Teymur dövlətinin yaranması



Yüklə 62,5 Kb.
tarix31.12.2021
ölçüsü62,5 Kb.
#82419
Teymur-dovlətinin-yaranmasi.-Qərbi-Turkustan-Teymurun-varisləri-dovrundə


Teymur dövlətinin yaranması. Qərbi Türküstan Teymurun varisləri dövründə

Əmir Teymur 1336-cı ildə Türküstanın Kiş şəhərinin Yaşılşəhər qəsəbəsində anadan olmuşdu. Çağatayların türkləşmiş Barlas tayfasının Gürgan qolundan idi (Gürgan gözəl deməkdir). Teymur 20 yaşında Səmərqənd və Bəlx hakimi Əmir Qazanın yanına hərbi işi öyrənməyə gəlir. O, hərbi yürüşlərdə Əmir Qazanın etimadını qazanır. 1356-cı ildə Xorasana hərbi yürüş zamanı Teymur düşmənin məğlub edilməsində fərqlənir, qiymətli hədiyyələrlə mükafatlanır. Əmir Qazan öləndən sonra hakimiyyətə oğlu Hüseyn gəlir və o, düşmənlərinə qarşı Teymurla ittifaqa girir. Teymur onun bacısı ilə evlənir. Teymur eyni zamanda Çağatay hakimi Toğluq Teymurun yanında xidmətə girir və Qaşqadərya vadisini idarə edir. Teymur və Toğluq Teymur arasında ziddiyyət başlayır. Teymur onun yanından qaçır, Sistanda baş verən döyüşdə yaralanaraq, ömürlük şikəst qalır. Bir neçə gün əvvəl Sistan qoşunu ilə döyüşdə ayağından və biləyindən ox yarası almış Teymuru sadiq silahdaşları Gərmsir vilayətinə gətirmişdilər. Artıq ikinci gün idi ki, o, alaçığından çıxmırdı. Girişin ağzında duran keşikçilər onun əmri ilə təbibdən başqa heç kimi içəri buraxmır, özləri də qorxudan girmirdilər. Hərdən içəridən inilti səsi kəsiləndə yavaşca keçəni aralayıb taxta uzanmış Teymura baxırdılar: «Birdən sərdar özünə qəsd eləyər». Bundan sonra onu Teymurləng, Avropada isə Tamerlan adlandırdılar. İki ay Gərmsirdə qalıb yaralarını sağaldan Teymur Bəlx dağlarına çəkilib silahdaşlarını başına yığdı. Bu dövrdə onun dəstəsində üç yüzdən artıq döyüşçü var idi. Mavəraünnəhr uğrunda İlyas Xacəyə qarşı mübarizə aparmaq üçün o yenidən qayını Hüseynlə birləşdi.

365-ci ildə indiki Daşkənd yaxınlığında tarixə Cəngi Loy adı ilə daxil olmuş bir döyüş baş verdi. Ilyas Xacənin qoşunu ilə Teymur və Hüseynin birləşmiş dəstələri qarşı-qarşıya gəldilər, Döyüşdən qabaq leysan yağışı yağmışdı. Atlar zarıyır, süvarilər müvazinətini itirib palçığa yıxılırdılar. ölümün gözünə dik baxmağa alışmış Teymur irəli atılaraq öz dəstəsini düşmənin içərilərinə doğru aparırdı. Lakin Hüseynin hərbi qüvvələri onun hücumunu dəstəkləmədi, yavaş-yavaş geri çəkilməyə başladı. Teymur bu döyüşdə az qala mühasirəyə düşəcəkdi. Yalnız öz şücaətinə və döyüş bacarığına görə o, silahdaşları ilə düşmənin əhatəsindən çıxıb Hüseynin dəstəsi ilə birləşə bildi. Qohumlar cənuba, Amudəryaya tərəf üz tutdular, çayı keçib yenidən Bəlx vilayətində köç saldılar,

Teymur qayını Hüseynin hərəkətindən narazılığını bir kəlmə ilə də büruzə vermədi. Lakin o, artıq başa düşmüşdü ki, dar ayaqda Hüseynə arxa çevirmək olmaz. Bu andan etibarən qohumların münasibətində soyuqluq yarandı.

Artıq İlyas Xacə üçün Səmərqəndə yol açıq idi. Lakin bu zaman monqol xanlarının hakimiyyətinə qarşı çıxan sərbadarlar Səmərqənd mədrəsəsinin tələbəsi Mövlanzadənin başçılığı ilə İlyas Xacəyə qarşı müqavimət göstərməyə qərar verdilər. Səmərqəndə yaxınlaşan monqol xanının ordusu sərbadarların qurduğı tələyə düşdü və böyük itki verərək geri çəkildi,

1366-cı ilin yazında qoşunla Səmərqəndə yaxınlaşan Teymur və Hüseyn şəhər ətrafında düşərgə salıb sərbadarlara elçi göndərdilər və görüşmək istədiklərini bildirdilər. Görüş zamanı onlar sərbadarların qəhrəmanlığını təriflədilər və onların şərəfinə ziyafət verdilər. Lakin ertəsi gün Hüseynin əmri ilə sərbadarların başçıları tutulub qətlə yetirildi. Mövlanzadəyə qahmar çıxan Teymur yalnız onun azad buraxılmasına nail oldu.

Beləliklə, Teymur və Hüseyn Səmərqəndi tutub şəhərə sahib oldular. Lakin qohumların münasibətləri gün-gündən pisləşirdi. O dövrdə bəylər, xanlar arasında olan çəkişmələr artıq hamını — torpaq sahiblərini, tacirləri, ruhaniləri bezdirmişdi. Teymur bunu yaxşı başa düşür, onları inandırırdı ki, hakimiyyət başına gəlsə, bütün ölkəni birləşdirəcək və hərci-mərciliyə son qoyacaq. Bütün bunlara görə Mavəraünnəhrdə Teymurun nüfuzu daha güclü idi və əgər istəsəydi, o, ölkənin hakimi ola bilərdi. Lakin Çingiz xanın soyundan olmadığına görə Teymur hökmdar taxtına əyləşməyə tələsmirdi. Buna görə də o, taxta həmin soydan olan Soyurqatmış xanı çıxardı.

Teymurun arvadı öldükdən sonra onun Hüseynlə münasibətləri artıq düşmənçiliyə çevrilmişdi. Zəkalı və tədbirli Teymurun nüfuzunu qəbul etməyən və ona paxıllıq edən Hüseyn Bəlx qalasına köçdü, xəzinəsini bura gətirdi və qalanı möhkəmləndirməyə başladı. Bunun nə demək olduğunu başa düşən Teymur artıq Hüseynin güclənməsini gözləyə bilməzdi. 1370-ci ildə öz qoşunu ilə Bəlx şəhərini mühasirəyə alan Teymur böyük itki hesabına olsa da, qalanı ələ keçirdi. Onun müttəfiqi Keyxosrov Hüseyni öldürdü. Teymur Hüseynin xəzinəsinə sahib oldu və döyüşçülərinə şəhəri talamağa icazə verdi. Tarixçilərin yazdığına görə döyüş qabağı məkkəli üləma Seyid Bərkə bu savaşın Teymur üçün uğurlu olacağını demiş və ona öz əli ilə hakimiyyət rəmzi olan təbil və bayraq vermişdi.

1370-ci il aprelin 9-da Bəlxdə toplanan türk minbaşılarının və tümən başçılarının qurultayında Teymur türk ənənələri ilə ağ keçə üzərində yuxarıya qaldırıldı və üləma Seyid Bərkənin oxuduğu duadan sonra Mavəraünnəhr ölkəsinin əmiri elan edildi. Əmir Teymur Səmərqənd şəhərini özünə paytaxt seçdi. O, dərhal uzun müddətdən bəri tamamilə dağıdılmış ölkədə quruculuq işlərinə başladı və tez bir zamanda nizam-intizamı və asayişi bərpa etdi.

Teymur Çingiz xan nəslindən olmadığına görə «xan» titulu daşıya bilməzdi, buna görə də Əmir Teymur olaraq qaldı.

Mavəraünnəhr hakiminə doqquz il lazım gəldi ki, cığatay ulusunun bütün ərazilərini tabe edib öz imperiyasını yaratsın. Ən çox müqavimət göstərən Cənubi Xarəzm oldu. Buranın hakimi Yusif Sufi hər dəfə Teymurun şərtlərini qəbul edib o gedəndən sonra bildiyini edirdi. Nəhayət, 1379-cu ildə Xarəzm Teymurun imperiyasına qatıldı. Hərçənd bundan doqquz il sonra Xarəzmdə Süleyman Sufinin başçılığı ilə yenidən üsyan qalxdı. Bu dəfə Teymur üsyanı amansızlıqla yatırdı: Sufi sülaləsinin kökünü kəsdi, ticarət mərkəzi olan Urgənci yerlə-yeksan etdi, əhalisini Səmərqəndə köçürtdü.

Ölkə daxilində hərbi-siyasi birliyi bərpa edən Teymuru indi ən çox narahat edən qonşu Cuçi ulusu idi. Burada möhkəmlənən Urus xan Qızıl Ordanı da özünə tabe edib böyük xaqanlıq yaratmaq istəyirdi. Əgər bu birlik baş tutsaydı, Teymurun dövləti üçün ciddi təhlükə yarana bilərdi. Buna görə də o, Urus xanın səylərinə mane olmaq üçün bəhanə axtarırdı. Nəhayət, belə bir bəhanə onun əlinə düşdü.

1376-cı ildə Cuçi ulusundan Toxtamış adlı birisi Urus xanın əlindən qaçıb Teymurun yanına gəldi. Xan onun atasını itaətsizliyə görə öldürmüşdü. Toxtamış Əmir Teymurdan intiqam üçün qoşun istədi. Teymur düşündü ki, Toxtamışa kömək edib, onu hakimiyyətə gətirsə, bu xaqanlığı özünə ən azı müttəfiq edər. Bu fikirlə o, Toxtamışa qoşun verib yola saldı. Lakin Toxtamış Urus xanla döyüşdə məğlub oldu. Belə olduqda Teymur öz ordusu ilə hücuma keçib Urus xanı öldürdü və Toxtamışı taxta oturtdu. Lakin az keçməmiş Urus xanın siyasətini davam etdirən Toxtamış Qızıl Ordanı özünə tabe edib güclü dövlət yaratdı. Onun ordusu qonşu dövlətlərə Rusiyaya, Qafqaza, Azərbaycana, hətta Teymurun hökmranlıq etdiyi Mavəraünnəhrə hücumlar etdi.

1395-ci ildə Şimali Qafqazda, Terek sahillərində Toxtamışın ordusu ilə döyüşə girən Teymur onu darmadağın etdi. Bu döyüşdən sonra Qızıl Ordanın Volqa sahillərindəki, Krımdakı, Şimali Qafqazdakı bir çox şəhərləri talan edildi, əhalisi əsir alınıb qul kimi satıldı.

Əmir Teymurun Xarəzmə və Qızıl Ordaya qarşı yürüşləri Orta Asiyada möhkəmlənmək və güclü dövlət yaratmaq məqsədi güdürdü. Lakin Teymur bununla kifayətlənmirdi. Böyük qənimətlər əldə etmək, imperiyasının hərbi və siyasi qüdrətini artırmaq üçün o, İrana, Azərbaycana, Kiçik Asiyaya, Hindistana müzəffər yürüşlər etdi.

İranın tam zəbt edilməsi iyirmi il çəkdi. Teymurun İsfahanda törətdiyi kütləvi qətl tarixin yaddaşında tayı-bərabəri olmayan bir qırğın kimi qaldı. Şəhəri tutmuş Teymur onu məhəllələrə bölüb əmirlərinə tapşırmışdı ki, əhalidən xərac yığsınlar. Lakin əhali üsyan qaldırıb bütün məmurları öldürdü. Bundan qəzəblənən Teymur şəhəri yenidən tutub qoşununa əmr etdi ki, hər bir döyüşçü ona ən azı bir isfahanlı başı gətirsin. Bu qırğında 70000 İsfahan sakini qətlə yetirildi. Teymur bu kəllələrdən qüllələr düzəltməyi əmr etdi ki, başqalarına da görk olsun.

Bu zaman Azərbaycanda Əmir Teymura itaət göstərməyən əsas qüvvə Qaraqoyunlular idi. Qaraqoyunlu Qara Məhəmməd Teymurun göndərdiyi ordunu məğlub etmişdi. Əmir Teymur Azərbaycan uğrunda gedən döyüşlərdə Qaraqoyunlu əmirlərinin müqavimətini axıra qədər qıra bilmədi. Qara Yusifin ciddi müqaviməti və itaət göstərməməsi Teymuru daha da qəzəbləndirmişdi. Sonralar azərbaycanlı sərkərdənin ildırım Bayazidə sığınması Əmir Teymurla Osmanlı Sultanı arasında münasibətlərin pisləşməsinə və müharibəyə səbəb olmuşdu. 1402-ci ildə Ankara yaxınlığında Əmir Teymurla ildırım Bəyazidin orduları arasında həlledici döyüş oldu. Hər tərəfdən iki yüz min döyüşçünün iştirak etdiyi bu savaşda Osmanlı ordusu darmadağın edildi və qüdrətli türk Sultanı əsir alındı. Türkün türkü qırdığı bu qanlı döyüş Konstantinopolun alınmasını 50 il yubatdı.

Əmir Teymur düşmənə qarşı amansız idi, lakin onunla açıq döyüşə girən igid sərkərdələri yüksək qiymətləndirirdi. O, Fars hakimi Şah Mənsuru məğlub edib öldürsə də, onun haqqında demişdi: «Qırx ildən bəri savaş görmüş qəhrəmanlarla döyüşdüm. Ancaq Şah Mənsurun göstərdiyi şücaət və cürəti kimsədə görmədim». Azərbaycanda Əmir Altın cəmi üç yüz nəfərlik qüvvə ilə uzun müddət Əlincə qalasını Teymurun ordusundan müdafiə etmişdi. Onun Mərənd hakimi tərəfindən xaincəsinə öldürüldüyünü eşidən Teymur buna təəssüflənmiş, qatili həbs edib edam etdirmişdi. Böyük fateh əsir götürdüyü İldırım Bəyazidlə də ehtiramla davranırdı. Onunla tez-tez fəlsəfi söhbətlər edir, şahmat oynayırdı.

1399-cu ildə Əmir Teymur çoxdan bəri heç bir fatehin ayağı dəymədiyi Hindistana yürüş etdi. Dehli sultanı Mahmud ona qarşı 50 minlik qoşun və 120 döyüş fili çıxardı. Döyüş fəndlərindən məharətlə istifadə edən Teymur bu döyüşdə də qalib gəldi və xeyli hindlini əsir götürdü.

Uğurlu hərbi yürüşlərindən vəcdə gələn Teymur düşünürdü ki, əgər göydə allah təkdirsə, yerdə də hakim tək olmalıdır. Lakin qarşıda fəth olunmamış çox ölkələr dururdu. Onlardan biri də nağıllar ölkəsi Çin idi.

1405-ci ilin soyuq fevral gecələrindən biri idi. Asiyanın yarısını fəth etmiş 69 yaşlı Əmir Teymur qədim Otrar şəhərində, ölüm yatağında idi. O hələ də həkimi Fəzlullahın onu ölümün pəncəsindən xilas edəcəyinə inanırdı. Buna görə də, Çinə hərbi səfərin təxirə salınması haqda fikirləri qəti rədd edirdi. Teymur həmişə olduğu kimi, yenə də ulu Tanrıya bu səfərin də zəfərlə başa çatması üçün dualar edir, ondan möhlət istəyirdi.

Bir dəfə ədiblərin məclisində Əmir Teymurla şair Kirmani arasında belə bir əhvalat olmuşdu. Söhbət insan şəxsiyyətini necə qiymətləndirməkdən gedirdi. Əmir Teymur Kirmaniyə xitabən soruşdu:

Əgər mən satılası olsaydım, sən məni neçə paraya qiymətləndirərdin?

25 quruşa! — deyə şair cavab verdi.

Şair, sən bilirsən ki, mənim yalnız qurşağım bu qiymətə dəyər.

— Zatən mən də elə onu nəzərdə tuturam. Sonralar «Teymurnamə» əsərini yazmış şairin bu zarafatına Teymur ürəkdən gülmüşdü.

Yüz minlərlə müsəlmanı qılıncdan keçirmiş Teymur Allaha dərindən inanır, daim yanında quran gəzdirir və onu mütaliə edirdi. Ustadı Seyid Bərkə onun ən yaxın adamı və məsləhətçisi idi, Teymurun qılınc hesabına nail olduğunu o, duaları ilə möhkəmləndirirdi, Böyük fateh öz məktublarını «Mən, Tanrının qulu Teymur “ sözləri ilə başlayırdı.

Əmir Teymur uzaqgörən dövlət xadimi idi. İşğal etdiyi ölkələrdə alimlərə, sənətkarlara, tacirlərə toxunmazdı, fəth etdiyi ölkələrdən Səmərqəndə yalnız qiymətli daş-qaşlar gətirmirdi. Nadir kitablar, əlyazmalarla birgə şair və sənətkarları, xəttatları və nəqqaşları da imperiyanın paytaxtına yığırdı. Bu gün dünyanı heyran qoyan məşhur Səmərqənd abidələrinin bir çoxu Teymurun vaxtında ucaldılmışdı.

Əmir Teymur İmperiyanın ayrı-ayrı vilayətləri arasında əlaqə yaradılmasında tacirlərin roluna xüsusi qiymət verirdi. O, Avropa hakimlərinə məktublarında yazırdı: „Bütün aləm ancaq tacirlərin əməyi sayəsində gülşən olur. Tacirlərin sıxışdırılması yolverilməzdir. Mən istərdim ki, biz bu yerlərdə firəng tacirlərini necə himayə ediriksə, bizim tacirlərimizə də o yerlərdə eyni cür münasibət bəslənilsin“. Teymur eyni zamanda tacirlərin azğınlaşmasına, xalqın soyulub-talanmasına da yol vermirdi.

Teymurun yaxınları artıq onun yatağı önünə yığışmışdılar. Güclə danışan Əmir yalnız bir neçə söz deyə bildi: „Məni Seyid Bərkənin ayağı altında basdırın… Bir də ki… Nə olursa olsun, qılıncı əlinizdə möhkəm tutun… Zəifliyi qəlbinizə yaxın buraxmayın. Zəiflik ağlınızı çaşdırar, ruhunuzu məhv edər, qoymaz məqsədinizə çatasınız. Eşidirsiniz? Zəif olan məqsədinə çatmayacaq...“

Beləliklə, XIV əsrin sonu - XV əsrin əvvəllərində şimalda Dərbənd keçidi, Volqa və İrtış çaylarından başlayaraq cənubda İran körfəzinədək, şərqdə Qobi səhrasının hüdudları və Qanq çayı sahillərindən qərbdə Balkan yarımadasınadək geniş bir ərazini əhatə edən Teymuri imperatorluğu yaradıldı. Əmir Teymur imperiyasını genişləndirmək üçün Çinə yürüşə hazırlaşırdı. Bu yürüş ərəfəsində 1405-ci il martın 19-da Otrar şəhərində vəfat etdi.

Əmir Teymur hələ sağlığında yaratdığı dövləti öz oğlanları və nəvələri arasında bölmüşdü. Xorasan, Gürcan, Mazandaran və Sistan mərkəzi Herat olmaqla Şahruha (1409-1447); Qərbi İran, Azərbaycan, İraq və Gürcüstan mərkəzi Təbriz olmaqla Miranşaha; Cənubi İran, Mər­kəzi Asiya mərkəzi Şiraz olmaqla Ömər Şeyxə; Əfqamstan və Şimali Hindistan mərkəzi Qəznə olmaqla Pir Məhəmmədə verilmişdi. Teymuri dövləti mərkəzləşmiş dövlət deyildi. O, inzibati cəhətdən uluslara bölünmüşdü. Ulusların bir qismi tümənlərə çevrilmişdi, əmirlərə tümən rəisi titulu verilmişdi. Onlar müəyyən qədər əsgər verir, vergilərin yığılması və mükəlləfiyyətlərin yerinə yetirilməsinə nəzarət edirdilər. Divan əmrlərin yerinə yetirilməsinə, maliyyə və hərbi işlərə baxırdı. Çingiz xandan fərqli olaraq, Teymur müəyyən iqtisadi məqsədlər də güdürdü. O, sənətkarlığın, ticarətin inkişafına diqqət yetirirdi. Onun səyləri nəticəsində Səmərqənd dünyada ən böyük ticarət, sənətkarlıq və mədəni mərkəzlərdən birinə çevirmişdi.



Əmir Teymurun ölümündən sonra daxili çəkişmələr, varislər arasında hakimiyyət uğrunda mübarizə Teymuri dövlətini zəiflətdi və onun parçalanmasını sürətləndirdi. Əmir Teymur ölərkən iki oğlu - Miranşah və Şahruh sağ idilər. Lakin o, nəvəsi Pir Məhəmməd Mirzəni vəliəhd elan etmişdi. Pir Məhəmməd babasının sağlığında Əfqanıstan və Hindistanı idarə edirdi. O, babasının hüzr yerinə gecikdiyinə görə əyanlar Miranşahın oğlunu hökmdar elan etmişdilər. Şahruh bundan narazı qalmışdı. Pir Məhəmməd qoşun toplayıb Səmərqəndə hücum etsə də, məğlubiyyətə uğramışdı. Teymurun digər nəvəsi Xəlil Mirzə onu geri oturtmuşdu.

Teymurun oğlu Şahruh dövlətin paytaxtını Herata köçürdü. Xorasanı özü idarə etdi. Oğlu Uluqbəyi Mavəraənnəhrə vali təyin etdi (1446-1444). Atasından fərqli olaraq, Şahruh yeni işğallardan imtina etdi. Dövlətin idarə edilməsində İran məmurlarına və ruhanilərə arxalandı. Onun ölümündən sonra hakimiyyət Uluqbəyə (1447-1449) keçdi. Lakin o, oğlu tərəfindən öldürüldü. Belə bir vəziyyətdə Mərkəzi Asiyada yaranmış Şeybanilər dövləti ilə Teymurilər arasında mübarizə başladı. 1469-cu ildə Şeybanilər Buxara və Səmərqəndi tutdular. Teymurilərin əlində ancaq Xorasan qaldı. 1470-ci ildə hakimiyyətə keçən Hüseyn Baykara Mavəraənnəhri və Xarəzmi Şeybanilərdən aldı. Lakin 1505-ci ildə onun ölümündən sonra Şeybanilərin hücumları gücləndi. 1507-ci ildə Məhəmməd Şeybani xan Xorasanı tutdu və Teymuri
Yüklə 62,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə