Tətbiq formalarından biri haqqında



Yüklə 377,04 Kb.
Pdf görüntüsü
tarix17.11.2018
ölçüsü377,04 Kb.
#80851


 

 



Tətbiq formalarından biri haqqında 

 

Bəşir Əhmədov -  pedaqoji elmlər doktoru, professor 



 

Hər  bir  elmin  başlıca  vəzifəsi  tədqiq  sahədə  fəaliyyət  göstərən  obyektiv 

qanunları  meydana  çıxarmaqdan  və  onlardan  praktik  surətdə  istifadə  etməyin 

yollarını müəyyənləşdirməkdən ibarətdir. Müasir dövrdə elmin bilvasitə məhsuldar 

qüvvəyə  çevrilməsi  də  məhz  bununla  əlaqədardır.  Belə  ki,  aparılan  nəzəri 

tədqiqatların  nəticələri  ya  əmək  alətləri  (xüsusi  texnika)  şəklində  maddiləşərək 

istehsalatda  tətbiq  olunur,  ya  da  istehsalatda  işləyən  adamların  təcrübəsinə  daxil 

olur,  onların  ümumi  səviyyəsini  yüksəldir,  beləliklə,  istehsal  prosesinin 

intensivləşməsinə,  əmək  məhsuldarlığının  artmasına  ciddi  təsir  göstərir. Ona görə 

də hər bir tədqiqatı öz əməyinin nəticələrinin praktikaya tətbiq olunması qayğısına 

qalmalı,  əməli  fəaliyyətdə  olan  insanların  iş  şəraitinin  yaxşılaşdırılmasında, 

istehsalın optimallaşdırılmasında yaxından iştirak etməlidir. Bu baxımdan pedaqoji 

elmlər  sahəsində  çalışan  alimlər  heç  də  müstəsnalıq  təşkil  etmirlər.  İdrak 

fəaliyyətinin  aktivləşdirilməsi  (M.A.Danilov,  İ.T.Oqorodnikov,  M.H.Skatkin  və 

b.),  təlimin  gücçatan  çətinlik  səviyyəsində  təşkili  (L.V.Zankov  və  onun 

əməkdaşları),  təlimdə  abstraktlaşdırma  və  ümumiləşdirmələrə  geniş  yer  vermək 

(V.V.Davıdov,  D.B.Elkonin  və  b.),  zehni  əməliyyatların  mərhələlərlə 

formalaşdırılması  zəruriliyi  (P.Y.Qalperin  və  b.)  kimi  bir  çox  pedaqoji 

nəzəriyyələrin yaradıcıları öz müddəalarını məktəb praktikasına məhz özləri daxil 

etmiş, hətta onlardan bəziləri eksperimental siniflərdə illərlə dərs demişlər.  

Pedaqoji tədqiqat üç mühüm istiqamətdə aparılır: 

a)

 



Sırf nəzəri tədqiqat 

b)

 



Tətbiqi xarakter daşıyan materialların hazırlanması 

c)

 



Nəticələrin bilavasitə pedaqoji prosesə tətbiq edilməsi. 

Birinci  qrupa  daxil  olan  tədqiqatın  vəzifəsi  təlim-tərbiyənin  qanunlarını, 

priniplərini,  tələb  və  qaydalarını,  vasitə  və  metodlarını  müəyyənləşdirməkdən 

ibarətdir.  İkinci  qrupun  qarşısında  həmin  nəzəri  müddəalardan  çıxış  edərək  əməli 

tövsiyələr,  iş  materialları  hazırlamaq  durur.  Məsələn,  proqram  və  dərslik  tərtibi, 

metodik  materialların  hazırlanması,  metodik  göstəriş  və  tövsiyələr,  qiymət 

normaları  və  digər  təlimati  materiallar,  proqram  materialların  planlaşdırılması, 

illik,  tematik,  gündəlik  planların  tərtibinə  aid  məsləhətlər,  dərsin  icmalının 

hazırlanmasına  aid  nümunələr  və  s.  məhz  bu  qrupa  daxil  olan  tədqiqatların 

vəzifəsinə  daxildir.  Üçüncü  bilavasitə  müəllimlə,  praktik  işçilərin  fəaliyyəti  ilə 

bağlıdır.  Belə  ki,  müəllimin  tədqiqatın  nəticəsini  öyrənməsi,  öyrəndiyi  materialı 



 

transformasiya etməsi, elmdəki mülahizələrə münasibəti və s. nəticələrin bilavasitə 



pedaqoji prosesə tətbiq edilməsi ilə bağlıdır.  

Buradan aydın olur ki, nəzəri tədqiqat birbaşa məktəbə “getmir”, o, əvvəlcə 

metodik  cəhətdən  hazırlanır,  sonra  müəllimin  malına  çevrilərək  təcrübəyə  tətbiq 

edilir. Nəzəri tədqiqat, bir qayda olaraq, elm aləmində bişmiş, xüsusi təcrübəsi və 

hazırlığı  olan  alimlər  tərəfindən  həyata  keçirilir.  Tətbiqi  xarakter  daşıyan 

materialların  (başqa  sözlə  desək,  metodik  materialların)  hazırlanmasında 

nəzəriyyəçi  alimlərlə  praktik  işçilərin  birgə  fəaliyyəti  yaxşı  nəticə  verir.  Əməli 

fəaliyyət  adamlarının  nəzəriyyəni  və  metodikanı  öyrənməsi,  alimlərdən  konkret 

məsləhətlər  alması  kimi  tədbirlər  elmin  nəticələrinin  bilvasitə  pedaqoji  prosesə 

tətbiq olunmasına gətirib çıxarır.  

Tədqiqatın özü kimi, onun nəticələrinin tətbiqi məsələsi də çox mürəkkəb və 

gərgin  bir  işdir.  Bir  də  görürsən  ki,  üç  nəzəriyyəçi  eyni  problem  haqqında  bir-

birinə uyğun gəlməyən üç mülahizə irəli sürüb. Qarşıya təbii sual çıxır: - Müəllim 

bunun hansını əsas götürməli, hansını tətbiq etməlidir? 

Məsələn,  deyək  ki,  problem  situasiyasının  yaradılması  ilə  bağlı 

M.İ.Mahmudov,  İ.Y.Lerner  və  M.N.Skatkinin  hər  birinin  öz  mülahizəsi  vardır. 

Belə  çıxır  ki,  müəllim  adlarını  çəkdiyimiz  hər  üç  alimdən  yüksək  səviyyədə 

durmalıdır  ki,  həmin  mülahizələr  sırasından  ən  yararlısını,  ən  faydalısını  seçə 

bilsin. Bu fakt tətbiqin nə qədər çətin bir problem olduğunu çox  yaxşı sübut edir. 

Elə  buna  görə  də  bəzən  müəllim  elmi  yenilikdən  “qorxur”,  yaxasını  tətbiqdən 

kənara  çəkməli  olur.  Deməli,  tətbiq  probleminin  özü  elmdə  xüsusi  tədqiqat 

obyektinə çevrilməlidir.  

Nəzəriyyədəki  mülahizələrin  müxtəlif  ola  bilməsi  faktı  bir  daha  sübut  edir 

ki,  fundamental  tədqiqatlarınnəticələri  əvvəlcə  metodik  səviyyəyə  endirilməsi, 

nəzəriyyəçilər  öz  aralarında  ümumi  dil  tapmalı,  konkret  tövsiyələr  işləyib 

hazırlamalı və tədqiqat yalnız bu yolla gəlib özünə kök salmalıdır. Ölkədə elə elmi 

müəssisələr  vardır  ki,  onlar  məhz  tətbiq  problemlərini  işləməklə  məşğul  olurlar. 

Pedaqoji  sahədə  nəinki  belə  müəssisələr  yoxdur,  hətta  tətbiqlə  məşğul  olan 

alimlərin sayı həddindən ziyadə azdır.  

Pedaqoji  tədqiqatın  nəticələrinin  tətbiq  etməyin  müxtəlif  formaları 

mövcuddur. Məsələn, elmi əsərlərin, metodik göstərişlərin nəşr olunub müəllimlərə 

çatdırılması;  alimlərin  radio  və  televiziya  ilə  çıxışları,  müəllimlərlə  görüşlərin 

təşkili və keçirilməsi; elmi-praktik konfranslar; alimlərin özlərinin dərs demələri və 

digər tədbirlərdə iştirak etmələri və s. Biz bunlardan yalnız biri üzərində dayanmaq 

niyyətindəyik. 

Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun əməkdaşlarından 

bir  qrupu  60-cı  illərdən  başlayaraq  belə  bir  təcrübədən  istifadə  edir:  alimlər 

məktəblərdə  olarkən  dərsləri  dinləyir,  müəllimlərlə  söhbət  edir,  işin  ümumi 




 

vəziyyəti  ilə  yaxından  tanış  olur  və  nəticədə  özləri  bir  neçə  dərs  deyirlər.  Yaxşı 



yadımdadır,  mən  həmin  institutda  işlərkən  bir  dəfə  Qazax  rayonuna  ezam 

olunmuşduq.  Əfəndizadə  Azərbaycan  dili  müəllimlərindən  birinə  məsləhət  gördü 

ki, qoy şagirdlər sinifdə bir-birinin ev tapşırığını yoxlasınlar, səhvləri tapsınlar və 

öz  fikirlərini  əsaslandırmağa  səy  göstərsinlər.  Müəllim  etiraz  etdi  və  iki  səbəbi 

göstərdi: a) əvvəla, sinifdə böyük səs-küy əmələ gələr, b) ikincisi, şagirdlərin heç 

də hamısı yoldaşının yazıda buraxdığı səhvi tapıb demək iqtidarında deyil.  

Öz  aramızda  məsləhətləşdikdən  sonra  belə  qərara  gədik  ki,  Əziz  müəllim 

özü  sinifdə  dərs  desin,  həmin  təklifi  özü  tətbiq  etsin.  Sinfin  belə  bir  iş  metoduna 

alışmamasına  baxmayaraq,  nəticə  yaxşı  oldu.  Eyni  partada  oturan  iki  şagird 

dəftərini dəyişdi, solda oturan uşaq sağda oturanın, sağda oturan isə solda oturanın 

dəftərini yoxladı. Qrammatik səhvləri, üslubi və orfoqrafik nöqsanları öz bacarığı 

dairəsində  aşkara  çıxardı.  Səhvləri  bir-bir  elan  etdi  və  əsaslandırmağa  çalışdı. 

Sonra biz həmin sinifdə dərs deyən fənn müəllimindən məktub aldıq. O yazırdı ki, 

şagirdlərin  fəallığı  xeyli  artmış,  tənqidi  təfəkkürləri  formalaşmağa  başlamışdır. 

İndi  uşaqlar  tapşırığın  icrasına  daha  diqqətlə  yanaşırlar  ki,  yoldaşlarını  tənqid 

hədəfi  olmaqdan  yaxa  qurtara  bilsinlər,  dərsi  daha  diqqətlə  öyrənirlər  ki, 

yoldaşlarının səhvlərini daha düzgün müəyyənləşdirməkdə az çətinlik çəksinlər... 

Bundan  sonra  institutun  əməkdaşları  öz  tədqiqatlarının  nəticələrini 

müəllimlərə  çatdırmaq  məqsədilə  belə  nümunə  dərsləri  deməyə  xüsusi  diqqət 

yetirməli  oldular.  Mən  Pedaqoji  Dillər  İnstitutunda  işlərkən  bu  təcrübəni 

müəllimlər  arasında  yaymalı  oldum.  Tələbələri  pedaqoji  praktikaya  aparan 

metodistlərimiz  əvvəlcə  məktəbin  fənn  müəllimləri  və  təcrübəçi  tələbələr 

qarşısında  özləri  bir  neçə  dərs  deyir,  sonra  tələbələri  sınaq,  eləcə  də  zaçot  dərsi 

deməyə buraxırdılar. Bu təcrübə tətbiq edilənə qədər qəribə münaqişələr müşahidə 

edilirdi: - Tələbələr istitutda dərs haqqında öyrəndiklərini sinifdə həyata keçirərkən 

fənn  müəllimləri  onları  məzəmmət  edir,  “özlərindən  Amerika  açmaqda” 

təqsirləndirirdilər. Amma metodistin bir neçə dərs deməsi fənn müəllimində elə bir 

inam yaradırdı ki, dərsi məhz belə təşkil etmək lazımdır. 

Alimin  məktəbdə  nümunə  dərsi  deməsi,  dərsi  elmin  son  nailiyyətləri 

zəminində təşkil etməsi təcrübəsi indi tez-tez tətbiq olunur və yaxşı nəticə verir. 

Sual  oluna  bilər  ki,  tətbiqin  bu  forması  nə  kimi  üstünlüklərə  malikdir? 

Üstünlüklər bunlardır: 1) Müəllimlər bizim əsərləri oxuyarkən bəzən ordan düzgün 

nəticə  çıxarmaqda  çətinlik  çəkirlər.  Biz  özümüz  dərs  dedikdə  bu  çətinlik  aradan 

qalxır.  Axı  demək,  yazmaq  bir  şeydir,  əməli  surətdə  iş  görmək  isə  başqa  şey. 

Ruslarda  gözəl  bir  məsəl  var,  deyirlər:  “Кто  умеет,  тот  сам  делает,  а  кто  не 

умеет, он других учит”. Ona görə də alimin  özünün əməli iş görməsi çox yaxşı 

nəticə  verir.  2)  Müəllimlər  bəzən  bizim  yazdıqlarımıza  inanmır,  hətta  şübhə  ilə 

yanaşırlar.  Özümüz  dərs  dedikdə  bu  şübhə  aradan  qalxır.  Belə  olduqda  maarifin 




 

praktik  işçiləri  bizimlə  daha  sıx  əlaqə  saxlayır,  tez-tez  məsləhət  almağa  gəlirlər. 



Təsadüfi deyilməmişdir  ki:  “Настоящий учител  –  это не  тот,  кто  учит,  а  тот у 

кого учатся”. 3) Biz yazdıqlarımızın heç də hamısını etdirib çatdırmaq imkanına 

malik  deyilik,  amma  məktəbə  gedib  əməli  iş  görməyi  heç  kəs  məhdudlaşdırmır. 

Belə  bir  fürsətdən  daha  geniş  istifadə  etmək  imkanına  malikik.  4)  Tətbiqin, 

haqqında danışdığım formasının bir üstünlüyü də ondan ibarətdir ki, belə olduqda 

bir  sıra  başabəla  “alimlərin”  paxırı  tez  üze  çıxır.  Axı,  quru  sözçülükdən  ibarət 

məqalə  yazmaq  olar,  amma  sinfə  girib  boş-boş  danışsaq,  müəllim  və  şagirdlər 

qarşısında tez biabır olarıq. 

Deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, alimə neçə çap vərəqi və neçə 

əsər  çap  etdirməsinə  görə  deyil,  əldə  etdiyi  konkret  elmi  nəticələrə  görə  qiymət 

vermək lazımdır. “Nəticə əldə edə bilmişsənsə, buyur məktəbdə onu həyata keçir”; 

bizim  tezisimiz  məhz  belə  olmalıdır.  Buna  əməl  etməməyimizin  nəticəsidir  ki, 

dissertasiya  müdafiə  edənlərin  sayı  artır,  məktəb  isə  istənilən  faydanı  əldə  edə 

bilmir.                           



"Azərbaycan dili və ədəbiyyat tədrisi", Bakı, 1977, №1    

 

Yüklə 377,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə