfdən düşündü ki, onsuz da həmin birlik arzusunu, sevinc həsrətini bütöv halda Satokoya verə bilməzdi, başqa bir yandan da hiss elədi ki, ondan başqa bu qadına, ümumiyyətlə, heç kim heç nə verə bilməzdi… İndi daha o, arvadının qayğısına qalacaqdı, yanından bir addım da çəkilməyəcəkdi. Saymur hətta fikriləşdi ki, ağlını itirmiş qadınla bir yerdə yaşamaq, özü də kəpənəyə döndüyünə inanan qadınla yaşamaq hətta bir az da xoş olar.

O bütün otaqları gül-çiçəklə dolduracaqdı. Yalnız onların ikisinə məxsus olan bir ayrı aləm yaradacaqdı. Və bu yeni aləmdə onların yeni həyatı başlayacaqdı…

* * *

Ərini işə yola salandan sonra Mari paltarasan dolabın qarşısında durub fikrə getmişdi. Səhər hava bir az da soyumuşdu. Mari paltarların birini götürüb, birini qoyurdu – neyləsin axı, geyinməyə heç nəyi yoxdu… O nəhayət, bir yun köynək tapdı. Yayın necə keçib-getdiyini Mari də hiss eləməmişdi. Heç bir yana getməmişdilər, hətta dənizdə də olmamışdılar. Bəs axı Syun söz vermişdi? Ümumiyyətlə, o çox şey vəd eləmişdi. Bu kişilər nə yaman gopçu olurlar? Neyləyəsən? Əslinə baxanda təkcə kişini də günahlandırmaq doğru deyil. Mari özü o qədər şey-mey almışdı ki, axırda bir yana getmək üçün mükafat pulundan heç nə qalmamışdı.



Mari yun köynəyini geyib həmişə olduğu kimi dəhlizə, qonşularla laqqırtı vurmağa çıxdı.

Bu günkü söhbət ancaq Saymuranın arvadından gedirdi. Onu gecə xəstəxanaya aparmışdılar, həm də adi xəstəxanaya yox, ruhi xəstələr üçün olana. Həqiqətən də Mari gecə qonşu mənzildə qəribə səs-küy eşitmişdi. Sonra həyətdə maşın dayanmışdı. Sonra maşın sürətlə çıxıb getmişdi…

Mari köksünü ötürdü. Axı o, qonşularını ideal ər-arvad sayırdı. Indi isə söz-söhbət gəzirdi ki, Satokonun xəstəliyinə səbəb ərinin xəyanəti olub. Di gəl bu işdən baş çıxart. Həyatlarının zahiri görünüşünə görə insanlar haqqında fikir yürütmək çox çətin məsələdir.

-          Yazıq qızcığaz! Məhz bu yaş qadınçün ən qorxulu dövrdür. – Yaşlı qonşu eyhamla dedi.

Mari fikirləşdi ki, doğrudan da bu cür ola bilər. Lap elə götürək Nakamuranın arvadını. Qəribə işdi, bir səhər qadın ərindən ayrılıb, daha geri qayıtmayıb. Kəpənəyə dönüb.

Hə, doğrudan da zahiri görünüş hələ heç nə demir. Məsələn, indi dəhlizə toplaşmış bu qadınlar çox xoşbəxt görünürlər. Hər halda sifətlərindən bu oxunur. Əslində isə, allah bilir…

Qəm-qüssə qarışıq qəribə bir narahatçılıq hiss eləyən Mari ətrafına boylandı, yan-yörəsinə baxdı və birdən beton döşəmədəki ölü kəpənəyi gördü.

-          Baxın, kəpənək! Görən o bura hardan düşüb? Ilahi, necə də qəşəngdir. Lap qiyamətdir!..

Mari əyilib balaca, zərif qanadlı xallı kəpənəyi yerdən götürdü. O heç beləsinə rast gəlməmişdi.

Yalnız indi Mari döşəməyə xeyli ölmüş kəpənəyin töküldüyünü gördü. Yəqin onlar havanın belə birdən-birə soyumasından məhv olmuşdular. Bəs, yaxşı, bu qədər kəpənək binanın içərisinə haradan dolmuşdu?

Kimsə qapını açdı. Dəhlizə vuran külək kəpənəkləri yerdən qaldırdı, onlar havada fırlandılar, parıltılı qanadları ilə bir anlığa bərq vurub yenə də səssiz-səmirsiz yerə töküldülər, sanki yanıb-söndülər…

Qadınlar kəpənəklərə qaribə həsrət və heysizliklə baxırdılar. Elə bil onların bir az əvvəl xoşbəxtcəsinə parıldayan çöhrələri də bu kəpənəklərlə birgə sönmüşdü.

Isti yay – yandırıb-yaxan günəş və bir də qaynar nəşəli həyat mövsümü artıq bitmişdi.

Eləcə də kəpənək mövsümü özündən sonra dünyada yalnız kədərli xatirələr qoyaraq sona yetmişdi…

—————————————-

                                                                                                                                                Tərcümə edəni:



                                                                                                                                       Akif  ƏLİ

                                                                                                                                  1979 .
Yüklə 484,48 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə