Təsirli deyilən ziyalı sözü öz təsirini göstərir



Yüklə 160,43 Kb.
tarix17.09.2017
ölçüsü160,43 Kb.
#411

İstedadlı xainlər

(paradoks)

…500 il Osmanlı idarəsində yaşadıqdan sonra, nəhayət, 1915-ci ildə yadların imperiyasını çökdürmək üşün sözü və gücü bir yerə qoyub qisasa qalxan birləşik Avropa  ölkələri Çanaqqalada gözləmədikləri bir əfsanə ilə qarşılaşdılar. Tarix yaradan Türklərin  ruhuna bir daha heyran qadılar. Bu yeni Türk əfsanəsinin adı – Mustafa Kamal Paşa Atatürk idi. Böyük Millət Atası əski imperiya küllüklərindən azad, müstəqil, dünyəvi və demokratik Türkiyə Cümhuriyyətini qurub da ulu yurda təzə nəfəs verdi.

Deyirlər o dünyada hamı bərabərdir. Amma bu dünyamız təzadlı dünyadır. Hamı eyni deyil: sevənləri olduğu kimi, həsəd aparan paxılları da var bu dünyanın, xainləri, xəbisləri də.

Təbii, Böyük Atatürkün də heyranları ilə yanaşı, paxılları da olub. Onlardan biri – istedadlı kommunist şair Nazım Hikmət…  Vaxtilə “Qızıl Moskva”da (“köhnələr” məhəbbətin bolluğundan hətta “Krasnaya Moskva”nı da “Qırmızı Moskva” yox, ”Qızıl Moskva” kimi tərcümə edərdilər!) bolşeviklərdən “qızıl-qırmızılıq” dərsi alıb Türkiyəyə qayıdan bu Nazım Hikmət yeniləşən azad, müstəqil, demokratik Türkiyəyə, türkçülüyə və dahi Atatürkə həqarət etməyə, ölkədə kommunist propaqandası yaparaq adamları “işıqlı sabah” naminə sosialist inqilabına səsləməyə başladı. Heyranlarının ən çox fərəhlə söylədiyi və bəlkə də yeganə əzbər bildiyi pafoslu:  “Sən yanmasan, mən yanmasam, nasıl çıxar qaranlıqlar aydınlığa…” – misralarını da şair həmin “kapitalizm qaranlığında çürüyən Türkiyəni işıqlı kommunizm sabahına çıxartmaq” çağırışının bir rəmzi kimi yazmışdı. O vaxt xəyanət yolu tutub Vətəni yadlara satdığına görə Atatürkü və Türk Cümhuriyyətini sevən vətənpərvərlər bu istedadlı xaini vətəndaşlıqdan çıxartdılar getdi…

***


Amma və lakin… Aradan illər ötdü… Sellər-sular axdı… Dünya-aləm dəyişdi…

Günlərin birində çağdaş T.C. –ni yönləndirənlər bəzi köhnəliklər kimi, kommunist şairin xəyanətinə də haqq qazandırdılar. Ona bəraət verib vətəndaşlığını bərpa etdilər. T.C. hökumətinin qərarını şərh edən sözçü isə: “Nazım haqqında irəli sürülən ittihamlar bu gün artıq suç hesab olunmur” – dedi. Bu fikir olayın nədənini açmaq üçün ən yaxşı açardır. Yəni məhz nədən Atatürkçülərin suç bildiyi əməli AKP-çilər suç hesab etmir?

***

İnsanlıq tarazında iki yük vardır: biri İstedad, biri Vətən. Hansı şərəflidir: istedadmı, vətənmi? Budur məsələ! Vətəni satmaq və istedadlı şeirlər yazaraq parlamaq, ad-san qazanmaq, yalnız özünü yaşatmaq, özünü ucaldıb, tək ucalmaq, ucalmaq… Yoxsa hər şeyi vətənə qurban vermək? İstedadı, şeiri, sənəti bir kənara qoyub öncə vətənin namusunu qorumaq, yağı qarşısında qeyrət göstərib yadlara satmamaq, satılmamaq. Vətənin acımasını, sınmasını, əzilməsini rəva bilməmək! Yalnız uca vətəni ucaltmaq, ucaltmaq… Gərəksə ölmək və uyumaq doğulduğun o ana yurdun qoynunda… Sonra da orda şirin yuxular görmək… Əbədi rahatlıq tapmaq… Hamletvari bu dillemada hansının daha şərəfli olduğunu söyləməyə ehtiyac varmı? Bilməyən varmı ki: “…Vətəni sevməyən insan olmaz, Olsa ol şəxsdə vicdan olmaz!..”



Türkiyədə cərəyan edən son hadisələr fonunda “xain şairin bəraət kağızı” nəinki sensasiya doğuracaq eyforiyalı hadisə oldu, əksinə, ən adi və heç təəccüb doğurmayacaq sıradan bir dəftərxana işi kimi keçdi getdi.

Təəccüb (və təəssüf) doğuran isə başqa məqamlardır!

***

 …Atatürkün sağlığında xilafətin və səltənətin ləğvinə, çağdaş təmayüllü dünyəvi islahatlara qarşı çıxaraq Ata-ya qatı müxalif olan, dəfələrlə məhkəməyə çəkilən, nəhayət ucqarlara sürülən “peyğəmbərlik” iddialı Səid Nursinin dini cərəyanı bu gün Türkiyədə sərbəst yayılmaqda və “nurçuluq” ölkə miqyasında öncül məqamlar tutmaqdadır. Bu hal nədirsə, xain (istedadlı olsa da belə!) şair məsələsi də eynən odur.



…Bütün qarışıq zamanlarda və bütün qarışdırılan məkanlarda olduğu kimi,  Türkiyədə də həssas sosial problemləri qabartmaqla kütləvi şüurun yarasını qaşıyıb səs toplayan AKP-çilər, parlamenti ələ alıb hökumət qurmaq səlahiyyəti qazandığında ölkə yeni bir duruma qərq oldu. “Məscidləri qışla (kazarma), minarələri mərmi (güllə)” sayan  istedadlı orator-başqan Baş bakan olandan sonra isə Türkiyə tam başqa bir Türkiyə olmağa doğru sürükləndi.

“Yeniləşdirmə projelərinə” dəstək verən “müstəqil media” qrupunun əsdirdiyi “müstəqillik küləyi” gücləndikcə ölkədə insanların müstəqilliyi havaya sovruldu.  Sensasion manşetlərlə, şok-açıqlamalarla, paparatsi skandalları ilə, hay-küylü şoularla, başgicəlləndirici maqazin proqramları ilə, gecə sabahadək dartışılan tele-debatlarla “demokrasi” görüntüsü yaradılır. İstanbulun arxa sokaklarındakı “qışla-kazarmalarda” isə başqa həyat hazırlanırdı…

…“Erməni soyqırımını” etirafa qalxan istedadlı türk yazarı Orxan Pamukun “şücaəti” də səlib yürüşlərinin yeni nəslinin bahalı Nobel çələngi ilə mükafatlandırıldı.

Şəkərli-şakərli nataşkaların aramsız axını İstanbul sokaklarında kifayət etməyəndə, İstanbulun ərənləri özləri qalxıb direk Moskvaya axışdılar. Moskva! Arzuların şəhəri… nataşalar məkanı… bazar-dükan imkanı… söküntü-tikinti bumu… alış-veriş məskəni… Moskva həm ticarət, həm ziyarət yeri oldu.  İstedadlı bakanlar və Baş bakan da Moskvaya getdilər, “yeni projelər” naminə yüzillərin tikanlı çəpərini aşıb T.C. ilə R.F. arasında çox önəmli strateji (ticari) anlaşmalar yapdılar. R.F. xarici işlər naziri T.C.-yə qonaq getdi…

Belə-belə son neçə yüz ildə “mehriban düşmənlərin” sevdası görünməmiş presedentlər silsiləsi yaratdı. T.C. istedadlı diplomatı Prezident olandan sonra o da qalxıb Moskvaya getdi, çox istedadla qurğu quranların qaynaşdığı “Qızıl” Kreml odalarına girdi-çıxdı… Təbii, olsun, olsun! Pis olay deyil! Sülh, dostluq, barış, əmin-amanlıq… Pəki çox iyi!

Amma və lakin…

R.F. ilə T.C. arasındakı bu isti münasibətlər Türklə Rusdan daha çox Rusiyanın “forpostuna” gərək idi. “Dostluq” günəşi kürəyini döydükcə onun donu açıldı. İstedadlı Kreml strateqləri böyük məharətlə türk ərənlərini rus gözəlindən erməni gözəlçəsinə doğru itələdi. Hətta İrəvan öz köhnə xəstəliyində israr etsə də, və: “Münasibətlərin qaydaya salınmasında Türkiyə özü maraqlıdır… Biz nə olur-olsun “erməni genosidi” məsələsini gündəmdən çıxartmaq fikrində deyilik…” – desə də… qucaqlaşma qapandı.

Yenə Qafqaz kartı oyuna qoyulmuşdu. Yenə Qarabağ qurbanlıq seçilmişdi. Gözəl Qarabağ!

Yeni alış-veriş bazarına girmək və “fazla para qazanmaq” xəyalları ilə alışan istedadlı al-verçilərə “Ermənistan”la sərhəddəki “sınır qapılarını” açmaq röyası heç dinclik vermirdi. Ermənilərə ən yaxın olan Qars bölgəsində bu həvəs “bəs” demədən şövqlə şölələndi. Heç nəyə və heç kəsə məhəl qoyulmadı. Qarsdakı təpələrdən birində “dostluğu” tərənnüm edən və hər iki ərazidən görünən nəhəng  abidənin təməli atıldı. “Qardaşlıq” abidəsi hər iki sahildən “əzəmətlə” boy göstərdi.

Amma və lakin…

Qafqaz türkləri Hayastanla belə “dostluq-qardaşlıq” oyunlarının bəhrəsini çox və çoxdan görmüşdülər. Ona görə də duza gedən qardaşlara həm qızır, həm qırılır, həm də acıyırdılar…

Bir ara milyonlarla Atatürkçünün etirazına, ucu-bucağı görünməyən al bayraqlı izdihama da məhəl qoymadan parlament çoxluğu T.C. Konstitusiyasına dəyişiklik edib baş örtüyü – türbanla bağlı qadağanı qaldırmaqda israr etdi. Bu baş tutsaydı – Atatürkdən qalma demokratik dünyəvilik, layiqlik prinsiplərinin laxlaması ilə yanaşı, həm də  “hegemonluğun qeydsiz-şərtsiz millətə məxsusluğu” barədə Ata-nın tarixi deyimi ən yeni tarixin təkərləri altında qalıb param-parça olacaqdı… Əslində oldu da, amma qismən.  Belə ki ölkəni  “yenilətmək  projelərinin” icrasında israrlı olan hakim partiya ikinci həmlədən sonra iradəsini yeritdi. Və başı bağlı (türbanlı) xanımı demokratik, dünyəvi Türkiyə Respublikasının “First-ledi”si kimi vaxtilə Atatürkün baş örtüyü islahatlarına qərar verdiyi, dünyəviliyə imza atdığı Çankaya köşkünə yerləşdirdi…

Başqa bir təzadlı olay İstanbulda ermənicə “Azq” qəzetinin redaktoru Hrant Dinkin  qətli ilə bağlı olmuşdu. Yüz illərdi erməni terroru ilə üz-üzə qalan mətin bir xalqa “Həpimiz Hrantız, həpimiz erməniyiz!” kampaniyası yedizdirildi. Türkün, türklüyün və Türkiyənin düşməni olan bir dığanın(“dığa” – Qafqaz türkcəsində “gədə” deməkdir)  yırtıq ayaqqabısı uğrunda axıdılan göz yaşları – təkcə əzəmətli Türkiyəyə yox, bütün qoca Türk dünyasına və məğrur türkçülük amalına üz qarası, rüsvayçılıq idi.

Bu zaman müstəqil medianın “yeniləşdirmə” çarxı da var gücü ilə çax-çax vurur,  istedadla hazırlanan tv-şoular, maqazin-proqramlar, pop-müziklər, tele-seriallar və oyunlar adamlara nəfəs dərib düşünməyə, nələr olduğunu və ölkədə nələr baş verdiyini anlamağa aman vermirdi. Konveyer başgicəlləndirici bir sürətlə hərıənirdi…

Hrant Dinkin “ilində” hətta Qafqaz türklərinə məxsus məsum “Sarı gəlin” də istedadlı TV-çilərin hüznlü ermənipərəst verilişlərinə leytmotiv oldu. İllər boyu Türkiyədə xalqın sevib bəslədiyi “Minik Sərçəcik”, istedadlı şarkıçı Sezen Aksu səhnəyə çıxıb: “Ah, Hrantım, qəm yemə, sən tək  deyilsən, indi həpimiz tətikdəyiz… həpimiz tətikdəyiz…” – deyə oxudu-oxşadı.

Amma və lakin…

Bu sözlər bir erməni dığasına şərəfdən çox, bir türk qızına şərəfsizlik gətirirdi.  Soruşan olmadı ki, ey Türkiyədə bu qədər sevilən, əzizlənən, illər boyu əllər üstündə gəzdirilən, yağ içində böyrək kimi bəslənən istedadlı, lap çox istedadlı türk xanımı Sezen Aksu, axı sənə nə olub? Sən niyə tətikdəsən ki?! Soruşan olmadı ona görə ki, bu Türkiyə artıq başqa Türkiyə olmağa doğru sürüklənirdi. Onun yaddaşını “qızıllı” R.F. və R.F.-nin “qədim, mədəni forpostu” ilə çox önəmli strateji (ticari) tərəfdaşlıq  xülyaları örtmüşdü…

Ən yeni tarixdə ən böyük sandığımız Türkiyənin istedadlı diplomat – Prezidenti də  günlərin bir günü qəflətən qalxıb Yerevana futbola getdi və Qarabağda Qafqaz türklərinin qanını içmiş erməni prezidenti ilə kofe içə-içə matça tamaşa etməyədək kiçildi. Bu istedadla hazırlanan “tamaşa” az sonra T.C. Prezidentinin özünün də “erməni soylu” olması barədə xəbərin ortaya çıxması ilə bitdi.



Seçki”, “Türban”, “Tamaşa” projelərinin arxasınca T.C. Xarici İşlər naziri istedadlı gənc A.Babacan (məşhur sovet bəstəkarı Arno Babacanyanla səhv salmamalı!) diplomat çantasına “Ermənilərlə sınır qapılarını açmaq” projesini qoyub tələm-tələsik “can-Azərbaycana” kəşfiyyata çıxdı.

Amma və lakin…

Bakıda yüksək səviyyəli danışıqlardan sonra pərt və əli ətəyindən uzun halda üzgün-üzgün geri dönsə də, rəsmi Ankara parlaq projelər karuselindən dönə bilmədi.

Sensasiyalar silsiləsinin ən böyüyü – “Ergenekon” oldu. Türkiyəni, türkçülüyü və Atatürkü sevən vətənpərvər generalların, ömrünü, sağlamlığını terrorçu PKK ilə mübarizəyə həsr etmiş müxtəlif çinli zabitlərin, millətsevər iş adamlarının, qeyrətli türk aydınlarının, yazıçı-jurnalistlərin qəfil tutulması, gecələr evindən götürülüb aparılması, dəlil-sübutsuz şifahi donoslar əsasında həbsə atılması kimi əcaib üsullar postsovet türklərinə 37-ci illərin yaddaşından yaxşı tanış olsa da, Kremllə “çaşka-lojka”  müttəfiqliyinə yeni başlayan demokratik, dünyəvi T.C.-nin sadə vətəndaşlarını şoka salmışdı. Türkiyə tarixində ilk dəfə orduya əl uzadılması və ordu başçılarının aşağılanması əslində eyni hədəfə tuşlanmışdı:  Atatürkün qurduğu dövlətin dayanıqlığını qoruyan sarsılmaz “Dövlət-Millət-Ordu” mexanizmini laxlatmağa yönələn təhlükəli əməl!

Bəli… Vətən xainini əfv edib vətənpərvərləri tutanlar “yeni proje” konveyerinin çarxını çox istedadla fırladırdılar. Lap çox istedadla!…

Ərəb dünyasının islamlaşdırdığı Türk dünyasına qarşı daim soyqırımı, terror, düşmənçilik siyasəti aparan mənfur erməniyə sağlığında daim “qardaş” deyən Yasir Ərəfətin öz yurdunda hakimiyyəti ələ almış terrorçu “Həmas”a qarşı İsrail dövləti sərt cavab verəndə, regionun bütün əsli-nəsli-dili-dini bir olan ərəb qardaşları hadisələri laqeydcəsinə sakit-sakit seyr etdi (onlar Qarabağdakı “din  qardaşlarının” fəlakətini də eyni “səbrlə” seyr ediblər).  T.C. istedadlı Baş bakanı isə ortalığa düşüb müxtəlif toplantılarda adəti üzrə var gücü ilə və çox ucadan bağıraraq İsrailin üzərinə ittiham “bombardmanı” yağdırdı, “Fələstinə dəstək” amacı ilə o yan-bu yana səfər etdi.

Amma və lakin…

Bu canfəşanlıq beynəlxalq aləmdə Atatürkün əsəri kimi ciddi imicə malik qüdrətli bir dövlətin xeyli “yüngül pozada” görünməsi effektindən başqa bir şeyə yaramadı. Hətta o ərəfədə Türkiyəyə səfərə hazırlaşan İsrailin Xarici İşlər naziri xanım Tsipi Livni-yə  açıq-açığına “gəlmə” deyən rəsmi Ankara ərənlərinin siyasi mövqeyindəki vektor əyrisi tam bəlli oldu…

Sonra Davos… Davosda qoca, xəstə, səsi zorla çıxan İsrail prezidentinə çox istedadla bozararaq:“Van minut, van minut!.. Sayın Peres, səsin çox ucadan çıxır, demək ki suçlusan!” – aksiyası tam əks effekt verdi. “Mən diplomatiya anlamam” deyə həmişəki kimi çox istedadla hayqıran AKP-çi oratorun əyrisi Davosda tamam əyilib sındı. Nəticədə  dünyanın güclü yəhudi lobbisi beynəlxalq aləmdə indiyədək daim güclü dəstək verdiyi Türkiyənin daha bundan sonra“dost olduğunu söyləməkdə çətinlik çəkdiyini” bildirdi… İstedadlı oratorun “qazancı” bu oldu?!

Amma ən maraqlı olay – Davos “şücaətini” yüksək qiymətləndirən terrorçu  “Həmas”ın dərhal Baş bakanı “Milli qəhrəman”, ermənipərəst Tehranın isə onu “Fəxri vətəndaş” elan etməsi oldu. Bu mükafatlar mövcud Türkiyə iqtidarının hansı səngərə doğru süründüyünü daha  kommuflyajsız açıq göstərirdi.

Təbii ki, xalqın iradəsini əks etdirməyən perspektiv heç də nikbin proqnozlar vəd etməz. Onsuz da İraq böhranı zamanı özünü sivil dünya reallığına qarşı qoyan rəsmi Ankara oxşar siyasəti ilə bəlli triumviratın aydın koalisiya xəttini cızmışdı: Rusiya – İran – Türkiyə.  

Şübhəli mənbələrin “humanitar qrantı” hesabına Türkiyənin internet məkanında  “Ermənilərdən üzr diləmə kompaniyasının gurultulu rezonansı bütün dünyanı bürüdü. Bir xeyli davam edib də şüurlara zəhərli toxumlar səpəndən sonra, vətənpərvər adamlar bu kompaniyanı başladanları “Türk millətini alçaltmaqda” suçlu sayaraq hüquq-mühafizə orqanlarına müraciət etdilər.

Amma və lakin…

Başı “Ergenekon” işinə qarışan istedadlı prokurorlar tələm-tələsik “araşdırma”dan belə nəticə çıxartdılar ki, “demokratik şəraitdə hər kəsin öz fikrini azad ifadə etməkdə sərbəst olması səbəbindən üzr diləmə kompaniyasının iştirakçılarının heç bir suçu  yoxdur”. Və işə xitam verib təzədən öz “Ergenekon”ların qayıtdılar…

***

…Beləliklə, bu qədər nəhs “suçsuzluqlar” fonunda yetmiş il əvvəl Türkiyəyə, türklüyə və Atatürkə həqarət edib Moskvaya sığınan istedadlı bir vətən xaini haqqında çağdaş T.C. hökumətinin qərarını şərh edən sözçünün “vaxtilə Nazım haqqında irəli sürülən ittihamlar bu gün artıq suç hesab olunmur” – deməsinin nədəni tam aydın olur. Aydın olur ki, dəyişən – dəyərlər yox, iqtidarlarmış!



Türkiyəni Rusiyaya satan, Atatürkə həqarət edib Moskvanın qucağına sığınan, Kremlin qoynunda nataşalarla əylənərək səngərdəki mehmetciklərə “Təslim ol” deyən,  Atatürkə həcv yazıb Lenini, Marksı mədh edən, Atatürkün dəvətini istehza ilə rədd edib Stalinin yanında səadətini tapan şair Nazım Hikmətə bu gün T.C. hökumətinin bəraət verməsi, vətənpərvər Atatürkçülərin ləğv etdiyi vətəndaşlığı istedadlı AKP-çilərin geri qaytarması – göründüyü kimi heç də təəccüblü bir şey deyil. Əksinə, son illərdə isti Bosfor sahillərini döyəcləyən istedadlı Dəli Petrodan qalma “projelər” kontekstində tam anlaşılandır.

Belədə işin içində olan, məsələnin məğzini bilən istanbullu aydınlar “bəraət” olayına vec verməsələr də, nədən məğzə yox, şəkilə dalan köhnə “bakılılar” zümrəsi yaxa yırtdı? Papadan artıq “katoliklik” edən kosmopolit konyukturçular kommunist Nazım Hikmətə Türkiyə vətəndaşlığının qaytarılmasını vəcdlə “haqqın və ədalətin zəfəri” kimi qiymətləndirib gurultulu alqışlar qopardılar? “O  vətən xaini olsa da, zato istedadlı şairdir!” – deyib bəraət aktına şairin “qanuni və təbii haqqı” kimi baxdılar. Hətta “bütün dünya Nazımsevərləri” (?) adından AKP Başkanına eyforik mərhəbalarla dolu məktub yolladılar? Sanki ən munis doğmaları bəraət almış kimi! “İstedadlı şair, sevgili Nazım Hikmətə” bəraət veriləndə “bakılı”  qrafomanların “istedadlı” kumiri Bakıdan Türkiyə istiqamətində “Nəhayət!” rədifli riqqət məktubu göndərdi… Ermənilərlə bağrı-badaş AKP-çi başkana yarınma naməsi yazıb “bu ədalətli qərarı verdiyinizə görə Sizə və başçılıq etdiyiniz hökumət üzvlərinə səmimi təşəkkürlər” – bildirdi, “o istedadlı şairdir”-deyə ağlamsınaraq xəyanətin əfvini “haqq-ədalətin təntənəsi” adlandırdı və nostaljili,  romantik duyğulu mağmın xatirələrini töküb-töküşdürdü…

Amma və lakin…

Bütün bunlar əslində istedaddan daha çox repressiya dövründə qanla və donosla suvarılmış olmayan qızılgüllərin saçmayan xof qoxusunu çağdaş zamana daşımaq kimi saxtakarlıq göstəricisindən başqa bir şey deyildi… Axı, mənəvi dəyərlərə sadiq olanlar üçün aydın deyilmi ki hansı önəmlidir: istedadlı vətən xaini, yoxsa sadə vətənpərvər adam?

Əlbəttə, eyforikcəsinə tələm-tələsik təşəkkürnamə yazmaq “köhnəlmişlərdəki”  əski siyasi düşüncəni, sürüşkən həyat mövqeyini, dərin bilik və savaddan uzaq diletantlıq əlamətini göstərməklə yanaşı, həm də istedadlı “qızıl-qırmızı” Şər yuvasının çoxdan arxivlərə gömülmüş antihumanist kommunist-bolşevik ideologiyasına platonik heyranlığını bəlli edir…  İştə bu qədər.

***


Amma və lakin…

İstedadlı siyasilərin bəlli projelər məngənəsində “yeniləşdirməyə” çalışdığı ulu yurdun başı üzərində dolaşan qara buludları sadə və cəsur Türk xalqı da görür hər halda və təbii ki barışmır. Əksinə, get-gedə indiki iqtidardan əlini çəkib ondan uzaqlaşır. Çünki bu xalq məhz həmin türklərdəndir! O Türklərdən ki, içindəki qeyrət damarından Vətənə gərək olan anda  xilaskar bir Ata Türkü doğub yetirir… və yenə yetirər inşallah!



————————————–

                                                                                                  19 mart 2009
Yüklə 160,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə