Təsirli deyilən ziyalı sözü öz təsirini göstərir



Yüklə 23,06 Kb.
tarix04.11.2017
ölçüsü23,06 Kb.

Xosrov Şahani  (İran)

Qasırğa


(satira)

Hər vilayətin öz əlamətləri və nişanələri olduğu kimi (yəni məsələn, münbit torpaqlı, neftli, qızıllı, kasıb-kusublu və ilaxır), bizim şəhərin də bir özəlliyi var – çox küləkli şəhərdir.


Demək olar hər gün səhər tezdən şəhərin üstünü şimal tərəfdən əsən dəhşətli qasırğa alır. Günortaya yaxın küləyin istiqaməti qəflətən dəyişir və bu dəfə bizi çöllü-biyabanın qumu, tozu-tozanağı, bir sözlə, hər cür zir-zibil tufanı bürüyür. Lənətə gəlmiş qasırğa bütün il boyu şəhərimizdə at çapır və təbii ki, ömür-billah buralarda nə bir canlı kol, nə bir ağac bitməz. İnanın ki, belə bir quyunun dibində yaşamaq cəhənnəm əzabından betərdir.

Bəli, bir axşam evdə oturub növbəti dəli qasırğanın keçib-getməsini gözlədiyim vaxt Tehranlı dostuma məktub yazmaq qərarına gəldim (axı biz əyalət adamları tanış-bilişlə məktublaşmağı çox sevərik!). Nə isə. Məktubumda təxminən belə yazdım ki, bəs zülmət qaranlığın hökm sürdüyü, nəfəs almağa təmiz havası olmayan bir şəhərdə yaşamağı heç düşmənimə də arzulamıram. Lənətə gəlmiş qasırğanın ucbatından nə göz açıb ətrafa baxmaq olur, nə də ağız açıb bir kəlmə söz danışmaq. Müsibətdəyik… Xülasə, səhərisi gün məktubumu aparıb atdım poçt qutusuna.



Aradan bir həftə keçdi.
Günorta yenə güclü küləyin əlindən evə qapılıb qaldığım vaxt tanışlarımdan biri hövlnak özünü içəri saldı. Hiss elədim ki, bərk həyəcanlıdır, qanı yaman qaradır.
Ağzımı açmağa imkan verməyib düşdü üstümə:
- Vallah, ömrümdə sənin kimi kütbeyin adama rast gəlməmişəm. Əşi, başını soxubsan evə, dünyadan xəbərin yoxdur!
- He-he, bu tufanda, küləkdə yoxsa gedib Mərkəzi meydanda veyillənməliyəm?-dedim.
-Hə? Nolar, aparıb atın quyruğuna bağlayanda meydanın qədrini bilərsən, sən hələ lağ elə! – O hiddətləndi.
- Yaxşı, zarafatı boşla, çay içirsən? – Onun sözlərinə ciddi əhəmiyyət vermədim.
- Əşi, rədd elə çayını! – Tanışım partladı.- Min dəfə sənə demişəm zəvzək dilini özündə saxla! Qoy… dişinin altına, kilidlə! Hərzə-hərzə danışma! Qulaq asmadın. Bax indi gör şəhərdə nə həngamə var sənə görə!
- Mənə görə?
- Yox bəs, mənə görə! Ay-hay…
Onun əsəbiliyi məni qorxutdu. Dedim yəqin doğrudan da nəsə ciddi bir iş olubdu, yoxsa bu kişi niyə belə özündən çıxsın? Bir tərəfdən də düşünürdüm, görən mən neyləmişəm, nə pis iş tutmuşam? Mən yazıq axı qasırğanın qorxusundan bütün günü qapı-pəncərələri möhkəm-möhkəm bağlayıb evdə otururam, heç yana çıxmıram.
-Nə olub axı? – soruşdum.
- Heç nə! Sənin əleyhinə bir balaca cinayət işi açıblar. Qubernatorun vəkkilləri bazarı gəzib al-verçilər arasında imza toplayırlar.
- Mənim əleyhimə? Cinayət işi? Mən neyləmişəm ki?
- Onu məndən niyə soruşursan, ay səfeh, özün fikirləş gör harda nə qələt eləmisən? O boş başını bir az qurdala… Ay dəli, axı sənin nəyinə gərəkdir bu şəhərdə ab-hava necədir – qaranlıq dərədir, dərin quyudur, yoxsa parlaq günəşdir, bağ-bağatdır?
O daha bir neçə tanış ifadə işlətdi. Harda eşitmişdim mən bunları görəsən? Bu nə olan işdir?…
- Bir başa sal görüm, günahım nədir?
- Eşit və agah ol, a bədbəxt, sənin əleyhinə ittihamnamə hazırlanır. Bazarda hamı imzalayır. İttihamnamədə deyilir ki, bizim şəhərdə ümumiyyətlə külək əsmir və cənab qubernatorun, bələdiyyə rəisinin və şöbə müdirlərinin daimi səyi nəticəsində təmizlikdə, gözəllikdə, qanun-qaydada şəhərimizin tayı-bərabəri yoxdur. Bunun əksini deyən – satqın və düşmən adamdır!.. Qol çəkənlərin hamısı da belə bir alçağın dərhal cəzalandırılmasını tələb edirlər.
-Şəhərin bütün əhalisi mənim cəzalandırılmağımı istəyir?
- Neyləsinlər? Hamını işə salmısan. Mən özüm də qol çəkdim. Məcbur oldum. Ayrı əlac yoxdur! – Mən başımı əllərimlə tutub gərginlik içərisində çıxış yolu axtarmağa başladım. – De görüm orda-burda səfeh-səfeh danışmamısan ki? – tanışım bir də soruşdu.
- Yox! Mən kiməm e kimdənsə narazılıq edəm? Heç küləyin-qasırğanın qorxusundan ağzımı aça bilirəm ki?!
- Ağzını açmamısan, bəlkə nəsə yazmısan?
- Əşi, yazı yazmaq mənim peşəmdir. Amma bu həngaməyə yazının nə dəxli? Pis əməlim ki olmayıb!
- Bəlkə məsələn, kiməsə şikayət etmisən ki, nə bilim bu şəhərdə… camaat batıb-qırılır… filan…
- Dayan, dayan… O gün bir Tehranlı dostuma məktub yazmışdım… Ona güclü küləkdən, qasırğadan yazmışdım… Yazmışdım ki…
- Denən aləmi özün batırmısan da, ay səfeh! Di get yala. Elə o məktubun zibilinə düşmüsən! Yuxarılar ələ keçirib göndəriblər qubernatora ki, ölçü götürsün… İndi bildim nə məsələdi…
- Bəs… mən… nə məsləhət görürsən… nə edim… – titrək səslə soruşdum.
- Heç nə. Özün bilərsən.
- Heç dəxli var?! Küləyin altında durub gözəl havadan dəm vurmalıydım? – Onun arxasınca qışqırdım. – Dayan görüm…
O isə dayanmadan qaçıb getdi.

…Səhər tezdən iki qoluzorlu gəlib məni qubernatorun hüzuruna apardı.


Cənab qubernator yuxarı başda əyləşmişdi. Yan-yörəsində polis, jandarm, hüquq, maliyyə, maarif, poçt və teleqraf şöbələrinin rəisləri dayanmışdılar. Bir qədər kənarda digər idarə və təşkilat rəhbərləri qərar tutmuşdular. Şəhərin ağsaqqalları da burada idi. Otaqda məzar sükutu hökm sürürdü. Hamı qəmli-kədərli susaraq mənə baxırdı.
Cənab qubernator barmağı ilə məni yanına çağırdı, qovluqdan çıxardığı kağızı uzadıb: – Al, oxu! – dedi.- Ucadan oxu!
Mən dərhal xəttimi tanıdım. Tehranlı dostuma yazdığım başıbəlalı məktubum idi. Görəsən bunların əlinə necə keçmişdi? Çox müəmmalı idi! Səsim titrəyə-titrəyə əsas mətləbə çatana qədər ucadan oxudum:
“… Belə bir şəhərdə yaşamağı heç düşmənimə də arzulamıram. Lənətə gəlmiş küləyin, qasırğanın qorxusundan hamı gözüyumulu gəzir və heç kim ətrafa baxmağa, ağız açıb bir kəlmə söz danışmağa cürət etmir… Müsibət içindəyik…”
Bu məqamda cənab qubernator yerindən sıçradı:
- Saxla! Saxla! Səni görüm… belə-belə olasan!- ucadan bağırdı. – İndicə burda bu sözləri ucadan oxuyan kim idi?
- Nökəriniz… – Mızıldandım.
- Əclaf! Bəs deyirsən mənim şəhərimdə guya heç kim ağzını açıb bir kəlmə söz danışmağa cürət eləmir?! Özün danışırsan axı bayaqdan, ay pədər-süxtə!
- Keçin günahımdan, zati-aliləri…
- Necə yəni keçin günahımdan?! Buna baxın, ay camaat! Adə, de görüm heç olmasa qarşında düzülüb oturan bu boyda sanballı adamları görə bilirsən, yoxsa gözlərin də kordur?
- Xeyr, zati-aliləri, görə bilirəm.
- Bəs onda nə cürətlə yazırsan ki, mənim şəhərimdə heç kim gözünü aça bilmir, ay… əbləh! Hıy?
- Üzr istəyirəm, zati…
O hirslə əl-qolunu ölçə-ölçə yan yörəsinə baxdı:
- Siz allah, baxın görün heç buralarda külək-zad əsir?
- Xeyr, qətiyyən, zati-aliləri, yoxdu, ancaq…
- Nə ancaq, ə? – Qubernator üstümə bağırdı.
Mən yazıq görkəmlə boynumu pəncərəyə tərəf uzatdım. Küçədə dəhşətli külək vıyıldayırdı, tufandan göz-gözü görmürdü. Qəflətən nəzərlərim pəncərə önündə dayanıb şeşə bığlarını gəmirən ajana sataşdı və mən cəld: “Heç, zati-aliləri, heç nə!” – deyib susdum.
- Külək var, ya yoxdu? Dillən!
- Əlbəttə… yoxdur, zati-aliləri. Burada külək nə gəzir? Qətiyyən!!
- Ayə… Ay… Bəs onda niyə burdan götürüb payi-taxtımıza yazırsan ki, bəs guya bizim şəhərdə külək insanlara dinclik vermir? Hıy? Yazıq insanlar!
- Bir qələtdir eləmişəm, zati-aliləri, keçin günahımdan. Bir də heç vaxt yazmaram… Buraxın gedim, nolar… Əfv edin…
- Qəti surətdə! Hamımıza şər atandan, qara yaxandan sonra, bütün əməyimizi yerə vurandan sonra hələ bir əfv də diləyirsən? Yaramaz! Heç vaxt!
Hamının başı xorla yırğalanaraq qubernatorun dediyini təsdiqləyirdi.
- O xəritəni görürsən, əbləh? – Qubernator piyli boynunu divardan asılmış xəritəyə tərəf döndərməyə cəhd elədi.
- Bəli, görürəm, zati-aliləri, zəhmət çəkməyin.
- Səncə bu nə xəritədi belə?
- Məncə bu bizim şəhərimizin xəritəsidir.
- Diqqətlə bax, gör orda şəhərin kənarlarında nə görür sənin o kor gözlərin?
- Kənarlarında… şam, küknar, fısdıq və başqa ağacların şəkli çəkilib… zati…
- Heç bilirsən bunlar nə deməkdir, ay sarsaq?
- Xeyr, mən nəçikarəyəm ki bunu biləm, zati-aliləri.
- Bunlar gələcəkdə şəhərimizin kənarlarında salınacaq bağ-bağat və meşə zolaqlarının layihəsidir. Bu ağaclar tufanın, qasırğanın qarşısını kəsəcək! Heç olmasa bunu anlaya bilirsən?
- Çalışıram, zati-aliləri…
- Bəs onda bu məktubu niyə yazmısan? Biz axı gecə-gündüz sizinçün işləyirik?!
- Axmaqlığımın ucbatından, zati-aliləri! Mən onu meşələşdirmə layihəsinin yaranmasından xeyli əvvəl yazmışdım.
Qubernator qarşıma kağız-qələm qoydu:
- Yaz! – Amiranə səslə dedi. – Yaz ki: “Əlahəzrət qubernatorun və digər məsul şəxslərin tükənməz qayğısı sayəsində… (xoşbəxtliyə bax ki, şəxsən cənab qubernatorun özü mənə diqtə edirdi, ilahi!) – … sayəsində, bizim şəhər ee… lap kürreyi-ərzin ən pak, ən gözəl şəhərinə çevrilmişdir. Yuxarıda adları sadalanan cənabların qayğısı sayəsində şəhər ətrafında geniş yaşıllıqlar salınmış və xüsusi külək sovuran tunellər quraşdırılmışdır. Bütün bunlara görə indi şəhərdə ruhumuzu oxşayan xoş rayihəli ilıq bahar nəsimi əsir, heç bir küləyə, qasırğaya, tufana təsadüf olunmur…” Yazdın?!
- Yazdım, zati-aliləri.
- Qol çək!
- Çəkdim, zati-aliləri.
-İndi isə buradakı hörmətli cənabların və həşəmətli yerlilərinin qarşısında ucadan təkrar elə: “Rədd olsun satqın və əclaf düşmənlər!”
- Rədd olsun satqın və əclaf düşmənlər!!!
- Qayğıkeş atalarımız var olsun!
- …atalarımız var olsun!
Bundan sonra cənab qubernator məclisin katibinə tərəf dönüb toplantının qərarını diqtə elədi:
- Belə… “Möhtərəm şahidlərin qarşısında müttəhim öz məktubunu yüksək mənsəbli şəhər havadarlarını ləkələmək məqsədi ilə yazdığını etiraf etmişdir. Odur ki Böhtan Məcəlləsinin 247/696-cı maddəsinin 1234-cü paraqrafının “a-b-c-d” bəndlərinə əsasən, o – ……dır. Fəqət müttəhimin öz səhvini boynuna alaraq səmimi-qəlbdən tövbə etdiyini nəzərə alaraq, çox böyük güzəştə gedən cənab hakimlər bu qərara gəldilər: müttəhim 6 ay müddətinə gündə 3 dəfə olmaq şərtilə 1 saat ərzində Mərkəzi meydanda “Satqınlara ölüm!” şüarını ucadan qışqırmaq cəzasına məhkum edilsin.”
Altı ay?… Əl-ayağım yerdən üzüldü, bədənim soyudu, boğazım qurudu, nə bir söz deyə bildim, nə də heç olmasa ağlaya bildim. Hakimlər kollegiyası və arxalarınca da mən jandarmların müşaiyəti ilə iqamətgahı tərk etdik.
Cəza yerinə yollanmaq üçün küçəyə çıxanda bizi elə bir tozanaq, elə bir qasırğa bürüdü ki, az qaldıq uçaq. Yaxşı ki, hakimlərdən biri əlini atıb cəld qolumdan yapışdı. Yoxsa tufan məni götürüb aparacaqdı. Külək göz açmağa imkan vermədən hey uğuldayırdı. Ürəyimdən keçdi ki, bəlkə elə ilk bağırtımı buradan başlayım: “Cənab qubernator! – deyim, – möhtərəm hakimlər, bəs bu külək deyil nədir?!” Ancaq tanışımın məsləhətini yadıma salıb susdum.
Və biz küləyi, qasırğanı yara-yara cəza yerinə – Mərkəzi meydana doğru yürüdük.

—————————————


Tərcümə edəni: Akif ƏLİ

1980


(Əsər 1974-cü ildə Moskvanın “Nauka” nəşriyyatında çap olunmuş
İran yazıçılarının hekayələri toplusundan götürülmüşdür.-tərc.)


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə