Təsirli deyilən ziyalı sözü öz təsirini göstərir



Yüklə 154,53 Kb.
tarix14.06.2018
ölçüsü154,53 Kb.
növüYazı

Yeni ədəbi nəsil. Düşüncələr

Akif  ƏLİ,

filologiya elmləri namizədi,

yazıçı-publisist.

———————————

«Ədalət» qəzetinin «Ədəbiyyat və İncəsənəəlavəsində Azad Yazarlar Ocağının «Alatoran» adlı səhifələri ilə tanışlıqdan sonra ilk təəssüratlarımı açıqlamaq qərarına gəldim. Əvvəllər küncdə-bucaqda toplaşan, heç yerdə çap oluna bilməyən, barələrində yalnız ondan-bundan əyri-düz mülahizələr eşitdiyimiz AYO-çuların kimlər olduqlarını və nə yazdıqlarını, nə istədiklərini «Ədalət»də özümüz  oxuduq, öz təsəvvürümüz oldu. Elə demokratik mətbuatın gözəlliyi də budur.

* * *


«Alatoran»dan ilk təəsüratım belə oldu ki, bu gənclər öz üzərlərinə çox ciddi missiya götürüblər: onlar durğun ədəbi mühiti tərpətməyə çalışırlar…

Amma bu nə qədər ağır bir işdir, Həmid Herisçi, Rasim Qaraca, Murad Köhnəqala, Azad Yaşar, təsəvvür edirsinizmi?!

Vaxtilə biz də bunu istəmişik, yəqin bizdən əvvəlkilər də bunu istəyib, onlardan əvvəlkilər də… Beləcə estafet nəsil-nəsil ötürülüb, hərə bir iş görüb, hər nəslin bir missiyası olub. Və Ədəbiyyat  yaşayıb.

Hesab edirəm  estafetin növbəti distansiyasına qədəm qoyulduğu üçün indi də AYO-çuların «nizəyə keçirilmə» növbəsi çatıb. Əgər yolunun doğru olduğuna əminsənsə (təbii ki höcətlik başqadır, əminlik başqa), dözmək lazımdır. Öz missiyasına sadiq adamlar dözür və bu dözümün içində macal tapdıqca öz işini görür. Bu haqsız dünyadan keçib çıxmaq üçün insan yaşamının başqa qaydası nəzərdə tutlmayıb. Sonrakı olay – bizə aid məsələ deyil…

Çox dərinə varmadan deyim ki, vaxtilə biz də öz missiyamızı məxsus olduğumuz yaradıcı nəslin üz-üzə gəldiyi maneələri imkan və səlahiyyətlərimiz daxilində arıtlamaqda görürdük. Yəni bizim də indikilər kimi razılaşmadığımız məqamlar var idi, bürokratik əngəllərlə də üzləşirdik, donosla, anonimlə, paxıllıqla da; yaradıcılıq əzabları da çəkirdik, səlahiyyət sahiblərinin bizim kimi düşünmədiklərindən sıxıntılar da….

Amma bunlar heç də o demək deyildi ki, bizi başa düşmədiklərinə görə biz başımızı və  düşüncəmizi dəyişməliydik. Hərənin öz yolu olduğu kimi, haqlı-haqsızın da öz dövranı var.

Təbii, bizim vəziyyət daha çətin idi. Çünki recim antidemokratik recim idi, tələb olunan meyarlar millilikdən uzaq yabançı yönümlü idi, qayda-qanunlar sərt idi, söz, fikir, rəy, təşəbbüs azadlığı dərhal cəzalandırılırdı. Yəni o zaman yetmiş-səksəninci  illərdə nəinki çərçivədənkənar yazmaq-yaratmaq, həm də yaşamaq yasaq idi və biz yazıb-yaratmaqla yanaşı həm də belə çərçivədə yaşamağın mümkün olmadığı ideyasını kütləviləşdirməyə çalışırdıq. İşlədiyimiz kütləvi informasiya vasitələrində sətiraltı üsullarla, satirik, publisistik yazılarla məhz bunu qabardırdıq. Bizim çərçivə dışına doğru yol açdığımız istedadlı gənclik  sonradan Azadlıq meydanına axışdı və bu günkü günü gətirdi…

İndi sağ olsun Aqil Abbası ki, həmin bu günkü gündə çox böyük ürəyiaçıqlıqla, cəsarət və uzaqgörənliklə bir cıdır düzü verib bütün yazanlara. Çapırlar dəlisov atlarını  belədən beləyə, elədən eləyə…

Əvvəlkilər də çapırdı: «…Çap çaylardan Çapayım, doğsun günəşim ayım. Çap o çapsın biz çapaq, çap gələcək günlərin əlindən sevinc qapaq…»   

Fikir verin, bolşevik isteriyası ilə bu  qədər oğraşcasına yazılmış şerləri o vaxtlar  balaca-balaca uşaqların beyninə doldururdular və heç kim də deyə bilmirdi ki, axı niyə bizim günəşimiz, ayımız Vasili İvanoviçin çapması ilə doğmalıdır? Niyə gələcək günlərin (yəni indiki bizim bu günlərin) sevinc payı öncədən qapılmalı, nəsillər sevincsiz qoyulmalıdır?

Nə isə, bunlar yeri gəlmişkən gəldi…

* * *


Fizika, yoxsa Lirika? Bu əbədi müzakirələrdə mən birinciliyi birinciyə verənlərdənəm. Hesab edirəm ki, son iki yüz ildə xalqımızın sürətli inkişafını ləngidən amillərdən biri də imperiya dəftərxanalarında hazırlanmış konsepsiyalar əsasında kütləvi şüura uyuşdurucu lirik-poetik illüstarsiyalar doldurmaqla onun dinamikliyini azaltmaq, ixtiraçılıq təfəkküründən uzaqlaşdırmaq olub.

Təəssüf ki, şəxsiyyətin düzgün formalaşması üçün heç bir həyati məna, fikir, ideya aşılamayan gül-bülbül heyranlığı, dağ-bağ qafiyəli vəsfi-hallarla dolu əski lirik nümunələr hələ də ətalət üzrə orta məktəb dərsliklərində saxlanılmaqdadır. 

* * *


AYO-çulardan oxuduğum bəzi parçalar diqqətimi cəlb elədi. Muradın, Rasimin, İradənin, Yafəsin yazdıqları həm fikir, düşüncə dolğunluğuna görə, həm də mövzuya yeni baxış tərzinə, qeyri-ənənəvi yanaşma formasına görə xoşuma gəldi. Təbii, razılaşmadığım fikirlər də var, ancaq əsas mənim razılaşıb-razılaşmamağım deyil, əsas odur ki onlarda məhz fikir var, düşüncə var, qafa çalışır, adam nəsə deyir, yaxud demək istəyir. Bu səbəbdən ümumən AYO qrupunun yeniləşdirmə missiyası  ilə başladığı  prosesi təqdir  edirəm.

Böyük mübahisələrə səbəb olmuş  «Erotik şerlərlə» də tanış oldum. Əlbəttə, ibtidai qavram və duyumla yox, ali bir İnsan olaraq o şerlərə diqqət etdikdə abırsız «erosun» daxilindəki ağıllı ictimai, sosial mənaları görmək mümkündür. Diqqətlə oxumayanlar bir də diqqət etsin, utanmaqdan keçib: məgər azdırmı başı-beyni paçasının arasına uyğun işləyən heyvərə kişilər? Yoxdurmu bütün fikri-düşüncəsi məhz qurşaqdan aşağı duyğularla tənzimlənən pataloci görməmişlər? Tanımırıqmı dəqiqəbaşı namusuma and olsun deyə-deyə bu vətəni, bu torpağı, bu oğulları namussuzcasına satan xainləri?  Heç görməmişikmi bu xalqın müqəddəsliklərini it iyisi verən Haykanuşun, Siranuşun bacaqlarına səpən adamı?

Bütün bunlar əlbəttə ki hamının bildiyi, ancaq demək istəmədiyi həqiqətlərdir. AYO-çuların çağdaş dövrə uyğun işlətdikləri bədii ifadə forması klassik məzmunlu ənənəvi dünyagörüşləri ilə toqquşduğundan qığılcım törəyib.

Ancaq məncə AYO-çular daha səmimidir, nəinki gənc yazarların mənalı «Erotik şerlərini» rüsvayçılıq adlandırıb özləri böyük şövqlə Dünya Ədəbiyyatından heç də platonik məhəbbət timsalları olmayan «kurtizankalar», «pışkalar», «kameliyalı qadınlar», «nataliyalar», «prostitukalar», «orozbolar» haqqında romanlar oxumaları, freydizmin nəzəri əsaslarına dair kitablardan xəbərdar olmaları ilə öyünənlər.

Yaxud Şərq  və Azərbaycan Ədəbiyyatından «Min bir gecə» nağıllarını, «Qorxulu Tehran»ı, Xəyyamın, Məhsətinin, Nəbatinin şəhvani lirikasını həvəslə mütaliə edib, yatmış gözəl «Qaragilənin otağına icazəsiz gələrək onu oyadıb, Nə sənə oğlan qəhətdir, nə mənə qız» deyə mənalı işarələr vuran növcavanın nəğməsini ləzzətlə dinləyən və «yaxası düymələnməmiş» vəziyyətdə «sallanıban gələn dilbər»in, «beli nazik, teli nazik, dili nazik» olan gözəlin, oğlana «ay batandan sonra gəlməyi» məsləhət görən yarın, «sinəsində bir cüt nar gəzdirən» cananın «sürahi boyu», «mina gərdəni», «püstə dodağı», «şirin ləbləri» haqqında xalq mahnılarına, bayatılara, qoşmalara, digər anoloci ədəbi-bədii nümunələrə bəh-bəh deyib özü robot-insanlar haqqında əsər yaradanlar.

Axı gənclərin yazdığı «Erotik şerləri» atəşin həvəslə tənqid edib, küçələri başına götürmüş şəkilli erotik qəzet-curnallara, kino-tele ekranlardan düşməyən mənasız-məqsədsiz çılpaq filmlərə, düşük konsertlərə, zövqsüz şou proqramlara dözən «canlı klassik» daha səmimidir, yoxsa əsərinin yalnız adı qeyri-məqbul olub, mənası, amalı, niyyəti  saf olan gənc şair?

«Yeni Azərbaycan» qəzetində Rasim Qaracanın tənqidinə həsr olunmuş bir məqalənin içərisində sitat kimi verilmiş «Savaşa Yo» şerini də maraqla oxudum. On il əvvəlki Azərbaycan döyüşçüsünün məişətinə gözlənilməz rakursdan bir baxış kimi diqqətimi cəlb etdi. Qarabağ uğrunda savaşan oğlanlarımız «92-nin payızında  iki daraq patrona qırmızıbazarlı Aşotdan aldıqları bir Siranuşu» qapılarında işlədir, «ehtiyaclarını ödədirlər». Sonda isə kazarmadan gələn səsləri şair sanki «Savaşa yox» etirazları kimi qələmə verir. Bu bizim müharibənin acı, həm də tragikomik lövhəsidir. Ancaq sonluqda gərək daha sərt olaydı Rasim Qaraca, belə romantik olmayaydı. Sonluqda o zaman Siranuşların güdazına getmiş oğlanlarımızın və torpaqlarımızın faciəsini ümumiləşdirəydi gərək. Təxminən belə ki:

«Bayırda gurlayan toplar, içəridə sərxoş qəhqəhələr… Bizimlə ağır artilleriya dilində danışan ermənilər…» Və…



Elə bu zaman qəflətən blindaca yağan güllələr, bitli yorğan üzərinə səpələnən odlu qəlpələr… Darmadağın etdi Sabirabadlı Sabirin, Cəbrayıllı Cəbrayılın, Qubadlılı Qubadın, Kürdəmirli Kürd Əmirin, Cəlilabadlı Cəlilin tüfəngdən aralı qalmış  çılpaq bədənlərini, tətikdən uzaqlaşmış  yumulu barmaqlarını, Siranuşa zillənmiş xumarlı gözlərini… Parçaladı hamısının qol-qıçını, başını… Dağıtdı bu torpağın qorunmayan ocağını, daşını… Dağıtdı qırmızıbazarlı Aşotun bir Siranuş verib aldığı iki daraq patronun qurşunu!…

Təbii mən şair deyiləm və milyonlardan fərqli olaraq şer yazmaq həvəsim də yoxdur, sadəcə ideya kimi təklif etdiyim finalı bu cür təsəvvür edirdim.

Hər halda ən önəmlisi odur ki, AYO-çu gənclərin şerləri həyata müasir baxışdır, həqiqətlərin, real olayların yeni forma və məzmunda ifadəsidir. Bəs elə isə onlar niyə daş-qalaq edilirlər? Ədəbiyyatın daha hansı meyarları var ki gənclər ona əməl etmir? Güman ki, onlar yazdıqlarına sadəlövhcəsinə «Erotik şerlər» adı yox, məsələn «Dədə-baba şerləri» adı qoysaydılar, heç kim onlara fikir də verməzdi və heç kimlə problelməri də olmazdı. Problem – stereotip təsəvvürlü ədiblərin pozisiya mübarizəsindən başqa bir şey deyil.

* * *

Bir təzad: AYO-çuları bəyənməyən və tənqid edənlər arasında həm də o adamlar var ki, vaxtilə onların özlərini də «çapayevçilər» bəyənmirdi və tənqid edirdi. Və hətta AYO-çuları tənqid edənlər arasında elələri var ki, onları köhnələrin əlindən indiki köhnəlmişlərin kumiri Rəsul Rza alıb. Verib sinəsini dağ kimi qabağa və deyib siz başa düşmürsüz bu gəncliyi, onlar istedadlıdırlar və onların öz yolu var, onlar ədəbiyyatımıza yeni dəst-xətt gətirirlər. Amma indi Rəsul Rzanın arxasından genişliyə çıxmış  həmin adamların əksəri ayağına yer eləyəndən sonra olublar köhnələrin tayı  və bəyənmirlər təzələri.



«Eh, dünya, dünya…» (bu şəxsi aforizminin ardını qoy mənim «dəli qardaşım», istedadlı kino aktyoru Şamil Süleymanov özü desin, mən desəm deyərlər bu lap parnoqrafiya oldu !).

* * *


Həmid Herisçi – «Mən yaradıcı yox, dağıdıcıyam» deyəndə, – onu necə də gözəl başa düşürəm!

Köhnələri yaşatmaqla köhnəliyi dağılmağa qoymayan köhnəlmişlərin saxta tabuları həqiqətən dağıdılmağa layiqdir, Həmid Herisçi!

Şüurları sarmış əski dəyərlərin boz-bulanıq havasını dağıtmaq mümkünsə dağıdılması məsləhətdir.

Bu xalqın, bu millətin, bu vətənin, bu dövlətin bu günü və sabahı ilə heç bir əlaqəsi olmayan ədəbiyyatın hörümçək toru tutmuş, kəsafət basmış, gərəksiz zir-zibillə yüklənmiş qaranlıq taxtapuşu dağıdılmasın bəs nə olsun?

Nə vaxtacan sənət meydanını köhnə «aclar və qullar dünyasından» qalma elitar həsrətli yekəxana əda bazlar  sulamalıdır?

Ala buludlardan zəvzək ədiblərin cəngində çabalayan biçarə Ədəbiyyat yerə, bu torpağın üstünə endirilməsinmi? Necə ki Servantes romantik xülyalar qoynunda cövlan edən Avropa cəngavər ədəbiyyatını göylərdən çəkib yerə endirmişdi

Amma bütün bunlar asan işdirmi, Həmid Herisçi?! Sən nə böyük yükün altına girirsən, bilirsənmi…

Bilirsənmi Mirzə Ələkbər Sabirin yazdıqları hələ də aktualdır?!

* * *


Mənim fikrimcə Azərbaycan SSR-i  müstəqil Azərbaycan Respublikasına  çevrildikdən sonra ölkədə radikal siyasi, iqtisadi, sosial, hüquqi islahatlar getsə də, çox geniş sahələri əhatə edən mədəniyyət müstəvisində zəruri islahatlar hələlik istənilən tempo-ritmlə getmir. Eləcə də mədəniyyətin bir qolu olan ədəbiyyatda. Hər şey «necə görmüşdüsə Nuh, oyləcədir». Səbəbi mənə tam aydın olsa da, indi yeri deyil. Yeni dünya düzəninə uyğunlaşmaqda olan ölkəmizdə totalitar sistemin iqtisadi-siyasi düzəninə xas olan monopolizmin əlamətləri müasir Anti-monopol qanunlarla dağıdıldı, çoxpartiyalılıq yarandı, sahibkarlara imkan açıldı, mülkiyyət özəlləşdirildi, torpaqlar xalqa paylandı və s.

Ədəbi-mədəni sferalarda isə hələ monopoliyalar qalmaqdadır. Ancaq yaradıcılıq fərdi Allah vergisidir, heç kimin ata-baba mirası deyil. Bu istiqamətdə də tez-gec dərin islahatlar başlayacaq, «Anti-monopol qanunlar» tətbiq ediləcək, yeni düzənə uyğun «yaradıcılıq lisenziyalarının» çərçivəsi  genişlənəcək. Bu mütləq olacaq, çünki bu mütləq olmalıdır, bunun olmasını inkişafın dialektik   qanunauyğunluğu tələb edir.

Yəqin ki həmin islahatları heç AYO-çular aparmayacaqlar, çünki bu çox ağır və geniş miqyaslı bir işdir. Bunun üçün çox faktorlar lazımdır, lap çox.

Bəlkə heç arzuladıqları yeni ədəbiyyatı da onlar yaratmayacaqlar. Bu da bir ayrı işdir.

Ancaq bütün bunlar heç də o demək deyil ki AYO-çular lazımsızdır, onlar tapdalanmalı, atılmalı, vurulmalı, yıxılmalıdır. Yox, əksinə, üsyankar gəncliyin olması həyatın inkişafı üçün stimuldur.

Hətta onu da istisna etmirəm ki, hələlik AYO-çular gənclik maksimalizmi ilə özlərindən başqa heç kəsi bəyənmirlər və bununla daha çox adamı qıcıqlandırırlar. Olsun. Bu dünyada heç kim heç kimin şöhrət payına əbədilik şərik çıxa bilməz. Hər şey nizamlanır, hər gizlin açılır bir gün; Ədəbiyyat Gülüstanında şöhrətlənmiş saxtakar «ustadların», çiyinlərdə gəzdirilən yalançı «millət fədailərinin» paxırı açıldığı kimi gözlərimiz önündəcə…

Ona görə də narahat olmağa, qısqanmağa, cırnamağa hacət yox. Qoy Ədəbiyyat palitrasında AYO da olsun, başqaları da gəlsin, rəqabət böyüsün və dinamika artsın.

Bu gün AYO-çu yazarların yazdıqları bədii əsərlərdən daha çox onların sözügedən islahatların zəruriliyi fikrini dəstəkləmələri daha xeyirlidir. Həmin ideyanın  kütləviləşməsinə xidmətləri daha gərəklidir. Onlar gələcəkdə kiminsə əsil həqiqi dünya Ədəbiyyatı standartları səviyyəsində əsərlər yazması üçün sanki münbit şərait yaratmağa çalışırlar; bir növ Avdi tövləsini təmizləyirlər. Bunun nəyi pisdir ki!

Necə ki biz 70-80-ci illərdə əski Sovet quruluşunda daha yaşamağın mümkün olmadığı və islahatlar aparmağın zəruriliyi fikrini ictimai rəydə  yaymağa başlamışdıq. Oturub heç kimin onsuz da oxumadığı sicilləmə rəvayətlər qondarmaqla «millətə xidmət etməkdənsə», rəsmi səviyyələrdə milli mənafeyin təmsilçisi missiyasını layiqincə yerinə yetirməyi daha şərəfli bilmişdik. O zaman Meydana axışan gənclər də məhz bizim illər boyu təlqin etdiyimiz azadlıq, müstəqillik, suverenlik ideallarını tələb etməyə gedirdilər. Mən bu gün fəxr edirəm ki, orta nəslə mənsub çox istedadlı alim, yazıçı, curnalist,  şair, rəssam, recissor, aktyor, həkim, pedaqoq, digər peşə adamlarının tanıdılmasında, təbliğ olunmasında əməyim olub. Biz o zamanlar öz şəxsi mənafeyimizi  büsbütün kənara qoyaraq rusların, ermənilərin  həqarətlə baxdığı Azəri xalqının istedadını üzə çıxarmağa çalışırdıq. Şükr, istəyimizə nail olduq, köhnələrin nəyi nə vaxt oxumasına baxmayaraq, elimiz məhz bu gün azaddır, dilimiz məhz bu gün azaddır. Və üstündə heç bir təhqiramiz nəzarət yoxdur.

…Bizim yol açdığımız gənclik Azadlıq meydanına doğru getdi.

Əzminiz, iradəniz, istedadınız çatacaqsa siz də yeni nəsli  böyük Ədəbiyyat meydanına istiqamətləndirin ki, əsil Ədəbiyyatın yaranmasına, yeniliyin köhnəliyi yenməsinə nail olsunlar, Həmid Herisçi, Rasim Qaraca, Murad Köhnəqala, Azad Yaşar…

Opponentlərinizdən fərqli olaraq, siz ədəbiyyatdakı adamlara yox, Ədəbiyyata xidmət edin.

* * *


Sonda bir təzadlı məqam  da siz AYO-çuların nəzərinə:

Rəsul Rzaya münasibətinizlə razı deyiləm. Rəsul Rza haqqında oxuduğum  sızıltılı əttökən memuarlardan fərqli olaraq mənim nəzərimdə bu fikir adamının daha layiqli və ləyaqətli obrazı var. Mən Rəsul Rzanı həm şəxsən tanıyırdım, həm yaradıcılığına yaxşı bələdəm, həm də ictimai fəaliyyətinə.



O nəhəng idi!

O bir Sfinks qədər əzəmətli idi!

O şer yazmırdı, fəlsəfi düşüncələrini şer formasında  deyirdi. Nizami kimi, Nəsimi kimi, Sabir kimi

Və mən inanıram ki, əgər Rəsul Rza  bu gün sağ olsaydı, gənc yazarlarla cəngi-cidala çıxmış köhnə yazarlardan fərqli olaraq (təbii söhbət təfəkkürün, dünyaya baxışın, zövqün köhnəliyindən gedir), mütləq gəncləri müdafiə edərdi. Mən buna əminəm.

AYO-çular, siz onun «Lenin» poemasını oxumayın, o məcburi passajlar Rəsul Rza yaradıcılığı üçün xarakterik hadisə deyil. Siz oxuyun «Qızıl gül olmayaydı» poemasını, oxuyun Rənglər silsiləsini, oxuyun Kefli İsgəndərin anlamaq dərdini, oxuyun kolbasa sexinə göndərilən Göy at haqqında balladanı, oxuyun Babəkin kəsilən qolları barədə düşüncələrini, «Mənim fikrimcə» adlı məqalələr toplusunu oxuyun və görün ki, böyük Rəsul Rza xalqına, vətəninə, azadlıq istəyinə, demokratik dünyagörüşünə necə sədaqətli idi. Və onda elmi-ədəbi-bədii təxəyyül necə güclü idi.

Siz isə bir yandan «Lenin»ə görə Rəsul Rzanı tənqid edirsiniz, amma başqa bir yandan qaçıb Kremldə Leninin qucağına girmiş bir şərəfsizi təqdir edirsiniz. Belə olurmu məgər?! Türkiyəyə, türkçülüyə xəyanət edən, Atatürkə həqarət edən, «Nazim Hikmət» takma adı ilə yaşmaqlanan əhəmiyyətsiz bir kommunist əcnəbini XX əsr türk poeziyasının korifeyləri sırasında öyürsünüz. Amma əsil türkçü, əsil xalqçı, əsil vətənpərvər olan Rəsul Rzanı söyürsünüz. Bilirəm niyə edirsiniz, amma etməyin, Allahı sevərsiz! Bu dünyada hər kəs özünə, öz sözünə, öz həyatına və öz taleyinə cavabdehdir. Nə ataya görə oğula, nə oğula görə atasına qiymət verilməz, irad tutulmaz!

Ola bilər deyəsiniz Nazim Hikmət istedadlı şairdir. Nolsun, əgər sabah bizim bir istedadlı şairimiz qaçıb Ermənistanda düşmən qoynuna  sığınsa və oradan bizə həqarət yağdırsa, yenədəmi onu istedadlı şair deyə sevəcəksiniz? Bu sizi çaşdırmasın. O adam bədheybət Sovet imperiyasında nəhəng ideoloci aparatın var gücü ilə propaqandası yapılmış bir trafaret nüsxə idi (yeri gəlmişkən, əgər Azərbaycanda ilk dəfə geniş oxucular üçün Nazim Hikmət haqqında alternativ mövqeni açıqlayan və bu müəmmalı adamın əsil simasını ifşa edən məqalələrimlə maraqlansanız baxın: «Nazim Hikmət: olduğu kimi» – «Yeni Azərbaycan» qəzeti, 2 may 2001 ,  «Ədalət» qəzeti, 7 və 14 iyul 2001   -   A.Ə.)     

İstehza etdiyiniz Rəsul Rza heç də Nazim Hikmətdən az istedadlı deyildi, üstəlik həm də vətənpərvər idi, türkçü, millətçi bir şəxs idi. Sadəcə bu iki tale yoldaşlarından biri Türkiyədən qaçıb Kremlin himayəsi altında ancaq şer yazmaqla və öz ölkəsinə həqarət etməklə məşğul idi(vaxtilə Azərbaycanda da qarışıq dövrlər olanda buradan Türkiyəyə qaçıb hotellərdə bekara əsərlər yazan və sonradan ara sakitləşəndə qayıdıb millətə, dövlətə, dövlətçiliyə sədaqəti barədə difiramblar oxuyan flügerləri siz özünüz də tanımırsınızmı?), o biri isə öz vətəninin ağır günlərində oturub ağır işlərdə sədaqətlə çalışaraq xalqına, dövlətinə, ailəsinə yardım edə-edə həm də şer yazırdı.

Əgər sizin mübarizəniz əqidə mübarizəsidirsə (və mən «Alatoranda» bunu gördüm),  onda bu gün özünün mahiyyəti etibarilə satqın Nazim Hikmət yox,  dəyanətli Rəsul Rza sizinlədir, gənclər.

* * *


Alatorandan sübhə doğru yolunuz uğurlu olsun!

 

————————————



6 oktyabr 2002.

 

 


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə