Təsirli deyilən ziyalı sözü öz təsirini göstərir



Yüklə 85,09 Kb.
tarix04.11.2017
ölçüsü85,09 Kb.

Təsirli deyilən ziyalı sözü öz təsirini göstərir



Ölkənin çətin zamanlarında Azərbaycanı tərk edən ziyalılar, sonradan qayıdıb mövqe tutmaq istədilər

Sözünü təsirli deməyi bacaran ziyalının sözünün təsiri hər zaman olur. Vaxtilə keçid dövründə, ölkənin qarışıq zamanında bir çox ziyalılar Azərbaycanı tərk etdi. Ortalıq sakitləşəndən sonra isə  meydana çıxıb mövqe tutmaq istədilər. Amma bu mümkün deyildi. Çünki yeni düşüncəli gənclər və vaxtilə çiynini çətinliyə verən ziyalılar artıq ortada vardır… Bu istiqamətdə olan fikirlərini bizimlə bölüşən Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri, filoloji elmlər namizədi, yazıçı-publisist Akif  ƏLİ belə düşünür.

 

-Akif müəllim, bir az keçmişimizə nəzər salsaq, o dövrün yaradıcılığı, ədəbiyyatı ilə indi yaranan ədəbiyyat arasında kəskin fərq var? Artıq heç bir təsirə məruz qalmayan, tamamilə müstəqil düşüncəyə əsaslanmış Azərbaycan ədəbiyyatı formalaşır, demək mümkündür?

-Azərbaycan ədəbiyyatı zəngin tarixə malikdir və bizim klassik ədəbiyatımızın dünya səviyyəsində əsərləri olub. Ancaq bir qədər əvvəl, tutaq ki, sovet dövründə ideoloji mülahizələr baxımından ədəbiyyatın da yönümü dəyişdirilmişdi. Təbii, o zaman da qiymətli əsərlər yaranırdı. Hətta sifarişli ədəbiyyatın içində də dəyərli, xalqa xidmət edən nümunələr var idi. Amma onu da etiraf etməliyik ki, bununla yanaşı, həmin dövrdə insanlara tamamilə kosmopolit ruhu aşılayan, milli ruhumuza yad-yabançı ideyaları yayan ədəbiyyat nümunələri də yaranırdı. Ola bilər ki, onlar da millətə müəyyən dərəcədə təsir edirdi, amma həlledici rol oynamırdı. Müstəqillik qazandıqdan sonra ədəbiyyatımızda bir qədər dağınıqlıq oldu. Artıq son dövrlərdə isə gənc nəslin ədəbiyyata gur axını yarandı və bu gənclər 1960-70-ci illər ədəbiyatından fərqli olaraq dünya ədəbiyyatına yaxın istiqamətli əsərlər yaratmağa çalışırlar. Yeni ümüdverici və çox da maraqlı gənc qələm sahibləri var. Onların çoxunun perspektivi artıq görünür. Onlar Azərbaycan ədəbiyyatının ən dəyərli qədim ənənələri bazasında müasir dünyagörüşünə uyğun istiqamətdə inkişafına nail olacaqlar.



-Qeyd etdiniz ki, gənc yazıçılar artıq sözünü deyə bilir. Bəs müstəqillikdən sonra peşəkar yazıçı olanların indiki yaradıcılığı barədə nə deyə bilərsiniz?

-Həmin o illərdə olan ədəbiyyatın yaradıcıları müstəqillikdən sonra artıq öz işlərini bitirmiş kimi görünürlər. Müasir ədəbiyyatla ayaqlaşmaq baxımından onların çox az bir qismi yaradıcılığını uğurla davam etdirir.



-Yeni gələnlərlə “köhnələr” arasında yaradıcılıqla bağlı problemlər yaşanır?

-Problem var. Problem yalnız yaş fərqində deyil. Həm də dünyaya baxış, təfəkkür tərzi, həyatı qavrama, belə deyək, köhnəliklə yeniliyin mübarizəsi formasında özünü göstərir. Dünya ədəbiyyatının nümunələrinə istiqamətlənmiş əsərlər yaratmaq istəyən gənclərə demək olmaz ki, onlar millilikdən uzaq düşmək istəyirlər. Sadəcə gənclər ədəbiyyatı sovet dövründəki təhriflərdən, səhvlərdən azad etmək istəyirlər. Onlar Azərbaycan ədəbiyyatının özünün yoluna qayıtmasını, eyni zamanda dünya miqyasına çıxmasını istəyirlər. İndiki gənc nəsil dar çərçivədən çıxaraq  bütün dünya xalqlarının zəngin ədəbiyyat əsərlərini meyar kimi götürür. Dünyada gedən proseslər bunun daha düzgün olduğunu göstərir.



-Sizin üçün necə oldu? Müstəqillik qazandıqdan sonra yaradıcılıqla məşğul olmaq çətinləşdimi, yaxud əksinə daha da asan oldu?

-Mən sovet dövründə daha çox satirik əsərlər yazmışam. Bu da mənim fikrimi, mövqeyimi  bildirmək üçün bir vasitə idi. Bizim üçün çox çətin keçid dövrü olan 1988-93-cü illər tam başqa  bir mərhələ idi. Bu dövrün tələbinə uyğun olaraq yaradıcılığımda bədii publisistikaya meyl artdı. Məsələn, sovet dövründə bəyənmədiyin bir şey haqqında yazı yazmaqdansa, sözü satirik formada deməyi daha məqbul hesab edirdim. Başqa bir şey-mədhiyyə nümunələri, hansısa bir lirik ovqatlı yazı qələmə ala bilmirdim. Müstəqilliyə keçid dövründə isə ona görə publisistakaya üstünlük verdim ki, imperiyadan qopduğumuz o dövrdə xalqa bütün həqiqətlər açıq və çılpaq şəkildə çatdırılmalıydı. Hesab etdim ki, mövcud problemlər, indiyədək deyilməyən, gizlədilən, yasaq olunan, ancaq xalqımızın taleyi üçün həlledici sayılan həqiqətlər ancaq publisistik dillə deyilsə, daha səmərəli olar.



-Yəni siz insanların hisslərinə deyil, birbaşa şüuruna yönəlmiş yaradıcılığa üstünlük verdiniz?

-Mən hesab etdim ki, hansısa bir mücərrəd bədii yazıdansa, lirik məişət macəraları quraşdırmaqdansa oxucuya konkret söz demək daha vacibdir. Biz keçmişdən ayrılmalıydıq və bunu izah etmək lazımdır ki, niyə ayrılırıq. Eyni zamanda müstəqilliyin nə demək olduğunu, nə gətirəcəyini izah etmək lazım idi. Bəlkə də ziyalılar üçün bunların hamısı aydındır. Amma o mürəkkəb zamanda əhalinin elə təbəqəsi ola bilərdi ki, onlara bu məqamları bir qədər geniş açıqlamaq lazım idi. Mən o zaman publisistikanın doğru seçim olduğunu düşündüm və proseslərin gedişində həqiqətən bu seçim özünü doğrultdu.



-Belə başa düşdüm ki, siz müstəqillik dövründə bir ziyalı kimi öhdənizə düşən vəzifəni  yerinə yetirdiniz. Amma qeyd etdiniz ki, o dövrün bir çox ziyalıları, yaradıcı insanları müstəqillik dövründə ya kənara çəkildi, ya da öz işlərini bitmiş hesab etdi. Belə bir şəraitdə ölkədə birdən-birə ziyalı boşluğu, yaradıcı insan çatışmazlığı yaranmadımı? Sizcə, bu boşluq nəticəsində mənəviyyatımız zədə aldı?

-O arada boşluq var idi. Ziyalılar nəinki kənara çəkildilər, hətta Azərbaycanda elə tanınmış ziyalılar var idi ki, qarışıq məqamda ölkədən qaçıb getdilər, gizləndilər. Halbuki xalq uzun illər onlara ümüdlə baxmışdı, həqiqət sözünü onlardan gözləyirdi və hesab edirdi ki, çətinə düşəndə məhz bu məşhurlar onlara doğru yol göstərəcəklər. Əfsus… Təbii ki, bundan sonra yaranan boşluq da bir müddət davam etdi. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqını və dövlətini xilas edəndən, ölkədə sabitlik yaranandan sonra hər sahədə olduğu kimi mədəniyyət və onun mühüm qolu olan  ədəbiyyat sahəsində də hər şey öz axarına düşməyə başladı. Qaçan ziyalılarsa   yenidən qayıdıb mövqe tutmağa çalışsalar da, bu mümkün olmadı. Çünki artıq proqressiv düşüncəli gənclər və ölkənin çətin məqamlarında çətinliyə çiyin verənlər ortada idi, yeni dövrün ədəbiyyatını onlar yaradırdılar.



-Sizcə, həmin o ortada olan gənclər və vaxtilə çətinliyə çiyin verən insanlar ölkənin ziyalıya olan ehtiyacını tamam ödəyə bilirmi? Bilirsiniz ki, yaxınlarda xaricdəki ziyalılardan biri ölkədə ziyalı boşluğunun olduğunu iddia edən bir müsahibə ilə gündəmə gəldi.

-Mən bu müsahibə ilə bağlı ancaq sırf şəxsi rəyimi, özümün yalnız bir ziyalı kimi mövqeyimi qısaca deyə bilərəm. Təbii ki, bir vətəndaş kimi məni də düşündürən çox məsələlər var. Ancaq çox adama döyüş uzaqdan asan gəlir. Hesab edirəm ki, nəzərdə tutduğunuz o müsahibədə ziyalı baxışına uyğun gəlməyən çox kobud yanlışlıqlarla əsassız aksentlər vurulub. Orada heç bir tarixi həqiqət, reallıq hissi və ən əsası milli təsübbkeşlik qətiyyən görünmür. Məsələn, göstərilir ki, hansı səbələrdənsə Bakıdan yarım milyon insan getdi, milyon yarımı gəldi. Məgər yazıçı olan kəs bunun hansı səbəblərdən olduğunu bilmirmi? Yaxud deyilir ki, xalqın elitası getdi və bu gün xalqın elitası yaranmır.  İnanın, bu absurd firkin hətta şərhi də gülməli çıxır. Məgər Azərbaycan xalqının milli elitası ölkədən gedən o konqlomerat tərkibdən ibarət idi? Bu ki nonsensdir! Daha onu demirəm ki, gedənlərin arasında əsasən çəkməçi, bənna, usta getdi. Bunlar nə vaxtdan qədim və zəngin mədəniyyətə malik Azərbaycan xalqınn elitası olmuşdu?! Amma Bakıya gələnlərin arasında nə qədər  savadlı, qeyrətli, vətənpərvər insanlar var… Onları görməmək məkrdir.



-Ziyalıların sözünün təsirdən düşdüyünü deyənlər də tapılır.

-Xalq inandığı ziyalının sözünü eşidir. Təsirli deyilən söz mütləq öz təsirini göstərir. Haqqında danışılan müsahibədə və müsahibi müdafiə edənlərdə açığı, bir qədər aqoniya əlaməti hiss olunur. Və onlar bilərəkdən əsil mahiyyəti gizlətməyə çalışırlar. Yəni keçmiş sovet nostalgiyasında olanlar o dövrün daha geri qayıda bilməyəcəyini görürlər. Əllərindən çıxan rahat həyatın, sifarişlə yaxşı-pis yaratdıqlarının hamısının dərhal dövlət tərəfindən alındığını, yüksək qiymətləndirildiyini, mükafatlar verildiyini və s. xatırlayıb acılar çəkirlər. Bax həmin məhdud saylı seçilmişlər artıq bu gün həyatın, cəmiyyətin, dəyərlərin  dəyişdiyini görüb yeni yaranan müasir ruhlu milli elitaya qarşı qısqanclıq hissləri keçirirlər.  Halbuki əsil təəssübkeş ziyalı millətinin inkişafı naminə milli kadrların hətta kənddən, əyalətdən belə gəlib paytaxtda təhsil almasına, inkişaf etməsinə, şəxsiyyət kimi daha da yetginləşməsinə  sevinər… Bir sözlə, o müsahibədə vurğulanan fikirlərin heç biri elmi-analitik tənqidə duruş gətirməyən bəsit mülahizələrdən başqa bir şey deyil. Belə deyək ki, sabiqlərin dirəniş göstərməsidir, “son və qəti  döyüş” cəhdidir. Ancaq qatar çoxdan gedib…



-Vaxtilə kinoda, tele-radioda işlədiyiniz dövrlərdə demək olar ki, bütün dinləyici və tamaşaçıların sevərək izlədiyi bir sıra proqramlara imza atmısınız. Dinləyicilər sizin qələminizi “Sabahınız xeyir” verilişindən, “Molla Nəsrəddin” satirik radiojurnalından, tamaşaçılar “Zəriflik”, “Aygün”, “İdrak”, “Mənəvi dünyamız” və s. televerilişlərdən, “Mozalan” satirik kinojurnalından yaxşı tanıyırlar. Yazıb hazırladığınız bu proqramlar birbaşa mənəvi dünayamızın zənginləşdirilməsinə yönəlmişdi. Amma indi bir çoxları iddia edir ki, bu cür layihələr yetərli sayda tamaşaçı qazana bilməz. Sizcə, bu doğrudan da belədir?

-Yox bu belə deyil. Günahı tamaşaçının üstünə yıxmaq lazım deyil. Uzun müddət Azərbaycan Dövlət Tele-Radio Verilişləri Komitəsində çalışmışam. Qeyd etdiyiniz o verilişləri hazırlayarkən qarşımızda bir məqsəd dururdu. Xalqa maarifləndirici, onun mədəniyyətini inkişaf etdirən, ona həqiqəti çatdıran demokratik ruhlu verilişlər təqdim etmək. Biz o zaman tamaşaçılardan hər verilişlə bağlı minlərlə məktub alırdıq. Yəni xalq yaxşı veriliş olanda ona baxır. O adamlar tamaşaçını, oxucunu günahlandıra bilər ki, özünün istedadı lazımi səviyyədə deyil. Tamaşaçı hər zaman zövqlü bir əsər, yaxud veriliş arzusundadır və beləsini də qəbul edir. Ancaq nə etməli, istedad geniş yayılmır, yaxşı verlişlər də olur, şit və bayağı verilişlər də ekrana ayaq açır…



-Akif Əli bu gün öz yaradıcılığında hansı istiqamətə üstünlük verir? Dövlət məmuru olmaq yaradıcı insan üçün çətinlik yaradırmı?

-Dövlət işində çalışmaq yaradıcılıq üçün çətinlik yaratmır. Söhbət yalnız vaxt məhdudluğundan gedə bilər. Şübhəsiz, mənim fəaliyyətimdə birinci dövlət işidir. Çünki mən həmişə arzuladığımız müstəqil Azərbaycan dövlətinə xidmət etməyi şərəf sanmışam. Bu mənim ən böyük mükafatımdır. Ancaq təbii ki, imkan olduqca,  işdən sonra, ya istirahət vaxtlarında yaradıcılığa üz tuturam, qələmə əl atıram. Son vaxtlar “Dumanlı dağlar” adlı bir  kinopritça yazmışam. Məqalələrim, bədii-publisitik yazılarım, elmi araşdırmalarım dərc olunub. Çalışıram ki, kəmiyyətcə olmasa da, keyfiyyətcə lazımlı işlər görüm.



-Deyirlər Azərbaycanda oxuculuq səviyyəsi aşağı düşüb. Oxucular hər şeyi oxumağa həvəs göstrəmirlər. Bəs siz öz oxuculanınızı tapa bilirsiniz?

-Yazdığım janrda oxucularımı tapıram və yazılarım kifayət qədər oxunur. Yazdıqlarımla bağlı  internetdən çoxlu rəylər gəlir. Bu yaxınlarda “Mədəniyyət toxumu səpən “Əkinçi” ” adlı  elmi-publisitik araşdırmam dərc olunmuşdu. Kifayət qədər rezonans doğurdu, təqdir olundu. Bir müddət əvvəl Türk dünyasının dahi öndərləri Heydər Əliyevin və Mustafa Kamal Atatürkün həyat yoluna həsr etdiyim illüstrativ “Böyük ömrün anları” kitabım nəşr olunmuşdu və geniş yayılmışdı. Kitabda Heydər Əliyevin və Atatürkün həyatında, fəaliyyətlərində olan oxşar cəhətləri, unikal bənzərlikləri göstərmişəm. Lap son yayılan kitabım “İdrak”da isə əsasən gənclik illərində yazdığım fakir-düşüncələri, ideyaları, süjetləri bir yerə toplamışam. Yeni məqalələr, bədii əsərlər üzərində işləyirəm. Kompüterimin yaddaşında hələ çapa vermədiyim çox yazılar, tərcümələr var. Hər halda oxucu problemindən şikayətim yoxdur. Mən əminəm ki, əlyazmalar yanmadığı kimi, çap olunan əsərlər də batmır…



Aygün

 OLAYLAR,



19 noyabr 2008


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə